O, özünə məxsus tərzdə, yavaş-yavaş tərpənirdi. Hərdən bədənindən çox da fərqlənməyən boynunu uzadıb, minnətli - minnətli mənə baxırdı. Elə mən də ondan geri qalmırdım, onu kinayəli şəkildə süzürdüm. Sonra yenə də çalışırdım diqqətimi güzgüyə cəmləyim. Amma əlim də, diqqətim kimi tez - tez yayınırdı.
Bayaqdan gücənərək qorxa-qorxa qabından çıxmaq istəyən ilbiz də, mənim gözümə çəkdiyim qara qələm kimi düpbədüz üzüqoylu uzanıb. Az qala gözümə girəcəkdi. Evin tinlərində axşamdan qurulmuş tələlər isə bütün əsəblərimi tarıma çəkirdi. Evdə siçan da var idi. Amma nədənsə tələlər həmişə boş qalırdı. Birdən güzgüdən, məndən arxada küncdəki tələni gördüm. Bir addım geriyə getsəydim, böyük gövdəmin çox kiçik hissəsi tələyə düşə bilərdi. Ani olaraq keçirdiyim hiss məni sarsıtdı. Deyəsən biz özümüz tələnin ən böyük gözündəyik. Hirslə ayağa qalxıb, bayaqdan gözlərimlə əzizlədiyim güzgünü yerə çırpmaq istədim. Ondan başqa güzgüm olmadığından özümü saxladım. İmkanım olsa idi, hər səhər bir güzgü sındırardım... Bütün bu hisslər məndə şəhərdən kəndə köçəndən sonra başladı. Biz şəhərdə yaşaya bilmədik. Həyat bizi yuvarlaya-yuvarlaya yaşayıb, böyüdüyümüz mühitdən - şəhərdən kəndə itələdi. Bu gün sulu qar yağırdı. Göydən yağan buzlu su şüşə kimi adamın üzünü kəsirdi. Başımı köhnə şalla sarıyıb, rezin çəkmələri geyinib həyətə, uşaqların oyuncaqlarını, yuyub sərdiyim paltarları yığmağa qaçdım. Buzlu su üzümü kəsik-kəsik edirdi. Yerdəki palçıq yeriyəndə adamın başına qədər sıçrayır. Ən çətin anlarımda, həmçinin, ən şaxtalı gündə, elə havanın da gərgin vaxtlarında həmişə - atamı, anamı düşünürəm. Niyə görən mən onlara lazım olmamışam? Görəsən onlar indi haralardadır? Kim bilir, bəlkə də onlar indi isti evlərində oturub, istidən bişən uşaqlarını, yaxud nəvələrini yağışı, qarı görüb daha da qalın geyindirirlər. Bir fikrim isə ömrüm boyu qəlbimi dəlik -deşik edib: mən onların görən hansı məqamında yadlarına düşürəm? Yaxud heç yadlarına düşürəmmi? Hər ikimiz universiteti fərqlənmə diplomu ilə bitirmişdik. Tələbəlik illərində geyindiyimiz nərmənazik forslu əyin-başımızdan əsər-əlamət qalmamışdı. İndiki paltarlarımız isə bu evin yiyələrinin idi. Onlar əsil kəndçi idilər, kəndin hər dövrünə və işinə aid hər şey var idi evdə. Evin yiyələri tələbə yoldaşımızın uzaq qohumları idi. Onlar cuhud idilər. Sonradan hansısa Amerikalı pul göndərərək şəhərə köçürmüşdü. Cuhud da cuhud idi ha, evini bizə bağışlamamışdı. Dedi ki, gedin qalın, həyət-bacamı səliqədə saxlayın, hərdən gəlib baxacam. Amma, o gedən, getmişdi. Beləcə, onlar şəhərə köçmüşdülər, biz isə kəndə... Yəqin ki, bizim də ailəmiz, valideynlərimiz olsaydı, həyatımız belə olmazdı. Biz uşaq evində böyümüşdük. Hansı səbəblər ucbatından, bu məqamda maraqlı deyil. Nəticə etibarı ilə biz iki yetim idik. Həyatımızın ən böyük uğuru ali məktəbə qəbul olub, yiyəsiz olsaq da, təhsili başa vura bilməyimiz və əkizlərimiz idi. Biz biri-birimizi atmamağa söz vermişdik. Yetimxana uşaqlarının yeganə ümid yeri idi ali təhsil. Yalnız tələbə olduqda yataxanada qala bilərdik. Yüzlərlə on yeddi yaşlı gənc oğlan və qızlarımız şəhərin bom-boz küçələrinə, şüşə kimi keçilməz həyatına tökülüb. Onların gələcəyin günahsız cinayətkarına, məsum əxlaqsızlarına çevrilə biləcəkləri heç kəsi düşündürmür. Yetim uşaqlara ən doğma yer pəncərələrin qıraqları idi. Saatlarla yola baxardıq. Allahın ən böyük möcüzəsi kimi, kiminsə çox böyük məhəbbətlə bir gün mən sənin ananam, yaxud atanam deyərək, pəncərədən işarə etməsini gözləyirdik. Gecə-gündüz bir otaqda yaşamaq çox usandırıcı idi. Özüm üçün uydurduğum nağıllar isə məni həsrətlə çırpınmağa sövq edirdi. Hərdən kiminsə həyatını borc alıb, yaşamaq istəyirdim. Uşaq evinin həyətində yağış, qar yağan kimi, yerdə iri-iri gölməçələr əmələ gəlirdi. Hərdən o gölməçələrə baxanda, təsəvvür edirdim ki, mən atamla baxçaya, məktəbə tələsə-tələsə getsəydim, atam məni çiyninə aşırıb, hoppana-hoppana gedərdi. Mən də başımı əlçatmaz dağların zirvəsinə qoyurmuş kimi, dünyadan bixəbər ağzımın suyunu atamın çiynindən ürəyinə axıdardım. Təsəvvürümdə canlandırdığım atalı, analı həyat isə uşaqların çubuqla üfürdüyü sabun köpüyü kimi qısa bir müddətdə yox olub gedərdi. Təəssüf ki, bizim yaşadığımız evin xəyal qurmağa heç pəncərəsi də yox idi. Bir gün qonşulardan biri mənim müəllim olduğumu bilib, evinə çağırdı. Yol boyu uşağından danışdı. Başa düşdüm ki, uşağın dərsinə kömək etmək lazımdır. Qonşu həvəslə mənə evini həyət-bacasını göstərdi. Evdə tanış səs var idi. Evi gəzməyə, səsin dalınca getməyə başladım. Arvad utana-utana - ora keçməyin, narahat olarsınız, - deyə məni saxlamağa çalışdı. Mən getdikcə doğmalaşan səsin gücü ilə arvadı itələyib, qapını açdım. Otaqda gözləmədiyim mənzərə ilə qarşılaşdım. Əlil arabasında şikəst bir uşaq arabanı irəli-geri sürərək, inildəyirdi. Deməli, hər gecə mənim eşitdiyim vaqon səsləri bu imiş. Anası, əlbəttə ki, məni başa düşmədi. Sən demə uşaq bütün günü yatırmış ki, yaşıdlarının necə atılıb-düşdüyünü, məktəbə gəlib-getmələrini görməsin. Gecələr isə yuxusu qaçdığından, sübhədək oyaq qalırmış. Mən həmin gecəni ümumiyyətlə yata bilmədim. Əlil uşağın fikri səhərədək vaqonlarda taqqıldıyaraq gedən sərnişindən betər oldu. O gündən etibarən əlil uşağı öz uşaqlarımdan ayırmadım. Uşaq gündüzləri dərs oxuyur, çalışır, gecələri isə yorulub hamı kimi yatırdı. Beləcə biz də artıq on dörd ilimizi geridə qoymuşduq. Kəndə gəldiyimiz ilk gündən bu günədək yalnız bir həyat eşqi ilə yaşamışıq - şəhərə dönəcəyik. Hər dəfə o dönüşü bir şəkildə təsəvvür edirdik. Və o gün artıq burnumuzun ucunda idi. Quba yolunun yarısında, təxminən Siyəzən rayonu ərazisində Beşbarmaq şəklində "Xızır-Zində" ocağı yerləşir. Buradan keçən yolçular maşınları saxlayıb, nəzir qoyub, dua edirlər. Biz, ümumiyyətlə, heç bir rayona getməmişdik. On yeddi il yetimxanada, yeddi il yataxanada qalmışdıq. Ona görə də rayon, kənd, pir, ocaq haqqında anlayışlarımız çox az idi. Dağa çatanda bütün sərnişinlər avtobusu tərk etmişdi. Bizi anlaşılmazlıq bürümüşdü. Düşdüyümüz yerdə təxminən yeddi-səkkiz bulaq var idi. Qadınlardan biri - nə durmusan, ay gəlin, Xızır-Zində babadan gələn sudur, çək uşaqların üzünə. Rəvayətə görə, bu pir sağdır, hamısını görür, eşidir. Yadımdadır, onda mən əlimi göyə açıb, Allahdan bu pirin eşqinə bizə kömək olmasını və nə vaxtsa yenidən şəhərə qayıtmağımızı dilədim. Çünki, bizim kimi yiyəsiz gənclərin tanımadığımız, ucqar yerlərə getməyimiz, bizi daha da yetimləşdirirdi. Allaha çox şükür ki, bizim səsimizi eşitdi. Yalnız sonrasını... nə isə. Sevincdən ürəyimiz partlayırdı. On dörd il öncə çıxdığımız şəhərə sarı üz tutmuşduq. Hər şey çox dəyişmişdi. Şəhər yağışdan sonra çıxan göbələk kimi hündür mərtəbəli binalar, uzun-uzadı yerüstü, yeraltı körpülər, tunellərlə bəzənmişdir. Deyəsən dəyişməyən bircə bizim hisslərimiz idi. Ey şəhər, vaxtı ilə sən bizə böyük ağuşunda yer vermədin, bizi dağa-daşa salaraq, zülmə sarı itələdin. Səndə yetimxana uşaqlarına yer tapılmadı. Sən yiyəlilərin şəhərisən, ey paytaxtım. Biz sevə-sevə səni tərk edirik, cavan ömrümüzü sənə tapşırmamaq üçün.
Adətimdir - gecələr kəlmeyi-şəhadətimi dediyim kimi, səhərlər də, özümə səbr arzulayırdım. Çünki, gözümü açıb ilk rastlaşdığım mənzərə heç də ürək açan olmur. Yuxudan həmişə yorğun ayılıram. Elə bil bütün gecəni ölü kimi yatan mən deyiləm. Hər gecə işıqları söndürüb, yerimə girən kimi, bu lənətə gəlmış qatarların səsi dolur beynimə. Mən biləni, bu yaxınlarda stansiya yoxdur.
Oxuduğum bir sıra əsərlərdə kənddən şəhərə oxumağa gələn gənclərin, sonralar şəhərdə qalıb yüksələrək, oradakı inkişafından bəhs etməsinə baxmayaraq, həyatımda tam tərsinə oldu.
Cuhudun bir arıq inəyi də var idi. Mən hər səhər gecikmiş işçi kimi inəyə yaxınlaşır, töhmət alırmış kimi, südü sağıb, sonuncu dəfə imiş kimi, əlimdə vedrə, qaça-qaça evə gəlirdim. Biz bir-birimizdən xəcalət çəkə-çəkə dözülməz qış aylarını yola verirdik.
Bütün günü öyrəşmədiyimiz həyatı yaşamağımıza baxmayaraq, axşamlar arzularımız tükənmək bilmirdi. Xəyalən bütün həyatımızı yerbəyer edirdik. Uşaqlarımız əslində bağcaya getməli idi. Amma bu kənddə düz-əməlli cəmi bir məktəb var idi. Orda da payızda meyvə yığdırırdılar, yazda yer bellətdirirlər, qışda isə soyuqdan heç kəs evdən bayıra çıxmır. Ona görə də uşaqlarla məktəbdən əlavə özümüz məşğul olurduq.
Evdə pəncərə olmadığı üçün gecələr otağa zülmət qaranlıq çökürdü. Kənddə, yaxud şəhərdə yaşamağım hiss olunmadığı üçün xoşbəxtcəsinə yatmağa çalışırdım.
Biz bütün sivilizasiyadan uzaq idik. Cuhudun evində nə televizor var idi, nə də radio. Gündə bir saat axşamlar neft lampasının işığında şəhərdən gətirdiyimiz kitabları bir-birimizə oxuyardıq.
Artıq yaz idi. Şəhərdə həmişə bu vaxtlar bir-birimizə yasəmən gülü axtarırdıq. Burada isə çəpərlərin qıraqları yasəmən ağaclarıdır. Amma heyif ki, verməyə adamımız yoxdur.
Nəhayət, uzun illər min bir əziyyətlə yığdığımız pula, kasıbyana bir ev aldıq. Ən əsası odur ki, özümüzə söz verdiyimiz kimi, şəhərə qayıtdıq. Şəhərdə evimiz oldu. Uşaqlıqdan, hələ yetimxanadan arzuladığımız kimi, uşaqlarımızı böyütdük. Dağın dibində yaşasaq da, onlara şəhərdə müəllim yanına gedən imkanlı balalarından yaxşı hazırlaşdırdıq. Amma həyat bizə son zərbəsini də əsirgəmədi. Mən xərçəngə, o isə böyrək xəstəliyinə tutuldu. Bundan sonra yaşayacağımız ömür isə Allaha pənah idi.
Övladlarımızı yerbəyer edib, yenidən qayıtdıq kəndə, cuhudun evinə. Bizim kəndə qayıtmağımıza yalnız bir nəfər sevindi - əlil arabasındakı xəstə uşaq. Biz ilk dəfə bu həyətə ayaq basanda, ilk işimiz cərgə-cərgə qızılgül əkmək oldu. İndi o qızılgül kolları böyüyüb, bütün həyəti basmışdı.
Ertəsi gün, səhər yuxudan qalxıb, həmin qızılgüllərin ətrini içimə çəkərək, bağı gəzməyə başladım. Biz bir gün bu həyatdan gedəcəyik, amma bu güllər hər yaz açacaq, bizim cavanlıq ətrimizlə bütün həyəti süsləyəcək. Həyat bir gül ömründən etibarsız imiş...