Dua-cadu

Dua-cadu

Divanda arabir öz xorultusuna ayılır, arvadının hələ də televizora baxdığını görüb təzədən mürgüləyirdi. Növbəti dəfədə daha dözmədi:
- Ay arvad, acı bağırsaq kimi nə çox uzandı sənin bu verilişin? Bağla, dur yataq də, gecə keçdi axı.
- Sən allah, bir az da səbrini bas, axırıdı, indicə qurtarır.
- Sən də elə o telekanalların günündəsən, – bərkdən əsnədi. – Sözdə yalandan cin-şeytana, cadugərə, falabaxana, ekstrasensə, nə bilim, parapsixoloqa inanmamağa çağırır, hamısının fırıldaqçı, şarlatan olduğunu söyləyirlər. Amma əməldə onları bu kanal sənin, o kanal mənim, deyib, bir-birinə ötürə-ötürə reklam edir, məşhurlaşdırır, camaata sırıyırlar.
- Haqlısan, – arvadı razılaşdı. – Doğrudan, elə bil qəsdləri yatanları, bilməyənləri də oyatmaq, işə-başa salmaq, beyinlərini doldurmaq, yoldan çıxartmaqdı. Bilmirsən hökumət hara baxır?..
- Kim nə deyir, desin, telekanallardan şübhələnməyə başlamışam, arvad. Deyəsən, bunlar cin-şeytançılar, cadugərlər, falabaxanlarla əlbirdilər. Necə deyərlər, əl əli yuyar, əl də qayıdıb üzü, oynunu oynayırlar.
- Niyə də oynamasınlar? Ən asan, mayasız-məskənsiz gəlir gətirən bir biznesdi də.
- Hər iki tərəfin qazancı da nə az, nə çox, ikiqatdı! Həm reytinqləri qalxır, həm də dasqıları.
- İtirən bizik, camaatdı. Görürlər dərə xəlvət, tülkü bəydi, aldathaaldatdı cadugərlər, falabaxanlar yağışdan sonra çıxan göbələk kimi artır. Millətimiz də ona nisbət günü-gündən geri, cahiliyyata qayıdır. Arvadların hansını dindirirsən, onlardan danışır. Yalandan, inanmırıq, deyib, axşamacan qapılarını sayırlar. Vallah, daha mənim də canıma vicvicə dolub. Bunlar haqqında gündəlik nə qədər çox eşidirəmsə, o qədər çox qorxuram.
- Niyə, ay arvad?
- Gözü götürməyən, paxıllığımızı çəkən azdı? Bir də gördün ağlına verdi, biri götürüb dua-cadu elətdirdi, bəd cinlərdən birini evimizə göndərtdi, bəxtimizi bağlatdırdı. Məcburuq düşək qapı-qapı daha güclü falçı, cin-şeytançı axtaraq, ətək-ətək pul-para tökək, yazılan, elənən dua-cadunu geri oxutduraq, bəd cinləri ev-eşiyimizdən qovduraq…
- Ay arvad, kimdi paxıllığımızı çəkən? Kimə neynəmişik?
- Uzağa getmə, biri elə gözümüzün qabağındadı, qonşumuzun arvadı…
- Hansı, az?..
- Əri dünən səndən borc pul almağa gəlmişdi, əliboş qaytardın… Arvadı gündə cadugərdə, falabaxandadı. İşi-peşəsi ona-buna dua-cadu yazdırmaqdı.
- Ay arvad, yaxşısı budu, bu cür verilişlərə az bax, reytinq xəstələri axırda səni də yoluxduracaqlar, – çəkələklərini ayağına keçirib bayıra çıxdı.
- Təzədən? Yoluxmuşun nəyini yoluxduracaqlar?..
Həyət-bacalıq işini görüb qayıdanda arvadı televizoru söndürmüşdü. Yır-yığışla məşğuldu. Qapının dabanında qaynaşan sarımtıl, xırdaca qarışqaları görüb dayandı.
- Qardaşın qarışqa dərmanı gətirəsiydi, nooldu?
- Gecdi, gərək sabah cib telefonuna zəng vuram, bir də yadına salam. Huşu-başı qalmayıb heç.
Kim nə əlac deyirdi, eləyirdilər, amma yazağzı evdən qarışqanın ayağını kəsə bilmirdilər. Bir gün mətbəxdə, o biri gün başqa bir ağıla gəlməyən yerdə peyda olurdu. Qardaşı demişdi ki, “siçan-pişik” idarəsində bir dostu var, məxsusi reseptlə qarışqa dərmanı hazırlayır, alıb gətirəcək. Yalançı sözü, ayı tamam olmuşdu, dərmandan hələ xəbər-ətər yoxdu…

***

Yuxudan oyansa da yerinin içində eşələnir, qalxmağa ərinirdi.
- Ə, dur gör bu işıq niyə belə eləyir? – Arvadı mətbəxdən səsləndi.
- Neyniyir axı?.. – Paltarını geyinə-geyinə soruşdu.
- Nə bilim, göz vura-vura gah yanır, gah sönür. Qorxuram lampuçka partlaya, pajar-zad ola.
Qapının yanındakı düyməni basıb işığı yoxladı, deyilən kimiydi. İşıqları evin arxasından çəkilmişdi. Hər ehtimala qarşı pəncərədən boylanıb elektrik xətlərini gözdən keçirdi. Bir-birinə dolaşmışdı. Gecəki küləyin işiydi.
İşıq idarəsinə zəng vurdu. Növbətçi dedi ki, mantiyor göndərərlər, gəlib düzəldər.
- Yeməyə çörəyimiz yoxdu ha, axşam ərindin gedib almağa, tərpən gör hardan tapırsan. Bir azdan uşaqlar da durub istəyəcəklər.
- Maşının açarı hanı? Bu saat təzə-təzə alıb gətirəcəyəm.
Açarı çox axtardılar. Axırda yeddi yaşlı oğlunun çarpayısının yanından tapdılar. Maşın, açar ölüsüydü. O yeri qalmırdı qurtdalamasın. Gecəni açar əlində yatırdı.
Darvazanı açmamış matoru qızdırmaq istədi. Amma tərslikdən açarı nə qədər burdusa, maşın asqırıb-öskürsə də işə düşmədi. “Kapotu” qaldırdı, matorxanada ora-bura əl atdı, qayıdıb açarı təzədən burdu, yenə bir şey çıxmadı.
- Nooldu, xoddanmadı? – Arvadı onun hələ də maşınla əlləşdiyini görüb soruşdu.
- Nəsə tərsliyi tutub yenə.
- Darvazanın başından sallanan nədi, ə? – Arvadı birdən gördü.
Geri döndü. Əlini əskiyə silə-silə darvazaya tərəf addımladı. Altdan yuxarı boylandı.
- Çirkli, salafan torbadı, içində də balaca, qəribə bir kapron butulka. Butulka boğazınacan süd kimi ağ bir şeylə doludu. Torbada özgə nə olduğu yaxşı seçilmir. Ağzı paslı, qara məftillə bağlıdı. Məftilin o biri ucu qarmaq kimi darvazanın başına keçirilib…
Əlini torbaya uzadanda arvadı çığırdı:
- Toxunma, içində ilan-zad olar.
İstər-istəməz ehtiyatlandı. Qayıdıb pilləkənin yanında divara söykəli beli qapdı. Bellə salafan torbanı aşağı saldı. Torba məftilli-zadlı yerə dəyib ona sarı aşanda geri sıçradı. Arvadı qaçıb lap kənarda dayandı.
Torbanı bir də diqqətlə gözdən keçirdi.
- İlan-zad yoxdu, – arvadına dedi, – elə bircə butulkadı. Butulkadakı da, deyəsən, mayedi süd kimi.
- Aydındı, – arvadı müdrikanə dedi, – qonşunun işidi. Ərinə pul borc vermədin, o da gedib dua-cadu elətdirdi.
- Bəlkə lapatka ilə vurum dağıdım görüm nədi?
- Ə, sən nə danışırsan? – Arvadı qoymadı. – Bəlkə bombadı, partladı? Ya da gözünə süd kimi görünən maye elə cin-şeytandı, o şəkildə salıblar butulkaya? Dağıdarsan, həyət-bacayla bir olar, ev-eşiyə dolar…
Arvadı artıq qorxudan tir-tir əsir, özünə yer tapa bilmirdi. Başında cürbəcür qara-qura fikirlər dolaşırdı. Birdən içəri keçib qapı-pəncərələri bərk-bərk basdırdı. Anasıgilə zəng vurdu, yaxınlıqda yaşayırdılar.
- Qonşu arvad bizə dua-cadu elətdirib, ana. Kapron butulkaya cin-şeytan doldurtdurub, onu da sarafan torbaya qoyub darvazamızdan asıb.
- Ay qızım, bəlkə heç qonşuluq deyil, külək-mülək gətirib keçirib darvazanıza?..
- Küləkdisə bəs səhərin gözü açılandan niyə bəddikdəyik? Gah işığımız göz vura-vura yanıb-sönür, gah maşınımız xoddanmır… Bax gör, birdən gətirib sizin də qapıdan nəsə asar canı yanmış?
- Bizim qapıyla nə işi, ay bala? – İstər-istəməz anası da küyükdü.
- Nə bilim, mənə görə də, anam deyilsən?..
- Hə, qoy bir baxım, – anası qapıya baxıb qayıtdı. – Heç nə yoxdu.
- Yəqin hələ siz yadına düşməmisiniz.
- Bəs ərin nə deyir?
- Nə deyəcək, çaşıb qalıb həyətdə, bilmir neynəsin.
- Niyə çaşır, polis çağırsın, it gətirtsin. Qonşu-qonumda kimdən şübhələnirsinizsə, həyət-bacasını iylətdirin, əl izlərini götüzdürün. İt iyləyib-çüyləyib tapacaq hər kimdi…

***

Nə fikirləşdi-nə fikirləşmədisə darvazanın bala qapısını açdı. Borc pul istəyən qonşusunu çağırdı. Təxminən, yaşdaşdılar. Torbanı göstərib dedi ki, qonşu, kimsə gecəynən darvazamızdan asıb. Arvadıma görə, dua-cadudu. Bəs sən nə fikirdəsən?..
Qonşusu suçlu adam kimi torbaya tərs-tərs baxa-baxa bir o tərəfinə keçdi, bir bu tərəfinə keçdi, anlaşılmaz şəkildə başını bulayıb:
- Xatalı şeyə oxşayır, – dedi.
- Deyirsən yəni, küçəyə çıxartsam yaxşıdı? – Bellə yavaşca torbanı tərpətdi.
- Nə bilim, vallah, – ayağını qaçaraq qoyan qonşusu düz-əməlli bir cavab vermədi.
Darvazanı taybatay açdı. Torbanı ehtiyatla itələyə-itələyə bayıra çıxartdı.
- Bir az o tərəfə elə, – qonşusu qapısına yaxın düşdüyünü görüb, deyəsən, qorxdu.
Başı torbaya qarışdı, bir də baxdı ki, qonşusu dinməzcə əkilib. Daha burda özgə söhbət ola bilməzdi, kor-kor, gör-gördü, arvadı haqlıydı. Hər nədisə, şətəl qonşudan keçmişdi. İstədi dalınca getsin.
- Ə, bir dayan, – eyvanda görünən arvadı üzünü qonşu tərəfə tutub səsini qaldırdı. – Təcili polis çağırmaq lazımdı. Qoy it də gətirsinlər. Öz də o nemesski avçarkadı-nədi, onnan!..
- Az, ayıbdı, polisi neynirik? Özümüz…
ıQəfildən gözü maşının “qluşitelinə” tıxanan oyuncağa sataşdı, yəqin oğlunun işiydi.
- Beləsini dama basdırmasan…
Arvadı da sözünü tamamlaya bilmədi. Özünü dağıdan telefonun səsini eşidib içəri cumdu. Təzədən geri qayıdanda rəngi-ruhu tamam dəyişmişdi. Heç elə bil bayaqkı adam deyildi.
- Az, kimdi?..
- Kim olacaq, qardaşım saqqalı ağarmış.
- Nə deyirdi?
- Deyir, səhər-səhər sizə qarışqa dərmanı gətirmişdim…
- Nəə?.. Demək…
- Durquzmağa qıymayıb. Yerdən tapdığı salafan torbaya qoyub qapımızdan asıb…

Müəllif: Eyvaz Zeynalov

Top