Fəhm | Azad Qaradərili

Fəhm | Azad Qaradərili

Müdir müavini zəng etdi ki, bu gün iməcilikdir, dava paltarını (yəni fəhlə paltarını) geyin, birbaş sahəyə gəl. İstədim müdirə zəng vurub nəsə uydurum, xəstə olduğumu, ya da arvadın ayağını iməcilikdə əzdiyini (o, tibb bacısıdır, hər şənbə onları da iməciliyə aparırlar) deyib icazə alım. Amma yadıma düşdü ki, ötən həftə arvadın ayağını “sındırmışdım”. Özümün “xəstəliyim” isə keçməmişdi – müdir burnunda danışa-danışa demişdi ki, özüm səndən betərəm, amma görürsən ki, elə tın-tın Xudayara dönmüşəm, amma iməciliyə gedirəm… (Tın-tın Xudayar bizim maarif şöbəsinin təsərrüfat müdiridir, anadangəlmə burnunda danışdığından tın-tın Xudayar deyirlər).
Arvada bəd xəbəri çatdırmağa hazırlaşırdım ki, gördüm o məndən qabaq dava paltarını geyinib, əlində də süpürgəsi qapıdan çıxır.

- Ağız, bəs məni niyə qoyub gedirsən? Mənim dava paltarım…
Sözüm ağzımda qaldı. Qapıdan çıxa-çıxa dedi:
- Yeməyini bağlamışam – iki kartof, iki yumurta, bir baş da soğan… para da çörək. Dava paltarın da yerindədir. Mən qaçdım…

Əşşi, belə də gün-saat olar? Hər həftənin şənbə günü iməcilikdir. Gedirsən, olmur, getmirsən, yenə olmur… Özü də iməcilik də bir iməcilik oila…  Sovetin vaxtında da iməcilik vardı. Pambığa gedərdik, üzüm alağına aparardılar, yol qıraqlarındakı ağacların gövdəsini rəngləyərdik… İndi isə küçələri süpürürük. Mən axı böyük bir maarif şöbəsinin… yox e, təhsil şöbösinin (öz aramızdı, gör neçə illərdi maarif sözünü təhsil sözüynən əvəz eləyiblər, dilimə yatmır ki, yatmır – axı öz adım da Maarifdi) metodkabinetinin müdiriyəm, əməkdar müəlliməm, elmlər namizədiyəm… Əşşi, cəhənnəmə ki! Hamı nə təhər, mən də heylə… Gərək əlli tərpənim, yoxsa yenə gecikəcəm, xiyar əyri bitəcək…

***

Avtobusdan düşən kimi  katibə şığıdı üstümə:
-Maarif müəllim, müdir sənin əlindən bərk hirslənib, tez ol, indi başçı bizi özü yoxlamağa gələcək!

Qaça-qaça gedib asvaltın qırağında öz yerimi tuturam. Çörək bağlamama yer tapıb elə süpürgəmi asvalta təzəcə çalmışdım ki, ictimai təminat şöbəsinin müdir müavini Asya xanım At Balaxanım kimi aldı üstümü:
-Əşi, yaşdı-başdı adamsan, ayıb dəyil!? Sən hələ bilmirsən ora bizim yerimizdir?

Sonra addımlarını aralı-aralı qoyub (elə bu abırnan fikirləşdim ki, birdən ayağının biri sürüşsə, görən nə olar?) on addım sayır və məni onuncu addımına tərəf  basıb çımxırır:
-Arvadına da hörmətim var, bir də bizim teritoriyaya keçmiyəsən!

Ağ günlüklü şapkamı başıma basıb elə süpürgəni təzəcə qarmalamışdım ki, bu dəfə də müdirimiz gəlib çıxdı:
-Eeee, Maarif kişi, sən düzələn deyilsən… Ay qardaş, sən bu idarədə mənimlə bərabər müdir doljnostundasan e, bunu birdəfəlik bilməlisən! Sən gərək digər işçilərdən hələ yarım saat tez gələsən… Amma sən gecikirsən… Özü də o süpürdüyün yer deyəsən axı heç bizim deyil! Dayan, dayan, sən öl bizim deyil… Bura Gənclər idarəsinindi… Çıx, çıx, get Tomanın yanına, qoy sənə yer tapsın… İndi başçının gələn vaxtıdı, sən isə hələ də öz yerini tapmamısan…

Toma, bizim katibədi, Tamaşadı, amma hamı (elə mən də) Toma deyir. Bir dəfə Tamaşa dedim, yudu-sərdi məni ki, mənim adım Tomadı!..
Durmuşam yanında, özünü naza qoyub, hələ mənə bir qırıq asvalt parçası vermir ki, kürüyəm. Tərslikdən, başçının da gələn vaxtıdır. Az qala yalvarıram ona:
-Tomıçka, əmi qurban, vallah sənə bir padarka alacam… Tez mənə bir metr yer ver süpürüm…

Özünü naza qoya-qoya gəlib bizim Musa müəllimin yanında yer eləyir mənə. Musa da mənim kimi müdirdi –filmatekanın müdiri! Bəxtəvər başımıza! Müdir adını biyabır eləmişik… Yaşı yetmişi haxlasa da hələ canısuludu, süpürgəni elə işlədir ki, əlini görmək olmur. Asvaltda süpürgələrin tozanağından qalxan toz dumanı kişini bir hala salıb ki, tanınmaz  şəklə düşüb. ( Toma tez çantasından dəsmal götürüb verir kişiyə, bu da cibindən bir “snikers” şokoladı çıxardıb qızın ovcuna basır. Adətidir, cibindən gah xurma, gah iydə, gah da şokolad çıxardıb xımır-xımır yeyər, cavan qızlara da paylayar.)
-Salam, Musa müəllim, necəsiniz?
-Salam, Maarif… nə təhər olacam, görürsən də halımızı… (Son sözləri pıçıltıynan deyir və Tomanın dəsmalıyla üzünün qan-tərini silir)

Süpürgəni sazlayıb çalıram asvalta, süpürə-süpürə yavaşdan deyirəm:
-Mən bu zəhrimar süpürgəni heç cür rahat işlədə bilmirəm də… Qolumda revmatizm var axı…
-Heç məni demirsən… Duz öldürür e məni… Genə qabaqlar sanatoriyaya-zada putyovka verərdilər, indi süpürgə çəkməkdən ciyarlarıma bir ton toz yığılıb…
-Bu Toma ləçər də mənim günümü göy əsgiyə tutub də… Müdirin sağ əlidi axı, ona görə dilimi tərpədə bilmirəm. Bilirsən də, həm də qəhbəsidi… Yayı da sanatoriyalarda birgə olurlar.

Bilmədiyin sözü danışma. Onun yayın hər adam əlləyə bilməz… Allahın bəlasıdı o… Zəhrimar yaşımın belə yuxarı olmasına görə özümü oda-közə vururam ki, məni işdən çıxartmasınlar… Təzə qaydanı bilirsən də… Sən də o qıznan aranı düzəlt, ailən-uşağın var, dolaşdırıb işdən çıxardarlar, qalarsan məhəttəl… Suyun var, mənim boğazımı toz yandırdı?

Yaxşı ki bir litirlik COLA qabını dağ (biz qaynamış suya belə deyirik) suyla doldurmuşam. Çörək dəsmalımı açıb kişiyə bir stəkan su verirəm. İçib “Çox sağ ol, ölənlərinin ehsanı olsun” deyir və dizini qatlayıb asvaltın qırağında oturur.
-Gör çuğullardan bizə baxan yoxdu, bircə hovur dizimin ağrısın alım, sonra duraram?

Arxamı kişiyə tərəf çevirib “sən işində ol, mən Toma tərəfi tutmuşam” deyib süpürgəni asvalta çəkirəm. Amma heç elə bil Toma bizi görmür. Bir az sonra Musa müəllim də qalxır, süpürgəni götürür. Süpürə-süpürə deyir:
-Hələ pirrifə bir xeyli var… Vaxtı tez aparmaqçün gəl adama bir əhvalat danışaq.
-Nə əhvalat, canım, bu saat mənim kefimin pox dadı verən vaxtıdı… Sən də başlamısan ki…
-İşləyə-işləyə qulağın məndə olsun… Sən cavansan, mən belə şeyləri  çox görmüşəm… Tutulmuşam da, ölüb-ölümdən qayıtmışam da… Yadında saxla, belə şeyinki sözdü, nağıldı, əhvalatdı… Sən axı alimsən, rayonun yeganə elmlər namizədisən. Gərək ağır oturub batman gəlməyi bacarasan. Hə, sənə hardan deyim, mənim cavannıq vaxtlarımdan. Altmışıncı illərin əvvəlləriydi. Təyinatla Şomunlu kəndinə müəllim göndərilmişdim. Səkkiz sinfi olan məktəbin üç sinif otağı, beş nəfər də müəllimi vardı. Direktorumuz Qaryagində it ilində texnikum qurtarmış qoca bir kişi idi. Məktəbə ayda bir dəfə – maaş vaxtı gələr, pullarımızı verər, bizdən alacağını alıb çıxıb gedərdi. Elə hər dəfə də bu sözü təkrarlayardı:
-Musa, bala, bizdə ali təhsilli adam tək sənsən. Gec-tez buranın direktoru da sən olassan. Buranı sənə, səni də allaha tapşırıram…
Müavin ştatı olmadığından mən əslində məktəbin qeyri-rəsmi direktor müavini idim. İcazəyə gələnlər, sözü olanlar, uşağının oxumağından narahat olanlar mənim üstümə qaçardılar…

Bu vaxt Toma biz tərəfə gəlirdi, mən işarə elədim, amma o, “sən başını sal aşağı, işini gör, qulağın məndə olsun” deyib davam elədi:
-Hə, bir qarovulçumuz vardı Rüstəm adında. Bir gün gəldi yanıma ki, bəs gedirik sovetlikdən barama qurdu gətirməyə, maa icazə ver. Dedim get, amma axşam gəl işinin üstünə. Bunu yola salmışdım ki, gördüm kuryerimiz – o vaxt belə deyirdik süpürgəçiyə – Balabəyim arvad gəldi üstümə ki, bəs mən də qurda gedirəm… Day nə deyəsiydim, dedim, get. Bu da getdi və dalıncan arvadın yır-yır yırğalanan götünə baxa-baxa ağzım sulandı. 40-45 yaşlarında olan bu arvadın əri ölmüşdü, iki uşağnan qalmışdı dul. Sağ olsun, direktorumuzu, bunu götürüb işə ki, yenə ayda 69 manat alsın, yetimlərini saxlasın. Amma arvadın yeddi taxta tumanının altından yançaqları silkələndikcə ürəyim deşilirdi. Subay adam, arpa görmüş at kimi arvadı gözlərimlə beş dəqiqədə soyundurdum, hələ altıma yıxıb… sən də bağışla, elə zad eliyirdim ki, zəng vuruldu, uşaqlar urrey deyib tökülüşdülər çölə… Başını ağrıtmıram ki?

Maraqdan ölürdüm, hələ süpürgə çəkməyim də yadımdan çıxmışdı, elə bil ki, göyün yeddi qatında mələklərnən mazaxlaşırdım. Tez dilləndim:
-Yyyox, yox. Maraqlıdır, danışın.
-Maa bir qurtum da su ver.
Suyu içə-içə başladı:
-Axşam kəndə xəbər yayıldı ki, bəs Balabəyim arvad Nəhmət kişiyə ərə gedib. Bu cəhənnəmə, Nəhmədin xırda qardaşı Əhməd də havalanmışdı bu xəbərdən sonra… Hə, sən bu Əhməd-Nəhməd məsələsindən gərək əməlli xəbərdar olasan ki, işin nə yerdə olduğun yaxşı anlayasan… Orda nə hay-küydü, niyə qarışıqlıq düşdü?

Mən də səs-küy gələn tərəfə baxdım və gördüm ki, başçının maşını görünən kimi adamlar o tərəfə hərəkətə keçdilər. Amma bu vaxt yüzəcən polis – elə bil yerdən çıxdı – camaatı itələyib başçının maşınına tərəf   gedən yolu kəsdilər. Başçı maşından düşdü, yanına buraxılmış ona yaxın adamla bir-iki kəlmə kəsdi, sonra asvaltı süpürən müəllimlərə, həkimlərə, digər büdcə təşkilatının işçilərinə ötəri nəzər salıb, əl eləyə-eləyə maşınına minib çıxıb getdi. Musa müəllim dodaqaltı “ay axmaq müsəlman, bilirlər ki, o gələn səmtə, onunla görüşə ancaq təyinatlı adamlar buraxılır, yenə irəli cumurlar” deyib, alnına yapışmış sapsarı palçığı (tərlə toz qatışıb palçıq əmələ gətirmişdi) bayaq Toma verən dəsmalla silib başladı əhvalatın ardını danışmağa:

-Hə, indi danışdıqlarımı qarovulçumuz Rüstəmdən eşitmişəm, çünki Balabəyim day işə gəlmədi… Deyir, Əhmədin arvadı ölübmüş, üç zılğa balası da qalıbmış əllərdə. Kolxozda suçu işləyən Əhmədin heylə gəliri olmasa da, ac da deyildi. Yaxşı mal-qarası, sürüynən davarı, toyuğu, hinduşkası vardı. Amma arvadı öləndən ev təsərrüfatı batıb gedirdi. Kişi əlimyandıda arvad axtarırdı. Hadisədən bir gün qabaq qardaşı Nəhmədə dilək diləyib ki, sən gör Balabəyimi danışdıra bilərsənmi, mənim ev-eşiyim, körpələrim yiyəsizlikdən batıb gedir axı… Gör, maa gələrsə, alım onu?.. Nəhmədin də arvadı illər xəstəsiydi. On ilə yaxındı ki, arvadlar demiş, yorğanıyla əriyir, döşəyiylə çürüyürdü… Onun uşaqları böyük olsa da, evi evlikdən düşürdü, arvad gərəkdi… Amma arvadı sağ olduğundan, bir şey eliyə bilmirmiş… Hə, bu Nəhməd ki var, kəndparanın dəlləyiydi, baş qırxırdı, bu bir, ikincisi də, oğlan uşaqlarını da sünnət eləyib, yaxşıca pul qazanırdı. Üçüncüsü də vardı ki, bu Nəhməd, kəndçilərinin sözü olmasın, çox aynaq adam idi, yeriyənnən yumaq asardı, bədahətən qoşma, gəraylı deməyi vardı, toylarda zurnaçıların, balabançıların dəmçisi olar, ordan da pul götürərdi. Xüləsey ki, bunun əli isti idi. Özü də kəndin o biri kişiləri kimi işləməkdən illacdan düşməmişdi, yanaqlarından qan damırdı. Qardaşı Əhməddən səkkiz yaş böyük olsa da, ondan cavan görünürdü… Hə, Rüstəm deyir ki, bəs axşam tərəfi QAZ-51 maşınla qurdu gətirəndə Nəhməd Balabəyimi yanlayır, əhvalatı danışır. Ki, bəs Əhməd səni istəyir, uşaqları düzdə qalıb, ev-eşiyi əldən gedir, arvad gəzir, özü də yıxılıb-durmuşun, sənin kimi mamılı-matanın istiyir. İndi bax, bu mən, o da Əhməd… Balabəyim də ki, allahın bəlasıymış də! Qayıdır ki, elə sənin də uşaqların, ev-eşiyin yiyəsizdi… Ona qalsa, sənə də arvad lazımdı… Nəhməd deyir ki, nə bilim vallah, sən Əhmədi də görürsən, məni də… Arvad sözə bəndmiş, qurdu Nəhmədin qurdu ilə qatır…

Bu vaxt Toma bizə yaxınlaşıb dedi ki, bir azdan günorta yeməyinə çıxacaqlar, Mustafa müəllim dedi ki, ora-bura dağılışmayın, yeməyi də bir-bikir yeyin. Musa müəllim bığaltı gülüb “kolxoz uşağı, kolxoz” dedi və süpürgəsini asvaltda sürüyə-sürüyə sözünə davam elədi:

-Rüstəmdən soruşdum ki, bəs Əhməd niyə havalanıb axı? Kənddə nə çoxdu dul arvad, hələ qarımış qız? Balabəyim nə matah şeydi ki, Əhmədi havalandırır? Bax, mən bunun nə qədər doğru olduğunu bilmirəm, amma yalançılar sözü, deyir, Əhməd əhvalatı eşidən kimi tüfəngi götürüb cumur Nəhmədin evinə ki, ikisini də öldürsün. Nəhməd çıxır çölə, Əhməd tüfəngi üzünə tutub deyir ki, sən biqeyrətsən, qardaşının adını tutduğu qadınla qurdu qatmısan!.. Sənin qanın halaldı, kəlmeyi-şəhadətini oxu, səni də, o qancığı da öldürəcəm!.. Nəhməd qayıdır ki, sən düz deyirsən, amma birin bilirsən, birin bilmirsın. Qardaşı qayıdır ki:

-Nədi o bilmədiyim, de bilək?!
Nəhməd deyir:
-Yox, bunu mən ancaq sənin qulağına deyə bilərəm.
Razılaşırlar. Camaat aralanır bir tərəfə, qardaşlar bir-birinə yaxınlaşırlar. Nəhməd Əhmədin qulağına nə deyirsə, Əhməd “off!” deyib dad çəkir, sonra da üzünü Balabəyimə tutub deyir:
-Belədi?

Şalının ucuyla yaşmaqlanan (gəlin olmuşdu axı) Balabəyim başını tərpədir, yəni “hə”. Əhməd tüfəngini işıq dirəyinə çırpıb sındırır, sonra baş götürüb gedir meşəyə… Musa müəllim üzünü mənə tuitub güldü, sonra bic-bic göz vurdu:
-Səncə, Nəhməd Əhmədə nə dedi?
Mən üzümə yapışan sapsarı palçığı silə-silə kəkələdim:
-Vallah, nə-nə deyim?.. Qəliz məsələdi…

Toma uzaqdan bizə tərəf götürüldü, ikimizi də başdan-ayağa süzüb dedi:
-Sizə şad xəbərim var… İstədiyiniz yerdə pirrif eliyə bilərsiniz… amma bir şərtnən?
-Nə şərt? – Musa müəllim dilləndi.
-Maaşda mənim padarkamı hazır eləməlisiniz… Bir də müdir başçıynan yeməyə getdi… Günorta yeməyindən sonra, hiss olunmadan aradan çıxarsınız… Amma bunu sizə mən deməmişəm ha…

***

Bir butulka arağı ikimiz boşaltsaq da, Musa müəllim yenə içmək istəyirdi. Nahar fasiləsi bitmiş, camaat yenə asvalta qayıtmışdı. Səhərki kimi olmasa da hər halda iməcilik davam edirdi. Musa müəllim isə ayağını dirəmişdi ki, gərək bir “çubuş” alaq. Tərs kimi məndə pul qalmamışdı. Onun da cibindəki qəpik-quruşa “çubuş” düşmürdü. Birdən kişi dikəldi, məni altdan yuxarı süzüb dedi:
-Məncə, sənə güvənmək olar… Ruslar deyir ki, doveryay, proveryay… Mən  özünün bilmədiyin məkanda, zamanda səni sınaqdan çıxartmışam. Nəysə, get Tomanın yanına, de ki, Musa müəllimə bir az pul lazımdır… Yerin deşiyindən də olsa tapıb verəcəy… Al, dön maqazinə, araq da al, mineral su da, gəl vuraq…

***

Müdiri işdən çıxardıblar. Başçı da dəyişib. Musa müəllim Tomayla evlənib. (Özü də indi işləməyə qoymur. Hələ onu da deyim ki, bir oğlanları da olub.) Bu yaxınlarda yenə iməcilik idi. İndi yol qırağında ağac əkməliydik. Mən özüm öz günorta yeməyimi bağlayıram – soğan da qoyuram, Musa müəllimlə bir araq içəcəyik axı. Hə, lap yadımdan çıxmışdı, bizim arvad da məni qoyub çıxıb gedib şəhərə, böyük oğlumuzgildə qalır. Soruşublar ki, illər uzunu bir yastığa baş qoyduğun adamı niyə tərgidib gəlmisən rayon yerində? Cavab verib ki, onun fəhmi yoxdu. Mən nə qədər kitab oxudum, nə qədər elmi işlə məşqul oldum, vallah bu fəhm deyən şeyin kişinin harasında  olduğunu bilmədim. (Baxmayaraq ki, Əli Fəhmi adlı alimdən də dərs almışam)

Bir gün bunu Musa müəllimdən soruşdum, gülüb dedi ki, fəhm ayıqlıqdı – bura daxildi ağıl, risk, bir də ürək… Gərək adamın ürəyi atsın! Ürək ki, atmadı, adam olar bir parça ət… Bax, bizim Toma bir gün gəldi yanıma ki, bəs müdir mənnən düz dolanmır, mənnən  kəsir. Girdim yanına, dedim ki, müdir, siz mənim oğlum yerindəsiniz, amma kişi adamsan, bilirəm ki, nə dediyimi anlayassınız. Mənim arvadım rəhmətə gedib, uşaqlarımı yer-yurd eləsəm də, özümə qadın lazımdır. Sizin katibəniz Tamaşayla allahın rizasıyla biz bir müddətdir ki, yaxınlıq eləmişik. İndi evlənmək istiyirik. Bizə xeyir-dua ver… Gəldi yanıma, əlimi sıxıb dedi təbrik eləyirəm! Sizə maarifin hesabından bir ev də mənim boynuma!.. Bax, belə… İncimə, elmi iş yazmağnan, asvalt süpürməynən fəhm bir arada ola bilmir…

Sonra üzünü mənə tutub gülümsündü:
-Sən mənə bir əhvalat borclusan haaa… Amma de görüm arvadını heç qısqandınmı?
Mən boynumu qoydum çiynimin üstünə:
-A Musa müəllim, başına dönüm, mən onu niyə qısqanmalıydım, kimə qısqanmalıydım?
-Bəs özün necə, heç bircə dəfə ayrı qadınla yaxınlıq elədinmi?
-Ay tövbə! Mən namuslu adamam, mən… mən…

Musa müəllim elə bil bir az da cavanlaşdı, şövqlə dedi:
-Qadınlar həddən artıq namuslu kişiləri sevməz… Onlar bir az,  türklər demiş, çapqın kişilərdən xoşlanarlar… Yaxşı, oxuduqlarından sabah mənə bir əhvalat danışacaqsan… Borclusan axı…
Mənim isə nə əhvalat danışası halım vardı… nə də fəhmim. Gedirəm dəmiryol vağzalına – qatara bilet alıb Bakıya gedəcəm. Bizim arvadın qulağına deyiləsi bircə kəlmə sözüm var.

22 avqust 2011.
Top