Aradan bir müddət ötdü.Kərim demək olar ki,hər gün təkidlə zəng edir,Güləri görüşə çağırırdı.Gülər isə böyük səhvə yol verdiyini,odla oynadığını artıq başa düşmüşdü. Artıq bu od şölə çəkib yanmaqda,Güləri də,Kərimi də yandırmaqda idi..Gülərin ona yazığı gəlirdi,bu odu söndürmək üçün yollar arayırdı.Odur ki,Kərimə görüşə gələcəyinə söz verdi.
Böyük bir tərəddüdlə görüşə getdi. Kərim bağın ən dərin guşəsində oturacaqda əyləşmişdi.Güləri görcək cəld ayağa durdu,ona tərəf yeridi.
Onlar bağda gəzişirdilər.Kərim ürəyi sinəsindən çıxacaqmış kimi tez-tez nəfəs alırdı.Gülər söhbətə necə başlayacağını bilmirdi.Kərim onu yanpörtü süzür,onun yaxınlığından duyduğu məmnunluqdan gülümsəyirdi.
Nəhayət Gülər özünü toplayıb dedi
-Gəldim ki,sizinlə açıq danışım.
Kərim ona baxır,həyəcanla nəfəs alaraq Gülərin nə deyəcəyini gözləyirdi
-Gəlin bu üzüntülərə,bu oyuna son qoyaq-nəhayət Gülər pıçıldadı.
-Mən bizim münasibətlərimizə belə deməzdim
-Bunun axırı yaxşı olmayacaq-Gülər davam etdi.
Nə üçün?-Kərim dedi.
-Necə nə üçün? Siz məni sevmirsiniz-Gülər bu sözü söyləyəndə Kərim diksindi-Əgər məni sevsəydiniz mənim qəlb evimi uçurmaz,ailəmə qarşı soyutmazdınız.Nə istəyirsiniz məndən?
-Mənə sənin sevgin lazım idi.Bu sevgi yaranıbsa,mən hər şeyə hazıram:necə istəyirsən elə hərəkət edək;birbaşa zaksa gedək,mənim evimə gedək.
-Bəs mənim oğlum?
-O bizə ağırlıq etməz.
-Bəs ərim?
-Sən onu sevmirsən
-Nə olsun? Biz avropalı deyilik,-ingilis,amerikan,rus deyilik.Siz bunları bilirsiniz axı...
-Mən bir şeyi,-səni sevdiyimi bilirəm-o,Gülərin qarşısını kəsdi,əllərini onun çiyninə qoydu.Gülər ağlayaraq onun əllərindən azad olmaq istədi.Kərim müəllim onu bərk-bərk sinəsinə sıxdı.
-Gülər...-o ilk dəfə Gülərin adını dedi-həyat bizə bir dəfə verilir,unut hər şeyi,məhəbbət heç nəyi ölçüb-biçmir,sevgi qarşısındakı maneələri vurub yıxır.İndi məcnunluq-acizlik zəmanəsi deyil.Mənim fikrimcə, aşiq aciz olmalı deyil.Tapşır həyatını mənə,qayda-qanunlara qul olma,iyirmi birinci əsrdə yaşayırıq.
Gülər onun ağuşunda titrəyir,vücudunun sanki əriyərək onun vücuduna qovuşmaq istədiyini hiss edirdi.Amma yox,axı Gülər başqa niyyətlə gəlmişdi;diksinərək yavaşca Kərimi itələdi.Kərim bunu hiss etmədi
-Burax məni-Gülər ağladı.
-Yaxşı-yaxşı ağlama-Kərim dərindən köks ötürərək,Güləri sinəsindən araladı,əlləri isə hələ də onun saçlarında gəzirdi.
-Sənə neynirəm ki...ağlama...-Kərim pıçıldadı.
Birdən Gülər xatırladı: bura hər şeyə son qoymaq üçün gəlmişdi.Axşamdan plan qurmuşdu; Kərimə onunla əylənmək istədiyini, ondan intiqam aldığını söyləməli idi.
-Əgər sizi sevməsəydim,bilsəydiniz ki,sizi sevmirəm məndən əl çəkərdiniz?
-Yəqin ki...-Kərim müəllim onun əllərindən tutmaq istədi.Gülər əllərini qaçırdı Kərim müəllim davam etdi-Özünü uşaq kimi aparma. Mən uşaq deyiləm ki,sənin məni sevdiyini görməyim.
-Yox, mənim təbiətim belədir,-şıltaq.Nənəm həmişə deyərdi ki, qız gərək bir qədər ciddi olsun,həmişə mənim xasiyyətimdən qorxardı.Kərim inamsızlıqla ona baxırdı.Gülər isə artıq ixtiyarsız başladığı işi sona yetirirdi –Məni bağışlayın,mən sizi sevməmişəm,sizi ələ salmışam.Yadınızdadır: ilk günlər mənlə etdiyiniz hərəkətlər-Kərim başını utancaqlıqla tərpətdi- Bax həmin hərəkətə görə sizdən acıq çıxmışam..
Kərim qapqara qaralaraq yaxındakı skamyada əyləşdi.Qarşısındakı Gülərə baxır,beyni isə uğuldayırdı:”Demək onun belə işləri də varıymış”
Çox heyif...Kərim isə onun pörtən yanaqlarına ,gülümsəyən dodaqlarına baxaraq,lətif səsinə qulaq asaraq sevildiyini düşünürdü.Düşünürdü...ömrün qalan illərini bu sevgi xoşbəxt və mənalı edər.Nə olardı bu qadın onu sevsə? Dünyadan nə əskilərdi axı...O ki ...çox şey istəmirdi...bircə ömürlük məhəbbətdən savayı.Nə idi ki,bu?
Gülər onu gözaltı süzür və düşünürdü :deyəsən inanır...Ancaq bu yolla mümkündür onun təkidlərindən qurtarmaq..bu oyuna son qoymaq...bu yolla...bu yolla...
Hər ikisi pəjmürdə idi:danışmağa sözləri qalmamışdı
Gülər içində nəyinsə qırıldığını hiss etsə də dediyi sözü geri götürmək fikrində deyildi.Kərimin qaralmış sifəti,aşağı əyilmiş başı,dizləri üzərində çarpazladığı əlləri bu dəqiqə onu necə də cəzb edirdi.Gülər içindəki qadının bu dəqiqə ona doğru atılacağını,göz yaşları ilə onu sevdiyini söyləyəcəyini hiss edib pıçıldadı:
-Yaxşı, mən gedim...
Kərim ixtiyarsız ayağa qalxdı
-Gedək səni ötürüm.
-Yox ,lazım deyil.Özüm gedəcəm-Gülər dedi və dönüb getdi.
...-Buyur, bu da sənə məhəbbət...-Kərim xəcalətlə düşündü-Deyir ki ,sizi sevməmişəm,ələ salmışam,dolamışam-Kərim dişini dişinə sıxdı.-Qoy belə olsun,məni ələ salsın.Nə olar ki...Kərim, səni ələ salan bir qadından ötrü nə əzab çəkirsən,durub onun ardınca qaşmaq istəyirsən?
Bu arada Kamran zəng vurub viza göndərdiyini söylədi.
...
Getmək...
Biləndə ki,artıq ona əlin çatmayacaq,ünün yetməyəcək,bəlkə,unutmaq mümkün oldu.
Artıq Gülər yol tədarükü görürdü.
Getmək ...Onu görməmək...Onun səsini eşitməmək...
Getmək...Hər şeyə son qoymaq...İnsan ömrü...insan həyatı...sən nə qəribəsən?İnsanın ən ali hisslərindən olan məhəbbət insana bu qədər kədər gətirərmiş...İnsan nə irəliyə,nə də geriyə yol tapmazmış...
İrəliyə gedən yol uçurum,geriyə gedən yol qüssəli,darıxdırıcı ,yeknəsəq bir həyat demək olarmış...Viran qalmış ,bomboş bir qəlb demək olarmış...
Bəs Gülər nə etsin?
İrəliyə getmək bir qrup insanın dəhşətdən böyümüş gözləri,kinayə ilə büzülmüş dodaqları,qohumların heyrəti,nifrəti,qəzəbi,ərin sarsıntısı,məhvi,xəcaləti idi...
Bəs Gülər nə etsin?
Gülər həmişə ağlı ,həyası,tədbiri ilə seçilən bu qadın indi başını itirmişdi.
Sevmək günah idimi? Gülərin təqsiri var idimi ki,sevir? Məgər,məhəbbət nəyəsə baxırmı,məhəbbət nəyisə ölçüb-biçirmi? Məhəbbət qonduğu ürəklə hesablaşırmı?
Gülər heç olmasa onu axırda elə təhqir etməyəydi.Sevən qadına yaraşarmı sevdiyinin ürəyinə dağ çəksin,onu dəlicəsinə sevdiyi halda sevmədiyini,ələ saldığını,məsxərəyə qoyduğunu desin.Necə də tutuldu,tamam pərt oldu...
Gülər böyük bir tərəddüddən sonra telefonu götürdü,nömrəni yığdı.Kərimin səsi xətdə eşidildi
-Bəli.
-Salam-Gülər çətinliklə dilləndi.
-Salam-dedi Kərim və Gülərin nə deyəcəyini gözlədi.Gülərdən səs çıxmadığını görüb davam etdi-Nə əcəb zəng etmisən? Bir-birini ələ salan adamların bir-birinə zəng etməsi nə dərəcədə düzgündür?
-Ah, elə deməyin ,xahiş edirəm...Mən sizi ələ salmamışam.Mən istəsəm də kimisə ələ sala bilmərəm.
-O gün dedin.Yadından çıxıb?
-Ah...yox...yox...
-Sənin hərəkətlərin də bunu sübut edir
-Yox...
-Belədir.
-Yox elə deyil...Mən sizi sevirəm...Bəs siz məni?-Gülər ağlayırdı.
-...
-Gedirəm...O deyib gəl...
-Nə vaxt?-Kərim özünü nə qədər soyuq,sərt aparsa da dözmədi.
-Bu gün...
-Görürsən...Sən yenə də məni aldadırsan.Sən sevməyə qadir deyilsən.Heç ərini də sevməmisən,o səni bəyənib alıb.Sevən qadın sevdiyi ilə belə vidalaşmır.Dünən bütün bazar günü sənin ixtiyarında idi.Gəlib mənlə görüşə bilərdin.Sevən qadın sevdiyindən möhkəm qorunmur.Yola düşməyinə bir-iki saat qalıb bura zəng edirsən...
-Sizi sevirəm...-Gülər hıçqırdı.
-Nə deyirsən? Məni bir dəfə aldatmısan...Deyirsən:bir də aldanım?
-Yox...Sizi aldatmamışam.Sizin yaddaşınızda elə qalmaq istəmirəm.Mən sizi çox...lap çox sevirəm...Sağ olun.Sağlıqla qalın-Gülər ağlayırdı.
-Dayan .əzizim! Mən hər şeyə hazıram.Sən iradəli olsan,ondan ayrılsan,biz evlənəcəyik.Hər şey yaxşı olacaq.
-Mümkün deyil bu.Əlvida,əzizim...-Gülər telefonu qapatdı.
-Yaxşı yol-Kərim əlini ağrıyan ürəyinə apardı -Görürsənmi? Mən uşaq deyiləm ki...Mən sənin nəyə qadir olduğunu bilirəm.Sən beş fikrə qulluq edən adamsan.Çox təəssüf...Getmə deyən kimi telefonu qapatdı...Mən ona zor edə bilmərəm ki...Özü də deyir ki,sizi sevirəm.Necə sevgidir axı bu?
Kərim yenə başladın? O səni sevmir.Görmürsən, çıxıb ərinin yanına gedir?
Bəs nə üçün dünya, aləm birdən-birə başına belə dar oldu,nə üçün gözləri yaşla doldu,nə üçün ürəyi əsim-əsim əsir?
Deyirlər ki,kişilər güclüdür...Amma onun sevgilisi,-o sevimli qadın ağlayaraq gedir,osa heç nəyə qadir deyil,heç nəyə...
Gülər Kərimlə danışandan sonra sanki qəlbindən asılmış daş götürülmüşdü.Yox,sevdiyin adamı aldatmaq,təhqir etmək elə də asan deyil.Bu fani dünyada kimisə sevəsən ,ondan ötrü heç nədən keçməməyin bəs deyilmiş kimi ,hələ onu bir təhqir də edəsən...
Getmək...Getmək...Bir sevən qadın kimi o,heç nəyə qadir deyil.Sevgilisinin yanına getməyə,onunla yaxından vidalaşmağa belə qadir deyil.Artıq bu mümkün deyil...Artıq hər şey...bütün cəhdlər əbəsdir.Vəssalam...Hər şey bitdi...
...
Gülər çox dalğın idi...Kimlərsə ona kömək etdi,təyyarədən düşdülər,Budur,Kamran göründü.Gülə-gülə onlara tərəf qaçdı;oğlunu,Güləri öpdü.Gülərin dalğınlığını o dəqiqə sezdi.Diqqətlə ona baxaraq soruşdu
-Yol sizi yormadı ki?
-Yox...
-Xəstə deyilsən ki?
Yox...
Əri yeməyi qızdırdı. Yemək yedilər.
Otaq çox səliqəli, rahat idi.Əri gülə-gülə
-Bu gün mən sizə qulluq edəcəyəm –dedi.-Sən bir yuyun özünə gəl.Çox yorğun görünürsən .
Gülər yuyunub gələndə Kamran artıq oğlunum rahatlayıb yatırmışdı.Gülər dinməzcə qurulanıb,saçlarını darayırdı.Kamran ona yaxınlaşdı
-Darıxmışam sənin üçün-Kamran dedi.
-Mən də ...-Gülər yalan dedi
-Sənsiz bir günüm olmasın.-Kamran dedi.
-Mənim də...-Gülər yalan dedi.
-Sənsiz dura bilmirdim
-Mən də ...-Gülər yenə yalan dedi.
-Mənim gözəlim-Kamran onu çılğınlıqla qucaqladı.Gülər də özünü elə göstərirdi ki,guya o da ehtirasla ərini istəyir.Və qəlbində bir dəhşət var idi:İlahi, bu kişiyə qarşı qəlbində nöqtə boyda bir hiss qalmamışdı:bu an kişinin ehtirasdan yandığı bu an o,gizli bir əzabla bunun nə vaxt qurtaracağını gözləyirdi.
Ərin səni öpəndə üzdən razılaşdığın,qəlbində isə iyrəndiyin anlar olarmış.Bütün bunlar necə iyrənc şeylərdir;islaq yaş dodaqlar sənin dodaqlarını sümürür,boyun –boğazında sanki iyrənc bir kərtənkələ sürünür,qəlbində ikrah oyadan isti bir nəfəs nəfəsinə qarışır,ürəyin sıxılır;inləyərək nəfəsini azad etmək istəyirsən,o isə məmnuniyyətlə artıq ehtirasdan inlədiyini düşünür;öz yad,yadlaşmış dodaqları ilə ağzını bərk-bərk tutur.Qışqırmaq istəyirsən;çəkil ürəyim partladı axı,gözlərinlə ona yalvarırsan,bir şey anlamayan gözlərini gözlərinə dikir,əllərini azad etmək istəyirsən,barmaqlarını barmaqlarına keçirir.Çarən kəsilir,başa düşürsən ki,bütün bunlara dözməkdən başqa ayrı əlac yoxdur.
Nəhayət, hər şey sona çatır.Lakin dəhşətli odur ki,buna bənzər gecələri yenə duymalısan.
Dəhşət...Bütün bunlara dözmək lazımdır.Qalan ömrü belə keçirmək lazımdır...Başqa yol yoxdur,başqa həyat yoxdur.İnsanların yaşaması üçün başqa kainat yoxdur.Dünyaya yenidən gəlmək olmaz,yenidən uşaq olmaq,dünyaya nağıl gözü ilə baxmaq olmaz.Yenidən xəyallarda sevgili yaşatmaq,ağ atlı oğlan gözləmək olmaz .Olmaz,əzizim,olmaz.
Zaman...Ah,zaman əsrlərdir ki,insanları son baharda tökülmüş yarpaqlar kimi ağzına alıb süpürləyə-süpürləyə ölümə doğru aparan həmin zamandır.Vaxt var idi bu zaman Füzulinin dövründə əsirdi,indi də bu dövrdə əsir.Və insanların,-yarpaq kimi küləyin ağzında uçuşan insanların vaxtı çox...lap çox azdır.Bu insanlar desələr də ki,biz ölməyəcəyik,yaddaşlarda yaşayacağıq-mənasızdır.Bu yaddaşlar özü nədir ki...-uçuşan yarpaqlar.Ah,əzizim,Füzulinin dövründə də var idi məhəbbət...Ah,insanların böyük hiss adlandırdığı o nemət.Uşaq başı aldadan o şirniyyat. Birinci nə götürmüsən, götürmüsən,xoşuna gəlsə də gəlməsə də..Qəndqabından ikincisini əl uzadıb götürmək olmaz.”Sən yemisən ,o da qaqaşındır”-deyirlər.İkincini əl uzadıb götürmək üçün nələr...nələr lazımdır.Hər oğulun işi deyil bu.
Əri ,deyəsən ,nə isə duymuşdu.Çox,lap çox həssas idi Gülərə qarşı.Səhərlər işə gedərkən Gülərə yaxınlaşır,mehribanlıqla onu öpürdü.Gülər də nəzakət xatirinə onun öpüşlərinə cavab verir,qəlbində bir xəcalət duyurdu.Lakin nə mənası? Gülər Kərimi bir an da olsun xəyalından çıxarda bilmir,elə hey onu düşünürdü.
Günlər beləcə keçir,Gülər darıxır...darıxırdı...
...
Bərk yağış yağırdı...Gülər pəncərənin qarşısında durub bayıra baxırdı:əri işdə,oğlu baxçada idi. Göy guruldayır,yağış yağır...yağırdı...Gülər dəli bir istək duydu bu yağışın altında islanmaq,yaxınlıqdakı çayın sahilində ayaqlarını yaş otlarda islada-islada gəzmək üçün.
Əvvəlcə fikrindən daşındı:əri gəlib onu axtarardı. Sonra isə...qadın qəlbində bir qəzəb duydu,Kamranı düşünüb adicə bir istəyini həyata keçirə bilməməsinə acığı tutdu.Geyinib çayın sahilinə endi.
Necə gözəl bir mənzərə idi; Yer, Göy sanki bir- birinə qovuşmuşdu, hər tərəf su rənginə bürünmüşdü.
Nəhəng çay dalğaların Gülərin dayandığı sahilə döyəcləyərək axıb gedirdi.Qadın qəlbində bir titrəyiş duyaraq çaya baxırdı.Əsrlərdir bu çay beləcə axır,onun mavi suları nələrin...nələrin şahidi olub.Bu çay bax,beləcə axmaq üçün yaradılıb,-ulu Tanrı onu yaradanda alnına bax beləcə sahilləri döyəcləyərək axmağı yazıb.Hələ bu yağışa bax,gör necə yağır...Dünya yaranandan beləcə yağışlar yağıb,goylər guruldayıb,çaylar axıb,dənizlər dalğlanıb,insanlar yaşayıb...
İnsanlar yaranandan həmişə nəyisə sevməyə can atıblar;dağları,daşları;yerləri-göyləri,Tanrını,bir-birini seviblər.Bu sevgi onların həyatına az-çox məna,bəzək verib.Bu sevgi insanlara bəzən xoşbəxtlik,bəzən bədbəxtlik gətirib.
Ürək...Bu ürək nə deyir axı? Nə üçün sıxılır? Bir Təbiətə bax! Təbiət bax,indicə ağlamırmı? Məhəbbətə düçar olmuş sevən bir qadın kimi ağlamırmı? Çay onun damarlarından axan qanı,bu yağış göz yaşları deyilmi? Bu tutulmuş,qaralmış hava onun tutqun,kədərli siması deyilmi?
Gülər ağlayırdı...Əlindəki çətiri açıb bu selləmə axan yağışın altına tutmaq heç ağlına gəlmirdi.
Yağış yağdıqca oz suları ilə onun saçlarını yuduqca o, sanki, təsəlli tapırdı.Onun qəlbi kimi ağlayan,sıxılan bir qəlb var idi,-bu elə ana Təbiətin öz qəlbi idi.Ah,necə yaxşı olardı:bu yağışa qoşulub bu gözəl çayın sularına qarışmaq:bu sularla ,bu yağışlarla,bu göylərlə birləşmək...
Gülər zamanın axarını itirmişdi:o elə bir anda idi ki,bu anda geçmiş gələcəyə,gələcək indiki ana qarışır.
Ah ,onun sevgilisi ,o gözəl kişi...Gülərə “Gəl” deyirdi,heç nədən qorxmurdu.Xarakterinə uyğun olaraq vasvasılıqdan uzaq,tərəddüdsüz,nə istədiyini bilən adam,-Təbiətin özü kimi təbii,kobud,sərt kişi.Gülər özündə olmayan,lakin onda olan bütün cəhətlərin aşiqi idi.Belə bir kişinin səni sevdiyini duymaq özü bir xoşbəxtlikdir.
Lakin...Gülər bu məhəbbəti ,yəqin ki,itirdi.Sevdiyi üçün heç nədən keçməyən qadın sevilərmi?
Bəs Gülər nə etsin?
İnsan yarandığı gündən onun üçün müxtəlif sədlər,sərhədlər qoyublar,həmişə insanı cilovlayıblar,onu öz məcrasına salıblar.Heç bir insan güc tapmayıb bu məcradan çıxmağa.Çıxanda gülüş hədəfi,kinayə obyekti olub,insanlar məcrasından çıxan insana həmişə istehza ilə baxıblar.İnsanın da elə bu çay kimi alnına yazılmış öz taleyi var.
Gözəl çay,nə fərqi var ki,sən hansı torpaqlarda axırsan,hansı dağlardan başlamısan.Nə fərqi var ki,sənin sahilində hansı dildə danışan insanlar gəzişir,hansı balıqlar yaşayır sənin sularında...Sən və Gülər bir ananın,-ana Təbiətin övladları deyilmi? Sən və Gülər əbədi olaraq öz məcranızda axmağa məhkum edilməmisinizmi?
Ah,əzizim Gülər,indi sən ,bu zərif qadın bu boyda çayın müqabilində nəsən ki,öz məcrandan çıxmaq istəyirsən.Bir şey ki,Təbiət etməyə qadir deyil,sən edə bilərsənmi?
Gülər ağlayırdı...
Bənövşə gözlü nənəsi gəlib gözü önündə durmuşdu,göylərdən yağış şırımları arasından ona baxırdı,bənövşə gözlərindən bu yağış kimi damlalar axırdı.Daha əvvəllərdə olduğu kimi şən-şən gülümsəmirdi,eləcə qəmgin-qəmgin baxırdı.Gülər başını onun dizlərinə qoymaq,nazlanmaq istəyirdı,nağıl söyləməsini xahiş etmək istəyirdi.
O nağıl dolu günlərə,uşaqlığa qayıtmaq olsaydı,zamanın təkərini geriyə fırlatmaq olsaydı...
Zamanın təkəri heç geriyə fırlanarmı?
Gülər əslində ərini sevmişdimi,onlar arasında ,doğrudan da,məhəbbət var idimi? Məhəbbətin nə olduğunu Gülər bilmişdimi?
Ta körpəlikdən nənələrimiz nağıllarla,analarımız arzularla bizi gələcəyə hazırlayır.Biz də qarşımıza çıxan bir kişini xəyali sevgilimiz sanırıq.Əslində bu belədirmi?
Gülərlə əri arasında Kərimə qarşı duyduğu çılğın məhəbbət var idimi?
Məhəbbət belə olurmuş...Sevdiyin adamın hər kəlməsini,sözünü xatırlamaq belə könlünə təsəlli verərmiş,onu xatirindən silməyə çalışdıqca,o ,daha böyük bir əzəmətlə xəyalına hakim kəsilərmiş.Onsuz dünya sənə bomboş,viran qalmış görünərmiş.
Başa düşərsənmiş ki,sənin qurduğun ailə əslində bir aldanış imiş,insanın özünün özünü aldatması deməkmiş,-məhəbbətdən əsər əlamət olmayan ,qarşılıqlı anlaşma əsasında qurulan bir ailə.Bu ailə məhəbbət,-o əzəmətli qüvvə gələrkən dözə bilərmi? Vaxt var idi Gülər”Leyli və Məcnun”u oxuyar ,anlamazdı ordakı duyğuları.Lakin indi...Doğrudan da,kimisə sevəndən sonra əvvəlki axarınla axmaq mümkün idimi?
Bəs bu məhəbbəti necə etiraf etmək mümkün idimi? Leyliyə nə var ki...O Gülərdən xoşbəxt idi.O qız idi ,Məcnun da oğlan Qız ərə getməli,oğlan da evlənməli idi.O sevgi kimlər tərəfindənsə başa düşülürdü.Bəs Gülərin məhəbbəti?
Günahkardır...Lakin ...O ki illərlə yuxuda olub...O ki məhəbbət nədir indi bilib...Məhəbbət budur...Gülər bircə dəfə başını onun sinəsinə qoya bilsəydi,bütün qayğılardan,bütün götür-qoylardan,onu sıxan,əzən qüvvələrdən azad nəfəs ala bilsəydi...O zaman,o an,-o an bir dəqiqə olsa belə-Gülər dünyanın ən bəxtəvər bəndəsi olardı. Mümkün idimi bu? Bəs Güləri öz məngənəsində əzən nələrdənsə azad olmaq mümkün idimi?
Bəs əvvəlki aldanışlarla necə,yaşamaq olardımı? Qədim bir əfsanədə deyilir:hər bir insanın bu dünyada yarısı var.Və insanlar yaşadıqları bu dünyada o yarını axtarırlar.Ulu Tanrı heç vaxt bu yarıları bir-birinə qovuşdurmur,onların qovuşmasından çəkinir.Niyə gorə? Gülər bunu bilmir.Yalnız onu bilir ki,bu adam onun yarısıdır ;onun fikirləri Gülərin fikirlərinin,hissləri hisslərinin,cismi cisminin yarısıdır.Və Gülərin fikirləri,hissləri,cismi bu yarıya qovuşmaq üçün uçum- uçum uçunur.Lakin bu mümkün deyil.Burada hədsiz maneələr var.Bu maneələr elə Tanrının qurduğu tordur,-yarının yarıya qovuşa bilməməsi üçün qurduğu tor.Bu tor vaxtilə kimlərəsə qurulub,indi də Gülərə qurulub.
Gülər ağlayırdı...Ərinin sevgilərinə yalandan cavab vermək o yana dursun, bəs oğlunun sevgilərinə necə cavab versin? Hər dəfə fikri dağınıq,xəyalı başqa yerdə oğluna nağıl danışanda bir xəcalət duyurdu,lakin bütün bunlara son qoymağı bacarmırdı.
-İlahi ,nə olar,yol göstər mənə -Gülər ağlayırdı-Ey axan Çay,ey çaxan şimşək ,ey yağan Yağış ,yaşamağı öyrət mənə.Sünilik bacarmayan,ana Təbiət ,mənə də özün kimi olmağı öyrət!
Gülər artıq özündə deyildi;çağlayan,sahili döyəcləyən çayın köpüklü sularına döğru gedirdi.
Hər bir insanın yarısı var,-ortaya atılan bir tapmaca.Bu yarını axtarmaq bir əzab,tapmaq iki əzab,ona qovuşmaq üçüncü əzab...
Gözəl çay əzəmətlə sinəsini açıb məcrasından çıxmışdı.Görəsən, Gülərin də məcrasından çıxmasında onun rolu olmuşmudu?