Hüseyn Cavid: «Həqiqət istərəm, yalnız həqiqət!»
Hüseyn Cavidin bir sənətkar və insan kimi həyat, habelə zəngin yaradıcılıq yolu olduqca mürəkkəb, ziddiyyətli dövrə təsadüf edib. İlk növbədə iki yerə parçalanmış Azərbaycanın taleyinə «Vətən, Vətən deyərək hər diyarə səs salaram» qeyrəti ilə yaşayan şair yazmışdı:
Dərd aldı sağımı, ölüm solumu
Namərd Araz kəsdi mənim yolumu.
Qədim Odlar Yurdunun «istibdad zülməti» və onun insanlarının hüquqlarının bərbad hala salındığını, ölkənin qəflət adlı «qanlı kəfən libasına büründüyünü» kədərlə qeyd edən Hüseyn Cavid qəlbən inanmışdı ki, Vahid Azərbaycan timsalında «nazənin Vətən» hökmən «şəbi — hicran bəlalarını» aradan qaldıracaq, işıqlı «sübhi — iqbal» ümidlərinə qovuşacaq. Bu ülvi məqsədə çatmaq üçün isə:
İmdi qeyrət edərsə millətimiz,
Yenə övdət edər səadətimiz.
Şair ömrü boyu hansısa bir qrupa, yaxud firqəyə mənsub olmaq, rəhbərləri və liderləri vəsf etmək yolundan uzaq duraraq ümumbəşəri hisslərlə yaşayıb, bu istiqamətli dəyərləri qiymətləndirib. Belə bir fakt təsadüfi sayıla bilməz ki, vaxtilə o, Müsavat hökumətinin dövlət himnini yazmaq təklifinə:
«Mən sifarişlə şeir yazmıram!» cavabını vermişdi. Sovet-bolşevik rejimi şəraitində də əqidəsinə sadiq qalan şair, əsl sənətin müəyyən maraqlar səviyyəsindən çox yüksəkliklərdə durduğuna əmin olmuş, tarixin ibrət dərslərinin tənqidi təhlili və düşünülmüş dərki istiqamətində bəşəri ideallara xidmət etmək nümunəsi göstərmişdi.
Çarizmin müstəmləkə və totalitar bolşevik rejiminin törətdiyi haqsızlıqlara qarşı öz etirazını:
Gərçi tənqid edənəm çox, lap çox,
Məni haqq ilə duyan yox, heç yox -
düşüncəsi ilə bildirən şair:
Biz saraylara deyil, hər birimiz
Xalqa xidmət diləriz — kimi müqəddəs arzusunu həyata keçirmək üçün — Qorxu yox, izlədiyim haqq yoludur — olduğundan, hadisələrin zaman və məkanını dəyişərək, mübariz müəllif mövqeyini belə bir çağırışda ifadə etmişdi:
Zülmə qarşı dikbaş və məğrur olun,
Hürriyyət uğrunda çox cəsur olun!
Doğrudur, o lirik ruhlu şeirlərində, romantik səhnə əsərlərində yaşadığı saxta ideyalar və yalançı vədlər üzərində qurulmuş cəmiyyətin mahiyyətini birbaşa açmaq, törətdiyi cinayətləri təhlil etmək, dövlətçilik adına atılan xəcalətli addımları göstərməyi öz qarşısına məqsəd qoymamışdı; həm də təbiidir ki, real diktatura şəraitində bunu etmək mümkün deyildi. Ancaq hadisələrin cərəyan etdiyi zaman — məkanı dəyişən müəllif yaşadığı cəmiyyətin üzləşdiyi ictimai-iqtisadi problemlərin həll olunmasında məsuliyyət daşıyan dairələri, hökuməti ustalıqla damğalayırdı.
Cavid Əfəndi ustad bir sənətkar kimi əsərlərində təsvir olunan hadisələrin zaman-məkan dəyişikliyi, yaxın-uzaq keçmişin konkret hadisələri, müxtəlif ölkələrin tarixi şəxsiyyətləri, əfsanəvi qəhrəmanları timsalında, dünənki proseslərdən bu gün ibrət dərsləri almağa çağırmışdı.
Ötən əsrin 30-cu illərində, Sovet imperiyasının dünyaya ağalıq etmək iddiaları ilə yaşayıb öz hegemonluq siyasətini formalaşdırdığı bir dövrdə yazılmış «Səyavuş» faciəsində, üsyankar Altayın şah hakimiyyətinə qarşı çıxışı, «sənayeləşdirmə — kollektivləşdirmə — mədəni inqilabla» öyünən bolşevik rejiminə, onun əsl mahiyyətinə ittiham kimi səslənir:
Ölkə viran oldu, çıraqlar söndü,
Evlər məzara döndü.
«Vergi» deyə hər gün bizi soydunuz,
Yaman günə qoydunuz.
İnsanların var-yoxdan, mülkiyyətdən məhrum olunduğu, onların əqidə-inamlarına görə təqib edildikləri, sürgünlərə göndərildikləri, məhkəməsiz güllələndikləri bir cəmiyyətin «idrakı sönük başçılarının» uğursuz «xalqı oyuncaq sayan» ədalətsiz siyasəti əsərdə cəsarətlə ifşa olunmuşdu. Şairin misralarındakı etiraz və qəzəb hissi, təkcə keçmiş hakimiyyətlərin kobud mənəmlik iddialarına qarşı deyil, ümumiyyətlə, insanı əsarətdə saxlayan bütün quruluşlara, o cümlədən də totalitar diktatura rejimi kimi səciyyələnən sovet gerçəkliyinə qarşı çevrilmişdi. Ölkədə yaranmış belə fəlakətli vəziyyətin siyasi-ictimai və sosial-iqtisadi səbəblərini araşdırmağa çalışan müəllif, bütövlükdə cəmiyyətin ümumbəşəri dəyərlərdən uzaqlaşaraq, labüd faciələrə doğru getdiyini bildirmişdi.
Ədəbiyyatşünas R.Hüseynov «Vaxtdan uca» kitabında haqlı olaraq yazır: «Cavidin özü məgər Stalinin varlığını görmürdümü?» Görürdü, ancaq ona bir misra da həsr etmədi. Çünki Cavidə görə şerin vəzifəsi tamam başqa idi».
Ümumbəşəri ideya və arzuların tərənnümçüsü olan şair, yaşatdığı dövrün siyasi-ictimai təzadlarını, sosial-iqtisad vəziyyətini, mənəvi-əxlaqi dəyərlərini öz fəlsəfi dünyagörüşü meyarları ilə təhlil, habelə təsvir edərək, zəmanəsinin bir sıra aktual problemlərinə toxunmuşdu. Bu problemlərin sırasında cəmiyyət həyatının maddi və mənəvi cəhətləri, xeyirlə şərin əbədi mübarizəsi, məhəbbət və nifrət, sevgi və dini sədlər, milli adət-ənənələr və müasirlik, azadlıq və əsarət, Şərq — Qərb münasibətləri, qadın azadlığı və xurafat, hakimiyyət və şəxsiyyət, sülh və müharibə, təhsil və elm, ana dili və dövlətçilik maraqları mühüm yer tutur.
Vətənpərvər şairin vaxtilə xəbərdarlıq etdiyi Şərqin əxlaq-davranış qaydalarına zidd meyllərin türk dünyasında düşünülməmiş təqlidçiliklə yayılıb «məmləkəti zəhərləməsi»nin təhlükəli nəticələrinə dair narahatlıq hissləri, bizim günlərimiz üçün də aktual səslənir.
İnsan həyatının maddi və mənəvi cəhətlərinin vəhdətində mənəvi-əxlaqi dəyərlərin daha üstün bir məna kəsb etdiyini vurğulayan müəllif, «Qız məktəbində» şeirində Gülbaharın dili ilə əsl ləyaqətin «inci və altun bilərziklərlə» deyil, «biliklə, təmiz adla zinyətləndiyini» söyləyir.
Humanist bir sənətkar kimi o, müharibə və xalqlar arasında «ədavət uçurumu» yaradan qanlı münaqişələrin bəşəriyyətə necə faciələr gətirdiyini özünün «Hərb Allahı» şeirində, habelə bir sıra səhnə əsərlərində qələmə almışdı. Müharibələrin siyasi-iqtisadi səbəblərini araşdırmağa çalışan müəllif bunun əslində xalqların arzusu ilə deyil, bir qrup siyasətçilərin, «tülkü diplomatların», hakimiyyət hərislərinin, habelə onların xidmət etdikləri müəyyən dairələrin maraqlarına uyğun xarici siyasət xətlərinin ifadəsi olduğunu göstərmişdi.
Lakin şair hər cür müharibələrin deyil, ədalətsiz, işğalçı müharibələrin əleyhinə çıxaraq, insanlara xatırlatmışdı:
Yeri gəldikcə sülh üçün çapala,
Öylə yer var ki, hərbi alqışla
Quzu gördünsə sev, kin bilməz,
Canavar qarşı gəlsə parçala, əz!
Olduqca aktual səslənən bu fikir, çörək tapdalayan erməni separatçılarına, beynəlxalq hüquq normaları ilə hesablaşmaq istəməyən qondarma qurumlara, «yersiz gəldi, yerli qaç» siyasəti yeridən Ermənistana, onun arxasında dayanan «şər qüvvələrə» müdrik bir xatırlatma, həm də qeyrət çağırışı kimi dəyərləndirilməlidir.
Ziyalı şəxsiyyət və təcrübəli bir müəllim kimi Cavid Əfəndinin dinə münasibəti xürafatı, fanatikliyi təbliğ edən din xadimlərinin mövqeyindən, qadın azadlığı məsələsində Şərqin özünəməxsus xüsusiyyətlərini nəzərə almayan «çadırlara, çarşaflara üsyan» bağıran, vulqar-radikal çağırışlardan çox fərqli olmuşdu. Onun fikrincə, yeni şəraitdə heç bir «şaşqınlığa» yol vermədən, bu «fəzilətli imkanlardan» maariflənmək, elmə-mədəniyyətə yiyələnmək istiqamətində faydalanmaq zəruridir. Milli istiqlal və hərtərəfli yüksəliş yolunun məktəblə, təhsil-tərbiyənin səviyyəsi ilə, elmin, mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı olduğunu göstərən şair, elmi «sirli bir kainat» adlandıraraq yazmışdı:
Kainat — elm, o bir dilbər həyat,
Ən müqəddəs bildiyim bir kainat.
Fəzli ürfan əhlinə heyran idim,
Elm üçün başdan keçən idim.
Vaxtilə «İrşad» qəzetində dərc olunmuş bir şeirində «hər millət öz tərəqqisinə hürriyyət axtarır» və «kəsb etdiyi maarifə bir qiymət axtarır» mövqeyindən çıxış edərək, «Vətən çocuqları» üçün məktəblər açmaq, eyni zamanda orada ilk növbədə ana dilinin öyrənilməsinin, bu işə can yandıran müəllimlərin olmasını vacib sayaraq yazmışdı:
Keçdi cəhalət aləmi, qeyrət zamanıdır,
İndi maarif əsri, səadət zamanıdır.
Geniş əraziyə və zəngin yeraltı — yerüstü sərvətlərə malik olan türkdilli xalqların gələcək birgə əməkdaşlığı timsalında formalaşacaq birliyini arzulayan Cavid Əfəndi, «Topal Teymur» dramında qəhrəmanının dili ilə öz uzaqgörən fikirlərini belə ifadə etmişdi: «Hər halda məmləkətimiz aslanlar yurdu, qartallar yuvası olaraq qalmamalı. Bəlkə dünyada ən parlaq maarif və mədəniyyət ocağı, ən zəngin sənaye və ticarət mərkəzi olmalıdır…
Qoy düşmənlərimiz görsünlər ki, türk övladı basıb-kəsməkdən deyil, yaşamaq və yaşatmaqdan da zövq alır. Yalnız yaxıb-yıxmaq deyil, yapmaq və yaratmaq da bilir. Bununla bərabər yapdıqlarımız heç bir şey deyil. Bu, yalnız mədəniyyətə doğru bir addım, gələcək üçün bir başlanğıcdır. Bizim başladıqlarımızı gələcək nəsil ikmal (davam) etməli, təkmilləşdirməlidir. Yalnız beş-on şəhər deyil, bütün məmləkət tərəqqi və gözəlliklər üçün bir nümunə olmalı. Əvət, biz təməl daşı atırız. İştə bu təməl üzərində möhtəşəm binalar qurmaq və bu şüarı çiçəkləndirmək ancaq yeni nəslə, ancaq sarsılmaz gəncliyə aiddir».
Müstəqil dövlətçilik yolu ilə irəlilədiyimiz müasir inteqrasiya, qloballaşma və vahid dünya təsərrüfat sisteminin formalaşdığı bir dövrdə, bütün türk dövlətlərinin, o cümlədən də Azərbaycan Respublikasının iqtisadi-sosial inkişaf, habelə qarşılıqlı əməkdaşlıq əlaqələrinin intensiv surətdə genişlənməsi prosesi davam etməkdədir.
Bu yolda qazanılmış uğurlarla yanaşı, ölkəmizin ərazi bütövlüyünün bərpası, yoxsulluq, işsizlik, inflyasiya, birtərəfli inkişaf meylləri, korrupsiya, inhisarçılıq, rüşvətxorluq, sosial ədalət və insan hüquqlarının pozulması hallarının qətiyyətlə aradan qaldırılması, strateji məqsəd kimi irəli sürülmüş «neft kapitalını insan kapitalına çevirməklə», əhalinin maddi-mədəni həyat səviyyəsini durmadan yaxşılaşdırmaq xətti, Cavid arzuları və qayğıları ilə həmahəng səsləşir.
Yaşadığımız mürəkkəb və ziddiyyətli keçid dövrü milli mənafe, dövlətçilik, sivil dünya dəyərlərinə qoşulmaq istiqamətində Vətənimizin gələcəyi naminə hamımızı birliyə, qarşıda duran problemlərin həllinə daha səmərəli yollar tapmağa mübariz ruhla qoşularaq, Hüseyn Cavid ümidlərini, inamını doğrultmağa çağırır:
Əvət, ancaq mübarizə mənlik verir hər millətə,
Nəşə səpən yalnız odur hər şəxsə, hər cəmiyyətə.
Müəllif: Qüdrət Əbdülsəlimzadə (professor)