Bayaq evdə darıxdım.
Aşağı düşüb bir taksiyə oturdum.
Üstümdə pul çox az idi, cəmi 4 manat.
Düşünürdüm ki, elektron kartımdan çıxardaram.
"Azadlıq" metrosunun yanına gedib bir az gəzmək, kiçik kafelərə girib söhbətləşmək, söhbətlərə qulaq asmaq istəyirdim.
Bu cür kafelər məni həmişə dincəldir.
Həmişə pul çıxartdığım bankomat kartı tanımadı.
Avtomatdı da, ona nə başa salmaq olardı ki.
Pulun da bir manatına siqaret almışdım, iki manatını da taksiyə vermişdim.
Qala bir manatla da nə kafedə oturmaq olardı, nə də geri qayıtmaq.
Bu qarda avtobus da yox idi axı, olsaydı həmişə avtobusla gəldiyim yolu taksiylə niyə gəlirdim ki.
Dadaşov küçəsi ilə başladım gəzməyə...
Qabağıma bir bankomat çıxdı.
Kartı saldım, götürmədi.
Başqa bir bankomatın da üstünə çıxdım.
Bu bankomat elektrik buraxırdı.
Cərəyanı qəbul edə-edə kartı saldım, ondan da bir şey çıxmadı.
Başladım qarda yoluma davam etməyə.
Bakı Şəhər Təhsil İdarəsinə çatırdım artıq.
Uzaqdan bir bina gördüm.
"Kapital Bank Şuşa şöbəsi"...
Qar hər yeri aydınlatmışdı, sanki yuxuda hiss edirdim özümü və Şuşa sözünü o bəyazlıqda görəndə anladım ki, yuxunun ən şirin yerindəyəm.
Bina vardısa bankomat da olmalıydı, üstəlik mənim kartımın bankıydı.
Bankomatın düymələri elə isti idi ki...
Kartı saldım və pulu çıxartdım.
Yolu qayıtdım və kiçik bir kafeyə girdim.
Orda işləyənlər də çox doğma göründülər mənə...
Müəllif: Qan Turalı