"Ola adamın meymun kimi qardaşı" | Aslan Quliyev

"Ola adamın meymun kimi qardaşı" | Aslan Quliyev

Uşaqlığını keçirdiyi evə, həyət-bacaya baxanda kövrəldi. Onu ən çox təsirləndirən artırmaya qalxan pilləkənin böyründəki çobanyastığı çiçəkləri oldu. İllər öncə yola düşüb gedəndə son dəfə dönüb geri baxmış, burdaca bitmiş çobanyastığı çiçəklərini görmüşdü. Çiçəklər onu yola salmışdı, indi də qarşılayırdı. Arvadı xəstələnəndə həkim resept yazıb vermişdi, aptekdən aldığı dərmanın qutusunu açıb içindəki sobanyastığı çiçəklərini görəndə heyrətlənmişdi. «Nəyinə bu qədər pul alırsız? Qardaşım kənddə bundan taya qoyur». «Onda burda nə işin var, çıx get öz kəndinə! — sarışın qız istehza ilə demişdi. – Qardaşının tayasından geninə boluna istifadə elərsən, pulunu havayı yerə verməzsən»

***

Gecə kəndin adamları, qohum-əqrəba yığışıb gəldilər, yedilər, içdilər, qoyunlardan, toyuqlardan danışıb getdilər. Nə bəlaydısa, kəndçiləri yavaşdan danışa bilmirdilər, gur-gur gurlayırdılar, bu da onu hirsləndirirdi. Ay əbləh, şüar deyirsən, niyə at kimi kişnəyirsən, qoyunun nəyindən belə gurultu ilə danışırsan, alçaqdan danışsan, nə olasıdı, qoyunun necə yatması, durması mənə çatmayacaqmı, başa düşməyəcəyəmmi? Moskvadan sizin qoyunlarınızın hekayətinə qulaq asmağa gəlmişəm? Səs-küy, gurultu, bitib tükənməyən suallar onu bezdirdi, yordu, əldən saldı. Gecə yatağına girəndə gözləri tor vururdu, başında gurultu var idi. Azmış kimi səhərisi Mətləb dedi ki, bacımız gələcək sənə dəyməyə. Qanı qaraldı, şübhəsiz qonşu kənddə olan bacısı dəyməyə tək yox, bir qoşun adamla gələcəkdi. Bu qədər adamın qulluğunda durmaq, bunlara yemək bişirmək, qarşılayıb yola salmaq zülümdü, ancaq Mətləb üçün elə bil toy bayramdı, sevinirdi.

— Vacibdi? – qaşqabağını töküb soruşdu.
— Nə? – Mətləb gözlərini bərəltdi.
— Mənə dəymək!
— Vacibdi, gəlirlər də. Deyim gəlməsinlər?
— De! – qışqırdı, ancaq nə qədər hirslənsə də, özünü tez ələ aldı. – Demə. Gəlsinlər, amma adam kimi. Qoyunlardan danışmasınlar, xoşlamıram bu heyvanları, guruldamasınlar. İnsan sakit danışar, guruldamaz.

Mətləb onu başa düşən deyildi, əksinə, iki başlı danışırdı. Haqlısan, vaxtında desəydin, işləri yoluna qoyardım. İnstruksiya yazar, qonaqları tanış elərdim, zəhmət çəkib bizim qaydaları öyrənər, özlərini mədəni aparardılar. Bərkdən danışmazdılar, toyuq, qoyun adı tutmazdılar, amma yeznə qayda-filana məhəl qoyan döyül, bildiyini eləyəcək.

Günortaçağı evin qarşısındakı döşdə atlılar göründü, atları çapır, bir-birlərini keçirdilər. Arxalarınca itlər qaçırdı, atlar kişnəyir, itlər hürüşür, səs-küydən qulaq tutulurdu. Lap arxada qadınlar gəlirdi, rəngbərəng paltallar geymiş, güllü yun şal bağlamışdılar, kölgə kimi gəlirdilər.

Qorxuya düşmüş halda Mətləbi səslədi, qaça-qaça gələn qardaşına atlıları göstərib:

— Bu nədi? – heyrətlə soruşdu.
— Atlardır, atları da adamlar miniblər.
— Kəs səsini! Kimin kimi mindiyini hər halda görürəm! Bu həngamə nə üçündü?
— Dedim axı, dəyməyə gəlirlər.
— Burda dünya qopur! Bir az sakit dəyə bilməzdilər?
— Adətləri belədi. Dədə-babadan belə dəyirlər. Səndən ötru adətlərini dəyişən deyillər.

Qonaqlar gəlib tökülüşdülər həyətə, atları bağlamağa yer çatmır, kişnərtidən qulaq tutulurdu. Düşüb atını bağlayan hər kəs də cumub onu qucaqlayır, marça-murçla üz-gözündən öpürdü. «Gəl hələ səni bağrimə basim!» «A kişi, işinizlə məşğul olun! Lazım deyil! – əl-ayağını dağıdırdı. – Nəyə görə məni bağrınıza basmalısız?»

Bacısı isə oxşama, bayatı deyə-deyə gəlirdi.

Nədən, nədən oldu,
Bağrım zədən oldu.
Getdin Rusiyətə,
Gəlmədin nədən, oldu.

Mətləbə işarə eləyirdi, denən məni rüsvay eləməsin! Bu niyə vay-şivən qopardıb? Ölmüşəm bəyəm? Mətləbsə bacısını sakitləşdirmək əvəzinə, onu qınayırdı. Qağa, yaşayıbsan ivanların içində, götürübsən xasiyətlərini. Bacındı da, çox istədiyindəndi, yoxsa camaat deyər, qardaşının gəlməyinə sevinmir. Demək, tamaşa camaata görəymiş, bəlkə də heç ağlamaq, ya da bayatı demək könlündən keçmirmiş, camaata görə ağlayırmış, qoy görsünlər, bilsinlər ki, qardaşının gəlişinə sevinir, qardaşını çox istəyir.

Bunlar üçün də toğlu kəsdilər, yedilər, içdilər, qədərindən də artıq guruldadılar və getmək üçün hazırlıq görməyə başladılar. Dəhşət içində baxıb gördü ki, qonaqlar ayrılıb gedəndə də, onunla qucaqlaşıb öpüşmək istəyirlər. Qaşqabağını töküb, çıxın gedin, ehtiyac yoxdu, deyirdi.

Bacısı ilə yeznəsi qaldı, yeznənin atı, bir də iti. Atı evin yuxarısındakı çəmənlikdə hörüklədilər, ancaq yeznə at sarıdan nigaran idi, açılıb gedəcəyindən qorxurdu. Pəncərədən çölə boylanır, nigarançılıqla deyirdi, görəsən at açilməyib ki. Ara vermədən çay içir, siqaret çəkirdi, üst-başından burum-burum tüstü qalxan bu adam çayı soyutmadan içirdi, samovardan süzülən kimi. Tütün kisəsini qoymuşdu qabağına, tez-tez kisəni açır, səliqə ilə doğrayıb ciblərinə yığdığı qəzet parçalarını çıxarır, tütün töküb eşmə düzəldir, çəkirdi. Tütünün kəsif qoxusu var idi, bir azdan təkcə otaqdan deyil, qab-qaşıqdan, yeməkdən, üst-başlarından da acı, başgicəlləndirici tütün qoxusu gəlirdi. Mətləbə işarə eləyirdi, yəni denən bir az fasilə versin. Mətləbsə başını yırğalayırdı.

— Elə şey olar?
— Niyə olmur?
— Ölər onda.
— Ona heç nə olan deyil! – yana-yana deyirdi. – Bizi öldürəcək! Ay əbləh, onu özündən çox istəyirsən?

Moskvadan gələn qaynı ilə söhbət eləməyə can atan yeznə əvvəlcə kürt toyuğundan danışdı. «Ərvadi əldən-dildən salib. Yatmer yuvada. Suya salerəm, torbaya salıb ağacdan aser, bir saat fırlerəm, xeyri olmer. Yatmer». Qaşqabağını tökdü, kişinin oğlunun danışığına bax, toyuq yuvada yatmır. Cəhənnəmə yatmır. Bunun mənə nə dəxli, olmaya ürəyindən keçir, gəlim sənin toyuğunu yuvada yatırdım? Yeznə başa düşənmiş, onun sifətini turşutduğunu görüb mövzunu dəyişdi, indi də qoyundan danışırdı. «Gəler evə, həyətə girer, başler başını əsdirməyə», — necə əsdirdiyini də əyani göstərirdi, bir ayağını irəli atıb dizi üstə çökdü, özünü qoyuna oxşatmağa çalışdı, insafən bu sarıdan qabiliyyəti varmış, eyni ilə qoyuna oxşayırdı.

— Bəsdi! – yeznəsinin yenidən başını əsdirməyə hazırlaşdığını görüb, əti çimçəşirmiş kimi qışqırdı. – Qoyun hansısa əzasını əsdirib, gərək sən də təsvir eləyəsən? Sizin başqa iş-gücünüz, söz-söhbətiniz yoxdu?

— Mən neylerəm? – yeznə özünü itirmişdi.

— Qoyundan danışma, — Mətləb sakitcə yeznəsinə irad tutdu. – Görürsən xoşu gəlmir, danışma. Mənə şəkin gedir, gəlib bütün dərd-sərini danışırsan, bircə dəfə də sözünü kəsmirəm. Buna hər şeydən danışmaq olmaz, xüsusən də qoyunlardan.

Gecə isə yeznə onları yatmağa qoymadı, yuxudan oyanır, yerin içində oturub: «Və oyye..e! At açilib gedib!» deyir, ayağa qalxıb, yanında yatanları tapdalayaraq çölə qaçırdı. Bir də ayılıb çölə qaçanda ayağını onun qarnına basdı, qışqırıb yerində çevrildi, yeznə şappıltı ilə üstünə aşdı. Qışqırtısına ayılan Mətləb nə baş verdiyini soruşanda onun abrını aldı. «Buna başqa otaqda yer sala bilməzdin? Öldürdü məni, qırdı bağırsaqlarımı! Day məndən adam olmaz! Oğraş çıxdı axırıma!» «O biri otaqda qadınlar, uşaqlar yatıblar, — Mətləb dedi və ufuldayıb ayağa qalxan yeznəyə acıqlandı. – Ay alçaq, uzan öl yerində də! At niyə açılmalıdı? Topalsan, atı əməlli bağlaya bilmirsən?»

Gecənin bir aləmində yenə də səsə oyandı, gördü ki, Mətləb yıxılıb yeznənin üstünə, balışı da basıb ağzına, balışın yanlarından qan fışqırıb axır, fantan vurur. Tükürpərdən mənzərəydi! Mətləb bunun başını kəsirdi, nəydi, yəqin beləydi, yoxsa qan hardan püskürürdü? Niyə kəsirdi, olmaya yeznə gecənin bir aləmində Mətləbi də tapdalamışdı, bu da özündən çıxıb, hirslənib, yeznənin başını kəsirdi, ağıl həsrəti yox idi bunda, nə desən gözləmək olardı. Necə olsa yeznəydi, indi necə olacaqdı, yeznə at üçün çox narahat oldu, tutub başını kəsdik, deyəcəkdilərmi?

— Neyləyirsən? – qorxmuş halda səsləndi.

— Qanı saxlayıram! — Mətləb öz işindəydi.

— Sən niyə onun qanını saxlamalısan? Niyə kəsirdin, niyə də qanını saxlayasan?

— Kəsən kimdi? – Mətləb qışqırırdı. – Bu özü püskürür! Ayda-ildə bir dəfə qan püskürməyi var. Bizə saxlayıbmış, əbləh, bir halda qan tutub səni, öz xarabanda püskür!

Bir şey başa düşə bilmədi, belə də olurmuş, adam durduğu yerdəcə qan püskürürmüş. Hər nəydisə yeznə bir qədər də qan püskürüb sakitləşdi, ətrafına, yorğan-döşəyə, qanın qızardıb al rəngə boyadığı divarlara heyrətlə baxırdı, döyüküb qalmışdı. Mənə nə oldu, deyə soruşanda Mətləb:

— Heç nə! – dedi. – Qanın çox idi, krantı açıb yarısını buraxdın.

— Ev-eşiyi zibillədin, sıradan çıxartdın! – əsəblərini boğa bilməyən Kamil yeznənin üstünə qışqırdı. – Sənin bir yığın problemin var idisə, öz xarabanda gecələyə bilməzdin?

— Mən dedim e, dedim, getmiyəx, qəğələrun acığı gəler. Ərvad qoymədi, dedi gedəx.

— Demək, səncə sevinməliymişik? Başımıza oyun açdığın üçün, səni qucaqlayıb üzündən öpməliymişik? Sən buraları bir günə saldın, yumaqla, təmizləməklə düzələn deyil! Şəxsən mənim ikinci evim olsaydı, bu evə bir dəfələik nifrət elər, çıxıb gedərdim!

Qadınları oyatdılar, bacısı vaysınırdı. «Bu belədi də, ayda bir-iki dəfə bu hala düşür yazıq». «Ayda bir-iki dəfə bu hala düşürsə, bu onun şəxsi problemidi, amma niyə gəlib bizim evdə bu hala düşməlidi, bax orasını başa düşə bilmirəm! — Kamil hirslə dedi, kobud cavab vermək istəyirdi, ancaq bacısının inciyəcəyindən ehtiyat elədi, onsuz da himə bənddi, heç nədən inciyirdi. Yanında ərinə bir kəlmə söz deyiləsi deyildi, hamısı Mətləbin işləriydi, ərköyün böyütmüşdü bunları. – Bir halda belədi, belə qabiliyyəti var, göndərin Moskvaya, orda əməlli-başlı dolanar, yaxşı pul qazanar. Gəzirlər belə adam üçün, qan verəcək, pulunu da alacaq, yeməyini də. Bütöv bir xəstəxananın qana olan tələbatını ödər». «Bunun qanı kara gəlməz, — Mətləb başını bulayaraq etiraz elədi. – O qədər tütün çəkib, damarlarından qan əvəzinə tütün zəhəri axır, kimə vursalar, dərhal ölər».

Yeznə incisə də, cavab vermədi, qadınlar otağı yuyub təmizlədilər, təzə yorğan-döşək gətirdilər. Mətləblə yeznəyə dəyişəcək verib hamama göndərdilər. Kamilin qanı qaralmışdı, gəldi Vətənə qardaşını görsün, ancaq qoymurlar, imkan vermirlər. Bir ucdan tökülüb gəlirlər. «Ay əbləh, gəldin, yedin içdin, qarnını doyuzdurdun, çıx get də! Bir halda problemli adamsan, problemin var, get xarabana, orda nə istəyirsən püskür! Bacıma da bax, elə danışır, sanki mən bunun ərciyəzini qan püskürməyə məcbur eləmişəm».

Səhər yuxudan oyanıb həyətə düşəndə pilləkənin böyründəki çobanyastığı güllərini görmədi, yolub atmışdılar. Evə qaçıb gülləri kimin yolduğunu soruşanda, gecəki yuxusuzluqdan sonra yorulub xurd düşmüş yeznə zorla gözlərini açdı. «Qoymersən də yatem! – şikayətləndi. – Gecə canimlə əlləşmişəm, yatmamişəm, bu də sübhdən qışqırer. Nə olib, dünya dağilib? Mən yoldim. Gecə həyətə düşəndə elə bilersən cin gözlərini ağarder!» «Demək, mən qışqırıram, səni yatmağa qoymuram?! – Kamil heyrətdən özünü itirmişdi. – Ay əbləh, kim kimi yatmağa qoymurdu? Mən səni, ya sən məni? Sən canınla əlləşirdin, ya mənim üstümə yıxılıb sür-sümüyümü qırırdın? Moskvaya çatan kimi gərək ilk olaraq rentgenə gedəm ki, görüm neçə qabırğama çat düşüb. Səni görüm lənətə gələsən! Yeznə olmadın, başa bəla oldun! Durursan, cəhənnəm olub gedirsən! Mən nə qədər buralardayam, bu həndəvərə fırlanma! Atını, itini də apar!»

Yeznə inciyib getdi, arsız-arsız bacısı da ona qoşuldu, qardaşıyla görüşmədi də. Görürsən nə olub, ərciyəzinin xətrinə dəyiblər. Mətləb də onu məzəmmətləyirdi, yaşayıbsan urusların içində, götürübsən onların adətlərini, yeznəni evdən qovursan. «Ay əbləh! – yanıb yaxılırdı. – Sən hansı adətdən danışırsan? Nəyə görə onun hoqqalarına dözməliyik? Qoy çıxıb getsin də! Dəydi mənə, gözünün qurdunu öldürdü, rədd olub getsin də! Gör sənə nə deyirəm, yığışdır bu həngamələri! Camaatı yedizdirməkdən ötrü öhdəçilik götürübsən? Evində bir kisə unun yox, cibində bir quruşun, ancaq gündə bir ordu adam üçün süfrə açırsan!»

— Gələnə deyim gəlmə! – Mətləb incik halda səsləndi.

— De! Niyə də deməyəsən? Qoy gələn abırlı gəlsin. Yesin, çıxıb getsin.

Daha gəlib gedən olmadı, Kamilin gələnlərə yaxşı münasibətdə olmadığını hiss eləmişdilər. Kənddə simsiz telefon həmişəki kimi saz vəziyyətdəydi, yeznənin evdən qovulmasından hamı xəbər tutmuşdu. Bir qayda olaraq xəbərə öz bildikləri kimi rəng verən, don geydirən qadınlar bu dəfə də şişirtməkdə xəsislik eləməmişdilər. Bilirsən neyneyib o urusların içində yaşayan, çəkib çəpərdən payanı, nıxçayıb yeznənin başına. Yazığı qan aparıb, ölümdən qayıdıb. Bunu eşidən Kamil hirslənmədi, yalnız təəssüfləndi, belə də eləməliydim, ağlıma gəlməyib, nə isə, yeznənin bəxti var imiş.

Kamil kənddə bir həftə qaldı, bir həftə də aravermədən yağış yağdı. Rütubət, otu, torpağı qaraldır, çürüdürdü. Kamil hirslənir, deyinir, hirsini Mətləbin üstünə tökürdü. «Neyləyəsən, işlərin düz gəlmir. Qalıbsan boş-bekar. Yağmasaydı qohum-əqrəbaya xəbər elərdin, gəlib mənə dəyərdilər».

Yalnız kənddə olduğu sonuncu gecə yağış ara verdi, may gecəsi yağışın, dumanın arasından sıyrılıb çıxdı, sanki gecənin üstündən tutqun pərdəni çəkib götürdülər və gecə öz gözəlliyi, süd kimi ay işığı, sayrışan ulduzları, işıldaböcəkləri ilə qəlbləri oxşamağa başladı.

Kamil sabah gedirdi, Mətləbi yanına çağırıb o ki var danladı. «Ev uçub-tökülüb gedir, evə bir şey almayıbsan, maşının yox, mal-qaran yox. Mən göndərən pula dolanırmışsan. Fərsizin birisən, bir işin qulpundan yapışmaq əvəzinə, çayxanalarda veyllənirsən, özün kimi avaralarla axşama kimi damino, nərd oynayırsan. Bircə onu bilirsən, qonaq qarşılayıb yola salasan, yeznənin nazıyla oynayasan, pərvanə kimi fırlanasan o əbləhin başına. Vəssəlam, şüttamam!» «Qağa, bəs nə iş görüm? — Mətləb özünə haqq qazandırırdı. – Dükan tikdim, mayam olmadı işlətməyə. Sən çox demirəm, mənə beş yüz dollar ver, qalanı ilə işin olmasın. Bircə ildə özümü tutaram, maşın da alaram, evi də təmir elətdirrəm. Gələndə buraları tanımazsan, gəlib görərsən ala inəyin yanında qara «Mersedes» saxlamışam».

— Ala inəyin yanında niyə? – Kamil onun qızğınlıqla dediklərinə şərik olmaqdan uzaqdı.

— Neynək, ala inək döşünə yatmırsa, boz inəyin yanında saxlaram.

— Bu boyda həyətdə yer tapa bilmirsən, hökməndi inəylərin yanında saxlayasan? Olmaya sən «Mersedes»i tövləyə salmaq istəyirsən?

— Ay qağa! – Mətləb ayağa sıçradı. Əllərini oynadır, ancaq səsini qaldımağa cürət eləmirdi, qardaşına bələddi, bununla ucadan danışmaq xətalıydı. – Mənim «Mersedes»im olsun, saxlamağa yer taparam. Lap elə inəylərin yanında saxlayanda nə olasıdı? «Mersedes»in rəngi qaçacaq, ürəyi bulanacaq?

— İş də bundadı, yoxundu. Sən olmayan maşınını saxlamaq üçün yer axtarırsan.

Kamil fikirləşir, götür-qoy eləyirdi, buna beş yüz dollar versəydi, cibində yol pulundan əlavə azacıq pulu qalırdı. Eybi yox, bir təhər gedib çıxardı. Bu pul qardaşının bütün işlərini qaydaya salacaqdısa, niyə də verməsin? Çıxarıb beş yüz dolları verdi, dedi ki, gələn il bu vaxtı gələcəyəm. Gələndə səndə beş yüz dollar görsəm, yenə də beş yüz dollar verəcəyəm. Görməsəm, qurtardıq, özün öz başına çarə qılacaqsan. Ailən var, uşaqların var, ağlını başına topla. Təkcə uşaqların sayını artırmaqla iş bitmir, gərək saxlamağı da bacarasan.

— Arxayın ol! – Mətləb cani dildən qardaşını əmin eləyirdi. – Sözümüz sözdü! Gələn il gəlib görəcəksən ev təmir olunub, dükanda mal aşıb-daşır, ala inəyin də yanında qara «Mersedes»!

— Mən ilk növbədə beş yüz dolları görmək istərdim, — Kamil hər deyilənə inanmırdı, real işi, nəticəni görməyincə boş sözlərlə onu inandırmaq çətin idi.

— Görəcəksən! –inamla dedi.

— Fəhm məni heç vaxt aldatmayıb, — Kamil sakit danışırdı, Moskva mühiti təsirini göstərmişdi, çılğın, tez qızışıb özündən çıxan Kamil indi soyuqqanlı, təmkinliydi. Heç gülmür, dodaqları da qaçmırdı, sanki damarlarıyla qan əvəzinə Sibir çaylarının buzlu suyu axırdı. – Mənə elə gəlir o pulları sonuncu dəfə görürəm.

Mətləb mübahisə eləmədi, mənasız işdi, onsuz da Kamili inandıra bilməyəcəkdi. Neynək, nə olar, qoy qardaşını yola salsın, göstərəcəkdi nəyə qadir olduğunu. Masallı bazarına gedəcək, bir maşın ərzaq, kənddə lazım olan sənaye mallarından alıb gətirəcək, başlayacaqdı alverə. Bunun acığına ala inək də alacaqdı, boz inək də, maşın da! Maşını aparıb saxlayacaqdı boz inəyin yanında, qoy gəlib öz gözləriylə görsün, görsün ki, qara «Mersedes»i ala inəyin yanında saxlayanlar oğlanlar necə saxlayırlar.

***

Kamili rayon mərkəzindən yola salan Mətləb evə bazarlıq eləmək üçün özüylə götürdüyü yüz dolları milli pula dəyişdi. Acmışdı, yemək yeməyi qərara aldı, pulu var idi, beş-on manat o yan-bu yan olmaqla nə olasıydı? Çayın üstündəki restorana getdi, kabab, araq sifariş verdi. Yeməyə başlayanda arıq, balacaboy, gözləri göyə çalan bir oğlan gəlib onun stolunda oturdu. Onun üçün də yemək, araq gətirdilər, oğlan icazə almadan yanında oturduğu üçün üzr istədi, tək içə bilmədiyini deyib özünə bəraət qazandırır, hələ şit-şit irişirdi də. Bu göygözdən gözü su içmədi, sırtıqcasına irişməsi isə lap ətini çimçəşdirirdi. Mətləbin dilxorçuluğunu, sifətin turşutmasını vecinə almayan oğlan əlini ona uzadıb şəstlə özünü təqdim elədi.

— Seyhun!

— Mətləb! – dedi və oğlanın qız əlinə oxşayan balaca əlini sıxdı.

— Onda nə gözləyirik, keçək mətləbə!

Keçdilər mətləbə və Seyhunun heç də pis oğlan olmadığı məlum oldu, məclis adamıydı, deyib gülür, onu da güldürürdü. Heyf, adı qəlizdi, dilə yatmırdı. Seyhun əvəzinə çox vaxt Meymun deyirdi və yalnız oğlan incik tərzdə gözlərini bərəldəndə səhvini anlayırdı. Yeyib içəndən sonra Seyhun stolun üstündən ona tərəf əyilib pıçıltı ilə dedi:

— Burda qəşəng qızlar var. Təşkil eləyimmi?

— Elə! – razılıq verdi. Dünya beş günlükdü, sonrası da beş-on manat o yan-bu yan olmaqla nə olasıydı? Meymun qızıl kimi oğlanmış, adamın belə qardaşı ola! Başa düşən, hal əhli! Yoxsa Kamil kimi, ayda-ildə bir dəfə gəlir, onda da məhkəmə qurur, neyləyibsən, nə iş görübsən, gəl, hesabat ver. Mənim hesabat verən yaşımdı, nəyə görə sənə hesabat verməliyəm?

Oğlan onu geniş zaldan keçirib, darısqal dəhlizlə arxaya apardı, burda beş-altı balaca otaq var idi. Qəşəng bir qız da gəldi, yerişi, gülüşü onun ürəyinə od salırdı. Seyhun qızı ona təqdim eləyən kimi çıxıb getdi.

— Adın nədi? – nazlanan, onun xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxan qızdan soruşdu.

— Südabə, — qız gözlərini süzdürdü.

— Nə…ə?! – səsi gəldikcə bağırdı.

Qapını açıb çölə sıçradı, restorandakıların eşidçəyindən ehtiyat eləmədən qışqırırdı. «Meymun! Meymu…un!!!» Oğlan dərhal gəldi, incik tərzdə qaşlarını çatmışdı, demək, yenə də səhv eləmişdi. Tərslikdən oğlanın əsl adını yadına sala bilmirdi, nəydi it oğlunun adı, şəksiz meymun deyildi, bəs nəydi, yadına düşdü.

— Seyhun, Allah evini yıxsın! – dedi. – Bunun adı Südabəymiş!

— Nə olsun? – Seyhun hirslənmişdi, göy gözlərindən alov saçılırdı. – Başın xarabdı, dəlisən? Nə olar adı Südabə olanda?

— Südabə anamın adıdı, — yazıq-yazıq dedi.

— Nə olsun ananın adıdı? Çox vacibdi adını soruşasan? Soruşmasaydın olmazdı? İşini görmürsən, qızdan tərcümeyi halını xəbər alırsan!

— Gərək soruşmayaydım, — təəssüflə dedi, — heyf, amma nə qız idi!

Seyhun ona təsəlli verirdi, ürəyini sıxma, ondan da yaxşısını tapacağam, ancaq sən bir də belə şey eləmə. Sözün düzü, indiyə kimi qızların adını soruşmaq ağlıma gəlməyib, indisə belə görünür, soruşmaq lazımmış. Eləsini çağıracağam sizlərdə belə ad olmasın. Zaradı adı. Düz deyirdi, qohum-əqrəbasında bu adda qız, qadın yox idi. Zara gəldi, əvvəlki qız kimi qəlbə od salan olmasa da, pis deyildi. Otaqların arakəməsi nazik idi, o biri otaqda Seyhunun qızı necə danladığı aydın eşidilirdi, gördün Südabə adından xoşu gəlmədi, deyə bilməzdinmi adım Madonnadı, Mersedesdi, Fatmanisədi? Yoxsa belə desəydin, pasportunu yoxlayacaqdı? Bir baş işlədin də!

Pulu ondan Zara aldı, sanki cibində nə qədər pulu olduğunu bilirmiş, qəpiyinə qədər verməli oldu. Qız Seyhunun da yeyib-içdiyini hesaba gəlmişdi:

— Meymunun pulunu mən niyə verməliyəm? – dilxor halda dedi.

— Bu şəraiti sənə kimin yaratdığını nə tez unutdun? – Zara onu məzəmmətlədi.

Unutmamışdı, istəsəydi də unuda bilməzdi, restorana girəndə yüz dollar pulu var idi, çıxanda isə bircə qəpiyi də qalmamışdı. Bununla belə sevinirdi, işdi, cibində beş yüz dolları olsaydı, hamısı gedəcəkdi. Xərcləməyə pulu olsaydı, onu bu restorandan, elə qızlardan heç nə ilə qopara bilməzdilər. Kəndə gedən avtobusa nisyə minəndə sanki yuxudan ayıldı, Zaranı xatırladı və təəssüflə: — Zaraza, nə qamarladı pullarımı! – dedi.

***

Kamil dediyi vaxtda gəldi, taksidən düşüb həyətə keçəndə yenilik görmədi, ev bir az da sökülmüş, saralıb bozarmışdı. Maşın yox idi, heç təkər izi də, bu həyətə maşın gəlməmişdi, nə təzəsi, nə də köhnəsi. Ala inək də gözə dəymirdi. Mətləb evdəymiş, qabağına gəldi, görüşdülər, hal-əhval tutdular, onun nə deyəcəyini gözləmədən, axşam görüşərik, deyə çıxıb getdi.

Kamil heyrət içindəydi, bunun nə vacib işi var idi ki, Moskvadan gələn, çoxdan görüşmədiyi qardaşını qoyub gedirdi? Gəlinlə, qardaşı uşaqları ilə görüşdü, gətirdiyi hədiyələri payladı. Hələ axşama var idi, darıxdı, kəndi gəzməyi qərara aldı. Küçədə kimə, hansı tanışına, uşaqlıq dostuna rast gəldisə, gülə-gülə dedilər ki, Mətləb hərədən üç-beş şirvan pul alır, xeyir ola, ona əlimyandıda pul nə lazımdı belə? Hər şeyi başa düşdü, hərif beş yüz dolları düzəldirdi. Kəndi gəzmək həvəsi söndü, geri qayıtdı.

Mətləb qaranlıq düşəndə gəldi, çıxarıb stolun üstünə üç yüz dollar qoydu.

— İki yüzü hanı? – Kamil qaşqabağını tökdü.

— Malın üstündədi, — Mətləb inamla danışır, onu inandırmağa çalışırdı.

— Mal hardadı? – Kamilin güzəştə getmək fikri yox idi.

— Mal harda olur? Dükanda!

Kamil təkid elədi ki, gedək dükana. Çıxılmaz vəziyyətdə qalmışdı, doğrusunu deyə bilmirdi. Gecə olduğunu bəhanə gətirdi, dedi, sabah gedərik, dükana da baxarsan, mallara da. Kamilsə əl çəkmirdi, başımı ağrıtma, məni o boyda Moskvada aldadan olmayıb, indi sən mənə atmaq istəyirsən. Gecə olanda nə olar, gedək baxaq. Mətləbin razılaşmaqdan başqa çarəsi qalmadı, geyinib çıxdılar.

Kəndin mərkəzinə doğru gedirdilər, qaranlıq təzəcə düşsə də, küçələrdə sakitlik idi, ins-cins gözə dəymirdi. Evdən bir qədər uzaqlaşmışdılar ki, Mətləb balaca, ancaq yaraşıqlı bir dükanın qarşısında ayaq saxladı, içəridə işıq yanırdı. Mətləb də dəmir barmaqlı pəncərədən rəflərə qalaqlanmış malları göstərib:

— Bu da sənin iki yüzün! – hirslə dedi. – Gördünmü, inandınmı? Moskvadan təzə gəlib, oturub çayımızı içmirik, hal-əhval tutmuruq, düşmüşük qaranlıq küçələrin canına, iki yüzü axtarırıq.

— Sənin dükanındı? – Kamil şübhə ilə soruşdu, bomboş toyuq hini görəcəyini zənn eləyirdi, indisə belə məlum olurdu qardaşının əməlli-başlı dükanı var imiş. – Aç, içərisinə baxaq.

Açarları yaddan çıxarıb evdə qoyduğunu dedi, ancaq Kamil ona inanmırdı, şübhə içindəydi, dükan bunun olsaydı, açarları evdə qoymazdı. Qarşıdan əlində bükülü olan bir uşağın gəldiyini görüb əylədi, dükanın sahibinin kim olduğunu soruşdu.

— Həsənin, — uşaq dərhal dilləndi.

— Mən bilən sənin adın Həsən deyil, — üzünü Mətləbə tutub istehza ilə dedi. – Bəlkə mən Moskvada olanda adını dəyişibsən? Sizdə belə şeylər dəbdədi. Yatanda da ancaq bir arzuyla yatırsız, görən haçan adımızı, soyadımızı dəyişdirəcəyik. Dəyişdiniz, qurtardı, işləriniz qaydaya düşəcək, dünya qollarını geniş açıb bağrına basacaq sizləri!

— Dayan görüm e, kimi bağrına basacaq? Öz qardaşına, doğmaca qardaşına inanmırsan, uşağa inanırsan. O uşaqdan günün günorta çağı soruşsan, bu dükan kimindi, bilməz. Gecə yarısı hardan bilsin, ağzına gələni dedi. Kənd uşaqlarını adətidi, yad adam gördülərmi, başlayacaqlar dolamağa.

— Burda məni dolamaq istəyən bir adam var, o da sənsən! – Kamil mübahisə eləmək fikrində deyildi, ancaq Mətləbə yalançılığını sübut eləməyincə əl çəkməyəcəkdi. – Bir halda belədi, qonşulardan soruşarıq. Onların adəti necədi, yad adam görəndə nə fikrə düşürlər?

— Məni rüsvay eləmə! – Mətləb qışqırırdı, qaranlıq küçənin ortasında atılıb düşür, əl-qolunu ölçürdü. – Belə mənim deyil, Həsənindi, Hüsənindi! Müstəntiqsən, ya prokuror? Belə yemişəm o iki yzü! Ac olmuşam, verib çörək almışam!

— Təkcə iki yüzü yox, beş yüzü də! Sənə o pul yemək üçün verilməmişdi. İş görmək üçün verilmişdi. Niyə ac olursan, əlin-ayağın yoxdu? Bu dükan sahiblərindən nəyin əskikdi? Avaralanmaqla məşğulsan, bir də yeznəni qarşılayıb yola salmaqla!

Geri qayıdanda Mətləb deyinirdi. Qardaşa bax, gəlib istintaq aparır, məhkəmə qurur. Bəlkə qardaşlar kimi mənim üçün «Mersedes» gətiribsən? Bəlkə adam öldürüb türməyə düşmüşəm, məni qurtarıbsan? Kamili də od götürmüşdü: «Sənin başına ağıllı fikirlər gəlmirmi? Quldur, avara psixologiyası hardandı səndə? Nəyə görə adam öldürüb türməyə düşməlisən, mən də gəlib səni qurtarmalıyam? Mən nazirəm, ya prezident, sərəncam verəm, səni türmədən buraxalar? Bəlkə bir balaca baş işlədəsən, adam öldürüb quldurluq eləmək əvəzinə, faydalı bir işin qulpundan yapışasan, mən də sənə kömək eləyəm!»

Evdə isə Kamil onun verdiyi üç yüz dolları qaytarıb dedi ki, səhər tezdən aparıb camaatın pulunu qaytararsan. Kimdənsə borclu qalsan, vay halına! Mətləb özünü itirmişdi, heyrətinin sonu yox idi, demək, bunu da bilirmiş. Bu gün gəlib, ancaq kəşfiyyatı işləyib, özü də əməlli başlı. Həqiqəti desəydi yaxşıydı, onsuz da heç nəyi gizlin saxlaya bilməyəcəkdi. «Haqlısan, qağa. Alınmadı. Dükanı doldurdum malla, nisyə götürdülər. Necə yox deyim, hamısı dost-tanış, qonum-qonşu. Yığa bilmədim pulları».

— Bu nağıllar kimə lazımdı? Necə danışmışdıq? Beş yüz dolların olsaydı, xarüqələr yaradacaqdın. Beş yüz dolları aldın, hanı xarüqələrin? Sənin hesabınla mən ala inəyin yanında qara «Mersedes» görəcəkdim. Amma heç birini görmədim, nə ala inəyi, nə də «Mersedes»i.

Mətləb yenə də danışır, özünü təmizə çıxarmağa çalışırdı. «Bu xaraba kənddə heç nəyin axırı yoxdu. Apar məni Moskvaya, göstərim nəyə qadir olduğumu». Kamil istehzayla gülümsəyirdi: «Gör könlündən nələr keçir? Kənddə üç-beş adamın içində baş çıxara bilmirsən, Moskvada isə sənin kimilər minlərlədi, necə baş çıxaracaqsan. Rus dilini əməlli-başlı bilmirsən, fərasətin yox, nə iş görəcəksən Moskvada? Adam vurub öldürəcəksən, türməyə düşəcəksən, mən də səni qurtaracağam? Yox, səni vurub öldürəcəklər, mən də tabutunu Vətənə göndərmək üçün xeyli əziyyət çəkəcəyəm!»

Göndərməzsən, Mətləb üzünə deyə bilməsə də, ürəyində qardaşını yamanlayırdı, atarsan, qalaram küçənin ortasında. Sənin kimi qardaşdan bundan artıq nə gözləmək olar? Gör nəyin fikrini çəkir, məni vurub öldürəcəklər, bu da meyidimi göndərmək üçün əziyyət çəkəcək. Day öldürülən qardaşı vecinə dyil! Göndərməzsən, ruslar aparıb məni öz qəbstanlıqlarında dəfn elərlər, qəbrim üstə araq içərlər, xaç çəkib dağılışarlar, sən də rahat olarsan, əziyyət çəkməzsən!

***

Səhərisi Kamil qardaşının özündə-sözündə olmadığını hiss elədi.

— Nə işdi? – soruşdu.

— Heç…, — Mətləb cavab verməkdən yayındı.

— Heçdisə, göz-başın niyə qaynaşır? Olmaya yeznə mənə dəyməyə gəlir?.

— Deyim, gəlməsin? – onsuz da qardaşından incik olan Mətləb hiddətləndi.

— Gəlməyi vacibdisə, yəni hökməndisə, gəlsin. Amma adam kimi! Yesin, içsin, şuluq işi olacaqsa, axşama çıxıb getsin xarabasına.

Günortaçağı yeznə gəldi, atını evin yuxarısındakı yonca çəmənliyində hörüklədi. İnsafən arxadan gələn bacısı da bayatı demirdi, Mətləb bunları başa salmışdı, iki daşın arasında xəbər göndərmişdi ki, sakit gəlin, bu İvanın səs-küydən, xüsusi ilə də bayatıdan xoşu gəlmir.

Yeznə onunla görüşdü, hələ bir qucaqlayıb bağrına da basmaq istəyirdi, ancaq onun qaşqabağını tökdüyünü görüb, fikrindən vaz keçdi, olsun ki, Kamilin qırımına baxmayacaqdı, ancaq kənarda dayanan Mətləb göz-qaş eləyirdi, yəni elə şey eləmə, ağlına da gətirmə, İvan onsuz da himə bənddir. Yeznə qızdırmalı adama oxşayırdı, gözləri axırdı, bir balaca xəstələnmişəm, istiligim var deyəndə, Mətləb ona hirsləndi. Məlum işdi, dərinə getmə, sən bu evə həmişə qızdırmalı gəlibsən, adət eləmişik, sovqatsız gəlsəydin, əsla inanmazdıq.

Yeznə evə keçən kimi də tənbəki kisəsini, qəzet parçalarını çıxartdı, eşməsini büküb başladı tüstülətməyə. Acı tüstünün acı qoxusu evi götürdü başına. Çay gətirdilər, yeznənin çayı dərhal da içdiyini görüb soyuq olduğunu zənn elədi, ancaq stəkanı götürüb bir qurtum içəndə dil-dodağını yandırdı, çeçədi, gözündən yaş gəldi. Bəs qaynar çayı bu necə içirdi?

«İşlər şuluqdu, — Mətləb onun qulağına pıçıldadı, — yeznə başımıza oyun açacaq». «Neyləyəcək? – Kamil bir şey başa düşməyib soruşdu. – Yenə də vulkanı püskürəcək, ya evin bünövrəsini sökəcək?» «Özümüzü sökəcək, harda nə səfeh xəstəlik varsa, antennası tutur, gətirib bizə də yoluxdurur. Bu gedəndən bir ay sonra da özümüzə gəlmirik, neçə dəfə ölüb dirilirik!» «Demək, özümüzü sökəcək! Yoluxduracaq bizi! Hamısı sənin işlərindi! Adama deyə bilmirsən ki, bir halda xəstəsən, hara gəlirsən, qaxıl otur xarabanda! Sağal, problemini həllə elə, sonra buyurub gələrsən, neçə dəfə istəsən, mənə dəyərsən. Məndən olsa ildə iki-üç dəfə gələrəm, amma bu əbləhin dəyməyinin ucbatından gələ bilmirəm!»

Yeznə Mətləbin xəbərdarlığına baxmayaraq Kamillə söhbətə can atırdı, həm də onun xoşuna gələcək sözlər deməyə çalışırdı.

— Day toyuq yater.

— Hansı toyuq? – dilxor oldu, hansı toyuqdan danışırdı? Nəyimə lazımmış toyuğun yatması, ya da durması? Sən bunları Mətləbə danış, qoy çiçəyi çırtdasın, ölüsüdü belə şeylərin, ağzını ayırıb qulaq assın. Olmaya o boş başınla elə güman eləyirsən, mən Moskvadan bura sənin toyuq-cücə əhvalatlarına qulaq asmağa gəlmişəm.

— Çil toyuq. Özü yater, nə suya salerəm, nə də fırlerəm. Özü gəler, yater.

— Çox şadam! – Kamil qaşqabağını töküb dedi.

— Sənə demişəm axı, — Mətləb gözünü ağartdı, — toyuqdan danışma.

— Ədə, Mətləb, — yeznə acı tüstünü ciyərlərinə çəkib otağa püskürərək, tüstü dumanı arxasından heyrətlənmiş halda dedi, — məətləm e, buna nə derəm, hirsləner.

— Hirslənir, demə!

Yeznə bir şey başa düşməyib çiyinlərini çəkdi, zor deyildi ki, qaynıyla iki kəlmə söz tapıb danışa bilmirdi. Bir qədər ara verdi və yenidən danışmağa başladı, qoyundan danışırdı, ancaq Mətləbin sirsifətinin dəyişdiyini hiss eləyib: «Nərahat olma! – dedi. – Başını əsdirmer. Qan tutmişdi, atılıb düşerdi». Ayağa qalxdı, kəmərini çəkib bərkitdi, məlum işdi, mənzərəni əyani təsvir eləməyə hazırlaşırdı. «Neyleyirsən? – Mətləb qorxmuş halda səsləndi. – Olmaya atılıb düşəcəksən? Sən elə bilirsən əsdirməsə, atılıb düşsə, bunun ürəyincə olacaq? Yeznə sarıdan bizimki gətirmədi! A kişi, oyun çıxartma!» «İndi mənnıx nə var? Qoyun məler, sohrə atılıb düşer də! Özü atılıb düşer!» Bunu deyib başını qabağa əydi, özünü qoyuna oxşatdı və bu boyda kişi başladı qoyun kimi mələməyə. Mələməklə kifayətlənmədi, axıra qədər təsvir elədi, yəni bir xeyli də atılıb düşdü. Dabanları üstə dik tullanırdı, eynən qoyun kimi. Heyrətdən Mətləbin ağzı açıla qalmışdı. Kamil isə sanki onun belə də eləyəcəyini bilirmiş, zərrəcə də təəccüblənmədi, ancaq qanı qaralmışdı, günahı Mətləbdə görürdü. Hamısı sənin işlərindi! Bu gün qoyun kimi mələyən əbləh, sabah da gəlib dana kimi böyürəcək! Bir halda buna gözün üstə qaşın var deyən yoxsa, niyə də böyürməsin? Böyürər, o yandan da keçər!

Yaxşı ki, yeznə tez sakitləşdi, yoxsa Kamil bunu yenə də evdən qovacaqdı. Artıq axşam düşürdü, ancaq yeznənin getmək fikri yox idi, yerini rahatlayıb oturmuşdu, eşməsini tüstülədir, çayını içirdi. Mətləbə işarə eləyirdi, yəni bunu yola sal, getsin. Bir halda xəstədi, qızdırması var, qoy çıxıb getsin xarabasına. Görürsən göz-başı axır, düşüb ölər, deyərlər, biz öldürmüşük. Getsin xarabasında ölsün. Mətləbsə başını yırğalayırdı, elə şey olar, yeznəyə necə deyim, çıx get. O da möhkəm hirslənmişdi, bunlar yeznə ilə nəfəs alırdılar, bəs buna desən, get xarabana, dünya dağılacaq, yeznənin üzüyünün qaşı düşəcək!

Bu gecə Mətləb tədbirli tərpəndi, yeznənin yerini qapının ağzından sərdirdi. Yeznə hər yarım saatdan bir «Və…oy…ye! Əçulub, əçulub gedib!» deyə qışqırıb çölə qaçanda daha onları tapdalayıb əzmirdi. Amma zərblə çırpılan qapının səsi, yeznənin bağırtısı onlara gözlərini yummağa imkan vermirdi. Adam səssiz durub çölə qaça bilmirdi, atın açılıb getmədiyinə əmin olub yerinə qayıdanda da sakit gəlmirdi, bir xeyli şikayətlənirdi.

Gecənin bir aləmində yenə də səsə oyandılar, yeznə yatağında qıvrılır, ucadan zarıyırdı. Yəqin xəstəliyi şiddətlənib, Mətləb deyinə-deyinə ayağa qalxdı, bu belədi, xəstələndimi, gəlib xəstəliklə ölüm-dirim savaşını bizdə aparmalıdı. «Deməli, ölüm-dirim savaşı aparır? – Kamili od götürmüşdü. – Sənə dedim axı, rədd elə getsin! Ölsə necə olacaq? Kimi inandıracaqsan ki, onu biz öldürməmişik?» «Ölməz, — Mətləb əminliklə dedi, — hər belə xəstəlik yeznənin arxasını yerə vura bilməz!» «Xəstəlikdən dögül, — yeznə zarıdı. – Susəmişdim, cigərim yanırdi, getdim kuxniyə, dedim bir şey içim. Ordə kəmpot vardi, içən kimi də bağursəqlərim doğrənməğə başlədi». Mətləb yeznənin nə içdiyini öyrənmək üçün mətbəxə getdi, kampot içsəydi sancılamazdı, nəyisə qarışdırmışdı. Düşündüyü kimiymiş, bir azdan canıhöyüllü qayıdıb gəldi, yeznə kampot əvəzinə camaşır suyu içmişdi. Təşvişə düşdülər, yeznənin vəziyyəti düzəlmirdi, qıvrılır, inildəyir, qısası, adam bu dünya ilə vidalaşırdı.

Qadınlar da oyandılar, bacısı vaysınırdı. Yazığın dincliyi yoxdu, rahatlığı yoxdu bu fağırın. Haçan bura gəlirik, başına bir iş gəlir, yazıq gəlmirdi, zorla gətirmişəm. Dedim bu dəfə heç nə olmayacaq, bu dəfə isə əməlli-başlı öldü. «Demək biz pozmuşuq bunun rahatlığını? – Kamil yanıb yaxılırdı, neyləsin, yeznə ayağa qalxa bilmir ki, qolundan yapışıb vıyıldadasan həyətə, rədd olub gedə. – Olmaya dincliyini biz almışıq əlindən? Ona kim demişdi gedib camaşır suyunu içsin? Şüuru yoxdu, camaşır suyu köpüklü, iyindən baş çatlayır, gördü sabunludu, acıdı, içməsin də. Bu isə şüşənin axırına çıxır, son damlasına qədər çəkir başına! Mətləbnən o qədər araq içib, nə içsə fərqində olmayacaq!»

Yeznəyə yarıqaynar su, qatıq, ayran içirtdilər, içmək istəməsə də zorla içirdirdilər. Yeznə də səhərə kimi ayaqyoluna gedib gəldi, gecəni orda keçirtdi. Səhər tezdən Kamil oyanıb yeznənin ikiqat bükülmüş, qarnını qucaqlamış halda artırmaya qalxdığını görəndə özünü saxlaya bilmədi. «Hara gəlirsən?! – qışqırırdı. – Soruşuram səndən, hara gəlirsən? Elədiklərin bəs deyil?! Bizi sevindirdin, şənləndirdin, daha nə istəyirsən, get xarabana da! Nə lazımdı sənə, nə veribsən ala bilmirsən? Yedin, içdin, qarnını doyuzdurdun, çıx get də! Burula-burula hara gəlirsən? Canınla əlləşirsən, yenə də əl çəkmirsən!»

Bacısı incidi, belə də iş olar? Bu da qardaşın vəfası, bu da qardaşın etibarı! Dədəm evindən qovur məni! Yeznə də incimişdi, deyinirdi. «Sənə derəm, getmiyəx, qardaşun qovəcəx məni. Sənsə dersən gedax». «Onda günah olmadı, — Mətləb onu müdafiə elədi. – O da qovmasaydı, mən qovacaqdım. Bu dəfə yeznə lap ağ elədi. Mələdi, xalis qoyun kimi. Çöldən qulaq asan olsaydı, ömründə bilməzdi içəridə mələyən qoyundu, ya yeznə? Bundan adam olmayacaq. Belə yeznəni verəsən sel aşağı, qaçasan sel yuxarı. Yeznələr gəlir, danışır, ağzından dürr tökülür, bu gəlir, mələyir. Hələ demişəm, başa salmışam. Buna deyirəm nəbada toyuqdan, qoyundan danışasan, İvanın xoşu gəlmir belə şeylərdən, bu isə gəlib oturur İvanla üzbəüz, başlayır mələməyə».

Əsl həngamə arxadaymış. Bacısı ilə yeznə gedəndən sonra evdəkilər hamısı, Mətləb də başda olmaqla titrəyib qızdırmağa başladılar, ayaq üstə qala bilməyib yatağa düşdülər. Günortaya yaxın o da titrətməyə düşdü, bədəni od tutub yanırdı, bu xəstəlik yox adamı yandırıb yaxan bir od, alov idi, evdəkiləri yandırırdı. «Bu da yeznənin sovqatı, — Mətləb yana-yana deyirdi. – Gəldi, yandırdı bizi, getdi!» «Getmədi, qovdum! – Kamilin danışmağa heyi-hərəkəti olmasa da, onu cavabsız buraxmadı. – Səndən olsaydı yeznəni düz bir ay saxlardın! Nə əzizləyib məni, hökməndi hər dəfə gəlib mənə dəyə? Bir də gəlsə, onu evə yüz metrdən yaxın buraxma! Dayansın yüz metr aralıda, sözünü deyib, cəhənnəm olsun!» «Nə deyirəm, metrə götürüb ölçərəm, yüz metr aralıda bir paya basdıraram, yeznəyə də tapşıraram ki, bu sənin sərhəddindi, payadan bu yana bir addım da basma!» «Elə də elərsən! – Mətləbin səsindəki istehzanı hiss eləsə də, özünü o yerə qoymadı. – Ölçərsən, dəqiqliyi ilə! Payaya qədər gəlsin, yoxsa bu tərəfə keçdimi, başımıza it oyunu açacaq. Payadan bu tərəfə bir addım da atsa, təpəsinə bir donuz gülləsi vur, gir türməyə, narahat olma, nəyim varsa, satıb qurtararam səni». «Nə deyirəm, elə də elərəm. Ölməsəm, sağadıb ayağa dursam, ölçüb yeznə üçün paya basdıraram».

Həkim çağırmışdılar, həkimin səyləri, iynə-dərmanın bir nəticəsi olmadı, düz üç gün yandılar, ağrılardan qıvrıldılar, qovruldular. Özlərinə gəlib ayağa qalxan kimi də Mətləb başladı Kamilə yalvarmağa ki, qağa, məni də apar Moskvaya. Burda iş yoxdu, işim-gücüm yeznəylə əlləşməkdi, orda isə özümə iş taparam. Görərsən nəyə qadir olduğumu. Nə işdisə, Kamil fikrini dəyişdi, düşündü ki, bəlkə elə aparsın, üç-beş ay baş girlər, çıxıb gələr. Moskvanı görəndən sonra ev-eşiyə can yandırar, yoxsa elə bilir Moskvada yel əsir, qoz tökülür. Çatan kimi başlayacaq yığmağa.

Bir həftədən sonra rayon mərkəzindən Bakıya yola düşəndə avtobusun getməyinə hələ vaxtın qaldığını öyrənən Kamil yeməkxanaların birində yemək yeməyi təklif eləyəndə: «Ora gedək, — Mətləb çayın üstündəki restoranı göstərdi. – Orda Meymun adlı birisi var, heç bilirsən adama necə şərait yaradır?» «Pulların hara getdiyi məlum oldu, — Kamil onu tərs-tərs süzdü. – Hər halda məni inandırmağa calışmazsan ki, Meymun o şəraiti havayı yaradır».

Cavab verməyib susdu, az qala işləri korlayacaqdı, oğrunun yadına daş salır, görürsən adam gözdən tük çəkir, sən də durub buna arsız-arsız şəraitdən dəm vurursan.

***

Kamilin arvadı Katya Mətləbin üzünə gülümsəyirdi, ancaq gəlişinə şad olmadığını da hər vasitə ilə hiss elətdirirdi. Candərdi görüşdü, haqqında çox eşitdiyini dedi. Gəlinin əhvalını duyan Mətləb hirslənmişdi, Katya ona Mişa deyə müraciət eləyəndə isə lap özündən çıxdı. İlk andaca gəlinlə münasibəti korlamaq istəməsə də, dözə bilmədi, mənim adım Mişa yox, Matlabdı, dedi, yəni mən anadan olanda adımı Mişa yox, Matlab qoyublar. Nə fərqi, Katya da çiyinlərini çəkdi, Olsun Matulab.

— Matlab!

— Matalab nə vaxt qayıdır? — Katya onu eşitmirmiş kimi etinasız halda Kamildən soruşdu.

— Paho, nə tez bezdiniz? – Mətləb sərt cavab vermək istəsə də, qardaşından ehtiyat eləyib dərinə getmədi, baxa-baxa qalmışdı, bu niyə səsini çıxarmırdı, az qala qardaşını evdən qovurlar, bu isə gözlərini döyür.

— O qalacaq, — nəhayət Kamil də dilləndi, — işləməyə gəlib.

Mətləb ürəyincə cavab verə bilmədiyinə görə yanıb yaxılırdı, qardaşı da candərdi, xala xətrin qalmasın iki söz dedi. Qardaşımın evinin kandarından içəri ayaq basan kimi nə vaxt qayıdacağını soruşurlar. Qoy bir stəkan çay içim, dincimi alım, sonra soruşarsız. Mən də sizə şad xəbər verərəm, sevindirərəm sizləri, lap tezliklə çıxıb gedəcəyimi deyrəm. Yeznəsini evindən qovan kişinin arvadı bundan artıq olmayacaq ki. Yenə bəxtim var imiş, amma iki-üç dəfə də gəlsəm yəqin mənim üçün də həyətdə paya basdıracaq, tapşıracaqlar, bu payadan o tərəfə keçməyim, dayanım payanın yanında sözümü deyim. Bir onu bilir, gəlsin kəndə, qardaşı üçün məhkəmə qursun, niyə ala inəyi görə bilmirəm? Yoxdu, onunçün görə bilmirsən! Fikrin nəydi, olmaya sən olmayan inəkləri görmək istəyirdin? Belə kişisən, arvadın üçün də qur o məhkəmədən birini! Ver bunun cavabını, bir də başından yekə danışmasın!

Axşam yatağına girəndə isə onunla vidalaşıb öz otağına getmək istəyən Kamilə ürəyindən keçənləri deməkdən özünü saxlaya bilmədi. «Demək, sən belə kişiymişsən?! Arvadın az qala məni evdən qovacaqdı. Qardaşım evinə gəlmişəm, gəlinin başına daş düşüb. Bir bizimkiləri soruşmur, gəlib ayaqlarımı yumur».

— Sən gözləyirdin Katya gəlib sənin ayaqlarını yuyacaq? – Kamilin heyrətinin sonu yox idi.

— Nə gözlərini bərəldirsən, niyə də yumasın?

— Nəsə inana bilmirəm, — Kamil qəhqəhə ilə güldü, öz otağına keçəndən sonra da hələ bir müddət onun qəhqəhələri eşidildi

Başa düşə bilmədi, bu nəyə gülürdü, gülməli nə vardı burda? Olmaya sən kəndə gələndə bizimkilər ayaqlarını yumurdular? Bəs onda niyə gülmürdün?

Səhər tezdən onları yola salan Katya Mətləbin harda qalacağını soruşanda Kamil dedi ki, bizimlə qalacaq. Katya: — Bizdə darıxar, maraqsız olarn onunçün, sən ona kirayə ev tut, — dedi. – Moskvaya işləməyə gəlibsə, burda uzun müddət qalacaqsa, ayrı yaşaması məsləhətdi.

Katyaya cavab vermək istəyirdi, özü də əməllicə, qoy həddini bilsin. Demək, mən qardaşımını evində darıxacağam, cansıxıcı olacaq mənim üçün. Xeyr a, gəlin, mən yox, sən darıxacaqsan, belə bağrın çatlayacaq! Yerinizi darısqal eləyəcəyəm axı. Moskvaya tam zamanında gəlmişəm, yoxsa bu qız qardaşımı minəcəkmiş, minib çapacaqmış. Kamil imkan vermədi, qoluna girib həyətdə saxladığı maşınına apardı. Hələ bir məsləhət də verirdi, Katyaya çox baş qoşma, qoy danışsın özüyçün.

— Demək, düşürtməyim?

— Nəyi?

— Gəlini! – Kamildən nə qədər çəkinsə də səsinin gur yerinə salmışdı.

— Sən gəlini hardan düşürtmək istəyirsən?

— Boynundan! Qardaşımı minsinlər, mən də durum baxım? Görə bilməz!

Kamil onu narazı baxışlarla süzüb başını yırğaladı, məzəmmətləyirdi, sən bura iş görməyə gəlibsən, ya razborka aparmağa? Haçandan boyundan adam düşürdən olubsan? Başını hara gəldi soxma, sənlik deyil. Sənin əlindən olsa-olsa ancaq bir iş gələr, ola yaxşıca pulun, gedəsən Meymundu, nədi, onun yanına, o da sənə şərait yarada. Mətləb dərinə getmədi, əşşi, mənim nə işimə, sənə görə deyirəm. Bir halda sənə xoşdu, gəzdir, heç düşürtmə!

Kamil Mətləb üçün bazarların birində yer aldı, pul da verdi. Mətləb bura gələn alverçilərdən, digər bazarlardan meyvə-tərəvəz alıb satırdı, qazancı da pis olmurdu. Qonşuluğunda gül satan Kərim adlı oğlan da ona kömək eləyir, məsləhət verirdi və Mətləb getdikcə bu işə alışır, öyrəşir, püxtələşirdi. Hər axşam qazandığı pulları Kamilə verirdi, ilk günlər pul elə də çox olmurdu, yüz, yüz əlli manat, ay yarımdan sonra isə Mətləb axşamlar Kamilə altı yüz manatdan aşağı pul vermirdi. Hətta Mətləbin nəyəsə yaradığına böyük şübhəsi olan Kamil də başlamışdı onu tərifləməyə. Oğul deyilmiş ki, qızıl parçasıymış, zərrəcə də günahı yox imiş, sadəcə balıq dənizə can atırmış. Mətləb üçün kirayə ev tutmaq istəyirdi, gedib ailə-uşağını da gətirsin. Üçüncü ayın sonunda Mətləb alababat bir maşın da aldı və işləri lap rəvan getməyə başladı. Daha avtobuslarda yük daşımır, pulunun çoxunun taksilərə vermirdi. Maşın işlərini xeyli asanlaşdırmışdı, çox alır, çox da satırdı. Hər şey yaxşı idi, bircə Katya ilə keçinə, dil tapa bilmirdilər, hansı mövzuda danışırdılarsa, sonu mübahisə ilə nəticələnirdi.

Bir gün Kərim dedi, üç aydı Moskvadasan, hər axşam qardaşıngilə gedirsən, tanış qızlarım var, gecə gedək onlara. «Yox, — boyun qaçırdı, — söz vermişəm, bir də belə işlərə pul xərcləməyim. İki qəpik qazan, başına daş sal, sonra da qardaşına hesabat ver. Lap gizləsən də xeyri olmayacaq, cikinə-bikinə kimi öyrənəcək». «Ay kəndçi bala, yoxsa Moskvada oğlan qalmaq istəyirsən? – Kərim onu lağa qoymuşdu. – Sonrası da kim deyir, pul xərclə? Özümüzkülərə şəkin getməsin, burda qızlar sənin üçün pul xərcləyirlər. Mən çaxır, kolbasa alacağam, sən də bir-iki kilo almadan, armuddan götür». «Belə de də! – razılıq verdi. – Alma-armudla başa gələndisə, mən hazır!»

Axşam Kamilgilə zəng elədi, tərslikdən Katya götürdü telefonu, dilxor halda dedi ki, onu gözləməsinlər, bu gecə gəlməyəcək, dostugilə gedir.

— Matalab, sabah necə, gələcəksənmi?

— Gələcəyəm, sənin acığına! – deyib dəstəyi asdı

Onun maşınıyla getdilər Kərim deyən ünvana. Kərimin tanışı qəşəng, mehriban qız olan Olya onun tək deyil, dostuyla gəldiyini görüb zəng elədi və bir qız da gəldi. Bu qız da pis deyildi, ancaq Olyaya çatmazdı, Kərim gül alverçisiydi, qızların da gülünü seçmişdi. Qızlar mətbəxə keçib bir anlığa onları tək qoyanda onun əhvalını hiss edən Kərim əyilib qulağına pıçıldadı:

— Ürəyincə deyil?

— «Mersedes» olan yerdə sənin «Moskviç»dən xoşun gələr?

— Nədən? – Kərim qulaqlarını şəklədi.

— Əşşi, heç nədən! – gül satan belə incə mətləbləri qanan deyildi.

— Narahat olma! – gül satan düşündüyü qədər də qanmaz deyilmiş. – Sabah sənin üçün BMV gətirdərəm, özü də son model.

Qızlar süfrə açdılar, meyvələri yuyub gətirdilər, pendir, kolbasa doğradılar, çaxır şüşələrini qoydular süfrəyə. Çaxır içir, söhbət eləyirdilər. O rusca alababat danışırdı, Kərimə isə yalnız həsəd aparmaq olardı, Moskva ləhcəsi ilə elə təmiz danışırdı ki, deyərdin, elə burda anadan olub. Lətifələr danışır, qızları güldürürdü. «O vaxtlar Bakıdan bura gələnlər uzun dimdik, aerdrom şapkalar geyirdilər, dəbdəydi. Biri gəlir, rus qızı ilə evlənir, uşağı da olur, çxıb gedir. Bir dəfə qızdan soruşurlar, uşaq atasına oxşayırmı? «Nə bilim, — deyir, — şapkasını çıxardırdı ki?» Qəhqəhə ilə güldü, qızlar da ona qoşuldular, o da özünü saxlaya bilmədi, dodaqları qaçdı. Çaxırla dolu qədəhi kənara itələyib ayaa qalxdı. «Bu nədi içirik? – dedi. — Elə bil limonaddır, ya da turşumuş kampot. Adamı açmır!» Küçəyə çıxdı, iki şüşə araq alıb gətirdi. «Əhsən! – Kərim onu tərifləyirdi. – Əslində elə mən də tünd bir şey içmək istəyirdim, qızlar çaxır istədilər». Yalnız bir-iki qədəh araq içəndən sonra kefi kökəldi, indi qız ona «Moskviç» təsiri bağışlamırdı. Üzünün çilləri, həddən ziyadə sarı saçları, sanki çiyinlərini bitişmiş kimi görünən qısa boynu daha onu çəkindirmirdi. Qızların çaxır istəməsi boş söhbətmiş, arağı onlardan çox içirdilər.

Sonra da Olya maqnitafonu qoşdu, ancaq rəqs eləmək istəkləri ürəklərincə alınmadı. O heç ağlı başında olanda əməlli-başlı rəqs eləyə bilmirdi. Qızın ayaqlarını tapdaladı, toxunub stulları aşırdı, iki-üç dəfə qız qarışıq divana yıxıldı və nəhayət yatmağı qərara aldılar.

İkilikdə qalandan sonra Mətləb qızdan adını soruşdu, ancaq ani olaraq səhvə yol verdiyini başa düşdü, belə məqamlarda qızın adını soruşmamağı çox ağıllı bir insan ona məsləhət görmüşdü, artıq gec idi.

— Zara, — qız dedi.

— Ne…cə?! – qulaqbatıran səslə qışqırdı.

Qız özünü itirmişdi, səsə Olya ilə Kərim də gəldilər, nə baş verdiyini anlaya bilmirdilər. «Bunun adı Zaradı! – o da gözləri alacalanmış halda deyirdi. – Gəldi burda da tapdı məni bu zarazalar!» «Ay qoyun, niyə bağırırsan?- Kərim onu sakitləşdirməyə çalışırdı, bayaqdan Mətləbin əlindən yanıqlıydı, ayı kimi rəqs eləyib onu qızların yanında başı aşağı eləməyi az imiş, indi də böyürürdü. Nə var, bunun adı filanmış. – Özünü harda hiss eləyirsən, ay heyvərə? Nə olar adı Zara olanda?» Onun qırıq-qırıq izahatlarından Kərimə yalnız bu aydın oldu ki, onu öldürsə də, Zara adlı qızla bir otaqda yatmayacaq. İşi belə görüb, mənim üçün fərqi yoxdu, dedi, Zara olsun, ya Mara. Olya razılaşsa, get onun otağına. Olya etiraz eləmədi. «Bir halda sənin üçün fərqi yoxdusa, mənim üçün də fərqi yoxdu! – dedi. – Bu oğlanı elə əvvəldən gözüm tutmuşdu».

Səhər tezdən isə Olya oyanıb onu yatağında görəndə hirslənib özündən çıxdı. Siz məni nə hesab eləyirsiniz, mən sizin üçün nəyəm? Olmaya cansız əşyayam, çarpayıyam, ya balış, haçan hansınız istədi, istifadə eləsin! Sərxoşluğumdan istifadə eləyib mənə təcavüz eləyibsən, indicə polis çağıracağam! «Ay qız, polisə nə ehtiyac var? – qorxuya düşmüş Mətləb qızı başa salmağa çalışır, ürəyində isə Kərimi söyürdü, dedim axı getmirəm, bunlar hər yerdə eynidilər, çətini çaynaqlarına keçirənə kimidi, sonra adamın başına it oyunu açırlar. Di gəl əbləh qulaq asmadı. – Hər şey xoşluqla, razılıqla olub. Gecə məni gözü tutan sən deyildinmi? Mən Zaranı istəmədim, Kərim getdi onun yanına». Qız sanki yuxudan ayıldı, görünür gecə baş verənləri xatırladı. «Siz qaralar beləsiz! – hirslə dedi. – İndi ki, belə oldu, qoy bir də mənim otağıma gəlməyə cürət eləməsin!» «Narahat olma! – qızı arxayın elədi. – Kərim bir də bura ayaq basmayacaq, özümə nə gəlib!»

Evdən çıxıb bazara gedəndə Kərimə deyirdi ki, BMV- ni özünçün gətirərsən, özü də hansı modelindən istəsən. Bu gündən başlayaraq hər iki-üç gündən bir Olyagilə gedirdilər, Kərim üçün başqa-başqa qızlar gəlirdi, o isə Olyadan başqa heç kimə maraq göstərmirdi. Amma hər gecə yatağa girəndə Olyanın yadına salırdı. «Olya, hər şey xoşluqla olur ha. Yoxsa bir də gördün səhər tezdən oyanıb polisə zəng eləmək fikrinə düşdün».

Kamil onun arada evə gəlməməsinin səbəbini başa düşmüşdü, onu danlayırdı. Burda tanımadığın, bilmədiyin qızların arxasıncan qaçırsan, pul yığ, get arvad-uşağını gətir. O da etiraz eləməyə, ürəyindən keçənləri deməyə cürət eləməsə də, Kamilin dediklərini qulaq ardına vururdu.

Günlərin birində göy gözlərindən sırtıqlıq yağan, sarışın saçlı çəlimsiz bir oğlan bazara gəlib Mətləbdən onu tanıyıb tanımadığını soruşdu. Əslində isə soruşmur, sanki demək istəyirdi ki, tanımalısan. Mətləb də başını yırğalayıb tanımadığını dedi, həm də elə dedi ki, yəni niyə də səni tanımalıyam, tanımıram, heç tanımaq da istəmirəm. Oğlan onun səsinin tonunu hiss eləsə də, özünü o yerə qoymadı.

— Krışan var? – soruşdu.

— Nəyim? – Mətləb heyrətlə səsləndi.

— Krışan!

— O nə olan şeydi?

— Nə demək olduğunu bilmisənsə, demək, yoxundu! – oğlan qətiyyətlə dedi. – Bundan sonra mən sənin krışan olacağam.

— Krışa mənim nəyimə lazımdı? Səndən kim xahiş eləyib mənim krışam olasan?

— Oğlum! – oğlan sifətinə müdrik bir ifadə verdi. – Krışa hər bir adama lazımdı, yağışdan, günəşdən, daşdan-kəsəkdən qorumaq üçün.

— Yəni sən məni yağışdan, günəşdən qoruyacaqsan? Get, işinlə məşğul ol, sənin özünü qoruyan lazımdı!

— Nəhayət gəldik mətləbə! Ayda iki yüz dollar! Mən səni havayı qorumalı deyiləm.

— Kırışa qardaş, mən ayda iki yüz dollar qazanmıram, hardan gətirib verəcəyəm sənə iki yüz dolları? Axşama kimi burda can verim, dil töküm, tər töküm, beş qəpik qazanım, onu da verim sənə? Yox, məni bağışlayacaqsan! Mənə kırışa –filan lazım deyil.

— Bu işdə yox olmur, — oğlan etinasız halda amma inamla deyirdi, — sən pulu verməlisən.

— Verməsəm nə olasıdı?

— Günlərin birində küçəylə getdiyin yerdə yeniyetmə bir qız uşağı qarnına bıçağı soxar, bazara gəlib çəki daşını başına vura bilərlər. Nə bilim qıçın sına, başın əzilə bilər. Bax işinə.

Gül satan da gəldi və heç gözləmədiyi halda kırışanın tərəfini saxladı, məlum oldu ki, gülsatanın da kırışası var və bazara ayaq basdığı gündən ona kırışalıq eləyir. O isə əl-ayağını dağıdırdı, ay qardaş mən burda keşniş, şüyüd satmaqla qəpik-quşruş qazanıram. Bir halda bütün qazandıqlarımı buna verəcəyəmsə, niyə bazarda işləməliyəm? Oğlan ona sifətini turşudub qulaq asırdı, nəhayət hirslə:

— Yaxşı, yüz dollar! – dedi.

— Mən ayda yüz dollar qazanıram, onu da sənə versəm, özüm necə dolanaram?

— Əlli dollar! – oğlan hirslə qışqırdı.

— İyirmi, — Mətləb sakitcə dedi.

— Necə həyasız adamsan sən! – oğlan bir dəstə keşnişi Mətləbin sifətinə çırpıb çıxıb getdi.

Mətləb yanıb yaxıldı, heç yerdən ayda sənə iyirmi dollar verəcyəm, bəsin deyil. Sağ ol demək əvəzinə, keşnişi sifətimə vurursan! Gülsatanla da məsləhətləşdi, neyleyim, oğraş yandırdı məni, onu ayağımın altına salıb tapdalasam, necə olar. Ağlına da gətirmə, gülsatan qorxmuş halda xəbərdarlıq elədi, onlara toxunmaq olmaz, toxunsan, başın gedər.

Sonrakı günlərdə də göygöz oğlanı bazarda görürdü, oğlan onu qanlı-qanlı süzür, ancaq heç nə demirdi. Yalnız bircə dəfə yaxınlaşıb, mən indiyə kimi kimdənsə iyirmi dollar almamışam, dedi, sən belə elə, iki aydan bir əlli dollar verərsən. Razılaşdı, ürəyində isə iki ay az vaxt deyil, deyirdi, ona ya sən düşüb kiminsə əlində ölərsən, ya da mən çıxıb öz Vətənimə gedərəm.

Bir gün bazara üç nəfər nataraz görkəmli cavan oğlan gəldi və Mətləbin kırışasını saldılar təpik-yumruq altına, onu hər cür təbii fəlakətlərdən qorumalı olan kırışa yerdə qıvrılır, təpiklər altda yumaq kimi açılıb yığılırdı. Olan şey deyildi, Mətləbin ağzı açıla qalmışdı. Dözə bilmədi, çəki daşını götürüb cumdu oğlanların üstünə. «Ayə, mən ölmüşəm, mənim kırışamı vurasız?!» Oğlanlardan birini vurub yıxa bildi, çəki daşı nə bilir nataraz nədi, ancaq ikincisini vura bilmədi, boynunu kökündən dəyən yumruq onu çul kimi yerə sərdi. Haçandan haçana ayıldı, oğlanlar başı üzəində dayanmışdılar. Üzünə su çiləyib ayıltdılar və təzədən vurmağa başladılar, bir xeyli vurub, əl çəkdilər. Krışaya iki aydan bir əlli dollar verməli olacağını eşidib, dedilər ki, onu elə bu cür əbləhliklərinə görə vururduq. Bundan sonra bizə ayda əlli dollar verəcəksən. İstədi etiraz eləsin, amma natarazların zəhər daman sifətlərinə baxıb fikrindən vaz keçdi.

— Sizdəmi məni yağışdan-qardan qoruyacaqsız? – qorxa-qorxa soruşdu.

— Yox, — dedilər, — yağışdan özün qoruna bilərsən. Yağışdan qoruna bilməyənin Moskvada nə işi var? Biz səni adamlardan qoruyacağıq.

Axşam Kamil ondan sir-sifətinə nə olduğunu soruşanda, krışamı döyürdülər, dedi, istədim ona kömək eləyəm, məni də qatdılar krışama. Neyləyə bilərdim, üç nəfərdilər, hər biri də lay divar. «Ay alçaq! – Kamil hirsələnmişdi. – Bu nə cür krışadı ki, özünü qoruya bilmir. Nəydi, sən krışaya krışalıq eləmək fikrinə düşmüşdün? Bir halda görürsən adamlar lay divardılar, yəni sənin meydanın deyil, hara cumursan? Allahına şükür elə, salamat qurtarıbsan!»

Bu hadisədən o qədər keçməmiş Kərimin əlində qaz tapançası gördü, Kərim heyranlıqla tərifləyirdi. Əsl tapança bunun yanında boş şeydi, dezodrant kimi hava püskürür. İstəyirsən əjdahanın sifətinə püskürt, tirtap uzanacaq yerə. Onu da qaz tapançası almağa həvəsləndirirdi, almaq istəyirdi, ancaq Kamil qəti etiraz elədi: «Oyuncağa niyə bir ətək pul verirsən? Qız deyilsən, qaçırdalar. Olmaya kiminsə bazara basqın eləyib bir dəstə keşnişini, qoxumuş heyvalarını aparacağından ehtiyat eləyirsən?» «Qağa sən məni bir dəfə başa düşmədin də! Olsaydı tapançam, krışamı döyənləri sərərdim yan-yana!» «Ay alçaq, sən onları yan-yana sərsən, boğazını üzərlər, cücə boğazı kimi! Keşnişini satmırsan, gör kimləri yan-yana sərmək fikrinə düşürsən!» Qulaq asmadı, belə tapançaya sahib olmaq istəyi ona rahatlıq vermirdi. Pul yığıb həmən tapançadan aldı. Di gəl tapançadan istifadə eləmirdi, basqınçılar, divlər üstünə gəlmirdilər ki, silahını işə salsın. Düzdür, arada natarazlardan hansı birinisə bazarda görürdü, ancaq gözhünün odunu almışdılar, onları qazla uyutmağa cürət eləmirdi. Hər şey yaxşıydı, özünü arxayın hiss edirdi, müdafiə qüdrəti artmışdı, silahı sınaqdan çıxartmaq arzususa arzu olaraq qalırdı. Tapança fikrinə-zikrinə hakim kəsilmişdi, ona bir an olsun belə rahatlıq vermirdi, çox fikirləşib Kərimə üz tutdu. Gəl bunu sınaqdan çıxardım, deyirdi, sən dayan, sifətinə bir az qaz püskürdüm. Görüm təsir eləyirmi? Kərim ağciyərin birisiymiş. Razı olmadı, nə bilmək olar, dedi, bəlkə bayıldım, heç ayılmadım? Onda necə olsun, hansı ağlı başında olan silaha etibar eləyər? Kərimi razı salmaq üçün əlli dollar boyun oldu, gül satan canını çox istəyirdi, yox deyib durdu, ancaq məsləhətini də verdi. «Gedək donuz fermasına, əlli dolları verib bir donuz balası alaq. Axşama kimi silahını sınaqdan çıxart, xətrin nə qədər istəyir, o qədər də qaz püskürt, bayılt donuz balasını!» Razılaşmadı, donuz balasıyla silahın nəyə qadir olduğunu bilə bilməzdi. Donuz başqa, insan başqa, bəlkə donuzu uyudacaqdı, insanı yox. Arada ağlına gəlirdi hər şeyə dodaq büzən Katyanın sifətinə püskürtsün qazı, ancaq Kamildən ehtiyat eləyirdi. Deyəcəkdi, mənə qulaq asmayıb tapança almağın azılq eləyir, hələ bir gətirib arvadımın üzərində sınaqdan çıxardırsan. Amma heyf, Katyanın yerə sərilib uyumasına baxmaq nə ləzzət verərdi. Yox əşşi, xətalıydı, burnunu sıxsan canı çıxardı, uyudu, ayılmadı, onda necə olardı. Kamil heç şübhəsiz onu da uyudardı, özü də birdəfəlik. Yaşayıb urusların içində, götürüb onların adətlərini, Katyanı canından çox istəyir. Yenə də gülsatanın üzərində dayandı. Tapançanı sınaqdan çıxartmaq üçün ən münasib obyektdi, yeyib-içib, gillik kimi qıpqırmızı, qaz buna neyləyəcəkdi, uzağı beş-on dəqiqəliyə uyuyacaqdı.

— Yüz dollar verirəm, — dedi.

— Yüz? – Kərim tərəddüd eləyir, qorxurdu, ancaq tamahı da güc gəlirdi.

— Hə! Vur-tut bircə seans üçün. Unutma ki, yüz dolları küçəyə tökmürlər.

— Orası elədi, — Kərim boynunun dalını qaşıdı, ancaq birdən əl-ayağa düşdü. – Bir seans-filan nədi? Olmaya sən o lənətə gəlmişi beş-on dəfə sınaqdan çıxartmaq istəyirsən?

Qorxu tamaha güc gəldi, Kərim yenə razılıq vermədi.

Həftənin sonunda Kamil dostları ilə birlikdə Moskva ətrafındakı gölün sahilinə gedəndə onu da dəvət elədi, əslində, Kamilin məqsədi onu dostları ilə tanış eləmək idi. Toğlu da almışdılar, gölün sahilindəki çəmənlikdə süfrə açdılar, toğlunu kəsib manqal yandırdılar. Kamilin dostları xanımlarını da gətirmişdilər. Burda neçə günü gizli saxladığı sirri manqalda kabab bişirən Kamilə açdı.

— Qağa, axır aldım, — Kamilin sifətinin necə dəyişməsinə əhəmiyyət vermədən lovğalanırdı. – Özü də əlasındandı! Aldım da! Xatircəmlik üçün. Qoy bizdə də silah olsun, kimdən əskiyik? Əla şeydi!

— Avara şeydi! – Kamil möhkəm hirslənmişdi, ancaq qonaqların yanında hirsini qardaşının üstünə tökə bilmirdi, dişi bağırsağını kəsə-kəsə astadan, pıçıltı ilə dedi. – Ay axmaq, bircə tapançan çatmırdı!

— Qağa, sənin canın üçün avarasından döyül! Keyfiyətlisindəndi! İstəyirsən, yoxlayaq?

— Nə cür yoxlayacaqsan? – Kamili od götürmüşdü. – Üzümə püskürdəcəksən?

Burasını fikirləşməmişdi, bu lənətə gəlmişi necə yoxlasın? Bəlkə toğluya sarı tuşlasın? Heyf, toğlunu da kəsmişdilər, əvvəldən baş işlətmək lazım idi. Kamil toğlunu kəsəndə o da tərpənməsin deyə ayaqlarından tutub saxlamışdı. Bizimkilər belə olmur, rus toğlusu elə çapalayırdı, az qala qollarını qıracaqdı.

Dilxor halda süfrənin kənarında oturmuş qonaqların yanına gəldi, qızğınlıqla danışır, onları inandırmağa çalışırdı ki, tapançası keyfiyyətlidi, sovet dövrü olsaydı üstünə keyfiyyət nişanı da yapışdırardılar. Qonaqlar dodaqaltı qımışırdılar, aşkar hiss olunurdu ki, ona da, tapançasına da lağ eləyir, dediklərinə inanmırlar.

— Bir halda vacibdi, çıxart sınaqdan, — eynəkli kişi dedi, iri eynəyi balaca sifətinin çoxunu tutmuşdu və elə buna görə də bilmək olmurdu, ciddi deyir, ya lağ eləyir. – Bizdən nə gedir? Sonradan danışmağa mövzumuz olar, hər adama kimyəvi silahın sınağında şəxsən iştirak eləmək nəsib olmur.

— Nə deyirəm, baxın görün necə püskürür! – Mətləb tətiyi çəkmişdi, tapança fısıltı ilə qaz püskürürdü, ancaq tapançanı küləyə sarı tutduğundan, külək qazı qaytarıb məclisdəkilərin üstünə gətirirdi. Qonaqların gözləri axır, nə baş verdiyini anlamadan bir-bir süfrə üstə yıxılırdılar. Bir azdan özü də səntirlədi, huşunu itrib yıxıldı.

Kamil geri qayıdıb qonaqlarının yerə sərildiklərini, ortalıqda isə qaz tapançasını görəndə işin nə yerdə olduğunu başa düşdü. Tapançanı götürüb gölə atdı, göldən vedrə ilə su daşıyır, qonaqların üz-gözünə vururdu. Çətin ayılırdılar, ayılanlar da özlərini yaxşı hiss eləmirdilər. Ürəyləri bulanır, başları hərlənirdi. Kamil çox təkid eləsə də, dostlarından heç kim qalmadı. Ən çox da qadınlar hay-həşir salmışdılar, onun üzərində başqa, daha qorxulu silah olacağından ehtiyat eləyirdilər. İri eynəkli kişinin arvadı lap fəallıq göstərirdi, düşmüşdü ərinin üstünə. Sənə dedim axı getməyək, qaraların hər cür silahları olur, sənsə şellənirdin, kimyəvi silahın sınağında şəxsən iştirak eləmək istəyirdin, elədin, hər adama nəsib olmayan sənə nəsib oldu, sonradan danışmağa bəs qədər mövzun olacaq.

Ən gec ayılan Katya oldu, rəngi saralmışdı, ona qorxa-qorxa baxır, bir az da saralırdı. Oy, ujas, qorxmuş halda səsləndi, Matalab, sən neylədin? «Neyleyim, günah qağamda oldu, — Mətləb də özünə haqq qazandırırdı, — dedi avarasındandı, cin vurdu beynimə. Yoxladım da, yəni görüm avarasındandı. Avarasından döyülmüş, xalis mal imiş. Halal olsun, kişilərin başı işləyir, gör nə mal buraxırlar da. Beşcə dəqiqədə hamını yerə sərdim!» «Səndə beyin yoxdu, — gözlədiyinin əksinə olaraq Kamil hirslənməmişdi, sakit danışırdı, — bəs onda cin harana vurub?»

Qoluna girib onu gölün sahilinə gətirdi, üzə bilmədiyini bilirdi, dedi ki, sən neylədiyinin fərqində deyilsənsə, demək, hələ ayılmayıbsan, mən yorulmuşam, göldən su daşıya bilmərəm, özün suya baş vursan yaxşıdı. Belə deyən kimi də, onu itələyib gölə saldı. Mətləb əl-qol atır, çapalayır, sahilə can atırdı. Sahil yarğan idi, əlini atır, yarğanın kənarından yapışmağa cəhd eləyirdi, ancaq nəm torpaq, otlar qopub əlində qalır, təzədən sürüşüb gölə düşürdü. «Qardaşım, neyləyirsən? – Kamilə yalvarırdı. – Niyə öldürürsən məni?» «Bəs sən niyə öldürdün məni? – onun çapalaması Kamilə aşkar ləzzət eləyirdi. – Sənin qovduqlarının hesabına mən Moskvada adam olmuşdum. Sənsə onları qaz ziyafətinə qonaq elədin, dağdan ağır kişilərin sifətinə qaz püskürdüb, yerə sərdin. Ay əbləh, səncə onlar bunu mənə bağışlayacaqlarmı?»

Mətləb göldə xeyli çapaladı, axır Kamil bu qənaətə gəldi ki, o doğrudan da boğulmaq üzrədir və əlindən yapışıb göldən çıxartdı. Çəmənlikdə uzadıb heç halıyla maraqlanmadan da yır-yığış eləməyə başladı. Balıq kimi ağzını açıb-yumur, hələ də xilas olduğuna inana bilmirdi. Qardaşı daş ürəkliydi, ona zərrəcə də rəhmi gəlmirdi, Katya da haçandan-haçana gəldi. Mişa, heç yaxşı olmadı, dedi, bilmək olmurdu, nəyi nəzərdə tutur, onun göldə boğulmasını, ya özünün qazdan huşunu itirməsini.

Katyanın etinasız halda danışması ona göldə boğulmasından ağır gəlirdi. Gəlinə bax, səhərdən göldə çapalayır, boğulur, səsini çıxartmır, indi gəlib, Mişa yaxşı olmadı. Kənarda durub baxıncan Kamilin əlindən yapışa, ya da kömək eləyib onu göldən çıxara bilməzmiş. Yüz dəfə deyib, mənə Mişa demə, Matlab de, ancaq demir, bilərəkdən demir, «Mişa»sıyla ona dağ çəkir.

— Nə yaxşı olmadı? – hirslə dedi, ancaq elə astadan ki, Kamil eşitməsin. – Dünya dağılıb? Qardaşa bax, arvadının üzünə bir balaca qaz püskürmüşəm, az qala məni suda boğacaqdı.

— Səni mənə görə yox, qonaqlara görə suda boğurdular! – Katyanın sifətindən zəhər damırdı.- Mənə qalarsa düz də eləyirdilər! Sənin kimi idarə olunmazı belə böyük şəhərə gətirmək yanlışlıqdı! Sonrası da sənin qardaşındı, sözün var, özünə de.

— Ağıllı söz dedin, qardaşıma deyim, təzədən tutub atsın gölə! Böyük şəhərə gəlib neyləmişəm, havasın pozmuşam, ya suyun kəsmişəm?

— Neylədiyinin bir az bundan əvvəl şahidi olduq. Belə gedərsə, səni durduran olmazsa, hələ çox bu kimi mənzərələrin şahidi olacağıq!

Kamilin gəlişi sözünü deməyə imkan vermədi, yana-yana qaldı. Şəhərə qayıdanda da dinib danışmırdılar, nəsə danışası halda deyildilər, gölün sahilində yeyib-içmək, dincəlmək arzusu və bu arzunun yaratdığı ovqat büsbütün yoxa çıxmışdı. Mətləbin isə suya düşən cücə görkəmi var idi, göldə boğulmağı azlıq edirmiş, Katya da ona kifayət qədər əzab vermiş, yandırıb yaxmışdı.

Bu gündən başlayaraq hər qardaşıgilə gedəndə Katya gözlərində qorxu hissi onun əllərinə, çantasına baxır, bununla kifayətlənməyib Kamili də çağırırdı. «Kolya, bir bax, gör Mişa nəsə gətirməyib ki?» O da inciyir, elə buna görə də çox vaxt Olyagilə gedir, qardaşıgilə təsadüfdən-təsadüfə baş çəkirdi. Heç Kamil də onun harda itib-batması ilə maraqlanmırdı. Bir dəfə də Kamilgilə gedəndə Katyanın çıxmasını gözləmədən özü Kamili çağırmağa başladı, qapının ağzında dayanıb səsinin yoğun yerinə salmışdı:

— Kamil, Kamil!

— Nə var? – səsə çıxan Kamil heyrətlə soruşdu. – Niyə bağırırsan? Yavaş ay heyvərə, qonşular deməzmi bu niyə böyürür?

— Gəl üstümü axtar da!

— Niyə? – Kamil gözlərini döyürdü.

— Necə yəni niyə? Guya niyəsini bilmirsən? Qardaş qardaşın evinə gələndə üstünü axtararlar da! Birinci dəfədi?

Kamilin qan sağılan gözlərinə baxıb ürəyindən keçənləri deyə bilmədi, qardaşım, nə gözlərini bərəldirsən, yalan deyirəm. Hər gün arvadın demir, Kolya bunun üst-başını axtar. Söz yox, sən axtarmağa utanırsan, yəni utanmasan axtararsan, arvadına xoş getsin deyə lap ağzımın içinə də baxarsan. Amma bircə dəfə də olsun arvadına deyə bilmirsən ki, ay tünbətünün qızı, mən qardaşımın üstünü niyə axtarmalıyam?

***

Axşamçağı bazardan çıxanda küçədə öz kəndçiləri ilə rastlaşdı, gözlərinə inana bilmirdi. Yatsaydı yuxusuna da girməzdi Moskvada, bu nəhəng şəhərdə öz kəndçilərini görəcək. Qucaqlaşıb öpüşdülər, məlum oldu ki, kəndçiləri gül alıb Moskvaya gətiriblər, yaxşı da satıblar. İndi də gecələməyə yer axtarırlar. «Nə danışırsız? – Mətləb onları məzəmmətlədi. – Öz yerliniz Moskvada yaşaya, evi ola, siz də gedib başqa yerdə qalasız? Heç elə şey olar!» «Yaxşı çıxmaz, — kəndçiləri etiraz eləyirdilər. – Biz beş nəfərik. Özümüzə şəkin getməsin, buralarda belə şeylərə yaxşı baxmırlar». «Boşlayın görüm! – Mətləb yerlilərini az qala zorla maşınına mindirdi. – Elə danışırsız, elə bil bir eldən-obadan deyilik!»

Qapını onun üzünə Kamil açdı, arxadan da Katya boylanırdı, qadının gözlərində sonsuz heyrət, təşviş hissi var idi. Kamil də gələnlərə təəccüblə baxırdı. Mətləb isə qonaqları içəri dəvət eləyir, eyni zamanda Kamilə izahat verirdi. «Qağa, tanımadın? Kəndçilərmizdi, gül satmağa gəliblərmiş. Görürəm qalmağa qəstin axtarırlar. Qoymadım, hamısını yığıb gətirdim!» Qürurla dediklərinə qardaşının reaksiya verməməsi, əksinə, qaşqabağını tökməsi Mətləbi çaşdırdı. Nə oldu buna, evinə qonaq gəlir, bu isə mısmırığını sallayır. Hə də, yaşayıb İvanların içində, götürüb Katyakimilərin xasiyyətini, əlbəttə, qonaq-qaradan xoşu gəlməz. Doğma qardaşına xoş üz göstərmir, qalıb başqasının üzünə gülsün.

Yerliləri sıxıla-sıxıla içəri keçir, onları soyuq qarşılayan Kamillə çəkinə-çəkinə görüşürdülər. Mətləbsə qardaşının qonaqları necə qarşılamasının fərqində deyildi, canfəşanlıqla oturmağa yer göstərir, Katyaya çay dəmləməyi tapşırırdı. Qonaqlar üçün çay gətirməyə gedəndə dil-boğaza qoymur, üyüdüb tökürdü: «Bir bunlara bax, qəstinə getmək istəyirdilər. Heç qoyardım, hamısını yığıb gətirdim!» Kamil yana-yana: «Ay oğraş!- dedi. – Ölüsüsən də qonaq qəbul eləməyin! Sən belə elə, sabahdan get aerporta, Azərbaycandan nə qədər uçub gələn varsa, hamısını yığ gətir, birini də qoyma qəstinə gedə. Bir halda qardaşının Moskvada evi varsa, nəyə görə yerlilərimiz gedib orda-burda gecələsinlər?»

Katya şam hazırladı, yeməkləri stola Mətləb daşıyırdı, axırda Kamil ona bir şüşə araq verəndə Mətləb heyrətini gizləyə bilmədi.

— Elə bu?

— Bəs eləməz?

— Gör neçə nəfərik?

— Olanı budu! – Kamil sərt səslə dedi, görünür qardaşını yerində oturtmaq lazım olduğunu başa düşmüşdü, yoxsa çox baş aparacaqdı.

Mətləb başını yırğaladı, bir söz demədən küçəyə çıxıb beş şüşə araq alıb gətirdi. Şüşələri stolun üstünə düzəndə Kamilin gözləri kəlləsinə çıxmışdı, bu qədər arağı kim içəcəkdi? Mətləb isə özündən razıydı, kişinin evinə qonaq gəlib, beş nəfər, bu isə utanmır, bir şüşə arağı qoyur stolun üstünə, elə bil camışa fincanda su verirsən. Doğmaca yeznəsini evdən qovan kişidən bundan artıq nə gözləyəsən?

Yeyib içirdilər, araq bol idi, ancaq yemək tez qurtardı, yerlilərinin yanında xəcalətli qalmamaq üçün Mətləb iki-üç dəfə də küçəyə çıxmalı oldu. Kolbasa, pendir, konserv alıb gətirdi, çörəyi isə heç çatdırmırdı, yerliləri sanki bir ilmiş çörəyə həsrətmişlər, çörəyin süfrəyə qoyulmağı ilə qurtarmağı bir olurdu, sanki küləşə od vururdun. Aldıqlarını hər dəfə də stolun üstünə qoyanda təntənə ilə deyirdi. «Yeyin, için, şənlənin! Getməyə tələsməyin, nə var o kənddə? Beş-altı gün də qalın, gəzin, dolanın. Hər axşam da bura gəlin, elə bilin öz evinizdi». Yerliləri məmnun qalmışdılar, razılıq eləyir, onu tərifləyirdilər, sənin kimi oğula can qurban. Sənin kimi cahil üçün cöngə kəsərik! Təriflər canına yağ kimi yayılırdı, ancaq yerlilərinin ifrata vardıqlarını hiss eləməyəcək qədər sərxoş deyildi, iş-işə gələndə heç çəpiş də kəsən deyildilər.

Mətbəxdə Katya pıçıltı ilə ondan soruşdu:

— Bunlar haçan gedəcəklər?

— Hara? – Mətləb duruxdu.

— Evlərinə!

— On gündən sonra! Haçan bilet olsa, onda! Azərbaycandadı evləri, ona görə. Nədi, kefin pozuldu? Qanın qaraldı? Qağamın evində qonaq saxlamağa ixtiyarım yoxdu bəlkə?

Katya ona heyrətlə baxır, inamsızlıqla çiyinlərini çəkirdi, doğrudanmı bu qara oğlan beş nəfəri burda saxlamaq istəyirdi? Harda yatacaqdılar? Cəmisi iki otaqları var idi, birində Mətləb yatırdı, birində də onlar, bu qədər adama yorğan-döşəyi hardan gətirəcəkdilər, olmaya döşəmənin üzərinə uzanıb yatacaqdılar? Özünü elə itirmişdi ki, ürəyindən keçənləri Mətləbə deməyə belə imkan tapmadı. Mətləbsə razı qalmışdı, nahaq yerə gözlərini bərəltmə, gəlin, qalacaqlar! Düzdü, sənə çətin olacaq, ürəyin ağrıyacaq, başına daş düşəcək, ciyərin yanıb kabab olacaq, amma fərq eləməz. Belə xırda səbəblərdən ötrü qonaqların xətrinə dəyə bilmərik.

Araq öz işini görürdü, əvvəlcə sıxılan, əl-ayağını qoymağa yer tapa bilməyən yerliləri araq şüşələri boşaldıqca ucadan danışır, nəyisə müzakirə eləyir, höcətləşirdilər. Kamil dinmirdi, qapqara qaralmışdı, bıçaq vursaydın, qanı çıxmazdı. Mətləb isə nə qədər çalışsa da, yerlilərini sakitləşdirə bilmirdi. Deyəsən, bu qənaətə gəlmişdilər ki, güllərin satışından qazandıqları pulu bərabər bölməyiblər. Mübahisə ilə kifayətlənmədilər, yumruqlarını da işə saldılar. Beş sağlam, güclü oğlan döyüşürdü, onları aralamaq üçün Mətləbin səyləri bir nəticə vermirdi. Qaşıqla üzünü cızdılar, başına yumruqla vurdular, aliminium qulpluca da gicgahına dəyəndən sonra yerində fırlandı, özünü saxlaya bilməyib şappıltı ilə döşəməyə sərildi və yalnız indi baxıb gördü ki, Kamil stolun altına girib, sakitcə oturub orda. Onun başına qışqırdı: «Ay oğraş, gir stolun altına!»

Yubanmadan Kamilin yanına süründü, ən təhlükəsiz yer elə buraydı. Yerliləri əvvəlki qızğınlıqla döyüşürdülər, ufuldayan, inildəyən kim, qışqıran kim.

— Keçək o biri otağa, — Mətləb gülümsəməyə cəhd eləyirdi, işləri korlamışdı, Kamilə yarınmağa çalışırdı. – Qoy qırsınlar bir-birlərini, yorulunca vuruşsunlar!

— Səni o otağa buraxan kimdi? Katya qapını içəridən bağlayıb. Yoxsa elə bilirsən bizə ürəyi yanacaq? Sonrası da sənin nə vecinə, sənin evini dağıtmırlar.

Kamil bəlkə də tədbirli adam idi, ancaq stolun altı heç də təhlükəsiz yer deyildi. Yerliləri artıq döşəmədə yumalanır, bir-birlərinə yumruq, şapalaq ilişdirirdilər. «Qaz tapançası indi lazımdı bizə! – Mətləb məzəmmətlə dedi. – Gölə atmasaydın, nə yerə sərərdim bunları! Qağa, sənə dedim də, dedim ki, bizə də silah lazımdı, silahsız yaşamaq mümkün deyil. Sənsə qulaq asmadın, gül kimi diləyi atdın gölə! Nə olar kiçik qardaş olanda, mənim də bildiklərim var da. Katya desəydi, pulemyot da almağa razı olardın. Razı olmadın, görürsən də halımızı?» «Mənə tərəf dön!» — Kamil etinasız halda dedi. Döndü, iki qardaş stolun altında bardaş qurub üz-üzə oturmuşdular. Kamil əl atıb onun yaxasından yapışdı, o biri əliylə də vururdu, alnından, başından. Gözlərindən qığılcım çıxan Mətləb başa düşdü ki, Kamil başını kal qarpız kimi əzəcək, yaxasını dartıb qardaşının əlindən çıxartdı, ayağa qalxdı, dalaşanların arasından birtəhər keçib çöl qapısını açdı və asılqanı çevirib, dəmir borusunu götürdü.

— Rədd olun!!! – səsi gəldikcə qışqırırdı.

Onu eşidən yox idi, vururdular, diş atırdılar, ancaq borunu işə salıb kəndçilərini boru ilə vurmağa başlayan kimi də, sanki yuxudan ayıldılar. Yan-başlarını tutub, ufuldaya-ufuldaya çölə qaçdılar. Qapını onların arxasınca bağlayıb arxayınçılıqla köks ötürdü, lakin geri dönüb otağa baxanda başında tükləri vız durdu. Otaq sanki müharibədən çıxmışdı, döyüş təyyarələri bura bomba atmışdılar, hər şey dağılmış, aşmış, bir-birinə qarışmışdı. Qab-qaşıq, stullar sınmış, pərdələr qırılıb döşəməyə tökülmüş, cırılmışdı. Mətləb günahı özündə görürdü, gərək kəndçilərini buraya gətirməyəydi. Artıq hirsi soyumuş Kamil ona təskinlik verirdi, taqsır məndədi, səni dartıb bura gətirəndə gərək bu günü də fikirləşəydim.

— Bir işdi oldu! – qardaşı hər nə desə dözürdü, ancaq Moskvaya gəlişinə, xüsusi ilə də bu gəlişin uğursuzluğuna işarə vuranda cırnayırdı. – Nə biləydim bunlar içib qızışacaq. Nə ziyan dəyibsə, ödərəm, çox da dərd eləməyin.

— Yəni sən belə pullu olubsan? – Mətləbin yekəxanalığı yenə də Kamili özündən çıxartdı. – Hələ axtarsan, bir şüşə də artıqdı onlara, sənsə su yerinə araq verirdin kəndçilərinə. Ay ağılsız, araq almağa nə var, gərək sonrasını fikirləşəsən!

Boş yerə danışmağın vaxtı deyildi, olan olmuşdu. Sınan qabları, stulları yığır, döşəməni süpürürdülər, utandıqlarından Katyanı çağırmırdılar. Zir-zibili, tör-töküntünü gecəynən daşıyıb həyətdəki zibil yeşiyinə atdılar. Qonaqların getdiyinə əmin olan Katya da öz otağından çıxdı.

— Salamatsız? – heyrəti sonsuz idi.

— Görürsən də, — Mətləb pərt halda dilləndi.

— İnanılası deyil, — Katya başını yırğalayırdı, — o vurhavurdan kiminsə salamat qurtaracağını təsəvvür eləməzdim.

— İstəməsən də inanmağa məcbursan! Salamatıq, cağbacağıq! – Mətləb qızışmışdı. – Kefimiz də ala buludda!

— Bütün bunlardan sonra? – Katya otağı göstərib təəccüblə xəbər aldı.

Yalnız indi Mətləb kef məsələsində ağ elədiyini anladı, kefdən söhbət gedə bilməzdi, bununla belə hirslənmişdi, Katya başa düşməsin deyə doğma dildə Kamilə deyirdi: «Qağa, görürsən də rus qızının vəfasını. Ölməyimizi istəyirmiş, bizi salamat görüb, qanı qaralıb. Gəlib öz elimizdən, obamızdan qız almadın, qədrimizi bilərdi heç olmasa. Bir saatdı burda fəhləlik eləyirik, çıxıb kömək eləmir, indi peyda olub, buz üstə çıxan dana kimi gözlərini bərəldir».

— Yum ağzını! – Kamil onun üstünə çımxırdı və Mətləb daha səsini çıxarmadı. Yatmağa gedəndə Katya soruşdu:

— Onlar yenə gələcəklər?

— Nə bilim? – Kamil çiyinlərini çəkib onu göstərdi. – Ondan soruş, belə işlərə o baxır. Biz uşaq-muşağıq, başımız işləmir. Əsl kişi odur, qardaşının evi ola-ola yerlilərinin gedib kəstində qalmalarına vicdanı yol vermir.

— Onda mən gedəcəyəm!

Qardaşının susması, cavab verməməsi Mətləbi yandırıb yaxdı, lap cızdağını çıxartdı. Gör nə ilə hədələyir, bu da dinmir! Cəhənnəmə gedəcəksən! Yoxsa elə bilirsən, qağama qız tapılmayacaq? Tapılacaq, özü də sənin kimi qupquru taxta yox, su sonası! Belə qardaşım olduğu üçün xəcalət çəkirəm, əriyib yerə girirəm! Yaxşı ki, kişi tez öldü, görmədi belə oğlu olduğunu!

Səhər onları işə yola salan Katya gecə Kamilin ona cavab vermədiyini, güzəştə getdiyini nəzərə alıb, neçə günü deyə bilmədiyini dedi:

— Kolya, seç. Ya o, ya mən?

— O! – Kamil fikirləşmədən dedi, onun tərəddüdsüz cavab verməsi Katyanı yox, onu da çaşdırdı, qardaşından belə şey gözləmirdi.

— Son qərarındı? – Katya sınayıcı baxışlarla Kamili süzürdü.

— Bu məqamda əvvəl-son olmur! — Kamil qətiyyətlə dedi. – Sənin kimisini tapmaq olar, səndən yaxşısını da. Qardaşı isə yox, lap elə ondan pisini də!

Katya yıryığış eləyib getdi, heç onlarla vidalaşmadı da. Qardaşına haqq qazandırırdı, axır ürəyindən tikan çıxartmış, yaxşıca vermişdi arvadının dərsini. Bunun könlündəkinə bax, gərək Kamil doğmaca qardaşını atıb bundan iki əlli yapışaymış.

Belə fikirləşsə də, özünü qınayırdı. Hər necə olsa qardaşının ailəsi ona görə dağılmışdı. Yaxşı-pis, yaşayırdılar, Katya dildən acı olsa da, ərinə yaxşı baxırdı, səliqəsinə, yemək bişirməyinə söz ola bilməzdi. Katyanın anasıgilə getdiyini bilirdi, axşamüstü bir torba alma, naringi, portağal da götürüb onlara getdi, buralara bələddi, bir-iki dəfə Katyanı gətirmişdi.

Katyanın sifətindən zəhər yağır, gözlərində istehzalı bir ifadə dolaşırdı, onu qapı ağzında saxlamışdı, içəri dəvət eləmirdi, əllərini qapının yanlarına söykəmişdi, sanki demək istəyirdi ki, istəsən də, içəri keçə bilməzsən. Heç onun da içəri keçmək fikri yox idi.

— Səni o göndərib? – sərt səslə sorşdu.

— Yox, — Katyanın könlünü almaq üçün mülayim, mehriban danışırdı. – Necə deyərlər, öz təşəbbüsümlə gəlmişəm.

Katya kinayə ilə gülümsədi, ancaq dərhal da ciddiləşdi, qaşlarını çatdı, gəlin onun üzünə gülümsəməyi, onunla danışmağı belə özünə sığışdırmırdı. Birdən nəyisə xatırlayıbmış kimi təşvişlə səsləndi:

— Mən əmin ola bilərəmmi sənin üstündə silah yoxdu, yəni qaz püskürdən alət-filan.

Üstündə heç nə olmadığını deyib, Katyanı yola gətirməyə cəhd eləyirdi. «Evinə qayıt, dünya dağılmayıb. Söymədi, vurmadı». «Səncə vurmalıydı da?» — Katya heyrətlə soruşdu. «Söz gəlişi deyirəm! Bizim arvad belə eləsəydi… — səsini xırp kəsdi, arvadının belə eləyəcəyi təqdirdə aqibətinin necə olacağını buna danışa bilməzdi, işləri korlardı. – Heç nədən ailəni dağıtmazlar». «Bütün bunlar heç nəymiş? — Katyanın səsində təəssüf var idi, qarşısındakının belə anlamaz olduğuna heyfislənirdi. – Sənə, qonaqlarına tapançadan atəş açırlar, evində müharibə eləyir, evi dağıdırlar, səni təhqir eləyirlər. İndisə belə məlum olur ki, bunlar heç nəymiş?»

Mətləb isə barışdırıcı tərzdə gülümsəyirdi, birdən gətirdiyi torba yadına düşdü, torbanı Katyaya uzatdı, ancaq Katya torbanı almaq əvəzinə:

— Bu nədi? – təəccüblə soruşdu.

— Meyvədi.

— Kim üçün gətiribsən?

— Sənin üçün, — Mətləb hələ də güzəştə gedir, sakit danışmağa çalışırdı, ancaq bu qızın qaşqabağı açılmırdı ki, açılmırdı, əksinə, bir az da ciddiləşir, gözlərindən buz soyuqluğu yağırdı.

— Niyə?

— Bunun niyəsi olur? Yəni sən yeyəsən deyə, özünə gələsən deyə! Vitaminlərin artsın, bəlkə ağlın da artdı. Neynək, xoşun gəlməz, bağışlarsan qonum-qonşuya. Pisçilik eləmişəm, əliboş gəlmək istəmədim də.

— Siz qaralar elə zənn eləyirsiz, əlinizdə bağlama apardızmı, bütün qapılar üzünüzə taybatay açılacaq! Meyvələrdən ötrü necə təşəkkür eləyim, boynuna sarılımmı? Bağrıma basımmı səni? Sən nə qədər Moskvadasan, mən o evə ayaq basmaram! Sonrası da təşəbbüs-filan sənlik deyil. Get badımcanını sat, şüyüdlərini xırıd elə!

— Badımcan satmağın nəyi pisdi? Lazım gəlsə qarpız da sataram, pamidor da. Mənə görə niyə evinə ayaq basmırsan? – Bir də baxıb gördü ki, Katya qapını bağlayıb. – Cəhənnəmə gəlmə! – dedi. – Gələnin atabaatasına lənət!

Hirslə tüpürüb geri döndü, qapı ağzında qalmış torbanı da götürdü, bir halda istəmədi, cəhənnəmə istəməsin. Sən bunun meydan sulamağına bax! Buna yaxşılıq eləmək, evinə aparmaq istəyirlər, bu isə özünü çəkir, elə bil qapısına dilənçiliyə gəlibsən, pul istəyirsən! Deyirəm gəlindi, meyvə aparım, yesin, cana gəlsin, özünü naza qoyur. İstəmə, özüm yeyərəm.

Axşam isə Kamilə şikayətlənirdi:

— Getdim, çox dedim, ancaq gəlmədi.

— Kim?- Kamil şübhə ilə soruşdu.

— Katya! Dedim, təşəbbüs göstərim, gedim, gətirim bunu. Bir ağsaqqallıq eləyim də. Biri dəli olanda, biri ağıllı olar. Bir klok da meyvə aparmışam, heç yaxın qoymadı. Dədəsi evində dilinə bəlkə də ildə bir dəfə meyvə dəymir, nədi mən aparmışam, istəmir.

— Səndən kim xahiş eləmişdi? – soyuqqanlı, təmkinli Kamil yenə də olmuşdu əvvəlki tək çılğın, tez qızışan. – Ay oğraş, sən haçandan ağsaqqal olubsan? Yalvardın yaxardın da? Dil də tökdün? Hələ bir utanmadın, meyvə də apardın? Elə bildin qoxumuş heyvalarını görən kimi boynuna sarılacaq? Sən balqabaqsan, vecsiz adamsan! Özün heç nəsən, məni də hörmətdən salırsan! Əlindən bir o gəlir, yeznə qan püskürə, sən də balışı basasan ağzına!

Təkcə danlamaqla, söyməklə kifayətlənmədi. Ayağa qalxdı, gəlib onunla üzbəüz oturdu.

— Hə, danış, belə əməlli-başlı, yerli-yataqlı. Necə getməyini, dil çıxarıb yalvarmağını ətraflı təsvir elə. Qoy bilim də məni necə rüsvay eləyibsən, necə alçaldıbsan!

Təsvir eləmədi, istədiyi kimi cavab verməyə də cürəti çatmırdı, kəsilə-kəsilə qalmışdı. Kamilsə əl çəkmirdi, onun ovqatını duysa da, qaşqabağını töküb:

— Başla, — dedi.

— Nəyə?

— Necə getdin, necə dedin? Yəni onu yola gətirmək üçün necə çalışırdın, əlləşirdin? Təfsilatı ilə danış. Qoy mən də öyrənim ağsaqqallığın çəm-çümünü. Ətraflı təsvir elə!

— Eləyim də! – necə əsəbləşdisə, daha ürəyindən keçənləri deməkdən özünü saxlaya bilmədi. – Getdim, taq-tuq, taq, taq, döydüm qapını, tıq, tıq…

— Sənə dedim təsvir elə. Sənsə videosunu göstərirsən! Yəni səsləndirməyə ehtiyac yoxdu, səssiz təsvir elə!

— Katya da çıxdı, həmənki Katyadı, sifətindən zəhər damır. Dedim, Katya, qardaşımın səndən ötrü ürəyi gedir, dərdindən dəli divanədi. Öz el-obamız xaraba qaldı, bir qız tapılmadı, gəlib səndən beş əlli yapışdı. Qayıt evinə, sənsiz yaşaya bilmir, Allah eləməmiş özünə qəsd elər. O da dedi, tüpürüm sənə də, qardaşına da! Qardaşın kişi döyül, bir halda sən onun qardaşısan, demək, sən də kişi döyülsən! Bəs deyincə söydü məni! Sonra da qapını çəkib bağladı, day indi acığın gəlir, qapının necə şaqqıldamasını deməyim. Hə, necə oldu, barı təsvir eləyə bildimmi? Dincəldin, ürəyin yerinə gəldi?

— Gəldi, əhsən, əla təsvir elədin! Bəs sən nə bilmişdin? Gedib onun qarşısında boyun buracaqdın, o da saçını sığallayacaqdı, eləmi? Əlbəttə söyəcəkdi! Alçalmağa amadə olanı beş qat alçaldarlar!

Kamil əl atıb onun yaxasından yapışdı, Mətləb özünə gəlməyə macal tapmamış qardaşının daş kimi ağır yumruqları başına, alnına dəyməyə başladı. Kamilin əlindən güclə qaçıb qurtara bildi, o biri otağa keçib qapını arxadan bağladı. Hirslənmişdi, özünü qınayırdı, nəyinə lazım, bir halda qədrini bilmirlər, niyə baş qoşursan?

***

İşləri yaxşı gedirdi, bircə Kamillə münasibətləri düzəlmirdi. Katya gedəni qardaşı qaraqabaq, dözülməz olmuşdu. Onunla könülsüz, candərdi danışırdı. Mətləb də bunu öz bildiyi kimi yozurdu, Katyanın getməyi qardaşına təsir eləmişdi, arvadı gəlməyincə qaşqabağı açılmayacaqdı. Yenidən Katyagilə getməli oldu, ancaq bu dəfə nəsə aparmağı lazım bilmədi, bir halda istəmir, qaralar bağlama gətirir, xətrinə dəyir, lazım da deyil.

Katya onu aşkar təəccüblə qarşıladı, qapının ağzını kəsdirmişdi, içəri buraxmaq fikri yox idi.

— Nə lazımdı? – səsində buz soyuqluğu vardı.

— Gəldim də, — barışdırıcı tərzdə gülümsəyirdi.

— Öz təşəbbüsünlə?

— Hə də. Niyə də mənim əvəzimə başqası təşəbbüs göstərməlidi?

— Matalab, demişəm axı, belə işlər sənlik deyil, — Katyanın bomboz sifəti canlandı, adını elə deyirdi, söysəydi ona bu qədər təsir eləməzdi. – Get, keşnişini sat, qazını püskürt! Sən nə qədər Moskvadasan, mən o evə ayaq basmaram!

— Gələnin atasına lənət! Min lənət! – qışqırır, əllərini ölçürdü. – Kopoyoğluyam bir də bura gəlsəm!

Geri qayıdanda rayona danışdı, arvadı dedi ki, yeznə bizə gəlmişdi, gecə çölə çıxanda pilləkəndən yıxılıb, qıçını sındırıb, müalicəsi üçün pul lazımdır. Həm də xəstəymiş, bizə də yoluxdurub. Qırılırıq, birimiz də ayaq üstə deyilik, hamımız yorğan-döşəyə düşmüşük. «Cəhənnəmə qırılın! – qışqırırdı. – Ay başı batan, dedim axı, sənə tapşırdım ki, o əbləh nə vaxt gəlsə, yedizdir, içizdir, qarnını doyuzduran kimi də çıxıb getsin. Gecə onun çöldə nə ölümü var idi, qıçını da sındıra?» «Evdən qovaq yazığı? – arvadı da dil-dil ötürldü. – Bəlkə deyək heç bizə gəlməsin?» «Sən bu dilləri kimin üçün oxuyursan? – Katya az meydan sulamışdı, qanını az qaraltmışdı, arvadı da bu yanda cəh-cəh vururdu. – Sən də mənim üçün Katyasan? İki gün evdən çıxdım, dilin uzandı? Mənə də Mətləb deyərlər! Öyrədərəm sənə danışıq qaydasını! Lap elə qov! Necə tapşırmışam, elə də elə! Metrə qoy, ölç, evə yüz metrdən yaxın buraxma!» «Necə yəni, indi metrə götürüm, ölçüm, yeznəyə də deyim, səninki bura qədərdi, burdan bu yana bir addım da keçmə. Dur burda, de sözünü!» «Ay sağ ol! Elə də elə. Bir addım yox e, bir sant da bu tərəfə keçməsin! Keçməsin, vəssəlam!»

Qanı bir az da qaraldı, əhvalı tamam korlandı, yeznə üçün pul göndərmək lazım olduğunu başa düşürdü, bacısının vur-tut bircə inəyi var idi, onu da satsaydılar, dolana bilməzdilər. Atı da sata bilməzdilər, yeznə at ilə nəfəs alırdı, qıçı da yəqin atın güdazına getmişdi. Kamil pul verməyəcəkdi, heç durub bu xəbəri ona demək də asan olmayacaqdı. Yanında yeznənin adını tutmaq olmurdu, eşidən kimi sir-sifəti qaralardı, elə bil buna qutuda ilan göstərirdin.

Hər necə olsa deməliydi, yeznəsinə, bacısının ərinə bədbəxtlik üz vermişdi. Xoşu gəlsə də, gəlməsə də, kömək eləməliydi. Axşam fürsət düşən kimi kəndə danışdığını və nə baş verdiyini dedi. Pul göndərməliyik, deyirdi, yoxsa yeznə qıçını itirəcək. Bacımın da nəyi var, bir inəkdi, onu da satsalar, ağartısız qalarlar. «Qoy qalsınlar! – Kamil qışqırırdı. – Hamısı sənin işlərindi! Naz öyrədibsən yeznəni! Niyə öz xarabasında sındırmır qıçını, gəlib sənin evində sındırır? Haçana kimi iş-gücümüzü atıb yeznəylə məşğul olmalıyıq? Bizdən başqa yezənsi olan yoxdu? Deyirsən pul göndərim, qıçı sağalsın, kəndə gedəndə gəlib mənim üçün atılıb düşsün? Qoyun kimi mələsin? Taleyin işidi, yəni tale məsələyə əncam çəkib. Əbləhin qıçını sındırıb ki, bir də abırlı adamların qarşısında dabanları üstə dik tullanmasın. Amma boynunu sındırsaydı, lap yaxşı olardı!»

Hirsləndi, vermə, bircə qəpik də vermə. Özünə saxla pulunu! Hər halda pul taparıq, sənin pulun olmadan keçinərik, özümüzə nə gəlib. Amma ürəyindən keçənləri deyə bilmirdi, qardaşının yumruqlarını işə salacağından ehtiyat eləyirdi.

İşlər əyilmişdi, təzədən Katya üçün getdiyini Kamilə deyə bilməzdi. Deyəcəksən, başlayacaq, necə getdiyini təsvir elə. Təsvir eləyirsən, xətrinə dəyir. Onsuz da yeznəyə görə əsəbləri tarıma çəkilmişdi, barıt çəlləyi kimi alışması üçün bircə qığılcım kifayətdi. Amma heç nə deməsə, bu mövzuya cüzi işarə vurmasa da, Kamil nəsə hiss eləmişdi, ona təəccüblə baxırdı. «Göz-başın qaynaşır, yenə bir şey-zad göstərməyibsən ki, yəni təşəbbüs-filan. Ağsaqqal adamsan, sakit otura bilmirsən, gərək arada bir ağsaqqallıq eləyəsən». «Niyə məndən əl çəkmirsən? – vəziyyətdən çıxmaq üçün qarayaxalıq eləyirdi, pa atonan oğul yiyəsi, bundan heç nə gizləməli deyildi. – Mənim nəyimə lazım? Belə vacibdi, get, özün təşəbbüs göstər. Arvad sənindi, səni eşidər. Məni onsuz da görən gözü yoxdu, ağu vermişəm ona. Yanırmış, üstünə bir ovuc su atmamışam!» «Nə isə, mənə elə gəldi. Özündə-sözündə deyilsən, hər halda səbəbsiz deyil!»

Ağzı açıla qalmışdı, fəhminə söz ola bilməz, ancaq arvadı ilə bacarmır, aciz qalıb arvadın əlində. Yaxşısı bununla danışmamaq idi, yoxsa azacıq sayıqlığını itirərsən, hər şeyi öyrənər. Belə düşünsə də, özünü saxlaya bilmədi, söz arası dedi ki, qağa, istərdinmi mən Moskvadan gedim? Kamil qaşlarını çatdı, şübhə içindəydi, bunda söz vardı. Niyə istəməliydi bunun Moskvadan getməyini? Pul qazanırdı, təzəcə alışırdı.

— Mən də o cür fikirləşirəm, — Mətləb razılıqla dilləndi.

— O cür fikirləşməyən kimdi?

Özünü itirdi, sözü yayındırıb cavab vermədi. Kamil harasa zəng vurdu və ona üç yüz dollar verib dedi ki, dostlarımdan biri sabah Vətənə gedir, aparıb pulu kənddəki evimizə çatdıracaq. Al, bu da ünvanı, pulu ver ona, aparsın, müalicə eləsinlər yeznəni. Göydəndüşmə təsadüf idi, yoxsa bununla qalmaq xətalı idi. Geyinib çıxdı, deyilən ünvana gedib, beş yüz dollar da özü əlavə elədi, iki yüzü yeznəyə, üç yüzü də evdəkilər üçün.

Daha evə qayıtmadı, Kərimə zəng elədi və Olyagilə getdilər. Kərim yenə də lətifələr danışırdı. «Toy elədilər mənə, qəşəng bir qız aldılar. Axşam gedirəm gəlinin otağına, görürəm burda bir qadın var. Deyir: «Bəs mən yengəyəm, sizə çəm-çüm öyrədəcəyəm». Deyirəm: «Ay arvad, ərinə öyrədərsən o çəm-çümü. Biz neçə ildi Rusiyətdə çəm-çüm öyrənirik də!» Hələ bir qəh-qəhə ilə gülürdü də, o isə qaşqabağını tökmüşdü. Ay əbləh, burda gülməli nə var? Bunlar qaralara az şəbədə qoşurlar, sən də bu yandan başla. Qoşul bunlara, bizləri ürəyin soyuyana qədər lağ elə.

Çaxır, araq içdilər, rəqs elədilər, o artıq öyrənmişdi, çulunu sudan çıxardır, daha qızların ayaqlarını tapdalamırdı. Yalnız bir-iki dəfə bilərəkdən Kərimə toxunub onu divanın üstünə aşırdı, yanında fırlananda ayaqlarını tapdaladı. Bir halda bizləri bəyənmirsən, geridə qalmış adamlarıq, elə də olsun.

Səhər tezdən maşınla Olyagildən qayıdanda qarşısındakı «Mersedes»i keçmək istədi. Kərim həyəcanlandı, «Mişa, yavaş!» — deyə ona mane olmağa çalışdı. «Min dəfə demişəm, mənə Mişa demə! – hirsləndi. – Adım var mənim! Sizin İvan olmaq üçün ürəyiniz gedir, məndənsə Mişa olmaz!» Başı qarışdı, qabaqdan gələn avtobusu gec gördü, maşını «Mersedes»in arxasına verib əyləci basdı, qulaq batıran gurultu eşitdi və huşunu itirdi.

Ayılanda onu maşından sürüyüb çıxarırdılar, bir elə əzilməmişdi, sınan şüşələr üz-gözünü cızmış, sağ qıçı sıyrılmışdı. Kamil də burdaydı, yəqin Kərim xəbər vermişdi. Söhbətdən başa düşdü ki, onun maşını sıradan çıxıb, «Mersedes»in də azından beş min dollarlıq xərci var. Arxadan vurulan «Mersedes»də günah olmadığı üçün maşını onlar təmir elətdirməliydilər. Aman Allah, bu qədər pulu hardan tapacaqdılar? Kamil onun yanına gəldi, əzilmədiyinə əmin olandan sonra dedi, ged evə, məni gözlə.

Evə gəlib gözləməyə başladı, qanı qaralmışdı. Necə olacaqdı? Durduğu yerdə özünü işə saldı. Gülsatan şərə saldı onu, heç Mişanın yeriydi, yaralı yerinə toxundu, o da hər şeyi unutdu.

Kamil axşamüstü gəldi, qaşqabaqlıydı, üz-gözündən yorğunluq, dilxorçuluq yağırdı. Heç nə soruşmadan yuyundu, bir stəkan çay içib:

— Pasportunu ver, — dedi.

— Niyə? – Mətləb gözlərini döyürdü.

— Tez elə!

— Qağa, poyizə bilet alırsan, — Kamilin onu Vətənə yola salmaq istədiyini başa düşmüşdü. Ürəyi yanmışlıq eləyirdi, az ziyana düşmüşdü, hələ bir təyyarəyə də bilet alsın.- Qatarda gediş haqqı ucuz olur. Mənim üçün nə fərqi?

— Mənimçünsə fərqi var. Qatarla getsən, bir bəhanə ilə geri qayıdarsan. Deyəcəksən pasportumu itirdim, Dağıstandan buraxmadılar, Çeçenstanda bombardmana düşdüm. Təyyarə yaxşıdı, birdəfəlik get. Belə düşünürəm, paraşütlə yerə tullanmaq, təyyarəni geri döndərmək kimi axmaq fikirlərə düşməzsən.

***

Kamil onu yola salmağa aparanda yenidən dilini işə salmışdı. «Qağa, mənimki burda alınmadı, göndər məni tayqaya. Orda Oxotski deyilən bir yer var. Deyirlər ordakı çaylarda o qədər balıq var ki, adamlar əllə tutub sudan çölə atırlar. Gedim ora, balıq tutar, sənin üçün də göndərərəm. Nəyinə lazım, hər həftə sveji balıq ye. Yoxsa sən sveji balıq istəmirsən?

— İstəyirəm! – Kamil ona tərəf dönmədən dedi.

— Bax belə! – işlər düzəlmişdi, əllərini sevinclə bir-birinə sürtürdü

— Hanı sənin balıqların? Yəni sveji? Köhnəsi lazım deyil, bəd ayaqda Moskva dükanlarından alaram.
— Orda, Oxotskidə.
— Oxotskidə çox şey var, Sakit okeanda lap balinalar üzür. Bunun sənə-mənə nə dəxli?
— İndi yoxdu, — Mətləb hələ də ümidini itirməmişdi, inamla deyirdi, — ancaq mənim ayağım Oxotskiyə dəyən kimi olacaq. Bu gün Oxotskidəyəm, sabah sən özcə evində sveji balıqları alacaqsan!

Gör kim gəlib Moskvada baş çıxartmaq istəyirmiş, Kamil təəssüflə düşünürdü, hələ də fərqində deyil ki, bunun üçün bilet alınıb, uçmalıdır. Ay əbləh, sən Oxotskidə balıq tutacaqsan, bəs arvad-uşağını kim saxlayacaq? Moskvada boynunu sındırdın, Oxotskidə daşı-daş üstə qoymayacaqsan. Sənin eybini kənd örtürmüş. Sən Moskvaya gələndə mənim hər şeyim var idi, pulum, arvadım, dostlarım. İndi isə heç biri yoxdu. Hər şeyi yenidən, sıfırdan başlamaq lazım gələcək.

Mətləb qardaşını yola gətirə bilməyəcəyini hiss eləyib, daha xahiş eləmədi. Lap elə yalvarsaydı da, xeyri olmayacaqdı. Kamil daşürəkliydi, fikrindən dönməyəcəkdi. Kamillə görüşəndə yazıq-yazıq dedi:

— Qağa, gedib Katyanı gətirərsən. Mənim Moskvada olmadığımı bilən kimi gələcək.
— Sən uç, get. Narahat olma, Katyanın dalısınca göndərməyə hər halda ağsaqqal taparıq.

Kamilin onunla belə rəftar eləməsi, istehza ilə danışması Mətləbə yaman yer eləyirdi. Qardaşa bax, məni başından eləmək istəyir. Bir işdi olub, əlimdən xəta çıxıb, öldürəcəksən? Bəlkə bəzi qardaşlar kimi mənimçün «Mersedes» alıbsan? Bəlkə adam öldürüb türməyə düşmüşəm, sən də məni türmədən çıxardıbsan? Bundansa ola adamın Meymun kimi qardaşı! Heç nə soruşmur, bircə dəfə gözünün içinə baxır, bilir ürəyindən nə keçir.

Yardımlı 2003

Top