Füzuli haqqında düşüncələrim

Füzuli haqqında düşüncələrim

Şərqin böyük və həssas şairi Füzuli İslam mədəniyyətinin beşiyi olan Bağdadda yaşamışdır. Fitrətən şair olan Füzuli zamanında məşhur elmləri böyük maraq ilə öyrənərək həm alim, həm şair olmuşdur. Lap gənc ikən şairlikdə şöhrət tapmış ilk şeiri ustadı Rəhmətullah Əfəndinin qızına təqdim etmək üzrə yazmış olduğu:

“Pərişan halın oldum, sormadın hali pərişanım” mənzuməsidir.

Məhəhmməd Füzuli qovğalı və yoxsul əsrdə vücuda gələn bütün vəqə və hadisələrə qismən şahid olmuş,onu bütün ruhi ilə, qəlbi ilə yaşamış və o acı və sıxıcı təsirlərlə öz sənət abidəsini tikmişdir. O həyatın acı həqiqətlərindən, hissin rəqiq şəfəqlərindən yüksəlmiş elə canlı bir abidədəir ki, 4 əsrdən bəri yaşayır və yaşayacaq. Onu yaşadan mühitini həqiqi və doğru olaraq göstərə bilməsi və onu həyati hisslərlə tərənnüm edə bilməsidir.

Pərişanlığa, fəqr və yoxsulluğa olan meyli, cəmiyyətdən uzaqlaşmaq fikri o qaba mühitin onun mənəvi qüvvələri və fitri istedadı üzərinə vurduğu damğanın təsiridir. Yoxsa Füzuli əsasən nə bədbin, nə də həyat və cəmiyyətə qarşı yabancı qalmaq istəyən şəxsiyyətdir.

O mühitinə deyil, mühiti ona yabancı qalmışdır. Əsrinin yeganəsi olan Füzulini o şaşqın,əsəbi və düşkün mühit təqdir etməmiş və etməzdi də. Ölüm üzlü əsrin boğucu ehtiyac və zərurəti qarşısında o dəxi hər adi şair kimi sultan Süleyman Qanuninin Bağdada daxil olduğu zaman onun ətrafında bulunan paşalara və daha sonralar onların vasitəsilə Sultan Süleymana qəsidələr təqdim etmişdi. Nə yapsın!

Əsrin və maddi ehtiyacların qarşısında O da istedadından Şərq şairininin tiranlara vermək məcburiyyətində olduğu vergini ödəmişdir.

O qəsidəçilik üçün yaranmamşdı. Qəsidə nə olduğunu çox gözəl bilirdi. Məmləkəti,xalqı yıxan,yandıran iqtisadi və ictimai həyatı kökündən qurudan qüvvələrə qarşı onun qəlbi hörmətlə deyil,nifrətlə çarpırdı. Şahların və sultanların fütuhatına:

Padişahi mülk dinari dirəm rüşvət verib,
Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri,

Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır,
Ol dəxi asari-əmnü istiqamətdən bəri,

Göstərən saətdə dövrani-fələk bir inqilab,

Həm özü fani olur, həm ləşkəri, həm kişvəri
Həyata belə nəzərlərlə baxan şair qəsidəçi ola bilməzdi:

Ey Füzuli odlara yansın bisati-səltənət!
Yegdir ondan, həq bilir, bir guşeyi-gülxən bana

deyən Füzuli saraya girmək, saray şairi olaraq bu həyati yaşamaq arzusunda bulunmamışdır.

O,zülmət səltənətində, yalnız qüvvətin hakim olduğu dövrdə nə söz,nə əql, nə də zəka və istedadın heç bir qiymət və əhəmiyyəti olmadığını bildiyi halda Füzuli susmadı. Duyduğunu, gördüyünü söylədi. Qaba və cahil cəmiyyəti incə-incə iynələdi.Çirkinliklərini,qabalıqlarını üzlərinə oxudu, oxudu da deyil tüpürdü. Mühitin xarakterizə edən və ana səciyyələrini doğru və açıq göstərən Şikayətnaməsi başdan başa acı qəhqəhələr, kin və nifrətlə atılmış oxlarla doludur. Hələ, salam verdim rüşvət deyil deyə almadılar sözləri o cəmiyyəti,o mühiti canlı olaraq göstərən bir bədiədir.

Füzuli həyata dərindən nüfuz etdikcə onun iç və bayır üzünü görür,həyat və mühitə olan öz əlaqə və nəzərini təyin edir və aldığı təcrübələri maddi bir şəkildə anlatmağa çalışır.

Füzuli Bağdadda yaşamış olduğuna görə şəhərin əldən ələ keçməsini, bütün bu çalxantılarını görmüş, əhalinin ağır məişətini hiss etmiş, daimi yağmalar sayəsində sərvət və samanın da xeyir gətirmədiyini əməli olaraq anlamışdır.

Bəladır şəhrlərdə mən kimi rüsvayi-xəlq olmaq,
Nə xoş, Fərhadü Məcnun mənzil etmiş kühü səhrani

beyti ilə qırılan, dağların asudə həyatını arzu edərkən o, yalnız Fərhad və Məcnun kimi birər aşiq deyildir, onda eyni zamanda bu didişmələrdən, vuruşmalardan doğan hay-huydan qurtulmaq arzu edən şikayətedici bir ələm də vardır

Sərvətin də insanın başına bəla kəsiləciyini belə bir mühitdə yaşayan həssas olan şairin:

Fəqr imiş fəqr, Füzuli,şərəfi-əhli-vücud,
Özünə eyləmə həmdəm füqəradan qeyri

-deməsində yalnız təsəvvüf aramaq doğru deyildir.

Füzüli şeirlərini düşünərək deyil, hiss edərək söyləmişdir. Onun lisani, qəlbi bütün bir şeydir. Şeirlərindəki səmimiyyət və təbiiyyət də bundan irəli gedir.

Bütün Şərq xalqlarının sevimli şairi olan Füzuli Azərbaycan ədəbiyyatına bu səmimiliyi verməmiş olsa idi, uzun bir müddət ədəbiyyatımız o nemətdən məhrum qalacaqdı. Bu münasibət ilə də Azərbaycan ədəbiyyatı Füzuliyə minnətdar olduğu kimi, şeir çiçəklərindən başına əbədi bir çələng hördüyü sevgilisinə, o canlı çiçəyə də bir o qədər minnətdardır.

Şair bu 2 qüvvətdən-mühit və eşqindən aldğı təcrübə və təsirlər nəticəsində həyata olan görüşünü təyin edə bilməmişdir. Füzulicə: Həyat müztərib olmaqdır.

Həqiqətən dünyada ən böyük məktəb həyatdır. İnsanlar həyata atılaraq qarşısına çıxan maniələrlə çarpışmaq,onun dadlı və acı cəhətlərini dadmaqla, böyük təcrübə sahibi olur.Həyatda müztərib olmayan, onun acılıqlarını dadmayan, mübarizədəki zövqdən binəasib olan insanlar nə həyatın zövqünü,nə də onun qayəsini anlamış olurlar. İztirab insanları islah edər, çalışmağa, çarpışmağa sinə gərərək,mətanət və istiqamətlə irəliləmək yollarını aydınlaşdırar. Hər şeydən ziyadə insanları həyatiləşdirir və onda əsrin tələb etdiyi yeni bir görüş və məfkurə doğurur.

Həyatın bütün acılıqlarını inıəyən Füzulinin ruhunda qüvvət, qənaət, alicənablıq və mətanəti doğuran və onu həyata bağlayan iztirablarıdır.
 
Demirəm vəhşiyəm, təbiət ilə
Talibi-zövqü söhbətəm, əmma…

Beyti onun qırılmaz bağlarla həyata mərbut olduğunu açıq göstərir

 P.S: Abdulla Şaiqin bu məqaləsi 1928-ci ildə çap olunub, məqalə ixtisarla verilib
Top