Heca vəzni

Heca vəzni

Heca vəzni (sillabik vəzn) — misralarda heca saylarının bərabərliyinə və ahəngdar bölgülənməyə əsaslanan şeir vəznidir. Bu vəzn əksər dünya xalqlarının (türk, fars, rus, fransız, italyan və s.) şeirində işlənmişdir.

Azərbaycan milli şeir quruluşunda tələb olunan ən zəruri şərtlər ölçü, bölgü və qafiyədir. Bu üç əsas tələb şeir texnikasının ən vacib atributları olmaqla yanaşı, həm də şeiri nəsrdən fərqləndirən mühüm amillərdən biridir. Ölçü şeir texnikasında daha vacib yer tutur. Çünki məhz ölçüyə görə şeirin vəzni müəyyən olunur. Əslində vəzn şeirin ölçüsü, misraların həcmi deməkdir. Misraların həcmi dedikdə, hər şeydən əvvəl, oradakı hecaların sayı nəzərdə tutulur. Məlumdur ki, hər bir sözdə olan hecaların sayı orada işlənən sait səslərlə ölçülür. Sözdə neçə sait işlənirsə, bir o qədər də heca olur. Buradan da deyə bilərik ki, şeirdə misraların, sətirlərin ölçüsündən, hecaların sayından bəhs edən elmə vəzn deyilir. Azərbaycan milli şeirində ta qədim zamanlardan indiyə qədər ölçü ən çox tələb olunan poetexniki şərtlərdən biri olub. Odur ki, şeirimizdə ən çox işlənən və ən doğma vəzn də heca vəzni olmuşdur.
Prof. A.Axundov yazır: “Məlumdur ki, heca vəzninin iki mühüm şərti var: ölçü və bölgü. Bunlardan birincisi misralardakı hecaların sayının bərabərliyinə, ikincisi isə misralardakı heca mikroqruplarının uyğunluğuna əsaslanır. Heca vəzninin ən mühüm şərti heç şübhəsiz, ölçüdür.
Xüsusən kiçik ölçülü şeirlərdə (üçhecalıqlardan səkkizhecalıqlaradək) hecaların sayının bərabərliyi heca vəznində yazılmış şeirlərin yeganə poetik göstəricisi kimi çıxış edə bilir. Hətta şeirimizin əvvəlki dövrlərində onbirhecalıqlar da da heca vəzninin əsas əlaməti yalnız ölçü olmuşdur”.
Azərbaycan şeirində ölçü sistemi müxtəlifdir. Odur ki, şifahi və yazılı şeir nümunələrində iki hecadan tutmuş iyirmi hecaya qədər rəngarəng ölçülərə rast gəlirik. Məsələn, “yüz ölç, bir biç” kimi atalar sözlərində hər misra cəmi iki hecadan ibarət olub ölçülü-heca vəznindədir. Başqa atalar sözlərində:
Üs / tü /aş/ (3)
Al / tı /daş/ (3)
Azərbaycan şifahi xalq şeirinin bayatı, ağı kimi şəkillərində yeddilik ölçü sistemi əsasdır. Qoşmalarda heca ölçüsü bir qayda olaraq on birlik say sistemindədir. Burada misraların hamısı eyni qayda ilə on bir hecaya ayrılır ki, bu da qoşmanın vəzn ölçüsünü təyin etmiş olur.
Artıq dediyimiz kimi, ədəbiyyatımızda iki hecalıdan tutmuş iyirmi hecalıya qədər şeir ölçüsünə rast gəlmək mümkündür. Şairlərimiz, demək olar ki, heca vəzninin bütün mümkün ölçülərindən istifadə etmişlər.
Ümumtürk yazılı mənbələrində tarixə məlum ilk normal heca vəzni nümunələri Mahmud Kaşğarinin «Divanu Luğati-t-Türk» əsərində (XI əsr) artıq mövcuddur. Bu əsərdəki şeirlərdə 7-hecalı (4-3 bölgülü) nümunələr əksəriyyət təşkil edir. Məlumdur ki, «Divanu Luğati-t-Türk»ə qədər VIII-IX əsrlərə aid uyğur şeir mətnləri (dini məzmunlu Maniçi poeziya) vardır. XI əsrdə (bəzi fikirlərə görə daha öncəki əsrlərdə) qələmə alınmış, sonradan üzü köçürülmüş “Dədə Qorqud” dastanında olan şeirlərin isə formaca hansı dövrün məhsulu olduğunu müəyyən etmək xeyli çətindir. Bu abidənin bu günə gəlib çatmış ən əski əlyazma nümunəsi XVI əsrə aiddir. Məlumdur ki, bu dövrdə artıq heca vəzni mükəmməl bir inkişaf səviyyəsinə çatmışdı.

Dədə Qorqud dastanının yaranma dövrünün əsasən VII əsr olduğu qəbul edilir. Həmin dastanın məzmununda isə hətta eramızdan əvvəlki dövrləri əks etdirən motivlər var. Dədə Qorqud şeirlərində heca vəzninin müəyyən elementlərinə (4-lük, 3-lük və 7-lik bölgülər və s.) rast gəlinsə də heca vəzni (həmçinin qafiyə) hələ formalaşmamışdır.

Maniçi uyğur şeirləri də formaca Dədə Qorqud şeirlərinə oxşardır. Belə ki, burada da qafiyələnmə əvəzinə eyni söz və ya şəkilçinin təkrarı müşahidə olunur. Misralarda heca sayları fərqlidir. Misraların bölgülənməsi isə demək olar ki, hiss olunmur. Məhz bölgülənmə baxımından maniçi uyğur şeir mətnləri Dədə Qorqud şeirlərindən geri qalır. Lakin həmin uyğur şeirlərinin qələmə alındığı VIII əsrdə heca vəzninə daha yaxın şeirin paralel şəkildə mövcud olub-olmadığı qaranlıq qalır.
Heca vəznində yazan ədiblər haqqında danışarkən ağla ilk gələn müəllif Şah İsmayıl Xətaidir. Azərbaycanın görkəmli şairlərindən və eyni zamanda sərkərdə sonralar isə Azerbaycan Səfəvi dövlətinin başçısı olan Şah İsmayıl Xətaiana dilində həm lirik şeirlər, həm də epik əsərlər -«Nəsihətnamə» və «Dəhnamə» poemalarını yazmışdır. Ədəbiyyatımızda ilk dəfə olaraq, divanına əruz vəznində şeirlərlə yanaşı, heca vəznində şeirlər də daxil etmiş sənətkar Xətaidir. Şairin klassik üslubda əruz vəznində Bundan başqa, M.P.Vaqif, Q.Zakir kimi nümayəndələrin yaradıcılığında da heca vəzninə rast gəlirik.
Top