Yasəmən ağacı | İlyas Əfəndiyev

Yasəmən ağacı | İlyas Əfəndiyev

Məktəbimizin bağçasında ucaboylu, cavan bir yasəmən ağacı vardı. Yaz gələndə bütün ağaclar kimi o da çiçək açardı. Onun açıq bənövşəyi gülləri salxım-salxım olub sallanırdı.

Məktəbimizin bağçasındakı ağ, çəhrayı çiçəkli alça, armud, şaftalı və ərik ağacları arasında bu yasəmən ağacının qəribə bir gözəlliyi vardı. 

Kəndimizdə yasəmən olmazdı. Məktəbimizdəki yasəməni isə Aslan müəllim əkmişdi. O hər səhər əkdiyi bu ağacın yanına gələr, budaqları əyib salxım gülləri iylər və dayanıb ağacın gözəlliyinə tamaşa edərdi.
Aslan müəllim ucaboylu, qarabəniz, zəhmli bir adam idi. Alnında sərt qırışlar vardı. Lakin o, yasəmən ağacını seyr edərkən üzünün nə qədər incə, mehriban və xülyalı bir ifadə aldığını bircə görsəydiniz!.. 

Bir gün dərsdə mənimlə bir skamyada oturan yoldaşım Cəfər əyilib qulağıma pıçıldadı: 
— Müəllimin yasəmən ağacında bir bülbül yuva salıb. 
Bu sözü eşitcək səbirsizliklə dərsin qurtarmasını gözlədim. Zəng vurulan kimi Cəfərlə bərabər yasəmən ağacının yanına qaçdıq.

Cəfər düz deyirmiş: salxım-salxım sallanan güllər arasında çör-çöpdən və palçıqdan qayrılmış bir yuva gördüm. Mən düşünmədən birbaş ağaca dırmaşdım. Elə yuvaya yenicə çatmışdım ki, onun içindən pırıltı ilə bülbül uçdu və ağacın gövdəsi ağırlığıma davam gətirməyib şaqqıltı ilə sındı. Mən yıxıldım, yuva da uçub töküldü. 

Ətrafıma toplanmış uşaqlar çığır-bağır salmışdılar. Özümü toplayıb ayağa qalxdıqda, Aslan müəllimin yanımda durduğunu gördüm. Kürəyimin arasından soyuq bir şey keçdi. Bu halı müşahidə edən uşaqlar da susdular. Aslan müəllim heykəl kimi qımıldanmadan, qəddi qırılmış yasəmən ağacına baxırdı.

Bu zaman birdən bülbül qanadlarını başımız üzərindəki alma ağacının çiçəklərinə çırpıb həyəcanla səsləndi. Aslan müəllim başını qaldırıb kiçik bir budaq üzərində oturmuş bülbülə, onun uçmuş yuvasına və mənə baxdı. 

Sonra o dinməzcə dönüb getdi.

Zəng vuruldu. Mən peşman olmuşdum. Mən Aslan müəllimdən məzəmmət və cəza gözləyirdim. Lakin o mənə nə bir söz deyir, nə də üzümə baxırdı. Bu isə mənin üçün hər şeydən ağır idi. Mən istəyirdim ki, o məni danlasın, cəza versin, lakin o susurdu. 

Bir gün Aslan müəllim məndən keçən dərsi xəbər aldığı zaman onun baxışlarında elə soyuq bir ifadə hiss etdim ki, özümü saxlaya bilməyib cavab vermək əvəzinə ağladım. 

O əvvəlki kimi sakit və təmkinli bir səslə mənə: “Əyləş”, dedi və başqa bir şagirdi qaldırdı. 
Mən ağlayırdım. O isə elə bil ki, bunu görmür, sakitcə dərsini keçirdi. 

Zəng bayıra vurulanda Aslan müəllim işarə ilə məni çağırdı. Biz birlikdə bağçaya endik. Heç bir söz danışmadan yasəmən ağacının yanına gəldik. İndi onun yerində başı hamar kəsilmiş bir kötük qalmışdı. Mən gözlərimi endirdim.

Aslan müəllim bir neçə saniyə ağaca baxdıqdan sonra mənə tərəf döndü və: 
— Biz dünyaya, onu daha da gözəlləşdirmək üçün gəlmişik, — dedi. – Biz onun gözəlliklərini məhv etmək üçün doğulmamışıq!
Mən onun üzünə baxmadan: 
— Məni bağışla, müəllim, — dedim. 
...Gələn bahar yasəmən ağacının kötüyündən yeni pöhrələr qalxdı. Mən indi həmin pöhrələrə sevə-sevə qulluq edir, onları qoruyuram. 

Axı doğrudan da biz dünyanın gözəlliklərini məhv etmək üçün doğulmamışıq!..
Top