Dünya qələmli ədib, milli ər qırımlı xarakter, xəlqi ədəb-ərkanlı Müəllim — İsmayıl Şıxlı...
Onun Müəllimlik obrazı haqda — dərsləri necə bir məhəbbət və məharətlə deməsi, bu sənətə Məcnun məftunluğu barədə çox danışmamaqçün, 70 illik yubileyində həmkarlarından birinin söylədiyi bir nüansa diqqət edək: “Bizim çoxumuz zamanın havasına uyduq, ad-sanımızı qoruya bilmədik, İsmayıl Şıxlı isə bu adı ürəyi kimi — tər-təmiz saxladı!..”
Bəli, tariximizin “sovet dövrü” illərində tez-tez səslənən “dovşana qaç, tazıya tut”, “dünyanın düz vaxtları”, “bu dünyanın herti-pertisinə lənət!” kimi deyimlər, 3 növ təyini söz birləşmələrindən əlavə, hərdən belə bir “dəvədə buynuz” da eşidərdik: —
“Kristal adam”...
O dövrün ali məktəb tələbələrinin hər birinin ayrılıqda öz “ideal müəllim”i olsa da, İsmayıl Şıxlı hamı üçün ortaq “İdeal Pedaqoq”, milli “Kristal Müəllim” sayılırdı…
Hər tələbə onu öz diapazon-səviyyəsiycə anardı: “Böyük Turanlı”, “Bütöv Azərbaycanlı”, “Şanlı qazaxlı”. O, biz tələbələrçün öz möhtəşəm “Dəli Kür”ündəki “qıllı qaşlar”, “həbəşi dodaqlar” kimi ifadələrilə kolorital Sənətkar, cahanşümul Cahandarı ilə ustad Qələmli, əsl milli ziyalılığı, əfsanəvi nəfs təmizliyilə özgür Şəxsiyyət imic-obrazını yaratmışdı. Yazanların yağışdan sonra göbələk, “Seçilmiş əsərlər”in örüşdən sonra pıtraq sayında olduğu o vaxtlarda biz hələ bu qəbil, bu “qəlib” seçilmiş şəxsiyyətlərin tək elə Azərbaycanda yox, hər xalqın ədəbiyyatında barmaqla sayılası qədər olduğunu yaxşı bilmirdik. Amma adları APİ-nin (indiki ADPU-nun) jurnallarında olmayan tələbələr də yaxşı bilirdi ki, İsmayıl Şıxlı öz mühazirələrinə “legioner” tələbələri də cəzb edən əfsanəvi Əli Sultanlı, Mir Cəlal, Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov kimi beş-üç İşıq-Müəllimlərdən biridir...
Bəzilərimiz bunu da bilirdik ki, istedadlı yaradılmışların bilvasitə yaratdığı ədəbi-bədii obraz-şəxsiyyətlər ilə Yaradanın bilavasitə yaratdığı bəşəri-bəndəvi Şəxsiyyətlər arasında yer-göy qədəri fərqlər var. Ən başlıcası da bu ki, birincilərin taleyi qələmdən, ikincilərininki taledən asılıdır. Sənət məziyyətlərindən yaranan birincilərin bütün gərəyi-çörəyi ətrafın “kəllə” dediyi başlardan çıxır, həyat əzab-əziyyətlərindən yoğurulub-yaranan ikincilərinki isə zəllə-zəllə daşdan. Sayca orduya timsal birincilər, uzaq başı, Don Kixotvarı fabulalanır, nadir sərkərdələrə misal ikincilər isə dünya malına göz yummaq kimi — çox müşkül cəbri-nəfslərlə. Və milli “mən”i yaradıcılığı qədər uca, şəxsi nəfsi öz ustad qələmindən də qəlbi Müəllim İsmayıl Şıxlı həmin “ikincilər”in birincilərindən…
Onun qələmiylə yaranmış bədii şəxsiyyətlər milyonlarla oxucu qəlbində, səhnələrdə, kino-teleekranlarda, müxtəlif formatlı məclislərdə sevgi dolu təəssürat, ehtiram-etimadla yaşayıb, öz Obrazını da yaşatmaqda…
Bu Obrazın, demək olar, bütün “ədd-ədəvası” aydın, Müəllimlik “qarası” isə…
Təəssüf, onun hər cür təsvir-təfsir imkanlarına, fırçalarınkından fazla rənglərə malik Qələmi özünə bab bir müəllim obrazı işləmədi. O vaxtların kütləvi “maarif-tarif” bazarı (beş-on təmiz-tarıq müəllimin ruhundan iraq) kimi tanınan bir “taksa”xanada “kristal” qala bilmək, bircə loğma haram yeməmək, çoxu maddiyyata, azı mənəviyyata möhtac tələbələrin tez-tez dəyişdiyi auditoriyalarda mövzudankənar söhbətlərini halallıq, milli vicdan, xəlqi namus, Haqq üstdə quraraq dərs deməyi bacaran (!) bir müəllim obrazı…
Deyirəm, bəlkə onun bu aşırı milli özgürlüyünün, içində bu boyda istedad, gələcək nam-nişanlı görəvlərə namizəd, bu yar-yaraşıqda və xeyli məşhurlaşmış ola-ola, ucqar bir kənd (Kosalar) məktəbində müəllim işləməyi “intixab” etməsinin bir tərəfi də Demokratik Cümhuriyyət illərimizin birində (1919) doğulmağıyla bağlı imiş? Özü də adlı-sanlı bir kənd müəllimi ailəsində və “Rus artilleriyasının Allahı” deyilən Əlağa Şıxlinski kimi bir fenomenin əmiliyi haləsində!..
Hələ belə bir zabitəli bir gəncin müharibədə zabit oluban yox, sıravi əsgər kimi döyüşməsi! Bu məqamda deyim ki, İkinci Dünya müharibəsi İsmayıl Şıxlının tək elə yaradıcılığında deyil, şəxsi-psixoloji aləmində də ayrıca bir obrazdır. Bu müdhiş obrazın “doğuluş” xəbərini ömrünün sonunadək çalışdığı Azərbaycan Pedaqoji İnstitutunun axırıncı kursunda — dövlət imtahanı ərəfəsində eşitmiş ədib yazır: “Nahar vaxtı idi, yataqxanadakı yeməkxanaya toplaşmışdıq. Deyə-gülə zarafatlaşmağımız divardan asılmış radionun səsini eşidilməz etmişdi. Şəmistan adlı bir yoldaşım mənə yaxınlaşıb, titrək səslə qulağıma pıçıldadı ki, müharibə başlayıb. İnanmadım. Axı, SSRİ ilə Almaniya arasında on il bir-birinə hücum edilməməsinə dair müqavilə bağlanmışdı. Bu, nə namərdlikdi! ...Birdən hiss etdim ki, yeməkxanaya sükut çöküb. Qaşıqlar əldə, xörəklər qabaqda qalıb. Molotov danışırdı...”
...Beş il keçəcək, elə həmin əl yazacaqdı: “Dan yeri təzəcə qızarırdı. Katerin radiosundan Levitanın səsini eşitdim: “Düşmən danışıqsız olaraq təslim edilmişdir”. Qaçıb yoldaşlarıma dedim, inanmadılar. Ətrafa sükut çökmüşdü...” Müharibənin həmin sükutundan sonra bu sənətkarın haylı-haraylı qələbəlikləri başlayır. İyirmi doqquz yaşından APİ-də kafedra müdiri, Azərbaycan Yazıçılar Birliyinin katibi, “Azərbaycan” jurnalının baş redaktoru, SSRİ Yazıçılar İttifaqının katibi, Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri, neçə-neçə ordenlər, fəxri fərmanlar, mükafatlar, Xalq yazıçısı… Amma o vaxtların oyaq oxucularının qəlbində belə bir təəssüflü təəssürat da vardı ki, nədən qüdrətli “Dəli Kür” bu qədər az (əslində, o vaxtlarçün ən çox — 80 min!), “Sakit Don” isə imperiya qapsamında — 8 milyon tirajla buraxılır?! Niyə eyni istedad və zəhmət sərf edən rus Şoloxov üç-dörd milyon manat qonorar almalıdır, Şıxlı otuz-qırx min? Budurmu gur-gur guruldanan “sovet bərabərçiliyi” şüarı?!
“Çox “qoşa saat”lara sığışmayası bu Obraz haqda bir “qəzetlik dərs”də nə demək olar ki?” deyib, keçirəm bir vaxtlar deyilmiş, yazılmış, xatirələşmiş mətləblərdən fraqmentlərə.
Məsələn;
Deyirlər, onun dediyi fənnə sevgisi olmayan tələbələr belə, dərsləri İsmayıl Şıxlıya hörmət və ehtiramdan yana əla oxuyarmışlar. Deyirlər, ömrü boyu “tələbə payı”, “semestr sezonu”, “qəbul taranı” kimi çirkablardan uzaq olmuş bu Kişi öz halal qazancı hesabına (neçə illər yalnız ən yaxın həmkarlarına bəlli olan) təqaüd də kəsibmiş. Şərti olaraq “İsmayıl Şıxlı” adlanan bu təqaüdü İsmayıl müəllim “əşhədi-ehtiyacı” olan (və bundan çox-çox sonralar xəbər tutan) tələbələrinə verdirirmiş…
Deyirlər, İsmayıl Şıxlının istər evinə, istər rəhbərlik etdiyi kafedraya gələnlərin ən səmimiyyətsizləri belə, həmin ünvanlardan böyük səmimiyyət yüküylə ayrılarmış…
Yazırlar ki, onu qüdrətli “Dəli Kür”ə gətirən, bundan xeyli əvvəl yazdığı və özünəinam hissini hədsiz dərəcədə artıran “Ayrılan yollar” romanı olub. Canlı həyatın özü qədər dirilik təcəssümü olan “Dəli Kür”ün “irsi-varisi” davamiyyətini bəzi və bəlli səbəblərdən qələmə ala bilməyən ədib xatirələrinin bir məqamında yazıb: “Onların qarşısında özümü borclu və günahkar hesab edirəm...
” Bu məqamda, hər insanın yaddaş sarayının baş hücrəsinin məhz uşaqlıq dövrünə mənsub olması həqiqətini xatırlayaq və onun hələ adi “İsmayıl”lıq dövrü ilə ilgili bir epizodu xatırladaq. Günlərin bir günü silahlı bir dəstənin Qaymaqlı kəndinə gəlib, camaatdakı bütün silahları yığarkən, buna etiraz edənlərdən birinin “sinfi düşmən” adıyla yerindəcə güllələnməsi onun yaddaşına “uşaqlıq illərinə atılmış güllə” kimi həkk olur…
Yazırlar ki, İsmayıl Şıxlı bir vaxtlar “əfsanəvi mühazirə ustadı” Əli Sultanlıya bənzəmək istəyirdisə, sonralar bütün tələbələr İsmayıl Şıxlı olmaq istəyirdi… Özü yazırdı: “Kursumuzda yüz əlli tələbə vardı, yüz əllisi də Əli Sultanlı olmaq istəyirdi”. Onun, xarici ölkələr ədəbiyyatına aid heç bir Azərbaycandilli mənbənin olmadığı vaxtlarda yazdığı “XVIII əsr xarici ədəbiyyat tarixi” (müştərək müəllifliklə), “XX əsr xarici ədəbiyyat tarixi” kitabları, G.Mopassan və başqalarından etdiyi tərcümələr haqda isə kiminsə söyləməsinə ehtiyac yox…
Bütün bu deyilib-yazılanlardan sonra bəndəniz də belə bir “sillagizm” yazmaya bilmir ki, görəsən indilər, bir vaxtlar ona oxşamaq istəyənlərə də oxşamaq istəyənlər varmı?..
«Mədəniyyət» qəzeti
Tahir Abbaslı