Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!
Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?!
Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış,
— Bilməm belə dövranları neylərdin, ilahi?!
Məzlumların göz yaşı dərya olacaqmış,
— Dəryaları, ümmanları neylərdin, ilahi?!
Səyyadi-cəfakardə rəhm olmayacaqmış,
— Ahuləri, ceyranları neylərdin, ilahi?!
Bağın, əkinin xeyrini bəylər görəcəkmiş,
— Töxm əkməyə dehqanları neylərdin, ilahi?!
İş rəncbərin, guc öküzün, yer özününkü,
— Bəyzadələri, xanları neylərdin, ilahi?!
Hökm eyləyəcəkmiş butun aləmdə cəhalət,
— Dildadeyi-irfanları neylərdin, ilahi?!
Surtuqlu müsəlmanları təkfirə qoyan bu
Döşdüklü müsəlmanları neylərdin, ilahi?!
Yaxud buların bunca nüfuzu olacaqmış,
— Beş-üç bu süxəndanları neylərdin, ilahi?!
Qeyrətli danosbazlarımiz iş bacarırkən,
— Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!
Ərlər hərə bir qiz kimi oğlan sevəcəkmiş,
— Evlərdəki nisvanları neylərdin, ilahi?!
Tacirlərimiz Sonyalara bənd olacaqmış,
— Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!
Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb!
Baxdıqca bu hikmətlərə heyran oluram həp!..
Mirzə Ələkbər Sabir