Vampir/Şiringül Musayeva

Vampir/Şiringül Musayeva

Balaca, qara, tör-tökünük ,yöndəmsiz… çox   qəribə   görkəmi   var   idi. Onu  görəndə  nədənsə “ Heyvanlar   aləmi”ndə   seyr   etdiyim  kaftarları   xatırlayırdım.Bu   bənzətməmdən   utanırdım,  amma  bu  məndən   asılı   deyildi. İnsanın  hər  hansı  bir  heyvana  bənzəməsi, doğrudan  da,  mümkündür.Qəribə  xışıltılı səsi ,sanki  kirdən  boğulmuş   rəngi,doymaq  bilməyən   ac   ğözləri  adamı  xırpalayırdı.Onunla  haradan   tanış  olduğumu   söyləməyəcəyəm:  bəzən  həyatda  yöndəmsiz  insanlarla  müəyyən  əlaqələrimiz   olur.

   Əvvəllər   onun   haqqında  illlərlə   yaxşı   fikirdə   olmuşdum ,illərlə  onu  müdafiə  etmiş, düşünmüşdüm  ki ,həyatda   bəxti   gətirməyən, yazıq ,bədbəxt   adamdır.

  Onda  da  mənə  qarşı  müəyyən  hisslər  var  idi, yəqin  ki...Harda  məni   gördü  alıcı   gözlərlə  məni  süzür, tez  yan  alır ,kimin   haqqındasa  danışmağa, şikayətlənməyə başlardı.Heç  vaxt tərəf  müqabilinə aman  verməz  ,onu  dinləməz, hətta  eşitməz ,dığırlanıb  adamın  üstünə  çıxar  və elə hey  danışardı.  Bəzən   dözməz  onu  əlimlə  yana  çəkərdim   ki ,insanla  danışanda  onun  ağzının  içinə   girməzlər. Lakin  nə  faydası...

   Yazıq,miskin  görkəminə  rəğmən  həddindən  artıq  inadcıl  xarakterini  son  vaxtlar  fərq   etmişdim: göy  yerə  qarın  qoysa  da  o,  dediyindən  dönməz ,kor  tutduğun  buraxmazdı.

  Son  vaxtlar  onda qəribə  bir  şey  müşahidə  etmişdim: ona  nə  verirəmsə  verim, onun   üçün  nə   edirəmsə  edim bir  dəfə  də  olsun  mənə " sağ  ol «deməz, gözlərində  ani, insanı  qarsalayan  bir  ifadə  görünər, çox  kiçik ,demək  olar  ki,  dodaqsız  ağzı  bir  anlıq  bağlanar,sonra  yenə  danışmağa   başlardı.Onunla  yarım  saatlıq ,  bir  saatlıq  münasibətdən  sonra silkinmək ,sanki  üstümə  tökülmüş  bir  ağırlığı  atmaq    istərdim və sanki  bu  çox  çətin  alınardı. Elə  bil,  onda  qəribə ,sirayətedici tellər  var idi və o, insanı  o  tellərlə  bağlayır ,sıxır  öz  çirkabını  ona  yeridirdi.Və  həmişə  onun  müəyyən  qurbanlar  seçdiyini  sezmişdim:  bu onun  aləmində müəyyən  qədər bəxti  gətirən, ondan  bir  az  fərqlənən  insanlar  olurdu. Son  vaxtlar  mənə  elə  gəlirdi  ki, onun  caynaqları  artıq  mənə ilişmişdir və  kilometrlərlə  aralıdan  belə məni  sıxışdırır, qanımı  sorur.  Xurafata  inanmasam  da son  vaxtlar  işlərim  də  düz  getmirdi və  hər  dəfə  işim  büdrəyəndə  onun  sevinməsi gün  kimi  aydın  idi.Dəfələrlə  heç nədən  alınmayan  pozulan  işlərimə sevincini  gizlətmədən  demişdi: Filan  şeyi  mənim  üçün  eləmədin ona  görə də  belə   oldu.Vaxtı  ilə   başqa “ qurbanları “  haqqında  da  belə  deməsi  məni  sarsıdır ,ondan   gen  durmağa  çalışırdım.Nə  isə...

  Bir  dəfə  yenə  onunla  rastlaşmalı   oldum.Etika  xatirinəmi,  yoxsa  əvvəlki  münasibətlərə  görəmi ayaq   saxlayıb  onun  halını  sordum.  Ətrafda  da  bir   neçə   adam  var  idi.

  Mənə  yox, ətrafdakılara  baxaraq,mənə  yox,  ətrafdakılara   eşitdirərək

  -Sən  soruşandan   yaxşıyam  -dedi.

  -İşlərin  necədir?

  -Nəyinə  lazımdır? Belə maraqlanırdın  gəlib  bir  dəyəydin.

Onu  bu  işə  mən  düzəltmişdim və  vəziyyəti  düzələnə  qədər  kömək  olmuşdum.

  -Bilirəm  ki,yaxşıdır- dedim.

  -Hə  əlbəttə  ki,yaxşıdır. Ev  sahibi  elə   yaxşı  arvaddır  ki...mən   gedənə   qədər   xörəyimi  də  bişirir.

Könlündən  mənim  onun  xörəyini bişirməyim  keçirdi.

-Mənə  deyir  ki-vampir  davam  etdi-sən  nə  yaxşı  qadınsan,mən  heç  səndən  iyrənmirəm.

-Hə əlbəttə .Kim  səndən  iyrənir  ki...

-Bəs   sən məni  niyə   evinə  qoymursan?

 Ah...az qala  yerə  səriləcəkdim.

 -Mən  salam  verib ,salam  aldığım  bütün kəndı  evimə  yığa  bilmərəm ki...Bakının  yarısı  kirayənişin  qalır.

-Qoyma   da  .Ölmədim  ki...

Onunla  danışmaq  mənasız  idi.Ona  nə  isə  başa  salmaq  mümkünsüz  idi.

-Ölmədim  ki...Budur  işləyirəm ,xan  kimi  də dolanıram.Qoyma  da  məni  evinə.

Həmişəki  kimi  sağ  ol  əvəzinə  onun  hədsiz  nifrəti  ilə  qarşılaşmışdım.

Onun  bu  nifrətindən  yaxa  qurtarmaq  mümkünsüz  idi. Canımı  da  ona  versəm  o  bir  anlıq  susacaq, gözləri  alacalanacaq ,təzədən  başlayacaqdı

-Mən  elə  çox  yaşamalı  idim  də ,kənd  adamıyam da,uzunömürlüyəm  də ...-və s. və i.

 Sürətlə  oradan  uzaqlaşsam  da  arxamca  dəhşətli bir  kölgənin  süründüyünü  hiss  edirdim.
Top