Kuzə

Kuzə

Səhər yuxudan oyananda Səriyyə hiss etdi ki, bu gün nə isə baş verəcək. Yerində bir az qurcalandı, durmaq istəmirdi. Saat yeddidən beş dəqiqə keçirdi. Elə indi durmasa, uşaqlar dərsə gecikəcəklər. Sakitcə ayağa qalxdı. Əri hələ təxminən yarım saatdan sonra oyanacaqdı. Sonra dözmədi. Elə şirin yatırdı ki, əyilib ehmalca onun yanağından öpdü. Otaqdan çıxıb uşaqların otağına boylandı. İkisi də yatmışdı.
− Gülşən? Eldəniz? Uşaqlar, oyanın.

Yox, deyəsən, elə adi səhərdir. Bu səhər də heç o birilərdən fərqlənmir. Uşaqları oyatmaq yenə vaxt aparacaq. Səriyyə öz yataq otağına qayıdıb mobil telefonunu götürdü, otaqdan çıxanda qapını kip bağladı. Telefonu uşaqların çarpayılarını bir-birindən ayıran stulun üstünə qoydu.
− Baxın, bir də deyirəm. Ayılın, yoxsa bir dəqiqədən sonra məcburən ayılacaqsız. Belə oldu? Özünüz bilin.
Mətbəxə keçib çaydanı qaynamağa qoydu, səhər yeməyini hazırlamağa başlamışdı ki, xoruz banladı. Bir də banladı. Səsi kəsildi. Uşaqların ayaq səsləri eşidildi.
− Bax belə ayılarsız. Tələsin, yoxsa gecikəcəksiz.

Hər gün təkrarlanan bu səhərlər, günortalar və axşamlar onu əvvəllər bezdirmirdilər. Hətta onlara alışmışdı. Onlara, məhz təkrarlandıqlarına görə, güvənirdi.

Amma bir dəfə həmişə aktiv olan, bir yerdə dayanmayıb elə hey-işə gücə qaçan qonşusu Tamilla ondan soruşmuşdu:
− Ay Səriyyə, bezməmisən hələ bu rutin həyatdan?
− Nə olub ki həyatıma? Allaha min şükür, hər şeyim var. Ərim, balalarım salamatdır. Yeməyə də bir tikə çörək tapırıq, kiminsə əlinə baxmırıq. Nədən bezməliyəm?
− Eh, sənə başa salmağın mənası yoxdur.

Doqquzuncu sinfə qədər oxuyub, məktəbdən, darıxdırıcı kitablardan, daim zəif şagird olduğuna görə məktəbdə də, evdə də hər kəsin qarşısında utanmaqdan bezən Səriyyə indi öz savadsızlığından bir o qədər əziyyət çəkmirdi. Uşaqlar mühəndis olan atalarına çəkmişdilər, ikisi də yaxşı oxuyurdu. Məktəb iclaslarına da Mehman gedirdi. Səriyyəni məktəbə heç bir qüvvə bir də apara bilməzdi. Təkcə uşaqlar birinci sinfə gedəndə məktəbə getmiş, qorxa-qorxa, bəlkə də, çəkinə-çəkinə onların sinif otağına daxil olmuş, uşaqları müəlliməyə təhvil verdikdən sonra bir də məktəbin həndəvərinə dolanmamışdı.

İndiyəcən savadsızlığından utanan Səriyyə bunu biruzə verməməyə çalışırdı. Lakin Tamillanın dediyi bir söz onu özündən çıxardı, sonra isə utandırdı, sonra da həyəcanlandırdı. Görəsən “rutin” nə deməkdir? Bu sözü eşitdiyi andan, bütün günü başında bu fikirlə dolaşırdı. Bu sualın onu bütünlüklə doldurduğunu heç kəsə bildirmir, elə eyni şeyləri hər gün həmişəki kimi edir, özünü sakit və başı öz iş-gücünə qarışmış kimi göstərirdi.

Ancaq bu sual, bu mənasını bilmədiyi, ilk dəfə Tamilladan eşitdiyi söz onu rahat buraxmırdı. Onun mənasını anlamaq istəyirdi, lakin bacarmırdı. Bir dəfə, az qala daxilindəki utancaqlıq hissini bir küncə qısıb, uşaqlardan bu sözün mənasını soruşacaqdı ki, birdən fikrindən daşındı. Uşaqlar ikinci sinifdə oxuyurlar, bu sözü bilməzlər. Bəs əri? Yox, heç vaxt. Olmaz. Əri heç vaxt nə düşündüyünü bildirməsə də, onun savadsızlığı ilə barışmışdı. Amma bu sözü ondan soruşmaq ― yatmış ilanı oyatmağa bərabər idi. Ərinin gözündən düşmək istəmirdi.

Bir aya yaxın idi ki, bu vəziyyətdə gəzirdi. Artıq Tamillanı görməyə gözü yox idi.
Bu gün də səhər yeməyini hazırlaya-hazırlaya beynində eyni sözü deyirdi. Rutin, rutin… rutin…… rutin. Kimdən soruşa bilərdi? Ona cavab verə biləcək adamlardan soruşmağı özünə sığışdırmırdı. Evdə də lüğət-filan yox idi ki, oraya baxsın.
− Mən hazıram.
− Mən də.
− Sabahınız xeyir, cücələr.
− Sənin də.
− Kitablarınızı yığmısız?
− Yeməyimi yeyim, yığacam.
− Stolumun üstündə ayırmışam, çantaya yığmaq qalıb.
− Nuş olsun.

Beynində eyni söz dolaşa-dolaşa yataq otağına tərəf getdi. Birdən qızının xoşladığı uşaq jurnallarındakı labirintlər yadına düşdü. “Rutin” də, elə bil, labirintə düşmüşdü, onlarla yolun arasında lazım olanı seçib öz mənasını tapa bilmirdi.
− Mehman? Ay Mehman?
− Hə, hə.
− Dur ayağa, mənim də işim çoxdur.
− Yenə nə isə əkcəksən?
− Hə.
− Yorulmadın əkməkdən?
− İndi əsl vaxtıdır. Sonra gec olacaq. Səhər yeməyin masanın üstündədir. Çayı özün süzərsən.

Son vaxtlar Səriyyə hər gün çox da balaca olmayan bağçasını şumlayır, əlinə keçən ağacları əkirdi. İldə iki dəfə başını bu işlə qatardı.
İndi də pilləkənin altından beli çıxardı və axşamdan gözaltı etdiyi yerə tərəf getdi.
Rutin… rutin…
Torpaqla işləmək ona zövq verirdi. Əri ona lağla “bağban” deyirdi. Səriyyənin məşğuliyyətinə şübhə ilə yanaşdığını göstərmək istəyirdi. Lakin özü də bilirdi ki, səhv edir. Bu yay tut ağacı bar vermişdi. İndi də heyvanın sapsarı olub yetişməsini gözləyirdilər. Gələn il də, ola bilsin ki, gilas gül açacaqdı.

Bu gün də o, qonşusu Sevdadan dünəndən aldığı alça ağacının rubanasını əkməyə hazırlaşırdı. Yeri şumlamağa başladı, torpaq yumşaq idi. Rahat şumlanırdı. Ancaq Səriyyə keçən illərdəki zövqü ala bilmirdi bu məşğuliyyətindən. Beli hər yerə sancıb ayağı ilə onu sıxaraq torpağı kənara atdıqca, elə bilirdi ki, yerin altından yenə də o söz çıxacaq. Ona görə də sevgiylə deyil, acıqla şumlayırdı. Birdən torpağın nisbətən bərkidiyini hiss etdi. Mehman onu səslədi.
− Uşaqlar gediblər?
− Əlbəttə. İndiyə uşaq qalar?
− Mən də indi çıxıram. Açarlarımı tapa bilmirəm, onları görməmisən?
− Dünən çirkli şalvarının cibindən götürdüm. Dayan, indi gəlirəm.

Məcburən işini saxladı.
Açarları ərinə verib onu yola salandan sonra yenə belin yanına qayıtdı.
Tamamilə tək idi. İndi heç kəs onu işindən ayırmayacaqdı. Yenə şumlamağa başladı. Beli torpağa sancdı, torpaq ona yenə də bərk gəldi. Necə ola bilər axı? Keçən gün bu yerdən bir metr aralıda nar ağacını əkmişdi. Heç yer belə bərk deyildi. İndi nə oldu? İstədi beli götürüb başqa yer seçsin. Fikrini dəyişdi. Bu “rutin” nədirsə, onu elə burdan qazıb çıxaracaq, o da birdəfəlik yox olub, onun beynini qurcalamağını kəsəcək. Əyilib torpağa əlini vurdu. Onun sərtliyini əli ilə yoxlamaq istədi. Yenə beli əlinə alıb onu ehmalca torpağa sancmağa başladı, yavaş-yavaş onu daha da dərinə sancırdı. Görəsən, ağır olmayacaq ki? Ayağının gücü çatacaq torpağı kənara atmaq üçün? Birdən dayandı. Belin iti ucunun nəyəsə toxunduğunu hiss etdi.

Əslində Tamilla bu andıra qalmış sözü onu, nə bilim, tərifləyərkən, ya da sadəcə söhbət əsnasında elə-belə desəydi, Səriyyə ona fikir verməzdi. Bu sözü elə eşitdiyi an unudardı. Amma məsələ başqa cür idi. Tamilla bu dediyi sözlə, cümləsindəki digər sözlərlə yox, məhz bu sözlə, onu sancmaq istəyirdi. Onun savadsız olduğunu bildiyi üçün bu sözü seçmişdi. Söz də iti bıçaq olub sancılmışdı düz Səriyyənin beyninə. O bıçağı çıxarmaq üçün təkcə bu sözün nə demək olduğunu tapmaq lazım idi.

Yox, nə isə var bunda. Bel nəyəsə toxunur. Səriyyə ayağını beldən çəkib, onu əvvəlcə yavaş-yavaş dərinə sancdığı kimi, indi də yavaş-yavaş yuxarı dartdı. Pilləkənin altından bir taxta parçası gətirdi. Dizlərini yerə qoyub taxta ilə ehmalca torpağı döyəcləməyə başladı. Torpağı bir az yumşaltdıqdan sonra, əlləri ilə onu kənara atmağa başladı. Soyuq torpağı əlləri ilə kənara atdıqca ona elə gəldi ki, kimisə basdırır. Birdən əlinə torpaq gəlmədi. Səriyyə təəccüblə qazdığı balaca quyunun dibinə baxdı. Gördüyü səth, elə bil, saxsı qabın səthinə oxşayırdı. Birdən güldü.
− Elə bilirdim, qazıb-qazıb o sözü çıxaracam. Buna bax, bu nədir?

Yenə beli əlinə aldı. Bayaqdan aramla çalışırdı. İndi sürətini artırdı. Tapdığı bu müəmmalı əşyanın ətrafını tez-tez belləməyə başladı. Yarım saat əlləşdi. Nəhayət, bacardı. Təxminən on litr su tuta biləcək saxsı kuzəni quyudan çıxardı. Kuzənin ağzı bağlı idi. Əvvəlcə onu ehmalca silkələdi. Elə bil, boş idi. Əmin olmadı. Bir də var gücü ilə silkələməyə başladı. Əmin oldu. Boşdur.
İçəridən telefonun zəngi eşidildi. Kuzəni ehmalca yerə qoyub evə tərəf qaçdı. İçəri girib onu səsləyən telefonun dəstəyini əlinə aldı, təngnəfəs səslə danışmağa başladı.
− Alo?
− Ay qız, mənəm, salam.
− Sa-lam, Ul-duz.
− Niyə təngnəfəssən?
− Həyət-də idim. Dur… Hə, nəfəsimi dərdim.
− Yenə əkirdin?
− Aha.
− İşin-gücün qurtarıb eee sənin də. Başını at balışa yat da uşaqların, ərin gedən kimi. Nədir bütün günü kənd arvadları kimi torpaqda eşələnirsən?
− Ulduz, bu gün alçanın rubanasını əkəcəkdim. Yeri qazırdım. Ordan bir şey tapdım.
− Yox a! Qızıl?
− Yox. Nə qızıl? Kuzədir, adi saxsı kuzə. Qədimdə olurdu a?
− Kuzə? Camaat yeri qazıb qızıldan, puldan, heç olmasa neft çıxarır. Sənsə, kuzə. Nə var içində?
− Ağzı bağlıdır. Eləcə həyətdə durur. Sən zəng edəndə təzəcə çıxardım torpaqdan.
− Ay qız, dayan. Olmaya, dua-zad eləyib basdırarlar həyətə?
− Dua? Bu boyda kuzədə?
− Çox böyükdür?
− Hə. Böyükdür də. Səkkiz-on litr su tutar.
− Onu necə çıxara bildin?
− Elə də ağır deyil. İçərisi boşdur, deyəsən.
− Sən lap arxeoloq olub getmisən ki! Mehmanın da xəbəri yoxdur.
− Nə bilim…
− Torpaqdan qədim əşyaları fırçayla qazıb çıxarırlar ha?
− Hə…
− Onlara, deyirəm də, oxşayırsan.
− Bəs indi neyləyim?
− Nə isə. Mən bilirəm neyləmək lazımdır. İndi zəng edəcəm falçı Telliyə. Yadındadır, sənə Tellidən danışmışdım? İndi ona zəng edəcəm.
− Niyə?
− Ay qız, necə yəni “niyə”? Başa düşmürsən ki, bu ancaq dua ola bilər?
− Nə bilim. Necə istəyirsən, elə də elə.

Səriyyə palçığa bulaşmış dəstəyi yerə qoyan kimi səhər hiss etdiyi duyğu yadına düşdü. Elə belə də bilirdi ki, bu gün nə isə olacaq.
Birdən özündən şübhələndi. Bəlkə, heç nə tapıb eləməmişəm, mənə elə gəlir? Tez bayıra qaçıb alça ağacını əkmək istədiyi yerə tərəf baxdı. Kuzə yenə də orada idi. Yaxından baxanda hiss etmək olmurdu. Uzaqdan baxanda kuzənin səthinin hamar olmaması aydın görünürdü. Bəlkə də, bu qab yaxşı qurudulmamış basdırılıb həyətimə? kuzə,kuvşin

Səriyyəni fikirlər yataq otağına qovdular. Uzanmaq istəyirdi, yorulmuşdu. Birdən gözü əllərinə sataşdı. Əlləri çox çirkli idi, tamam torpağa bulaşmışdı. Hamama gedib əllərini axan suyun altına tutdu. Əlüzyuyan boz su ilə doldu. Əllərinə diqqətlə baxdı. Dırnaqlarının altı torpaqla dolu idi. Əlüzyuyandakı su yenə boz rəngə boyandı. Əlini qurulaya-qurulaya ərinə də zəng etməyinin vacib olduğunu düşündü.
Mobil telefon uşaqların otağında qalmışdı.
− Mehman, salam.
− Salam, əzizim. Əkdin ağacı?
− Yox hələ.
− Niyə?
− Bilirsən… necə başa salım? Ağac üçün yer qazırdım, torpaqdan saxsı kuzə tapdım.
− Nə olsun ki?
− Kuzə deyirəm. İri kuzə. Kuzənin bizim həyətdə, özü də torpağın altında nə işi var ki?
− Düz deyirsən. Nə isə müəmmalı bir şeydir. Bəlkə, evin əvvəlki yiyəsi basdırıb?
− Bilmirəm. Ulduza danışdım, o da hansısa falçını gətirəcək.
− Nə falçı? Falçının mənim evimdə nə işi var?
− Guya mən istəyirəm ki, falçı gəlsin? Ulduzu tanımırsan?
− Yaxşı, qoyma kuzəni harasa aparsın. Gələndə özüm də baxmaq istəyirəm. Sağ ol.

Səriyyə pəncərədən həyətə baxdı. Kuzə uşaqların otağından bağçaya açılan pəncərədən aydın görünürdü. Birdən gözü kövrək, balaca yarpaqları büzüşmüş alça ağacının metr yarımlıq incə gövdəli rubanasına sataşdı.
− Necə də yadımdan çıxıb!

Qaça-qaça yenə də oraya getdi. Ağacı əlinə alıb onu əzməməyə çalışaraq əlində bir az saxladı. Düşündü ki, kuzə çıxan yerdə əkə bilməz. Bilmirdi, niyə. Sadəcə, belə hiss edirdi. Ətrafa boylandı. Divarın dibində yaxşı yer var idi. Torpağı yumşaq idi. Düz arxın yanında. Amma olmaz. Qonşunun oğlanları bütün günü voleybol, basketbol oynayırlar. Top da elə hey bunların həyətinə düşür. Ağacı sındırarlar. Başladı bağçanı dolaşmağa. Rubananı da özü ilə gəzdiridi. Nəhayət, bu zavallı üçün də yer tapıldı. Onu ehmalca yerə qoydu. Beli gətirib başladı yeni bir quyucuq qazmağa.

Qaza-qaza gözünün ucu ilə kuzəyə də baş çəkirdi. Sanki kuzə onun oğrun, amma qınayıcı baxışları altında utanıb Səriyyənin həyətində nə qələt elədiyini boynuna alacaqdı.

Axır ki, alçanı əkdi. Gedib su gətirdi. Ağacın dibini azca suladı. Elə bu an dəmir darvazanın balaca qapısı açıldı.
− Ay qız, Səriyyə, hardasan? Gəl, Telli, gəl. Yəqin, yenə bağda eşələnir.
− Burdayam. Salam.
− Gördün? Mən bilməyən şeyə qurd düşər. Neynirsən? Kuzəni təmizləyirdin?
− Yoox. Ağacı əkirdim.
− Az, sənin bu bacın kefdir ki! Həyətindən bu boyda həngamə çıxıb, bu ağac əkir.
− Demə-demə. Bu belədir də. Qaçanı tutmur ki! Kuzə odur?
− Aha.
− Gəl, Telli. Gör, nə işdir bu?

Ulduz Səriyyədən iki yaş kiçik idi. Lakin ondan yaxşı oxumuşdu məktəbdə. Atasını inandıra bildi ki, universitetə də qəbul olacaq. Oldu da. İndi hidrometeoroloq işləyirdi.

Səriyyə kənarda dayanıb bacısıyla falçıya baxırdı. Birdən yadına düşdü ki, uşaqlar bir azdan dərsdən qayıdacaqlar. Hələ Ulduzla falçı da var. Yemək hazırlamaq lazımdır. Onları həyətdə qoyub evə getdi, yenə də əllərini yudu, ancaq indi uzun-uzadı deyil, tələsik yudu. Vaxtı az idi. Başladı xörək bişirməyə. Arada bir də pəncərədən bağçaya boylanırdı ki, görsün Ulduzla falçı nə edirlər. Amma onların təkcə kürəkləri görünürdü. Bir azdan boylanmaqdan bezdi. Pəncərənin layını özünə tərəf çəkib cəftə ilə bağladı. Başı qarışdı işinə.

Bir də gördü Ulduz özünü qaranəfəs atdı mətbəxə, stulu çəkib oturdu. Səriyyə ona sakitcə, səbrlə baxdı. Heç nə soruşmadı. Bilirdi ki, Ulduz nəfəsini dərən kimi özü hər şeyi ona danışacaq.

− Ay qız, sən necə adamsan? Az, ürəyim partlayır ki, görüm bu nə kuzədir axı çıxıb bacımın həyətindən? Bununsa heç vecinə də deyil.
− Bəs Telli hanı?
− İndi gələcək. Sən çay hazırla.
− Hazırlamışam. İndi yemək də hazır olar.
− Telliyə yemək vermək lazım deyil. Müştəriləri onu gözləyir. Telefonu bayaqdan susmur. İndi qulaq as, Telli hərtərəfli baxdı, dua da oxudu, kuzənin ağzını açdı, içinə də dua oxudu, nə bilim ey, daha nə lazımdırsa, elədi. Axırda dedi ki, dua məqsədilə basdırılmayıb bura.
− Bəs niyə basdırıldığını bilmədi?
− Yox, bacı. Özüm də məəttəl qalmışam. Telli ola, bilməyə. Dedi, bilmirəm.
− Bəs indi həyətdə neyləyir?
− Dedi, hazır gəlmişəm, qoy, həyəti dolanım, bəlkə, başa düşdüm, bu nə məsələdir?
− Birdən özü ilə gətirdiyi parça-purçadan çıxarıb deyər ki, mənim həyətimdən çıxıb a?
− Yox, ay qız. Telli elə adam olsaydı, heç onu sənin evinə gətirərdim?
− Yenə də…
− Sus. Gəlir. Gəl, ay Telli. Danış, görək, nə oldu?
− Vallah, heç nə tapmadım. Nə isə, başım çıxmadı bu saxsıdan. Bəlkə, polisə xəbər verəsiz?
− Polisə?! İçindən heç nə çıxmayıb axı.
− Elədir, heç nə çıxmayıb. Deyirəm, bəlkə, oğurluqdu? Kimsə gətirib sizin həyətdə basdırıb?
− Çay için.
− Ay Ulduz, bacın mənə inanmır, amma sən sözlərimi qulaq ardına vurma.
− İçindən sümük çıxsaydı, deyərdim ki, sən deyəndi. Adam sümüyü yəni. Özün də gördün ki, boş idi.

Ulduzla Telli bütün mümkün variantları nəzərdən keçirdilər. Səriyyə isə bədənində azca yorğunluq hiss edirdi.
Səslər gəldi. Uşaqlar evə dönmüşdülər. Dəhlizdə səs-küylə pencəklərini, ayaqqabılarını çıxarırdılar. Səriyyə dəhlizə tələsdi.
Uşaqlar onu görən kimi bir-birinə imkan vermədən danışmağa başladılar. Səriyyə mətbəxə işarə edib, sakit olmalarını xahiş etdi.

− Keçin otağınıza, qonaq gedən kimi sizi çağıracam.
O, mətbəxə dönəndə Telli artıq ayağa qalxmışdı. Səriyyə onun əlində nəyinsə olduğunu və birdən-birə yoxa çıxdığını gördü. Ulduza baxdı. Ulduz göz-qaş oynatdı. Yəni sonra danışarıq.
− Yaxşı, Telli, Allah köməyin olsun. Bizi sakitləşdirdin. İndi görək neynirik bu kuzəylə. Bacım da oturub-oturub iş açdı da.
− Xoşdu, xoşdu. Mənə də xəbər edərsən, əgər bir şey öyrənsəz.
− Əlbəttə. Sağ ol. Ay Səriyyə, uşaqlar gəldilər axı, deyəsən?
− Otaqlarındadırlar.

Uşaqlar Ulduzu görən kimi onun qucağına tullandılar.
− Xala, ay xala…

Başlandı yenə. İndi Ulduzu axırıncı dəfə gördükləri vaxtdan bəri məktəbdə maraqlı olan nə vardısa, dayanmadan danışacaqdılar. Səriyyə bu anları seyr etməyi çox sevirdi.
Neçə ildir övlad üzünə həsrət olan Ulduzun heç kəsin yanında dərdini bildirməməsi, o biri bacı-qardaşın yox, məhz Səriyyənin uşaqlarına mehrini salması onu çox təsirləndirirdi.

Lakin bu dəfə Səriyyə onları çox seyr edə bilmədi. Darvaza bərkdən döyülürdü. Səriyyə eşiyə tələsdi. Qapını açdı. Qapının ağzında bir oğlan, iki qız dayanmışdılar. Oğlanın əlində kamera vardı. O, yanındakı qızlardan daha gənc görünürdü. Qızlardan birinin üzü Səriyyəyə tanış gəldi.

− Bəli?
− Bura, eee, Məmmədov Mehmanın evidir?
− Bəli.
− Siz, eee, onun nəyisiniz?
− Həyat yoldaşı.
− Eee, Samirə onun adı nə idi?
− Ulduz xanım.
− Hə, hə. Ulduz xanımın bacızı sizsiz?
− Bəli.
− Onda düz gəlmişik. İcazə verin keçək.
− Buyurun. Amma…
− Vaxtımız azdır. Eee, Ulduz xanım burdadır?
− İndi çağıraram.
− Tapıntı hanı?
− Hansı tapıntı?
− Samirə, eee, nə idi onun adı?
− Kuzə.
− Təşəkkür. Kuzəyə baxa bilərik?
− Ordadır. Baxın.

Səriyyə evə sarı gedə-gedə gözünü bu üç nəfərdən çəkmirdi. Evə girəndə otağın açıq qapısından çarpayının üstündə oturub telefonla danışan Ulduz və onun uzun saçlarını darayan Gülşən göründülər. Eldəniz yanında peyda oldu.

− Acmışam.
− Beş dəqiqəyə bacınla gəl, yemək hazırdır.
− Ana, o düzdür ki, həyətimizdən nadir tapıntı tapılıb?
− Nə nadir tapıntı? Elə-belə kuzədir. Sənə kim dedi?
− Xala.
− Mənə də xala dedi. Bir də dedi ki, səni İç Xəbərə çəkəcəklər.
− İç Xəbərə? Nə üçün? Ulduz, kimlə danışırsan orda? Bura gəl, görüm.
− Dayan, dayan.

Hə, yadıma düşdü. O qızı elə İç Xəbərdə görmüşəm.
− Siz yeməyinizi yeyin. Həyətə də düşmürsüz? Aydındır?
Çətin ki, mənə qulaq assınlar. Ulduza arxayındılar.
− Ulduz, bu nə deməkdir? Mehman biləndə dəli olacaq.
− Sakit ol, ay qız. Gedirəm gələnlərə intervü verməyə. Sən də əynini dəyiş, gəl.
− Olmaz ki, elə belə…
− Get, özünə güzgüdə bax. Bu paltarda ağac əkmisən, ya yox?
− Hə.
− Kuzəni də çıxarmısan?
− Yaxşı, yaxşı, qışqırma.

− Bax, indi yaxşısan. Falçının adını çəkmə. Dedim ki, kuzənin ağzını mən açmışam.
− Bayaqdan hardasız? Başqa çəkilişlərimiz də var axı…
− Bağışlayın.
− Kuzənin yanında dayanın. Kamera hazırdır. Çəkirik.

Elə bu andan hər şey daha da tez fırlanmağa başlandı. Elə bil, Ulduz xarici nağıllardakı pərilərdən birinə çevrilib öz sehrli çubuğu ilə hər şeyi, hamını hərəkətə gətirmişdi. Ulduz işdən məzuniyyət götürüb köçmüşdü Səriyyənin evinə. Uşaqlar bütün günü Ulduzdan əl çəkmir, səhərlər dərsə gecikir, məktəbdən evə qaça-qaça gəlirdilər. Anaları ilə fəxr etdiklərini tez-tez deyirdilər. Ulduz, onsuz da həmişə enerjisi aşıb-daşan Ulduz, indi, elə bil, özünün əsl yerini tapmışdı. Bu kuzə məsələsini araşdırmağı qarşısına məqsəd qoymuşdu. Bütün günü ölkənin cürbəcür telekanallarından olan jurnalistləri qəbul edir, Səriyyəni onların qarşısında çıxış etməyə məcbur edir, balaca dairəvi şüşənin qarşısında danışarkən sıxılmamağın yollarını öyrədir, özünü ekranda görəndə utanmamağı məsləhət görürdü.

Səriyyə bu qarmaqarışıqlıq içində başını tamam itirmişdi. Həm evi yığışdırır, həm xörək bişirir, həm paltarları yuyur, üstəlik ardı-arası kəsilməyən jurnalistləri, qohumları, qonşuları, hətta uşaqlarının sinif yoldaşlarını da qəbul edirdi. Başağrısı dərmanları daim cibində olurdu. Bəzən nə özünü, nə ailəsini, nə də evini tanıya bilirdi. Ən çox da onu narahat edən Mehman idi.
Həmişə mehriban, səmimi Mehman tamamilə özünə qapılmış, Səriyyənin çıxılmaz, dözülməz vəziyyətdə olduğunu gördüyü üçün ona heç nə deməsə də, Ulduza nifrətlə baxırdı. Lakin açıq müharibəyə girmək istəmədiyi üçün (Ulduzla açıq müharibəyə girmək üçün heç kəs özündə cəsarət tapa bilməzdi) ondan bəzən acı-acı soruşurdu:
− Bəs ərinə kim baxır? Bir get, o yazığa baş çək də.

Ulduzu heç kəs sındıra bilməzdi. Cavabları təxminən belə olurdu.
− Anasının yanındadır. Bacanağın ağıllı oğlandır. Sən də onu özünə nümunə götür.

Mehman cavab verməməyi uyğun sayıb çəkilirdi yataq otağına.
Səriyyəyə, ümumiyyətlə, kuzə ilə əlaqədar olmayan şeylər barəsində danışmağa icazə verilmirdi. Ulduz Səriyyə hər ağzını açanda, yazığın ağzından heç bir səs çıxmamış, deyirdi:
− Deməmişəm, danışma. Can bacı, kuzə əhvalatını onsuz da, gündə əlli adama danışırsan, özünü yorma, boş şeylərdən ötrü qətiyyən danışma. Hələ sabah da var axı…

Səriyyə ağzına yığılan sözləri yenə də udurdu. Təkcə yatanda ərinə sakitcə pıçıldayırdı:
− Mehman, bir az da döz. Mən də bezmişəm. Amma Ulduzu tanıyırsan da… onun qabağını heç öz əri də ala bilmir, biz neyləyə bilərik? Özü də deyir ki, bizim bu kuzə məsələsindən…
− Onun adını çəkmə!
− Yaxşı, yaxşı, qışqırma, indi eşidəcək ki, danışıram, yenə zəli olub, yapışacaq yaxamdan. Nə deyirdim? Hə… deyir, əməlli-başlı mənfəət qazanmaq olar. Doğrusu bilmirəm, bunu necə etmək fikrindədir, amma…
− Səsiniz yaman gəlir. Mehman, o qızı bir də dindirsən, girəcəm a içəri.
− Deyəsən, getdi. Mən səni sevirəm…
− Mən də səni. Amma bacından zəhləm gedir.

Ulduz Mehmanın, Səriyyənin, uşaqların günlərini beləcə, sanki muncuqlardan boyunbağı düzəldirmiş kimi, bir-birinin ardınca yığırdı. Hamı ona tabe idi. Səriyyəyə bəzən elə gəlirdi ki, indi bacısı dönüb olacaq, adını yada sala bilmirdi, musiqiçiləri idarə edən kişi, əlində də çubuğu olur, dayanmadan da silkələyir onu havada… nə isə, Ulduz da o kişi kimi bu evdəkiləri musiqi alətlərinə çevirib idarə edirdi. Səriyyə öz düşüncəsini axıra kimi düşünməmiş, Ulduz yenə onu səsləyir, yaxşı görünməyi tapşırırdı.
Bir gün Səriyyə Ulduzun fikrə getməsində istifadə edib neçə vaxtdır ağzında dolaşıb, qaranlıqdan işıqlığa çıxmağa qorxan cümləsini qırıq-qırıq, yavaş-yavaş dişlərinin arasından çıxarmağa başladı.
− Deyirəm… evimiz… lap… lap muzeyə dönüb. Düzdür… bacı?
− Nə deyirsən? Muzeyə? Muzey… Ay qız, sən lap dərya imişsən ki!

Ulduzun gözəgörünməz təkəri yenə də fırlanmağa başladı.
− Gör, iki həftədir evə bu qədər millət gəlir, jurnalistlər, nə bilim, savadlı adamlar, hələ biri də deməyib ki, bunu ekspertlər yoxlamalıdır.
− İndi nə etmək fikrin var?
− Sən get. İri kağız tap, kuzəni yaxşıca bük.

Səriyyə, onsuz da yorğun, bezgin Səriyyə, yenə də Ulduza etiraz etmədi. Kağız axtarışına çıxdı. Köhnə əşyaların içində xeyli axtardıqdan sonra, nəhayət ki, uyğun bir şey tapdı. Yağışlar dayanmadan yağmağa başladığı gündən kuzəni evə gətimişdilər. Mehman kuzəyə qəsdən bir şey etməsin deyə, Ulduz onu uşaqların otağında gizləmişdi. Özü də o otaqda qaldığı üçün nəzarəti daim üstündə idi.

Səriyyə kuzəni yavaşca götürüb yerə sərdiyi kağız parçasının üstünə qoydu. Başladı bükməyə. Birdən “tıqq” səsini eşitdi. Nə isə baş verdi.

Ulduz qapını açıb kağızın arasında olduğundan görünməyən kuzəyə baxdı.
− Tələs, gəldilər. Ekspertləri deyirəm.

Səriyyə əlindəki işi saxlayıb tez otaqdan çıxdı. Salamlaşdı.
− Səriyyə, bu adamlar Tarix Muzeyindən mənim dəvətimlə gəliblər. Maşınlasız?
− Bəli.
− Lap yaxşı. Kuzəni aparıb tədqiq edəcəklər. Bəlkə də, təsadüfən tapılmış bu əşya elə tarixi səciyyə daşıyır? Elədir?
− Bizə kuzənin necə tapılmasını təfərrüatı ilə danışa bilərsiz?

Yenə də?! Səriyyə boğuq səslə artıq əzbərlədiyi hadisəni mexaniki olaraq danışmağa başladı.
− Get, indi onu gətir, bacı.
Səriyə əyilib bükülmüş kuzəni qucağına alanda nəyinsə düz olmadığını anladı. Nəyin düz olmadığını elə o dəqiqə başa düşdü. Əlində kuzə dəhlizə çıxdı.
− Bilirsiz… Bilirsən, bacı…
− Sənə deməmişəm, danışma? Apar kuzəni qoy maşına. Əldən-ələ vermək lazım deyil. Bax, əməlli-başlı yoxlayın, çox xahiş edirəm.

Səriyyə bir neçə dəfə ağzını açmağa cəhd etdi, lakin onu heç kəsin dinləmədiyini görüb susmağı qərara aldı.

O biri gün günortaya qədər Ulduzla uşaqlar, elə bil, iynə üstündə yaşadılar. Axır ki, muzeydən zəng gəldi.
Səriyyə hələ də susurdu. Neçə vaxtda birinci dəfə Ulduzun təkidi ilə deyil, öz istəyi ilə susurdu. Təkcə Mehmana demişdi. Amma ondan söz almışdı ki, bu haqda heç kəsə bir söz deməyəcək. Mehmanın gözlərindəki parıltı, qəribə sakitliyi Ulduzu şübhələndirirdi, ancaq fikri o qədər muzeyin cavabını gözləməyə yönəlmişdi ki, Mehmana əhəmiyyət vermirdi.

Telefon zəngi onu özündən çıxardı.
− Nə danışırsız? Əliniz bişmişdi? Sizi məhkəməyə verəcəyik. Bəs nə? Necə?! Başa düşmürəm. Bir dəqiqə. Ay qız, Səriyyə, bilirsən, nə deyirlər?
− Nə?
− Kuzə… təsəvvür edirsən… sınıb.
− Bilirəm.
− Nə?! Bir dəqiqə gözləyin də! Nə dedin?
− Dunəndən bəri neçə dəfə demək istədim, ağzımı açmağa imkan verdin ki? Kuzəni mən sındırdım.
− Nə?! Sizə sonra zəng vuraram. Bir az anlaşılmazlıq oldu. Nə dedin?
− Onu bükəndə sındı. Muzeydən nə dedilər?

Ulduz elə bil yığıldı.
− Dedilər, sınıq əşyalarla məşğul olmağa vaxtları yoxdur. Amma kuzəyə elə ilk baxışda bilinir ki, əhəmiyyət kəsb edən bir şey deyil.
− Belə-belə işlər.
− Axı necə sına bilərdi?
− Onu qazanda bel ona dəymişdi. Yəqin, elə həmin yerdən parçalanıb.

Ən çox uşaqlar məyus oldular, çünki öz məyusluqlarının üstünə sevimli xalanın “əməyinin” hədər olması məyusluğu gəlmişdi. Mehman sevindiyindən uçurdu. Səriyyə həmişəki kimi hadisənin mərkəzində cərəyan etsə də, yenə kənarda dayanmağı üstün tutdu.

Ulduz elə həmin gün yığışıb evinə getdi.
Neçə vaxtda bağçasına düz-əməlli baş çəkə bilməyən Səriyyə gedib ağaclarını, gül kollarını bir-bir yoxladı. Kuzənin çıxarıldığı yerə çatanda təəccübləndi. Neçə vaxtda quyunu doldurmaq yadına düşməmişdi. Əslində, bunu etməyə heç vaxtı da olmamışdı.
Səriyyə indi də pilləkənin altından beli gətirib üz tutdu quyuya. Quyunun yanındakı yarısı yağışla yuyulmuş təpəciyi bellə quyuya atmağa başladı. Quyunu doldura-doldura əvvəlki sakit həyatına dönməyə başladığını hiss etdi.

Birdən yadına neçə vaxtdır düşməyən bir söz gəldi durdu yenə gözlərinin qarşısında. Səriyyə peşmançılıq hissi ilə Ulduzu yadına saldı. Gərək ondan soruşaydı. Ancaq Ulduz ona səsini çıxarmağa imkan vermirdi ki!
İndi yenə də beynini dəlməyə başlayacaqdı.

Rutin… rutin… rutin…

Müəllif: Svetlana Quliyeva

Top