İki ildən bəri canından çıxmaq bilməyən, onu haldan salan ağrılar ya azalmışdı, ya da bu ağrılara vərdiş etdiyindəndi - nədəndi, daha dözümlü olmuşdu. Hələ hərdən huşa gedəndə şirin yuxular da görə bilirdi. Bir-birinə oxşayan, bir-birinin davamı olan yuxularında ömrünün ən gözəl illəri, həsrətində olduğu doğma yerlər onu çağırır, xəyalını qanadlandırır, ürəyini titrədirdi. Bu iki ildə yastığının dibindən aralanmayan vəfalı ömür-gün yoldaşı huşdan ayılanda nəvazişlə:
Kəsiblər önümüzü,
- A kişi, deyəsən yuxulamışdın, yaxşı yuxu da görürdün, eləmi? - soruşanda təəccübləndi:
- Hardan bildin, ay arvad?
- Üzünə nur gəlib, işıqlar oynaşırdı.
- Arvad, bilirsən haralara getmişdim?
- Haralara, ay Hüseyn?
- Şahbulağa, Qara Pirimə, evimizə.
- Başıma xeyir, bu kişi deyəsən azardan sayıqlayır.
- Yox, ay arvad, sayıqlamıram, düz deyirəm. Rəhmətlik anam, qardaşlarım qabağıma çıxdılar, harda qalmısınız, niyə ev-eşiyinizə yığışmırsınız, deyib məni məzəmmətlədilər də.
Səriyyənin köksündən dərin bir ah qopdu, yaylığının ucunu gözlərinə basıb hıçqırdı:
- Ay Hüseyn, yəqin ruhlar gəlib yurd-yuvanı boş görüb kədərlənirlər, bizi də qınayırlar. Deyir, ruhlar boş ocağı xoşlamırlar.
Hüseyn kişi yanıqlı-yanıqlı ufuldadı:
- Ay arvad, yenə onlar bizdən xoşbəxtdirlər. Boş da olsa heç olmasa o ocaqlara, yurda dönə bilirlər. Biz isə yana-yana qalmışıq, həsrət əhədimizi kəsib, ölə də bilmirik.
Ağrının gücündənmi, həsrətin göynəyindənmi Hüseyn kişinin bət-bənizi avazıdı, dodaqları titrədi, gözlərində yaş gilələndi. Səriyyə kişinin halsızlığını görüb söhbəti uzatmadı. Xəyal onu uzaq, yaxın keçmişə apardı. Gənclik illəri, Hüseynin onu istəməsi, evlənmələri, uşaqlarının dünyaya gəlişi, böyümələri xəyalında canlandıqca üzünə-gözünə nur yayılır, xoşbəxt günlərinin xoş xatirələrindən qəlbində şirin bir gizilti yaranırdı. Ev-eşiklərini atıb kənddən çıxdıqları günün acı xatirəsi xoş giziltini xəncər yarasının nəfəs kəsici ağrısı ilə əvəz etdi. O dəhşətli anlar nə gözlərindən çəkilir, nə də xəyalından silinirdi. Fikirləşdikcə özlərinə də acığı tuturdu: Niyə bu qədər saf, sadəlövh olduq axı, ən qəddar düşmənimizi içimizə soxduq, süfrəmizin başında oturtduq... Heç yadından çıxmırdı. Evlərini təzə tikdirib, sahmanlamışdılar. İki göz istəyirdi tamaşa eləsin. Payızın ilk ayı idi. Bağ-bağat mer-meyvə ilə aşıb-daşırdı. Meyvələrin ətri gül-çiçəyin ətrinə qarışmışdı. Sərin payız havası, göz oxşayan gözəllik qəlbi riqqətə gətirirdi.
Qarabağın ermənilər yaşayan kəndlərindən dəstə-dəstə ermənilər qapı-qapı gəzib meyvə alır, aparıb bazarda satırdılar. İki erməni də Səriyyəgilin həyətində üzüm alırdı. Onlardan biri heyran-heyran evlərə baxıb başını buladı:
- Ay ağılsız musurman, neynirdin bu şkolnunu tikdirib?
Hüseyn kişi əsəbi-əsəbi:
- A kişi, sənin nəyinə lazımdır, meyvəni al, çıx get-dedi. Səriyyə isə izahat verirmiş kimi söyləndi:
- Bir çətən külfətik, uşaqların yarısı şəhərdədir, gələndə rahat olsunlar, yaxşı yaşasınlar deyə neçə ildir əzab-əziyyət çəkib tikdirmişik, niyə ağılsız oluruq axı?
Erməni isə sakitcə, əmin-arxayın:
- Mən bir söz idi dedim, sonra başa düşərsiz. Mənim bu sözümü hələ çox xatırlayacaqsınız - deyib həyətdən çıxdı.
Doğrudan da o ermənini tez-tez xatırladılar, o vaxt nə demək istədiyini də başa düşdülər, amma əl hara çatasıdır ki? Atalar haray bu başdan deyiblər. O başdan isə haray salmağı ağılları kəsmədi. Erməni ona görə deyib ki, müsəlmanın sonrakı ağlı məndə olaydı. Bəzən sonrakı ağıl da işə yaramır, xeyir vermir.
Hüseyn kişinin iniltisi Səriyyəni xəyaldan ayırdı. Atalarının səsinə o biri otaqdan qızlar da gəldi. Hərəsi bir tərəfdən atalarının üstünə əyilib əlini əllərinə alıb oxşamağa başladılar:
- Dədə, niyə elə eliyirsən, haran ağrıyır?
- Evimizə gedək, evimizi istəyirəm...
Atalarının bu istəyi qarşısında aciz qalan qızlar sızıldaşdılar:
- Evi yıxılsın, tifağı dağılsın erməninin, neyliyək, ay Allah?
Səriyyə qızlarına təpindi:
- Ay qız, durun gedin işinizlə məşğul olun. Neçə gündür evinizi, ailənizi atıb kəsdirmisiz kişinin yanını. Sizin ona bir köməyiniz, xeyriniz yoxdur, gedin ailənizin içinə.
Qızlar analarının sözündən çıxmadılar, könülsüz də olsa ağlaya-ağlaya otaqdan çıxdılar. Onsuz da uzağa getmirdilər. Nəsillikcə bir uşaq bağçasının dar otaqlarında məskunlaşmışdılar. Hüseyn kişi isə evimizə gedək, deyə hey zarıyırdı. Səriyyə nə fikirləşdisə, küncdəki sandığı açdı, ordan bir topa açar çıxardı. Açar tutan əlləri titrəyirdi. Neçə illik zəhmətinin, bütov bir ömürdə qazandıqlarının və itirdiklərinin nişanəsi idi əlində tutduğu. O qaçaqaçda evlərin qapısını bağlayıb, açarlarını qoynunda gətirmişdi Bakıya. Sanki bu bir topa açar kəndlərinə, zillətlə tikib, içində doyunca yaşamadığı evlərinə qayıdışın zəmanəti idi. Ona elə gəlirdi ki, açarları itirsə ümidini itirəcək. Açarları Hüseyn kişinin ovcuna basdı:
- Ay kişi, al, evimizin açarlarıdır, uşaqlar maşın gətirir, indi gedirik evimizə.
Kişinin göz qapaqları titrədi, açarları ovcunda bərk-bərk sıxdı. Dodaqları:
- Şükür sənə, İlahi! - sözlərini güclə pıçıldadı.
Səriyyə iki aydan bəri ağrıların pəncəsində can çəkişən kişinin rahatlıqla canını tapşırdığını, quş kimi uçduğunu görüb gəlinini hayladı:
- A qızım, uşaqlara xəbər elə gəlsinlər, kişi keçindi.
Sonra öz əlləri ilə 50 illik ömür-gün yoldaşının çənəsini bağladı, qapalı gözlərini sığadı, alnından öpüb, rəhmət dilədi. Ovcunda sıxdığı açarları almaq istəyəndə gördü ki, kişinin barmaqları kilidlənib, açmağa gücü çatmadı. Ucadan bir bayatı çağırıb ağladı:
Eşidin ünümüzü.
Öldük yurd həsrətindən,
Tanrım, gör günümüzü.