Hər bazar günü səhər bulvara gəzintiyə çıxıram. Sakitcə dolaşaraq guya sağlamlığımı və düşünmək imkanlarımı genişləndirirəm. Bulvarı bir neçə dəfə o baş-bu başa gəzdikdən sonra körpüdə bir sakit yer seçib qağayıların hesabına ruhumu yeniləyirəm. Onların azadlığını seyr etmək həqiqətən də çox rahatladır adamı. Onları müşahidə etdikdən sonra anlamışam ki, əslində dəniz, qağayıların süfrəsidir.
Suya baş vurub öz ruzilərini götürür, havaya qalxır, müşahidə edir, yenidən cumurlar. Küləkli havada daha şən olurlar. Dalğaların sahilə çırpılan yerində əməlli-başlı məclis qururlar. Sakit havada süfrələri elə də zəngin olmur adətən.
Bu bazar hava sakit və soyuq idi. Xeyli gəzəndən sonra yenə körpünün üstündə dayanıb qağayılara baxırdım. Əlində tutduğu şəffaf selofan torbada 4 ədəd çörək olan bir nəfər gəldi. Məndən bir az aralıda torbasını yerə qoydu. Çörəyin birindən kəsib qağayıları yemləməyə başladı. Məclis qızışdı. Suyun üzərinə düşən çörək qırıntıları islanmağa macal tapmamış qağayıların dimdiyində yenidən havaya qalxıb bir andaca onların mədələrinə düşürdü. Bir qədər müşahidə edəndən sonra adamın bütöv çörəyi qağayılara yedirtmək fikrində olduğunu anlayıb ona yaxınlaşdım…
Bakılı balası idi, Rasim. Dedi, əlli yaşı var. Beşinci mikrorayonda yaşayır. Maşın dayanacağında işləyir. Hərdən bulvara gəlib qağayıları yemləməyi xoşlayır:
— Bura səhər lap tezdən, ya da gecə gələsən. Sakitlik olur. Amma belə (sahildə orda-burda bir-birinə sarılıb öpüşən gənclərə işarə edərək) biabırçılıqdı. Adam utanır gəlməyə-deyirdi Rasim...
Quşları yedirtməyə birlikdə davam edirdik. Məlum oldu ki, Rasim əvvəllər göyərçin saxlayırmış. Çoxlu ağ göyərçin. Deyirdi, göyərçinləri uçurdub aşağıdan seyr edəndə adamın əsəbləri xeyli sakitləşir.
Göyərçin saxlamağı buraxandan bir müddət sonra meylini bu qağayılara salıb. Deyir Allahın heyvanıdılar. Dili yox, ağzı yox. Savabdı yedirtmək.
Rasim arada çörəyin içini əlində yumurlayıb sıxıb atırdı dənizə. Deyirdi belə edəndə çörək suda batır. Bu da balıqların payı.
Dərdləşə-dərdləşə 4 çörəyin hamısını qağayılara yedirtdik. Əllərim donmuşdu. Amma ürəyim xeyli isindi. Tanışlığımıza ikimiz də şad idik. Söhbət əsnasında bilmişdi ki, bazar günləri səhər bulvarda oluram. Deyəsən ürəyincə olmuşdu bu xəbər. Ayrılanda gülümsünərək-hər bazar gəlirsiniz eləmi?-deyə həvəslə soruşdu. Gözlərinin parıltısından hiss etdim ki, özünə yoldaş tapdığına sevinir. Dedim hə, hər bazar...
Bir neçə çörək alıb gətirib qağayıları təkcə yemləməkdən utandığını gizlətmədi:
— Əvvəllər tez-tez gəlirdim. Amma sonra… Bu gün özümü saxlaya bilmədim. Çörək alıb gəldim. Dükançı da tərs kimi şəffaf torbaya qoydu çörəkləri. Adətən başqa dükandan alıram çörəyi. Özü də içi görünməyən torbada. Çörəyi də doğratdırıram ki, kəsib atmaq asan olsun. Bu gün nəsə belə alındı. Yəqin indi camaat kənardan baxıb deyir bu dəlidi, nədi bir belə çörəyi alıb qağayılara yedirdir.
Dedim, camaatın deyəcəyini düşününcə, qağayıları düşün, utanmayacaqsan...
Rasim deyir, camaat evdəki köhnə çörəyi atmaqdansa, gətirib bu qağayılara yedirtsə yaxşı olar.
Adətən bulvarda gəzişəndə ağlımdan qağayılara oxşamaq keçir. Amma bu dəfə… Sadəcə Rasimə oxşamaq istədim. Öpüşənlərdən utanan Rasimə...
Bir-iki yazı yazıb deyirik bəs iş görürük. Kişilər var ki, səhər dörd çörək alıb, torbanın şəffaflığından, camaatın nə düşünəcəyindən və öpüşənlərdən utana-utana da olsa gəlib sahildə qağayıları yemləyir...
Mən əminəm ki, dünyada yaxşılar pislərdən çoxdu. Sadəcə onlar hardasa gözdən uzaqda utana-utana qağayıları yemləyirlər...