Qazi Bürhanəddin ana dilində zəngin bir irs qoyub getmişdir. «Ərəb və fars dillərini şeir yaza biləcək dərəcədə mükəmməl bilsə də, müasirləri olan şairlərdən fərqli olaraq, geniş xalq kütləsinin danışdığı Azəri türkcəsi ləhcəsində şeirlər yazması ondakı milli ruhun güc və qüvvəsini sübut edir» (24, 148). Hökmdar şair doğma dildə divan yaradan İ.Həsənoğlu və Ş.S.Ərdəbilinin ədəbi ənənəsini ləyaqətlə davam etdirən və Azərbaycan türkcəsində divanı bütöv şəkildə bizə gəlib çatan ilk sənətkardır. Onun divanının yeganə nüsxəsi Londonda Britaniya muzeyində çaxlanılır. Müqəddimədəki qeyddən divanın 1393-cü (h.796) ildə, yəni Qazi Bürhanəddinin sağlığında Xəlil bəy Məhməd adlı bir xəttat tərəfindən köçürüldüyü bəlli olur. Burada bəzi düzəlişlər edilmişdir. Tədqiqatçılar həmin düzəlişlərin şairin özünə məxsus olduğunu ehtimal edirlər. Divana 1319 qəzəl, 20 rübai, 108 tuyuğ və bir neçə müfrəd (təkbeyt) daxildir. Həcmcə 17 min misradan ibarətdir.
Qazinin yaradıcılıq irsi yalnız bu divanı ilə məhdudlaşmır. Onun «İksir əs-səadət fi əsrar əl-ibadət» («İbadətin sirlərində səadət iksiri») və «Tərcih ət-tavzih» («Aşkarın üstünlüyü») adlı ərəbcə əsərləri də olmuşdur. Üç hissədən ibarət birinci əsər din və ibadətlə bağlıdır. «Təlvih» («Nizamnamə» — Səd əd-Din Taftazi) əsərinin tənqidinə həsr olunmuş və ona cavab kimi qələmə alınmış ikinci əsəri isə, fiqhin qanunları barədədir.
Onun ərəb və fars dillərində şeirlər yazdığı barədə də məlumatlar vardır.
Q.Bürhanəddin qəzəllərində, bir qayda olaraq, təxəllüs işlətməmişdir. Bununla belə o, milli ənənəyə, milli ruha və milli bədii təfəkkürə bağlı bir sənətkar olmuşdur. İ.Hikmət haqlı olaraq yazır: «Əlbəttə, Qazi Bürhanəddinin türk ədəbiyyatında böyük bir izi və böyük bir təsiri vardır. Lakin nə yazıq ki, özündən sonra gələn şairlər gərək dil, gərək sənət, gərək zehniyyət və gərək ilham etibarilə onun qədər türk ruhuna, türk ənənəsinə və türk duyğusuna riayət edəməmiş, ərəb-əcəm sənətinin, islam nüfuzunun böyüməsinə… bağlanıb getmişlərdir». İ.Hikmətin bu qənaəti də doğrudur ki: «Hər halda, Qazi Bürhanəddin yazılarının şəkli etibariylə olsun, mənası, mövzusu və ilhamı etibariylə olsun bütün türk ədəbiyyatı içində eşsiz bir türk sənətkarı simasilə yaşamaqdadır»
Qazi Bürhanəddin orta əsrlər ədəbiyyatımızda, əsasən, dünyəvi motivli poeziyanın görkəmli nümayəndələrindən biri kimi tanınır. Doğrudur, şairin iri həcmli divanına daxil olan poetik örnəklərin bir qismi təriqət mövzuludur. Ancaq bunlar sənətkarın bədii mirası içərisində azlıq təşkil edir və onun yaradıcılığı üçün aparıcı təmayül sayıla bilməz. Ümumiyyətlə, «Heç bir zaman təsəvvüf Qazi Bürhanəddində bir qayə olaraq görülməmişdir. Bütün həyatı və ictihadı etibarilə bir həyat adamı olan bu canlı şair fikirlərinin, hisslərinin, həyəcanlarının tərcümanı olan şeirlərində tamamilə həyati olmuşdur» (10, 162). M.F.Köprülü də Qazinin təsəvvüf ideyalarının təsiratına «bir az» qapıldığını və dünyəvi həyata, milli məfhumlara daha çox meyl etdiyini söyləyir: «Bir az İran mütəsəvvüflərinin təsiratını göstərən bu şairin mənzumnamələrində hərgünki həyatdan alınmış səmimi, milli məfhumlar da vardır ki, qaba sətirlər altında kəndisinin xəşin, gəncavər, cəsur ruhi görünür».
Deyildiyi kimi, Qazi Bürhanəddin daha çox bəşəri duyğulu, dünyəvi hisslərə malik, həyati mətləblərə maraq göstərən bir nəzm ustadı kimi məşhurdur. Onun həm eşq və məhəbbət, həm gözəli və gözəlliyi təsvir və tərənnüm edən, həm qəhrəmanlıq və ərənliklə bağlı, həm də nikbin ruhlu, həyata, şad və fərəhli yaşayışa çağırış motivli şeirləri vardır. Bundan əlavə, şairin az da olsa, əxlaqi-didaktik və dini mövzulu nəzm örnəkləri, peyzaj lirikası da məlumdur.
Sənətkarın lirikasının mühüm bir qismini məhəbbət mövzulu nəzm örnəkləri təşkil edir. Ümumiyyətlə, şairin özünəməxsus eşq fəlsəfəsi vardır və məhəbbət həm ilahi nemət, həm də bəşəri duyğu kimi Qazi poezyasını öz ruhuna və harmoniyasına tabe edir. Onun gözəli, gözəlliyi, igidliyi, cəsurluğu, nikbinliyi, məsud və xürrəm yaşayışı, insani tərbiyəni və ədəbi və s. öyən, təsvir və tərənnüm edən şeirləri də öz mayasını və enerjisini məhəbbətdən alır. Eşq sənətkarın poetik dünyası üçün bir ilham mənbəyi, mövzu, məzmun, ideya və sənətkarlığa əhəmiyyətli dərəcədə təsir göstərən bir təlatüm qaynağıdır. Təsadüfi deyil ki, onun divanının əsas rüknünü və kəmiyyətcə əksəriyyətini təşkil edən qəzəllər silsiləsi «Eşq» rədifli qəzəllə başlayıb, həmin rədifli qəzəllə də yekunlaşır. Deməli, eşq Qazi Əhməd poeziyasının həm ibtidası, həm intəhası, həm əvvəli, həm də sonudur. Divanın bir növ ideya-məzmun manifesti hesab edilə bilən ilk qəzəlində eşqin mahiyyət və məğzinin ən ümdə çalarları nəzərə çatdırılır. Onun məhəbbətin əsrarlı təsiri ilə yanmış könülləri car, neçə aşiqləri xəstə, canı məxmur etdiyi, pərgarı və onun hərəkətini nizamladığı, könülləri və varlığı bürüyüb xali yer qoymadığı, aşiq və məşuqənin varlığına səbəb olduğu bəyan edilir:
Suxtə könüllərə qıldı yenə car eşq,
Ey neçə aşiqləri qıldı yenə zar eşq.
Qıldı yaxalarumi cümlə mü¢əsfər məgər
Anun üçün eylidi cədvəli pərkar eşq.
Gərçi ki, məxmur edər ləbləri ilə cani,
Şükr ana ki, gözlərin eylədi xummar eşq.
Küfrini gisusunun canumuz iman bilür,
Bağlayalı belümə bir qara zünnar eşq.
Toldı könüldə hava, qomadı xali məkan,
Lacərəm oldu qamu bu dərü divar eşq.
Aşiqü məşuqənün eşqlədir varlığı,
Baxıcağ ol ortada yinə günahkar eşq.(14, 18)
Eşqin mahiyyət və əzəmətinin bədii-fəlsəfi ifadəsindən sonra müəllif diqqəti onun mənşəyinə, ilkin nəşət qaynağına yönəldir:
Xəstəyə olan şifa, əhdinə qılan vəfa,
Məclis içində səfa gül bitürən xar eşq.
Biz necəsi eşq ilə olmayalum bir çün,
Biz yoğ ikən vəhdətə eylədi iqrar eşq.
Vərzişi-eşq eyləsə bizciləyin kişilər,
Nola çü vərziş qılur günbədi-dəvvar eşq. (14, 18)
Göründüyü kimi, eşqin mənşəyini vəhdətə, vücudi-küllə bağlayan, dövr edən göy qübbəsindən bəşər övladına, «bizciləyin kişilər»ə qədər bütün xilqətin bu eşq yolunda çalışdığını qərarlaşdıran müəllifin fəlsəfi-idraki qənaəti mütəsəvvüf düşüncəsinə əsaslanır. Məhəbbətə münasibətdə bir təriqət yolçusu, vəhdəti-vücudçu kimi düşünür. Lap ilkin yaranış çağından, sübhi-əzəldən əzəli qismət kimi eşqin vuruş meydanına baş vurması, həmin meydanda qəhrəmanlıq dastanı yaratması onun eşqə münasibətdə sufiyanə mövqeyini bir az di möhkəmləndirir:
Hər nə ki, hökm etmiş idi gəldi başuma,
Sübhi-əzəldən bərü bu məlhameyi-eşq. (14, 60)
Bununla belə Qazi ardıcıl təriqətçi deyil. Onun mütəssəvvüf baxışları sürəkli və sistemli xarakter daşımır. Bütün poeziyanın canına hopmur, lirik «mən»in düşüncə və idrak axarına çevrilmir. İlk baxışda, vücudi-mütləqin ilahi neməti kimi dəyərləndirilən eşq yer üzünə endikdən sonra bir növ bəşəriləşir, maddi məzmun kəsb edir, dünyəvi mahiyyət qazanır və sanki onun ilahi keyfiyyəti alt qata keçir. Üzdə görünən isə daha çox məcazi eşqin səciyyəsində təzahür edir, həyati libasa bürünür.
Qazinin lirik qəhrəmanına görə eşq karvanının başçısı əslində eşqin timsalında qəm yükü daşıyır:
Yenə götürdi ələm qafiləsalari-eşq,
Köçdü yenə uş gedər bu dərü divari-eşq. (14, 51)
Bu qəhrəmanın ürəyini açsan, onda eşqin nəhayətsiz sirlərini görərsən. Onun içərisində daim eşq çeşməsi qaynayır, varlığı eşqdən ibarətdir. Canı və könlü eşqin dəlisidir («Canü könül eşqi ilə dəlü degülmi?» Bir ovuc torpaqdan ibarət maddi vücudunda elə bir eşq odu gizlətmişdir ki, bir nəfəsin hərarəti ilə yeddi dəryanı quruda bilər:
Eşq odını gizləmişüz bir ovuc torpaxda biz,
Bir nəfəsdə gör ki, necə həft dərya urmışuz. (14, 183)
Eşqin əzəməti onunla bağlıdır ki, «Eşqə möhtac durur hər ki, vücudu var isə!» (14, 353)
Şairin poeziyasında dünyəvi eşqin təlatümü nə qədər coşğun olsa da,sufi-panteist eşqin hikməti də qabarır.Qatlarda ya növbələşmə, ya da qaynayıb qovuşma, hibridləşmə baş verir.Bu mənada aşağıdakı qəzəl ən tipik bir poetik nümunədir:
Eşq bir cövhərdürür ki, şəhri dildə şöhrədür,
Kəmtərin xuddamı-mahü müştərivü zöhrədür.
Aşiqi-aqil ana derəm ki, əhliyyət sevə
Bülbüli-divanədür kim ki, əsiri-çöhrədür.
Mehri möhrinə könülüm mumdur tanrı bilür,
Çünki şol şəhdi-ləbünün mehri şimdi möhrədür.
Aşiqin həzzi gərək tabe ola mə¢şuquna,
Nəfsi içün bəhrə diləyən kişi bibəhrədür.
Eşqdir tərki-iradət kim ki, bu yola girə
Gər iradət də¢visin qılur isə bizəhrədür. (14, 184)
Eşq elə bir cövhərdir ki, könül aləminin şöhrətidir. Ən kiçik xadimləri belə Ay, Müştəri və Zöhrə qədər böyük və əzəmətlidir. Aqil aşiq o kəsdir ki, ləyaqətli olmağı sevir. Sürət əsiri olanlar divanə bülbüldür. Əsl aşiqin könlü sevgi muncuğunun parıltısı müqabilində müm kimidir. Əslində nigarın qayət gözəl dodaqlarının sevgisi qiymətli muncuq kimidir. Həqiqi aşiqin həzzi, zövq və nəşəsi məşuqəyə və onun eşqinə bağlıdır. Nəfsi istəyi, maddi həvəsi naminə eşqdən bəhrə diləyənin işi səmərəsiz və bəhrəsizdir. Eşq yolunda başqa arzu və diləyi tərk etməlisən. Qeyri-iradət tələbi qılanlar eşqdə cəsarətsizdirlər və igid sayıla bilməzlər.
Bu həm də sənətkarın lirik qəhrəmanının eşq barəsində təsəvvür və baxışlarının tipik və ümumiləşdirilmiş rəngləridir.
Şairin fikrincə, məhəbbt yükünün, cəfasının və səfasının daşıyıcısı olan:
Eşq əhli yarı yolına məstanə gərəkdür,
Sevdüginin eşqini yastana gərəkdür.
Cananə içün oynaya ol canını şöylə,
Ki tə¢nə ura Rüstəmi-dəstana gərəkdür. (14, 611)
Qazi Əhməd poeziyasının eşqi yolunda bütün varlığını verdiyi («Bən varlığumı verdüm varlığına ol yarun») aşiq qəhrəmanına nigarından nəsib olan ilk növbədə tökülən qanıdır. Qul olduğu yarından istəyi isə ancaq bir iqrardır («Yara qul oldum, bir iqrar isdərəm» -). Halbuki cananın uğrunda hər şeyini təslim edib yalnız dərd və eşq almışdır:
Can ilə əqlü dil verüp dərd ilə eşq almışam
Yə¢ni ki, ulu xocayam sudü ziyana gəlmişəm. (14, 154)
Bu yolda onun qazancı dərd və eşq, ziyanı isə canı, əqli, ürəyi və ümumiyyətlə, bütün varlığıdır ki, sevginin zavalına gəlmişdir. Tanrı başqasına canı onu cahana gətirmək üçün verir. Bu aşiqə isə canını eşq meydanında oynatmaq və öz fədakarlığını, bu yoldakı bacarığını göstərməkdən ötrü əta etmişdir. Əgər başqaları, kütlə, camaat imanını tamam etmək üçün Allaha şəhadət gətirir, dua-səna edirsə, Qazi aşiqinin imanının kamala çatması cananının iqrarını almaq, onun vəslinə vasil olmaqdır:
Əgərçi am imanın tamam eylər şəhadətlər,
Kəmalə irməyə sənsüz, şəha, imanı üşşaqın. (14, 18)
Bu aşiq məstaneyi-eşq, aqili-mənidir. Əgər onun sevdiyi gözəl Haqqın bəndəsidirsə, həmin aşiq də özünü sevdiyi gözəlin bəndəsi sayır. Həmin dilbər hüsn əridirsə, aşiq də eşq əridir. Həm də bu sevgi cahanı əbədiyyət evi hesab edənlərdən fərqli olaraq, onu «əmnü amana» qovuşdurmuşdur. Çünki imanı elə məşuq timsalında dərk edən aşiqin dini mahiyyətcə eşqdən özgə bir şey deyil:
Aşiqəm dinüm budur ki, eşqdür dinüm bənüm
Bən imamam bana uysun şol ki, iş bu dindədür. (14, 296)
Bəli, Bürhanəddin təriqət şairi deyil. Bununla bahəm onun təriqətə rəğbətini, hətta yaradıcılığında təriqət ideya və görüşlərinin bu və ya digər dərəcədə təcəssümünü də inkar etmək mümkün deyil. Sənətkar haqq yolu hesab etdiyi təriqət yolçuluğunu ər işi, yəni çətin bir iş sayır, «ənəlhəq» tələbi qılana dardan asılmağa hazır olmağı tövsiyə edir. Həqiqi təriqət rəhbərini isə sərdar adlandırır və bir tuyuğunda deyilən mətləbi belə ifadə edir:
Özünü əş-şeyx görən sərdar bolur,
Ənəlhəq də'vi qılan bərdar bolur.
Ər oldur həq yoluna baş oynaya,
Döşəkdə ölən yigit murdar bolur. (14, 627)
Vəhdət və kəsrət, küll və cüzv, aşiq və məşuqun batini mənada eyniyyəti, eşqin həqiqiliyi və məcaziliyi və s. kimi təsəvvüfanə baxışlar şairin poeziyasında müəyyən saçmalar şəklində öz poetik-fəlsəfi təzahürünü tapır. Qazinin lirik qəhrəmanı «özünü dərk etməyən Rəbbini bilməz, insanı tanımayan və onun gözəlliyinin hikmətini anlamayan ilahini dərk etməz» kimi təriqət tezisini də qəbul edir:
Biz kül yanaruz odına hər cüz dəxi həm,
Hər cüz'ümüzi ol yola bir kül görəlüm biz. (14, 68)
...Zahirdə ikidür, biri aşiq, biri mə'şuq,
Batində ikisi dəxi pəs bir nədür? (14, 319)
...Kəndözini bilməyən qaçan bilə Rəbbi,
Bilməyən səni bulamadı İlahın. (14, 59)
Lirik aşiq bəzən bir az da radikallıq göstərərək təsəvvüf əhlinin ibadət məbudunu nigarın gözəl üzündə tapıb zahiri ibadət aləti olan səccadəni tərk etməsinə də bəraət qazandırır. Haqqın camal gözəlliyinin insan vücudundakı təzahür nişanəsi olan gözəl üzə sitayişə şərik çıxır:
Təsəvüf əhli bulalı səfalarını yüzündə,
Kimi səccadəsin satar, gərü göz kimi əbriqi. (14, 47)
Həmin radikallıq bəzən o həddə qədər varır ki, hürufilərsayağı Müshəf (Quran), Quranın bəzi surə və ayələri gözəlin üzündə tapılır. Onun üzü və qaşları Kəbə, mehrab, qibləgah, marac hesab olunur. Səcdə və ibadət obyekti istiqamə¬tini Allahın qüdsi evindən – Kəbədən dilbərin – insanın kamil və gözəl vücuduna, üzünə və hüsn elementlərinə doğru dəyişir:
Kimsənə Haqqın cəmali Müshəfin oxumadı,
Bən oxıdum hüsnüni ki, ayətidir, ayəti. (14, 112)
...Nidəlüm şəms yüzünü, əgər sureyi-rəhmandur. (14, 316)
...Xəti yüzində yazar ismi-əzəmi leykin. (14, 383)
...Zülfeynünə tolaşıp me'rac qıldı könlüm,
Çün qaşuna irişdi nə gördi qabə gövseyn. (14, 272)
Həqiqi müsəlmanın hər gün 5 vaxt namazın hər rükətində 2 dəfə zikr etməli olduğu 7 ayədən ibarət «Əl-Fatihə» surəsi də nigarın mütənasib və bənzərsiz gözəlliyini şərtləndirən vucud üzvlərinə qılınan namazda tapılır:
Ləbü yüz, gözü qaş, gisu, ayağ, əl
Namazumdadurur səbi-məsanı. (14, 318)
Burada «səbi-məsani» ( 2 dəfə 7) dedikdə dini şərhlərdə Quranın iki dəfə nazil olunduğu qəbul edilən 1-ci, yəni «Əl-Fatihə» surəsi nəzərdə tutulur ki, ilahi kitabın əsas hikmətinin burada cəm olunduğu söylənilir. Birinci misrada isə 7 bədən üzvü sadalanır ki, bunlardan 6-sı cütdür. Saçı da istiva yolu ilə böldükdə 2 alınır. İki dəfə nazil olunan «Əl-Fatihə» surəsi də 7 ayədən ibarətdir. Hər iki halda 7 ilə 2-nin hasili 14-ə bərabərdir. Deməli, Qurana giriş olan və «ümmül-kitab» adlandırılan bu ilk surə ilə insanın cismani varlığı arasında əlaqə və bənzərlik vardır. Təbii ki, bu hürufi ideologiyasına uyğun bir yozum tərzidir. «Xuda sevdi cəmalı der Mühəmməd, İcazət olmayamı bütpərəstə?» — deyimi ilə də Qazi təsəvvüf təfsirçilərinin insan gözəlliyini dəyərləndirərkən rəhbər tutduqları «Allah gözəldir və gözəlliyi sevər» hədisinə bir istinad qaynağı kimi baxdığını təsbit etmiş olur. Lakin bu deyilənlər Qazi Əhmədin ardıcıl təriqətçi, hürufi və ya sufi düşüncəli nəzm ustadı olduğuna dəlalət etmir. Təriqət ideyaları onun divanı boyunca səpələnsə də, bunlar davamlı və zəncirvari şəkildə deyil, müəyyən notlar, saçmalar halında özünü göstərir.
Qazi poeziyasındakı gözəl isə Nəsimidə olduğu kimi ilahi hüsnün daşıyıcısı olmaqla bərabər, yer üzündə də öz ilahi mahiyyətini,«nüsxeyi-səgir» fitrətini hifz edən, cismani və şəhvani zövq obyektindən çox-çox uzaq fövqəlməxluq deyil. Əksinə, Qazinin gözəli mülk aləminin nigarıdır, dünya əhlidir, hətta bir çox hallarda zövq və səfa obyektidir. Onun aşiqi daha çox maddi aləmdən nəşə duymaq meyli olduğu kimi, məşuqu da real varlığın lətafət, zövq və həzz komponentlərindən biridir:
Gəl, gəl görəlüm, gəl görəlüm, gül görəlüm biz,
Bir nəğmə gətür ortaya bülbül görəlüm biz.
Güldür yüzünü, mül tatoğun, söhbətümüz gərm
Bu işimizi pəs nişə mülmül görəlüm biz?
Biz yanaruz oda, sənəma bənlərün ilə
Ənbərdürür ol, daneyi-fülfül görəlüm biz. (14, 68)
...Sənün yüzünü görüb ölməyəm, şəha, bu gecə,
Lətafəti ilə anun bulam səfa bu gecə. (14, 79)
Şeirlərində sıx-sıx həyati gözəllə maddi şərab içib gülüb-danışmaq, əylənmək və cismani feyz almaq arzusunda olduğunu bildirən hökmdar şair, hətta yarımparnoqrafik poetik lövhələr də yaratmaqdan çəkirmir. «Ey dost», «Bu gecə», «Ləbün ləbimə», «Olsun» («İçəlüm bir tolu ayax ki, sirrimiz əyan olsun) rədifli və s. qəzəllər bu qəbildəndir. Bu tipli nəzm örnəkləri gözəldən və gözəllikdən şövq almaq, səfa duymaq həvəsinin çılpaq, boyasız poetik ifadəsidir. Hüsn detallarının özü də belə şeirlərdə ilahi hikmətə deyil, məcazi hikmətə, «azacux dünyada»n kam almaq niyyətinə xidmət edir:
Məstanə gözün daneyi-badam olamı,
Xal ilə saçun daneyi-ba dam olamı?
Şirin totağun baxdum idi baxtumdur,
İşbu azacux dünyada bir kam olamı? (14, 608)
Maraqlı burasıdır ki, Qazinin lirik qəhrəmanı həqiqəti idrak anında, fəlsəfi düşüncə, həqiqi və məcazi eşqi ayırd və onlardan hansını tutmaq məqamında özünü daxili-mənəvi cəhətdən həqiqi eşqə hazır hesab etmir, bu yolu atıb məcazi eşq yolunu tutduğunu və gücünün, dözümünün ancaq buna çatdığını açıqca etiraf edir:
Həqiqətə iricək eşq sənü bən qalmaz,
Bu nəsnəyə döyiməzüz bizə məcaz gərək. (14, 268)
Gözəlin və gözəlliyin tərənnümü Q.Bürhanəddin poeziyasında başlıca yer tutur. Bir qələm sahibi kimi, o, «Hüsnünü vəsf etmək oldu zehnim ənvəri» məntiqindən çıxış edir. Şairin aşağıdakı rübaidə ifadə olunmuş mətləbini onun ümumiləşdirilmiş bədii-poetik rəyi saymaq mümkündür:
Ol göz ki, yüzün görməyə, göz demə ana,
Şol yüz ki, tozun silməyə, yüz demə ana,
Şol söz ki, içində, sənəma, vəsfün yox,
Sən badi-həva tut anı, söz demə ana. (14, 610)
Sənətkar bəzi qəzəllərində gözəlin dolğun bədii məcazlarla boyanmış zahiri portretini yaradırsa, bir çox şeirlərində də onun ayrı-ayrı hüsn ünsürlərini, camal və yaraşıq detallarını, əda və hərəkətlərini, danışıq və əməllərini, işvə və nazını, rəftar və lətafətini və s.-i söz sənətinin təsvir-tərənnüm hədəfinə çevirir. «Bəqüm» rədifli qəzəldən bir parçaya nəzər salaq:
Yanağun bir gül durur ki, sayə pərvərdür, bəgüm,
Ləblərün abi-həyatı həvzi-kövsərdür, bəgüm.
Gərçi rumidür yüzün, fülfül bənun hindudurur,
Bən ana şükr edərəm ki, xali dərxordur, bəgüm.
Zülfün ayağına yüzüm torpağ edərsəm nola,
Çünki sünbüldür otıvü xakü ənbərdür, bəgüm.
Xətti yazmış ləbləriyçün bir bəratı əqlümə
Can qəbul etməz anı çünki muzəvvərdür, bəgüm.
Bən sənün hüsnün görəli nola eşqə talmışam,
Hüsnünün hər yarpağı eşqi-müsəvvərdür,bəgüm. (14,290)
Əvvəlki 5 beytini verdiyimiz bu qəzəldə (qəzəl cəmi 8 beytdir) sənətkar bədii sözün imkanlarından, həqiqətən, son dərəcə məharətlə yararlanmışdır. Əvvəlki 4 beytdə nigarın bənzərsiz və obrazlı rəsmini dolğun, canlı, inandırıcı boyalarla nəqş edən müəllif tərənnüm obyektinin gözəllik atributlarını göz önünə gətirdikdən, onun sözlə əyani tablosunu yaratdıqdan sonra belə bir hökm verir ki, bu gözəlin hüsnünün hər yarpağı bir rəssam eşqidir. Elə buna görə də mən onun gözəlliyinin eşqinə dalmışam. Deməli, müəllif həm təsvir hədəfinin gözəlliyinə, həm də bu gözələ bəslənilən sevginin çarəsizliyinə və nəhayət, həmin eşqin ülviyyəti¬nə oxucunu inandırır.
Bəzən də bu təsvir səmimi bir sorğu-sualla müşayiət olunur. Məzmun və ideya qalmaqla bədii fənd dəyişdirilir:
Ləbi-ləlüni sənün can dedilər gerçəkmi?
Xəti-nəsxüni ki, reyhan dedilər, gerçəkmi?
Ləbün andum idi, toldı ağızum şəkkərlə,
Kimə dedüm isə yalan dedilər, gerkçəkmi?
Tutağun şəkkərinun rəngini qızıl gördüm,
Çünki sordum anı, qandan dedilər, gerçəkmi?
Könüli çahı zənəxdanına düşmiş gördüm,
Bunı Yusif, anı zindan dedilər, gerçəkmi? (14, 89)
Şairə görə, dilbərin surətinin gözəlliyi eşqin böyüklüyünə ən inkarolunmaz dəlildir.
Ə D Ə B İ Y Y A T
1. Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, I c., Bakı, 1960.
2. Araslı H., Müxtəsər Azərbaycan ədəbiyyatı. I c., Bakı, 1943.
3. Azərbaycan klassik ədəbiyyatı kitabxanası (XIII-XVI əsrlər Azərbaycan şeiri), 20 cilddə, III c., Bakı, 1984.
4. Azərbaycan klassik ədəbiyyatından seçmələr (XIII-XVI əsrlər Azərbaycan şeiri), 3 cilddə, II c., Bakı, 2005.
5. Abid Əmin. Dərəbəylik dövründə Azərbaycan ədəbiyyatı – Şair Qazi Bürhanəddinin tuyuğ¬la¬rı. «Maarif və Mədəniyyət» jur., № 4-5, 1927.
6. Aslanov V., Təşəbbüs yaxşı olsa da… «Ədəbiyyat və incəsənət» qəz., 24 iyul, 1976.
7. Bağırov A., Tuyuğ haqqında bəzi mülahizələr. Azərb.SSR EA xəbər¬lə¬ri (ədəbiyyat, dil, incəsənət ser.), № 3, 1982.
8. Həsənli B., Qazi Bürhanəddin və onun tuyuğları. «Azərbaycan müəllimi» qəz., 2 yanvar, 27 fevral, 2000.
9. Hikmət xəzinəsi. Bakı, 1992.
10. Hikmət İ., Azərbaycan ədəbiyyatı tarixi. 2 cilddə, I c., Bakı, Azərnəşr, 1928.
11. Köprülüzadə M.F., Azəri ədəbiyyatına aid tədqiqlər. Bakı, 1926;1996.
12. Kərimov T., Klassik Azərbaycan ədəbiyyatında tuyuğ və rübai janrı. «Azər¬bay¬can ədəbiyyatının tarixi poetikası» (məqalələr məcmuəsi), I kitab, Azərb. SSR EA Nizami ad. Ədəb. İnst., Bakı, 1989.
13. Qazi Bürhanəddin. Gülşənə gəl, nigara (seçilmiş əsərləri — tərtib edən: Ə.Sə¬fər¬li), Bakı, 1976.
14. Qazi Bürhanəddin. Divan (tərtib edən: Ə.Səfərli), Bakı, 1988; 2005.
15. Qazi Bürhanəddin Əhməd. Rübai və tuyuğları – «Keçmişdən gələn səslər» (məcmuə), Azərb.SSR EA RƏF, II buraxılış, B., Elm, 1982.
16. Quliyeva M., Klassik şərq poetikası. Bakı, 1991.
17. Məmmədova S., İngilis şərqşünası Qazi Bürhanəddin haqqında. «Ədəbiyyat və incəsənət» qəz., 16 oktyabr, 1976.
18. Mehdiyeva G., Dahi söz sərrafı. «Elm və həyat» jur., № 1, 1988.
19. Nağıyev M., Qazi Bürhanəddin: «Divan»ın ilk nəşri. «Azərbaycan müəllimi» qəz., 20 yanvar, 1989.
20. Səfərli Ə., Yusifov X., Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı, 1982; 1998.
21. Sümər Faruq, Oğuzlar. Bakı, 1992.
22. Siracəddin H., Qazi Bürhanəddinin yaradıcılığında təsəvvüfün yeri. AMEA-nın xəbərləri (ədəb., dil, inc.ser.), № 1-2, 2001.
23. Vəliyev M., Qazi Bürhanəddin yaradıcılığında qəhrəmanlıq motivləri. «Klassik Azərb.ədəb.-nın ideya-mövzu problemləri» (məqalələr məcmuəsi). Bakı, BDU, 1990.
24. Yaşar Yucel. Qazi Bürhanəddin Əhməd və dövləti. Bakı, Elm, 1994.
25. Yusifov X., «Divan»ın ilk nəşri. «Ədəbiyyat və incəsənət» qəz., 6 yanvar, 1989.
26. Zindədel P.X., Qazi Bürhanəddin «Divan»ında canlı danışıq dili ünsürləri və atalar sözləri. Azərb.SSR EA-nın məruzələri, № 3, 1988.
Müəllif: Yaqub BABAYEV