Dahilərlə döyüş | Aslan Quliyev

Dahilərlə döyüş | Aslan Quliyev

Qapı ağzında bir anlığa ayaq saxladı, ağır taxta qapıları aliminium qapılarla əvəz eləmişdilər, süni, sintetik qoxular, işıltılı, adamı sıxan rənglər də yeniydi. Pilləkənə ayaq basmaq istəyəndə arxadan amiranə səs eşidildi.
— Hara?

Geri döndü, arxada bir polis dayanmışdı, baxışlarında, görkəmində yeri, göyü yaratmaq iddiası vardı, sanki onu oğurluq üstə yaxalamışdı.
  — «Şəfəq» jurnalına, — doğrudan da oğurluq üstə yaxalanan adam kimi pərt halda dedi və əməlinə  haqq qazandırmağa cəhd elədi. – Hekayə gətirmişəm.
  — Bəs onda biz burda nə üçün durmuşuq? – polisin səsində kinayə duyulurdu. – Ordan sənin üçün zəng eləməlidilər.

— Məni orda tanımılar axı, —  özünü itirmişdi, nəyə görə də «Şəfəq» jurnalından kimsə ondan ötrü zəng eləməliydi? Bəlkə heç onlara hekayə-filan lazım deyildi, balıq udubmuş kimi dümdüz dayanan bu polisi də qapı ağzında ona görə saxlayırdılar ki, təsadüfi yazıçılardan, xüsusi ilə də hekayələrdən qorunsunlar.
    — Bizim jurnala gəlib, — yanından keçən qız astadan, etinasız halda dedisə də, o diksindi. Qız polisin nə deyəcəyini gözləmədən başı ilə ona işarə elədi.- Gedək.
    Boz, ifadəsiz gözlərində dəmir soyuqluğu olan qız mini palto, qıçlarına yapışmış şalvar geymiş, uzun şərf bağlamışdı. Pillələri elə sərt dönürdu ki, uzun şərfın saçaqları üzünə dəyir, bir anlığa tünd yasəmən qoxusu vururdu onu. Üçüncü qatda qız ondan ayrıldı.
    — Beşinci mərtəbəyə qalx, -dedi, — soldan birinci qapı. Apar ver hekayəni «Şəfəq» jurnalına, — qızın səsində gizli istehza var idi və ona gözlənilmədən yaxşılıq eləmiş qızın  istehzasının səbəbini başa düşə bilmirdi.
     Beşinci mərtəbəyə qalxıb, deyilən otağı tapdı. İçəridə bir xeyli stol vardı, stolların arxasında etinasız, ancaq işküzar görkəmli adamlar elə səylə yazırdılar ki, sanki tələbələr imtahan verirdilər. Kimə yanaşmalı olduğunu bilmirdi. Stolların arasıyla bir qədər gedib dayandı.
  — Mən hekayə gətirmişəm, — səsi soyuq, quru, bir növ davakar çıxdı.
  — Mən elə bildim dalaşmağa gəlibsən, — qarşısındakı cavan oğlan başını yuxarı qaldırıb, heyrətlə səsləndi. – Belə işlərə humanitar şöbə baxır.

Bu da yeniliyin ilk cücərtisi idi, nəsr, şeir, tənqid şöbəsi eşitmişdi, ancaq humanitar şöbə yox. Orta yaşlı, geniş alınlı, başının qabaq tərəfi dazlaşmış gombul kişi artıq onu gözləyirdi. Qarşısındakı yeganə stulu ona göstərdi: — Otur, ver görək nə olan şeydi sənin hekayən?
    Bunu gözləmirdi, əvvəllər poçtla göndərsə də, özük gətirib təqdim eləsə də, dörd-beş aydan tez cavab ala bilmirdi. Yazda beş səhifəlik hekayəni jurnala verir və kresloya yayxanmış çox hörmətli zat ona deyirdi ki, get, payızda gələrsən. Payızda gəlirdi və məlum olurdu ki, bədii cəhətdən zəif olduğu üçün, ya da jurnalın tələblərini ödəmədiyi üçün hekayə çap olunmayacaq. Bu bircə cümləni demək üçün jurnala nəyə görə beş-altı ay lazım olduğunu heç cür anlaya bilmirdi. Bədii  cəhət, jurnalın tələbləri isə onun üçün əbədi sirr, əbədi problem idi. Nə qədər çalışsa da da bu sirri dərk eləyə, bu əngəli aşa bilmirdi. İndi isə hekayəni yanındaca oxuyurdular, yəni fərq ortalıqdaydı, bu ürək açan yenilikdi! Qəlbində artıq ümid duyğuları baş qaldırırdı.
     Özünə gəlməmiş irad yağışına düşdü. Cek Londonun, Mark Tvenin təsiri aydın duyulur, bir az da Paustovskiden var. Bu xalis Turgenev üslubudu, Çexov da özünü hiss elətdirir. Hm, Andersen xəyalpərvərliyi. Başa düşmürəm, hər şey qaydasınca olduğu halda Lermantovu bura gətirmək nəyinə lazımmış? Sən niyə adamı rahat yatmağa qoymursan, sürüyüb gətirirsən bura, o isə ölüb, yaşamır, sənə heç bir köməyi dəyə bilməz və dəymir də! Bu da Zərdüşt nəğmələri! Bircə Flober çatmırdı! Bu da Kuper üslubu! Bu meşə sənin deyil, Markovundu! Dinə bilmir, müdiri hirsləndirəcəyindən ehtiyat eləyirdi. Markovun meşəsi yoxdu burda, öz meşəmizdi, Markovun meşəsi Sibirdədi, başdan-başa şam, küknar, sidr ağaclarıdı, həm də soyuq, rütubətli olur, Tayqa meşəsidi, hərarəti, istisi nə gəzir, sənsə gətirib mənə sırıyarsan. Baxır, gözlərini döyürdü, tayqa meşəsini necə gətirib müdirə sırıdığını özü də başa düşə bilmirdi. Nə danışırdı bu, o boyda meşəni yerindən tərpətmək olardı?
    Həyatımda bu qədər tənqid eşitməmişdi, müdir sanki danışmır, avtomatdan atəş açırdı, o da qıvrılır, qabırğalarını dələn qurğuşunlardan bir təhər yaxa qurtarmaq istəyirdi, atəş isə ara vermirdi. Cəmisi on beş səhifəlik hekayədə otuza yaxın dahi yazıçının təsiri var idi, onları təqlid eləmişdi, bəzilərini isə az qala köçürmüşdü. Müdir atəş açmağındaydı, Şevçenkonun zavallı Ukraynası ilə sənin zavallı Azərbaycanın arasında nə fərq var? Azərbaycan qızları? Bu olsa-olsa Astafyevin rus qızlarının eybəcər təkrarıdı. Bu da xalis Don Kixotluqdu!
  — Orda məndən bir şey yoxdumu? – özünü saxlaya bilmədi.
  — Sən kimsən? – müdir duruxdu.
  — Mən? – belə amansız bombardmandan sonra qətiyyətindən əsər-əlamət qalmamışdı, səsi cəsarətsiz çıxırdı. – Hekayənin müəllifi.

— Cənab müəllif! Səni heç kim, nə bizlər, nə də oxucular  tanımırlar. Heç kim səni tanımır, sən heç kimsən! İnanmırsan, çıx çölə, dayan küçənin ortasında, yoldan keçənləri saxla, soruş, mən kiməm? Görək bir adam səni tanıyacaqmı? Azər Dəmirli «Köçəri quşların nəğmə»sini yazır və onu çap eləyirlər. Bilmək istəsən, oxuyurlar da. Sənsə «Köçəri quşların nəğməsi» ilə heç nəyə nail ola bilməzsən. Şəxsən mən o köçəri quşları yolub lələklərini küləyə verərəm, nəğmələrini də ən yaxşı halda zibil yeşiyinə ataram. Aydındımı? Azər Dəmirli olmasın, sonra bəziləri elə fikirləşər ki, mən kiminsə bostanına daş atıram. Sən deyək ki, Aytmatovun «Cəmilə»si ilə də heç qapını aça bilməzsən. Çünki sən heç kimsən, aydındımı? Dediklərimi nəzərə al, təqliddən yaxanı qurtar, rəhmətlikləri yazıdan çıxart, gətir, bəlkə bir şey fikirləşdik.
    Hekayəni götürüb ağır-ağır ayağa qalxdı, rəhmətlikləri yazıdan necə çıxaracaqdı? Otuzdan artıq dahidən yaxa qurtarmalıydı, çox yox otuz söz çıxartsaydı, otuz cümlədə dəyişiklik eləsəydi, hekayədən heç nə qalmayacaqdı, adından başqa. Bundansa yenisini yazsaydı daha yaxşıydı. Otaqdan çıxanda polis yadına düşdü.
  — Telefon nömrənizi verərsinizmi? – soruşdu.
    Müdir qaşqabağını tökdü: — Yoxsa hekayəni telefonla diktə eləyəcəksən? — Yox… aşağıda polis buraxmır
    — Mənim əzizim, hörmətli yazıçı! Bizim cəfəngiyyatla məşğul olmağa vaxtımız yoxdu!   Nə polis, nə telefon? Sən birbaşa gəl, boylanmadan, heç kimdən soruşmadan!

Küçəyə çıxan kimi də titrəməyə başladı, hava soyumuşdu. Əsə-əsə avtobus dayanacağına gedirdi. Köhnəlib süzülmüş paltarları əynində hiss eləmirdi, sanki lüt, çılpaq idi, soyuq külək lüt bədənində sümüklərini bir-bir axtarırdı. Dayanacaqda xeyli gözləyəsi oldu, ancaq min manatlıq avtobuslar gəlirdi, onunsa cəmisi beş yüz manatı var idi. Beş yüz manatlıq avtobus da gəldi, gözləyən çox olduğundan çətinliklə mindi.
    Donmuşdu, əlləri açarı tutmurdu, qapını birtəhər açıb içəri keçdi. Otaq istiydi, elektrik sobasının üstündə qəhvədan qaynayırdı, yəqin Cəmil onun tez qayıdacağını bilirmiş. Plaşını çıxarıb çay dəmlədi, əllərini, ağzını yandıra-yandıra isti çaydan içdikcə bədəninin keyi açılır, qızınırdı, ancaq elə bil qanı donmuşdu, nə qədər çay içirdisə də, damarlarıyla soyuq qan axırdı, üz-gözünü qarsayan soyuq küləyin xofu canından çıxmırdı.
   Cəmil onu silkələyib yuxudan oyadırdı. Hə, nə oldu, belə bir incini jurnala gətirdiyin üçün sənə təşəkkür elədilərmi, ya buna qanacaqları çatmadı? Yuxudan ayıla bilmir, doyunca yatmaq istəyirdi. Zirzəmidən gələn rütubət, acı mazut qoxusu, bu qoxular arasında dolaşan ac siçovullar belə isti yatağın həzzini, ləzzətini azaltmırdı. Nəhayət oyandı, qalxıb yerin içində oturdu, danışır və gözləyirdi ki, Cəmil onunla şərik olacaq, müdirin dediklərinin həqiqətə uyğun olmadığını deyəcək, Cəmilsə ona  baxır, başını yırğalayırdı:
  — O haqlıdı, sən doğrudan da heç kimsən.
  — Necə yəni?- incik halda səsləndi.
  — Belədir. Gec-tez bu həqiqətı dək eləməlisən. Azərbaycan ədəbiyyatı üçün sən heç kimsən. Həqiqət budu, cənab yazıçı!
    İncidi. Cəmil sancmaq fürsətini əldən vermirdi, həm də elə sancırdı ki, adamın tüstüsü çıxırdı. Azərbaycan ədəbiyatı üçün mühüm sima olmadığını özü də bilirdi, bunu ona xatırlatmaq, həm də belə kobud tərzdə, ona möhkəm toxunurdu.

Hekayəni götürüb üzərində işləməyə başladı. Müdir xoşu gəlməyən  sözlərin, cümlələrin altından xətt çəkmişdi. Cümlələri dəyişir, bəzilərini çıxarırdı. Cəmil də ədəbiyat fakultəsini bitirmiş, dörd il onunla bir yerdə oxumuşdu, o dövrlərdə ən savadlı, istedadlı tələbə hesab olunurdu, aspiranturaya da qəbul olundu, ancaq birdən-birə hamısını atdı. Arada onun da fikrini soruşurdu.
    — Tolstoyu necə çıxardım burdan?
    — Cümlələri qısalt, — Cəmil cavab vermək üçün düşünmürdü.
    — Bəs Lermantovu?
    — Qafqazı cənubla əvəzlə.
    — Necə yəni? – heyrətlə səsləndi. – Sən məyər…
    — Başa düşə bilmirəm, bu adamciyəzlər niyə bacarmadiqları işə girişirlər? Ay kötük, sən o başla niyə yazıçı olmaq eşqinə düşürdün? Bir halda sənə Lermantovu sırıyıbsa, söhbət başqa nədən gedə bilər?
      Son vaxtlar kəmhövsələ, əsəbi olmuş, tündməcazlığı ilə hamını özündən  uzaqlaşdıran Cəmil onu heyrətlər içində buraxırdı. Belə istedadı ola-ola niyə ədəbiyatdan üz döndərdi?
    — Azərbaycan qızlarını necə dəyişim?
    — El qızları yaz.
    — Bəs zavallı Azərbaycanı?
    — Bədbəxt Azərbaycan. Həqiqətə də uyğun olsun.
    — Fərqi nəymiş?
    — Mən o müdiri tanıyıram, — çay dəmləyir, işindən qalmadan ona cavab verirdi. – Beyni kompüterdi, bilikləri olduğu kimi, yaradıcılıq süzgəcindən keçirmədən qruplaşdırıb verir yaddaşına. Cüzi kənara çıxdınmı, antennası tutmayacaq.
    Yeməyə quru çörəkdən və pendirdən başqa heç nə yox idi, pendir də dadsız, tamsız bir şeydi, elə bil kağız çeynəyirdi. Cəmil şamını yeyən kimi də yatdı, o isə yazırdı. Əlyazmasını qurtarmalı, sonra da makinada yazmalıydı. İşıq Cəmilə mane olsa da, səsini çıxartmırdı, yalnız arabir böyrü üstə aşıb yuxulu səslə soruşurdu.
  — İndi kimi çıxarırsan, Balzakı?
  — Yox, — dedi, — Paustovskini.
  — Onda kəsifi tündlə, qoxunu iylə əvəzlə. Bürkünü qızmarla əvəz edə bilərsən.
    Hər dəfə də Cəmilin məsləhəti kara gəlirdi və ən qəribəsi buydu ki, onun hansı söz, cümlə üzərində işlədiyini dəqiqliklə müəyyən edirdi.
    Səhər hekayəni jurnala aparmaq istəyəndə Cəmil ona min manat avtobus pulu verdi, pulu qızararaq aldı. Cəmil işsizdi, neçə vaxtı iş axtarır, ancaq xoşu gələn iş tapa bilmirdi. Hər gün gedir, axşama əliboş qayıdıb gəlirdi. Xoşu gələn işlərə onu yaxın qoymurdular, olan işləri də o xoşlamırdı.
  — Ora getmə, — dedi.
  — Niyə? – ayaq saxladı.
  — Başqa jurnal yoxdu? O səni çap eləməyəcək. Olsun ki, bu dəfə də Qorkini, Aytmatovu sırıyacaq. Plagiatlıqda günahlandırıb məhkəməyə də verə bilər. İndi belə şeylərdən ötrü adamın başını sığallamırlar. Kürəyinə elə cərimə şaplarlar ki, ölənə kimi altından çıxa bilməzsən.
    Cəmilə qulaq asmadı, yenə də «Şəfəq» jurnalına getdi. Bu dəfə polisə əhəmiyyət vermədən pillələri qalxırdı və arxadan çağırıb eləyən olmadı. Müdir yerindəydi, onu aşkar maraqla qarşıladı. Hekayəni alıb sürətlə vərəqlədi və oxumağa başladı. Yenə də irad seli axırdı. Burda Qorkini aydınca görürəm, elə görürəm, sanki qəbirdən qalxıb mənimlə üzbəüz oturub. Bir az özümü zora salsam, rəhmətliklə danışa da bilərəm. Onunsa maraqdan ağzı açıla qalmışdı, adamda qabiliyyətə bax, özünü azacıq zora salsaymış, neçə illər bundan əvvəl ölmüş Qorkiylə danışa da bilərmiş! Desinmi buna, desin ki, sal özünü zora, danış Qorkiylə, görək o dünyada nə var, nə yox? Bu qədər söz-söhbət dolaşır, hərə bir nağıl danışır, sən də heç bilmirsən kimə inanasan. Burda isə Qorkinin özcə dilindən eşidəcəkdin həqiqətləri, bəşəriyyətin min illərlə üzərində baş sındırdığı sirlər ilk olaraq sənə agah olacaqdı. Yox belə fürsəti əldən buraxmaq olmazdı.
— Salın da özünüzü zora, — qızararaq dedi.
— Nəyə salım? – müdir səsini xırp kəsib dedi.
— Zora…
— Nədən ötrü özümü zora salmalıymışam?
— Özünüz dediniz axı. Qorkiylə danışardız, o dünyada nələr olduğun bilərdik.
— Havalısan? – müdir qaşlarını çatdı. – Mən nədən danışıram, bu nədən dəm vurur!

Müdir başını yırğalayıb yenidən iradlarını yağdırmağa başladı, ancaq indi ehtiyatlı danışırdı, rəhmətliklərdən kimisə aydın gördüyü haqda heç nə demirdi. Yəqin görə bilmirdi, yoxsa deyərdi. Anlamıram, Qorki sərtliyi, kobudluğu yerində olsa da, Qorki qətiyyəti niyə yoxdu? Saçını sığallamaq nə olan şeydi? İndi harda saç sığallayırlar? Niyə burda qızı qamarlamır?
  — Nəyə görə də qamarlamalıdı? – gözlərini döyürdü.
  — Qızı nəyə görə qamarlayırlar? Aydan düşübsən? Unutma ki, sənin oxucun Emanueli oxuyur, barlara, kazinolara gedir, saatlarla internerde vurnuxur. Bilirsənmi orda nələr var? Bilmirsən, yoxsa belə sual verməzdin. Bu deyim sırf Kərəm Qarasaçındı. Azərbaycan ədəbiyatı üçün bir Qarasaç kifayətdi, ikincisinə ehtiyac yoxdu. Çox hörmətli cənab olsa da, yapış qolundan at bayıra. Bu da Aytmatov sentimentalizmi, hind  üslubudu. Yox, bu açıq-aşkar plagiatlıqdı. Nə deyirsən, bəlkə səni məhkəməyə verək? Orda möhtərəm zatlar işləyirlər, düzəlib cəmiyyətdə yerini tutmaq üçün bir qədər zəhmət sərf edərlər.
     Cəmil falçıydı, nəydi, necə demişdisə, elə də olurdu.
  — Yox, gəl səni möhtərəm zatların əlinə verməkdən vaz keçək. Bu da xəstə təxəyyülün məhsulu, Dostayevskiyə də oxşayır. Bu da Heminqueyin səsi! And içirəm ki, mən bu səsi aydınca eşidirəm!
  — Mənsə heç nə eşitmirəm, — cürətsiz halda dilləndi.
  — Qulağın, yəni ədəbi qulağın eşitmir, ona görədi. Burda «Yüz il tənhalıqda»nın qoxusu aydın duyulur. Olmaya bu qoxunu da hiss etmirsən?
  — Etmirəm, — təsdiq elədi, — yəqin hiss etmə qabiliyyətim korlanıb.
  — Əlbəttə korlanıb. Bu yazını bir də işlə, səsləri, qoxuları, hər cür sağ və ölü yazarları ordan çıxart gətir, bəlkə də nəsə alındı      
    Bu gün bir az inamlı qayıdırdı, dünənkinə nisbətən işi az olacaqdı. Vur-tut doqquz-on yazıçını çıxarmalı olacaqdı. Bircə  səslərlə, qoxularla necə olacaqdı, bilmirdi. Adam super antenna idi, bir əsr bundan əvvəl ölənlərin səsini eşidir, yazılarının qoxusunu duyurdu. O isə nə qədər çalışsa da, heç nə eşitmir, heç nə duymurdu.
   Otağa girəndə mətbəxdən gələn ət qoxusu onu çaşdırdı, stolun üstündəki səbəti meyvəylə dolu görəndə özünü tamam itirdi. İrəli yeridi, səbətdən bir limon götürüb qoxuladı, başı hərləndi, limondan doğma, tanış bahar qoxusu gəlirdi. Gözləri önündə bahar çölü canlanırdı, uzanıb gedən intəhasız çöllər mapmavi üfüqlərə qovuşurdu. O bahar çölündə ayaqyalın, başı açıq bir kənd uşağı qaçırdı, qaçırdı mavi üfüqlərə doğru. Cəmil soruşurdu, bu dəfə nə oldu, adam kimləri tapdı hekayəciyəzində?
  — Sən deyən kimi oldu, — yorğun halda səsləndi. – Hardan bilirdin?
  — Qalan onlar idi. Başqa kimi sırıyacaqdı?
  — Bəs bunlar hardandı?
  — İş tapmışam. Bir cənabın qızına ədəbiyat üzrə kurslar keçəcəyəm, ayı beş  yüz dollara. İki yüzünü  bəri başdan verib. Müəllim axtarırmış, kimsə məni ona başlı birisi kimi məsləhət görüb.
   Bu gecə ət soyutması yedilər, şokaladla limonlu çay içdilər, meyvə yedilər, alma, əzgil qoxuları onu kövrəldirdi. Nə zirzəmidən gələn qoxuları hiss edirdi, nə də bu qoxular arasında dolaşan siçovulların səsini eşidirdi. Cəmilin kefi kökəlmişdi, ona həvəslə kömək edirdi.
  — Harda ilişibsən?
  — Qarasaçda. Onunla necə olsun? O biriləri çıxartmışam, ancaq Qarasaçda dolaşmışam.
  — Ay səni! – Cəmil ürəkdən qəhqəhə ilə güldü. – Səndə belə bir deyim varmı. «Aya baxdı, ay bir cürdü və onun nədənsə aydan xoşu gəlmədi».
  — Var elə bir şey. «Saralmış otlara baxırdı, sarı rənglər qəlbini sıxırdı və saralmış otlardan heç xoşu gəlmədi».
  — Daha nə istəyirsən? Qoy saralmış otlara baxıb eləməsin və bununla da Qarasaça əlvida!
    Səhər getmək istəyəndə Cəmil qovluğu onun əlindən aldı. Özüm gedəcəyəm dedi, sən heç nəyə nail ola bilməyəcəksən. Nədi, o jurnaldan başqasını tanımırsan? Allaha şükür, indi jurnal sarıdan korluğumuz yoxdu. Mən onların dilini bilirəm.
    Cəmil getdi, bir də günortaya yaxın qayıdıb gəldi. Onların dilini dediyi qədər də yaxşı bilmirmiş. Gözünün altı qaralmış, dodağı partlamışdı, kostyumunun düymələri qırılmışdı. Qovluğu hirslə stolun üstünə atdı.
    — Yeddi yerdə oldum, heç birisi ilə də sözüm alınmadı. Belə çıxır sən bu kiçik yazıda əllidən artıq yazıçını, şairi təqlid eləyibsən, onlara oxşamağa çalışıbsan. Ədalət naminə deyim ki, sən mənimlə oxuyan həmən adamsansa, onlardan heç olmaya iyirmisini tanıya bilməzsən. Tanımadığın, bilmədiyin adamları necə təqlid eləyirsən? Ektrasenssən bəlkə? Onların beyninə siqnal göndərirsən, ruhları ilə əlaqə saxlayırsan, onlar da başlayırlar diktə eləməyə, sən də yazırsan?
    — Başqa söz deyən yox  idi? – incik tərzdə dilləndi, Cəmilin də «Şəfəq» jurnalındakı şöbə müdiri kimi danışması ona toxunurdu. Ektrasens humanitar şöbənin müdiri idi, ölülərin səsini eşidir, özünü zora salarsa onlarla danışa bilirdi.

    — Var idi. Orda bu işlərə elə adamlar baxırlar ki, sən onlar kimi yazmasan, onların diliylə, hətta onların ləhcəsiylə, səni çap eləməyəcəklər. Mən bacardığım qədər etiraz edir, səni müdafiəyə çalışırdım. Nəticəsini də görürsən. Əllərimi yanıma salıb durmamışdım, ancaq çox idilər, ən pisi də, döyüşməyi bilirdilər.
    Günortadan sonra hekayəni başqa jurnala aparmağı qərara aldı, başqasının da fikrini öyrənmək istəyirdi. «625-ci» adlı bir qəzet çıxırdı, onun bir yazısını çap eləməkdən imtina eləmişdilər, bir də yoxlamaq istəyirdi.
    — Ehtiyatlı ol, — Cəmil xəbərdarlıq elədi.
  — Döyüşə getmirəm.
    — Elə mən də  ora dinc məqsədlərlə getmişdim. Sən özünə plaş da almalısan.
    — Şəkim getmirdi, — istehza ilə dedi, — nə yaxşı yadıma saldın.
     Cəmil əlini onun cibinə saldı, yəqin pul qoyurdu, istədi etiraz eləsin, onsuz da  Cəmilin boynuna yük olmuşdu. Ancaq verdiyini qaytaranda, elədiyi yaxşılıqlara görə minnətdarlığını bildirəndə Cəmilin necə dözülməz, kinli adam olduğunu, az qala hər sözünə lağ eləyəcəyini, addımbaşı iliklərə işləyən kinayə atəşinə tutacağını bildiyindən susmağa üstünlük verdi. Dayanacaqda çıxarıb pulları saydı, iki yüz min manat idi, plaş, ya da gödəkçə almağa artıqlaması ilə bəs elərdi, ancaq hər nəydisə bu məqsədsiz yaxşılıq onu sıxır, əzirdi.
    Avtobus tez gəldi, adam az idi, keçib  oturdu. Radioda Ebru Yaşar «Sevənlər ölməz»i oxuyurdu. Uzaq bir həsrət, şirin bir yanğı var idi bu mahnıda, sənətçı hər söz üstə yanırdı. Necə yəni ölməz, qüssəylə düşünürdü, ölər, canı da çıxar. O uzaq və yaşıl çölün qoxusunu duyurdu, saçlarını külək üz-gözünə dağıdan kənd qızı gömgöy göyərmiş topraq yolda oturub başını çılpaq dizlərinin üstünə qoymuşdu. Hardaydı o qız? Nə biləsən? O  qayğısız, arzuları, gücü aşıb-daşan kənd uşağı artıq yox idi, ölmüşdü. Qəbri də o uzaq çölün mapmavi üfüqlərə qovuşduğu yerdə idi
   Qapıda polis dayanmamışdı, içəri maneəsiz keçdi və dəhlizdə rastlaşdığı qız ona cavan bir oğlanı göstərib belə işlərə onun baxdığını dedi. Oğlan ona oturmaq üçün yer göstərmədən hekayələrini aldı, əvvəlcə vərəqlədi, ordan-burdan oxudu.
  — Nə olsun? – çiyinlərini çəkdi.
  — Nə olmalıydı? – təəccüblə səsləndi.
  — İncimə, bunları çap olunmaq xətrinə yazıbsan, — ayağa qalxdı, masanın üstündəki kağızları eşib «625-ci» qəzetin çapdan yenicə çıxmış sayını ona verdi. – Mən də yazıram, burda mənim bir hekayəm çap olunub.
   Belə deyən kimi də başını aşağı salıb, yazmağa başladı, yəni söhbət qurtardı. O da yazılarını və jurnalı götürüb otaqdan çıxdı, səbirsizliklə hekayəni oxumağa tələsirdi, oğlan başqa bir söz deməsə də, hər şey aydındı, yəni, buyur bax, hekayəni belə yazarlar. O da öyrənmək, duymaq, bilmək istəyirdi, görsün indi necə yazırlar? Qarşısına çıxan ilk çayxanaya girdi, çay gətirdib hekayəni oxumağa başladı. Oxuyub qurtardıqdan sonra qəzeti büküb zibil qutusuna atdı, cəfəngiyyat idi, on illərlə Azərbyacan ədəbiyyatında eşələnən, alt-üst edilən köhnə mövzunun uğursuz təkrarı idi, zirzibil idi bir sözlə. İstədi qayıdıb həmən cavan oğlanla üzbəüz otursun və öz sualını özünə versin. Hə, nə olsun? Görəsən necə cavab verərdi? Qayıtmadı, sonunun nə olacağını bilirdi, o isə yorulmuşdu, kiminləsə döyüşmək istəmirdi. Çayı soyumuşdu, yenisini gətirtmədi, pulu nəm masanın üzərinə qoyub ayağa qalxdı.
    Qayıdanda içərisi xəz olan gödəkçə aldı, isti, yaraşıqlıydı, ancaq təzə gödəkçədə özünü öz boşqabında hiss eləmirdi. Sanki hamı ona baxırdı, yanından keçənlər də, avtobusdakılar da.
    Cəmil özünü görməməzliyə vurdu, mübarək olsun demədi.
  — Salamatsan? – soruşdu.
— Görürsən də. Gödəkçə almışam.
  — Qızlara da xərcləyə bilərdin. «Nübar» kafesində heç bilirsən  necə… — elə açıq-saçıq  danışırdı ki, onun bədənində qarışqa gəzirdi.
— Yum ağzını!– qışqırdı. – Ədalarınla zəhləmi tökürsən! Bildik, ağıllısan, hamıdan çox bilirsən, dahisən, filosofsan, ancaq forslanma! Qandın, forslanma!
  — Başını əzməyiblər, — Cəmil onun əksinə olaraq sakit danışırdı, — ancaq quyruğunu tapdalayıblar. Hə, gödəkçən də mübarəkdi. Zövqün var imiş, yaxşını alıbsan, — görünür ağ elədiyini başa düşdü, onun könlünü almağa çalışırdı, ancaq gecikmiş üzxahlıq daldan atılan daş təsiri bağışlayrdı.
    Bir stəkan çay içib qızınan kimi də «Şəfəq» jurnalına apardığı hekayənin üzərində işləməyə başladı. Bu jurnal onu çap eləmək istəyirdi, sadəcə olaraq tanıdığı və tanımadığı onlarla dahidən yazını azad eləməliydi. Cəmildən incimişdi, çətinliyə düşsə də, ondan kömək istəmirdi.
    Səhər dəhlizdə geyinəndə Cəmil qapının yanlığına söykənib ona baxırdı. Ayaqqabı da almalısan, dedi, ayaqarın su içindədi, bir qazancın olmayacaq, ayaqlarını itirərsən. Qapını açıb çıxdı, Cəmilin ona ayaqqabı üçün də pul verməsini istəmirdi. Hər ayaqqabılarını çıxarıb içəri keçəndə yaş corablarının tozlu döşəmə üzərində necə iz saldığına baxdıqca xəcalət çəksə də, Cəmildən pul almağı özünə sığışdırmırdı. Birdən yadına düşdü, puldan əlli min manat qalırdı. Pulu var idisə, niyə də ayaqqabı almasın. Dayanacağın yaxınlığındakı dükandan 45 min manata qış ayaqqabısı aldı. Corabları yaş olduğundan  çətinliklə geysə də, isti, möhkəm, başlıcası isə su keçirməyən ayaqqabılarda özünü rahat, yüngül hiss edirdi. Heyrətlə düşünürdü ki, paltar insan həyatında heç də az rol oynamırmış. Daha su gölmələrinin ətrafından dolanıb keçmirdi, gölmələrin içindən keçib gedir, addımlarını inamla atırdı.
    Jurnalın yerləşdiyi binaya da beləcə qətiyyətlə girdi, əllərini arxasında cütləyib gəzişən polisə gözünün ucu ilə də baxmırdı, lap polis onu çağırsaydı da, dayanan deyildi, qumbara, ya da bomba aparmırdı hər halda, nəyə görə də polisdən izn almalıydı?
    Müdir hekayəni oxuyur, arada dayanıb fikrə gedir, dahilərə məxsus bir şey tapa bilməyib, yenidən oxumağına davam eləyirdi. Bu dəfə iradları az idi, daha avtomatdan sürəkli atəş açmırdı, tüfəngdən ara-sıra atəş açırdı və bu atəşlər ona elə də ciddi zərər vermirdi. Başa düşmürəm, burda Platonovsuz keçinmək olmazdımı? Bu da Çərkəzov yekəxanalığı! Qarasaçın yarısı qalıb burda, tamamını silmək lazımdı. Belə danışaq, cavan oğlan, hekayəni çap eləyirik, sənə uğurlu yol!
  — Allaha şükür! – sanki çiyinlərindən dağ götürüldü. – Nə qədər verəcəksiniz?
  — Nə verəcəyik? – müdir başını ona tərəf əydi, gözlərində maraq və heyrət ifadəsi alışıb yanırdı.
  — Pul! – qışqırırdı. – Hekayənin çapı üçün! Həm də dərhal verin! Pula zəruri ehtiyacım var!    
  — Pu…ul?! Allahım, sən özün saxla! Cavan oğlan, olmaya ağlını itirdin, sən hansı puldan danışırsan?
  — Ələ salırsız? Pulumu verin!
  — A kişi, sən burda böyürmə! – o biri stolların arxasındakılar da işlərini buraxıb onlara tamaşa eləyirdilər. – Pul nədi? Biz çap olunan yazılar üçün pul vermirik. Pulumuz nə gəzir? Lap olsa da nəyə görə yoldan keçən dılğırın birisinə verməliyik? Minnətin olsun ki, hekayəni çap eləyirik.
  — Bir halda pul vermirsiz, nəyimə lazımmış hekayənin çap olunmağı? – səsi xırıldayırdı, daxilində illərlə yığılıb qalan hirsi, qəzebi kükrəmək üzrəydi.
  — Şan-şöhrət üçündü belə şeylər.
  — Tüpürüm belə şan-şöhrətə! Sizlərə də! Hamınıza!
    Ayağa qalxıb müdirin yaxasından yapışdı, alnından necə vurdusa, arxadakı stola dəyib, stolu gurultu ilə aşırdı, üstündəkilər döşəməyə səpələndi, ağ kağızlar havada ləngər vuraraq süzürdü, sanki qaz lələkləri uçuşurdu. O birilər də müdirin köməyinə gəldilər. Dalaşmaqda mahir deyildi, ancaq dözümlü idi, qollarında öküz gücü var idi. Üz-gözünün, dodaqlarının partlamasına, axıb gözünü örtən qana əhəmiyyət vermirdi. Gözləri önündə  elə hey ağappaq, qarabuğdayı, işıltılı gicgahlar peyda olur, o da bütün nifrətini, qəzəbini toplayıb bu gicgahlara yumruqla vururdu. Gicgahlar dərhal da yoxa çıxırdı. Sanki daşdan yonulmuş heykəl idi, nə qədər vursalar da, yıxılmırdı, onun zərbəsini bircə dəfə dadanlar isə döşəməyə sərilir, bir də ayağa qalxa bilmirdi. Bir də onda ayıldı ki, daha onu vurmurlar, elə vurmağa da bir adam yox idi, hamısı yerdə qıvrılırdı. Burdan tez çıxıb getməliydi, polisə zəng edə bilərdilər, səs-küyü eşidib özləri gələrdilər. Pəncərənin qabağındakı dolçada su vardı, dəsmalını isladıb üz-gözünün qanını sildi. Çölə çıxanda qapı ağzında ayaq saxlayıb bir anlığa geri döndü, stollar, stullar aşmış, döşəmə kağızla örtülmüşdü, jurnalın işçiləri hələ də döşəmədə çabalayır, sudan çölə atılmış balıq kimi ağızlarını açıb yumurdular.
  — Sizi görüm lənətə gələsiz! – dedi və qapını çırparaq çıxdı. Sarsılmışdı. Ömrünü, gününü mənasız bir iş üçün puç elə! Yazmaq, yazıçılıq onun nəyinə lazımmış? Onu aldatmışdılar, o aldanmışdı! Hekayə olan qovluğu hirslə yaxınlıqdakı zibil qutusuna atdı, qovluq qutunun qırağına dəyib açıldı, hekayə sürüşüb donmuş səkiyə düşdü. Başlığı iri hərflərlə yazdığından uzaqdan aydın oxunurdu. «Məğlubiyyət». O doğrudan da məğlub oldu, onu məğlub elədilər. Kim nə bilir, təəssüf hissi ilə düşünürdü, bəlkə də adını «Qələbə» qoysaydım, bu döyüşdə qalib gələrdim.
    Cəmil onu heyrətlə qarşıladı. O isə dinməzcə soyunurdu, onun üst-başının qan içində olduğunu görən Cəmil daha da heyrətləndi.
  — Belə çıxır orda əməlli başlı döyüşübsən. Çoxmu vurdular?
  — Onlardan da ayaq üstə qalan olmadı…
  — Bunu yaxşı eləyibsən! Nə dedilər ki, meydana buraxılan ispan öküzü kimi qızışıb özündən çıxdın?
  — Qəlbimə tüpürdülər! – yana-yana dedi. – Onlar məni məhv elədilər! Öldürdülər məni!
     Necə olmuşdusa, Cəmil üçün danışır, Cəmil də ona heyrətlə qulaq asırdı. Belə də iş olar? Ömrünü, gününü çürüt, puç elə, yazı yaz, axırda da belə məlum olsun ki, sən cəfəng bir işlə məşğul imişsən. İki yüzə yaxın dahiylə döyüş, vuruş, zorla onların pəncəsindən bir hekayəni xilas elə, hekayəni çap eləməyə razı olsunlar, pulunu istəyəndə isə daş atıb başlarını tutsunlar. Deyirlər, biz çap olunan yazı üçün yazara pul vermirik. Təsəvvür eləyirsənmi?
  — Dayan görüm, — Cəmil inamsızlıqla səsləndi. – Bir əməlli başlı danış. Necə yəni, elə beləcə gedib oturdun müdirin qarşısında və dedin ki, pulumu verin.
  — Bəs səncə nə deməliydim?
  — Ola bilməz! Nəsə inanmağım gəlmir. Qulaq as. Doğrudanmı sən elə zənn eləyirdin yazıçılıqla pul qazanacaq,  yaşayacaqsan?
  — Yazıçılar nəylə yaşayırlar? Yoxsa Markesin toyuq fabriki vardı? Bəlkə Heminquey rahat hülqum satırdı? Mən öz gözlərimlə oxumuşam, öz gözlərimlə! Cek London kasıb yaşayırmış, ehtiyac içində. Çap olunandan sonra varlanır, hətta  evində kirayədə qaldığı qadına inək ferması bağışlayır. Mən də sənə böyük bir çap evi bağışlayacaqdım, görürsən də, olmadı, — özünü saxlaya bilmədi, kipriklərindən göz yaşları süzülürdü.
    — Aman Allah! Sən hansı dövrdə, hansı məmləkətdə yaşadığını unudubsan. Həyata hələ də kənd ölçüləri ilə yanaşan, kitab illüziyaları ilə baxan adam olduğunu təsəvvür eləməzdim. Kəndinə qayıt. Bu şəhər, bu mühit sənin yerin deyil. Qayıt kəndə, ək, biç, mal-qoyun saxla. Təsəlli vermək üçün lazım gəlsə vicdan əzabı çəkmədən özünü yaxşı yazıçı adlandıra bilərsən. Mən canımı dişimə tutub sənin üç-dörd hekayəni oxumuşam. Sizin yerlər indi qar olar. Heç qaban, canavar ovuna gedibsənmi?
  — Hə, — dedi.
  — Bir də gördün mən də gəlib çıxdım oralara…
  — Gəl! Mütləq gəl! – qızğınlıqla dedi. – Meşəyə gedərik. Mənim orda komam var. Yan başına əl gəzdirərik. Yaxşı ovçu komasıdı
— Bu başqa məsələ! Yoxsa bir hekayə götürüb düşübsən şəhərin küçələrinə. Əyər sən yaxşı yazısansa, hətta yaxşı yazmağa cəhd eləyirsənsə, bizdə çap olunmaq sevdasını başından çıxart.
    Cəmil çay gətirdi, stəkanlarda çay buğlandıqca dərələrlə sürünən yaz dumanını xatırlayır, yenidən bahar çöllərini görürdü. Görəsən o kənd qızı hardaydı? Böyük arzuları, ümidləri köksünə sığmayan, yaşamaq eşqı bulaq kimi qaynayan o kənd uşağı ömrünü belə mənasız yerə puç eləyəcəyini təsəvvür elərdimi?
    — Mən artıq yaşamıram, — yorğun səslə dedi. – Yoxam artıq, ölmüşəm.
    — Necə yənı? – Cəmil bir şey anlamadı.
    — Hə, ölmüşəm, — səsi boğuq çıxırdı, boğazını qəhər tutduğundan  qırıq-qırıq danışırdı. – Qəbrim də… o uzaq çöldədir. Bahar çölünün mavi üfüqlərə qovuşduğu yerdə.
    Əlini yelləyib susdu. Hə, kəndə qayıtmalıydı. Yəqin meşə cığırlarını qar basmışdı. Gölmələr, çay kənarları, su basarlar donmuşdu. Şimaldan əsib gələn soyuq külək qarı sovururdu. Koması dərənin kənarındakı çökəkdə idi, oranı külək tutmurdu.
    — İstəsən qayıdarsan, — Cəmilin səsi uzaqdan gəlirdi.
    — Haçan?
    — Dünya düzələndə.
    — Yəni düzələcəkmi?- astadan soruşdu, səsində ümidsizlik vardı.

Yardımlı

Anar və Gülnar üçün

Top