Hüseyn Cavid

Hüseyn Cavid

Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə) 1882-ci il oktyabrın 22-də Naxçıvanın indiki Kəngərli rayonunun Şahtaxtı kəndində ruhani ailəsində dünyaya gəlib. 

İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini Molla Tağı Sidqinin «Məktəbi-tərbiyə» adlı yeni üsullu məktəbində alıb (1894-1898).
1899-1903-cü illərdə Cənubi Azərbaycanda olub, Təbrizin «Talibiyyə» mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.

H.Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən olub.

Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. «Keçmiş günlər» adlı ilk şer kitabı 1913-cü ildə çap olunub. Daha çox dramaturq kimi tanınıb.

Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərib, «Cavid teatrı» kimi səciyyələndirilib. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapıb.
Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atıb.

Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri — «insan-insana qurddur» fəlsəfəsinin tərəfdarları, «iyirminci əsrin mədəni vəhşiləri» olan dairələri İblis surətində ümumiləşdirilib, işğalçı müharibələrə lənət yağdırılıb.



1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şeirlərlə qayıdıb.

20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazıb. «Peyğəmbər» (1922) və «Topal Teymur» (1925) əsərlərindən sonra yazdığı «Səyavuş» (1933), «Xəyyam» (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş olub.

Cənubi Azərbaycandakı azərbaycanlıların "şahənşahlıq" üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü («Telli saz» dramı, 1930; «Kor Neyzən» poeması, 1930).

Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun Birinci kitabına (Bakı, 2008) daxil edilib. (Tərtibçi: Hamlet İsaxanlı).

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin «nailiyyətlər»indən yazmağı özünə rəva bilməyib, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırıb. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilib və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat edib.

Top