"Div ürəyi"

"Div ürəyi"

Biri vardı, biri yoxdu, əhalisi divlərdən ibarət böyük bir məmləkət vardı. Bu məmləkətin bütün divləri bir-birinə oxşayırdı; eyni görkəmdə, eyni xasiyyətdə. Divlərin qəribə bir adətləri vardı, balaları bir az böyüyüb ağıllanan kimi yığışıb əcaib bir mərasim keçirərdilər; balaca divin bağırtısına fikir vermədən ürəyini çıxarıb qoyardılar bir şüşəyə və həmin andan da artıq xasiyyətdə də onlara bənzəyən yeni bir div – divlər cərgəsinə qoşulardı. Şüşə sındırılmayana qədər bu divlərə ölüm yox idi.

Bu məmləkətdə heç kəs heç kəsi ürəkdən sevməzdi. Birinin ayağına dəyən daş o birinin ürəyinə ağrı verməzdi. Heç kəsin heç kəsə ürəyi yanmazdı.
Heç kəs heç kəsə ürək qızdırmazdı, ona görə də ürəyini açmazdı. Heç kəs ürəklənib qəhrəmanlıq göstərməzdi. Kimsənin  ürəyi yaralı deyildi, ürəyinə dağ çəkilmiş bir div belə yox idi.

Bu divlər ürəkdən gülüb ürəkdən ağlamazdılar.  Heç kəs ürəyində danışmazdı, hamı fikirləşərdi.
Heç kəsin ürəyi heç kəsi tutmazdı; bu üzdən də çox nadir hallarda evlənmələr olardı – ürəksiz.
Bu divlərin ürəkləri heç vaxt ağrımazdı, ona görə də infarkt sözünü eşitməmişdilər. Onlar ürəklərini gücə salmazdılar, ona görə çox güclü idilər. Onların heç nə üçün ürəkləri getməzdi, onlar üçün əvəzedilməz heç nə yox idi.

İçərilərində nə ürəyi düz olan var idi, nə də ki, ürəyi xain. Onların ürəklərinin götürmədiyi heç nə yox idi, hər şeyi qəbul edərdilər. Onların ürəyi bulanmazdı, hər şeyi yeyerdilər. Onların ürəyi döyünməzdi, daha çox daşa bənzərdi.

Bir dəfə necə oldusa balaca bir divin böyüməsindən illərlə bir-birindən xəbərsiz qalan valideyn divlərin xəbəri olmadı və bu div ürəyi ilə birgə böyüməyə başladı.

Ürəksizlər içində yaşayan ürəkli div elə bil cəhənnəmdə idi.

– Axı ürək bizim nəyimizə lazımdır? O, bizə mane olardı. Orqanların ən gərəksizi ürəkdir. Ona görə biz onu özümüzdən kənarlaşdırırıq. Ürəklə yaşamaq özündə ölüm gəzdirməkdir. Ürəyimizi özümüzlə gəzdirmirik, ona görə də ölmürük. Sakit, həyəcansız, laqeyd, ağıllı, rahat bir ömür sürürük. Məqsəd budur. Divlər onu başa salmağa çalışırdılar.

Ürəkli divin o anda az qalırdı ürəyi ağzına gəlsin, ürəyinin qanı vururdu beyninə. Çığıra-çığıra soruşurdu:
– Axı ürəksiz yaşamaq da ölü kimi yaşamaqdır! Siz yaşamırsınız, mövcud olursunuz! Həm də əgər ürək belə gərəksizdirsə, niyə ürəyinizdən ölürsünüz?

Divlər əvvəl bu sualı mənasız adlandırıb uzun-uzun çərənləyirdilər. Son nəticədə də heç biri ona cavab verməzdi.

Ürəkli divi heç kəs duymurdu, lakin ona qulaq asar, onu anladıqlarını bildirərdilər, sonra gülümsəyərək laqeyd-laqeyd hərə gedərdi öz işinin dalınca. Div də qalardı ürəyi partlaya-partlaya. O, divləri ürəkdən sevirdi, ona görə də onlara ürəkdən nifrət edirdi. Div dərdləri ilə birgə böyüyə-böyüyə sürətlə qocalmağa başladı. Əvvəllər onu dinləyənlər qısa müddətli təəccüblənirdilər, indi daha onu görənlər o cür təəccüblənirdilər: divlər ölkəsində ondan başqa qocalan yox idi.

Ürəkli div axırda o qədər qəzəbləndi ki, bütün divlərin şüşələrini sındırmaq qərarına gəldi. Lakin elə yoldaca ürəyi yumşaldı, elə peşman oldu ki, yazıq, hönkür-hönkür ürəkdən ağlamağa başladı. Ağlaya-ağlaya divin ürəyi partlayıb öldü.

Divlər bir neçə gün sonra ürəkli divin ölümündən xəbər tutdular. Xeyli fikirləşib yüngülvari qəmlənmək qərarına gəldilər. Və yenidən rahat, şad-xürrəm yaşamağa başladılar.

[email protected]

Top