… İndiyədək, həyat yoldaşını döyən kişilərə ikrah hissi ilə baxmışdı. Hətta, çox şeydə nümunə götürdüyü atasına da. Və daim də düşünürdü ki, o belə olmayacaq. Onun ailə həyatı elə ideal keçəcəkdi ki, yaşayacağı ən pis şey bir neçə dəqiqəlik mübahisə olacaqdı. O da ki, döymək-söymək olmadan. Ayda-ildə bir dəfə...
....Əlbəttə! Axı, sevdiyi-sevildiyi birisi ilə ailə qurmuşdu! Bəs, onda necə oldu ki… Beynində dolaşan fikirlərə aydınlıq gətirmək və bir-birinin ardınca doğulan suallara cavab tapmağa çalışırdı ki… Pəncərəni döyəcləyən yağışın tıqqıltısından, buludların gurultusundan da çox qulaqlarını dələn, vicdanını közərdən hönkürtü və hıçqırtı səsləri onu həyata qaytarırdı. Bu dəqiqə, gözüyumulu ölümlə dəyişməyə belə hazır olduğu gerçək həyatına.
Qəzəbdən qızarmış gözlərini bir-iki dəfə açıb-yumdu, göz qaaqlarını sıxıb nəfəsini çəkdi, özünü toparlayıb yuxarıdan aşağı hökm etməyə çalışdı.
— Bəsdi, özünü həlak etmə! Dur ayağa, üzünü yu. Özünü ələ al, olan oldu, bilinən də bilindi. Həm də ki… Hazırlaşsan yaxşıdır. Bir azdan sizinkilər də gələcək… Yaxşı, ağlama! Ağlama… – Səsinin səsdiyini hiss edib, soyuqqanlı görünmək üçün, süni qətiyyətlə, göz yaşları içində onun dizlərini qucaqlamış Elnarənin əllərindən dartındı – Əl çək də, ay qız! Söz başa düşmürsən?!
— Başa düşürəm… Amma sən… Sən də məni başa düş, qurban olum! Mənim səni aldatmaq fikrim yox idi, vallah! Belə olacağını da bilməzdim… Quran haqqı, bilməzdim! Mən həyatımı sənə həsr etməyə and içmişəm… Ayağının altında ölüm, məni sənsiz qoyma!
Canından çox sevdiyinin titrək səsini eşitmək, ağlamaqdan qızarmış gözlərini seyr etmək Rüstəmin əsəblərini tarım gərmişdi. Bir il sevgi yaşayıb, ailəsinə, kasıblığa qarşı gedib min cür əziyyat bahasına evlənib qovuşduğu, lakin cəmi bircə ay ailə həyatı yaşadığı insanı evindən qovmaq istəmirdi. Hərçənd qovmalıydısa… Elə, bunu da edirdi axı! Ondan doymadığını bilə-bilə...
Bircə saatın içində hər şeyə nöqtə qoymağı qərara almışdı. Nə olur olsun, Elnarə bu evdən getməliydi. Nə olsun ki, sevirdi onu… Namus məsələsiydi axı bu!
Amma heç namus barədə də düşünmək istəmirdi, əslində! Ondan olsaydı, bağışlardı hər şeyi Elnarəyə. Nə olsun ki, neçə il əvvəl sərxoş yeznəsi tərəfindən zorlandığını hamıdan, bacısından, ən əsas isə ondan gizlətmişdi… Nə olsun ki, bir il içində ona heç nə deməmiş, özünü bakirə qız kimi aparmış, toydan da əvvəl cərrah tapıb öz eybini ört-basdır etmiş… Axı, nə olsun ki, həmin cərrah qadın xalasının qonşusu idi… Necə yəni, nə olsun?! Adam arasına necə çıxacaqdı o? Ya onun qohumları? Öləydi, yerə girəydi gərək!
Dəhşət içində qalmışdı. Hələ də, həyatın bu cür dövr etdiyinə inana bilmirdi. Axı, indiyədək heç kimi aldatmamışdı da… Heç bir qızın qəlbini də qırmamışdı. Cəmi bircə dəfə sevmişdi Elnarəyə qədər. Onda da, sevdiyi qız evdə Rüstəmin adını çəkmədən belə, atasının məsləhət buyurduğu ilk elçiyə getmişdi. Düz üç il heç kimi sevməmişdi. Başını aşağı salıb kasıblıq-tələbəlik yaşamışdı. Sonra hərbi xidmət… Sonra, min bir əziyyətlə, soruşub-soraqlaşmaqla tağdığı iş… Və qəfildən də sevgi!
İş yerində, hər gün gedib-gəldiyo marşrut avtobuslarında, eləcə də metroda rastına çıxan çox qızlar ona maraqla baxırdı. Hətta, onun yanında oturan zaman, bir-iki dəfə dirsəkləyib telefon nömrəsini neçə dəfə təkrarən öz mobil telefonunda yığan qızlar da olmuşdu. Çünki, yarışıqlıydı. Və qəsəbənin üstündən cin yağan bir çox oğlanından fərqli olaraq, həmişə səliqəli və kostyumda gəzirdi. Adi bir müxalifət qəzetinin adi bir müxbirindən çox, bank işçisi və ya hansısa mötəbər bir firmanın meneceri təəssüratını bağışlayırdı kənardan baxana.
Qısası, “onun arzusunda olan qız çox idi” desək, heç yalan olmaz. Amma o… Ona ən laqeyd olanı seçmişdi daimi yol yoldaşları arasından. Bu qaradinməz, daim tək dolaşan və hər zaman da sadə, qapalı və tünd rəngli paltarlar geyinən qızın dalınca düşməyi qərara almışdı. Həyatda hər şeyi olduğu kimi, Elnarəni də əldə etmək çox çətin başa gəlmişdi Rüstəmə. Valideynləri “Biz Qərbi Azərbaycandanıq, ailəmizə şirvanlı qızı qoymarıq!” deyə bir il uzatmışdılar onun arzusunun çin olmasını.
Lakin bircəcik oğlan övladlarının öz sevdasından əl çəkmədiyini görərək, sonda belə bir fikrə gəlmişdilər ki, nə olur-olsun, oğlanın meyli bu qızadır, evlənsin, xoşbəxt olsun, onları də baba-nənə kimi xoşbəxt eləsin. Axı, hardan biləydilər ki… Axı, bütün xoş arzuların birdən-birə puç olacağını kim ağlından keçirə bilərdi?
Kimdən-kimdən… Elnarə kimi hamının ağıllı və tərbiyəli bir qız kimi tanıdığı adamdan namus ləkəsi gözləmək bir axmaqlıq olardı. Əsl axmaqlıq isə, indi bu ləkəyə göz yummaq idi.
Rüstəm səliqəsiz halda çarpayının üstünə tulladığı pencəyinə sarı getdi. Tələsik sağ cibindən papiros qutusu və alışqanı çıxardı. Əlləri əsə-əsə bir gilə papirosu ağzına atıb filterini dişlərinin arasında əzişdirməyə başladı. Alışqan isə, hələ əlində idi. Yandırmağa gecikirdi, ya da tələsmirdi. Papirosun filterini gəmirə-gəmirə otağın içində o baş-bu baş gəzişməyə başladı. Arada bir, incik və əsəbi nəzərlərlə üzünü yana çevirib, otağın ortasında yıxılıb qalmış həyat yoldaşına baxırdı.
— Mən sənə başqa nə təklif edim ki? Yolu budur, çıxıb getməlisən. Xainləri bağışlamaq olmaz. Namus ləkəsini də qan götürər. Amma… Sənin mənə qədər olan həyatın sənin öz işindir. Elə bu işin də yükünü özün çəkməlisən. Məni və ailəmi dörd yanda gülünc etməyə də haqqın yoxdur sənin, bilirsən?! Qısası, getməlisən! – danışdıqca da, əsəbləşir və sanki, içini yandıran zəhəri çölə töküb rahatlaşmağa çalışırdı – Cəhənnəmə də olsa, getməlisən!
Bu dəfə, onu səsi çox ucadan çıxdı. Bayaqdan özünü toplamağa və sakit aparmağa çalışırdısa da, heç nə alınmırdı. Vaxt uzandıqca, alovunu püskürməyə olan ehtiyacı da artırdı. Qarşısındakı isə, əksinə, daha da alçaq səslə ağlayır, yalvarışlar anlaşılmaz pıçıltıya, hönkürtü də hıçqırtıya dönürdü.
Xalının üstündə çökülü qalmış, üzüüstə ağlamaqdan dağınıq saçları üzünü örtmüş Elnarənin zəif səsi uzun və iti bir mil kimi ərinin sinəsini gizildətdi:
— Gedərəm, cəhənnəmə də olsa yox, elə bu dəqiqə “uf” demədən, öz xoşumla cəhənnəmə gedərəm! Sənin vicdanın bundan rahat olacaqsa, gedərəm. Amma… Bax, gör nə deyirəm. Dinlə məni, anlamağa çalış… Axı, mən nə edə bilərdim o əclaf mənim üstümə hücum çəkəndə? O evdə kimsənin olmamasından istifadə edib, məni caynaqları arasına alanda, mən bacımın ailəsinin dağılma təhlükəsini gözümün önünə gətirmişdim. İki uşağın yetim böyüməsini istəmirdim. İçkilidir, keçər gedər, ağlı başına gələr, ailəsinə sahib çıxar deyə səbr etdim. Öz namusumun məhvini bacımın namusuna fəda etdim, dinmədim.
Bilirəm, səhv elədim. Gərək, hər şeyi açıb bacıma deyəydim, onu iti qovan kimi qovaydı evindən. Yoxsa… Gedib Moskvada hansısa bir fahişədən yoluxduğu xəstəliklə gəbərdi, indi də bütün ailəmiz ona yas saxlayır… Heç bilirsən, bu dəhşəti illərlə, ürəyi göynəyə-göynəyə içində saxlamaq nə deməkdir? Heç bilirsən, hər gecə yuxuda o lənətə gəlmiş anları təkrarən görmək necə duyğudur?
Elnarə sızlaya-sızlaya danışdıqca, Rüstəm də eyni sızıltıyla yumşalmağa başlayırdı. Daha doğrusu, üzüntü içində əzilirdi, hündür boyu və cüssəli bədəni ilə yumaq kimi büzülürdü tədricən. İstəmədən və bilmədən çirkaba bulaşmış həyat yoldaşını anlamaq, hətta, bağışlamaq da istəyirdi. Amma bir şeyi anlamırdı. Niyə hər şeydən üstün tutduğu bu qadın onunla səmimi olmamışdı? Axı, niyə güvənməmişdi ona? Bax, Rüstəmi də üzən və özü də istəmədiyi bir hökmü verdirən məhz bu fikirlər idi.
— Bəs, mənə niyə heç nə deməmişdin? Niyə mənə güvənməmişdin? Yoxsa, qorxurdun ki, avam və sədalövh oğlan çıxar əlindən?!
Bir aylıq gəlinə bir ox kimi sancılması kimi gəldi son cümləni eşitmək. Ağlamaqdan şişmiş gözlərini yuxarı qaldırıb qlnayıcı nəzərlərlə süzdü ərini:
— Heç utanırsan?
— Bəs, sən utanırsan özünü haqlı çıxarmağından? Fakt odur ki, sən məni aldatmısan!
Rüstəm haqlı idi. Elnarə onu aldatmışdı. Ya da, həqiqəti açıb deməmişdi… Elə, eyni şey idi. Həqiqəti deməmək aldatmaq idi. Halbuki, cəmi bir dəfə verilən “Bakirəsən?” sualına “Yoxsa, şübhələnirsən?!” deyərək sərt reaksiya göstərmişdi. “Hə” deməmişdi, heç “yox” da. Rüstəm isə, həmin cavaba bərabər bildiyi nidalı sualdan sonra, ondan heç nə soruşmamışdı...
— Rüstəm, qurban sənə, mən səni saf niyyətlə sevmişəm. Çünki, elə sənin də niyyətinin saflığını görmüşdüm ilk baxışdan. İtirmək də istəmirdim mən səni… Axı… Axı, sevirdim səni! Hər kəsdən, hər şeydən çox! Sevirdim...
— Amma, güvənmirdin.
— Elə demə, Rüstəmcan… Səndən başqa kimə güvənə bilərəm?
— Mənə Rüstəmcan demə!
— Yaxşı… Amma, sən də birdəfəlik anla ki, səndə olan namus hissi məndə də var. Və heç də pozğun deyiləm. Səndən gizlətm fikrim də yox idi… Amma elə alındı ki, toy gününə qədər heç cür şərait düşmədi əlimə… Deyəcəkdim, vallah, deyəcəkdim. Əgər, günü-gündən səni itirmək qorxusu məni dəli etməsəydi...
— Kəs! Bitir! Daha bu barədə bircə kəlmə də eşitmirəm. Qərar verilib, sən evə gedirsən, mən də evdəkilərin tənəli baxışlarından xilas olub getmək üçün bir yer axtarıram… – Elnarə ümidsiz halda başını aşağı salıb dinlədikcə, Rüstəm də daha aramla və hansısa tədbirdə çıxış edirmiş kimi intonasiya ilə danışmağa başlayırdı — Yəqin ki, elə Türkiyədəki dostlarımın yanına gedərəm. Amma bu səni maraqlandırmasın. Çünki, artıq, səni və məni bağlı saxlayan heç nə qalmayıb. Hərə öz yolu ilə getsin, hərə öz həyatını yaşasın ...
Əlində sıxıb tutduğu filetri didik-didik olan papirosu barmaqlarının arasında qırıb otağın sol küncündəki masanın üstünə atdı. Dərində köks ötürdü və udqunub başını titrədə-titrədə sözünə davam etdi:
— Hə… Hərə öz həyatını yaşasın. Yaşasın… Yaşaya bilsə!
Və susdu. Daha heç nə demədi. Qadın hıçqırtısı da eşidilmirdi. Bir neçə saniyə, Rüstəm bu sükutdan rahatlıq tapmağa çalışdı. Amma, ona bu sükut daha dəhşətli gəldi və sanki, səssizliyi pozmağa çalışırmış kimi,Dişlərini o qədər qıcamışdı ki, çənəsinin sıxılması qulaqlarının dibində ağrılar yaradırdı. Qulaqlarındakı sızıltı isə artaraq beynindəki sancılara qarışdıqca, var gücüylə hayqırmağı gəlirdi.
Artıq, otaqda da dayana bilmirdi. Cəld çarayıya yaxınlaşıb pencəyini götürdü. İri addımlarla qapıya yaxınlaşdı. Bir qarış açıb örtdü, geriyə, otağın ortasında çarəsizcə yıxılıb qalmış son məhəbbətini bir anlıq süzdü, nəsə demək istədi… Amma heç nə deməmiş də, qaını yenidən açıb çıxdı.
Valideynləri sükut içində və ikisi də pərt halda böyük zalda oturmuşdular. Heç nə deyib-soruşmur, eləcə əlləri qoynunda yemək masasının arxasındı üz-üzə qərar tutub süfrənin ortasındakı naxışlardan hansınınsa, hansısa bir nöqtəsini hədəfə çevirmişdilər. Rüstəmin otağa girişi onları xəyaldan ayırdı. Səid kişi ağır-ağır başını qaldırıb oğlunu süzdü. Daim qınadığı və tənbeh etdiyi oğluna, ilk dəfə yazığı gəlirdi onun. Necə dəhşətli duyğular keçirdiyini anladı. Köks ötürüb xırıltılı səsilə sükutu ozdu:
— Bilirsən, oğlum… Bizim abır-həyamız var, gözəldir. Amma, bizim biabır olmaq qorxumuz da var. Bax, bu, pisdən də pisdir. Çünki, abırsız adamlar bizim qorxumuzdan istifadə edib dayanmadan həyatımızı korlayar, ümidlərimizi öldürərlər...
Rüstəm kimi, Ədilə müəllimə də təəccüb etdi ərinin bu cür danışığında. Özündən qat-qat savadsız olan, heç orta məktəbi də 8-ci sinifdən artıq oxuya bilməyən sürücü ərinin belə sözlər danışmağı ona gülməli gəldi bir anlıq:
— Heç dəxli var, ay kişi?
— Var! O qız da biabır olmamaq, ailəsinin arını-namusunu qorumaq üçün susub, danışmayıb vaxtında. Bax, indi də...
Qadın əsəbləşdi. Qatı mühafizəkar kimi tandığı Səid deyildi sanki qarşısında oturan. Necə yəni “o qız da..” Beyninə qan sızdı elə bil, özündən çıxıb, bayaqdan yanına saldığı qollarını hikkə ilə stolun üstünə çırparaq əl barmaqlarını dairə şəklində birləşdirdi. Başını əda ilə oynadaraq, kinayə ilə süzməyə başladı. Evin ağsaqqalı isə, sanki günah işlədibmiş kimi, başını aşağı salıb söhbətini yarımçıq kəsdi. Əslində, deməyə də nəsə yox idi. Heç bilmirdi daha nə danışsın. Amma, bilirdi ki, gəlini evdən qovmaq da düzgün iş deyil.
— Yox, bizim o qıza yazığımız gəlir deyə, oğlumuzu yazıq edə bilmərik. Bizə gülərlər! Mən bacımın üzünə, bacımsa qonşuların üzünə baxa bilməz. Nəslimizin dili qısa olar, ay kişilər! Mən də anayam, mən də qadınam… O qızın da belə bədbəxt olmasını istəmərəm, amma… nə edə bilərm ki? Bir videokasset idi, verdim bacıma, o da ki… Bilirsiz nə var? Qız yaxşı qız olaydı, özünü tikdirmək əvəzinə açıb danışaydı dərdini. Deyəydi ki...
— Bəsdir, ana! Bəsdir! Bezdim bu söhbətlərdən. Daha heç kimlə bu məsələ müzakirə aparmaq istəmirəm… – Rüstəmin gözü televizorun üstündəki saata sataşdı. Artıq, 10-u keçirdi. – Məsmə xala harda qaldı? Danışmısız?
— Hə… gəlir. Elə üç-dörd dəqiqə əvvəl danışdım. Yoldadır, taksidə.
— Lap yaxşı… Mən çıxdım.
Anası “hara çıxırsan bu vaxtı?” deyib ayağa qalxmaq istəyirdi ki, Rüstəm laqeyd şəkildə dəhlizə çıxdı, qasılqana keçirdi paltonu çiyinlərinə atdı, ayaqlarını oynada-oynada çəkmələrə keçirdi...
… Çöldə nəm hava vardı. Yağış kəssə də, bəs qədər palçığa bürüyə bilmişdi qəsəbəni. Rüstəm gili həyəti isə, torpağın gilqarışıq olmasına görə, lap yerinməz hala gəlmişdi.
Ayaqlarını çəkmələrini dartan palçıqdan darta-darta, darvazanın qarşısına çıxdı. Qapını çöldən bağlayıb bir apiros yandırdı. Tüstünü dərindən nəfəs alırmış kimi içinə çəkə-çəkə, bir rahatlıq hiss edirdi sanki. İçini qıdıqlandıran tüstü, ona yeganə sakitləşdirici vasitə kimi görünürdü bu anda.
Səssizlik içində gözlərini yumub yorucu fikirləri də birdəfəlik beynindən süpürmək istəyirdi ki, atasının sözləri gəldi ağlına. Qulaqlarında atasının səsi eşidildi. Elə bil, kişi bayaq masa arxasında dediyi sözləri təkrarlamaq üçün oğlunun dalınca çıxmışdı bayıra, düz qulağının dibində durub pıçıldamağa başlamışdı: “...Çünki, abırsız adamlar bizim qorxumuzdan istifadə edib dayanmadan həyatımızı korlayar, ümidlərimizi öldürərlər...”
Daha da coşdu. Özünə çöldə də yer tapa bilmirdi. Öz-özünə düşünməyə başladı: “Onun qız olmağı, abır-həya güdməyi heç də hər şeyin cavabını verməz… Axı, məni də başa düşmək lazımdır! Camaatın üzünə necə baxa bilərəm? Biabır olaram, nəslimizin abır-həyası gedər əldən...” Birdən, sanki ikinci bir adam danışırmış kimi, özü öz səsini eşitdi: “Bəs, onu kim anlayacaq görəsən? Sən bu yüklə yaşaya bilmirsənsə, o necə yaşasın?”
Cavab verə bilmədi. Özü öz qarşısında susub qaldı. Sanki, məntiqlə vicdan heç-heçə qalmışdılar. Bir neçə dəqiqə susdu. Heç papirosu da çəkmirdi, yadına düşmürdü də. Cəmi 1-2 dəfə sömürdüyü papirosun külü yerə tökülmüş, təkcə kötüyü qalmışdı Rüstəmin barmaqları arasında. Dərin xəyala dalmışdı. Nə düşünür, nə hisslər keçirir… Bu anları özü yaşamayan müəllif təsvir edə bilməz.
Küçəyə daxil olan avtomobilin işığı ayırdı onu donuq xəyallardan. Taksi idi. Yəqin ki, Məsmə qadın idi. Qaynanası. Bəli, o idi. Sarı “Reanult” Rüstəmin qarşısında dayandı. Qaynanası sürücüyə “5 dəqiqəyə gəlirik” deyərək maşından düşdü, düz Rüstəmlə üzbəüz durub acıqla onu süzdü. Rüstəm isə, o qədər pərişan halda idi ki, artıq, nə sima alacağını da bilmirdi. Hikkəmi göstərməliyi qaynanasına, yoxsa, utanmalıydı… Heç bu hekayəni uyduran müəllif də bilmir.
Qadın köks ötürüb astadan öskürdü, “Elnarə sizə gəlin köçəndə mənə and içmişdi ki, sizin evdə öləcək” sözlərini dedi və cavab gözləmədən Rüstəmin sağ çiyninə sürtünüb içəri keçdi. Rüstəm donub qalmışdı. Bilmirdi nə etsin. Amma, bildiyi bir şey var idi – Onlar Elnarə ilə əbədiyyən ayrılırdılar. Sevgisindən cəmi bir ay daddığı o qadın daha bu evə gəlməyəcəkdi, daha bu evin gəlini olmayacaqdı… Yox, Rüstəm öz həyatının ideal qadını seçdiyi insandan belə asanlıqla imtina edə bilməzdi.
Bu günədək, heç kimin fikri ilə oturub-durmamış, heç vaxt öz seçimini özgə fikirlərə qurban verməmişdi. Döyülmüşdü də, söyülmüşdü də, ölüm hədələri də almışdı ifşa etdiyi məmurlardan… Amma, onu heç bir təhlükə, hətta, ölüm belə bu qədər qorxuzmamışdı – biabır olmaq qorxusuymuş insanın həyatını dəyişdirən şey! Dünyanın ən ölümcül duyğusuymuş bu!
Bir çıxış yolu tapmaq lazım idi. Rüstəm bu düşüncəylə fikrə daldı, dumanlanmış beynini işə salıb nəsə yeni bir şey fikirləşmək istədi… Heç nə alınmırdı. Bir papiros da yandırdı… Elə ilk tüstüdə də atdı. Və ucadan özü-özünə hökm edirmiş kimi dilə gəldi:
— Düşünməli nə var ki? Arvad mənimdi, abır-həya mənimdi, özümlə götürüb burdan gedəcəm. Qoy məni qınayan məni danlasın!
Cəld də papirosu tullayıb, paltonu çiynindən götürdü, sol əlinə aşırıb evə qaçdı. Evə girən kimi öz otağına cummaq, anası ilə birlikdə əşyalarını yığan həyat yoldaşının əllərindən tutub bağrına basmaq istəyirdi ki...
— Ona nə olub belə? – Rüstəmin başına bir vedrə soyuq su tökülmüşdü sanki bir anda. Gözlərinə inana bilmirdi.
— Nə olacaq? Görmürsən? – Yerdə hərəkətsiz halda uzanmış qızını qollarına tutan və artıq, Rüstəmin keçmiş qayınanası olan Məsmə qadın səsi əsə-əsə bu hekayənin sonunu gətirdi – Yaxın gəlmə, qana bulaşarsan.
Müəllif: Rüfət Əhmədzadə