Həyətdə, qaysı ağacının altındakı taxtın üzərində oturmuş atası çox qiymətli rəsm əsərinə tamaşa edirmiş kimi qarşısında şux dayanmış oğluna xeyli baxdı. Ayağa qalxıb taxtdan düşdü, çolaq ayağını çəkə-çəkə oğluna yaxınlaşıb məxsusi olaraq onun üçün aldığı qırmızı qalstukun düyününü düzəltdi, aralanıb kənardan yenə oğluna baxdı. Taxta qalxıb təzədən yerində oturdu. Ətrafı dərin sükut bürümüşdü. Fəridin ətrafında dövrə vurub dayanmış anası, gəlinbacısı, bacıları, balaca qardaşı sükutla atalarının nə deyəcəyini gözləyirdilər. Ata böyrünə qoyulmuş, anasının bayaqdan süzdüyü pürrəngi çaydan bir qurtum vurdu:
- Get çıxart köynəyi. Qardaşının qışda gətirdiyi futbolkadı, nə zibildi onu gey.
Fərid sevincək evə qalxsa da anasının matı-mutu qurumuşdu. O yaxınlaşıb taxtın kənarında əyləşdi. Balaca oğlu da hopppana-hoppana onlara yaxınlaşıb taxta dırmaşdı, atasının dizinin üstündə əyləşdi.
Kişi bir qurtum da çaydan aldı:
- Bu köpək uşaqları geyinmir belə şeylər. Neçə dəfə fikir vermişəm geyindiyi şortikdi, nə bilim üstü yazılı-yuzulu futbolkadı. Biz hamımız işə qəşəng ütülənmiş köynəkdə, şalvarda gəlirik, o isə bu boyda təşkilatın müdiridi, geyindiyi əski-üsküdən başqa şey deyil. Nəsə bu əcnəbi köpək uşaqlarının kostyumla, rəsmi geyimlə heç araları yoxdu. Geyimdən isə çox şey asılıdı. Atalar necə deyib “Adamı geyiminə görə qarşılayarlar”.
Kişi danışdıqca arvadı gah başını tərpətməklə, gah da qısa kəlmələrlə söhbətə müdaxilə etməklə onun dediklərini təsdiq edirdi.
Fəridin böyük qardaşı Rusiyada yaşayırdı. Kənddə iş olmadığı üçün hələ on il əvvəl dayısı onu da özü ilə götürüb aparmışdı Rusiyaya, bazarda alverə. Bu on ildə o cəmi üç dəfə doğma kəndinə gəlmişdi. Hər dəfə də çamadan dolusu pay- parça ilə. Sonuncu dəfə evlənmək üçün gələndə sovqatı həmişəkindən az olsa da bacı-qardaşlarını unutmamışdı; Fəridə bir ədəd mavi rəngli, üstü yazılı futbolka, balaca qardaşına açıq yaşıl rəngli suatan tapança, bacılarının hər birinə isə bir ədəd kiçicik süfrə gətirmişdi. Böhran ucbatından axır vaxtlar al-ver yox idi. Yığdığı pulu toy üçün saxlamışdı. Evə isə əliboş qayıtmaq istəməmişdi. Süfrələri Çindən mal vurub Moskvaya gətirən eloğlusundan elə topdansatış qiymətinəcə almışdı. Futbolkanı da Moskva küçələrinin birində yoldan ötənlərə havayı futbolka paylayan bir dəstədən. Fəridin sovqatının da düzəlməsinə sevinən qardaş mənzilinə qayıdandan sonra futbolkanı paketdən çıxarıb baxmış, təzədən selofan paketə salıb yol çantasına qoymuşdu. Balaca qardaşını da unutmamışdı. Suatan tapançanı lap yola düşə-düşdə binanın qarşısındakı köşkdən almışdı.
Bacıları süfrələri işlətmədilər, onlardan yana ayrılmış cehiz sandığında saxlamaq üçün analarına verdilər. Fərid də futbolkasını işlətmədi, əlamətdar gün üçün saxladı. Təkcə balaca qardaş o dəqiqəcə tapançaya su doldurub atmağa başladı. Evdə islatmadığı üst-baş, dər-divar qoymadı. Gələn gününün səhəri xalası qızı ilə adaxlanıb bir həftə içində evlənən qardaşının toyu günü ehtiyatsızlıqdan tapançasını xarab elədi. Tezliklə Rusiyadan qayıdanda ona yenə tapança alıb gətirəcəyinə söz verən qardaşı artıq altı ay idi ki, getmişdi. Balaca qardaş ilə gəlin intizarla onun yolunu gözləyirdilər.
Fərid futbolkanı selofandan çıxarıb tələsik sevimli gəlinbacısına ütülətdi, qaynar-qaynar əyninə keçirib istidən qovrula-qovrula həyətə atasının yanına qaçdı.
-Adam səni görən kimi bəyənəcək, baxarsan. Onlar belə geyimdən ötrü ütürlər. Allah qoysa fermada heyvanların altını atmağa fəhlə işindən zaddan verər sənə. Yaxşı get, allah amanında.
Artıq üç aydan çox idi ki, kənddə Avropa cinsli inəklərin yerli şəraitə uyğunlaşdırılması mərkəzi açılmışdı. Direktor həmişə gülərüz olduğu üçün kənddə hamının “bambılı” adlandırdığı Adam adlı ingilis idi. Azərbaycanca yaxşı anlamayan Adamla rastlaşan itoynadan cahıllar salam-kəlamdan sonra onun anlamayacağı bir tərzdə ingilisi şəbədəyə qoyurdular. Cahılların onunla məzələndiklərini anlamayan ingilis də məsumcasına onların üzünə gülümsəyirdi. Elə bu yersiz gülümsəmələrinə görə kənddə hamı onu bambılı çağırırdı.
Fəridin atası mərkəz açılandan orada zootexnik vəzivəsində çalışırdı. O Sovet dövründə texnikum oxuyub yiyələndiyi, kolxoz ləğv olunduqdan sonra tərk etdiyi ixtisasına yenidən qayıtmışdı. Adam özü kimi soyuq ölkədən gəlmiş bu cins inəkləri yerli şəraitə uyğunlaşdırmağa, onları yerli inəklərlə ciftləşdirməyə çalışsa da özü nə bu isti iqlimə öyrəşə bilir, nə də ciftləşə bilirdi; asudə vaxtını ətrafı hündür şam ağacları ilə sarılı, qırmızı kərpicdən Sovet memarlıq üslubunda tikilmiş keçmiş kolxoz binası olan ofisində kondisionerin altında kənd dükançısının məxsusən onun üçün Bakıdan sifarişlə gətizdirdiyi “Heinkein” pivələrindən içərək keçirirdi.
Fərid qapını taqqıldadıb içəri girəndə Adam yumşaq kreslosunda əyləşib internetdən endirdiyi pornofilmə baxırdı. Stolun üzərindəki açıq yaşıl “Heinkein” butulkasının üzəri puçurlamışdı. Adam onu narahat edib işindən ayıranın kim olduğunu bilmək üçün başını qaldıranda sifariş etdiyi qadının gözləmədiyi halda düşündüyündən də füsunkar olmasına sevinən adamlar kimi heyrətləndi. Ciddi sifətinə yenidən gün doğdu. Çöhrəsi aydınlandı.
Fərid ona qarşı olan bu isti münasibəti atası ilə əcnəbinin aralarının yaxşı olması kimi yozdu. Qara dəri divanda yanaşı əyləşmişdilər. Adam Fəridə də bumbuz “Heinken” pivəsi açmışdı. Onun butulkası da yavaş –yavaş puçurlanırdı.
Adam Fəridi işə götürəcəyinə və yüksək maaş verəcəyinə vəd verib butulkalarını bu tanışlığın şərəfinə qaldırmalarını təklif etdi. Butulkalarını toqquşdurdan sonra hərəsi bir qurtum alıb mizin üstünə qoydular. Fərid belə asanlıqla işə düzəlməsinə sevinir, gülərüzlülükdə Adamdan geri qalmaq istəmirdi. Adamın iri, sarımtıl əlləri buduna toxunanda sifəti bozarsa da, özünü ələ aldı. Soyuqqanlılıqla, özünü o yerə qoymadan gözünün ucu ilə Adamın əllərinin hərəkət trayekroriyasını izləməyə başladı. Lakin iri, sarımtıl əllər miyançasını qamarlayanda Fərid daha dözə bilmədi. Adamın əlini kənara itələyib ayağa qalxdı. Nə yuvanın quşu olduğunu öyrəndiyi adamı söyüb qapıdan çıxmaq istəyəndə Adam onun qolundan yapışıb sakitləşdirməyə çalışdı.
Fərid ofisdən çıxan kimi başını qaldırıb ətrafa belə baxmadan özünü tələsik bənddən aşağı verdi. Kanalın kənarında dayandı. Qardaşının ona sovqat gətirdiyi, üstünə “Sorry girls. I’m gay!” yazılı mavi futbolkanı çıxarıb şiltə-şiltə elədi, axar suya tulladı. Əyilib kanalın bulanıq, lilli suyunda əl üzünü yudu. Bəndi qalxıb utana-utana, tələsik evlərinə qaçdı.
Kənd içində maykada gəzmək ayıb sayılırdı.
Müəllif: Mirmehdi Ağaoğlu
Həmçinin bax: Kəntoş kimdir?