Je vais t’aimer- Mən səni sevəcəm | Aytən Cavanşir
Qutuda cəmi bir ədəd siqaret qalmışdı, onu götürüb çəkməyə başladı. İşıqsız, soyuq otağı isə Mişel Sardunun mahnısı bürümüşdü. Qadın eyni anda üç şey edirdi: – siqaretini tüstülədir, mahnıya qulaq asır və dodağının altında öz-özünə danışırdı...
«Mən səni sevəcəm, heç kimin cürət edə bilmədiyi qədər,
Mən səni sevəcəm, xəyallarında təsəvvür edə biləcəyindən də artıq...”
— O, hamıya baxırdı, yaşından asılı olmayaraq hamıya, bütün qadınlara — ən vulqarına, ən iyrəncinə belə. Məni alçaldan da bu idi, Mişel. Yanımda dayana-dayana ən yöndəmsiz qadına da baxa bilərdi, öz acgöz gözləri ilə. O gözlərə necə də nifrət edirdim, bir bilsəydin...
»Səni elə sevəcəm ki, gözlərimiz yumulacaq, bədənlərimiz əzab çəkəcək və öləcək,
Elə sevəcəm ki, ruhumuz göyün yeddinci qatına uçacaq, düşünəcəyik ki, ölmüşük, ancaq yenə də sevəcəyik,
Mən səni sevəcəm...”
— Ərim ömür boyu məni alçaltdı, təhqir etdi, Mişel. Qürurumla oynadı, bədənimi, hisslərimi, ruhumu tapdaladı, məhv elədi. İndi əlimdən nə gəlir? Qisas almaq üçün də gecdir, daha cavan deyiləm, yoxsa məni əzdiyi kimi mən də onun heç vaxt olmayan namusunu, şərəfini əzərdim… Lakin gecdir. Heç nəyi geri qaytarmaq olmur.
Sənin 85-ci ildəki konsertinə baxdım, sonra isə iki il əvvəlki. Bilirsən, heç dəyişməmisən, ancaq saçların ağarıb, vəssəlam… azca da kökəlmisən, bir az da kövrəlmisən… de ki, daha nə qaldı...
Sevdiyin ifaçının qocaldığını görmək dəhşətli və aciz səhnədir. Bizim dünya şeytan əməlidir, Mişel, hamını barmağına yaxşıca dolayıb-buraxan dünyadır. Verdiklərini bir-bir geri alaraq, cavanı eybəcər qocaya çevirməklə insan kimi heç nəyə qadir olmadığımızı hər dəqiqə gözümüzə soxan alçaq dünyadır. Biz isə yaşamağa məhkumuq, ölməyə də qorxuruq, necə də gülməliyik. Yəqin, bütün bu oyunları quran qıraqdan bizə baxıb yaxşıca əylənir, afərin...
Sənin səsin məni xoşbəxt edir, Mişel. Amma hər səhər evimizin qarşısında dayanıb çörək pulu dilənən dilənçi isə bədbəxt hiss etməyə məcbur edir.
Səni mələklər yaradıb, Mişel. Qalan hamı isə iblisin əl işidir – o diləçi də, mən də...
Oxu Mişel, məni indi yeganə xoşbəxt edən sənin mahnıların, səsindir, oxu, hə, düzdür:
«Adieu mon corps, adieu ma coeur… Adieu ma vie, adieu ma mort, la fin du monde est dans tes yeux — »Əlvida bədənim, əlvida ürəyim, əlvida həyatım, əlvida ölümüm,
dünyanın sonu sənin gözlərindədir...”
"Əlvida” sözü bəzən çox şirin, arzuolunan səslənir, Mişel. "Əlvida”nı arzu edir insan, bütün qəlbin, ruhunla vidalaşmaq istəyirsən – hər şeylə — tonlarla qanın axdığı müharibələrlə, milyonlarla qadının zorlandığı zamanla… İnsan qüruru, şəhvəti, nəfsi, tamahı ilə çirkaba batan dünya ilə vidalaşmaq istəyirəm, Mişel, elə çox istəyirəm ki...