Zamin Hacı

Zamin Hacı

Yeni Müsavat qəzetində gündəlik köşə yazıları ilə tanınan Zamin Hacının şeirləri

Mazoxist

istəyirəm
dişim ağrısın
istəyirəm başımı yarsın polis
icazəsiz mitinqdə
qan alnımdan axıb
ağzıma dolsun
deyirlər dəmir dadı verir insan qanı
çox maraqlı olar bu qan dövranını
güzgüdə seyr etmək
avtomobil pəncərəsi də işə yarayar

istəyirəm
avtomobillə toqquşum
uçuş zərbədən başlayanda
rəqəmlər yaddan çıxır
o cümlədən səni vuran
avtomobilin nömrəsi

savaşa gedəm gərək
güllələrin deşik açdığı bədənimdən
zamanı süzsünlər tibb bacıları
həkimlər baxmasın mənə
"səndən daha ağır yaralılar var" desinlər
ancaq bu yalan olsun

hörümçək çıxsın
ayaqqabımın içindən
ilan çalsın ayağımı
məzəli görünür topuqda
ilan dişlərinin iki nöqtəsi
sanki bundan sonra
nəyinsə cavabı gələcək

belə istəyirəm belə
ölüm əzabla

Nəsimi

mən bir atom zərrəsiyəm
görə bilməz
anlaya
sevə bilməzsən
hirsimdən partlayaram
qəbrim üstə
göbələk bitər

mən bir aorta damarıyam
qan keçər məndən
qan keçər
milyon milyon güllə atsan
yan keçər məndən
yan keçər

mən internet klubların
aynalı qapısıyam
kainatın dibi
kometaların pasıyam
kirayə evin küncündəki
hörümçək toruyam

mən ağac qabığı
qabığın altındakı qurd
qurdu yeyən ağacdələn
quşatanla o ağacdələni öldürən
fırtıqlı kənd uşağı
həm də o uşağın
atası babası yeddi arxadan dönəninyəm

mən dünənəm
keçmişəm artıq

mən bu şeri yazan qələməm
gecəyarısı
vərəqlərin xışıltısına gəlir
qaranlığın ac canavarları
məni yeyib
sümüklərim üstünə qoyarlar
pəncərəmdəki çiçəkləri

mən hirsindən oyulan
motal pendiriyəm

Bakıda
Nizami küçəsində
Nəsiminin heykəlinin yanında
100 il qabaq yəni indi
gitarada
osmanlı qızı Nazan Öncəlin
"Getmə, qal bu şəhərdə" nəğməsini
öz girdirmə ləhcəsiylə oxuyur
rus balası Fedya

məndə sığır iki cahan
bəlkə elə Nəsimiyəm?

Qara sabah

Çaylar axıb qurtardılar,
Ulduzlarsa hələ axır.
Mənim gözlərim kor olsun,
Bəs Allah hara baxır?!

Çırpılıb şamın oduna
Yandı son pərvanə də.
İnildədi sümüklərim
Çürümüş sərdabədə.

Başlandı soyuq küləklər,
Ulduzlar ah çəkdilər.
Mələklər göyün üzünə
Qara sabah çəkdilər.

Top