Təlxəklik sənəti

Təlxəklik sənəti

KlounTəlxəyin sarayda varlığı sarayın gündəlik abu-havasını tənzimləməklə bağlı idi. Səhərdən axşamacan çalıb-oxumaq, fokus göstərmək, rəqs eləmək, kəndir üstə gəzmək, heyvan oynatmaq mümkün deyil, həm də adamı bezdirər. Lakin təlxək sarayda baş verən hər bir hadisəyə öz münasibətini bildirir. Təlxəklər həmişə çalışır ətraf mühitin əhvalı-ruhiyyəsin qaldırsın. Hər təlxək də şahın sevimlisi ola bilməzdi.
Təlxəklər müxtəlif istedad sahibi olublar. Onların çoxları hazırcavablıqdan, lətifə söyləməkdən əlavə, hər hansı bir musiqi alətində ifa etməyi, akrobatik hərəkətlər etməyi, fokus göstərməyi, rəqs etməyi və s. estrada janr növlərini ifa etməyi bacarardılar. Bu xüsusiyyətlər isə solo ifaçılıqda mühüm və müsbət xüsusiyyətlərdən biri sayılır.
Müasir estrada aktyorları peşəkar ifaçı olmaq üçün yuxarıda adını çəkdiyim müsbət xüsusiyyətləri bacarmalıdır. Belə ifaçılar dünya estrada sənətində çoxdur. Azərbaycanda da estrada və sirk səhnəsində belə ifaçılar olub. Sirkdə belə ifaçıları məzhəkəçi adlandırırlar.
Avropa və ruslar kloun adlandırırlar. Onların bir neçə növü olur: sadə, ekssentrik, buffon və s. Estrada sənətində solo ifaçılıq çox qədim dövrlərə təsadüf edir. Bu mövzuya toxunmaq fikrimiz yoxdur. Biz bu dəfə təlxəklərin həyat və yaradıcılığına qısa bir nəzər salmaq fikrindəyik. Təlxəklərin avtobioqrafiyasına nəzər salsaq görərik ki, onların hər birinin ikinci bir sənəti olub.
Nəsrəddin şahın İsmayıl Bəzzaz adlı təlxəyi olub. Bəzzaz onun ləqəbidir. İsmayılın peşəsi isə parça satmaq, yəni bəzzazlıq etmək olub. Hacı Kərim adlı digər təlxək isə tacirliklə məşğul olurdu. Hacı Kərim isə Nəsrəddin şahın sarayında sevilən, sayılan təlxəklərdən biri olub. Onun ləqəbi Şireyi idi. Hacı Kərim Şireyi təlxəlik sənəti ilə məşğul olmamışdan əvvəl doşab, şirə, şərbət hazırlayıb satardı. Bundan başqa rəvayət edərdilər ki, Hacı Kərimin çox şirin danışığı olduğuna görə onu Hacı Kərim Şireyi deyə çağırardılar. O yeganə təlxək idi ki, Nəsrəddin şahın müqabilində istədiyi kimi danışar, sarayda hamıya sataşıb, ədəbsiz və təhqirli sözləri ilə şuxluq edərdi. Hətta şahın yanında qəbih və məlih söz zarafatları edərdi. Hacı Kərim Şireyi şahın sarayındakı təlxəklər arasında yeganə insan idi ki, ona aylıq məvacib təyin olunmuşdu. Bütün bu üstünlüklərə baxmayaraq, sarayda, Hacı Kərim Şireyini gözü götürməyənlər də az deyildi.

TəlxəkTəlxək deyəndə şit, ağılsız, arsız demək deyil. Ağıllı təlxəklər şahın sarayında xüsusi yer tutub. Əgər təlxək ağıllı olmasaydı şahın sarayına gəlib çıxardımı? Onlar ağıllı sözləri bəlkə də məcbur olub «şitlik» üslubunda ifa ediblər. Kəl İnayətin vaxtında, yerində lazımı söz deməkdən əlavə yüksək aktyorluq məharətinə malik olması şübhə ola bilməz. Məxəzdə yazılır ki, «O nəinki sözlə güldürməyi bacarırdı, hətta istədiyi vaxt sadə bir jest ilə camaatı güldürərdi.» İndi XXI əsrdə 1-2 komediya artisti olar ki, sözsüz, jestlərlə tamaşaçını güldürə bilsin, 99% aktyorlar sözə güc verirlər. Fikir verin orta əsrlərdə demokratiya nə qədər yüksək səviyyədə idi ki, təlxəklər şaha, vəzir, vəkil və əyanlara zarafatla, gülüş doğuran acı həqiqəti söyləyərək onları satira atəşinə tuturdular.
Yuxarıda qeyd etdiyimiz kimi, təlxəklərin ləqəbləri onların həyatda tutduğu mövqeyə görə verilirdi. Elə təlxəklər də olub ki, yalnız aktyorluq sənəti ilə pul qazanıb ailə saxlayıblar, onlar ikinci sənət sahibləri olublar. Məsələn: alverçi, dərzi, pinəçi, musiqiçi, xanəndə və s. Bəzi təlxəklərin özlərinin ayrıca aktyor kollektivi olub. Həmin o aktyorları el arasında «lotu» adlandırırdılar. İndi də camaat arasında belə bir söz gəzir. «Ey, lotuluq eləmə», yəni «artistlik eləmə» .
Sirk sənəti meydana gələndə müxtəlif estrada sənətinin janr növlərini özündə birləşdirdi. Bu səbəbdən sirk sənəti estrada sənətinin orijinal janrına aid edilir. Bunlardan at çapmaq, at üstü akrobatlar, at təlimçiliyi, atların iştirakı ilə komik pantomim süjetləri və s. Sonralar akrobatlar, janqlyorlar, müxtəlif heyvan təlimçiləri, fokusçu fakirlər, pəhləvanların yarışması və s. orijinal janr növləri bir meydanda araya gəlib tamaşaçıları sənətləri ilə valeh etməyə başladılar. Onların ifa etdiyi yer arena olub. Sirk isə latın dilindən tərcümədə dairə deməkdir. Arenaya manej də deyirlər. Manej fransız sözüdür. Sadəcə olaraq arena yarananda ölçüləri müxtəlif olub. Arena Azərbaycan dilində meydan deməkdir. Xalq dili ilə desək, arenada — manejdə ifa edən heyvanlara arenadan kənara çıxmağa maneə var, yəni sərhəd var. Sirk proqramlarında, ifaçılar arasında, yeganə olaraq klounlara icazə verilir ki, manejin maneəsini aşaraq tamaşaçılarla ünsiyyət yaratsın, hətta onları arenaya dəvət edərək, öz estrada nömrələrində ifaçı kimi istifadə etsinlər.
Sirk dairə mənasını verirsə, təbii ki, manej də dairəvi olduğu üçün açıq səma altında sirk meydan tamaşasına bənzəyir. Maneji bağlı binaya çevirsək, bina özü iri bir gümbəzə bənzəyir. Sanki möhtəşəm bir gümbəzin altında həm manej, həm də amfiteatr yerləşir.
Amfiteatr fransız sözüdür. Amfi — iki tərəf, teatron isə tamaşaçı deməkdir. Manejin iki tərəfi tamaşaçı ilə dolu olur. İlk dəfə 1780-cı ildə F.Astleyenin yaratdığı sirkin adını «Amfiteatr Astleya» qoyub. Kloun bir sənət kimi, bir ampula kimi 19-cu əsrin əvvəlinə təsadüf edir. İlk meydan klounu 1834-cü ildə fransada «olimp sirk-teatr»ında C.B.Oriol olub.
Klounların tarixi Azərbaycanda məzhəkəçilərdən götürülə bilər. Sonrakı mərhələ təlxəklər, daha sonra qaravəllilərdə iştirak edən ifaçılar. Davamçıları isə 15-20-ci əsrlərdə meydanlarda, el şənliklərində çıxış edən lotular oldu. Bakıda ən məşhur ifaçı Lotu Cabbar idi. O məşhur gülüş ustadı Fazil Salayevin yaxın qohumu idi. Aktyor Məmməd Əlili Fazil Salayev ilə «Vah» filmində bir yerdə çəkilirdi. Çəkilişlərin birində fasilə vaxtı oturub söbət edirlər, söhbət zamanı Məmməd Əlili 1911-ci ildə Cəfər Cabbarlı ilə tanışlığından danışır. Deyir ki, «mən İrandan gəlmiş ilan oynadan Dərviş Rzanın yanında şagirdlik edirdim. O ilan oynadar, müxtəlif gözbağlayıcılar (fokuslar) göstərərdi, həm də məzəli sözlərlə, lətifələrlə camaatı güldürərdi. Mən də bəzi məqamlarda ona lazım olan ləvazimatları təqdim edər, mərəkənin axırında da əlimdə papaq camaatdan əzbərlədiyim məzəli şeiri deyərək pul yığırdım. Məni ona anamın qohumu Lotu Cabbar tapşırmışdı». F.Salayev deyir ki, Lotu Cabbar onun ana tərəfdən yaxın qohumudur. Hər ikisi hansı tərəfdən qohum olduqlarını ayırd edirlər, bir-birinin qohumlarını tanıyırlar.
Azərbaycanda kloun sənətinin yaranması 1920-ci illərə təsadüf edir. 1925-ci ildən Yunus və Yusif Ağayev qardaşları ilk sirk klounları sayılır. 1959-cu ildə isə Qasım Bibioğlu adlı şəxs ilk dəfə kloun kimi manejdə özünü təsdiqlədi. 1945-ci ildə ilk dəfə olaraq Azərbaycanda milli sirk proqramı yaradıldı. Lakiın əfsuslar olsun ki, Azərbaycanda kloun sənətinin yeni ifaçıları yetişmədi. Hazırda estrada səhnəsində peşəkar solo ifaçı, monoloq, mono-intermediya, monosketç ifaçıları yoxdur. Öyrənmək istəyənlər yoxdur. Belə getsə bir müddətdən sonra biz, cavan ifaçılar yetişdirmək üçün peşəkar müəllimləri xaricdə axtarmalı olacağıq.
Top