Qız ancaq cəhrayı gülləri seçirdi, elə seçir, ayırırdı ki, sanki xalçaya ilmə vururdu. Kənd qızlarına məxsus aydın, sadəlövh baxışları var idi, hər cəhrayı gül tapanda uşaq kimi sevinir, gözlərinin dərinliyində xəfif bir həsrət canlanırdı.
Qardaşı: — Bunlardan da götürün, — deyə al qırmızı gülləri qıza tərəf itələdi.
Qız bir anlığa əl saxladı, ləçəklərində şeh damcıları parlayan al qırmızı lalələrə baxıb gülümsədi, başını yırğalayıb yenidən cəhrayı gülləri axtarmağa başladı. Onu isə fikir götürmüşdü, bura gələndə yol boyunca azı yüz dəfə qardaşından necə pul istəyəcəyini təsəvvür eləmiş, hər dəfə də onu xəcalət təri basmışdı.
— Yəqin pul üçün gəlibsən? – qardaşının səsi onu xəyaldan ayırdı.
— Hə, — dedi, sevindi, qardaşı onu pul istəmək əzabından xilas eləmişdi.
— Yaxşıdı yenə, yoxsa qardaşın olduğu yadına düşməzdi. Olanım budu! – hirslə stolun üstünə bir çəngə pul atdı. – Mən burda pul kəsmirəm. Beş manatlıq şey satmaq üçün bir saat çənə döyürəm. Boğaza kimi borc içindəyəm. Bir fikirləş də.
Ayağa qalxdı: — Lazım deyil, — dedi, — verərsən borclarına.
— Vəssəlam, söz deməli deyil, əlindən, başından bir iş gəlmir, ancaq forsun adam öldürür. İki əlin, iki gözün var, kimdən əskiksən? Yoxsa elə bilirsən yazdın, qurtardı, işlərin düzələcək? Gəlib səni vertalyotla aparacaqlar? Cibinə pul salacaqlar, sənə ev, maşın bağışlayacaqlar? Aparmayacaqlar, heç arabayla da! Heç hara aparmayacaqlar, şəkkini vur! Vertalyot sevdasını başından çıxart!
Dükandan çıxdı, onu təqib eləyən bu tikanlı sözlərdən iti addımlarla uzaqlaşırdı, sanki arxasınca düşüb qovurdular. Sözünə bax, vertalyotu hardan uydurur, yaralı yerini bilirdi. Özünü məzəmmətləyirdi, bilirsən adam səni sancır, zəhərləyir, lap elə düz də eləyir. Sənsə soxulursan, utanıb qızarmadan pul istəyirsən. İrişirsən, bozarırsan, nə var ay hənək, olmaya kiminsə sənə borcu var?
Siqaret çəkmək istəyirdi, ancaq sonuncu siqaretini axşam çəkmişdi. Siqaret çəkənlər yanından keçdikcə tüstü vururdu onu, tənbəki qoxusu, yanan tütünün iyini hiss elədikcə, bu istək qarşısı alınmaz olurdu. Almağa pulu yox idi, kimdənsə istəməyə də üzü gəlmirdi. Küçələr donub buz bağlamışdı, duman dərələrdən sürünən kimi buzlu küçələrin üzəriylə tənbəki tüstüsü sürünürdü və bu tüstü ona əzab verirdi, aləm tənbəki qoxuyurdu.
Gündüz belə çöl işıqları yanan dükana girdi. İçəri isti idi, ayaqlarda gələn qar ərimiş, döşəmənin üzərində çirkli su göllənmişdi. Tanımadığı satıcıya, bığ yeri yenicə tərləmiş yeniyetmə oğlana:
— Bir qutu siqaret ver, — dedi, — nisyə.
— Hansından?
— «Kemel».
Oğlan dinməzcə piştaxtanın üstünə bir qutu «Kemel» qoydu. Onun nisyə sözünü eşitmədiyini zənn eləyirdi: — Pulunu sonra verəcəyəm, — dedi.
— Verməsəniz də olar, — oğlanın səsi elə təbii idi ki, o özünü itirdi, son illərdə belə səs eşitdiyi ilk dəfəydi, oğlanı tanımasa da, oğlan onu tanımışdı.
İsti dükandan qarlı səkiyə çıxan kimi əlləri əsə-əsə qutunu açıb siqaret çıxartdı, yandırıb acgözlüklə sümürməyə başladı. Hava tutqun və soyuq idi, günortaya yaxın olsa da, küçələrin donu açılmamışdı. Küçənin o tayında səkiyə naringi, portağal dolu yeşiklər düzülmüşdü. Külək qarı sovurur, yeşiklərin üzərinə səpirdi, satıcı da dükandan çıxır, süpürgə ilə meyvələrin qarını təmizləyirdi, bircə göz qırpımında ağappaq qar zərrəciklərinin altından sarı, qırmızı bahar rəngləri üzə çıxırdı. Kədərlə düşünürdü, ola elə nəhəng süpürgən, siləsən qəsəbənin qarını, buzunu, siləsən göy üzünü, altda gizlənmiş baharı üzə çıxarasan. Üzə çıxa göy qurşağı, pənbə buludlar, mavi səma. Mapmavi səma! Kimin şeriydi, xatırlaya bilmirdi, silin gözümdən bu qüssəni, bu kədəri, qoy üzə çıxsın kənd evləri. Yabançıları silib doğmaları üzə çıxartmaq çoxdanın söhbətiydi.
Evə qayıdanda poçtalyon ona məktub verdi, Maşadan idi, uzaq Sibirin hansısa kiçik şəhərindən göndərmişdi. Əvvəllər çoxlu məktublar alırdı, son illər isə nə məktub yazır, nə də məktub alırdı. Məktub onu hədsiz həyəcanlandırsa da, oxumadan cibinə qoydu.
Dərənin kənarındakı evinə çatcaq sobanı yandırdı, stulu sobaya yaxın çəkib Maşanın məktubunu açdı. Qız onu tayqaya çağırır, razılıq verərsə, hətta yol pulunu da göndərəcəyini yazırdı. Maşanın hələ də onu unutmadığını fikirləşdikcə kövrəlirdi. Meşədə işləyirdilər, yazqabağı ağcaqayın ağaclarının gövdəsini çərtir, çərtilən yerlərin altına boş şüşələr düzürdülər, səhərə kimi şüşələr ağappaq, dadlı şirəylə dolurdu. Maşa da çiçək yığmağa gəlmişdi, mehriban, şən qız idi, qızılı saçlarını arxaya yığıb yoğun hörük hörmüşdü, üzü çilli, gözləri maviydi. Talada çiçək bol idi, xeyli bənövşə, çöl nərgizi, toy çiçəyi yığıb bənövşə ilə örtülmüş daşlı, çınqıllı cığırla meşənin ətəyindəki çayın sahilinə getdilər. Üst-başları şehdən islanmışdı, qurunmaq üçün ocaq qaladılar. Onun çantasında ət konservi var idi, qız da evdən yemək, çaxır götürmüşdü. Çaxırı içdilər, sonra da qız onun əlindən yapışıb meşəyə apardı, yamyaşıl şam meşəsi də, qız da bənövşə qoxuyurdu.
Sonralar qız hissəyə onun yanına gəlir, ya da o icazə alıb şəhərə gedir, bəzən də gecələr gizlicə hissədən qaçırdı. Bir-birlərini sevsələr də, nə o qıza evlənmək təklif eləmişdi, nə də qız ona ərə getmək fikrindəydi. Göz yaşlarısız, sakitcə ayrılmışdılar.
İsti dəydikcə mürküləyirdi, oturduğu yerdəcə yuxu tutmuşdu onu. Oyananda qaş qaralmışdı, soba keçdiyindən otaq soyumuşdu. Pəncərə şüşələri çat-çat, sınıq idi, dəlmə-deşiklərdən içəri soyuq hava dolurdu.
Siqareti var idi, qənaətlə iki gün çəkə bilərdi. İndi də aclıq əzab verməyə başlamışdı. Evdə yeməyə heç nəyi yox idi, nə çörəyi, nə kartofu, barı noxuddan, buğdadan da yox idi ki, qaynadıb yesin. Cəmisi bir banka şəkər tozu var idi, bir də soğanı. Dərənin sahilindəki yamacda hər il soğan əkirdi, əkilməyən münbit torpaq yaxşı məhsul verirdi.
Sobadakı közləri qabağa çəkib odun qoydu, odunu boldu. Meşəbəyi oxucusu idi, korluq çəkməyə qoymurdu, hər payız bir maşın odun verirdi ona. Heyf ki, sırtıq oxucu idi, təkcə oxumaqla kifayətlənmir, məsləhət də verirdi və tərslikdən meşəbəyinin ədəbiyyat haqda baş-ayaq təsəvvürü var idi. Ən pisi də meşə adamının ölçüyə-biçiyə sığmayan müdaxiləsinə ürəyincə cavab verə bilmirdi, asılıydı, o baxımdan. Gedəndə meşəbəyi həyətə qalaqlanmış odunu göstərib: «Yandır, nə qədər istəyirsən!» deyəndə, o da: «Mən odunları yandırıram, sən də məni!» yana-yana deyirdi.
Çöldən qaz səsi gəlirdi, köçəri quşların cənuba uçan vaxtlarıydı. Quşlar şaxtadan, qardan baş götürüb qaçırdılar, o isə şüurlu insan olduğu halda qışın bütün əzablarını çəkməyə məhkumdu. Qaz qaqqıltısı yenidən eşidildi və səsin lap yaxından, həyətdən gəldiyini eşidəndə başa düşdü ki, dumana, qar çovğununa düşən köçəri quşlardan biri həyətə düşüb. Adətən zəiflər, yolda yaralananlar çətin sınağa tab gətirmirdilər.
Çölə çıxdı, artırmanın yanındakı qar tığının qabağında ağappaq bir qaz dayanıb qaqqıldayırdı. O yaxınlaşanda qanad çalıb uçmağa cəhd elədi, ancaq böyrü üstə aşıb yumşaq qarın içinə yıxıldı, qanadlarının sovurduğu qar üz-gözünə vurdu. Qazı qucağına götürdü, nə qədər qəribə olsa da, qaz sanki bunu gözləyirmiş, dərhal da sakitləşdi, nə qaçmağa cəhd göstərirdi, nə də qanad çalırdı. Qaçmasın deyə otaqda qazın ayağını iplə pəncərənin dəstəyinə bağladı. Əvvəlcə qanadlarına baxdı, sağ qanadı dibdən zədələnmişdi, bəlkə də güllə yarasıydı. Keçən il yaylaqdan yığdığı boymadərən güllərindən qalırdı, dəmləyib yaranı yudu. Bağayarpağı da var idi, ancaq dərman hazırlamaq üçün kərə yağı, ya da vazelin lazım idi. Bir şey tapa bilməyib bağayarpağını ovaraq yaranın üstünə səpdi, tənziflə sarıdı, uzağı bir həftəyə sağalıb uça bilərdi.
Özünün ac qalması azlıq edirdi, göydən də bir ac qonağı gəldi. Qaz üçün dəni hardan tapacaqdı? Heç olmaya bir kasa arpa, buğda olsaydı. İstehzayla gülümsəyir və başa düşürdü ki, yenə də qardaşının yanına borc istəməyə getməli olacaq. Başqa yol yox idi, qardaşı da mütləq lənətə gəlmiş vertalyotu yadına salacaqdı.
Özü üçün xətmigülü kökü dəmlədi, ağa çalan bulanıq şirəyə şəkər tozu əlavə elədi, şirədən güclə bir stəkan içə bildi. Qoxusu, dadı ürək bulandırırdı, ancaq aclığı az da olsa sakitləşdirir, bədəni gücdən düşməyə qoymurdu. Qazın da qabağına bir nəlbəki şirə qoydu, ancaq qaz nəlbəkiyə göz ucu belə baxmadı.
Otağa çökən sükutda telefonun cingiltisi onu xəyaldan ayırdı, qaz da diksinib boğazını irəli uzadaraq qaqqıldadı. İlqar idi. Zəmanənin, dövranın dəyişməsi bu adama zərrəcə də təsir eləməmişdi, gurlayan səsində qaynarlıq, həyat eşqi aşıb daşırdı.Vəziyyətini, kefini soruşurdu.
— Acam, — dedi.
— Düzələr. Televizora baxırdın?
— Televizorum işləmir. Bir ildi.
Gələcəyini və hər şeyi orda danışacağını dedi. İlqara buğda da gətirməyi tapşırdı. İlqarsa çaşıb qalmışdı, suallarını yağdırırdı, buğda sənin nəyinə lazımdı, qorğa qovuracaqsan? Dəstəyi asdı, İlqar sorğu-suala başladımı, ara verən deyildi. Gərək dəstədən ayrılıb həyətə düşən qaz əhvalatını təfsilatı ilə danışaydı.
İlqar gec gəldi, hay-küylə içəri girdi, yenidən qar yağmağa başlamışdı, saçları, üst-başı qar idi. Qarı çırpıb qızınmaq üçün sobanın yanında oturdu. Sənin xarabana gəlib çıxmalı deyil, deyinirdi, dərə keç, təpə aş, qarı yara-yara, küçələrdə dolaşan ac itlərlə vuruşa-vuruşa, çaqqal, canavarlardan qoruna-qoruna gəlmişəm, hər döngədə bir təhlükə gözləyir. Gətirdiyi bağlamanı stolun üstünə qoyub açdı, bağlamada təndir çörəyi, pendir, kartof və bir torba da buğda var idi. Yalnız indi pəncərənin qabağındakı qazı gördü və buğdanın ona nə üçün lazım olduğunu bilib əməllicə sevindi.
— Buna varam! Bu boyda qaz evdə ola-ola niyə ac olursan? Aşağısı yeddi kilo əti var. Heç bilirsən qışda qaz kababı nə ləzzət verir?
— Səfehləmə! – qaşqabaqala dedi və buğdanı mis kasaya töküb, qazın qabağına qoydu. – Doğrudanmı sən elə təsəvvür eləyirsən ki, mənə pənah gətirən qazı kəsib yeyə bilərəm?
— Mənim nə təsəvvür eləməyimlə işin olmasın! – İlqar pərt halda dedi, qazın kəsilməyəcəyi onu dilxor eləmişdi. – Quşda şüura, idraka bax, nədən bilib ki, yalnız yazıçı cənablarına təşrif buyurmaqla canını qurtara bilər? Qəsəbədə kimin qapısına düşsəydi dərhal bıçağı söykərdilər boğazına. Şəxsən mənim yolmağa da hövsələm çatmazdı, elə lələkli basardım qazana.
Kartofu suda qaynatdılar, çörəyi sobanın üstündə qızdırıb süfrə açdılar. O ac idi, səhərdən heç nə yeməmişdi, isti çörəklə pendir, buğlanan kartof ləzzət verirdi. İlqar isə yedikcə sifətini turşudurdu, gözü stolun kənarındakı xətmigülü kökünün şirəsi ilə dolu olan stəkana sataşanda hirsləndi: — Bu horranı götür burdan! Deyirəm axı iy hardan gəlir!
Şirənin iyi-filanı gəlmirdi, İlqarı cinləndirən onun qazı kəsməyə razılıq verməməsi idi, hirsini onun üstünə tökməyə bəhanə axtarırdı. Yeyib doyduqdan sonra çay dəmlədi, İlqar çaydan bir qurtum içib stəkanı kənara itələdi, deməyinə görə çaydan da şirənin qoxusu gəlirdi. Qaz da buğdanı yemirdi, alışmadığı, öyrəşmədiyi yerdə verilən dəndən imtina eləmək quşlara xas olan xüsusiyyətdi.
İlqar niyə gəlməsinin səbəbini danışırdı. Televiziya vətənpərvərlik mövzusunda yazılmış ən yaxşı kinossenari üçün müsabiqə elan eləmişdi. Birinci yeri tutana üç milyon manat verirdilər. Yazılanlara baxma, İlqar qızğınlıqla deyirdi, sən yaxşı yazıçısan, özünü bir balaca əziyyətə salsan, üç miloyn bizimdi! Yaz, göndərək, pulumuzu alaq. Gözlərini bərəltmə, burda söhbət üç milyondan gedir.
— Üçüncü yerə nə qədər verirlər?
— Nəyinə lazımdı? – İlqar duruxdu.
— Sən cavab ver.
— Milyon yarım.
Beləydisə, üçüncü yeri tutmağa da çox şad olardı. Milyon yarım heç də az pul deyildi. Bir dəfə radio müsabiqəsində iştirak eləyib üçüncü yeri tutmuşdu, onda radiodan göndərilən pullar çox karına gəlmişdi. İlqar isə üçüncü yerlə razılaşmırdı, sənin o vaxta şəkin getməsin. İndi aşkarlıqdı, demokratiyadı, biz imperiyada yox, müstəqil və azad respublikada yaşayırıq. Müsabiqənin gedişinə şəxsən sədr özü nəzarət eləyəcək, o yan, bu yan olmayacaq. Deyib ki, işimi atacağam bir tərəfə, ancaq bu müsabiqə ilə məşğul olacağam. Bütün dünyaya sübut eləyəcəyəm ki, bizdə də ədalətli müsabiqə keçirmək olar. Komissiya üzvləri də respublikanın ləyaqətli, vicdanlı adamları olacaqlar. Belələri heç vaxt ədalətsizlik eləməzlər, yəni satılmazlar. Bir çuval pul aparasan, deyəcəklər, ged işinin dalısınca, bizi satın ala bilməzsən.
— Bir çuval? – heyrətlə səsləndi.
— Lap elə bir çuval!
— Şişirtmirsən ki?
— Nədi, inanmırsan?
— Hə, vicdan bir çuvala tab gətirməz.
İlqar hay-küy saldı, danışdı, satılmayan insanlara aid misallar gətirdi, ancaq onu inandıra bilmədiyini görüb bir az sakitləşdi. İndi sakit danışırdı. Sən sözü havada tutursan, söz gəlişi dedim də. Sonrası da sən müsabiqəsiz də o yazılardan az yazmırsan. Mütləq birinci yeri tutacaqsan, bir sınayaq da.
Təkcə danışmaqla kifayətlənmədi, artıq iş başındaydı, vaxt itirmək fikrində deyildi, işə dərhal başlamağı tələb eləyirdi. Otaqda gəzişir, arada dayanıb yenicə fikirləşdiyi mövzunu şıdırğı danışırdı. O fikrini deməyə macal tapmamış, ikinci mövzunu döşəyirdi. Hə, fikir ver, mövzu özü otağa, yazıçı cənablarının hüzuruna gəlib. Adını qoyaq «Qazlar cənuba uçanda». Qışda yaralı bir qaz uçub sənin həyətinə gəlir, sən də qazı müalicə eləyib saxlayırsan. Yazda quşlar geri qayıdanda qazı həyətə çıxarıb buraxırsan. Qaz havalanıb uçur, ancaq dəstəyə çatmağa macal tapmamış yandan bir ovçu çıxıb, part, qazı vurub yerə salır. Sən də qışqıra-qışqıra ovçunun üstünə cumursan, ovçu atəş açıb səni yaralasa da, geri çəkilmirsən, ovçunu yerə yıxıb əzişdirirsən. Burda: «Axı qaz sənə neyləmişdi? Nəydi onun günahı?» deyib ağlaya da bilərsən. Ya da istəsən ağlamazsan, indiki tənqidçilər belə şeylərdən xoşlanmırlar. Yazıçı qəhrəmanını ağladanda elə bil bunların anasını ağladır. Sonra da qazı götürüb dəfn eləyirsən, özün də uzanırsan qəbrin üstündə. Necədi? Mənə qalarsa teleşirkətin işçiləri bunu oxuyanda ovuc-ovuc göz yaşı töküb ağlayacaqlar.
— Əl çək! – qışqırdı. – O qədər danışdın ki, başım hərləndi. Əyər adicə bir qazdan ötrü teleşirkətin işçilərinin ağlayacaqlarını zənn eləyirsənsə, axmaqsan. Özü də axmaxın yekəsi! Sonrası da onların ağlaması nəyimizə lazımdı? Yaxşısı budu ağlamasınlar, heç bircə damcı da göz yaşı axıtmasınlar, ancaq mükafatı bizə versinlər.
— Danışdı, baş işlətdi! Ağlamasalar, ürəyləri yumşalmasa, sənə mükafat yox, zəhər də verməzlər! Yaxşı, başqa mövzu. Oğlan düşmənlərlə vuruşur, düşmənlər ona qalib gəlirlər. Başını kəsib xurcunda anasına hədiyyə aparırlar.
— Sən bunları hardan uydurursan, manyaksan, nəsən? Oğlanın başını niyə kəsməlidilər? Bizdən vətənpərvərlik mövzusunda ssenari yazmaq tələb olunur, ya qorxulu filmlər üçün ssenari?
— Olsun vətənpərvərlik mövzusunda. Vətənin başının üstünü qara buludlar almışdı…
— Susacaqsan, ya yox?! Başımda hər şey bir-birinə qarışdı. Bir ay əlimə qələm götürə bilmərəm. Belə mövzu tapansan, zəhmət çək, özün yaz. Mənim zəhləmi niyə tökürsən?
İlqar susdu, keçib onunla üzbəüz oturdu. Yorulmuşdu, danışmaq və gəzmək onu əldən salmışdı. Siqaret istədi, çıxarıb siqaret verdikdə hədsiz təəccübləndi. Bu da ac adam, «Kemel» çəkir. Siqareti nisyə aldığını deyəndə isə İlqar onu məzəmmətlədi, ay ağıllı oğlan, nisyə ərzaq da ala bilərdin. Yoxsa sənin ancaq siqareti nisyə almağa şəkkin gedir?
Gecə onunla qalan İlqar elə hey deyinirdi ki, yorğan-döşəkdən xətmigülünün qoxusu gəlir. Onun ot-ələflə müalicəsinə əhəmiyyət vermir, heç maraqlanmırdı da, bircə xətmigülü kökünün qoxusuna dözümü yox idi. Zəhər içməyə razıyam, deyirdi, təki o şirənin qoxusu burnuma dəyməsin. Qaz da yatmağa qoymurdu, çöldən gələn hər səsə, çaqqıltıya, pəncərə şüşələrinin titrəyişinə reaksiya verir, boğazını irəli uzadıb qaqqıldayırdı. Artıq dən də yeyirdi, bu da onu xeyli sevindirirdi, daha qaz sarıdan narahat olmağa dəyməzdi.
Gecə yarısı ayaqlarındakı ağrılar onu yuxudan oyatdı, dizləri, oynaqları zoqquldayırdı. Nə qədər ovsa da, ağrılar azalmır, bir az da şiddətlənirdi. Ayağa qalxıb sobanı yandırdı, yayda spirt, acı bibər və günəbaxan yağıyla məhlul hazırlamışdı. Məhlulu qızdırıb ağrıyan yerlərə sürtdü, sonra da yun parçayla sarıyıb yatağına girdi. Ağrılar tədricən sakitləşir, zoqqultu çəkilir, bədəninə xoş bir rahatlıq yayılırdı.
— Sənə yazmaq üçün nə lazımdı?
— Çox şey, — dedi.
— Yəni nə?
— Konyak, şokalad, kofe, süd, çörək, siqaret. Onda mən nəsə yaza bilərəm. Yoxsa ac qarına konyak şüşəsindən və yeməkdən başqa heç nə təsəvvür eləyə bilmirəm.
Bütün bunları almaq üçünsə pul lazım idi. İlqar otaqda gəzişir, pul əldə eləmək haqda düşünür, fikirlərini onunla da bölüşürdü. Mənim satmağa heç nəyim yoxdu. Bir həsirəm, bir Məmmədnəsir. Bəlkə qazı sataq? Çöl qazına… Yaxşı, yaxşı, özündən çıxma, qazla işi olan yoxdu, qoy yaşasın. Baxmayaraq ki, bu məlun quş gecə gözümü yummağa imkan verməyib. Bəlkə yazı makinasını sataq, eh, kimdi onu alan?
— Özünü yorma, — dedi, — məndə satlıq bir şey yoxdu. Bircə kitablardan başqa.
— Bəs niyə səsini çıxarmırsan? – İlqar dabanları üstə dönüb ona tərəf fırlandı, gözləri işıldayırdı.
— Kitaba pul verən olar?
— Olar! Taparıq hər halda. Kitab alveriylə məşğul olan bir tanışım var. Hə, nə deyirsən?
— Gətir alverçi tanışını, — etinasız halda dedi.
Günortaya yaxın İlqar alverçi tanışı ilə gəlib çıxdı. Kitab alveriylə məşğul olan bu adamın gözləri qıpqırmızı idi, göz-başı qaynaşırdı, ucuz siqaretlər çəkməkdən barmaqları saralmışdı. Yalnız rus dilində olan kitabları seçirdi, ən çox da ensiklopediyaları, elmi, fəlsəfi, informasiya xarakterli kitabları. Bu isə ona ağır gəlirdi. O biri kitablar üçün heyfislənmirdi, boğazından, əyin-başından kəsib aldığı xalq təbabətinə, bitkiçiliyə, tarixə aid kitablardan çətinliklə ayrılırdı. Hələ bu kitablar ona lazım idi, ancaq etiraz eləməyə üzü gəlmirdi, özü razılıq vermişdi. Alverçi kitabı saralmış iki barmağı ilə götürür, sürətlə vərəqləyir, təzəliyinə, vərəqlərinin tökülmədiyinə əmin olandan sonra ayırıb, yığdığı kitabların üstünə qoyurdu. O dinməzcə tamaşa eləyirdi, İlqarınsa hösələsi çatmırdı, qız əlləşdirirsən, bir az tez ol! Alverçi isə sanki onu eşitmirdi, arada bir «Astra» çıxarıb odlayır, külünü də döşəməyə tökürdü. Bu isə İlqarı özündən çıxarırdı, dözməyib alverçinin boynunun kökündən yapışdı. Kişi yenicə seçdiyi kitabı əlindən buraxıb ona tərəf döndü, gözlərində heyrət dolu bir ifadə var idi.
— Evində siqaretin külünü döşəməyə tökürsən?
— Evdə siqaret çəkmirəm, — alverçi dedi, — arvad icazə vermir.
— Öz evində siqaret çəkməyə cürətin çatmır, burda isə külü evin içinə tökürsən? Bu quldura külqabı ver, yoxsa əlimdən xəta çıxar.
Külqabı versə də, quldur yalnız bir-iki dəfə külqabıdan istifadə elədi, sonra yenə də külü döşəməyə tökməyə başladı, bu adam çöldə siqaret çəkməyə alışmışdı, külqabıdan istifadə eləməyə alışmamışdı. İlqar tez-tez alverçini dümsükləyir, külqabını ona göstərirdi, axırda bunun faydası olmadığını görüb əl çəkdi. Alverçi üç yüzə yaxın kitab ayırdı, qalan kitabları isə ayağı ilə şkaflara tərəf itələdi.
— Dəbdə olan, lazımlı kitablar deyillər, — qiyməti aşağı salmaq istəyirdi, həm də görünür onların pula zəruri ehtiyacları olduğun başa düşmüşdü. Yenidən siqaret yandırıb dərindən qullab vurdu. – Satmaq çətin olacaq, uzağı əlli min verərəm.
— Nə?! – İlqar pələng kimi nərildəyir, alverçi də pələngdən qorunmaq üçün küncə sıxılırdı. – Vicdansız adam! Kimi aldadırsan? Üç yüz kitaba əlli min? Təkcə «Böyük Sovet Ensiklopediyaları»na üç yüz dollar verərlər. Hələ sorğu kitablarını, fəlsəfi əsərləri, dedektivləri demirəm. Sən nə qədər iyrənc, alçaq adam imişsən!
Alverçi pələng nəriltisinə tab gətirmədi, pələngdən can qurtarmaq üçün güzəştə getdi. Qiyməti beş yüz minə qədər qaldırdı, daha nə nəriltini, nə də hədə-qorxunun əhəmiyyəti olmadı, bundan yuxarı bir qəpik də vermədi, beş yüz min deyib durdu. Artıq heç nə qopara bilməyəcəyini hiss edən İlqar razılaşmalı oldu. Alverçi maşın gətirdi, pulunu verib kitabları apardı. Qalan kitabları təzədən şkaflara yığdılar və İlqar çanta götürüb, ona lazım olan şeyləri almaq üçün qəsəbəyə getdi. Dünən nisyə götürdüyü siqaretin pulunu verməyi, qaz üçün buğda almağı da tapşırdı.
İlqar getdi və taksiylə qayıdıb gəldi. Bədxərcin birisiydi, əlinə pul düşdümü, axırına çıxmalıydı, ancaq onun gətirdiyi şeylərə baxanda başa düşdü ki, bunları piyada gətirmək olmazdı. Çörək, iki kilo qoyun əti, qənd-çay, iki şüşə araq, iki şüşə konyak. Bir kilo şokalad, iki kilo yağ, kofe, ət konservləri, siqaret, kartof, qaz üçün də on kilo buğda almışdı.
— Oğlanın pulunu verdin? – soruşdun.
— Hə.
— Gərək portağal alırdın.
— Sabah alaram, — söz verdi.
Köməkləşib ət sousu bişirdilər. Çoxdan idi ətli yemək yemirdi, yeyir, konyak içirdilər. Qaz da düşdüyü mühitə alışmışdı, onlardan çəkinib eləmədən dənini yeyirdi.
İlqar müsabiqə ilə nəfəs alırdı, danışır, yeni mövzularını təklif eləyirdi. Onun qaşqabağını turşutduğunu görəndə şikayətlənirdi. Küçələr donub, mənimsə fikrim qalıb ssenarinin yanında, gözüm ayağımın altını görmür, azından beş dəfə yıxılmışam, boynumun, ya da qabırğalarımın sınmaması möcüzədir. Onlarla mövzu fikirləşmişəm, məncə ən yaxşısı budu. Düşmən gəlir, döyüşçü də tək, köməyi yox.
— Yum ağzını! – dedi. – Əsl möcüzə budu ki, mən bu cəfəngiyyata sakitcə qulaq asıram, durub sənin boynunu sındırmıram, ya da başını əzmirəm!
— Pisçilik eləyirəm? İşini asanlaşdırmaq istəyirəm də. Sən nankor adamsa sağ ol demək əvəzinə, buynuzlayırsan.
Belə desə də məsləhət verməyindən qalmırdı, gör sənə nə deyirəm, ssenaridə bircə yerdə belə gül, bülbül, sevgi adı tutma, indi belə şeylərə pis baxırlar. Nə gözlərini bərəldirsən, bunlar köhnə sözlərdi, yazını müasirləşdirmək lazımdı. Deyək ki, gül əvəzinə xrizantema yaz, bülbül əvəzinə qaranquş, yox, qağayı daha yaxşıdı. Bir var yazasan güllər ətir saçırdı, bir var yazasan xrizantemalar ətir açırdı. Fərqi görürsənmi? Bir var yazasan: «O, qağayıların səsinə oyandı, ağappaq qağayılara, mavi dənizə baxıb gülümsədi». Bir də var yazasan: «Uçuq sökük komasında dərədə cır zəngulə vuran bülbüllərin səsinə yuxudan oyandı, komadan, dərənin görünüşündən zəhrimar yağırdı və onun qanı qaraldı». Sözün düzü, müqayisə eləməmişdim, kişilər haqlıymış. Bunlan sonra əyər bülbüllər məni yuxudan eləsələr, tüfəng götürüb nəsillərini kəsəcəyəm. Qoy gedib xəlvətdə cükküldəşsinlər, bir halda ədəbiyyat bunları sevmirsə, biz zatən sevmədik.
— Başın xarab olub? – İlqarı məzəmmətləyirdi. – Qağayını hardan tapım ki, məni yuxudan oyatsın? Sonrası da sənə ehtiyac yoxdu, götürmə tüfəngini, onsuz da nəsilləri kəsilir.
— Pa atonan anlamaz yiyəsi, başa sala bilmirəm də! Mən bu kimi mətləbləri qarışdırdım. Modernist ola bilmədim, elə bunun dərdindən də yazıçılığın daşını atdım. Yoxsa sənə niyə minnət eləyirdim, özüm yazardım. Yeniləşməlisən, yeni sözlərdən istifadə eləməlisən. Dərədə fıstıq, cökə kollarının yarpaqları istidən, bürküdən öləziyib, ölgün yarpaqların arasından da bir yoluq bülbül başını çıxardıb paslı araba kimi cırıldayır. Belə mənzərə üçün nə ürəyin gedir?
— Ay əbləh, nə veribsən yazıq bülbüllərə, ala bilmirsən? Nə istəyirsən, qoy oxusunlar, həm də xətirləri istəyən yerdə. Ağacda, dərədə, kolda!
İlqar incisə də, gecəni yenə onunla qaldı, səhər gedəndə isə pulun qalan iki yüz minini də götürdü. Bilirsən, deyirdi, Yaqubun çayxanasında birisi var, pulla şahmat oynayır, bir oyunu on mindən. Fərli oyunçu deyil, ona göz açmağa imkan vermərəm, bir göz qırpımında lələklərini yolub küləyə verərəm.
— Birdən uduzdun? – qorxmuş halda səsləndi.
— Uduzmaram. Oyununa çox tamaşa eləmişəm. Sən narahat olma, axşama iki bu qədər pulla qayıdıb gələcəyəm.
— Nəzərə al ki, bu bizim sonuncu pulumuzdu, — könülsüz halda razılaşdı.
İlqar gedəndən sonra kardon yeşik tapıb qaz üçün yuva düzəltdi, altına qəzet döşədi ki, tez-tez dəyişmək mümkün olsun. Sarğısını da açıb dəyişdi, yağ var idi, bağayarpağı tozu ilə hazırladığı məlhəmi sürtdü yaraya.
Kofe dəmlədi, bir stəkan kofe içib siqaret yandırdı. İndi onu nə soyuq, nə də aclıq narahat eləmirdi. Yaza bilərdi, düşüncələrinə hakim kəsilən qayğılar kölgədə qalmışdı, yox olmuşdu, səbəbi bilinməyən narahatçılıq və həyəcan qəlbini gəmirirdi. Belini stulun arxasına atdığı qoyun dərisinə söykəyib gözlərini yummuşdu. Hər şey yaxşıydı, tox idi, soba uğuldayır, pəncərədən qarlı çöllər görünürdü. Bircə lənətə gəlmiş dəridən turş qoxu gəlir, bir də uzaqdakı ağappaq təpələrin üstündə çovuyan küləklərin boz rəngi qəlbini sıxırdı. Kənar təsirlərə məhəl qoymadan düşünürdü, şüuru, yaddaşı işıqlanır, artıq rəngləri seçirdi. Bir azdan təxəyyülündə işıqlandırdığı mənzərəni də görə bilirdi. Bu o idi, Qarabağ savaşından qayıdan Azərbaycan əskəri idi, müqəddəs Azərbaycan Ordusunun məğlub əskərinin yaşam mücadiləsi idi! Son aylar ərzində heç nə yazmadığından yazmağa yadırğasa da, təxəyyülündə canlandırdıqlarını kağız üzərinə köçürməkdə çətinlik çəkmirdi. Tələsirdi, bəzi sözləri bütöv belə yazmırdı, mövzunu təfərrüatına qədər işıqlandıran işığın sönəcəyindən ehtiyat eləyirdi. Söndü, qurtardı, mövzu itəcəkdi, o bir də bu mövzuya qayıda bilməyəcəkdi. İlk görəndən məğrur və igid əskərə qarşı qəlbində rəğbət hissi baş qaldırmışdı, əskərin xoşbəxt olmasını, çəkdiyi ağrı acılardan qurtarmasını istəyirdi, ancaq təəccüblə dərk eləyirdi ki, hadisələrin gedişinə təsir eləmək iqtidarında deyil, yalnız seyrçidir. Qədim salnaməçilər kimi hadisələri kənardan izləyib kağıza köçürür. Əskər özü ölümə gedir, o da mane ola bilmirdi.
Axşam ssenarinin əlyazmasını yazdı, sonuncu nöqtəni qoyub ürəyi boşalıncan ağladı. Məğlub döyüşçünün acınacaqlı taleyi onu sarsıtmışdı. Yorulmuş, əldən düşmüşdü, soba keçdiyindən otaq soyumuşdu, o isə ayağa qalxa bilmirdi, əskəri xatırladıqca qəlbi alt-üst olurdu.
Ayağa qalxdı, qıçları keyimişdi, çöl qapısına kimi divardan yapışaraq getdi. Həyətə düşüb qarla alnını, üz-gözünü ovdu, xeyri oldu, şüuru ayazıyır, keyimiş başına aydınlıq gəlirdi. Evə keçib sobanı yandırdı. Kofeylə iki qədəh konyak içib çay dəmlədi, yavaş-yavaş dirçəlir, yorğunluğu keçirdi. Dönüb yazı stolunun üstünə qalaqlanmış kağızlara baxdıqca gülümsəyirdi. Özündən razıydı, işin öhdəsindən gəlmişdi, yazı uğurla alınmışdı. Belə düşünürdü.
Səhərisi əlyazmaya əl gəzdirdi, düzəlişlər elədi, makinada üzünü köçürdü. İşini qurtarıb arxayınlaşandan sonra oturub İlqarı gözləməyə başladı.
İlqar axşamçağı gəldi, saçları dağınıq idi, sağ qıçı qan içindəydi, it tutmuşdu. Şalvarının balağını yuxarı çəkib yaraya baxdı, yara dərin olmasa da, çox yer dağılmışdı, qan dayanmırdı. İxtiyarsız gülümsədi.
— Nəyə gülürsən? – İlqar heyrətlə soruşdu.
— Hər axşam bir yaralı gəlir. Göydən qaz gəldi, yerdən də sən.
— Ağlını itiribsən? Mən canımın hayındayam, bu qazdan dəm vurur!
Söhbət vaxtı deyildi, qanı kəsmək lazımdı. Dərənin sahilindəki yamacda sığırquyruğu bitirdi, ancaq indi yamac qar altındaydı, qarı eşib sığırquyruğu yarpaqlarını tapmalıydı. Beli götürüb dərəyə getdi, yuxarı qalxan cığır donmuşdu, ayağı sürüşürdü, çətinliklə yamaca qalxdı. Qarı təzəcə eşməyə başlamışdı ki, qar şəfəqlərinin işığında ilk sığırquyruğu yarpaqlarını gördü, enli yarpaqlar qar altında qaldığından saralmışdı. Üç yarpaq dərdi. Soyuq idi, əlləri donmuşdu, evə qaça-qaça gəldi. Qızınıb yarpaqları ilıq suda yudu, qarını, qumunu təmizləyib yaranın üstünə qoydu, qan kəsiləndən sonra qaz üçün hazırladığı məlhəmdən vurub sarıdı. Bir qədəh konyak içəndən sonra İlqarın rəng-ruhu özünə gəldi.
— Nə oldu, sən onun lələklərini yolub küləyə verdinmi? – qorxa-qorxa soruşdu, bu niyə susurdu, udsaydı nər-nər nərildəyirdi, olmaya əbləh pulları uduzmuşdu.
— Lələyə kimi gedib çıxmadıq, — İlqar vaysındı, — yəni yolmağa macal tapmadım. Yedi məni, ac canavar kimi yedi. Sürsümüyümü də tulladı bayıra. Sən bir görəydin, it oğlu şirə dönmüşdü!
Yaramaz adam pulları küləyə verdi, özü də pulun onlara bu qədər lazım olduğu indiki vaxtda. Qəpiyə güllə atırdılar, bu isə bir ətək pulu qumarda uduzmuşdu. İlqar özünü zərrəcə də günahkar hesab eləmirdi, sadəcə çayxanadakı şahmatçıya ilham gəlibmiş, misilsiz oyun nümayiş elətdirirmiş. Sonrası da uzağı bir aydan sonra üç milyon alacaqları halda, hansısa beş-on manatdan ötrü danışmağa dəyərmi? Mən boyda adamı it şikar eləyib, vecinə deyil, qəpik-quruş üçün hay-həşir salıbbsan!
Beləsinə nə deyəsən, əngini əzəsən, yıxıb otaqla sürüyəsən, vurub o biri qıçını da sındırasan, neyləyəsən ki, ürəyin soyuya. Heç birini eləyə bilmir, yanıb yaxılırdı. Rəhmi gəlmirdi, ancaq it bunu şikar eləyib, sən də bu yandan sal yumruq altına, nəsə alınan iş deyildi.
İlqarsa öz hayındaydı, xəstəxanaya zəng elədi, itin quduz olacağından ehtiyat eləyirdi, xəstəxanadan dedilər ki, onlarda quduzluğa qarşı peyvənd yoxdur. Əyər itin quduz olması ehtimalı varsa, gedib Bakıdan iynə alsın, yüz dollaradır. İt uşağı it, məni ələ salırsız, İlqarın səsi otağı başına götürmüşdü, yüz dolları hardan tapım? Mənim yüz dollarım olsaydı heç it mənə yaxın düşərdi? Tibb işçilərini bir az da söyüb, it sahibinə, qəssab Cəfərə zəng elədi, ac itini küçəyə buraxdığı üçün Cəfəri abırdan saldı. İtdən də hal-əhval tutdu. Necədi, yemək yeyir, ulamır ki, su qoy qabağına, gör qorxurmu? Telefonun dəstəyini yerə qoyandan sonra ona tərəf dönüb təşviş, qorxu dolu səslə soruşdu:
— Birdən it quduz oldu. Mən yaşamaq istəyirəm.
— Yaşayacaqsan, — hirsi hələ soyumamışdı, təskinlik vermək üçün başqa söz deməyə ehtiyac duymadı.
İlqar əsəbləşmişdi, Cəfəri söyürdü, itlərini bağlamaq əvəzinə küçəyə buraxanları lap abırdan salırdı. Danışır, deyinirdi, yalnız yorulandan sonra ssenarini oxudu. Çox da xoşuna gəldi, heyranlıqla tərifləyirdi. Əla, üç milyon bizimdi! Mən bilirdim və bir daha əmin oldum ki, sən yaxşı yazıçısan. Göndərməyə tələsməyək, sabah Rasimi çağıraq, ətiacı adam olsa da, yaxşı zövqü var. Qoy o da oxuyub rəyini desin. Məsləhətlərim hər halda karına gəlib, bir növ modern yazıbsan. İlqar belə desə də birdən sifəti tutuldu, düşdü onun üstünə. «Demişdim axı bülbüldən yazma, səninsə qəhrəmanın çayın sahilində bülbüllərə qulaq asır. Qoy bülbül olmasın da, adı çıxıb, hörmətdən düşüb yəni! Necə tərs adamsan! A kişi, bir az yeniləş, silkələn, qoy köhnə düşüncələrin tökülsün. Camaat taxtadan qanad taxıb havada uçur, sənsə yeniləşə bilmirsən». «Görünür yeniləşmək lazım gələcək, — fikirli halda dedi. – Mən səni öldürmək istəyirdim, insanlığa bir xidmətim olsun deyə. Özü də şiş, balta kimi primitiv, köhnə alətlərlə. İndisə modern vasitələrdən istifadə eləməli olacağam, yəni zəhərdən-filandan».
İlqar incidi, zəhər-filan axtarma, deyirdi, məni onsuz da it öldürəcək, sənə ehtiyac qalmayacaq. Mükafat bizimdi, ancaq qorxuram bülbül bizi şərə sala. Tərs adamsan sən, sənin qəhrəmanın çayın sahlində oturub bülbülə yox, məhəbbət quşlarına qulaq assaydı, nə olasıydı? Üzüyünün qaşı düşəcəkdi? O da İlqarı inandırmağa çalışırdı, axı bizim çayların sahilində məhəbbət quşları olmur, oxumurlar, oxumurlarsa, mənim qəhrəmanım onlara necə qulaq asa bilərdi? Çox dedi, ancaq İlqarı başa sala bilmədi, yazı qalmışdı bir tərəfdə, bülbüldən yapışıb buraxmırdı.
Səhərisi İlqar Rasimi də götürüb gəldi. Çoxdandı görüşmürdülər, birdən-birə qarşısında saçları tökülmüş, baxışları etinasızlaşmış, köhnə, nimdaş paltarlar geymiş yaşlı adamı görəndə gözlərinə inanmadı. Adamın təkcə paltarı yox, özü də nimdaşlaşmışdı.
Rasim ssenarini oxumaq istəmirdi, ağlınızı itiribsiz, etiraz eləyirdi. A kişi, nə müsabiqə, nə filan? Siz hələ də sadəlövhlüyünüzdən əl götürməyibsiz? Onlar müsabiqənin şərtlərini elan eləyəndə artıq qaliblərin kim olduğunu da bilirdilər. Yalnız şokaladla iki qədəh konyak içəndən sonra oxumağa razılıq verdi. Oxuyub qurtarandan sonra stolun üstündəki siqaretdən birini götürüb yandırdı.
— Sizə məsləhət yox, yalnız mənim fikrimi öyrənmək lazımsa, deyərəm, — soyuqqanlılıqla dedi. – Bu ssenari hər hansı başqa ölkədə keçirilən müsabiqələrdə birinci olmasa da, mütləq yer tutar.
— Bülbülün bir xətası yoxdu ki? – İlqar ehtiyatla soruşdu.
— Hansı bülbülün?
— Ssenaridəki. Qəhrəman ona qulaq asır.
— Var! – Rasim fikirləşmədən dedi. – Qəhrəmanınız flaminqoya da qulaq asa bilərdi.
— Onlar oxuyurmu? – istəməsə də söhbətə müdaxilə elədi.
— Nələr?
— Bilmirəm. Oxumurlarsa, oxut. Sənin işinin adı nədi? Sənə onu irad tutmayacaqlar ki, flaminqolar oxumursa qəhrəmanın ona necə qulaq asıb, onu irad tutacaqlar ki, niyə köhnə quşlara qulaq asıb? Anlamaq lazımdı, bülbül dövru keçib. Amma hər halda bülbül yekun nəticəyə elə də ciddi təsir eləməz.
İlqar bülbülə görə dilxor olsa da, çox çəkmədən kefi kökəldi, Rasimin də ssenarini tərifləməsi onu ruhlandırmışdı. Demək, üç milyon bizimdir, ancaq mən yüz ölçüb bir biçəcəyəm. Təkcə nimdaş adamın rəyi ilə kifayətlənməyəcəyəm, əsl tənqidçinin yanına getməliyik.
………………………
— Biz gəldik, — İlqar dedi.
— Keçin.
Adam başını qaldırıb onları etnasız halda süzdü. Səsi, görünüşü onu adamdan çox xəyala oxşadırdı, sanki bu dünyanın adamı deyildi, özgə dünyadan gəlmişdi, özgə dünyanın adamıydı.
— Nə lazımdı? – soruşdu.
— Oxu bunu, — İlqar yazını ona uzatdı.
— Nə üçün? – özgə dünyanın adamı yazıya gözucu da baxmırdı, gözlərini yumdu, sirsifətində yanan sobanın bacasından görünən alovun şölələri oynaşırdı.
— Müsabiqəyə göndəririk.
Adam gözlərini açdı, istehzayla gülümsədi, yazını götürüb oxumağa başladı. Oxuduqca da sifəti canlanırdı, onlar da ayaq üstə dayanıb səslərini belə çıxarmır, adama mane olmaq istəmirdilər. Oxuyub qurtardı, yenidən gözlərini yumdu, sifətinə tutqun kölgə çökdü, göz qapaqlarını ağır-ağır qaldırdı.
— Kim yazıb? – boğuq səslə soruşdu.
— Bu, — İlqar onu göstərdi.
— Gedin, — adam dedi.
— Bəs…
— Sən qalibsən!
Özünü itirmişdi, özgə dünya adamının bədənə üşütmə salan səslə dediyi bu bircə kəlmə yarı qaranlıq otaqda uğultu qopartdı. Qaranlıq künclər belə əks-səda verdi. Tərif İlqarı sevindirmişdi, ancaq hələ də tərəddüd içindəydi, cəsarətsiz halda çəkinə-çəkinə soruşdu:
— Bəs bülbül?
— Nə olub, oxumur?
— Oxuyur, ancaq indi elə şeylərə yaxşı baxmırlar, köhnəlib yəni. Bunun da qəhrəmanı qulaq asır, yəni köhnə quşlara. Yoxsa qağayı-filana nə gəlib, ətrafımızda uçuşurlar, müntəzəm. Dəstə ilə.
— Bizim Azərbaycanda nələr olur? – Adam öz dünyasından ayrıla bilmirdi, fikirli halda ara verə-verə danışırd. – Əsrlərdi oxuyurlar, toxunmayın. Gözümüzü açıb onları görmüşük, ömrün qürub çağında da görmək istərdik. İstedadı, başı olmayana biçarə bülbül neyləsin?
İlqara möhkəm acığı tutmuşdu, ay əbləh, qağayı nə dilinin əzbəri olub! Dağda-daşda böyüyən adamsan, dənizi harda görübsən? Sənin atan, baban dəniz görüb? Dağ adamıyıq biz, su topuğumuza çıxdımı, ağzımıza dəniz suyu dəydimi, canımız çıxır. Sənin o quşların oxuyanda ölümü yadıma salırlar, tərslikdən ağappaqdılar, eynən kəfən kimi. Əcəl nəğməsi oxuyurlar. Əcəl nəğməsinə qulaq asmaq sənin üçün nə belə maraqlıdı?
— Get, — adam təkrar elədi, — sən qalibsən!
İlqar yazını götürüb onun qoluna toxundu, yəni gedək. Elə həmən gün poçta gedib ssenarini müsabiqəyə yola saldılar.
………………
İlqar hər onun yanına gələndə içəri girən kimi telefonu götürüb Cəfərə zəng eləyir, salamsız, kalamsız itin vəziyyətini soruşurdu. Cəfər itə görə özünü günahkar hesab eləsə də, belə saymamazlığa dözə bilmirdi. A kişi, bir dəfə də mənim kefimi soruş! Nə, İlqar qışqırırdı, sənin kefini soruşmaq nəyimə lazımmış? Kefin ala buludda olsa da, düşüb gəbərsən də, halıma təfavüt eləməyəcək. Mənim üçün əsas itdi, sən yox! Cinlənən Cəfər də qisas almağa qərar vermişdi. İlqar yenə zəng eləyib itin kefini soruşanda dedi ki, işlər xarabdı, it heç nə yemir. Necə yəni yemir, İlqar ümidsiz halda soruşurdu. Məlun adam, bəlkə sən ona elə şey verirsən heç yeməli deyil. A kişi, heç kim sənə demir, kabab al, ya da cücə çığırtması. Vay sənin başın batsın!
Dəstəyi yerə atıb, sonuncu ət konservini götürdü, qapağını açıb qəzetə bükdü və qaçaraq getdi. Xeyli keçəndən sonra qayıdıb gəldi. Cəfər onu aldadırmış, it konservi bir göz qırpımında yemişdi, az qala özünü də tutacaqmış, güclə canını qurtarmışdı. Cəfərin yeddi arxadan dönənini söyürdü. Danışıb yorulandan sonra yazıq-yazıq:
— Mən yaşamaq istəyirəm, — dedi.
— Yaşayacaqsan, — təskinlik verdi.
— İt quduz olsa necə yaşaya bilərəm? Uzağı qırx gündən sonra başımı yerə qoymalıyam. İndi mənim taleyim itdən asılıdı.
— Təkcə sənin yox, — dedi, — çoxumuzun taleyi itlərdən asılıdı.
İlqar gecəni onunla qaldı, şiayətlənirdi ki, yatacaqdan gülxətmi kökünün qoxusu gəlir. Gülxətmi-filan qoxusu gəlmirdi, ancaq gecələr qaz zıllayanda otağa dözülməz qoxu yayılırdı, durub yeşiyi təmizləməyincə yata bilmirdi. İy çəkilsin deyə qapını açıq qoyurdu.
Çıxıb Sibirə, Maşanın yanına getmək istəyirdi. Qarlı tayqanı, donmuş çayları, sırsıra bağlamış küknar, şam ağaclarını, meşədəki komanın üstündən göyə millənən ağappaq tüstünü, üzü çilli Maşanı xatırladıqca gövrəlirdi. Qışda səfərə çıxmağı xoşlamırdı, bircə yaz gəlsəydi, onda neyləməli olduğunu bilərdi. Heç vaxt yazın gəlməsini belə səbirsizliklə gözləməmişdi.
Telefon zənginə yuxudan oyandı. İlqar idi, səsinin yoğun yeinə salmışdı, elə qışqırırdı ki, telefonun dəstəyi titrəyirdi.
— Eşitmirsən?
— Nəyi? – yuxulu səslə soruşdu.
— Qazlar uçur!
Qazı götürüb həyətə qaçdı, tələsdiyindən ayaqqabı geyməmişdi, qara ayağını basan kimi də bədənindən soyuq sızıltı keçdi. Süd kimi ay işığında cənuba uçan qazları dərhal gördü, qaqqıltıları da aydın eşidilirdi. Qazı havaya buraxdı. «Əlvida! – dedi. – Uç, get!»
Qaz havalandı, əvvəlcə özünə inamsız halda uçurdu, sanki uçmağa yadırğamışdı, sonra isə havaya millənib, qazlara doğru istiqamət götürdü. Dəstəyə çatmağa az qalmış birdən geri döndü, havada dövrə vuraraq qayıdıb yaxınlıqdakı çəpərin üstünə qondu. Niyə uçub getmədi? Bəlkə də sonuncu qaz dəstəsi idi, qaz da yaza kimi onunla qalacaqdı. Qazı qucağına götürüb evə gətirdi, hirslənmişdi, qazı məzəmmətləyirdi. Niyə uçub getmədin isti ölkələrə, orda göllər donmur, qar-şaxta yox, göy otlardan doyunca yeyəcək, göy sulu göllərdə çiməcəkdin. Öz qaz həmcinslərinlə birlikdə olacaqdın. Bəs burda darıxmayacaqsan? Mən uçub gedə bilmirəm, qanadım yoxdu, ona görə, bəs sən niyə uçmursan? Qaz isə yuvasını rahatlayır, razılıqla qığıldayırdı, geri qayıtdığına görə peşman olmadığı məlum olurdu, əksinə, yenidən isti yuvasına döndüyü üçün şad idi.
Ayaqlarını hazırladığı məhlulla nə qədər ovsa da, gecə ağrılardan yata bilmirdi, buzun, qarın üstündə ayaqyalın gəzməsi bədənindəki bütün ağrıları oyatmışdı, oynaqları zoqquladayır, bədəni sız-sız sızıldayırdı. Sobanı yandırmışdı, otaqda gəzişir, bildiyi bütün vasitələrdən istifadə eləyirdi, ancaq ağrılar azalmırdı. Dözə bilmir, az qalırdı bıçağı götürüb oynaqlarındakı ağrıyan yerləri, zoqquldayan damarlarını kəssin. Dizlərini, dirsəklərini divara vurur, ovuşdurur, yerdə mayallaq aşırdı, zərrəcə də xeyri yox idi. Bilmirdi neyləsin, ağrıların əlindən hara qaçsın, necə qurtarsın. Yalnız səhərə yaxın ağrıları azaldı, yatağına girib yatdı.
Qaza yem tapmaq asandı. Dərənin sahilindəki kolluqda ot bol idi, bitki kökləri də çıxarmaq olardı. Əvvəlcə həyətdə balaca bir hin tikməliydi, qazı yaza kimi otaqda saxlamaq olmazdı. İlqar hini tikməkdə ona kömək eləməyə razılıq versə də, könülsüz idi. Sən bu qazın nazı ilə nə oynayırsan, onu danlayırdı, bir halda uçub getməyibsə, lap yaxşı. Kəsib kabab çəkək, yaza kimi buna azından üç kisə dən lazımdı. O isə razılaşmırdı, heç vaxt kəsməzdi, qış gecəsi göydən gələn qonaqdı, ona pənah gətirmişdi. Yaxınlıqdakı qayadan daş çıxarıb daşıdılar, sarı gildən məhlul hazırlayıb daşları hördülər. Üstünə yastı odunlar döşəyib suvadılar. Yeşik taxtalarından qapı düzəltdilər və qazı yeni mənzilinə köçürtdülər. Daha gecələr rahat yata bilərdi, qoxular, qaz qaqqıltısı yuxusunu pozmayacaqdı.
İlin bu vaxtlarında həmişə olduğu kimi güclü küləklər əsməyə başladı. Sobanı yandıra bilmirdi, külək soba borusuna dolub tüstünü qaytarır, evdə tüstüdən nəfəs almaq olmurdu. Yandırmayanda da soyuqdan donurdu, yorğanın altında belə tir-tir əsirdi. Üşüdükcə də gözləri önündə istidən ilğımlanan yaz günləri canlanırdı, ancaq xəyallarında boy verən yaz günləri onu soyuqdan qoruya bilmirdi. Mülayim, qoxuları və havası ilə adamı sərxoş eləyən yaz günü atası ilə birlikdə Böyük çayın sahilinə getməsini xatırlayırdı. Uşaq idi, ilk dəfəydi belə böyük çay görürdü. Əlini çaya tərəf uzadıb qışqırırdı:
— Ata, bax! Nə böyük sudu!
— Böyük çaydı! – atası gülərək dedi.
Böyük suyu gördüyü o gündən üzü bəri çoxlu çaylar, dənizlər görmüşdü, ancaq o çayın əzəməti, coşqunluğu, çılğınlığı sonradan gördüyü suların heç birində yox idi.
Torpağın donu açılır, yarğanlardan bulanıq sular axırdı. Dərənin sahilindəki yamacın da qarı ərimişdi, yer qurumuş, suyu çəkilmişdi. Soğanı əkməyin vaxtı idi, qar düşənə kimi əkməliydi, qardan sonra əkəndə soğan yaxşı bitmir, saralırdı.
Bütün günü yamacda şum vururdu, qazı da özü ilə aparırdı, qaz kolların dibinə yaprıxmış şirəli otlardan, yerə tökülmüş quru yemşan, qaratikan meyvələrindən, bitki toxumlarından tapıb yeyirdi. Şumladıqca yerdən xeyli zuruq kökü çıxırdı, kökləri yuyur, gecələr xırda-xırda doğrayıb qaza verirdi və ondan fərqli olaraq qaz yemək sarıdan korluq çəkmirdi.
İlqar tez-tez ona baş çəkirdi, dükanlardan nisyə çörək, konserv, siqaret, qənd-çay alıb gətiirirdi. Onun soğan əkməyinə etiraz eləyirdi, niyə özünü əldən salırsan, uzağı bir aydan sonra üç milyon manat alacağıq, nə qədər soğan lazımsa, alarıq. O isə öz işindəydi, sahənin boş, əkilməmiş qalmasını istəmirdi. Şumu qurtarıb iri kəsəkləri xırdaladı, dırmıx çəkdi və soğanı səpdi. Yalnız bundan sonra arxayın nəfəs aldı, qar yağmamış işini başa çatdırmışdı.
İki gündən sonra şuma baxanda qanı qaraldı, şum tamam dovşan izləri idi, dovşanlar şumu tapdalayıb döyənək eləmişdi, bəzi yerləri eşmişdilər. Lənətə gəlmişlər, zəhmətini yerə vurmuşdular! Yaxınlıqdakı qaratikanlardan qırıb şumun üstünə döşədi, daha bitki kökləri, ağac qabıqları yeməyə gələn dovşanlar şuma girə bilməzdilər.
Gecə yatağına girəndə tapdalanıb eşilmiş şumu xatırladıqca dilxor olurdu.
— Lənətə gəlmiş dovşanlar! – dedi və yatdı.
…………………
İlqar onun üçün ərzaq gətirsə də, meyvə, göy-göyərti yemədiyindən vitamin azlığından əziyyət çəkirdi. Dişlərinin dibi səpir, əl-ayağı çatlayırdı. İtburnu kökləri, qarağat, böyürtikan zoğları dəmləyib içir, kolların dibindən ayba yığırdı. Siqareti qurtaranda isə dərənin qırağındakı xəzəllərdən yığıb ovur, tez yanmasın deyə bir qədər də kök şirəsi əlavə edib çəkirdi. Belə siqaretlər şirintəhər olsa da, tüstüsü onu boğurdu.
İlqarın kefi kök idi, it ölməmişdi, sapsağlam idi, quduzluq ehtimalı yox idi. Tez-tez gəlir, həmişə də nəsə alıb gətirirdi.
— Qəsəbədə nə var, nə yox? – soruşurdu.
— Gördüyün qəsəbədi.
— Orda yenədəmi yeşiklərdə portağal satırlar?
— Hə. Əlimə pul düşdümü, sənin üçün bir yeşik portağal alacağam.
Üstünü qar örtən yeşikləri xatırlayırdı, satıcı çölç bir az gec çıxan kimi sapsarı rənglər ağ qarın altında yoxa çıxırdı. Satıcı da süpürgəsini işə salır, bahar rənglərini üzə çıxarırdı. Yenidən qışı silib süpürən nəhəng süpürgəni təsəvvüründə canlandırır, gülümsəyirdi.
Deyilən vaxtdan beş-on gün keçsə də, müsabiqənin nəticəsi elan olunmurdu. Bu isə İlqarı özündən çıxarırdı, nə olub onlara, demişdilər, yanvar aynda müsabiqəyə yekun vuracaqlar. Bu da yanvar ayı. Mən artıq milyon yarım borc eləmişəm. Onun heyrətlə baxdığını görüb izahat verirdi. Təkcə sənin üçün alımarm axı, özümə də bəzi şeylər lazım olur. Arada o şahmatçıyla da oynayıram, it oğlu, darmadağın eləyir məni.
Əbləh ağlını itirmişdi, səfehləmişdi, vəssəlam! Hinduşka qədər ağlı olan belə iş tutmazdı, bəlkə heç müsabiqədə yer tuta bilməyəcəkdilər, bu isə yəqin eləmişdi, açmışdı kisəsinin ağzını.
Küləklər ara verən kimi də qar yağmağa başladı, qurşağa qalxan qarda qaz dərənin sahilinə gedib özünə yem tapa bilmirdi. Beli götürüb sahilə gedir, qarı eşib göy ot, qurumuş giləmeyvələrdən yığır, zuruğ kökü çıxarıb qaz üçün gətirirdi.
Gecələr şaxta olurdu, səhərə kimi sönməsin deyə sobaya iri kötüklər qoyurdu, ancaq səhər oyanıb otağın buza döndüyünü görürdü, pəncərə şüşələri içəridən əl qalınlığında buz bağlayırdı.
Aclıqdan və soyuqdan əziyyət çəkirdi, doyunca yemədiyindin arıqlayır, sifəti uzanır, gözləri işıldayır, üzünün dərisi qaralırdı, İlqar onun halını görür, bacardığı qədər kömək eləyir, arada da təsəlli verirdi. Darıxma, qoy birinci yeri tutaq, pulu alan kimi səni göndərəcəyəm yaxşı bir sanatoriyaya, bircə ayda yeyib-içib əmələ gələcəksən. Hirslənirdi, ay əbləh, deyirdi, sən məni nəylə göndərəcəksən sanatoriyaya? Lap elə birinci yeri tutsaq da, alacağımız pul sənin borclarını ödəməyə ancaq çatar. Orası elədi, İlqar günahını etiraf eləmək əvəzinə, özünə haqq qazandırırdı, yalnız indi başa düşürəm ki, pullu adamlar niyə belə bədxərclik eləyirlmişlər. Adamın pulu olanda dayana bilmir, ta başına daş salmayınca sakitləşmir. «Tfu sənin sifətinə! – özünü saxlaya bilməyib yana-yana deyirdi. – Camaatın pulu var, başına daş salır, bəs sən nəyin başına daş salırsan? O daşı pulun yox, bizim başımıza salırsan! Aydındımı, ay hənək! Qandınmı? Sənin bir qəpiyin də yoxdu, sən xəyali pulları xərcləyirsən!»
Bir dəfə də qardaşı zəng elədi, hal-əhval tutdu, vəziyyəti ilə maraqlandı, sanki canıyananlıq eləyirdi, ancaq səsindəki istehzanı da gizləyə bilmirdi. Sonda yenə də eyni sözləri dedi. Bir işin qulpundan yapış, kimdən əskiksən? Elə bilirsən yazı yazdın, qurtardı? Heykəlini qoyacaqlar? Olmaya hələ də o xülyadasan ki, gəlib vertalyotla aparacaqlar səni? Cibinə pul qoyacaqlar? Ev verəcəklər sənə? Heç hara aparmayacaqlar, heç bir çöp də verməyəcəklər! Nahaq yerə ümid eləmə! Bəlkə də aparalar, amma day vertalyotla yox, adicə it maşını ilə, bir başa türməyə! Bəsdi də, milləti də bezdiribsən, dövləti də!..
Dəstəyi asdı. Çoxdandı qardaşının səsini eşitmirdi, zənginə əməllicə sevinmişdi. Axırda yenə qanını qaraltdı, zəng eləməsəydi yaxşıydı.
Gecə İlqar gəldi, əlindəki balaca torbadan nəsə xoş qoxu gəlirdi, qurudulmuş şinappa və kəkotu gətirmişdi. Ancaq onun çayı yox idi, su boruları donmuşdu, dərənin sahilindəki bulağa gedən cığırı da şəpə vurmuşdu, keçib getməli deyildi. Ayağı islandımı, gecələr ağrıdan yata bilməyəcəkdi. İlqarsa sifətini turşutmuşdu, şəpə-filan nədi, günüdz gedib su gətirirdin. Şəpə vurmuşdu, qarı təmizləyib yol açırdın. Qəhvədanı da götürüb deyinə-deyinə getdi. Gec gəldi, saçları qırov bağlamışdı, üst-başı qar idi. Qəhvədanı bulaqdan doldurub gətirə bilsə də, deyinirdi. Güclə gedib ora çıxmışam, bulağı tapa bilmirdim, qar altda qalmışdı. Bir də baxıb görürəm qar buğlanır, elə bil qarın altında soba qalayıblar. Bildim ki, bulaq burda olacaq, suyu ipisti idi.
Qəhvədan qaynayandan sonra çay dəmlədi, çaynikə gətirdiyi çiçəklərdən də atmışdı, otağı kəkotu qoxusu götürmüşdü başına. Gecədən xeyli keçənə kimi oturub söhbət elədilər. İlqar danışır, ona təsəlli verirdi. Birinci yer bizimdi, qalib sənsən, gördün də o nə dedi, dedi ki, sən qalibsən! İndiyə kimi o kiminsə yazısı haqda bircə kəlmə olsun belə xoş söz deməyib, səninsə qalib olduğunu dedi.
…………………….
Kresloda oturub düşünürdü, sobanın bacasından işaran közlər görünür, soba aramla uğuldayırdı. Çaynikdə itburnu kökü dəmləyirdi, köklər çox qaynadığından çaynikdən acıtəhər kök qoxusu qalxıb otağa yayılırdı, ayağa qalxıb çayniki yerə qoymağa tənbəllik eləyirdi. Yuxu tutmuşdu onu, oturduğu yerdəcə mürkü döyürdü.
Telefon səsinə dikisnib yuxudan oyandı, İlqər idi, nərildəyirdi:
— Televizora baxırdın?
— Televizorum işləmir. Demişəm axı sənə.
— Nəyinə lazım, niyə də baxasan! – İlqar bir az ara veib yenidən nərildəməyə başladı. – Müsabiqənin nəticəsini elan elədilər. Sənə heç üçüncü yeri də verməyiblər. Yaramaz yazıçı, sən orda nə hoqqabazlıq eləyibsən? Sənə dedim axı bülbüldən yazma! Dedim, qoy o əbləh qaranquşa qulaq assın, cırcıramaya qulaq assın! Sənə dedim axı bülbül adı gələndə elə bil bunların ölüsünü, dirisini üzlərinə söyürsən! Sənsə öküz kimi inadından əl götürmədin. Yazdın, yıxdın evimizi! Bu işi belə qoymayacağam! Baş Nazirə, Prezidentə yazacağam! O teleşirkətə göstərəcəyəm İlqarın kim olduğunu!
— Sən hələ bir danışırsan da! Sənin danışmağa dilin də var! Sənin hesabınla onlar ağlamalıydılar, göz yaşları axıtmalıydılar. Bəs nə oldu, ay hənək? Demək, bircə damcı da göz yaşı axıdan olmayıb! Sən əbləhə qulaq asmamalıydım.
Rasim haqlıymış. Demək, elə həmən hamamdı, heç nə dəyişib eləməmişdi. Əbləh adamlar yenə də əbləhlik eləmişdilər. Qıçlarındakı ağrılar başlayır, sümükləri sızıldayırdı. Kənddəki evlərini xatırlayırdı, bir aşıq gəlib çıxmışdı onlara. Çaylar daşıb yollar bağlandığından aşıq bir həftə qaldı. Bütün günü saz çalır, «Qərib eldə sümüklərim sızlar» deyə oxuyurdu. O da başa düşə bilmirdi ki, aşıq qərib elə niyə gedir, niyə də sümükləri sızlasın. Özgə dünyanın adamını görürdü, adam ona deyirdi: — Sən qalibsən! «Yox, — deyirdi, — mən qalib olmadım. Sən məni aldatdın!»
— Yatdın? – İlqarın səsi qulaq dəlirdi.
— Yox, — gec cavab verdi.
— Neyləyəcəksən?
— Baharı gözləyəcəyəm, — deyib dəstəyi asdı.
Böyük suyu gördüyü gündən üzü bəri keçib gəldiyi yollarda aldanan, əzilən, təhqir olunan kənd uşağının halına acıyır, qəlbi ağrıyırdı. Sobanın bacasından işaran gözlərə baxır, kədərlə başını yırğalayırdı. Özüylə danışırmış kimi:
— Baharı gözləyəcəyəm, — təkrar dedi.
Yardımlı