Həbsxanadan qaçmış cani | Aslan Quliyev

Həbsxanadan qaçmış cani | Aslan Quliyev

Qaranlıq tində dayanıb səbirsizliklə gözləyirdi, oğlan isə görünmürdü. Nə oldu buna, pilləkənlə yumalanıb baş-gözünü əzdi, ya çox içdiyindən gəbərdi? Nəhayət  oğlan tində göründü, fit çalaraq aşa-aşa ona tərəf gəlirdi. Qəlbində vəhşi sevinc baş qaldırmışdı, gəl dostum, göstərərəm sənə fit çalmağı, tələs, tez ol!
    Oğlan yanından keçəndə qolundan yapışıb, qaranlıq küncə dartdı, bıçağı çıxarıb böyrünə söykədi.
    — Ciblərini çevir! – astadan, ancaq qətiyyətli səslə dedi.
    — Sən kimsən? – oğlan kəkələdi.
    — It oğlu, pullarını çıxart!
  — Axı…
    — Ütülmüş meyit! – qarnından necə vurdusa, oğlan qarnını qucaqlayıb, iki qat oldu. – Tələs, yoxsa murdar sifətinə də, pullarına da tüpürüb, işini bitirəcəyəm! Oğlan əlini cibinə salmışdı, ancaq qorxduğundan, həyəcanlandığından pullarını çıxarda bilmirdi. Evin tinindən süzülən ay işığında gözlərində dəhşətli bir ifadə canlanırdı, gözünü ondan çəkmir, əlləşir, tələsirdi, ancaq  nəticəsi yox idi, çanki əli cibinə yapışmışdı.
      — Nə oldu, qurudun?
      — Mən…
      — Sən itsən! Tələs!
      — Indicə…
      — Sözsüz, ay donuz, sözsüz!
        Oğlan ciblərini çevirib pullarını çıxarda bildi,   əlləri əsdiyindən yarısını da yerə dağıtdı. Oğlanın boynunun kökündən yapışıb aşağı əydi, məcbur elədi ki, dağılmış pulları yığsın. Əbləh çox içmişdi, qorxu da öz işini görürdü, pulları yerdən yığması bir qədər çəkdi. Bütün pulları aldığına əmin olandan sonra, yaxşı, cəhənnəm olub gedə bilərsən, dedi. Oğlan isə getmək əvəzinə qorxa-qorxa xahiş eləyirdi, heç olmaya beş manat ver, taksi pulu. Başına necə çımxırdısa, oğlan beş-altı addım geri çəkildi və birdən dönüb qaçmağa başladı, ayaqlarının taqqıltısı qaranlıq küçədə boğuq əks-səda verirdi.
       Kefi kökəlmişdi, oğlanın restoranda qızlara necə sataşmasını, yemək paylayanı ələ salmasını xatırlayır, razılıqla gülümsəyirdi. Restoranda özünü şir kimi aparırdı, qaranlıqda, təklikdə isə dovşan kimi titrəyirdi. Möhkəm hirslənmişdi, oğlanı cəzalandırmasaydı, rahatlıq tapmazdı.  
      Mehmanxanaya çatcaq bir qədəh konyak içib yatağına uzandı. Hava soyumuşdu, otaqda, yorğan altda belə ona soyuq idi, yəqin tezliklə qar yağacaqdı. Evlərin qar basmış damlarını, donmuş küçələri, ayaq altda qalıb xırçıldayan  nazik buzları xatırladıqca ürəyi sıxılırdı.
      Səhər tezdən avtobusla ucqar əyalət şəhərinə yola düşdü. Gecə qar yağmış, küçələr, səkilər nazik qar örtüyü ilə örtülmüşdü, avtobus qar basmış yolla ağır-ağır irəliləyirdi. Mənzil başına günortadan xeyli keçmiş çatdılar. Ac idi, taksiylə şəhər kənarındakı parkdakı yeməkxanaya getdi. Zövqsüz döşənmiş uzunsov salonda boş yer tapıb oturdu.
        Yağlı qoyun ətindən bişirilmiş kababdan yeyir, kiçik qədəhlə neft qoxuyan araqdan içirdi. Içəri yaxşı qızdırılmamışdı, yanındakı pəncərənin alt şüşəsi sınmışdı, qarın üstüylə əsən külək  qıçlarına vururdu. Ayaqqabılarının qarı əriyir, çirkli döşənəcəyin üstündə su göllənirdi. Içdikcə qızışır, araqla bərabər bədəninə ilıq hərarət yayılırdı.
       Maqnitafonda qəmli səsi ona tanış olan, ancaq adını xatırlamadığı müğənni oxuyurdu, səsdəki qüssə, illərin arxasından süzülüb gələn musiqi içəriyə dalğa-dalğa yayılırdı.
                    Ömrün payızında sevdim, sevildim,
                     Elə bilirəm ki, ilk baharam mən.

        Qəhərləndi, ona yad olan bu duyğu qəlbini didirdi. Ömrünün yazında sevmişdi, ilk baharda. Alma ağacları çiçəkləyir, havada zəncirotular uçuşurdu. Ona xəyanət elədilər və o, xəyanəti bağışlamadı.
        — Ömrün payızında sevməzlər! – qeyri ixtiari olaraq ucadan dedi.
        — Bir şeymi lazımdı? – Yeməkpaylayan yanında ayaq saxladı.
        — Heç nə, — qaşqabağını tökdü.
        Qonşu stolda onunla üzbəüz gombul kişi oturmuşdu, qabağında artıq boşalmış iki şüşə var idi, yeyir, içir, şüşələrə araq əvəzinə neft dolduranların ünvanına qəliz söyüşlər yağdırırdı. Bir azdan gombul ayağa qalxıb xırıltılı səslə yeməkpaylayanı çağırdı, cibindən bir bağ əllilik çıxardıb ona uzatdı ki, pulunu çıxsın. Bu qədər pul təklif olunan yeməkpaylayan özünü itirdi, tərəddüd içində  gözlərini döyüb, əlləri əsə-əsə bir əllilik götürdü.
       Gombul qapıya doğru yönəldi. O da pulunu verib ayağa qalxdı. Gombuldakı pulların çoxluğu onu dərhal fəaliyyətə başlamağa sövq elədi. Restorandan çıxcaq axtardı, gombul yuxarıdakı çinarlıqda cavan çinar ağacını qucaqlayıb aşağı əyilmişdi, mədəsi neft qoxulu arağa dözməmişdi. Bıçağı çıxardıb arxadan gombula yaxınlaşdı, amiranə səslə:
    — Gombul it! – dedi. – Pullarını çıxart!
       Gombul bir balaca dikəldi, çinarın gövdəsini buraxmadan ağır-ağır ona tərəf döndü, qızarmış gözlərini heyrətlə əlində bıçaq tutmuş bu qorxunc, zəhmli adama dikdi.
      — Nə lazımdı? Görmürsən mən…
      — Pullarını çıxart!
      — Pulları? – gombul inamsızlıqla səsləndi.
      — Tez ol,  iyləmiş çəllək!
      — Açıl başımdan! – Gözlənilmədən gombul köklüyünə yaraşmayan cəldliklə qolaylanıb onun qulağının dibindən necə vurdusa, ağaclara toxuna-toxuna xeyli gedib, ağzı üstə qarın içinə sərildi. Sillə dəyən sağ qulağı bir anlığa tutuldu, çinar ağacları başına hərləndi. Ayağa qalxıb hirsindən əsə-əsə gombulun üstünə cumdu, sifəti əyilmişdi, gözləri vahiməylə işıldayırdı,  bu an fikirləşib eləmədən kimi desən öldürə bilərdi. Gombul pulları çıxarıb onun qabağına atdı.
      — Götür, açıl başımdan.
      — Təkcə pulla canını qurtara bilməyəcəksən! – Ağappaq qarın üzərinə səpələnmiş göy əlliliklərə baxıb istehza ilə gülümsədi. – Səni soyundurub lüt buraxacağam! Alt paltarlarını da soyunacaqsan!
      — Nə olar, alt paltarlarım  belə lazımındısa, soyunaram.
        Artıq gombulu eşitmirdi, əyilib qarın üstündən pulları yığırdı, başı bərk qarışmışdı, nə olar, pulları yığar, sonra da gombula divan tutardı. Arxasından dəyən təpik onu yumaq kimi yumalayıb xeyli kənara atdı. Dərhal da ayağa sıçradı, fikri qətiydi, gombulu öldürəcəkdi, ancaq irəli getmək istəyəndə, gombulun əlində iri çinar budağını görüb dayandı. Bu budaq ona bircə dəfə dəysəydi, bəsiydi. «Niyə dayandın? Gəl də! – Gombul bir əli ilə qarnını tutub uğunmuşdu. – Gicgahına elə səliqə ilə ilişdirəcəyəm, birdəfəlik olacaqsan! Gözünü açıb özünü huri qılmanların arasında görəcəksən. Yox, sən huri-filan görməzsən, cəhənnəmin göbəyinə düşəcəksən,  qır qazanında əriyəcəksən!» Bu əclaf onu ələ salırdı, lağ eləyirdi, hirsindən dodaqlarını çeynəyə-çeynəyə qalmışdı, bilmirdi neyləsin, irəli getmək olmazdı, yoxsa iş doğrudan da gedib qır qazanına kimi çıxa bilərdi. Keçdiyi həyat yolu ilə hər halda huri qılmana ümid eləyə bilməzdi, gombulu cəzasız buraxıb gedə də bilmirdi, pulları ala bilməməyi heç, onu cinlədən döyülməsi və  gülünc vəziyyətə düşməsi idi.
      — Borc olsun. Biz yenə də rastlaşarıq.
      — Buna yalnız şad olaram, arxana bir-iki təpik vurmaqdan heç vaxt boyun qaçırtmaram. Sənin inandırıram bu işi ölkədə məndən yaxşı bacaran yoxdu.
      — Hansı işi, gombul it?
      — Arxaya təpik ilişdirməyi.
      — Bir də əlimə düşsən  murdar dərini soyacağam! Səni inandırıram  bu işi ölkədə heç kim məndən yaxşı bacarmır! – Belə desə də, yaxşı başa düşürdü ki, gombul bir də əlinə düşərsə, onun murdar dərisini soymaq heç də asan olmayacaq.
      Ilk işi kirayə ev axtarmaq oldu, şəhər kiçikdi, mehmanxanada qalmaq diqqəti cəlb elərdi. Çoxmərtəbəli binaların arasından keçib şəhərin cənubuna doğru getdi, burda bütöv bir qəsəbə şəxsi evlərdən, tikililərdən ibarətdi. Çox axtarası olmadı, tezliklə ev tapdı, bu bir otaqlı evdə tək qalan cavan oğlan zəif, xəstə adama oxşayırdı. Otaq geniş və işıqlı idi, pəncərələri küçəyə açılırdı. Divarlar boyu cild-cild kitablar qalaqlanmış şkaflar düzülmüşdü, ortalıqdakı yazı stolunun üstündə balaca makina kağız içində itmişdi. Küncdə dəmir soba qoyulmuşdu, arxa divara iri, yaraşıqlı xalça vurulmuşdu və xalça kasıb otaqla heç uyuşmurdu.
    — Bu qədər kitab nəyinə lazımdır? – soruşdu.  
    — Mən yazıçıyam! – cavan oğlan qürurla dedi.
    — Bir-birinin əksi olan peşələrin sahibiyik.
    — Tənqidçisən?
    — Mən tənqid eləmirəm, — başını yırğaladı, — məhv eləmək üçün başqa vasitələr də var. Daha təsirli.
      Yazıçıya axşam qayıdacağını deyib şəhərə çıxdı. Hava tutulmuş, şaxta güclənmişdi, donmuş küçələrdən maşınlar qıjıltı ilə keçib gedirdilər, adamlar da soyuq və qaşqabaqlı idilər. Dükanları gəzib papaq, qalın yun corab, içərisi tüklü yarımçəkmə, şərf aldı. Şamı restoranda yeyib, gecədən bir qədər keçmiş evə qayıtdı. Yazıçı yazırdı, başı elə qarışmışdı,  onun içəri girməsindən belə xəbəri olmadı. Yatmaq istədiyini dedi, yazıçı onun üçün çarpayıda, özü üçünsə döşəmədə yer saldı. Soyunub yatağına girdi, gözlərindən yuxu tökülürdü. Onu razı salan bir şey var idisə, o da soba idi, sobanın uğultusu gündüzün soyuğunu, qarını unutdurur, şirin yuxu gətirirdi.
     Gecə yarısı oyandı, otaq buz kimiydi, nazik yorğanın saxlaya bilmədiyi soyuq iliklərinə işləyirdi, bədəninə titrətmə düşmüşdü. Bu da sənə soba, niyə yanmırdı, yoxsa yazıçı sobaya odun qoymağı unutmuşdu?
    — Ey, heyvərə yazıçı! – səsi gəldikcə qışqırdı. – Bu nədir?! Məni dondurmaq istəyirsən?
    — Niyə bağırısan? – qaranlıqdan yazıçının titrək səsi eşidildi, soyuq onu da yuxudan eləmişdi. – Bağırmaqla otağı qızdıracaqsan?
    — Səni görüm lənətə gələsən! Donum, səsimi də çıxartmayım? Burda donuzu bağlasan, qalmaz!
    — Hər axşam qonşunun oğlu odun yarırdı. Bu gün  ezamiyyətə gedib.
    — Əcəb yerdə axşamladıq! Sənin  it damın belə soyuq olacaqdısa, mən başqa yerdə ev tapardım. Yoxsa burda səhərə kimi donaram, sabaha sağ çıxmaram, qır qazanı da haphazır, yolumu gözləyir. Yoxsa elə bilirsən ürəyim gedir qır qazanı üçün?
    — Sən hansı qazandan danışırsan? Heç qazanın vaxtıdır? Olmaya elə bilirsən mən üşümürəm? – yazıçının səsində ümidsizlik, inciklik duyulurdu. – Bu qədər bağırıncan çölə çıx, həyətdə nə qədər desən kötük var. Bir qucaq yar gətir, balta da həyətdə olmalıdır.
    — Ay boşboğaz, dərhal deyə bilməzdin?
     Geyinib deyinə-deyinə həyətə düşdü, evdə üşüyürdü, çöldə isə şaxta adamı dara çəkirdi. Həyətdə kötük çox idi, seçib iri nil kötüyünü kənara diyirlətdi. Qar altda qalmış baltanı güclə tapdı, gecə çöldə qaldığından sapı donub qırov bağlamışdı, sürüşür, əldə qalmırdı. Balta kötüyə dəyən kimi burnuna doğranmış odunun ətrili qoxusu gəldi, balta enir, qalxır, həyət boyu nazik talaşalar uçuşurdu. Donmuş kötük asanlıqla yarılırdı,  kötüyü soba boyu doğrayıb yığmağı çox çəkmədi, yarılmış odunu pilləkənin altına, quru yerə daşıdı, bir qucaq da evə apardı. Kibiritin, neftin yerini soruşub sobanı yandırdı, nil odunu quruydu, dərhal alışdı, soba guruldayır, otaq yavaş-yavaş qızırdı. «Bu başqa məsələ, — yazıçı başını yorğanın altından çıxartdı. – Sobaya bir az da odun qoy, mənə elə gəlir, qış girəni sümüklərim əməlli-başlı qızmayıb».
      — Mən həmişə yazıçıların təmtəraqla yaşadıqlarını təsəvvür eləmişəm, səni görəndən sonra fikirlərim alt-üst oldu.
      — Mənim yaşayışıma burnunu soxma, sənə dəxli olmayan işlərdir.
        Qəribəydi, çəlimsiz, cılız bədənli yazıçıya əsəbləşə bilmirdi. Heç kimin onunla bu tərzdə danışmsına yol verməzdi, yazıçının dediklərinə isə səbrlə dözürdü.
    — Sən bir yerdə işləyirsən, ya elə iş-gücün yazmaqdır?
    -Yazmaq iş-güc deyil? Mən Azərbaycan ədəbiyyatının ən gözəl nümünələrini yaradıram. Azərbaycan ədəbiyyatının taleyi mənim yazılarmıdan çox asılıdır.
    — Onda vay Azərbaycan ədəbiyyatının halına!
    — Sən bununla nə demək istəyirsən? – yazıçı azacıq dikəlib narazı halda soruşdu.
    — Bir ədəbiyyatın taleyi sənin kimi dılğırdan asılı olacaqsa, vay o ədəbiyyatın halına!
      Möhkəm incimiş yazıçı yata bilmirdi, kəsik-kəsik nəfəs alır, köks ötürürdü. Bir yazıçı kimi tənqid olunmaq onun üçün söyüşdən pisdi və ən kobud söz belə ona bu qədər təsir eləməzdi. Onun da yuxusu qaçmışdı, gözləri önündə yarıqaranlıq otaq, əlləri ilə üzünü tutmuş çılpaq qız canlanırdı. Döşəmədə uzanmış kişinin sinəsindən axan qan qızın ayaqlarını qırmızı rəngə boyayırdı. Qız yalvarır, aman diləyir, öldürmə məni, deyirdi.
       Səhər tezdən qapının döyülməsinə oyandı, sübhdən kimdi görəsən, olmaya yazıçı fürsət tapıb onu ələ vermişdi? Yorğanı üstündən atıb yerin içində oturdu, sifəti qorxunc ifadə aldı, gözləri geniş açıldı,  yazıçıdan boğuq səslə, asatadan soruşdu:
    — Kimdir?
    — Yəqin qonşunun qızıdı.
    — Nə olar, təki qonşunun qızı olsun, — istehza ilə dilləndi. – Yoxsa…a!...
    — Gəl, — yazıçı qapıya tərəf boylanıb dedi.
       Otağın qapısı ağzında  balaca bir qız göründü,  bir stəkan süd gətirmişdi, onlarla salamlaşıb stəkanı stolun üstünə qoydu. Qız çıxandan sonra yazıçı soruşdu:
    — Sən canisən?
    — Nədən bildin? – dilxor halda dedi.
    — Gözlərindən.
    — Hə! – nifrətlə dedi, yalan danışmamağa alışmamışdı, lap milisioner də qabağını kəsib bu sualı versəydi, cani olduğunu gizlətməyəcəkdi.
    — Adam öldürübsən?
    — Adam öldürmüşəm, it öldürmüşəm, sənə dəxli yoxdur!
       Ayağa qalxıb geyindi, gözü stolun üstündəki süd stəkanına sataşanda heyrətləndi, yazıçı səhər yeməyini bununlamı eləyəcəkdi? Yazıçı üçün, başlıcası isə Azərbaycan ədəbiyyatının taleyi üçün narahat oldu. Küçəyə çıxdı, hasarın qabağında gözləyib taksi saxladı, əvvəlcə ərzaq dükanlarını gəzdi, qaymaq, pendir, şokalad və konyak, sonra da bazara gedib təzə ət, yumurta, kartof, isti çörək, meyvə aldı. Evə qayıdanda yazısı onu heyrətlə qarşıladı, o isə dinməzcə şeyləri mətbəxə aparıb yerbəyer elədi. Köhnə, əzik-üzük olmuş qazançada ət qaynatdı, çay dəmləyib, stolun üstündə süfrə açdı, yazıçı konyak içməkdən imtina elədi.
    — Mənə olmaz.
    — Niyə?- soruşdu
    — Mədəm xəstədir.
    — A kişi, iç! – onun üçün də konyak süzdü. – Hamının mədəsi xəstədir, ancaq hamı da içir.
       Yazıçı daha dəvət gözləmədi, içdi, dərhal da yanaqları qızardı. «Çoxdandı içmirdim, — gülümsədi, — lap çoxdan». «Ona görə də bir dəri qalıbsan, bir sümük. Içsən, əmələ gələrsən, adama oxşarsan». «Nədi, adama oxşamıram?» «Guya özün bilmirsən? Gərək məndən soruşasan,  mən də sənə deyəm! Əlbəttə oxşamırsan!» Yazıçı incidi, ancaq daha bir söz demədi.
      Yeməkdən sonra şəhərə gedəndə yazıçı ona bir məktub verdi, bunu musiqi məktəbində Məlahət adlı qıza verərsən deyə xahiş elədi. Yazıçıya yox deyə bilmədi, ancaq qanı qaraldı, dilxor oldu. Bircə bu çatmırdı! Mən məktub daşıyanam? Poçtalyonam sənin üçün? Əbləh, sabah da deyəcək  məni qızla görüşə  apar!
      Musiqi məktəbinə taksiylə getdi. Uşaqlardan birinə Məlahəti çölə çağırtdırdı. Son dəblə bahalı paltarlar geymiş, qulaqlarında briliyant sırğalar yellənən, barmaqları qızıl, biriliyan üzüklər içində itmiş bir qızı görən kimi yazıçının yanlış qapı çaldığını başa düşdü, uğursuz sevdaydı. Məktubu qıza vermək istəyəndə:
    — Dəysin onun təpəsinə! – qız əsib coşdu, çəkinib eləmədən qışqırırdı. – Ona denən bir də mənə məktub yazmasın, zəhləmi tökməsin! Qələt eləmədik, bir dəfə xoş üz göstərdik!
    — Al, yoxsa doğra…ram!!! – Gözləri nifrətlə işıldayır, sifətinə qorxunc bir ifadə yayılırdı.
      Onun sifətinə baxan qız qorxudan büzüşdü, məktubu alıb içəri qaçdı. O isə sürüşkən, qar basmış pillələrlə ağır-ağır küçəyə düşürdü. Əsəbləri soyuduqca qəlbinə səbəbi bilinməyən qüssə, təəssüf hissi dolurdu, yazıçının qarasınca deyinirdi. Bunun n nəyinə vurulubsan? Belə qız sənin kimi lütü sevməz axı! Qızın kökü kəsilib, şəhərdə ondan başqa qız yoxdu?
     Gəzə-gəzə bazara getdi,  gəzir, axşama evə bir şey almaq istəyirdi. Birdən yerindəcə donub qaldı, xalı, kilim satılan yerdə yazıçı iri bir xalçanın yanında dayanmışdı, otaqda divara vurulan həmən xalçaydı, demək, satmağa gətirmişdi. Piştaxtaların arasından keçib yazıçının yanına getdi, yazıçı onu görcək qızardı, sanki oğurluq üstə yaxalanmışdı. Xalçanı satmaq istəyirmiş, onu fikrindən daşındırmağa çalışırdı:
    — Heyifdir, satma.
    — Mənə pul lazımdır, — yazıçı pərt halda dedi.
    — Mən verərəm! – qızğınlıqla dedi.
    — Mənə özgə pulu lazım deyil! – yazıçının sifətində məğrur bir ifadə dolaşdı, ancaq dərhal da gözləri sönükləşdi, ruhdan düşmüş halda astadan, yorğun səslə dedi: — Anamın qəbrini düzəltmək istəyirəm. Dünən getmişdim, torpaqdan güclə seçilir. Bura bax,  bazarda bir şey satıbsanmı?
    — Yox, ancaq burda çətin nə var? Bazar siçovulları məni aldada bilməzlər! Xalçanın dəyəri neçəyədirsə, o qiymətə də satılmalıdır!
      Köməkləşib xalçanı istədikləri qiymətə satıb evə qayıtdılar. Sobanı yandırıb çay dəmlədilər, sonra da şokaladla çay içdilər. Divarda xalçanın yeri qalmışdı, otağa bahar havası, rəngləri gətirən xalçadan sonra solğun divarlar, cansıxıcı otaq ona həbsxana kamerasını xatırladırdı. Yazıçıya hirslənmişdi, gör neylədi. Hansısa qızın, gəlinin əl işi olan xalça qışın oğlan çağında baharı evə gətirmişdi. Bu isə öz əliylə apardı baharı o qoxumuş bazarda satdı.
        Yazıçı yazı stolunun arxasına keçib yazmağa başladı, o isə çarpayıya uzandı. Yenidən yaddaşında dərin izlər buraxmış o günlər canlanırdı gözləri önündə.


      … Onu dəmiryol stansiyasına məhbus maşınında aparırdılar. Maşının arxasında divarlarıı, döşəməsi, oturacağı da dəmirdən olan kameradaydı. Yay idi, havadan sanki alov ələnirdi, içəridə isə isti dözülməzdi, qızmış dəmirlər od tutub yanırdı. Yanan benzinin, maşın yağının qoxusundan  başı gicəllənir, mədəsi bulanırdı, kameranın pəncərəsi, nəfəsliyi olmadığından əməlli-başlı boğulurdu. Dözə bilməyib qapını döydü, milisioer qapıdakı gözlüyü kənara verib içəri boylananda:
    — Qapını açın, boğuluram, — xahiş elədi.
    — Açım,  təpəmə birini vurub əkiləsən?
    — Açın! – yalvarırdı.
    — Sakit qal, şuluqluq eləmə!
       Milisioner gözlüyü bağlayıb getdi. Mədəsi elə bulanırdı, daha özünü saxlaya bilmədi, kameranın divarlarından yapışıb qusdu. Hiss elədi ki, bir az da keçsə ürəyi partlayacaq. Təzədən qapını döydü, bu dəfə milisioner gec gəldi.
    — Ölürəm, qapını açın! – qışqırırdı.
    — Ölməzsən.
    — Mən buranı batırmışam.
    — Nə olsun? Oranı o qədər batıranlar olub.
    — Açın!!! – Qapını iki əlli döyüb qışqırdı.  
       Milisioner getdi, qabaqda sürücünün yanında oturmuş kapitana nə dedisə, maşını saxladılar, milisioner kameranın qapısını açdı, qapı açılan kimi də ortadakı darısqal keçidə yıxıldı. Sürücüylə milisioner köməkləşib onu sürüyərək çölə çıxartdılar. «Heyvan oğlu, heyvan! – milisioner söyürdü. – Eəl bilirdin başını sığallayacaqlar?»
       Meşənin içərisindən keçirdilər. Bir az aralıda fıstıq kollarının arasıyla kiçik çay şırıltı ilə axırdı. Qızmış asfaltın üstündə hava ilğımlanır, ağacların zərif yaşıllığı qəlb oxşayırdı, bir udumluq təmiz hava, bir baxımlıq yaşıl meşə, şəffaf su insan üçün nə qədər qiymətliymiş, əzizmiş! Ayağa qalxıb qarnını qucaqlamış halda aşa-aşa çaya tərəf getdi, çayın sahilində suyun tərtəmiz yuduğu qumluğa uzandı. Suyu ovuclayıb üz-gözünə vurur, barmaqlarının arasıyla  damcılayan dumduru suya baxıb ağlayırdı.
      Maşın da qızdırmışdı, sürücü radiatorun suyunu dəyişirdi, yağlı vedrəni suya salıb dolduranda, suyun üzərinə nazik yağ pərdəsi yayıldı. Bunu görüb sürücünü söydü.
    — Əclaf!    — Kimi söyürsən?
    — Səni! – dedi. – Belə suyu da çirkləndirərlər?
       Sürücü təpiklə onun belindən vurdu, gücdən düşmüş, zəifləmiş bədəni yığılıb açıldı, ancaq onun özünü müdafiə eləməyə taqəti yox idi.
       Təzədən o kameraya qayıdacağını fikirləşəndə bədənindən soyuq gizilti keçdi. Başını qaldırıb ətrafına baxdı, sürücü radiatora su tökürdü, kapitanla milisioner isə qurşağa kimi soyunub çayda yuyunurdular. Maşından düşəndə o elə vəziyyətdəydi ki,  onun qaça biləcəyini ağıllarına da gətirməzdilər. Heysizləşmiş bədəninə hardan güc gəldi, özü də başa düşə bilmirdi. Ayağa qalxıb özünü elə göstərdi ki,  guya maşının yanına qayıdır, ancaq fıstıq kollarının yanından keçəndə bir sıçrayışla kolun arxasına tullanıb, çay boyunca üzü aşağı qaçmağa başladı. Ağacların, kolların arasından ilan kimi şütüyüb keçirdi, gözünü açıb meşə, çöl görmüşdü, bu meşədə onu tutmaqmı olardı? Arxasınca atəş açırdılar, güllələr çovuyub keçir, budaqları, yarpaqları qırıb başına tökürdü. Yalnız təqib olunmadığını hiss eləyəndən sonra dayandı, heysiz halda çayın sahilindəki yaşıl yamaca yıxıldı. Nəfəsi çatmır, havasızlıqdan boğulurdu. Dincini alandan sonra ayaqqabılarını çıxarıb suya girdi, suyla gedir, izi itirmək istəyirdi. Başını qaldırıb yuxarı baxdı, səma mavi, buludsuz idi, ağacların üzəriylə bir qırğı süzürdü. Həyatında ilk dəfə olaraq quşlara həsəd apardı, kaş dönüb qırğı olaydı. Qanadlarını geniş açıb süzəydi mavi səmada, yuxarıdan yaşıl meşələrə, çaylara baxaydı, azad olaydı!
       Gecə meşədə gizləndi, gündüz isə meşəni keçib dəniz kənarındakı cənub şəhərinə getdi. Tezliklə özü kimi adamların dəstəsinə qoşuldu. Düz iki aydan sonra onu həbs elədilər. Istirahət parkında gur saçları qızılı rəngə çalan bir qızla tanış oldu. Qız onu evlərinə dəvət elədi, evə çatıb təzəcə oturmuşdular ki, həyətdə dayanan maşının səsini eşitdi. Pəncərədən baxıb aşağıda  milis maşınını gördü. Qız nə vaxtsa imkan tapıb xəbər vermişdi. Bıçağı çıxardıb qıza atdı, bıçaq havanı vıyıltı ilə yararaq mətbəxin qapısına söykənmiş qızın başı üzərindən qapıya sancıldı, dəhşətli cingilti ilə aşağı-yuxarı rəqs eləməyə başladı. Yubanmaq olmazdı. «Yaşa! – qıza dedi. – Amma səni öldürəcəyəm!» Çiyni ilə vurub pəncərənin bir layını yerindən çıxartdı, evin arxasındakı bağa tullandı. Onun belə də edəcəyini bilirmişləp, aşağıda dayanıb gözləyirdilər və onu göydəcə tutdular. Yenidən qaçmaq üçünsə ona xeyli vaxt lazım gəldi.
    Azadlıqda ilk işi o qızı axtarmaq oldu. Verdiyi sözə əməl eləməliydi, xəyanəti heç kimə bağışlamırdı. Qız onu  satmışdı, bunun üçün cavab verməliydi. Getdi dəniz kənarındakı o şəhərə. Ünvanı bilirdi, ağacların arasında dayanıb səbrlə gözlədi, yarım saat keçməmişdi ki, qızın iti addımlarla evə tərəf getdiyini gördü. Səs salmadan  arxasınca düşdü, qız pilləkənləri qalxdı, nədənsə tələsirdi, arxaya baxıb eləmirdi. Qapını açıb içəri keçdi, qapını arxasınca çəkib bağlamaq istəyəndə qızı içəri itələyib qapını bağladı, bıçağı göstərib susmaq işarəsi verdi.
    — Səsini çıxartsan doğraram! – astadan dedi.
    — Kimsən? – qız cəsarətlə soruşdu. Onun əlində bıçağı görür, ancaq qorxmur, qışqırmırdı. Hər nəydisə birdən-birə qəlbində təəssüf hissi baş qaldırdı, belə qorxmaz, cəsarətli qızı öldürəcəyi üçün heyfislənirdi.
    — Üç-dörd il bundan əvvəl milisə satdığın adam. Yəqin komsomolçusan, komsomol borcunu yeinə yetirirdin, deyilmi?
    — Üilgi üzvüyəm! – qız fəxrlə dedi, saf səsi mis kimi cingildəyirdi.
    — Bu fərasətlə tezliklə Sov.IKP üzvü də olarsan! – dedi və ləzzətlə güldü. – Daha doğrusu ola bilərdin. Iki-üç adam da satardın, gətirib biletini təntənə ilə təqdim eləyərdilər! Artıq gecdir. Hə, qəşəng qız, bu həyatdır, hər kəs əməli üçün cavab verməlidir! Bəziləri bu işi o dünyaya saxlayırlar, qiyamət gününü gözləyirlər. Bizsə bu kimi işlərə bu dünyada əncam çəkirik. Heç kimə inamımız yoxdu, o cümlədən qiyamətə də. Oldu məşhər, qurdular məhkəmə, sənin özünü günahkar çıxartdılar, onda necə olsun?  Kim məni inandıra bilər ki, məhşərdəki məşkəmə ədalətli olacaq? Satqınlar, xəyanət eləyənlər inanmırlar,  inansalar, satmazlar, elə isə mən niyə inanmalıyam? Özümüz hesablaşa biləriksə, bu işi qiyamətin öhdəsinə niyə buraxaq?
      Qızın gözlərində qorxu ifadəsi canlandı, dodaqları titrəyir, gözləri qorxudan geniş açılırdı, necə ciddi təhlükəyə məruz qaldığını yalnız indi başa düşmüşdü. Bu başqa məsələ, işini qəlb rahatlığı ilə görərdi. Yoxsa sonra otur, təəssüflə fikirləş,  ölümdən zərrəcə qorxmayan  qızı  niyə öldürdüm? Indi yox, satanda qorxmaq lazım idi. Birdən yan otağın qapısı açıldı, eyni ilə qızın özünə oxşayan iki-üç yaşlı, qıvrımsaç bir oğlan girdi içəri. Özünü itirdi, hiss elədi ki, uşağın gözü qarşısında heç vaxt anasına əl qaldıra bilməz.
    — Yaşa, — dedi, — bağışladım səni. Iş qaldı qiyamətə!
       Və dönüb otaqdan çıxdı…
        Sonralar da fıstıq kollarının arasıyla qıvrılıb axan çayı, ağacların başı üzərində süzən qırğını, qızılı saçlı qızı tez-tez xatırlayırdı.
      — Qırğı görübsən?- yazıçıdan soruşdu.
      — Hə.
      — Azad quş! – həsədlə dedi. – Istədikləri yerə uçurlar.
      — Sən azad deyilsən?
      — Azad insan yoxdu! – boğuq səslə dedi.
        Səhər tezdən yenə də qapının döyülməsinə oyandılar. Elə bildilər qonşunun qızıdır, ancaq içəri uzun saçlı, dəri gödəkçə geymiş cavan bir oğlan girdi. Yazıçının yerinə yaxınlaşıb, büküb əzdiyi bir parça kağızı onun üstünə atdı.
    — Bir də Məlahətə məktub yazma! Nə qədər zəhlətökən adamsan! Məktubu da başkəsənin biri ilə göndərirsən.
    — Başkəsənin biri yəqin mənəm, — dilxor halda dedi.
    — Sən bir də belə məktublar yazmağa cürət eləsən, mən elə bu otağa gəlib, sənin o həyasız sifətinə tüpürəcəyəm!
    — Sən bunu edə bilməyəcəksən! – yazıçı dinmirdi, o isə oğlanı cavabsız buraxa bilmirdi.
    — Mən sözümü dedim!
       Oğlan otaqdan çıxmaq istəyəndə ayağa qalxıb,  alt paltardaca oğlanın arxasınca qaçdı. Pilləkəndə oğlana çatdı, boynundan yapışıb necə dartdısa, oğlan ayaqları yerdən üzülmüş halda onun əlində yellənməyə başladı, sanki cücə çalağanın çaynağında yellənirdi. «Bu başqa məsələ, əzizim! Gözümün işığı! Yoxsa sən qaçırsan!» Oğlanı küncə yıxıb döyürdü, döydükcə də əsəbləri sakitləşirdi. Yazıçı, oğlanı güclə onun əlindən ala bildi, oğlanın saçları, paltarları döşəmənin tozundan bozarmışdı, qapının yanında ayaq saxladı, görünür onları söymək, hədələmək istəyirdi, ancaq nə fikirləşdisə, qapını çırparaq getdi. Hirsi soyumuş halda çarpayının üstündə oturdu, oğlanı döyməyinə peşman olmuşdu,  şikayət eləyə bilərdi.
    — Qəribə adamsan! – yazıçını məzəmmətləyirdi. – Elə qız heç vaxt səni, bu ev-eşiyini sevməz, sən yaşayan kimi yaşaya bilməz!  Ayrı-ayrı adamlarsız.
    — Məni yazıçı eləyən ona olan eşqimdir! – yazıçı qürurla dedi.
    — Tfu, lənətə gəlmiş! – yenidən hirslənirdi. – Burda lovğalanmalı nə var? Yazıçı olub neyləyibsən? Dilənçi kimi yaşayırsan! Ona olan eşqin səni ticarətçi, alverçi, məhkəmə, raykom katibi eləsəydi, onda lovğalanardın.
      — Sənə dedim axı, mənim işlərimə burnunu soxma! – yazıçı da hirslənmişdi, qıpqırmızı qızarmışdı. – Sən get adam öldür, baş kəs! Bu, sən qanan iş deyil!
       Əlini yellədi, özünü qınayırdı, nahaq baş qoşurdu bu heyvərəyə. Kötüyün, qanmazın yekəsiydi, bunu ələ salırlar, açıqca deyirlər, get, tayını tap, bu isə əl çəkmir, yapışıb qopmur, məktub yazır. Guya  yazdı, qız gəlib düşəcək bunun ayaqlarına! Kötükdü, qoyunun birisiydi, vəssəlam!
    Bu gün yazıçının xahişi ilə başdaşları düzəldilən emalatxanaya getdilər, emalatxana sahibini dərhal tanıdı, şəhərə gəldiyi ilk gün onu əzişdirən həmən gombul idi, gombul da onu tanıdı.
    — Oho, köhnə dost! – onu şən-şən salamladı. – Nə gözəl təsadüf! Səninlə bir də rastlaşacağıma ümidimi tamam itirmişdim. Sözümüz sözdür, arxana təpik vurmaqdan boyun qaçırmayacağam!
    — Sevin, gombul çaqqal! – nifrətlə dedi. – Murdar dərini soyacağam! Iyrənc işdir, ancaq neyləməli, söz vermişəm. Hər halda burda çinar budağı  olmayacaq.
    — Niyə ki, çinar budağını əvəz eləyəcək bir şey taparıq. Elə biri bu daş deşən burğu, — gombul divara söykənmiş  burğunu götürdü. – Daşı deşirsə, sənin başını da deşəcəyinə şübhə eləmirəm. Hə, nə deyirsən? Nəcib alətdir, heç xəbərin olmayacaq, bir də görəcəksən başında qəşəng bir deşik açılıb. – Gombul artıq düyməni basmışdı və lənətə gəlmiş burğunun ucluğu qulaq batıran uğultu ilə fırlanırdı.
    — Tüpürüm sənə də, burğuna da! – başa düşdü ki, belə yerdə tüpürməkdən başqa əlindən bir şey gəlməyəcək. – Söndür bu zəhrimarı, qulaqlarım batdı!
      Xoşlarına gələn başdaşı, üzlüklər seçdilər. Günortadan sonra sement, daş, qumm aldılar, usta, fəhlə tapmaqda yazıçıya kömək eləyib, şəhərə qayıtdı.
      Axşam yazıçı ona bəd xəbər gətirdi.
    — Şəhərdə səni axtarırlar. Elan vurublar, şəklini  də asıblar.
    — Qoy axtarsınlar, — etinasız halda dedi.
    — Birdən tutdular?
    — Onsuz da nə vaxtsa tutacaqlar. Mən qaçıram, onlar da qovurlarsa, deməli, tutacaqlar.
      Milislər onun bu şəhərə gəlməsindən xəbər tutmuşdular, yoxsa elan verməzdilər. Çıxıb getmək lazımdı, özü də lap tezliklə. Ilahi, qar basmış, donmuş yollarla səfərə çıxmaqdan ürək sıxan daha nə ola bilərdi? Özü də sənədsiz, şəklin də hər milis işçisinin döş cibində.
     Stolun üstünə bir şüşə konyak, şokalad qoyub qədəhlərə konyak süzdü. Danışmadan içirdilər, qədəhlər kiçik, konyak tünd idi, yazıçı tez kefləndi, barmaqlarını stola döyəcləyib mahnı oxuyurdu. Onun isə kobudlaşmış qəlbində bu axşam həzin duyğular baş qaldırmışdı. Kəndləri düşmüşdü yadına, Novruz bayramında tonqallar çatılır, müqəddəs Azərbaycanın kəndləri tüstüyə bürünürdü. Anası sübhdən onu axar su üstə aparırdı, su üstündən atıldıqca, ana onun üçün dua edirdi. «Dərdini-qəmini axar su aparsın! Allah sənə rəhm eləsin, qarşına yaxşı adamlar çıxartsın!» Allah ona rəhm eləmədi, qarşısına pis adamlar çıxdı, axar su da dərd-qəmini aparmadı.
     Getməliydi, ancaq getməmişdən əvvəl onu gülünc vəziyyətdə qoyan gombulla haqq-hesabı çürütməliydi. Axtarıb gombulu tapdı, gecələr hansı küçələrdən keçib getdiyini öyrəndi və bir axşam qaranlıq küçədə hiss elətdirmədən gombula yaxınlaşdı, bıçağı onun böyrünə söykədi.
      — Gömbul çaqqal! Böyrünə nəyinsə toxunduğunu hiss edirsənmi?
      — Hə…ə…
      — Səncə nə ola bilər?
      — Ay şeytan, deyəsən metaldır.
      — Kəlləsən! Səs salmadan ciblərini mənim ciblərimə boşaldırsan, azacıq müqavimət göstərsən, işin bitdi. Sənin gönün camış gönündən qalındı, ancaq dəxli yoxdu, deşəcək.
      — Çarxa veribsən?
      — Tələs, gombul it! Iş görmək əvəzinə,  boşboğazlıq  eləyirsən!
      Gombul hiss elədi ki, o, doğrudan da dediyini eləyəcək. Donquldana-donquldana pullarını çıxardıb onun ciblərinə yığmağa başladı. Qaranlıq olsa da, pulların rəngini seçə bilirdi.
    — Hamısı onluqdu?
    — Lənət şeytana! Xətrindən yüzlük keçir?
    — Az donqulda! Belə vaxtda əllilikləri səpələyirsən, mənə rast gələndə canını azar alır!
       Gombulun pullarını alandan sonra özündən razı halda evə qayıtdı. Indi burdan arxayınçılıqla gedə bilərdi, gombul onu bir müddət yadından çıxarmazdı. Yoxsa otur, xatırla, gombul arxana təpiklə necə fəndgirliklə vurub, qulağının dibindən necə ilişdirib sərib qarın içinə.
      Evdə sobaya odun atıb çarpayıya uzandı. Bura gəldiyi ilk gün onu qəhərləndirən mahnı səslənirdi qulaqlarında. Təkcə ilin yox, ömrün də payız fəsli olurmuş.
    — Payız gəldi ömrümə, — qüssəylə dedi.
    — Cavansan hələ, — yazıçı başını qaldırmadan dilləndi.
    — Mənimçün payız fəslidir, — dedi və yatdı.
       Səhərisi günəş çıxdı, günəşin ilıq şüaları pəncərədən içəri süzülür, tozlu döşəmənin üzərində oynaşırdı. Çoxdan isti gün həsrətində olan yazıçı hava qızandan sonra hasarın qabağında stul qoyub oturdu. O isə şəhərə getdi və bir də axşamüstü qayıtdı. Taksidən düşcək gördüyü mənzərədən sarsıldı. Üç nəfər yazıçını yerə yıxıb döyürdülər, onlara gəlib yazıçını hədələyən oğlan da döyənlərin arasındaydı. Məlum işdir, Məlahətə görə bu adamların qəzəbinə gəlmişdi. Yaxınlıqda kimsə yox idi, yazıçı da səsini çıxartmadan baş-gözünü qucaqlayıb zərbələrdən qorunmağa çalışırdı.
      — Əclaflar! – qaça-qaça qışqırdı, hələ uzaqdan sıçrayıb onlardan birini başıyla vurdu, zərbə o qədər güclüydü, vurduğu adam hasara dəyib taxtaları sındıraraq o biri tərəfə keçdi. O da müavizinətini saxlaya bilməyib onun arxasınca uçdu, yarıqdan keçəndə sınan taxta qırıqları iynə kimi bədəninə sancıldı. Kötüklərin yanında ağzı üstə yerə dəydi. Dərhal da ayağa sıçradı, üstünə atılan ikinci adamı da güclü zərbə ilə vurub  kötüklərin içinə aşırdı. Başından küt, ağır şeylə vurdular, vuran güclü adamdı, o, səntirləyib yıxıldı. Fürsəti itirməyib arxadan kürəyinin ortasından bıçaqla vurdular.
      Bıçaq zərbələri ayağa qalxmağa imkan vermirdi. Başa düşürdü ki, ayağa qalxmasa, onu öldürəcəklər. Bütün qüvvəsini ğtoplayıb yerə təkan verərək qalxdı, bədəni qıpqırmızı qan içindəydi, dəhşətli görkəmi var idi.
      Onu vuran bıçağı göyə qaldırmışdı, ancaq vurmur, addım-addım geri çəkilirdi. Təpiklə bıçaqlı adamın qarnından vurdu, son gücünü toplamışdı, zərbə güclü oldu, vurduğu adam hasara dəyib çul kimi yerə sərildi, havaya vıyıldayan qanlı bıçaq günəş şüaları altda bir anlığa gözqamaşdırıcı şüayla bərq vurdu.
      Küçəyə çıxdı. Yazıçı hasarın qabağında oturmuşdu, ağzından köpüklü qan gəlirdi, sifəti gömgöy göyərmişdi. Onun yanına gedə bilmədi, birdən-birə gücsüzləşib heysizləşdi, yıxılmamaq üçün belini hasara söykədi, xeyri olmadı, hasarla sürüşüb yerə oturdu, qollarını geniş açıb yaş, qarlı səkiyə yıxıldı.
     Yazıçı ayağa qalxıb aşa-aşa onun yanına gəldi.
      — Onlar səni… — xırıltılı səslə dedi.
      — Hə, — dedi və həbsxanadan qaçmış caninin sifətində əzablı bir təbəssüm dolaşdı. – Mahnı var, eşidibsən? Yolun sonu göründü…
      — Sən ölməyəcəksən, — yazıçı ağlayırdı.
      — Mənim işim bitdi.
      — Niyə də öləsən? – yazıçı dedi və yenə də hıçqırıqlardan boğula-boğula ağladı.
        Günəş batırdı. Müqəddəs Azərbaycanın kiçik əyalət şəhərində həyat əvvəlki etinasızlığı ilə davam edirdi. Dağlardan əsən külək evlərin üstündən burula-burula qalxan ağımtıl tüstünü cənuba doğru qovurdu. Yıxılmamaq üçün addımlarını ehtiyatla atan, yun şal bağlamış, gözəllikləri ilə qəlb titrədən əyalət qızları qayğısızcasına gülüşürdülər.
    — Başımı döndər, — ağrılar içində qovrulur, zorla danışırdı.
    — Hara, qibləyə? – yazıçı ayağa qalxmaq istədi, ancaq səntirləyib oturdu.
    — Günəşə tərəf, — gülümsədi.

Top