Məhəbbət həmişə var | Şiringül Musayeva

Məhəbbət həmişə var | Şiringül Musayeva

Əslində, mən - Süleyman sevgiyə, məhəbbətə bir o qədər də inanmamışam.
Sevgi, məhəbbət, eşq mənim aləmimdə şairlərin, rəssamların, yazıçıların uydurduğu bir illüziya, boş bir sabun köpüyüdür. Belə ki, söz, sənət adamları bu eşq, məhəbbət haqqında uzun-uzadı danışıblar, deyiblər, əslindəsə, onun mövcudluğuna özləri də şübhə ilə yanaşıblar. Həmişə cəmiyyət də bu eşqə, məhəbbətə, hətta, onu vəsf edənlərə bir qədər ironiya ilə yanaşıbdır. Və mən də həmişə bu fikirdə olmuşam ki, əsl kişi, ümumiyyətlə, sevgi, məhəbbət əsiri olmaz. Qadınlar - əks cinsin nümayəndələri nədirlər ki, onlara belə böyük bir hiss də bəsləyəsən. Qadınlar hər vaxt mənə öz rolunu yaxşı oynayan aktrisaları xatırladıblar. Hər zaman mənə elə gəlib ki, onlar süni və saxtakardırlar. Onların heç bir hissi-sevinci də, kədəri də, istəyi də, narahatlığı da, hətta, etirazı da təbii deyil. Onlar həmişə kişilərə əngəl və maneə törədib, onlara başağrısı olublar. Onlardan heç bir halda adama xeyir gəlməz.
Mən bu axırıncısı ilə tanışlığımdan sonra fikrimdə tam əminəm.
O, mənim həyatıma bir qədər qəribə və hay-küylə daxil oldu. Elə ilk gündəncə məni tələyə saldı. Əslində, bu tələyə mən özüm düşmək istədim, yaxud məqsədim özümü tələyə düşürmüş kimi göstərib onu tələyə salmaq idi.

Nə isə...
O, xarici görünüşcə elə də qeyri-adi gözəlliyə malik deyildi. Bir çox kişilərin diqqətini, bəlkə də, heç cəlb etməzdi. Onu da qeyd edim ki, mən tamamilə ciddi adamam, işimi-gücümü atıb belə şeylərə qurşanmağı heç özümə yaraşan iş hesab etmirəm. Mənim aləmimdə qadınlar bir-birindən fərqlənməyən kal meyvə kimi şeydirlər. Bir də ki, nə gizlədim, onlara pul xərcləməklə aram yoxdur. Onlar isə çox sevirlər ki, kişi onlar üçün dəridən-qabıqdan çıxsın, hətta kişinin məhəbbətini də bununla ölçürlər.
Mənim fikrimcə, qadın kişidən pul gözləyirsə, deməli, qadın özü sevgi hissindən tamamilə uzaqdır. Hərçənd, bu həqiqətən də belədir... Onlar sevmirlər, onlar, sadəcə, zəhlə tökürlər. Elə ki onları bir balaca sevdin, özlərindən çıxırlar, hər gün bir az da yuxarı mərtəbəyə qalxırlar. Elə ki, onlardan üz çevirdin, əsirin olur, dalınca sürünürlər. Bu da onların axmaqlığından irəli gəlir.

İlk gündəncə hiss etdim ki, bu sərçə cükküldəmək istəyir. İstəyirsə, qoy cükküldəsin, niyə də cükküldəməsin axı.
Amma... onu ələ almaq elə də asan olmadı.
Deyəsən, bu qoz çox bərk qozdur və bu xəmir çox su aparacaq. Yəqin ki, onun məqsədi məni tora salmaq, məni əsir-yesir etmək, var-yoxdan çıxarmaqdır. İnanma ki, qadın nəsə qoparmasa, sənə əl versin.

Mən də mənəm... Mənim qadına pul xərcləməkdən lap əvvəldən zəhləm gedir. Mən qəpiyimin də qədrini bilən adamam. Mənim haqqımda deyirlər: "Pulu balasına da keçməz". Pulu bir özümə, öz sağlamlığıma, yemək-içməyimə, istirahətimə qıyıram.
Bu vaxtacan mən belə olmuşam. Qadına çox az, cüzi miqdarda pul xərcləmişəm. Əksər hallarda heç buna ehtiyac da olmayıb. Çünki mənim xarici görünüşüm, qədd-qamətim, ələlxüsus, özümü aparmağım onları məftun edib. Onlar həmişə mənim ətrafımda fır-fır fırlanıblar. Və çox vaxt mənim buz kimi soyuqluğum, daş iradəmlə toqquşub məndən yan keçiblər. Mən heç onlara imkan verməmisən ki, başqa xəyallara qapılsınlar. Bəzi hallarda - bu çox az olub - görəndə ki, əngəli yoxdur - əylənmişəm. Bu isə... Şeytan məni yoldan çıxartdı. Əvvəl-əvvəl dedim, qoy bir əylənim də özümçün. Sonra isə...

Gündən-günə münasibətlər dərinləşdi. Dərinləşdi deyəndə, hələ də aramızda mənim elə ilk gündəncə qarşıma məqsəd qoyduğum şey olmayıb. Amma mənim həyəcanlarım, münasibətsiz hallarım dərinləşib.
Bəli-bəli... istəsəm də, istəməsəm də, bütün günü onu fikirləşirəm. Belə də şey olar? Onun dediyi sözləri saf-çürük edirəm. Məni görəndə üzünün ifadəsi necə oldu, mənə nə dedi, necə gülümsündü, - bütün günü xəyalımda bunları canlandırıram. Onu görməyəndə darıxıram. Onu görmək üçün yollar arayır, planlar qururam.
Artıq səbrim bir tikədir. Mənə elə gəlir ki, bu səbrsizliyimə səbəb hələ də ona sahib ola bilməməyimdir.
Çətini bircə dəfədir. Sonra o, quzu kimi arxamca gələcək və mən tam sakitləşəcəyəm. Bəs bu bir dəfəni necə əldə edim? Zalımın balası heç əl verir ki...
Hər nə isə...

Nəhayət, bir gün onu haqladım.
O, çırpınır, əl-qol atırdı və elə gözəl, elə məftunedici idi ki...
Sonra o, ağlayaraq, göz yaşları tökərək çıxıb getdi.
Mənsə sakitcə yerimdə oturmuşdum; məmnun idim.
Amma... bəs bu boğazımda çiy tikə kimi qalan şey nədir görəsən? Nə üçün mən mənən belə süst, ölgünəm? Elə bil əziz, qiymətli bir şeyi salıb sındırmışam, yaxud gözəl bir çiçəyi çəmənindən üzüb üfunətli bir zibilliyə tullamışam.
... Bunlar, yəqin ki, keçib gedər. Çünki biz kişilər həyatda bir dəfə evlənsək də xoşumuza gələn qadınlardan vaz keçməyi bacarmırıq. Düzdür, bu qadınlara xoşbəxtlik, nə bilim nələr verə bilmədiyimizə görə vicdan əzabı çəkirik. Lakin...

Bütün günü işləyə bilmədim. Gecəni də qəribə bir əzginlik, süstlük, qəmginlik içində keçirdim.
Arvad tez-tez məndən nə olduğunu soruşurdu. Və onun yaprıxmış sifəti məni öz-özümdən iyrəndirirdi. Mənə elə gəlirdi ki, mən də qocalmış və yaprıxmışam. Xatirənin al, həyəcandan qızarmış üzü, qara və parlaq, füsunkar gözləri xəyalımdan getmirdi. Eyni zamanda, sanki boğazımda bir qəhər qaynayırdı. Görən bu qəhər nə qəhər idi belə? Bunlar, yəqin ki, qocalığın əhvali-ruhiyyəsidir.
Qocalıq deyəndə, mənim vur-tut əlli yaşım var və özümü şir kimi güclü və sağlam hiss edirəm. Qocalıq qadınlar üçün nəzərdə tutulub. Əlli yaşlı qadının eşqə düşməsi, kiməsə vurulması yalnız ikrah oyada bilər. Amma əlli yaşında kişinin cavan qıza aşiq olması, evlənməsi faktı minlərlədir. Hətta keçmişdə şahlar bundan cavanlaşmaq üsulu kimi istifadə ediblər. Bu faktların özü adamda - kişidə nikbinlik, özünə inam yaradır. Yoxsa ki, əlli yaşlı qadın... Adamın lap ürəyi bulanır. Cavan olanda heç bu yaş məhfumuna elə də fikir verməzdim. O vaxtlar özümdən böyük qadınla da yatıb-dura bilərdim.

Amma indi... - əüzibillah.
Hər nə isə... Elə hey vicdan əzabı çəkirdim. Mənə elə gəlirdi, mən onun cavan, gözəl, tər vücudundan zorla istifadə etdim, əvəzindəsə ona kədər, göz yaşları verdim. Xəcalətimdən ölürdüm.

* * *

Aradan bir neçə gün ötdü. Nəhayət, özümü toplayıb onu - Xatirəni görməyə getdim. Xatirənin görüşü mənə qanad verdi, neçə gündən bəri məni bürüyən məyusluq uçub getdi. Yox-yox, o məni sevir. Mən heç də ona qarşı əclaflıq etməmişəm. Hayana hərləsən də "Leyli-Məcnun"luq bununla bitir, kişi-qadın münasibətləri elə bunun üzərində qurulub.
Neçə gündən bəri vicdan əzabı çəkməyimə baxmayaraq, onun görünüşü, səsi mənim şeytani hisslərimi oyandırır, vücudumda ona qarşı güclü, qarşısıalınmaz bir istək duyuram.
Lakin... Xatirə qətiyyətlə boyun qaçırdır. Amansız şübhə və qısqanclıq məni gəmirir; olmaya mən - qoca sarsaq onun xoşuna gəlməmişəm. Axı bu necə ola bilər? Mən ki, ona qədər tək-tək əlimə keçən bütün qadınların xoşuna gəlmişəm.
Belə de, ay qoca axmaq, sən kimlərinsə tör-töküntüsünü, yaprıxmış və qarımışlarımı nəzərdə tutursan?
Özümü güclə ələ alıram, hiss edirəm ki, bu dəfə zor burada keçəsi deyil.

Xatirə - nə barədəsə danışır, mənə nəyisə izah edir. Mənsə heç nə eşitmirəm, heç nə anlamıram. Öz axmaqlığımdan təngə gəlirəm. Deyəsən, o da mənim halımı hiss edir.
Bu isə məni lap özümdən çıxardır. Mənə elə gəlir ki, o, məni ehtiras düşgünü, sarsaq qoca hesab edir.
Ah, bu "sarsaq qoca" məhfumu mənim bütün ruhumu əzir, özümü hirslə bayıra atıram. Yol boyu özümü söyürəm:
- Ay qoca sarsaq, bəs sən nə gözləyirdin, müftə eşq macərasımı? Doğrudanmı düşünürsən ki, qadın heç nə əldə etmədən büsbütün sənin olacaq? Doğrudanmı, ona heç nə lazım deyil? Elə sənin bu "gül cəmdəyin" ona lazımdır?
Onun nə isə "güdmək, istəmək" ehtimalı məni lap özümdən çıxardır. Dəhşətli dərəcədə qısqanıram. Əgər o nə isə güdürsə, demək, sabah asanlıqla bir başqasının ola bilər. Başqasının... Hər nə olur-olsun, bircə bu olmasın. O nə isə güdərək yatağa girənlərdən olmasın. Bircə bu olmasın... Yox... mən bunu aydınlaşdırmalıyam. Mütləq aydınlaşdırmalıyam. Nə haqla? Sən ona nə vəd edirsən ki, ondan fədakarlıqlar gözləyəsən. Bəs, səncə onu sənə bağlayan nədir? Özünün çox gözəl şəkildə tələffüz etdiyi məhəbbətmi? Məhəbbət məgər kişidən heç nə ummurmu? Tutaq ki, sən zor, ya xoş, ona bir neçə ay, yaxud bir neçə il sahib oldun. Sonra onu nə gözləyir, bilirsənmi? Sən ona ailə, uşaq vəd edirsənmi?
Sən onunla özünü bərabərmi tutursan? Sənə nə var ki, ailədi qurmusan, uşaqdı törətmisən. Bəs o? İstəyirsən ki, o bütün gələcəyini heç nə ummadan sənə qurban versin? Ah, qəddar eqoist, zalım adam.

* * *

Bir neçə gün tam əsəbi vəziyyətdə hərlənirəm. Evdə və işdə hamını acılayır, barıt kimi partlayıram. Xatirədən isə heç bir səs-səda yoxdur. Bu isə məni lap özümdən çıxardır. Sən hələ bu qızcığaza bax, o hələ kiminlə qoz-qoz oynadığını bilmir.
... - Sən kiminlə oyun oynayırsan? Məni ələmi salmısan?
- Mən nə edirəm ki...
- Mənə qarşı bu soyuqluq nədir?
- ...
- Niyə cavab vermirsən?
- Mən siz deyənlərdən deyiləm.
- Mən deyənlər kimdir axı?
- Özünüz daha yaxşı bilirsiniz.

Demək, belə... özümə yer tapa bilmirəm. Durduğum yerdə işə düşdüm. Mənim bir yüz il yaşamaq şansım var idi - əmindim ki, belə də olacaq. Yemək-içməyimə, istirahətimə xüsusi fikir verirdim.
Artıq fikir-xəyalı, qan qaraldan şeyləri özümə yaxın qoymurdum. Heç bir şeyin əndazədən çıxmasına imkan vermirdim. Hər şeyin başlanğıcı və sonu mənim sağlamlığıma və puluma xidmət edirdi. İndi isə... Əcəb işə düşdüm. Bütün günü onu fikirləşir, iztirab caynağında çapalayıram. İstəyirəm bu fikir-xəyala son qoyum. Bu fikir-xəyalat məni məhv edir. Gün-gündən saralıb-soluram. Öz vüqarlı görünüşümü, sağlamlığımı itirmək təhlükəsini hiss edirəm. Və onu da bilirəm ki, mən soldumsa, bir də dirçəlməyəcəyəm, çünki yaş o yaş deyil.

Bəlkə bu qız - Xatirə Tanrı tərəfindən mənim üçün göndərilmiş əzrayıldır... mələk qiyafəsində mənim canımı alır, mənim həyat eşqimi alır. Məni düşgün, vasvası, sarsaq bir qocaya çevirir.
Deyirlər ki, məhəbbət həyatverici bir qüvvədir, o, insanı yaşadır, gələcəyə səsləyir. Bəs, o gələcək yoxdursa, o gələcək kölgə altındadırsa, qeyri-müəyyəndirsə, heç bir ümid, şans vəd etmirsə? Bəlkə, ondan əl çəkim? Çağırım yanıma, deyim ki, mənim səninlə gün keçirmək fikrim var idi, mən səninlə əylənmək istəyirdim. Bir halda ki, buna razı deyilsən, onda bizimki qurtardı.

Bəs sonra? Elə bunu fikirləşmək məni az qalır ki, dəli etsin. O, hələ gəncdir, gözəldir. Düzdür, ilk vaxtlar ağlayacaq, iztirab çəkəcək, lakin sonra... zaman hər şeyi yoluna qoyacaq, onun yaraları sağalacaq. O, bəlkə də, yenisini, daha gözəlini -cavanını, layiqlisini sevəcək, onunla ailə quracaq, bir-birindən gözəl cocuqlar dünyaya gətirəcək. Sənsə, qoca axmaq, birbaşa cəhənnəmin qapısını açacaq, düz yanar odun ortasına düşəcəksən. Bəli-bəli...
Sənin iztirabların keçməyəcək, bitib-tükənməyəcək, gün-gündən bir qədər də artacaq. Onun hər addımını izləyəcəksən. Kim bilir nə hallara düşəcəksən. Bəlkə də, iradəni tamamilə itirəcək, dəfələrlə onun ayağına gedəcək və hər dəfə də rədd ediləcəksən. Və bu rəddedilmələr də sənin axırına çıxacaq. Məsələni bu yerə çıxarma, çünki sən artıq yüyəni əldən vermiş, ona vurulmu­şam. Etiraf etməsən də, bu belədir.

G.rdünmü məhəbbəti? Duydunmu ərənlərin zərbini? Sənsə ona inanmırdın, şairlərin uydurması, boş bir sabun köpüyü adlandırırdın. Ay səni, səfeh adam. Məhəbət bir bəla olmasaydı, Füzuli onun əlindən belə qan ağlayardımı? Tusi onu dəlilik adlandırardımı?
Sən indiki cızma-qaraçıların məhəbbətinə inanmırdın. Düz də edirdin. Onlar, doğrudan da, məhəbbət nədir bilmirlər, onlar şeytan kimidir, vücudlarının şeytani istəklərini məhəbbətlə eyniləşdirirlər. Ona görə də gündə birini sevirlər. Beş-on gündən sonra yenisini axtarırlar və heç biri Füzuli ola bilmir, elə özləri olur; cılız-saxtakar, riyakar cızmaqaraçılar, cılız, riyakar kişilər - adamlar.
Nə isə... Sənin bu adamlarla işin yoxdur. Sən nə dünyanı düzəldənsən, nə də həyata yenilik gətirən.
Sən, sadəcə, məhəbbət ümmanında azmış, dərdə giriftar olmuş birisisən və bu girdabdan xilas olmaq ümidi ilə yollar arayırsan, çünki ağlını hələ tam itirməmisən. Necə etmək lazımdır ki, bu girdabda məhv olmayasan?
Artıq pula qızırğanma, səp onu bu gözəlin ayaqlarına, qoy o sənin olsun. Pul, qızıl o vaxtdan bəri çox şeyi həll edib, xüsusən, qadın məsələsində kara gəlib. Nə olsun ki, o, cavan, sənsə bir qədər yaşlısan. Neynir o cavanı ki, ona var-dövlət, təmin olunmuş həyat verməyəcək. O, istədiyi kimi yeməyəcək, geyməyəcək, nazlanmayacaq. Nə bilirsən? Bəlkə elə varlı cavana tuş olacaq. Varlı cavan... - bunu fikirləşmək özü məni haldan çıxardır.

Artıq dediyim kimi də edirəm; bütün malımı-pulumu onun ayaqlarına səpirəm. Lakin o, - çox qəribədir - bütün bunlardan imtina edir, məndən heç nə götürmür. Yəqin fikirləşir ki, bunların əvəzində mən ondan başqa şeylər istəyəcəyəm. İstəyəcəyəm, istəməyəcəyəm - bu heç mənim özümə də hələlik aydın deyil. Amma bu dəqiqə mənə aydın olan odur ki, onu sevirəm, ondan ötrü ölürəm, onu görməsəm, onunla söhbət etməsəm, yaşaya bilmərəm. Və istədiyim başlıca şey odur ki, o da məni onu sevdiyim kimi sevsin, məndən ötrü hər çətinliyə razı olsun. Necə ki, mən artıq ondan ötrü hər çətinliyə razıyam. Qoy o, məni görməyəndə darıxsın, olmazın həyəcanlar keçirsin, iztirablar çəksin. Mən hiss edim ki, onun həyatdan gözlədiyi, istədiyi şey mənəm. O, mənə - yalnız mənə doğru can atsın. Onun gözləri məndən başqa heç bir kişini aramasın, - istər cavan, istər qoca.

Mən onun üçün hər şey olum. Mən onun əvvəli və keçmişi olum. Mən onun arzusu və gələcəyi olum. Onun bütün yolları mənə doğru gəlsin və mən istəyirəm bu yollar məndə tükənsin.
Məndən o yanda onun üçün həyat olmasın. Bax, mən ondan bunları istəyirəm, mənim ondan tələb etdiklərim bunlardır. Artıq hər şeyimi ona qurban verməyə hazıram. İstəyirsə özümü birbaşa dənizə atım, təyyarədən tullanı\m, - hər şeyə qadirəm. Lakin bilim ki o, mənimdir, məndən başqa heç kəsin olmayacaq. Onu heç kimə verə bilmirəm, nəyi desən paylaşa bilərəm, onu heç kəslə paylaşa bilmərəm.

Onun gülüşü də, baxışı da, oturuşu-duruşu da mənimdir. Aldığı nəfəs də, tələffüz etdiyi sözlər də mənimdir. Ağlayır, iztirab çəkir, - o göz yaşları, iztirablar mənimkidir. Ah... o başdan-başa mənimkidir. Onun ailəsi, atası-anası, qohumları, gələcək uşaqları da mənəm. Onun gələcək uşaqları məndə yerləşib, Xatirə onları əlinə götürmək, öpüb-oxşamaq üçün alışıb yanır. Bizim - onun və mənim həyatımız, gələcəyimiz irəlidədir, - xoşbəxt, sonsuz bir gələcək. Olmaz ki, bir-birini belə ürəkdən sevən adamların gələcəyi olmasın, o gələcək mütləq olacaq. Bəlkə də, o gələcək artıq Tanrı tərəfindən planlaşdırılıb, Tanrı bizi o gələcək üçün sınağa çəkir, bizi o gələcəyə hazırlayır.
Hələliksə...

Axı, o nə üçün hər şeydən imtina edir. Mənim ona aldığım evdən, qaş-daşdan, pal-paltardan imtina edir. Ona elə gəlir ki, mən ehtiras düşgünü sarsaq bir kişiyəm, puldan-paradan istifadə edərək ona sahib olmaq, ondan istifadə etmək istəyirəm. Sonra isə ehtiraslarım soyuyacaq və onu birdəfəlik atacağam.
Ah... anladım... hər şey qanun çərçivəsində olmalıdır - o, bunu istəyir. Qızcığaz ailə qurmaq, uşaq doğmaq istəyir, ana olmaq istəyir. Lap yaxşı... Qoy belə olsun. Bu daha yaxşı, özüm də arxayın olaram. Yoxsa hər gün onu evdə tək qoyub işə gedəndən sonra nələr çəkdiyimi, hansı iztirablar keçirdiyimi bir Allah bilir. Onu daşa-divara belə qısqanıram.

Hər şeyi - ona evlənmək istədiyimi Xatirəyə açıb söyləyirəm. Qızcığaz saralaraq məni dinləyir. Sevinmək, boynuma sarılmaq əvəzinə, bunların mümkün olmadığını deyir.
- Axı nə üçün?
- Sənin ailən, uşaqların.
- Onlar da öz yerində qalacaq, sən də öz yerini tutacaqsan.
- Yox... sənin ictimai mövqeyin.
- Evlənməyin mənim ictimai mövqeyimə əngəli yoxdur.
- Yox.
- Bəs nə?
- ...
- Məni sevmirsən? - ürəyim yerindən çıxmaq istəyir.
- ...
- Sevmirsən?
- Sevirəm... - qorxu ilə pıçıldayır.
... Ah ... qorxu ilə... Nə üçün qorxu ilə. Qorxursa, sevgisi dərin deyil demək, iztirabları dərin deyil, demək. Qısqanclıqdan od tutub yanıram. Qəlbimdə Otellonun ağrılarını hiss edirəm. İçimdə dəli bir istək var; onu ağuşuma almaq və şir kimi parçalamaq...
... Lakin bütün bunlar mənim iztirablarımı azaltmır. Bu mənim çarəsizlikdən əl atdığım vasitədir. Mənə bunlar lazım deyil. Söz verirəm, daha bunlar bu şəkildə təkrar olunmayacaq.

Mənə onun ürəyi, ürəyinin çırpıntıları, məhəbbət söyləmələri lazımdır. Mənə onun məhəbbət üçün tökdüyü göz yaşları lazımdır, ağrıdan tökdüyü göz yaşları yox.
Özümü və onu təhqir olunmuş sayıram. Onun əzilmiş, soluxmuş varlığını seyr edə bilmirəm. Başımı götürüb oradan qaçıram. Hiss edirəm ki, bu dəqiqə Məcnun kimi səhralara düşməyim, boynuma kəfən bağlamağım gəlib. Şəhər - bu bir-birinə yapışmış evlər, bu dar, otsuz-ələfsiz küçələr məni sıxır. İçimdə hayqırmaq istəyən, daşa-qayaya çırpılmaq istəyən qos-qocaman bir şir vurnuxur.
Ah... demək belə... Demək belə... Nə deyirəm razı olmur, boyun qaçırdır. Demək, məni sevmir... məni sevmir... mənlə oyun oynayır. Məqsədi elə əvvəldən bu oyun olub. Özünü naza qoyur.

Ver, hər şeyi, ver, - evi də ver, qızılları da ver, qoy bəzənib özünə təzə, cavan oynaş tapsın. Sən ona lazım deyilsən. Sən əvvəldən ona yaraşmadığını bilməli idin. İndi qızlar çox hiyləgər olublar, varlı-hallı, yaşlı kişiləri ələ keçirir, onlara tələ qururlar, öz məqsədləri üçün onlardan istifadə edirlər. Axmaq qocalar da onlara inanırlar. Kim öz xoşuna, məhəbbət xatirinə, dünya cavan oğlanla dolu olduğu halda, qoca, yaprıxmış kişidən yapışar.

Ah... qoca axmaq, dünyanın başdan-başa yalana büründüyü bu saxta və riyakar dövrdə sən böyük məhəbbətmi gözləyirdin?
Sən xam xəyallaramı düşmüşdün? Bu qönçənin səni sevəcəyinə, yalnız sənin olacağınamı inanmışdın? Böyük məhəbbət... - yoxdur o və heç vaxt da olmayıb.

Lakin... mən də mənəm... Mən imkan verə bilmərəm ki, o mənimlə belə oyun oynasın. Məni əysin, alçaltsın, düşgün və vasvası bir qocaya çevirsin. Mən onu öldürərəm, onu bu əllərimlə boğaram, lakin mənlə oyun oynamağa imkan vermərəm.

Ah, körpə quzum, sən hələ həyatda ağrı-acı görməmisən. Sən bilmirsən ki, sevdiyin tərəfindən sevilməmək, rədd edilmək qorxusu nə deməkdir. Bu acını tezliklə dadacaqsan, yəqin ki, dadacaqsan.

Yox, mən daha ona yalvara bilmərəm, qüruru əyməyin müəyyən həddi var, mən o həddi keçə bilmərəm.

Mənim bütün təkliflərimi rədd edir. Bununla nə demək istəyir? Demək istəyir ki, səhv edib? Mən zorla ona sahib olmuşam? O, bunu istəmirdi? O, məni sevmir, məni xoşlamır? Ona mən yox, bir başqası lazımdır? O, məndən can qurtarmaq istəyir?

Ah... mən bütün bunlara necə dözüm, necə tablayım?

Yox, tablamalıyam. Mən öz kişi xislətimə sadiq qalmalı, zorən ondan güclü olduğumu sübut etdiyim kimi, mənən də güclü olduğumu sübuta yetirməliyəm.

Bəlkə, bu şəhərdən baş götürüm gedim, ucqar bir yerə - kəndə çəkilim, özüm barədə bir iz belə qoymayım. Qoy o, məni axtarsın, arasın, məndən ötrü göz yaşları töksün. Yox, hiss edirəm ki, ayrılığa tabım yoxdur. Onu hər gün görməsəm, ondan xəbər tutmasam, ölərəm.

Bəs nə edim?
Mən hər gün onu görməli, ondan xəbər tutmalıyam. O isə mənim varlığımı hiss etməməlidir. Hələlik yol və məqsəd budur. Görüm nə baş verəcək?

Düz bir həftə səbrlə, mətanətlə dözdüm. Ondan da bir səs-səda çıxmadı. Demək belə, məni heç itirib axtarmır da.Səkkizinci gün onun həmişə istirahət etdiyi yerə - fontanların yanına getdim. Zənnim düz çıxdı, - o, orada idi.
Bir kənarda gizlənib onu seyr etməyə başladım. Çox qəmli və solğun görünürdü. Mənə elə gəldi ki, üz-gözündə damlalar parıldayır, lakin bilmədim onlar göz yaşı idi, yoxsa fontandan sıçrayan su damlaları. Onu seyr edir və daxilən sakitləşirdim, onun dalğın görkəmi mənə ləzzət edirdi.

Birdən bir cavan oğlan ona yaxınlaşdı. Az qala qısqanclıqdan öləcəkdim. Yaxşı ki, tez uzaqlaşdı, yoxsa nə baş verəcəyinə cavabdeh deyildim. Bir azdan o, ayağa durdu və asta addımlarla uzaqlaşdı. Sezdirmədən arxasına düşdüm. Yolda bir mağazaya da girdi, lakin çox ləngimədi, nə isə alıb evə döndü.

Mən də arxayınlaşıb geri döndüm. Axşam o, ayrılığımızdan bəri birinci dəfə mənə zəng vurdu. Telefonu qapadım. Təkrar zəng etmədi. Ah... necə də böyük bir ləzzət... Bax belə, quzu bala, bax belə.
O, yenidən üç gün gözə dəymədi. Dördüncü gün mənim iş yerimə gəldi. Özümü toplayıb onu içəri dəvət etdim, düzü, qapıdan qaytarmağa ürəyim gəlmədi.
O, dinməzcə içəri daxil oldu. Rəngi saralmışdı, gözəl saçları pərişan şəkildə çiyinlərinə dağılmışdı, - lap Leyliyə bənzəyirdi. Nədənsə əhvalımda bir nikbinlik yarandı. Onunsa əlləri həyəcandan titrəyirdi, - əlindəki dəsmalın saçaqlarını oynadanda gördüm.

Söhbətə o başladı.
- Neçə gündür görünmürsüz?
- İş-güc... - zərbəmi vurdum. Üzündə heyrət ifadəsi göründü. Ürəyim dözmədi - bir az xəstə idim.
- Nə olub? - həyəcanlandı.
- Elə bir şey yoxdur, bir az soyuqlamışdım, keçər gedər. - Həddi keçməyə nə ona, nə də özümə imkan vermirəm. Bir az daha əyləşir, nəhayət, getmək istədiyini söyləyir.
- Get.

Təəccüblə mənə baxır və çıxır.
Bax belə, körpə quzu, bax belə...

Aradan bir müddət də ötür. Bu müddət ərzində qəlbimdəki kədərin, iztirabın günbəgün artdığını hiss edirəm. Nəinki özümün, onun çəkdiyi iztirabların da acısını hiss edirəm. Lakin geriyə yol yoxdur. Bu elə belə də olmalıdır. Heç bir eşqin axırı yoxdur, yaxud hər bir eşqin axırı budur. Bax, bu kədər və iztirabdır.

Məhəbbət - tərəflərin bir-birini əvvəlcə cəzb, müəyyən həddən sonra isə inkar etməsidir.
Məhəbbət - oyun oynamaq, özünə və sevdiyinə əzab vermək istəyidir.
Yəqin ki, belədir...

Bu oyın bir neçə ay davam edir. Axır vaxtlar işləyə bilmirəm, fikrim dağılır, hər şeyi unudur, qarışdırıram. Bütün günü, hətta gecəni də onun xəyalı gözümün önündən çəkilmir.
Bəlkə, bunlara son qoyum, o gələndə ağuşuma alım, öpüm, oxşayım.
Bilsəniz bunu necə istəyirəm və bundan necə də qorxuram. Mənə elə gəlir ki, o zaman, həmin an onun mənə olan məhəbbəti əriməyə başlayacaq, yox olacaq.
Bu nədir? Bəlkə, əsəb sarsıntısıdır? Nə oldu, özümə olan inamımı itirməyə başladım. Cavan qızla evlənməkdənmi qorxuram? Mən ki, buna tam razı idim. Aradan nə ötdü, - izah edə bilmirəm.

Lakin situasiyanı dərk edirəm. Mən artıq istədiyimə nail oldum, məhəbbətin zirvəsini fəth etdim. Məhz bu nöqtədə biz bir-birimizi hədsiz sevirik, bir-birimiz üçün ağlayır, iztirab çəkirik. Bir-birimiz üçün göz yaşları tökür, yemir, içmirik. O, məndən ötrü saralır, solur, arxamca gəzir, iş yerimə, otağıma - hara desən gəlir. Bir işarəm kifayətdir ki, ağuşuma atılsın. O, bu dəqiqə peşimandır, belə güclü, qüvvətli, gözəl - mən bunları daxili bir qürurla düşünürəm - eyni zamanda, pullu bir kişini, onun üçün hər şeyə hazır olan, onu sevən və eyni zamanda özünün də sevdiyi bir kişini rədd etməyin əzabını çəkir. Bunlardan əlavə - o, bunları, bəlkə də, dərk etmir - ayrılığın əzabını çəkir və bu ayrılıq onun mənə olan məhəbbətini alovlandırır. Bu necə də gözəldir.

Lakin mən bir centlmen kimi ona təkrar evlənməyi təklif etməliyəm, ürəyim onu belə alçaltmağa tab gətirməz. Həm də o mənim haqqımda pis fikirləşər.
Bəlkə, artıq fikirləşməyə başlayıb. Ağlıma gələn bu fikirdən sarsılıram. Səhəri dirigözlü açıram. Qəlbimi amansız şübhələr gəmirir, mənə elə gəlir ki, artıq gecikmək, nəyisə itirmək üzrəyəm.

Tələsik yuyunur, bir stəkan acı çay içib maşını işə salıram. Onun mənzilinə yetib qapını döyürəm. Heç bir səs-səmir yoxdur. İlahi, nə olur-olsun, qoy mən, əclafı, atsın, unutsun, lakin özünə qəsd etməsin. Yalnız bu olmasın. Mən bu ağrıya dözə bilmərəm, bu ağrını həzm edə bilmərəm. Telefonuna zəng edirəm. Telefonu qapayır. Bir balaca özümə gəlirəm, deməli, sağdır. Tələsik mesaj yazıram: "Məni bağışla, səni sevirəm". Təzədən qapını döyürəm. Heç kim qapını açmır. İstəyirəm qapını qırım, qonşulardan həya edirəm.
Birisi səsə çıxır.
- Sizə kim lazımdır?
- Xatirə.
- O, köçüb gedib. Bu məktubu sizə verməyimi xahiş etdi.

Tələsik konverti alıb açıram. Məktubda yazılmışdı: ”... Sizi sevdiyim üçün təklifinizi qəbul etməyə ürək etmirdim. Elə bilirdim ki, məni tamahkar, hiyləgər qız hesab edərsiniz". Artıq hər şey arxada qalıb. Məni axtarmayın. Onsuz geri dönməyəcəyəm". Əl-ayağım, bütün bədənim əsir. Qonşuya "xudahafiz" belə demədən maşına əyləşirəm. Hara gedim? Onu harada axtarım, harada tapım? Görəsən bu şəhərin hansı küncündə, hansı bucağındadır? Onsuz bu şəhər şəhər yox, cəhənnəmdir ki...

Tələsik universitetə yollanıram, onun oxuduğu fakultənin dekanına yaxınlaşıram. Çox keçmir ki, onun öz hesabına məzüniyyət götürdüyünü öyrənirəm.
Geri dönürəm, gözlərim yaşla dolur, yolu güclə seçirəm. Bu nədir, sən indi arvad kimi göz yaşımı tökəcəksən? İçimdə əyləşmiş kişiyə heyrət edirəm. Maşını saxlayıram, arxaya söykənib gözlərimi yumuram. İçimdə bir boşluq, dibsiz uçurum yarandığını hiss edirəm. Aradan dəqiqələrmi, saatmı ötür, bilmirəm.
- Vətəndaş, özünüzü pis hiss edirsiniz? Sizə nə olub?

Diksinib gözlərimi açıram, qolumdan tutub məni silkələyən polis işçisinə heyrətlə baxıram.
- Bəlkə, düşüb bir dincələsiniz.
- Bir balaca, ürəyim... Keçib gedər. Narahat olmayın, eloğlu. - Özümü toplayıb maşını işə salıram, hətta zorən ona gülümsünməyi də bacarıram.

Beynim uğuldayır. Səbəbsiz yerə bir neçə saat şəhərin küçələrini dolaşdıqdan sonra açıq, yay kafelərindən birinin yanında maşını əyləyirəm.
Bəlkə də bir-iki saat kafedə otururam. Bu müddət ərzində elə hey onu, onun sirli gedişini düşünürəm.
Birdən-birə və sürətlə hər şeyi həll etməsinə, işlərin alınmasına təəccüb edirəm. Bəli bu taledi, bəzən bizi çox şanslı edir, çünki alacağı verəcəklərindən çox olur.
- Çayınızı təzələyim? - Cavan, nazikburun oğlanın səsi məni xəyaldan ayırır. İxtiyarsız ona gülümsəyirəm, onun cavanlığı məndə ona qarşı sirli bir hörmət oyadır. Mənə elə gəlir ki, cavanlarda hələ də saflıq var və onlar hörmətə layiqdirlər.

Stolun üstünə bir beşlik atıb ayağa dururam.
- Xırdanızı...
- Lazım deyil. - Maşına tərəf yollanıram.

Yox, şəhəri boş-boş gəzməyin bir xeyri yoxdur, gedim evə, bir az valokardin içim, uzanım, özümə gəlim. Səhər ayıq başla işə başlayar, onun koordinatlarını axtararam.
Bəs evə necə gedim? Evdəkilərin sualına necə cavab verim. Kimsənin diqqətinə tabım yoxdur. Bu dəqiqə gözlərdən uzaq olmalıyam. Gör bir necə yadıma düşmür. Onun üçün aldığım, onun isə imtina etdiyi evə yollanıram.
Sakitlik mənə ləzzət edir. Heç kim yoxdur. Gözdən, könüldən uzaq bir evdə ağlamaq belə olar. Kimsə xəbər tutmayacaq.
Otaqları, vannanı, mətbəxi dolaşıram. Onun xəyalı məni rahat buraxmır, hara baxıram onu görürəm. Hansı xəyal və arzularla, ümidlərlə yaşadığımı xatırlayıram, özümün özümə yazığım gəlir.
Bəli... o, bu vannada şampunlanıb yuyunmalı, əyninə dizdən yuxarı, çəhrayı xalat geyinməli və bu güzgünün qabağında dayanmalı idi. Mən burada onun çiyinlərini arxadan qucaqlamalı, boynunu, boğazını, sinəsini, yarıaçıq dodaqlarını - hər yerini odlu busələrlə öpməli idim.
... Bax, bu yataq otağı, bu iki adamlıq taxt... O, burada gecələr mənim sinəmdə, qoynuma sıxılaraq yuxulamalı idi.

Günlər nağıl kimi gözəl və cəzbedici keçməli idi. Hər şey nağıllardakı kimi gözəl olmalı idi. Bir gün o utana-utana hamilə olduğunu mənə söyləməli idi. Mən bu xəbərdən sonra özümü göyün yeddinci qatında hiss etməli idim. Bu xəbərdən sonra mən tam rahatlanmalı idim.

Artıq heç bir fikir məni narahat etməyəcəkdi. Mənfur qocalıq haqqında daha düşünməyəcəkdim. Mən heç cavanlıqda belə ehtiraslı deyildim. Onun gəncliyi, gözəlliyi mənim ruhumun qidasıdır. Mən hər gün bir az artıq cavanlaşır, gümrahlaşıram. Bizim görünüşümüzdə olan təzad bizi bir-birimiz üçün daha cəzbedici edir. Mənim azacıq çal düşən saçlarım onun ipək, təravətli tellərinin yanında daha əzəmətli görünür, o mənim yanımda daha qiymətli, dəyərli görünür. Mənim iri, kobud əllərim onun zərif, ağ və hamar, incə çiyinlərini sığallayır, onun incə belində gəzir. Və o mənim geniş köksümdə zərif bir su zanbağına bənzəyir. Qəhər boğazımı tutur, gözlərimdən süzülən iri damlalar yatağın atlas örtüyünə damcılayır. Ah... axşamlar onun qaldıracağı atlas örtük... sən daha nəyə gərəksən axı...
Utanmadan aciz və köməksiz bir qoca kimi ağlayıram.
Eyni zamanda, öz-özümə nifrət edirəm. Bu halıma məhz özüm səbəbkar olduğumu bilirəm. Mən sevgidən nəşələnmək, onu qiymətləndirmək əvəzinə, onu imtahan etmək, ona əzab vermək fikrinə düşdüm. Mən qısqanclıqdan, sevgini bəlkə də nifrətə çevirməyə məcbur etdim. Ya da bunların heç biri deyildi. Mən sevilmək, yenə də sevilmək, dəli kimi sevilmək istəyirdim. Mənim sevgidən ac qəlbim doymaq bilmirdi. Mən elə bilirdim ki, onu iztirablara salmağa, ağlatmağa haqqım var. Mənim aləmimdə sevən sevdiyi üçün hər əzaba dözməli idi. O, mənim dalımca illərlə sürünməli idi. Mənim məhəbbətdən kor qəlbim bizim adət-ənənələrimizi belə unutmuşdu; - qız kişinin dalınca sürünə bilməz. O isə dəfələrlə mənim ayağıma gəldi, demək mümkünsə, arxamca süründü. Mənsə - bu kobud və sarsaq kişi - hər dəfə onu rədd etdim. Onun əzabından nəşələnirdim, iztirabları mənim sevən ürəyimə məlhəm kimi xoş təsir edirdi.

İndi isə özüm bu iztirabların daha acısını çəkməliyəm. İztirabla yanaşı, vicdan əzabı da çəkməliyəm. Qəlbi ilə, canı ilə sənin olan bir qızın halı ilə maraqlanmadan ondan üz çevirmək hansı əxlaq normalarına sığır? Bu hərəkəti edən hansı kişi hörmətlə yad edilər?
Sən, ümumiyyətlə, kişi adına layiq bir işmi tutmusan?
Sən təzədən o qızın gözünə görünə bilərsənmi?
Görünməlisən... Elə əclaf olduğun üçün təzədən ona yalvarmalısan. Təzədən...

Bir 5-10 gün əlləşdikdən sonra bəzi yeni məlumatlar əldə edirəm; o üç illik xaricə - yaxın qohumunun yanına işləməyə gedib. Yerimdə sakitcə dayanaraq bu xəbəri də qarşılayıram. Üzdən, yəqin ki, sakit görünürəm, çünki xəbəri mənə söyləyən adam çox arxayındır. İçimdə isə həmin an, həmin dəqiqə bir uçurum açılır. Uçurumun qaranlığı, vahiməsi, soyuğu, müdhişliyi həmin an bütün vücudumu sarır. Hiss edirəm; artıq hər şeyi birdəfəlik itirdim. Artıq ora-bura vurnuxmağın, tələsməyin bir mənası yoxdur. Küçələrdə veyllənmək də kara gəlməz. Hər şey - bütün ümidlər bir andaca puç oldu. Mən bunu hiss edirdim, bu sevginin taleyini hiss edirdim. Mən hiss edirdim ki, mənim əcəlim bax, elə belə - bu qızla yazılıb. Bu qız elə mənim əcəlimdir.

Mən bu ayrılığa dözməyəcəyəm. Bu ayrılığın hər dəqiqəsi, hər saatı, hər günü mənim üçün bir əsrə, qərinəyə bərabər olacaq. İnsan əsrlərlə, qərinələrlə yaşaya bilməz ki. Mən bu ayrılığı başa vura bilmərəm ki...
Son ümid, son cəhd - onun telefonunu əldə edir, ona zəng edirəm. Sakitcə məni dinləyir, çox soyuq, çox laqeyd şəkildə hər şeyə nöqtə qoyduğunu söyləyir və əlavə edir.
- Bu daha yaxşıdır. Çox sağ olun ki, bu yolu seçdiniz, çünki düzgün olanı budur.

Hər şeyin yaxşı olduğunu, işlədiyini, tamam yeni bir enerji ilə yeni bir həyata başladığını da əlavə edir. Və bir də zəng etməməyimi, özümü və onu narahat etməməyi xahiş edir və dəstəyi asır.

Mən də dəstəyi asıram. Bu dəfə çox sakit, heç bir reaksiya belə göstərmədən iztirablara təslim olur, ayaqlarım altında açılmış cəhənnəmə birdəfəlik vasil oluram.
Proses mən gözlədiyimdən də sürətli gedir. Əvvəlcə xolesterin, sonra insult və daha sonra infarkt. Bunların ardınca uzun sürən yataq rejimləri və sürətlə qocalma. Artıq səhərlər vannada əl-üzümü yuyarkən divardakı güzgüyə baxmağa belə qorxuram, - insan cəmi beş-altı ayın içində nə qədər dəyişərmiş...
Hərdən sevgiyə aid kitabları - Füzulinin, Şekspirin, Hötenin əsərlərini oxuyuram və sevənlərin həmişə müəlliflər tərəfindən öldürülməsinə heyrət etmirəm. Çünki sevdikdən sonra yaşamaq qeyri-mümkündür. Məgər mən yaşayırammı? Məcnunu öldürən Füzuli necə - özü yaşayıbmı?
Mən - Süleyman elə Füzuli kimi yaşayıram. O ümidlə yaşayıram ki, bəlkə o nə vaxtsa geri dönər və mən onun gözünə görünməyə cürət etmədən eləcə gendən-genə onu bir də görərəm...

Top