Güldürən, düşündürən qaravəllilər

Güldürən, düşündürən qaravəllilər

«Qaravəlli Azərbaycan folklorunun tarixən aktual janrlarından olub. Qaravəlli mətnləri epik növə daxil olan nağıl, lətifə, əfsanə, rəvayət və s. kimi janrlardan ciddi şəkildə fərqlənir: epik və dramatik növün fövqündə dayanan, mətn-təhkiyə tərəfilə epik folklora, mərasimi tərəfilə dramatik folkora aid olan janrdır». Folklorşünas Tahir Orucov bu fikirdədir.
Azərbaycan folkloru olduqca zəngindir. Son illər folklorşünaslığımızda bir çox problemlərlə bağlı maraqlı araşdırmalar yaranıb. Tahir Orucov ilk dəfə olaraq 200-ə qədər qaravəlli mətnini geniş araşdırmaya cəlb edib. Bu araşdırmada qaravəllilərin digər epik janrlar içərisində yeri müəyyənləşdirilib, qaravəlli janrının təsnifatı aparılıb. T.Orucov deyir: «Qaravəlli janrı Azərbaycan folklorunun epik növünə daxil olan janr kimi uzun onilliklər ərzində diqqətdən kənarda qalıb.

Folklorun epik və dramatik növlərini əhatə edən bu janrın poetikasını dəyərləndirmək çətin iş olub. Bu janrın toplanması və tədqiqinə dair mövcud işlər isə qaravəllilərin zənginliyinə uyğun olmayıb. Şifahi xalq ədəbiyyatı Azərbaycan ədəbi düşüncəsinin və Azərbaycan xalqının misilsiz söz inciləri xəzinəsidir.
Onun öyrənilməsi həmişə Azərbaycan alimlərinin diqqət mərkəzində olub. Bu proses xeyli əvvəllər başlasa da, XX yüzildə kəmiyyət, keyfiyyət baxımından ciddi inkişaf yolu keçib.
Şifahi xalq ədəbiyyatının əksər janrları indiyə kimi kifayət qədər öyrənilib tədqiq olunsa da, hələ araşdırılmamış janrlar və problemlər də az deyil. Belə az öyrənilən və tədqiq edilməyən janrlarından biri də qaravəlli janrıdır».
qaravəllilər
Araşdırmaçının fikrincə, qaravəllilər epik növün əsas janrlarından olan nağıllarla lətifələr arasında dayanan bir janr olduğundan onda nağıla və lətifəyə oxşar, həm də onlardan fərqli xüsusiyyətləri var: «İndiyə qədər qaravəlli haqqında söylənilənlər məlumat xarakterli olub. Digər tərəfdən, qaravəllilərin toplanması və nəşri, süjet və kompozisiyası, onların məzmunlarına görə təsnifatı heç bir tədqiqatçı tərəfindən araşdırılmayıb. Qaravəllilər haqda məlumatların azlığı səbəbindən indiyə kimi bir çox nağıl və lətifə kitablarında yanlış olaraq qaravəllilər «nağıl» və ya «lətifə» adı altında çap edilib».

Araşdırmaçı qaravəllinin bir janr kimi öyrənilməsinin gərəkliyini şərtləndirən səbəbləri aşağıdakı kimi təsnif edir: qaravəlli janrı indiyə qədər müstəqil, sistemli elmi araşdırma mövzusu olmayıb; qaravəllilərin ayrıca, müstəqil janr olmasına baxmayaraq indiyə qədər onların mövzularına görə təsnifatı verilməyib. Qaravəlli janrı Azərbaycan folklorunda ayrıca, müstəqil bir janr olsa da, dünya xalqlarının folklorunda «satirik nağıl», «nağıl-novella», «novellavari nağıl», «lətifə», «anekdot» və s. adlar altında ümumiləşdirilib: «Bu nümunələr sayca çox olmasa da, mövzu, məzmun və ideya cəhətdən bir-birini tamamlayır. Qaravəllilər hansı adla təqdimindən asılı olmayaraq əslində hər bir xalqın etnik-milli yaddaşı, tarixi və yüzillər ərzində formalaşan mənəvi dünyasının əks-sədası olub, xalqın öz dilini, adət-ənənələrini, eləcə də milli xüsusiyyətlərini özündə əks etdirir».

Görkəmli Danimarka yazıçısı Hans Xristian Andersenin (1805-1875) dünya şöhrətli əsərləri arasında da süjet və məzmununa görə Azərbaycan qaravəllilərilə uyğunluq təşkil edən nümunələr var. Bu uyğunluğu göstərmək üçün H.Andersenin «Kralın təzə libası» qaravəllisinin qısa məzmununu nəzərdən keçirək: «Çox illər bundan qabaq bir kral yaşayırmış. O, əksər pulunu geyinib-keçinməyə xərclərdi. Bir gün bu kralın ölkəsinə iki yalançı gəlir və özlərini toxucu kimi qələmə verib deyirlər ki, onlar qeyri-adi xüsusiyyəti olan parça toxuya bilirlər. Bu, elə bir parçadır ki, bacarmadığı işdə işləyən, ağılsız və küt adamların gözünə görünmür.
Kral əmr edir, parçadan onun üçün toxusunlar. Günlər keçdi. Kral parçanı görməyə vəzirini göndərməyi qərara aldı, düşündü ki, parçanı o görə bilər, çünki namuslu və vicdanlı bir adamdır. Vəzir yalançı toxucuların yanına gəlib dəzgaha baxdı, heyrətləndi, çünki parçanı görmürdü. Deməli o, yerinə layiq olmayan, ağılsız, axmaq və küt bir adamdır. Bu əsnada yalançılar ona yaxınlaşıb parçadan xoşu gəlib-gəlmədiyini soruşdular. Vəzir dedi ki, parça çox gözəldir…
Nəhayət, kral qəribə parçanı görmək həvəsinə düşdü. Təbii ki, heç nə görmədi və öz-özünə fikirləşdi ki, yəqin mən axmaq və kütəm, öz yerimə yaramıram. Ona görə dedi: «Bəli, parça çox gözəldir, bəyənirəm». Kral ona parçadan libas tikilməsini əmr etdi. Yalançı toxucular az vaxtda guya paltarı tikib hazırladılar və kralı soyundurub olmayan paltarı ona «geyindirdilər». Çılpaq kral bu vəziyyətdə şəhərə gəzməyə çıxdı. Saray əyanları, şəhər adamları isə onları axmaq, küt hesab etməsinlər deyə, durmadan paltarı tərifləyirdilər. Bu zaman kralı görən balaca bir oğlan çığırdı:
— Kral ki, çılpaqdır. Kralı vahimə götürdü, ancaq gec idi».

Xalq yaradıcılığı məhsulu olan qaravəllilərin dili ümumxalq dili olub, xəlqiliyilə seçilir: «Folklorun digər epik janrlarında, xüsusilə satirik nağıllarda və lətifələrdə olduğu kimi, qaravəllilərin də əsasını canlı xalq dili təşkil edir.
Qaravəllilərdə həddən artıq uzunçuluq, sözçülük, artıq ifadələr və kəlmələr yoxdur. Poetiklik, bədiilik, canlılıq, səlislik, aydınlıq və oynaqlıq qaravəlli dilinin əsas xüsusiyyətidir. Xalq dilinin bütün incəlikləri və gözəllikləri qaravəllilərdə əksini tapıb:
«Keçmişdə fağır bir kişi var idi. Bu kişi arvadını çox istəyirdi. Arvadı da evdən bayıra çıxmazdı. Əri ona «qapı-bacaya çıx» deyəndə o cavab verərdi: — A kişi, quşların, heyvanların içərisində erkəkləri də var. Onlar naməhrəmdi, onun üçün qapı-bacaya çıxmıram. Mənim üzümü görərlər, günaha bataram, o dünyada cəhənnəmlik olaram». Hər bir qaravəllidə onun yarandığı dövrün ab-havası, o zamanın nəfəsi duyulur. Qaravəllilərin əksəriyyəti orta yüzillərdə yarandığı üçün onların dilində də daha çox həmin dövrə uyğun olan sözlər — «padşah», «şah», «vəzir», «vəkil», «qazı», «tacirbaşı», «əkinçi», «cütcü», «molla», «axund», «dərviş», «şeyx» və s. işlədilir».

Qaravəlli tamaşaları Azərbaycan xalq meydan teatrı formalarından biri olub: «Qaravəlli tamaşalarında zəngin xalq tamaşalarının, xalq dramlarının və xalq oyunlarının ənənələrindən geniş istifadə edilirdi. Azərbaycan xalq tamaşalarında yuxarı təbəqənin nümayəndələri ilə aşağı təbəqənin nümayəndələri, eləcə də azad, mütərəqqi düşüncə sahibləri ilə, mürtəce və mühafizəkar fikir sahibləri arasında daim ölüm-dirim mübarizəsi gedib, onlar həmişə bir-birlərilə əsaslı şəkildə qarşıdurmada olublar. Belə bir mübarizə şəraitində xalq ümumi inkişafa mane olan mənfilikləri, nöqsanları, naqislikləri — ümumiyyətlə, hər növ ictimai bəlaları aradan qaldırmaq üçün «Məsxərə», «Hoqqa» oyunları, o cümlədən «Məzhəkə» və «Qaravəlli» kimi komediya tamaşaları yaradıb.
Bununla da xalq cəmiyyətin bütün eybəcərliklərinə qarşı mübarizə aparıb, yumor və satira silahı ilə tənqid hədəflərini sərrast nişan alıb, tamaşaçıları bəşəri ideyalar uğrunda mübarizəyə səsləyib.

Bu tamaşalarda gülüş həqiqəti, ədaləti, humanizmi ifadə etmək üçün bir vasitə olub, ağılla hisslərin, arzu və həqiqətin arasında üzvi bir əlaqə yaratmağa yönəldilib. Qaravəlli tamaşaları qədim azərbaycanlıların müxtəlif münasibətlərlə təşkil etdikləri ayrı-ayrı mərasimlərdən və onların müəyyən istəklərindən yaranıb, inkişaf edib. Zaman keçdikcə xalq tamaşaları, xalq dramları və Qaravəlli tamaşaları da tamamilə müstəqilləşib, mövzu rəngarəngliyi və gözəl sənətkarlığı ilə diqqəti cəlb edib. Ə.Haqverdiyev qeyd edir ki, xalq tamaşaları hər zaman xalqın həyatında mühüm rol oynayıb.
Açıq meydançalardan, həvəskar camaatın gözü qabağında heç bir dekorasiyadan istifadə etmədən oyun çıxaran müxtəlif sehrbazlar, kəndirbazlar və yalançı pəhləvanlar kütlənin diqqətini özünə cəlb edib. Məşhur ədib bir zamanlar Azərbaycanda meydan aktyorlarının göstərdiyi «Şəbi oyunu» adlı teatra oxşayan tamaşanı da xatırlayır və bu tamaşanın qısa məzmununu da verir: «Tamaşada iştirak edənlər tənbəl Şəbi və onun atasından ibarət idi. Şəbi işləmək istəmir, atası onu danlayır, dilə tutur ki, tənbəllikdən əl çəkib işə qurşansın. Şəbi isə evdə oturmaq üçün min cürə bəhanə gətirir. Onun hər bir bəhanəsi şiddətli gülüş doğurur».

Qaravəlli tamaşaları tamaşaçıları güldürüb, eyni zamanda düşündürüb. Bu cəhətlərinə görə qaravəlli tamaşaları həmişə tamaşaçılar tərəfindən sevilib və qiymətləndirilib.
Qaravəlli yaradıcıları onları yaradarkən bir neçə məqsəd güdüblər: birincisi, o dövrün gopçu, yalançı adamlarına, xüsusilə, şişirtmə, reallıqdan kənar ov macəraları uyduran ovçularına gülmək; ikincisi, bəzən bir şeyə nail olmaq istəyəndə bu tip yalanlar danışmaqla kimin daha çox fantaziyaya malik olduğunu nümayiş etdirməklə həmin əşyaya sahib olmaq; üçüncüsü, reallıqdan kənar olan, gülüş, məzəlik doğuran epitet və təşbehlərlə, dinləyicilərdə təbəssüm, xoş ovqat yaratmaq.
Bu növ qaravəllilərdə «Çaxmağı yox tüfənglə quş vurulur», «Tiyəsi yox bıçaqla ov soyulur», «Ördəyin əti altı yox qazanda bişirilir», «Qarışqa şıllaq atıb, dəvənin buynuzunu sındırır», «Aftafadan su zəmiyə töküləndə o, gurhagurla yanmağa başlayır», «Qarpızın üstündə körpü salınır və onun içərisində üç gün-üç gecə yol gedilir», «Baldırı qırıq hörümçəyin belinə xurcunla minib, Araz çayı keçilir», «Dəvənin qarnı yarılıb oradan fil çıxarılır» və s.
Bu ifadələr qaravəlli oxucularında və dinləyicilərində təbəssüm, xoş əhvali-ruhiyyə yaradır, günlərlə davam edən nağıl, dastan məclislərində tamaşaçıların bir növ yorğunluğunu çıxarır, onlara sanki yeni nəfəs, yeni ruh bəxş edir. Bu tip nümunələr, dünyanın əksər xalqlarında geniş yayılıb və populyarlıq qazanıb. Bu növ qaravəllilərin belə populyarlıq qazanması yazılı ədəbiyyata da təsir edib.

Azərbaycan ədəbiyyatında Ə.Haqverdiyevin, S.S.Axundovun və başqalarının bir sıra əsərlərində bu tip qaravəllilərin təsiri hiss olunur. Dünya ədəbiyyatında isə E.Rapsenin «Baron Minhauzenin sərgüzəştləri» əsərində Baron Minhauzenin başına gələn sərgüzəştlərin əksəriyyətində belə qaravəllilərin əlamətlərini açıqca hiss etmək mümkündür. Gopçu Baronun «Top gülləsinə minib aya uçması», «Qışda kilsə qülləsinə bağladığı atının qar əridikdə qüllədən asılıb qalması», «Maralın başında albalı ağacını bitirməsi», «Bir neçə ördəyi eyni vaxtda sünbəyə keçirməsi və o andaca onların göydə kabab olaraq yerə düşməsi» və s. qaravəllilərin yalan-palan növündəki söylənən şişirtmə, uydurma, yalan və goplarla çox uzlaşır».

Mənbə: «Xalq cəbhəsi» qəzeti
Top