Heç bilmirəm, söhbətə haradan başlayım? Yaxşısı budur, qoy elə əvvəldən deyim. Məsələ belə olmuşdur: təhsilimi başa vuran ili məni təyinatla ucqar rayonların birindəki ucqar bir kənd məktəbinə göndərdilər. Ölkəmizdəki bütün məktəblər kimi, həmin təhsil ocağı da çox qabaqcıl bir müəssisədir. Amma orada ixtisasım üzrə mənə iş tapılmadı ki, tapılmadı. Direktor üzümə baxıb dedi:
- Ə, bala, ədəbiyyat dərsi qalmayıb, bəlkə sənə tarix verək...
Mən razılaşmalı oldum. Çarəm nə idi ki?
Direktor dedi:
- E-e-e... Ə, bala, bura bax, əslində, məndə heç tarix dərsi də yoxdur. Sadəcə olaraq, tarix müəlliməm dekretə çıxıb, hələlik onun dərslərini müvəqqəti verirəm sənə. Bir də ki, elə tarix də ədəbiyyat kimi bir şeydir də...
Beləliklə, mən əmək fəaliyyətinə dekret yerinə işləməklə başladım. Tarixçi dili yüyrək olar: ay ötdü, həftə keçdi, dekret vaxtı başa çatdı. Tarix müəlliməsi təzədən işə çıxası oldu.
Direktor məni yanına çağırıb dedi:
- E-e-e... Ə, bala, sən innən sonra coğrafiya dərsi deyəcəksən. Əslində, elə coğrafiya da tarix-ədəbiyyat kimi bir şeydir. Nə fərqi var ki?..
Mən qolumu çırmayıb coğrafiya öyrənməli oldum.
Bir müddət keçdi. Coğrafiya müəlliməsi dekretdən qayıdıb işə başladı. Dərslər əlimdən çıxdı. Deyəsən, ta dekretə çıxan yox idi. Düzünü deyim ki, gözüm qadınların üzündə qalmışdı. Allaha yalvarırdım ki, bir dekretə çıxan olsun.
Nəhayət, tapıldı!.. Bədən tərbiyəsi müəlliməsi dekretə çıxdı. Təbii ki, bir azdan o da işə qayıdacaqdı. Yüz faiz əmin idim ki, mənə öz ixtisasım üzrə yenə dərs olmayacaqdı. Çünki mənim həmkarım- ədəbiyyat müəlliməsi yaşı altmışı keçmiş qadın idi. Üstəlik də, əri yox idi, o, heç yerli-dibli ərdə olmamışdı. Əri olmayanınsa, mən bilən, uşağı da ola bilməz. Zalım qızı heç ərə getməyə də hazırlaşmırdı. Məhz buna görə də mən işimi ehtiyatlı tutmalı idim. Fəal həyat mövqeyi seçdim: artıq öz məktəbimizdə və eləcə də qonşu məktəblərdə pedaqoji kollektivlərdə ailə qurmağın, evlənməyin, çoxuşaqlılığın əhəmiyyəti barədə təbliğat kampaniyası aparmağa başladım. Mənim demoqrafik təbliğatım tezliklə öz bəhrəsini verdi: kollektivimizdəki subay qadınların hamısı ailə qurdu. Hətta, ərdən boşanmış və bir daha ərə getmək istəməyən- kişilərə genetik nifrət edən, dilindən daim zəhər tökülən bir qadınımız da mənim təbliğatım sayəsində özü kimi mərifətli bir insanla izdivac yapdı. Pəh!Pəh!... Bir gəlib bizim məktəbə baş çəkəydiniz! Qadınlarımızın əksəriyyəti... hər il dekretə hazırlaşırdı.
Dekret yerində işləməyimin bir xeyri də bu oldu ki, mən bütün elmləri əməlli-başlı öyrəndim. Çünki mən tez-tez ixtisasımı dəyişməli olurdum. Kimya (əlilə sanki reaksiya aparır), astronomiya (göyü göstərir), rəsmxətt (barmağı ilə xətt çəkir), nəğmə dərsləri üzrə (jest və mimika ilə "nəğmə" "oxuyur") ixtisaslaşdım. Əslində, elə həmin ixtisaslar da ədəbiyyat və ya tarix kimi bir şeydir. Nə isə... Oldum ensiklopedik, universal, intellektual bir adam! İndi elmin heç bir sahəsində mənimlə mübahisə edə biləcək bir kimsə yoxdur! Əgər varsa, buyurub çıxsın irəli. Burasını da deyim ki, elə bütün elmlər bir-birinin eynidir.
Sağ olsun qadınlar! Mən hələ də dekret yerindəyəm.