Azərbaycan Sovet ədəbiyyatı

Azərbaycan Sovet ədəbiyyatı

Qan TuralıAzərbaycanda sovet hakimiyyətinin qurulduğu illəri xatırlayın.
O usta yazıçıların çoxu sağ idi. Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı...
Onların hamısı özlərini inqilabdan əvvəl təsdiqləmiş böyük yazıçılar idi və buna görə ədəbiyyatda hakimiyyət onların əlində qalırdı.

Leninin tələbi 
Amma Leninin iddiaları vardı: proletariat öz yazıçılarını yaratmalı idi. Buna görə də “Qızıl qələm” adlı təşkilat yaratdılar. Təşkilatla bir şey düzələrdimi, Hüseyn Cavidi təşkilatla ədəbi taxtdan salmaq olardımı?
Cəlil Məmmədquluzadəni nəinki “Qızıl qələm”lə, heç polad topla da nəsr şahlığından devirmək mümkün deyildi. Lakin tezliklə hakimiyyət gənclərə verildi.
Necəsi aşağıdadır…

Qara yellər 
Gənclərin qələbəsi ancaq repressiyaların hesabına təmin olunmadı.  Repressiyaların da fakturası ağır idi: Hüseyn Cavid, Yusif Vəzir buna qurban getdi.
Gənclərin ən kral şairi olan Mikayıl Müşfiq də. Qara yel hər iki tərəfə vururdu. Yeni dövr başlayırdı, bəşəriyyət yeni mərhələyə keçirdi, ölkədə quruculuq işləri vüsət alırdı. Bu prosesi ədəbiyyatda vəsf etmək lazım idi, təsvir etmək lazım idi. Hüseyn Cavid isə “İblis”i yazırdı, Yusif Vəzir XVIII əsrdən roman yazırdı. Doğrudur, bəzən məcbur olub, müasir mövzuda nəsə yazırdılar, lakin bu yazılanlar “xalaxətrin” idi və heç bir bədii əhəmiyyəti bulunmurdu. 

Hardan tapaq Volodyanı? 
Azərbaycanın Mayakovskisi yox idi, onu yetişdirmək lazım idi. Lakin Mayakovski pomidor deyildi və istilikxanada yetişməyəcəkdi. Onun üçün münbit torpaq gərəkdi və deyəsən, Mayakovski yetişdirən torpaq Azərbaycanda yox idi. Sabirə “stavka” etməyə başladılar, gənc şairlərə onun getdiyi yoldan getmək məsləhət olunurdu.

Bir Sabir haşiyəsi
Bakıda ilk heykəl də Sabirə qoyuldu. 1922-ci ildə.  Sabirin ən yaxın dostu Cəlil Məmmədquluzadə heykəlin açılışına çağrılmamışdı. Heykəlin açılışında Nərimanov çıxış etmişdi. Sabirin ölüsü Mirzə Cəlilin dirisindən daha hörmətli idi partiyanın gözündə.

Şüarçılıq yox bədiyyat 
Gənclərin (Süleyman Rüstəm, Səməd Vurğun, Mikayıl Müşfiq, Məmməd Rahim, Rəsul Rza) yazdıqlarını partiya çox bəyənmirdi. Onların yazdıqları tənqid olunurdu, tərənnümçülükdə ittiham olunurdular.  Partiya tərənnüm yox təhlil istəyirdi, yaltaqlıq yox inandırıcılıq istəyirdi, şüarçılıq yox ideyalılıq istəyirdi.  
O vaxt tələblər belə idi, sonralar dəyişəcəkdi.  Gəncləri qınamalı da deyildi, hamısı istedadlı idi. Zəmin yox idi. 

Bu torpaqlarda Mayakovski yetişmirdi
Lakin Azərbaycan şeirinin keçmişi Mayakovski üslubuna keçmək üçün imkan yaratmırdı, bu şeirin Azərbaycanda zəmini yox idi, klassik ədəbiyyat qalası yalnız Sabirin top atəşi ilə yaralar almışdı, o hələ tam dağıdılmamışdı, yeninin yaranmasında söhbət də gedə bilməzdi.

XIX əsr ədəbiyyatçıları arasında Sabir istisna olmaqla, bütün simaları yazıçı idi, ya da dramaturq. 

Şeirdə güclü axtarışlar getməmişdi, Mikayıl Rəfilinin dediyi kimi, Azərbaycan poeziyası 150 il ərzindən yeni bir fikir söyləməmişdi, tarixən öyündüyümüz şeirimiz ağır dövrlərini yaşayırdı, Yesenin yetişdirən rus poeziyasının yanında üzü qara idik.

Ancaq möhtəşəm bir istedad üzə çıxmalı və o şəxs Azərbaycan şeirini partiyanın tələbləri səviyyəsini qaldırmalı idi və digər şairləri də arxasınca aparmalı idi. Mayakovski gənclərə heç nə öyrədə bilmirdi, onun söykəndiyi ədəbi bazanı bizimkilər yaxşı anlamırdılar, ortaq mədəniyyət yox idi. 
Rəsul Rza xatirələrində yazırdı ki, 20-30-cu illərdə rusca yaxşı bilmədiyi üçün rus şairini lüğətlə tərcümə edirmiş.

Vəziyyət də rusca idi zatən.

İmdada yetişən tələbə
Nazım Hikmət o zamanlar Moskvadakı Şərq Zəhmətkeşləri Kommunist Universitetində oxuyurdu. Və şeirlər yazırdı Mayakovski üslubunda. 
1922-ci ildə “Qızıl Şərq” jurnalında “İnqilabın beşinci ilinə” adlı şeiri çıxdı Nazimin. Və davam etdi sürəkli...

“Maarif və mədəniyyət” baş redaktoru Süleyman Rüstəm səxavətlə onun şeirlərini dərc edirdi.  Azərbaycan oxucusu Nazimi tanıdı. Azərbaycan şairləri ondan ilham aldılar. O dövrün tənqidçiləri Azərbaycan şairlərinin mənəvi lideri kimi Nazim Hikməti qeyd edirdi.

İldırım kimi düşmüşdü 
Türkiyədə çap edilmiş “Bakıya gedirəm, ay balam” kitabında Nazim Hikmət haqqında Bakı mətbuatında çıxmış tərif dolu məqalələr də dərc olunub.
Bir məqalədə “Nazim Hikmətin Azərbaycan şeirinə ildırım kimi düşməyindən” bəhs olunur.  Misal üçün, Əli Nəzmi 1928-ci ildə yazırdı: 

“Məmləkətdəki ədəbi güclərin çoxu kiçik burjua idilər. Yeni ədəbiyyatı yaradacaq gənclər zəif idi. Amma Nazim Hikmət bizim imdadımıza yetişdi. Onun atəşli şeirləri “Maarif və mədəniyyət” jurnalının səhifələrindən atəş aça-aça əski ədəbiyyatı dəbdən saldı və yeni ədəbiyyatın başında durdu. Bu surətlə Türkiyənin proletar şairi Nazim Hikmət Azərbaycan proletar sinfinin və inqilabçı gəncliyinin sərvətinə çevrildi”. 

Bu məqalələrin hamısında Azərbaycan şeirinin ustadı Nazim Hikmət sayılır, onun ədəbiyyatımıza gətirdiyi novatorluq öyülür, şeirimizi böhrandan çıxartdığı qeyd olunurdu.
Səməd Vurğun, Rəsul Rza, Mikayıl Rəfili, Süleyman Rüstəm Nazim Hikmətin təsiri ilə şeirlər yazdılar.  Klassik şeir həm məzmun, həm də forma etibarı ilə dağıdıldı.  Sabirin başladığını Nazim qurtaracaqdı. 

56 ölkədən birincisi 
Ölümündən iki il əvvəl yazırdı ki, şeirlərim 56 dilə tərcümə edilib. Dünya şairinin ilk şeir kitabı Bakıda çap edilib, bu, gözəl faktdır. Amma Azərbaycan sovet ədəbiyyatının yaranmasında Nazim Hikmətin rolu olması bizim ədəbiyyat dərsliklərində yazılmır. Nazimin rolundan ötəri bəhs olunur, sanki bir sədəqə kimi kitabı çap edilibmiş.

Və bunun səbəbini heç kim araşdırmır...

Müəllif: Qan Turalı
Top