Raul dostumdur, kəndli balasıdır, 25 yaşı var, yaşına görə dünyagörmüş adamdır. Əsl dostdur, yeyib-içən oğlandır, hesabı da həmişə özü verir. Amma içməkdə həddini bilir, 300 qramdan sonra deyir “stop.” Nə qədər dilə tutsalar da xeyri yoxdur, 300 qramdan artıq içməyəcək. Raul inqilabçılara, ümumiyyətlə mübariz adamlara, xüsusilə Babəkə, Robespyerə, Leninə hörməti var, amma onun mübarizə meydanı qızbazlıqdır, bu məsələdə o hədd deyilən şeyin nə olduğunu bilmir, etiraf da edir: “Nə vaxtsa mütləq zibilə düşücəm. Başıma nə müsibət gəlsə qızlardan gələcək”.
Yayda, gecələr imtahanlar arası vaxt tapıb qız ovuna çıxırdıq. Elə olurdu əlimizə bir şey keçmirdi. Elə də olurdu ikisini tapırdıq, hələ dəyiş-düyüş də edirdik. Raul bəzən birini tapanda, mən yaddan çıxırdım, gecə məni küçədə qoyur, taksi tutub tanış olduğu, qiymətini danışdığı qızı götürüb kirayələdiyi mənzilə aparırdı. Elə də olurdu bizi güclü söyüşlərlə qovurdular. Onda Raul qərar verirdi: “Nemedlenno Arlekinoya getməliyik”. Arlekino yaxınlıqdakı tələbələrin səhərə qədər rəqs etdikəri diskoteka idi. Ora gedib ən azından rəqs edə-edə öpüşməyə qız tapırdıq.
Mən yataqxanada ikinci mərtəbədə olurdum. Qonşu otaqda isə Milena, onun rəfiqəsi Helena adlı çex tələbə qızlar qalırdı. Şən, qonaqpərvər, deyib-gülən, həm də müsbət auralı qızlar idilər. Milena hündürboylu, səliqəsiz, zövqsüz geyinən, çox vaxt daranılmayan uzun saçları, kobud yerişli, gündə bir qutu tünd siqaret çəkən, amma sifət cizgiləri cazibədar olan qız idi. Səliqə ilə geyinsəydi, saçlarını darasaydı, bir az da seksual yerişli olsaydı, heç olmasa qadınlar üçün nazik, yüngül qoxulu siqaretlərdən çəksəydi, azca da kosmetikadan istifadə etsəydi, ona ən azı yataqxanamızdakı 3 çeçen, 4 dağıstanlıdan biri tamah salardı.
Milena özü isə dördüncü mərtəbədə yaşayan bir dağıstanlya tamah salmışdı. Tez-tez onu çay içməyə dəvət edir, dəhlizdə görəndə isə mütləq çənəsinin altına salırdı. Amma təmkinli, soyuqqanlı, həm də intim söhbətlərdə qapalı olan dağıstanlı dostumun ona olan münasibətinin əsl məqsədini bir müddət özümçün aydınlaşdıra bilmədim. Bilirdim ki, qıza simpatiyası var, amma tam dəqiqləşdirə bilmirdim ki, simpatiyanın həddi hara qədərdir.
Bir hadisədən sonra bu münasibətlərin seksual tərəfi mənə bəlli oldu: bir dəfə axşam saat 10 radələrində nəyəsə görə dağıstanlının qaldığı otağın qapısını döydüm. Qapını açdı, içəridə stolun arxasında oturan Milenanı gördüm. İşıq sönülü idi, otağı stolun üstündəki yarıya qədər ərimiş şam işıqlandırıdı. Bilsəydim narahat etməzdim bunları. Nəyisə soruşub aşağı düşdüm. 20 dəqiqə keçməmişdi, qapım döyüldü. Gələn dağıstanlı idi.
- Hə, şam deyəsən yandı qurtardı? – gülə-gülə sözü atdım.
- Yox, yanır hələ.
- Onda sən yanıb qurtarıbsan. – başladım sözü oynatmağa.
- Mən hələ indi-indi alışmağa başlamışam.
- Alışmısansa, burda nə gəzirsən?
- Yox, elə mən işlə bağlı gəlmişəm. Dost, çay içməyə bir şeyin var?
Mən artıq zarafat etməkdən ləzzət almağa başlamışdım:
- Çay içdiyiniz bəsdir, yoxsa sönərsiz. Tam yanın qurtarın sonra çay içərsiz?
- Yox, mən ciddi deyirəm.
Əvvəlcə onun məndən doğrudan konfet istədiyini anladım, dolabdan bir ovuc şokolad götürüb ona uzatdım. Şokoladları götürməyib bic-bic gülümsəməyindən başa düşdüm ki, o alleqorik dildə danışır: sonra aydın oldu ki, ona prezervativ lazım imiş. Apteklər, mağazalar bağlı idi. Köpəkoğlunun ehtirası, – necə qızmışdısa, həmişə mənimlə bu mövzuda müəyyən pərdə saxlayan və məndən 12 yaş böyük olan dostum belə bir xahişlə yanıma gəlmişdi. Dedim ki, “Dostum, səni dilxor etməyə məcburam, istədiyin yoxdur məndə, sən Aptinin yanına get. Onda yüz faiz olacaq. Sən ki, onu tanıyırsan”.
Sözün düzü bilmirəm, dağıstanlı dostum çeçen Aptidə istədiyini tapa bildi ya yox. Amma səhəri gün nə qədər yalvarsam da dağıstanlı mənə şam yanıb qurtarandan sonra qızla nə elədiyini danışmadı: əslində o prezervativ tapmasa belə, həmin gecə hər şey məlum sonluqla bitməliydi. Sadəcə ondan söz qopartmaq məndə azart hisslər oyatmışdı. Eləcə də yataqxanada olan başqa dostlarımız onlar arasında nə olduğunu bilmədilər. Həmin gecə təsadüfən qohumlarıgildə gecələyən dağıstanlının otaq yoldaşı Tahirə ertəsi gün mən bu hadisəni tezcə xəbərləyəndə, o öz çarpayısını iyləmişdi, mənə zarafatla demişdi ki, iy hiss etsə yerlisini öldürəcək…
Yaraşıqlı sifət cizgiləri olan toppuş, cazibədar (xüsusilə güləndə şəhvani olurdu) Helenanın fiqurasının pis olması, yöndəmsiz və qeyri-seksual yerişi bu qızın ümumi yaraşıq fonunu pozmurdu. Bir sözlə məni Helena seksuallığı ilə yox, şirinliyi ilə cəlb edirdi. Hə, bir də bu qız ona görə xoşuma gəlirdi ki, ondan, 4-cü mərtəbədə yaşayan çeçen Aptinin dəhşət zəhləsi gedirdi. Çarpayı macəralarından söhbət düşəndə Apti yataqxanada, bir də Pskovda bakirəliyini pozduğu qızlardan, öz çarpayı əhvalatlarından həvəslə, təfsilatı ilə danışmaqdan ləzzət alırdı. Elə ki, söz gəlib çatırdı onun zəhləsi getdiyi Helenadan, Apti sifətini turşudub mənə deyirdi:
- Təsəvvür edə bilməzsən, mən necə ona nifrət edirəm.
Mən həvəslə, sifətimə yalançı təəccüb ifadəsi verərək:
- Niyə Apti? O ki, ziyansız, heç kimə pislik etməyən bir qızdır.
- Niyəsini bilmirəm, sadəcə bu adamı həzm edə bilmirəm. Onunla bizim yataqxanada yaşayan tarakanlar arasında fərq görmürəm.
Apti yataqxanada həmin qızla dəhlizdə ya küçədə acığa salamlaşmırdı. Istiqanlı və emosional olan bu çeçen balası Helenaya öz nifrət hisslərindən ləzzət alırdı. O şüuraltı olaraq hiss edirdi ki, əgər bu qıza qarşı münasibəti hətta daxilən azca belə yaxşılığa doğru dəyişsə, ləzzətli sadizm hisslərindən məhrum olar. Mənsə sanki həkim kimi onu bu patalogiyadan xilas etmək istəyir, Helenadan söhbət düşəndə hər dəfə “Sən nahaq yerə o qız haqqında bu cür düşünürsən. Gəl mən sizi tanış edim.”-deyəndə o qətiyyətlə “Heç vaxt ola bilməz.”- deyirdi.
Həmin vaxt ukraynalı Kristina adlı qıza tamah salmışdım, Helenaya girişsəm Kristinanın əldən çıxacağından qorxurdum. Kristina ilə alınmasa, Belorusiyadan gəlmiş İnnaya, əgər onunla da alınmasa, bax onda bir növ rezrerv üçün saxladığım Helena mənim şəhvani hisslərimi söndürməli idi: onun mənim istəklərimlə razılaşacağına şübhəm yox idi, əmin idim ki, xoşuna gəlirəm.
Slovak qızı Aleksandra soyuq fevral günündə öz yerlilərinin yanına qonaq gəlmişdi. Məni də çağırdılar ki, təzə qonaqla tanış olum, onların axşam çay süfrəsi ətrafında söhbətlərində iştirak edim. Çay süfrəsi deyəndə, fincan çatmayanda, qonşu qızlar çəkinmədən bir litrlik adi bankadan çay içə bilər, üstəlik qonağa da başqa bankada çay təklif edə bilərdilər. Qıraqdan maraqlı görünürdü: adamlar həvəslə, jestikulyasiyalarla danışır, hərdən də bankadan qurtumla çay içirlər.
Axşam saat yeddidə orda idim. Məni slovak qızı ilə tanış etdilər. Bu qızla 2 dəqiqəlik söhbət mənə bəs etdi ki, müəyyən edim ki, o Moskvada qaldığı müddətdə mütləq ilk xoşuna gələn birisini tapıb 2 saatlıq ya da birgecəlik seks yapacaq. Ikicə gün sonra proqnozum düz çıxdı. Aleksandra ortaboylu, dolu bədənli, saçları kare formasında kəsilmiş, yaraşıqlı, ehtiraslı qız idi. Otaqda 4-5 adam var idi, siqaret tüstüsündən nəfəs almaq çətin olsa da, musiqi həzin melodiya və söhbət başımızı o qədər qarışdırmışdı ki, bir müddət pəncərəni açmağı unutmuşduq. Qızların üçü də mən gələnə qədər gürcü çaxırından, “Baltika” pivəsindən yaxşıca vurmuşdular. Artıq hardasa söhbətimizin 10-15-ci dəqiqəsində sərxoş Aleksandra şəhvani baxışları ilə məni süzür, arada bir qızlara məni nəzərdə tutaraq “zlata, zlata” deyirdi. İçkinin təsiri altında çex dilində “qızıl” mənasını verən bu sözü deməklə, o mənə olan simpatiyasını bildirmək istəyirdi.
Təbii ki, mənim yerimə yanıq birisi olsaydı yaranmış əlverişli vəziyyətdən istifadə etməyə çalışardı. Mən isə konservativ-ruhani əxlaqıma uyğun olaraq, sadəcə çağrılmış qonaq statusundan istifadə edərək, mədəni bir insan kimi qızlara, xüsusilə slovak qızına Qafqaz ənənələri, çeçen mücahidləri, Şərqdə qızlar arasında bakirəliyin qorunması və başqa aktual məsələlərdən danışırdım. Aleksandranı bizim qızların psixologiyasi, dünyagörüşü maraqlandırırdı: mənsə şişirdirdim, deyirdim Bakıda olan gözəl qızlar heç yerdə yoxdur. Gəlin-qaynana münasibətlərindən, toyda olan yemək bolluğundan, yengənin funksiyasından danışırdım. Yengə barədə danışdıqlarım ona xüsusilə ləzzət etmişdi: həm qəşş edib getdi, həm də həyəcanla soruşdu: “Ciddi deyirsən?! Yazıq qız!!! Oğlan qızı qızlıqda məhrum edənə qədər yengə qapının o tərəfində gözləyib ilk sevgi gecəsinin nəticələrini bilməlidir?!! Ay Allah! Axı belə olmaz! Razısan mənimlə?” Ehh, ey təsadüfü seks gecələri yaşayan Aleksandra, sən belə şeylərin ləzzətini başa düşməzsən. Aleksandra elə bildi ki, bəy də toy gecəsinə qədər bakirə olur. Mən dedim ki “Yoox, Azərbaycanda bəy məktəb illərində, ya da ali məktəbdə oxuyanda fahişələrlə yataraq bakirəliyini itirir və bu bizim cəmiyyətdə normal qarşılanır”. Ona elə bil iynə batırdılar: başladı gender bərabərliyi, ədalətsizlik filan. Mən də mentalitetdən, əsrlərlə formalaşan ənənlərimizdən danışdım. Toy gecəsinə qədər bakirəliyini qoruyan, amma yüz cür hoqqadan çıxan qızlarımızdan söhbət açmaqdan vaz keçdim.
Onun mənə zlata deməsindən sonra qəti qərara gəldim ki, bu qızın məndən xoşu gəlir: gözləyir ki, mən hərəkət edim. Açığı, mənim də ondan xoşum gəlmişdi: həmin gecə xəyalən biz bir-birimizlə yaxınlıq etdik. Gecə yuxuya getməzdən əvvəl bir neçə sual məni narahat etməyə başladı: bu qızın gəldiyi vaxtdan sonra yataqxanada məndən başqa kimdənsə xoşu gəlibmi? Bu səfərində o birisi, yoxsa bir neçəsi ilə kef eləmək fikri var? Yataqxanada o tanış qafqazlı uşaqlardan kiminsə xoşuna gəlibmi? Əgər xoşuna gəlibsə, o adam artıq hansısa plan üzərində işləyirmi? Yataqxanadakı qafqazlı oğlanların çoxu təmkinli və nisbətən soyuqqanlı ruslardan fərqli olaraq elə bilirdilər ki, yataqxanaya gələn yaraşıqlı qızla heç olmasa bir dəfə də olsa mütləq yaxınlıq etməlidirlər…
.
Təzəcə namaz qılmağa başlamışdım, qarşıma məqsəd qoymuşdum ki, imkanım daxilində şəhvani hisslərimlə mübarizə aparıb zina etməyəcəm. Əvvəlki həyat tərzimdən tədricən uzaqlaşırdım: içki içmirdim, amma maraqlı söhbətlərdə iştirak etmək üçün şərab, araq məclislərində olurdum. Diskotekada və ya otağıma çağırdığım tələbə qızlarla yalnız qucaqlaşıb öpüşürdüm, ya da uzağı çarpayıya uzanıb qurşaqdan yuxarı soyunaraq özümü masaj elətdirirdim. Yarımharam həyat tərzi keçirdiyim bir vaxtda Aleksandra kimi yaraşıqlı bir qız gəlib düşmüşdü qismətimə, əgər onu Arlekinoya dəvət etsəydim. tək öpüşəsi olsaydıq, məni düz başa düşməzdi. Bilirdi ki, yataqxanada tək qaldığım otaq var, yəqin ki, ən azı mənə işarə vura bilərdi ki, öpüşlərdən başlayan kefimizi davam etmək üçün gedək sənin otağına. Belə bir məqamda ona dini yola başlamağımı demək yersiz və gülünc olardı. Ən azı ürəyində fikirləşərdi ki, “ay axmaq, dindarsansa, niyə rəqs edəndə mənimlə öpüşməyə başladın, o dəqiqə qucaqladın məni?!”
Səhərisi o özünə, mənə və Helenaya Mossovet teatrında gedəcək Qoqolun “Evlilik” tamaşası üçün üç bilet aldı. Aleksandra yüngülcə üzünə rəng vurmuş, dizə qədər qırmızı don geymişdi. Tamaşaya baxdıq, təbii ki, arada mən onun dizlərinə də baxırdım, ayaqları pis deyildi, teatrdan qayıtdıq, yolda qoluma girdi. Düzdür, qərblilərin düşüncəsinə görə cavan qızın nişanlısı və ya əri olmayan oğlanın qoluna girməsi heç də seksual münasibətlərə işarə vurmaq deyil: bu dostluq münasibətlərindən gələn adi bir jestdir. Amma onun mənə dünən zlata deməsindən müəyyən etdim ki, Aleksandra lap elə məndən kəsir.
Teatra getdiyimiz günün səhərisi axşama yaxın Raula zəng edəndə mənə ilk sualı bu oldu:
- Obşaqaya təzə qız gəlifmi?
- Gəlib.
- Kimdi? Hardan? – əmin idim ki, xəttin o başında dostumun gözləri işıqlanmışdı.
- Slovakiyadan. Milenagilə gəlib.
- Nətər şeydi? – artıq ehtiraslanmağa başlamışdı.
- Pis şey deyil, ama paravoz kimi tüstülüyür. – sanki dostuma hesabat verirdim.
- Sən yəqin axşam onu görəcəksən. Bir xahişt, deməli mən axşam altıdan sonra gələjəm. Sən mənim haqqımda danışarsan, deyərsən ki… – artıq plan da qurmağa başladı.
- Paşol ti na …İşim gücüm qurtarıb, yox durub səni tərifləyəcəm.
- Qadan alım bir dəyqə dana. Sən denən ki, bəs biz azdan dostum gələjək, çox maraqlı, səviyyəli insandı filan. Dünya ədəbiyyatını yaxşı bilir..
Yenə onun sözünü kəsərək:
- Yaxşı qoy onu da deyim ki, Azərbaycanın məşhur porno ulduzdu. Mən şamtutan deyiləm, gələrsən özün dünya ədəbiyyatından danışarsan. – deyib telefonu qapatdım.
Raul dediyi kimi, axşam saat yeddinin yarısı yataqxanada mənim 12 kvadratmetrlik otağımda sağ əlində bir ədəd qırmızı qızılgül, sol əlində isə bahalı fransız konyakı, Kenzo ətirli qabağımda dik dayanmışdı. Onun təzə qırxılmış toppuş üzünə yüngülcə sillə vurdum:
- Mən sənin kimi yanıx, sırtıx adama rast gəlməmişəm, 1 saat keçmiyib danışmağımızdan, utanmaz-utanmaz durub o boyda yolu gəlmisən.
O üzümə irişə-irişə birbaşa mətləbə keçdi:
- Baax, biz dostuq eləmi?
- Elədi a sırtıx.
- Sənin o qıza pretenziyan yoxdur ki?
- Axmax, pretenziyam olsa, sənə deyərdim?
- Qadan alaram sənin. Protivsənsə, indidən de. Helenanı da götür sabah bizə gəlin. Təzə gələn mənim, Helena sənin. Amba sonra mazgimi ….. ki, sənə görə mən qıza bir şey eləyə bilmədim. İndi gedək onlara.
- Əşi protiv deyiləm, nə istiyirsən onu da elə. Qəmişini çək məndən.
Saat səkkizin yarısında biz qızlargildə idik. Raul əlindəki qızılgülü Aleksandraya uzadaraq ingiliscə ilk “ürək sözlərini” söylədi:
- Eşitdim gəlmisiz, düşündüm ki, sizə bu qızılgülü almalıyam. Mən bu gün gəlməyə bilməzdim.
Raul intuisiyalı və diqqətcil oğlan olmağını gözə soxmaq istəyirdi. Alındı da. Aleksandra yenə də sərxoş idi, gözləri süzülürdü. Mənalı sözlərdən, qızılgüldən heyran olan Aleksanrda bu dəfə dostuma “zlata” dedi. O dəyqəcə anladım ki, məsələ siftədən həll olundu. Yaxşı tapışmışdılar.
Bu cür qızlarda bir şey xoşuma gəlir: təbiilik, belələri ikiüzlü olmurlar, bəri başdan sənə kim olduqlarını bildirirlər. “Nə qədər ki, cavanam, gəzəcəyəm” – həyat prinsipinə sadiq olan bu tipli qızların çoxu ərə gedənə qədər yataqxana, avtomobilin arxa oturacağı, qatar (kupe, xüsusilə üst yer), gəmi, hoteldə qısamüddətli çarpayı macəraları yaşamaqdan həzz alırlar. Utancaqlıq hissindən tamamilə məhrum olan, beş günlük dünyada beş kişi dəyişən Aleksanralar yaşadıqları seks macəralarını üstəlik həvəslə rəfiqələrinə danışırlar. Beşincidə “stop” deyib dayanırlar, ərə gedib bir-iki uşaq doğmağı da bacarırlar. Sözsüz ki, Aleksandra Moskvaya uçmazdan əvvəl qarşısına məqsəd qoymuşdu: qaldığı üç-dörd gün müddətində xoşuna gələn biri ilə gecə keçirmək, bunu başqa şəhərlərdə baş verən eyni cür hadisələrin beynindəki yaddaş kitabçasına köçürmək, qocalanda isə xatırlamaq ki, Moskvada, Parisdə, Nayrobidə, Madriddə tapdıqlarımın hərəsi bir cür maraqlı və ehtiraslı idi. Mən Aleksandranın qisməti ola bilərdim, o da mənim…
Qızlarla razılaşdıq ki, Raulun dəvəti ilə sabah hamımız onun kirayədə qaldığı mənzilə qonaq gedirik. Sabah oldu, məlum oldu ki, yataqxanadan dördümüz yox, üçümüz – mən, Aleksandra və Helena çıxacaq. Prezervativ tapıb-tapmadığı bəlli olmayan dağıstanlı ilə şam işığı ətrafında söhbət edən çex qızının bizimlə getməməyi bəlli oldu. Hələ yataqxanadan çıxmamış, üç qız öz aralarında danışıb bic-bic gülüşürdülər.
Aleksandra dizə qədər olan həmin qırmızı donu, dar koftasını geymiş, bir az kosmetika, ucuzvari ətir də vurmuşdu, güzgünün qabağında dalına, qabağına baxır, tez-tez qamətini düzəldirdi, sanki döyüşə hazırlaşırdı. Otaqdan çıxhaçıxda Aleksandra yüksək səslə, şüar deyirmiş kimi çex dilində nəysə dedi. Nədənsə intiutiv olaraq mənə elə gəldi ki, o bu sözləri dedi: “Bu gün mənim günümdür! Mən bu günə hazıram!” Yəqin ki, yanılmadım: şüar kimi deyilmiş bu sözlərdən sonra qızlar bərkdən gülüşdülər. Milenanın bizimlə getmədiyini görüb təəccübləndim:
- Bəs sən niyə bizimlə getmirsən?
- Bu gün nəysə kefim yoxdu, mənsiz gedin şənlənin, başqa bir vaxt qonaq gedərəm sizinlə.
Artıq VDNX metro stansiyasına çatana yaxın Milenanın yataqxanada qalmasının səbəbi mənə aydın oldu. Qızların qurduğu plana görə gecə mən Helena, Raul isə Aleksandra ilə yatmalı idi. Həm də Milena güman ki, dağıstanlıdan başqa kiminləsə olmaq da (əgər olmuşdusa) istəmirdi..
“Profsoyuznaya” metro stansiyasından çıxanda, Aleksandra yenə qoluma girdi, biz Raulun qaldığı mənzilə çatana qədər Slovakiyanın Avropa İttifaqına üzv olma perspektivlərindən, Azərbaycan neftinin geosiyasi əhəmiyyətindən, Fukuyama, Hantinqton nəzəriyyələrindən danışdıq. Mən onun suallarına mexaniki olaraq cavab verirdim, daha doğrusu cavab vermək məcburiyyərində qalmışdım: susmayacaqdım ki, hər halda mənə olan simpatiyasını duyub, ən azından onun mənə olan bu isti hisslərinin ölməməsini istəyirdim, “eybi yox, qoy mənimlə xəyalən yatsın”. Yenə deyirəm, onun mənə seksual simpatiyası olmasına şübhə etmirdim. Mənim üçün maraqlı olan məsələ onun bu gecə kiminlə çarpayıda olacağını düşünməsi idi. Sözsüz ki, o gözəl bilirdi ki, Raulun qızılgül, bahalı fransız şərabı alması və sonda evinə dəvət etməsinin bir məqsədi var: birgecəlik seks. Perspektivsiz, mənasız ümid beynimi deşirdi: sanki təsəlli naminə xəyalıma gətirirdim ki, gecə yatmaq vaxtı yetişəndə, Raul Aleksandranı öz çarpayısına aparanda qız “yox” deyəcək, deyəcək ki, “Bağışla, sənin kefini pozmalı olacam. Mən artıq öz seçimimi etmişəm, bu sənin dostundur”. O bunu mən mətbəxdə, tualetdə ya da hamamda olanda Raula deməli idi. Əslində belə də ola bilərdi: azad fikirli avropalı qızdı, kefi istədi dedi ki, sən yox o xoşuma gəlir. Hər halda başa düşürdü ki, yox desə Raul durub onu zorlayası deyil. Məni həyəcandan soyuq tər basdı: mənə elə gəldi ki, Aleksandra ürəyimdəkiləri oxudu. Raulun qaldığı yerə çatana qədər ”birdən belə olsa nə edərəm?” sualını beynimdən qovurdum ki, bu suala cavab tapmayım. Amma xəyallarımdan həm də ləzzət alırdım: sanki Aleksandra artıq mənim xeyrimə seçimini etmişdi…Nəysə, bu axmaq, mənasız düşüncələrlə mən qızları Raulun qaldığı mənzilə gətirib çıxardım. Dostumuz, can-ciyərimiz Bəhruz da orda idi. ….
Yenə bahalı şərab, tort, şam işiğı, çay, qəhvə, meyvə, musiqi, siyasət, mentalitet, qloballaşma və başqa mövzuların müzakirəsi. Nəhayət əsas məsələ: həzin (oxu: qucaqlaşma) rəqs. Bəhruz mənə göz vurdu ki o biri otağa keçim.
- Sən narahat olma, mən hardasa saat on, on birin yarısı burdan çıxacam. – tezcə bunları mənə dedi.
- Narahat niyə oluram? Hara gedəcəksən ki?
Moskvada Bəhruz bir gecəlik qalmağa yer tapardı, sadəcə mən özümü gicliyə qoydum. Bəhruz bic-bic gülümsəyərək:
- Özünü tupoyluğa vurma, gözəl bilirsən mən niyə gedəcəm.
- Tupoy deyiləm, əlbəttə başa düşdüm. – mən bu dəfə güldüm, yni başa düşdüm nıə demək istədiyini.
- Deməli, sən Helenayla televizor olan otaqda, Raul Aleksandrayla burda yataq otağında.
- Mən Helena ilə yatmayacam – qəti şəkildə dedim.
- Nə?! Başın xarab olub? – Bəhruz mənim bu sözlərimə əsəbi halda reaksiya verdi.
- Nə? Zorladı ki, bu iş?!
- Mən ölüm sarsaxlama, ağlını başını yığ. Ordan bura vurub gəliblər, sən də rus demişkən, elə bil obet bezbraçiya öhdəliyi götürmüsən özünə. Sarsaxlama!
- A kişi, Helena xoşuma gəlmir, vəssalam. Seksual zövqümə uyğun deyil, başa düşdün?
- Ə nə axmaq adamıymışsan sən?! Ağzımda söz deyirəm, sən axı gözünün içinə qədər yalan deyirsən! – Bəhruz əsəbini artıq cilovlaya bilmirdi.
- Yalan niyə deyirəm?! Başa düşmədim! – mən artıq əsəbiləçməyə başlamışdım.
- Yalan deyirsən ki, xoşun gəlmir, xoşun gəlir. Demirəm ki, yanıb tökülürsən, ama bir gecə üçün pis deyil. Vallah inan mənə.
- Ay kafir, belə şeyə görə vallah deməzlər! Axı sən niyə mənim yerimə danışırsan, indi durub ona görə viaqra içməliyəm?!
- Offf! Blsəydim, bayaq şəhərdə olanda aptekdən viaqra alıb gizlicə atardım çayına, onda Helena bir yana qalsın, gecə küçədə dayanan deşovkalara da dırmaşardın!! Ayıbdı e, yataqxanada danışarlar, biabır olajsan, o qız sənə görə gəlib, başa düşürsən? – birdən ağlına yeni fikir gəlmiş kimi- Aaaa! Başa düşdüm, sən Aleksandradan kəsirsən!
Bic-biz gülümdəsim.
- Tülkü, bəs Raula niyə demisən ki, onda gözün yoxdur? – Raul da gülümsədi
- Nə bilim, nəysə bu gün elə bil gözüm ona düşüb.
- Deyirəm də, tupoysan, onda qoy Raulu çağırım, məsələni…
- Mən ölüm yox, yox deyirəm sənə!! Biz uje razılığa gəlmişik!!
Mən onun qolundan tutub saxlamağa çalışır, o isə dartınıb əlimdən çıxmaq, Raulu otağa çağırıb danışmaq istəyirdi. Raul mübahisəni eşidib səs-küyə gəlib hər ikimizin üstünə qışqırdı:
- Eşşək kimi nə anqırırsız?! Səsiniz götürüb aləmi! Qızlar orda qorxuya düşüblər ki, görən orda nə olub!
Bəhruz məni göstərib:
- Bu axmaq səhərdən mazgimi xarab eliyir, deyir Helenanı …..mayacam.
- Düz deyir?! – Raul qaşlarını çataraq məndən soruşdu.
- Düz deyir. Sonra!? – əsəbi halda cavab verdim.
Raul Bəhruza üzünü tutub:
- Axı mən bir şeyi başa düşə bilmirəm, bu – yəni mən – Helenanı …….mayacaq, bəs sənə nə olub?! Özü bilər. İstəmir, sən get onunla yat. Onsuz da Helena üçün fərqi yoxdur, ona lazımdır ki, bu gecəyə bir kişi girsin ona.
Bəhruz:
- O qız mənlik deyil, nəysə məni qoyaq qırağa. Raul, məsələ burasındadır ki, bunun Aleksandradan xoşu gəlir. Bəlkə ustupka edəsən ona?
- Düz deyir?! – Raul qəzəblə məndən soruşdu.
- Yox!
- İstəsən də bunu verərəm sənə, artıq gecdi! – sağ əlinin baş barmağınının ucunu iki barmağının arasına salıb mənə göstərdi – Bu temanı bağlıyırıq. Qızlar gözdüyür, özünüzü qaraçı kimi aparmayın!
Bəhruz isə mövzunu davam etdirmək azartındaydı:
- Nəysə, belə olmaz daha, – Raula deyir – bir dəfə gərək bunun əl-ayağını bağlayıb otağa salıb Vikagili buraxmaq lazımdır üstünə.
- Bu məsələni sabah mütləq yadıma sal. İndi gedək hamımız qızların yanına – Raul bu sözləri deyib qızların yanına keçdi.
Bəhruzun əl-qolumu bağlıyıb üstümə buraxmaq istədiyi Vikagil, Vika, Olya və Nataşadan ibarət üçlük idi. Raulun, necə deyərlər, fövqəladə hallar üçün lazım olan yanğınsöndürən tanış qızları idi. Amma onlar iş zamanı əvvəlcə alovu daha da şiddətləndirir, lazım olan anda isə söndürürdülər: onların “ucbatından” neçə oğlanların bellərində dırnaq izləri qalırdı, deyilənə görə üçü də aslan kimi döyüşə atılırdı.
Növbəti həzin rəqs üçün musiqi qoyuldu. Şam işığı zəifləməkdəydi. Raul tez Aleksandranı rəqsə dəvət etdi – (bunu elə tez etdi ki, mən elə bildim o Bəhruzun bayaq dediklərinə inandı, inandı ki, birdən mən fikrimi dəyişərəm), – öz aralarında məsafə saxlamışdılar, şirin-şirin söhbət edirdilər. Mənsə təbii ki, Helenanı rəqsə dəvət etmədim. Bəhruz məni dümsüklədi ki, “heç olmasa etika xatirinə dur dəvət elə”. Helena sifətində yaranmış pərtlik ifadəsini gizlətməyə çalışsa da, alınmırdı: bilmirəm, mənə nifrət edirdi ya yox, amma deyəsən başa düşmüşdü ki, mən artıq onluq deyiləm, bir sözlə gəlməyinə peşman olmuşdu. Mən Helenanın varlığını demək olar ki, hiss etmirdim.
Həzin rəqs başlayanda başa düşdüm ki, Aleksandranı qısqanıram: təbii ki, sevgi yox, sırf heyvani hisslərdən doğan qısqanclıq. Qabaqda məni gözləyən gecə haqqında fikirləşəndə vahiməyə düşdüm. Onlar rəqs edə-edə söhbət ediridilər, içimdəki alov şiddətlənməkdəydi. Niyə belə alındı? Niyəsi məlumdur. Kaş ki, dinə bir az gec başlayaydım. Əstaafurullah! Yenə də, ən azı qoy bu günah fikirlərlə bir az özümü toxdadım. Raul günorta öz diliylə dedi ki, “protiv” deyilsənsə sənin olsun. Dünən Rauldan xahiş etsəydim, bir gecəlik otaqlatdan birini mənə verərdi, hələ tam rahatlılğım üçün, o biri otaqda yox, gedib tanıqlaırının birinin evinə gedərdi. (Bizdə yataqxanada bu bəzən problem olur, qızı gətirirsən, köynəyinin düymələrini açan vaxt, qapı döyülür, tələblərdən kimsə ya çörək istəyir, ya da şəkər tozu). Ruhani-konservativ düşüncələr mənə tərk etmirdi, düşündüyüm bir şey vardı: gecəni necə yola vermək? Mənə elə gəlirdi ki, həmin gecə Aleksandra ilə yaxınlıq etsəm, səhərisi gün qüsl alıb namazda səcdədə Allahdan üzr istəsəm, Rəhimli və Bağışlayan Allah məni də milyonlarla bəndəsi kimi bağışlayacaq. Tövbə edəcəkdim ki, bundan sonra diskotekalarda qızlarla qucaqlaşaraq rəqs etməyə, öpüşməyə, qurşaqdan yuxarı masaja son qoyuram. Əstəğfurullah, Aleksandra sanki mənim gözümdə bu dünyada qismətimə düşən gözəl huriyə dönmüşdü. “Bir geçəlik həyatın cənnət payı” – bilmirəm bu sözləri qulağıma pıçıldayan şeytan idi, yoxsa öz daxili səsim, amma onlar rəqs zamanı qucaqlaşanda anladım ki, gecə məni gözləyəcək səsləri eşitməmək üçün mütləq qulaqlarıma pambıq tıxamalıyam. Sakitcə durub mətbəxdə, yataq otağındakı dolabların siyirmələrini bir-bir açdım, istədiyimi tapmadım. Ehtiraslı səslər bəzən o qədər güclü olur ki, pambıq da kömək etmir, səsdən təcrid olunmaq üçün qulaqlarıma pambıq tıxayıb, yorğanın altına girib, əllərimlə də qulaqlarımın deşiklərini örtüb sıxsaydım bəlkə xeyri olardı. Masturbasiya etməyi bacarsam, bəlkə də qulaq asardım, amma seksdə zövqümə uyğun qızlarla olmaqdan başqa heç nəyi bacarmırdım. Slovak qızının səsini eşitməkdə başqa bir məqsədim də vardı: adi danışığında bir az kobud səsli slovak qızının seks vaxtı nə deyəcəyini, səsini eşitmək məndə dəhşətli bir maraq doğururdu. Elə bilirdim ki, gecə vaxtı bu səs incələşəcək. O vaxt mən özümçün fikir uydurmuşdum ki, aktiv seksual həyat kobud, xoşagəlməyən qızların səslərinin cazibədar, incə olmasına kömək edir, elə bilirdim həmin gecədən sonra Aleksandranın səsində də dəyişiklik baş verəcək. Bəlkə Helenanı, şirin qızdır, bəlkə gecə yaxınlaşsam alınar.
Rəqs edib oturdular. Aleksandra qutudan son siqareti çıxarıb yandırdı, gözlərini qıyaraq mənə baxmağa başladı. Özümə təsəlli tapdım: elə yaxşı eliyib Raul bayaq soruşanda yox dedim. Zəhləm gedir siqaret iyi verən qızlardan! Çəkdiyi siqaretlərin, içdiyi şərabın xoşagəlməz qarışıq iyi ona olan şəhvani hisslərimi demək olar ki, öldürmüşdü. Aleksandra durub tualetə getdi, xoşagəlməz iy yox olan kimi ehtiraslarım yenə baş qaldırdı. Mən ürəyimdə Aleksandranı söyməyə başladım: ehtiras yenə nifrətə çevrildi!!!
Küncdə oturmuş Helena isə tam əlini məndən üzmüşdü. Bəhruz etika xatirinə onu növbəti dəfə rəqsə dəvət etdi. Amma Helena artıq anlamışdı ki, bu gecə onun qalxmış ehtiraslarını nə mən, nə də Bəhruz söndürəcək: o sönüb qurtarmaqda olan kədərli şama bənzəyirdi. On ikinin yarısı Bəhruz çıxıb getdi, bir az sonra araya cansıxıcı sükut çökdü. Qızlarla ünsiyyətdə çənədən möhkəm, dar ayaqda çoxlu şit anekdot danışan Raulun da deməyə sözü qalmamışdı. Hamı bir-birinə baxmamağa çalışırdı. “Görən Aleksandra indi nə düşünür? Yəqin Raulla Aleksandra rəqs zamanı artıq qucaqlaşanda kimin harda yatacağı ilə bağlı razılığa gəliblər” – fikirləşirdim.
- Dostlar, icazə verin sizin dəyərli düşüncələrinizə mane olum. Artıq yatmaq vaxtıdır. – nəhayət Raul sükutu pozdu, tezcə də Aleksandranın əlindən tutdu, hər ikisi ayağa qalxdı, “bay-bay” deyib bizimlə vidalaşıb yataq otağına keçdilər.
Helena təkcə ikinəfərlik divanda, mənsə mətbəxdə yerimi salıb uzandım. Qapını örtmüşdüm, təbii ki, yuxudan söhbət gedə bilməzdi. Beynimə qarışıq, məntiqsiz, uğultulu fikirlər, suallar və xəyallar qəzəblə dolmağa başladı. Mən yalnız yerimə girəndə anladım ki, Aleksandranın seks zamanı xəyalıma gətirdiyim incə yox, elə adi söhbətlərdə eşitdiyim xoşagəlməz, bir az kobud iniltisini eşitmək istəyirəm. Eyni zamanda özümü inandırıdım ki, Aleksandra o biri otaqda məni unutmayacaq: özümə “ümidverici” xəyallarla təsəlli verirdim.
Saat birə iyirmi dəqiqə işləyirdi, tez-tez divardakı saata baxırdım. Beynimdəki xaos yox olmuşdu, amma qəzəbim keçməmişdi. Üzünü görmədiyim Vikagil yadıma düşdü, bunlardan çıxacam Aleksandranın heyfini. Ehtirasla vəziyyətdə bir bənd də adamı tapır:
Hardasan ey Vika!
İçərdim viaqra.
Cırardın belimi,
Darardım telini.
Əslində bu qızların arasında elə bir fərq yoxdur, o birilər səviyyəsiz, bu isə dünyagörüşlü, savadlı, o birilər pulla, bu öz kefinə görə, amma çarpayıda eyni səslər, eyni inilti, demək olar ki, bununla ya onlarla qovuşanda bədənində eyni istiliyi hiss edirsən və nəhayət son akkord – orqazm, eyakulyasiya və s. Bir anda üzünü görmədiyim Vikagilə şəhvani hisslərim yox oldu, onlar pulla işləyirdilər, Aleksandra hər halda ürəkdən, simpatiyaya görə. Əşi yenə də eyni zibildirlər hamısı, bayaq axı dedim ki, eyni səslər, təxminən eyni istilik, orqazm filan. Belə götürəndə, pulla da olsa Vikagil adamın belində iz də qoyurdular: sonra da dur güzgüdə dırnaq izləri qalmış belinə bax, fəxr elə ki, məndəki temperamentə bax!.Hərçənd ki, yenə də pul məsələsi, bəlkə Vikagil pula görə belə edirdilər ki, Raulun bazlıq edən yerliləri, dost-tanışları arasında təbliğ olunsunlar, nəticədə də çoxlu müştəri qazansınlar. Bu da onların brenddir. Vika & Co. Yox, məncə bel cırmaq məsələsi pula görə deyildi, ən azından ehtimal edirdim ki, Raulun fahişələri arasında heç də hamısı bunlar kimi canfəşanlıq etmir, yəni səbəb ondadır ki, Vikagil sadəcə o birilərindən qat-qat ehtiraslıdırlar. Vikagil haqqında çox düşünməyim əslində Aleksandranı beynimdən çıxarmaq üçün uğursuz cəhddən başqa bir şey deyildi.
Allah eləməmiş, birdən Aleksandra elə bilər mən impotentəm. Bəlkə sabah şampanski alım, yataqxanaya, otağıma çağırım, ya da Rauldan açarı alım, birgecəliyə elə bura gətirim, Birdən Aleksandra elə bilər mən aradüzəldənəm, yəni mən onları tanış etdim, özümsə qırağa çəkildim. Hmm. Lənət şeytana! Lənət mənə olsun ki, bu zibilə düşdüm. Yox Aleksandra belə düşünməzdi, bir sözlə azad qızdı, ürəyi istədi getdi Raulla sekslə məşğul olmağa, istəməsə mədəni şəkildə imtina edəcəkdi. Raula nə var, səhər ya Vikagili ya da başqalarını çağırıb deyəcəkdi o olmasın bu olsun. Yenə beynimdə qarışıq fikrilər, xəyallar. “Bəlkə sabah prob eliyim”, “Sabah səhər duranda, heç nə olmayıbmış kimi məcbur olub, salamlaşam gərək bu qancıxla!” Sözün düzü, Allah qorxusu da məni tərk etmişdi, yalnız qəzəb, kin, nifrət dolusu şəhvət. Birdən Tolstoyun Sergi Atası yadıma düşdü, o da dindar idi, insanlardan uzaqlaşan, tək özünün Allaha ibadət etdiyi mağarasında guya yolda azdığından orda gecələmək istəyən, əslində isə dostları ilə mərc gəlib onu yoldan çıxarmaq istəyən qadına yer verən, gecə isə şəhvət hissləri güc gələndə zina etməmək üçün barmağını balta ilə kəsib atmışdı. Bundan dəhşətə gələn əxlaqsız qadınsa monax qadınlar kimi başını dibindən qırxdırıb Allah yoluna qayıtmışdı… Heç barmağımın ucunu da bıçaqla qanatmaram, bir də ki, deyilənə görə şəxsi həyatında qadınlarla kef edən Tolstoy bunu yəqin ki, uydurub, bəlkə də özünü hardasa Sergi ata kimi görmək istəyirmiş deyə belə bir şişirdilmiş obraz yaradıb… Saat ikiyə işləyirdi….
Üstündən 10 ildən çox vaxt keçib, on ikidə yerimə girmişdim, hardasa üçdə məni yuxu tutduğu yadımdadı. Başqası bəlkə səhərə qədər yatmazdı (hər halda biz soyuqqanlı skandinaviyalı deyilik ki, bu cür vəziyyətlərə fəlsəfi yanaşaq).
Qapılar örtülü idi, otaqlar balaca olduğundan, yataq otağında normal, adi ritmdə sekslə məşğul olsaydılar, orta tembrli səslə Aleksandranın iniltili səsini, ya da ənənəvi “oo ye” sözlərini, heç olmasa yatdıqları köhnə çarpayının cırıltsını eşitməli idim. Sağ olsun Aleksandra, nə Raulun belində, nə də mənim yaddaşımda iz qoymadı. Ertəsi gün sübh namazını qılanda səcdədə Allaha təşəkkür etdim ki, məni gecə əzabına düçar etmədi.
Axşam mən yenə Raulgildə idim. Aleksandrasız. Bəhruz da ordaydı. Dostlarım gözəl bilirdilər ki, içimi deşən bir sual var, amma susurdum.
- Nətəər oldu? – ürəyimdəkini Bəhruz dilə gətirdi. Raul əvvəlcə həvəssiz nırç elədi, mızıldanaraq dedi:
- Mənlik deyilmiş, Bəhruz düz deyirdi, – mənə baxaraq – gərək sənə ustupka edərdim.
Bir sözlə dünən heç biri kayf almamışdı, düz deyirdi: yoxsa Raulla olan qızın səsi qulaqlarıma pambıq tıxasam belə yeddi bağlı qapını deşib keçərdi. Mən səs çıxarmadan daxilən dərin bir köks ötürdüm: bəlkə də Aleksandra həmin gecə məni fikirləşirmiş….Nədənsə, Bəhruz Vikagillə bağlı dünən axşam verdiyi təklifi Raulun yadına salmadı….
P.S. Birisi gün mən yenə yataqxanada idim. Axşamüstü idi, otağımda oturub nəysə oxuyurdum. Qapı döyüldü. Aleksandra içəri keçdi, paltoda idi, kefimi soruşdu, dedi ki, gəlib vidalaşmağa, sabah öz vətəninə uçurdu. Soruşdu ki, “niyə o gün kefin yox idi?”. Mən də olanı dedim: “Səni dostuma qısqanırdım”. Bu etirafdan sonra o birdən məni bərk-bərk qucaqladı, biz bir az beləcə dayandıq. “Ah, Aleksandra, kaş ki, paltosuz olaydın”. Nədənsə o məni öpmədi, biz öpüşmədik… Ayrılanda dedi:
- Mənə yazarsan, oldu?
- Oldu, yazacam. – üzümə süni təbəssüm verib bu sözləri dedim.
- Səbirsizliklə gözləyəcəm. – bu sözləri ehtirasla dedi, düz gözlərimin içinə baxdı. Sanki mənə ümid vermək istədi ki, hələ heç nə qurtarmayıb, hələ qabaqda bizi gözləyən gözəl vaxtlar var.
- Okey – dedim, məni o gündən narahat edən kefsizlik yox olub getdi.
P.P.S. Bəlkə də etika xətrinə, qəlbini sındırmamaq üçün o vaxt Helena ilə böyük divanda sevişmək lazım idi. Nəysə, olan olub, keçən keçib… Sağ ol Aleksandra! Sağ ol ki, o gecə gec yuxuya getsəm də stress keçirmədim. Mən ancaq özümü günahlandıra bilərəm, durub məni zorlayası deyildin ki. Ən azından otağımda ayrılan günü öpüşə bilərdik, onda hətta səndən heç siqaret iysi də gəlmirdi, bəlkə də paltonun düymələrini açacaqdın, sonra koftanı çəxaracaqdın, sonra da mənim jiletimi, köynəyimi… 12 kvadratmetrlik otağımda bizə 12 dəyqə də bəs edərdi….Heç olmasa bir dəfə. Sağ ol ki, Raul kimi seks-qiqantın altında nə çığırdın, nə inildədin, nə də bir dəfə də olsun sənin ağzından kinolardakı kimi “oo ye!” kəlməsini eşitdim.
Həmçinin bax: Qız əmanəti
19-21 sentyabr, 2009
Bakı