— Səni dinlərkən Kabil yadıma düşür.
— Gözəl əfqan qadınları?
— Oradakı avtomat səsləri, eynən onlar kimisən, Ester, susmursan. Sükut yaranırsa da, qəfildən elə pozulur ki, insanın bütün vücudunu cəhənnəm həyəcanı bürüyür.
Mən… mən o avtomatlara nifrət edirdim, Ester. Mən avtomatlara, əsgərlərim isə mənə nifrət edirdi.
— Daha yoxdur, Otto, nə avtomat, nə atəş səsləri...
— Var, Ester! Burada yoxdur, ancaq orada var! Həmişə haradasa var, insan var olan yerdə atəş səsləri də kəsməyəcək.
İnsanlar daim durmadan özlərini məhv edəcək, yeni-yeni silahlar icad edəcəklər. Hər yeni mərhələdə ölüm daha səssiz olacaq, daha sürətli və səssiz silah yaradacağıq. Bu insanlığın ən ali məqsədidir, almaq və görmək, daha çörək və tamaşa yox — çörək və ölüm istəyirik...
Müharibədə əsgərlər qanlı əlləri ilə çörəyi tutur və iştahla yeyirdilər. Bax sən də indi süfrəni açmısan, bir azdan xəbərlər başlayacaq — İraqda, Suriyada, daha harada partlayışlar barədə xəbərlər verəcəklər.
Aparıcı “partlayış zamanı 56 nəfər ölüb, 36 nəfər yaralanıb” deyəcək, milyonlarla insan isə, içi mən qarışıq bunu dinləyə-dinləyə, sakit-sakit yeməyini yeməyə davam edəcək.
Bu ölümlərin birbaşa təminatçıları, o cümlədən, silah biznesini idarə edənlər isə ölüm xəbərlərini xüsusi maraqla dinləyəcək, atışma zamanı ölənlərin sayını bahalı şərabdan, qəlyanaltıdan dada-dada dinləyəcək, ləzzətlə yeyəcək və dinləyəcəklər, buna əminəm.
Biz hərbçilər siyasətçilərin qullarıyıq, buna məhkumuq. Hitler yəhudilərə nə qədər nifrət edirdisə, mən də siyasətçilərə bir o qədər nifrət edirəm, Ester.
— Sənə görə narahatam, çox düşünürsən.
— Bu dəfə sən yox, mən susmadım.
— Yeməyimizi yeyək, ancaq xəbərlərə baxmarıq.
— Mən o xəbərlərdə nə deyiləcəyini əzbər bilirəm.
Ester stulun başından yapışıb hüznlə dayanan sevgilisinə arxadan yaxınlaşdı, başını astaca onun kürəyinə söykədi: – Müharibə səni yaman yorub, əzizim.
— Düz deyirsən – Otto üzünü Esterə çevirdi. – Sən, yəqin, çox bədbəxtsən, əlbəttə ki, hərbçidən qadına həyat yoldaşı çıxmaz.
— Yox… Səni bütün əzabların, hisslərin və düşüncələrinlə birgə sevirəm. Mən yalnız… müharibələri sevmirəm, çünki onlar səni bədbəxt edir.
— Yalnız məni bədbəxt edir deyə? Bəs başqaları?
— Başqaları məni maraqlandırmır. İnsan ancaq sevdiklərinin ağrısını hiss edə və anlaya bilər. Başqalarının kədəri mənə yaddır, eynən mənim ağrım mənə aid olduğu tək. Məni eqoist olmaqda təqsirləndirə bilərsən, ancaq belə deyil, Otto. Həqiqət reallıqlar üzərində qurulur, reallıq isə budur ki, insanlar qəddardır. Sən dünyanın yükünü öz üzərinə götürmüsən, ancaq sən əminsənmi ki, yıxılanda dərdini çəkdiyin o insanlardan biri ayağa qalxmağına yardım edəcək? Mən daha heç nəyə əmin deyiləm. Bircə səni dəli kimi sevdiyimi bilirəm. Sən burada olmadığın müddətdə nələr çəkdiyimi bir bilsəydin… Sən müharibədə olduğun müddətdən etibarən bu sözə nifrət etməyə başlamışam, bu sözün əsl mənasını, yükünü anlamışam. Sənə sarılarkən dünyanın ən xoşbəxt qadını oluram, indiki kimi...
— Mənim Esterim, sevgilim, vaxt gələcək “müharibə”lər olmayacaq.
— Nə gözəl… – Ester sevinclə söylədi. Hələ də Ottoya bərk-bərk sarılmışdı.
— O zaman bəşəriyyət öləcək… – Otto ürəyində dedi…