"Mən pəltəyəm"

"Mən pəltəyəm"

Bəxtsiz adamam, hətta doğma kəndimizdə mənə qız vermədilər.
Məcbur olub qonşu kənddən, özümdən on iki yaş böyük qarımış birini aldım.
On ildi evlənsəm də uşağım olmur, deyəsən, bu, yaxınlarımı da narahat etmir:
“Özü nədir, ondan olan nə olacaq”- atam deyinirdi, rəhmətlik anamsa ölən günə kimi həyat yoldaşımı həkimdən çox, pirə- ocağa apardı.
Dünyasını dəyişəndən sonra: “ Canım qurtardı qapılar gəzməkdən”- dedi arvadım, bu yaşda uşaq dünyaya gətirməyin çətinliklərini danışıb əməlli- başlı qorxutmuşdular onu, gec bir zamanda rəngi- ruhu üstünə gəldi.

Hər səhər sübhdən qapılarda işləmək üçün çıxıram.
Allah məndən güc- qüvvə əsirgəməyib, çoxlarının lodanı- bizdə hünəri olmayanları belə çağırırlar- çatmadığı işləri təkbaşına görürəm.
İş yerinə maşınla gedib- gəlirəm. Yuxarıdakı səbəblərdən günəmuzd tanışlarım paxıllığımı çəkir.
Bu, iş təzə- təzə vüsət alanda açığı hamı kimi mən də utanırdım, qohum- tanış qapısında işləməkdən çəkinirdim, “hambal”, “nökər” sözlərini qəbul edə bilmirdim, cırnayırdım.
Zaman keçdikcə ehtiyaclarım, tələbatlarım ödəndikcə, hələ bir daldalayıb dar günümə pul yığdıqca, üstümüzə qoyulan ad da adiləşirdi.

Hətta hər gün günortanı rayon mərkəzindəki bərkgedən yeməkxanalarda yeyən, dünyanın qəliz işlərindən baş çıxaran qonşumuz yekəbaş Bəhlul deyir ki, bizim işimiz özəl şirkətdə işləyənlərlə qəti müqayisə edilməzdir, “ ən azından ordakılar kəbinli arvaddır, icazəsiz ayaqyoluna getməyə cürətləri çatmaz”.
Səhərlər eyni adamla kəndin düz mərkəzində, bələdiyyə binasının qarşısında rastlaşıram, bu, bələdiyyə sədridir, bircə inəyini naxıra qoşmaq üçün gətirir:

- Mənə də iş tapsaydın, Ayif, canım quytayaydı, eyni sifətdəyi göyməkdən,- məni görən kimi başlayır, bilirəm məzələnmir, dərdini bölüşür. Təxminən mənim kimi danışır.- Ömyümüz asfaytda keçdi, bu boyda binamız oya- oya oyda otuya biymədik,- tam ağarmış saçlarından kəpəklər çiyinlərinə tökülür, gəlib arxasından keçəndə piylənmiş, qat- qat peysərinə işarə edib tam ciddiliklə:

- Boynunun yoğunnuğuna güyənmə, qaynın qasığa dəyiy,- deyirəm. Ürəkdən gülür, pencəyinin düymələrinə sığmayan şişman qarnı tərpənir.- Bu seçki işin fıyıxdı, o qədəy minnətçi sayasan... Amma əyitsən, baxayıq...

- Kəndin xeyiy- şəyi axıyımıza çıxdı, getməsən də oymuy, bizim adamyay sino gediy böyükyəyi yemyəməkdən... - Müştəri məni götürüb aparır, onun mağmın baxışları maşın irəlidəki döngədə itənədək gözlərim önündən getmir.

Bələdiyyə sədrini artıq çoxdan dağılmış kolxozun zəhmət əlili çolaq Murtuz mənim gözlərim qarşısında dörd yol ayrıcında vurmuşdu.

Zərbə necə qüvvətli idisə, başındakı norka papaq kənara uçub mal tırığının üstünə düşmüşdü.

Sədr cınqırını çıxartmadan əli yumruq dəyən üzündə çönüb düz evinə yollanmışdı, mən də tənbəllik eləməyib tırıqlı papağı götürüb xanımına çatdırmışdım.

O vaxtdan sədrin başında norka papağını görən olmamışdı, amma çolaq Murtuz işləməyinə “ dobro” vermişdi: “ İndi get işlə, yetim qurumsaq, ancaq qudurma, bil ki, özxoşuna deyilsən, səni bura qoyan var!”

Son vaxtlar kürəkəni olduğum kənddə işləyirəm.

Usta yaxud ev yiyəsi ilə razılığımız olanda gecə yarısına kimi qalıb işləyirik, təki pul çıxsın, hərdən yatmağı da ora salırıq. Bu kənd bəlkə də dünyanın ən bəhskar, hampabaz kəndərindən biridir.

Kimsə həyətində nədəsə xırda yenilik etməyə peşmandı, əlbəəl bəhsə girib suvağı qurumamış tikilini sökdürüb həmən cürə yenilədəcəklər.

Odur ki, dünya alt- üst olmasa, burda tikinti işləri qurtarmaz. Uşaqlı- böyüklü rusiyətdədilər, çoxu da canınını qürbətdə tapşırır.

Məndən xoşu gəlməyən, yeri gəldi- gəlmədi arxamca söylənən qonşum yekəbaş Bəhluldu. Guya deyirmiş ki, gecəm- gündüzüm yoxdur,

Həmədan eşşəyi kimi işdən başım ayrılmır. Gözlərimi açıb ətrafıma, qonum- qonşuya da baxmıram, nə var, nə yox eləmirəm.

Axı biz qonşular, öləndə bir- birimizin çiynində gedəcəyik, sən demə o dünyada da necə insan olduğunu birinci qonşudan sorğu- sual edəcəklər.

Əvvəllər işdə mənə araq verərdilər, içən olmadığımdan bir neçə dəfə ona hədiyyə etmişdim, qeybətinə ara vermişdi.

Özümə də dərhal razılıq bildirmişdi: “ Deyəsən, qonşu yavaş- yavaş düzəlir”. Amma bu səxavətin ömrü də uzun sürmədi, çünki bir aradı qapılarda araq vermək söhbəti yığışılıbdı .

Otur- dur elədiyim Qırbı kişiydi, keçən il doxsan iki yaşında dünyasını dəyişdi. Özəlləşdirmədə kolxozun keçmiş gözətçi budkası payına düşmüşdü.

Əslində kəndin qurtaracağında bir otaqdan, çəpərlənmiş balaca həyətdən ibarət palçıq daxmanı adamların götürməməsinin adi səbəbi vardı: demə o vaxtkı mühasib buranı əxlaqsızlıq yuvasına döndərmişdi, müxtəlif yerlərdən pis yola düşmüş qızları gətirib kef edirmiş.

Bir- iki aya hər şeyin dağılacağını hiss edən bu adam ən çox azyaşlı məktəb uşaqlarının qınağına tuş gəlir.

Günorta evnəsindən dərsdən çıxan məktəblilər mühasibin bütün ciddi- cəhdinə baxmayaraq gözətçi budkasının hər iki pərdələnmiş balaca pəncərələrini dövrəyə alırdılar.

Adını da öz aralarında “seks budkası” qoymuşdular.

Xatirimdədir, balaca olanda üstüaçıq yay klubunda hind filmlərinin nümayişi zamanı bu cür basabas olurdu: biz azyaşlılar qıraqdakı hündür tut ağacına dırmaşıb ordan filmə tamaşa etməli olurduq...

Qırbı kişinin çox az adam dəqiq adını bilirdi, iranlı olmağını isə bilməyən yoxdu, çünki kənd camaatı onu bu aqdla çağırırdı.

Boş vaxtım olmasa da, mütləq həftədə bir neçə dəfə axşamlar ona baş çəkirdim.

Ona görə yox ki, baxımsız kasıb budkasını mənə vəsiyyət etmişdi; baxanı yoxdu, arvadı sağ olsa da, uzun müddətdi danışmırdılar, ayrıca yaşayırdı.

Hər iki oğlu xaricdə olurdu, yeganə qızı isə uzaq qonşu rayonda dağ kəndində ərdə idi, kasıbçılıqdan gəl- geti seyrəkdi.

Danışdıqlarından yadımda qalanı odur ki, Qırbı kişi keçən əsrin əllinci illərində İranın Həmədan şəhərindən bura gələnlərdəndi.

Ordan hərdənbir söz salırdı, danışdıqları bəsit olsa da, maraqlı idi. Özünü o qədər də işə verən deyildi, ömrü boyu müxtəlif idarələrdə gözətçi işləmişdi.

Hər dəfə də söhbətarası Həmədanda olanda şəhərin gur yeməkxanalarının birinin qabağında belə şüarın vurulduğunu məxsusi qabardardı: “ Kim ki, az işləyir, onun p.xu olsun çox işləyənin dədəsinin goruna!”

Dediklərinin başına ip salan yox idi, özü də heç nəyə müdaxilə etməzdi. Ən təəccüblüsü odur ki, öləndə bir xeyli pulu qalmışdı, hamısı da iri əsginaslar idi.

Canını tapşıran günü işə çıxmamışdım, “ günortayacan sənə qonaqdı”- demişdi doktor.

Son nəfəsdə torpaq rəngində olan sifəti işıqlandı, yorğanın altından güllü yaylığa bükülü əmanəti mənə uzatdı, gülümsünüb dedi:” Görürsən, Arif, bu da son. Pullarımı sənə halal edirəm, mənim ehsanatıma çoxdur, qəbrimin üstünə sadə başdaşı qoydurarsan. İtməmək üçün... Sözlərimi unutma, özünə gün ağla. Ömrü boyu əllərin başında, ağlın- cibində olsun!”

Qadınlara qəribə yanaşması vardı; deyirdi, yüz ağ toyuğun ağlı bir qara toyuğun ağlının yüzdə biri qədər olmur, amma qadının ağlı bir ağ toyuğun ağlının yüzdə biri qədər deyil. Kələ- kötür danışığından arvadını da özündən iraq salmışdı, öləndə on nəfərlə dəfn elədik.

Sabah onun vəfatının ildönümüdür. Bu gün günortayacan işləyirəm, qayıdıb mərasimə tədarük görəcəyəm.

Ərzaq üçün rayon mərkəzinə getməyə ehtiyac yoxdu, kəndin böyük marketində hər şey sifariş vermişəm.

Bu işdə təcrübəm xeyli artıb. Adam sarıdan fikir etməyinə dəyməz, camaata yemək ver, yalın ayaqla dağa dırmanar.

Axşamüstü çadırı daşıyıb quranlara ayrıca miz açacağam.

Çadır pulunu da xuddama dünən axşam çatdırmışam, həmin gün on ölü olsa, çadır mənimdir.

Qalır axund məsələsi. Əslində kəndin axundu Məşhəd şəhərinə növbəti ziyarətçi dəstəsi aparıb.

Neynəsin qızları böyüyür, o da, deyəsən, dolanışığın yolunu tapıb. Fikrimdə qonşu rayondan bərkgedən axundu dəvət etmək idi, cib telefonunu da öyrənmişdim.

Əvvəl- əvvəl sözü fırlatdı, amma mən də hələm- hələm əl çəkən deyiləm, duymuşdum səbəbini...

- Maşın kiyəsini də veyəcəyəm, nayahat oyma,- dedim.

- Gəlmək problem deyil, oğlum, sənin böyüyünlə bir danışsaydım,- Levitanın
səsi kimi əzəmətli səsi qulaqlarımda cingildəyirdi.

- Mən elə siznən yaş- daş oyayam, biy məcyisdə göymüşəm. Ayzum oyub ki, bu dünya adamının, vəfayı dostumun iy məyasiminə sizi dəvət edim, gözəy apayıysız, haqq- hesabı da biyiyəm...

- Onda, bir halda ki, hər şeyi bilirsən, söhbəti uzatmayaq, dediyin vədədə ordayam.
Səhər saat ondan kəndin ziyalısından tutmuş qara camaatına qədər çadıra axırdı. Qonşu kənddən gələnlər də çoxdu.

Mizlərin üstünə cürbəcür konfetlər, müxtəlif şirniyyatlar, halva yuxa, İran xurması düzülmüşdü.

Alma, banan, narıngi, limon ən gözütoxları iştaha salırdı. Sehrli səsi, hikmətli danışığı ilə hamını asanlıqla ram edən axund da sözləşdiyimiz vaxtda gəlib çıxdı.

Məclisin ortasında, bölgənin qazisi, məşhur gənc mərsiyəxanla içəri təşrif gətirdi. Çadırdakılar dik ayağa qalxdılar.

Hörmətli qonaqlar məxsusi olaraq axundla görüşdülər, hal- əhval tutdular. Bundan sonra qeyri- adi səsli axund məclisi idarə etməkdə davam etdi.

Yanımda əyləşən kəndin üçüncü dərəcəli mollası sallaq dodaqlarını qulağıma yaxınlaşdırıb yavaşdan soruşdu:

- Ayif, sən bu yekələri məxsusi dəvət etmişdin?

- Etməmişdim.

- İkisi də yüzlükdür, bilirsən də?

- Qoy oysun! - mənim inamlı danışığımdan ruhlanıb yuxarıda oturanlara çönüb irişərək başını razılıqla tərpətdi.

Oturanları asanlıqla sükuta qərq edən axund cınqırı çıxanları da lal etməkdən ötrü hərdən bir, sözünə ara verib, çadırı sonuna qədər iti nəzərlərlə süzüb soruşurdu:

- Səsimi sizlərə çatdıra bilirəmmi?

- Çatır, çatır...- yer- yerdən dillənirdilər.

- Əlavə səslər, yəqin bayırda olanlarındır, zəhmət olmasa, onlara deyin ki, mane olmasınlar, əks halda söhbətimi kəsəcəyəm, qoy həmən adam dayandığım yerdən davam eləsin.

Halal olsun aldığı pul belə ruhaniyə, özgə vaxtı dil- boğaza qoymayan adamlar lal- kar diqqət kəsilmişdilər, yoxsa özümüzünkülərin məclisində ağız deyəni qulaq eşitmir: siyasətdən, ot biçinindən, kombayn təmirindən hər növ xəbərlər çadırı dolaşır, ölü də yaddan çıxır.

Amma namxuda, ağızları işləyir, mizdəkilər yavaş- yavaş əriyir. Qoy yesinlər, necə deyərlər, Allah səbəb salsın, dərəceyi- məqbula çatdırsın! Ruhu şad olsun, rəhmətlik özü belə istəmişdi.

Axund adamların çoxluğunu və maraqlı baxışlarını nəzərə alıb başladığı uzun hədisi yekunlaşdırmağa hazırlaşırdı:

- Allahı and verək öz izzəti- cəlalı xatirinə bizləri ağıla gələn və ağıla gəlməyən bəlalardan hifz eləsin, bu mərhum qardaşımızı qəriqi- rəhmət, fazili- cənnət eləsin... Amin!..

Sonra mikrofonu gənc rozaxana uzatdı, o da üz bacarığını nümayiş etdirdi, oturanları əməlli- başlı ağlatdı.

Bu arada qadın mollası da susmuşdu, kənd arvadları yəqin mərsiyəxanın təsirli, insanı riqqətə gətirən səsinə qulaq kəsilmişdilər.

Quran tapşırılandan sonra yemək verildi. Böyrümdə oturan yekəbaş Bəhlul mənə tərəf əyildi ki, yadıma salarsan, dağılışanda sənə sözüm olacaq.

Adam çox olduğundan qəbiristanlığa piyada getməli olduq. Burda da yasin tapşırıldı, sonra gənc rozaxan qalın kitabçasını yenidən açıb yanıqlı səslə mərhumu oxşadı, hamını qəmgin etdi.
Qəbiristanlıqdan qayıdan kimi gülab paylandı, fatihə verildi, bununla məclis xətm olundu.
Rozaxan bölgənin qazisi ilə təzə bahalı maşına oturdular, əlbəttə, yüyürüb hər birinin cibinə şax yüzlük saldım.
Qonaq axundu da danışdığımız kimi maşınla ötürdüm. Elə bil üstümdən ağır yük götürüldü. İnsafən,
Qırbı kişi doxsan iki il keşməkeşli ömür sürsə də bir şey bilirmiş, güllü yaylığa bükülü əmanət işləri məharətlə yoluna qoyurdu.
Artıq hamı dağılmışdı, bircə çadırı söküb daşıyacaq cavanlar küncdə çay içərək mənim göstərişimi gözləyirdilər.
Yarıyolda ayaq saxlayıb qayıdan qonşum yekəbaş Bəhlul siqaret qutusunun ağzını açıb məni işarə ilə yanına çağırdı:

- Ayif, demişdim axı, sənə sözüm olacaq, zəhmət olmasa bəri dur görüm.- Mən iti addımlarla onun yanına gəldim. Damağına təzə qoyduğu siqareti ancaq üçüncü cəhddən yandıra bildi.

Həmişəki kimi yenə şalvarının qabağı islanmışdı. Bu, adam özü boynuna alır ki, kim nə deyir- desin, yetmişdən sonra aləm qarışır bir- birinə, yaşlaşdıqca oğul- qız sözünə baxmadığı kimi orqanlar da dayanıqlığını itirir.

Nədənsə, onun üç il öncə xuddamlığa məcbur edilməyi yadıma düşdü.

O zaman on beş gün içməyinə ara verən qonşum məsciddə, camaatın içində axundu biabır elədi ki, bəs sən mənim qəsdimə durubsan.

Deməyəsən, qısa xuddamlıq dövründə içkini atan kimi beş- altı xəstəlik üstünə hücum çəkib, hətta iki gecəymiş vəziyyəti xarablaşıbmış. Odur ki, xuddamlığı tələm- tələsik təhvil verməli oldu.

- Eşidiyəm, Bəhyuy əmi,- dedim. Qoluma girdi, məni çadırın içinə çəkdi.
- Bilirsən də mən Abasın oğluyam, atama torpaqyeyən Abas deyərdilər... Qonşu kənddə olurduq, ali təhsili başa vurandan sonra bu kəndə təyinat alıb işləməyə gələndə anamı da gətirdim, ev, həyət qaldı dədəm rəhmətliyə. Yaşlaşdıqca yola getmirdilər ... Deyilənə görə kişinin yaxşı pulu vardı, bəziləri deyir basdırdı yerə, heç kəsə bildirmədi, amma otur- dur etdiyi adamlar dalından keçdi deyənlər də az olmadı. Vəlvələdən, ya zəlzələdən... Öləndə mən xaricdə dincəlirdim, xəbərdar etsələr də, açığı hüzürə gələ bilmədim. Yası yiyəsiz, soyuq keçdi... İndi özümün beş oğlum var, hamısı da rusiyətdədir. Bu, qurumsaqlar ordan gələn deyillər. Bəlkə də eşidibsən, növbə ilə evi hər birinə təklif elədim, dedim yurduma yiyəlik etsinlər, amma gördüm yoox, bunlardan adam olmayacaq. Odur ki, çox- götür- qoy etmişəm... Qorxuram dədəmin yaşadığı aqibət öz başıma gələ... Mən ilin böyük hissəsini tənha oluram. Qısası, evimi sənə vəsiyyət edirəm, Ayif. İnanmasan, şübhən- zadın olsa, ağsaqqal- qarasaqqal yanında qurana əl basa bilərəm. Mənə də sahib çıxıb, yerdən götürərsən,- o getdikcə danışmağa çətinlik çəkirdi, kövrəlmişdi.

Mən də nə cavab verəcəyimi bilmirdim. Yaxşı ki, sözünü bitirən kimi geri qayıtdı, çadırdan çıxıb kənd yoluna düzəldi.
Düzü, qeyri- ciddi adam hesab etdiyim yekəbaş Bəhlulun sözlərindən nədənsə içimdən qəfil hönkürmək keçdi.
Amma çadırı sökdürməzdən əvvəl toxdadım və qəti qərara gəldim ki, qonşumla ayıq vaxtı, bu əsnada əməlli- başlı söhbət edim.

Müəllif: Aliq Nağıoğlu
Top