Vallah, birinci mərtəbədə yaşamaq da bir şey deyil. Həyətdə qonum-qonşu bir az bərkdən danışan kimi elə bil evdə onlarla diz-dizə oturub söhbət edirsən. Səhər tezdən məktəbə gedən uşaqların hay- küyünü də bunun üstünə gələndə adam istəyir ki, ya evdən baş götürüb getsin, ya da satıb beş-altı mərtəbə yuxarı qalxsın. Amma başqasının evini necə satasan? Sağ olsun arvadın qardaşı, pulsuz-parasız verib ki, nə qədər istəyirsiniz yaşayın. Qohum-qardaşın kirayənişin həyatından danışdıqlarını eşidəndə arvadın yanında olmasa da, özlüyümdə qaynıma minnətdarlığımı bildirirəm ki, məni belə qayğılarla üz-üzə qoymayıb.
Onda sentyabrın əvvəli idi. Günorta gözümün yuxusunu almaq bəhanəsi ilə on-onbeş dəqiqəlik yatmaq istədim. Yuxudan saat beşin yarısı südsatan arvadın səsinə oyandım: “Təmiz süd vaaar, bal vaaar…” Zalımın qızı elə zəhlətökən, cır səslə qışqırırdı ki, elə bil yanına salıb gəzdirdiyi arıq, az qala tökülüb gedən kişinin səsini batırmaq üçün əhd eləmişdi. Həmişə bir yerdə gəzirdilər. Kişi də fərsiz, mağmının biri idi. Bir əlində öz zənbilini, o biri əlində südsatan arvadın tomat bankalarındakı süd-qatığını daşıyırdı. Hərdən yadına düşəndə xırıltılı səslə bir-iki ağız çağırırdı: “Ayaq qaşınmasııı, ayaq tərləməsiii, qribok dərmanı vaaaar…”
Təsadüfən kişi ilə rastlaşanda zarafatla deyirdim ki, indi hamı başının hayındadır, ayaq yada düşmür. O da hardansa tapıb çıxardığı filtirsiz “Astra”sının birini damağına qoyub yandıran kimi bığının altında xəsis-xəsis gülümsəyib deyirdi: “Başdan da olmuşuq, ayaqdan da.” Sonra zənbillərini götürüb südsatan arvadın dalıyca gedirdi.
Bir-iki dəfə ağlıma gəlmişdi ki, bu kişi ilə arvadı söhbətə tutub bir az danışdırım. Öz uydurmalarımı da qoşub onlardan bir hekayə yazım. Fikrimi arvada deyəndə ağız büzüb, qaşqabağını tökmüşdü. Başını bulaya-bulaya mətbəxə gedib öz-özünə deyinəndən sonra dodağının altında lap yavaşdan demişdi: “Kişi boyunu yerə soxum”. Mən də üstünü vurmamışdım. Özümə söz vermişdim ki, əlimdəki yazını bitirəndən sonra mütləq südsatan arvadla mağmın kişidən bir hekayə yazacam.
Şalvarımı əynimə keçirmək istəyirdim ki, onu arvadımın əlində gördüm. Ciblərimi eşələyirdi. Qaşqabaqlı, tərs-tərs üzümə baxıb soruşdu:
- Cibində qəpiyin var?
- Qəpiyi neynirsən?
- Süd alım, axşama tort bişirəcəm.
- Pencəyin cibində olmalıdır.
Hamamda əl-üzümü yuyub qapının başına asılmış dəsmalla əl-üzümü qurulamışdım ki, arvadımın südsatana verdiyi bir ovuc qəpiyin cingiltisini eşitdim. İki tomat bankası ilə dolu südü qazana boşaldanda qapının ağzında dayanıb diqqətlə ona baxdığımı görəndə hikkə ilə dilləndi:
- Hara gedirsən?
- Redaksiyaya.
- Axşam evə tez gələrsən. Gecə yarısına qalma.
- Neynirsən məni?
- Necə yəni neynirsən? Deyəsən olan-qalanından da olmusan. Bu gün qızın ad günüdür.
- Həə, lap yadımdan çıxmışdı. Gedim redaksiyadan maaşı alım, bir-iki dost tanışla da görüşüm gələcəm.
Arvadım keçən həftə qəzetdə çıxan iki qoşasəhifəlik hekayəmə bükdüyü ovuc boyda çəkilmiş əti soyuducudan çıxarıb stolun üstünə sərdi. Əli ilə qəzeti bir-iki dəfə sığallayıb qırışığını açandan sonra gördüm ki, bu ovuc boyda əti də düz mənim şəklimin üstünə qoyub. Qonşunun bağından yığdığı üzüm yarpaqlarını suyun altına tutub dilləndi:
- Dost-tanışla görüşməsən də olar. Onsuz da ağıllı-başlı adam deyillər. Dünən o beli çantalıynan göygözü şəhərdə gördüm. İçib bir-birilərinə ağızlarına gələni deyirdilər.
Maraq məni götürdü. Arvadımın başının üstünü kəsdirib tələsik xəbər aldım:
- Kim idi? Nə vaxt?
- Əşşi, mən nə bilim kim idi! Birdir, ikidir yadımda saxlayım? Yaxşı ki, polis gəlib çıxdı. Yoxsa çarpışacaqdılar.
- Elə danışmalarına baxma. Sabah yenə qardaş olacaqlar.
- Cərə olsunlar, cəhənnəmə olsunlar. Sən də qoşulubsan onlara. Gecən yox, gündüzün yox. Evə gələn kimi də ona-buna tərif yazırsan. Nə uşaqla maraqlanırsan, nə də məni adam yerinə qoyursan.
Arvadımın belə danışığı qanımı qaraltdı. Əvvəl istədim ki, üstünə çımxırıb sözünü ağzından vurum. Sonra qızımızın xətrinə onunla işim olmadı. Ad günü idi. İstəmirdim ki,qəlbi qırılsın.
- Maaşını alandan sonra qıza bir hədiyyə də alarsan. Axşam Həcər zəng vurmuşdu. Deyir,Kazım bir həftədir Leylanın ad gününü gözləyir ki, sizə gələk. Bax də, ağıllı-başlı bir şey al ki, qabaqlarına çıxara bilək.
Həcər baldızım idi. Özü pis adam deyildi. Baxanda arvadımdan min dəfə qayğıkeş, canıyanan idi. Deyinməklə də heç vaxt arası olmayıb. Həcərin əri- bacanağım Kazımdan heç vaxt xoşum gəlməyib. Özündən razı, donqar, bir az da çənədən möhkəm adamdır. Hansısa litseydə ədəbiyyatdan dərs deyir, instituta uşaq hazırlayır. Hərdən kefinə düşəndə qəzetlərə ədəbiyyat haqqında palaz-palaz məqalələr yazır. Bir-ikisində mənim də əsərlərim haqqında yazmışdı. Guya dayaz mövzular seçirəm, əsərlərimdə yorucu səhnələr var, tərbiyəsiz ifadələr işlədirəm. Nə bilim, başqa bu kimi gic-gic şeylər. Ona görə də Kazımla heç vaxt salam-əleykdən o tərəfə münasibətim olmayıb. Amma nədənsə özü qırsaqqız olub yapışıb ətəyimdən. Hərdən zəng vurub, elə mehriban-mehriban danışır ki, elə bil ağlına gələni yazan bu deyilmiş.
İndi Kazımın gələcəyini eşidəndə qanım bir az da qaraldı. Arvadıma bir kəlmə də deməyib mətbəxdən çıxdım.
Qızım televizorun qabağında oturub Mahsum Qırmızıgülün teleserialının təkrarına baxırdı. Məni görən kimi balaca qollarını açıb, boynumu qucaqlamaq istədi. Şabalıdı saçlarına əlimlə daraq çəkib alnından öpdüm.
- Ata, bilirsən bu gün mənim ad günümdür?.-`Gülümsəyəndə seyrək dişləri göründü.
- Bilirəm, qızım.
- Axşam Həcər xala da gələcək.
Yaxşı ki, qızım da anası kimi Kazımın adını tutmadı. Elə bil ki, onunla aramdakı soyuqluğu uşaq ağlı ilə başa düşürdü.
- Sən də tez gəl.
- Tez gələcəm, qızım.
Qapının ağzındakı tumbanın altından ayaqqabılarımı çıxarıb geymək istəyəndə içində yekə xörək qaşığı gördüm. Dünən arvadımdan ayaqqabı geyinəni istəyəndə onu tapa bilməyib əvəzində bu xörək qaşığını vermişdi. Mən də ağına-bozuna baxmayıb burnu əzik tuflilərimi geyinib onu elə tumbanın üstündə qoyub getmişdim. İndi arvadım ikinci dəfə narahat olmasın deyə qaşığı ayaqqabımın içinə qoymuşdu. Bu dəfə qaşığı tumbanın üstünə də qoymadım, balaca, qulpsuz qapının arasına tıxadım. Evdən çıxmaq istəyəndə Qəmərin səsini eşitdim:
- Sabir dayıdan ərzaq götürəcəm, axşam gələndə pulunu verərsən.
***
Stansiyaları elan edən xanımın fonoqram səsini eşidəndə fikirdən ayıldım: “Sahil stansiyası”.Qatardan düşüb çıxışa tərəf tələsən insan axınına qoşulub, eskalatora minmək üçün qarış-qarış addımlamağa başladım. Metronun gurultulu səsindən canımı qurtarıb açıq havada asvaltın üstündə siqnalı təkər səsinə qarışan dəmir axının tanış, zəhlətökən səsinin içinə düşdüm. Binaların asvalt boyu sərilən kölgəsində daldalanıb nəfəsimi dərən kimi üzü redaksiyaya tərəf ağır-ağır yeriməyə başladım.
Redaktorumuz Qoşqar müəllim gəlib durdu gözlərimin qabağında. Yox, əvvəlcə onun təzə-təzə dən düşən lopa bığları yadıma düşdü. Sonra təmiz taraş olunmuş ağ sifətini, çənəsindəki iki haça batığı, gözlərinin altındakı qatbaqat qırışları xatırladım. Yəqin ki, yenə kreslosuna yayxanıb, siqaret tüstülədə-tüstülədə kiminləsə telefonla danışırdı. Təzə kreditlə aldığı ”nootbuk”unun yanına qoyduğu iki litrlik “Şollar” suyunu yəqin ki, elə butulka ilə başına çəkib hərdən boğazının yoğun yeri ilə gülürdü də. Ya da bekarçılıqdan kiminləsə dominodan, nərddən oynayırdı.
Qəmərin səhər tezdən verdiyi tapşırıqları yerinə yetirmək üçün bütün yol boyu maaş haqqında fikirləşirdim. Binamızın həyətində balaca mağaza işlədən Sabir dayının pulunu bu gün verməsəydim də olardı. Onsuz da dillənib istəyən deyildi. Qızımın ad günü üçün hədiyyəni mütləq almalı idim. Qəmər Kazımgilin gəlməsini yadıma salıb, qanımı qaraltmasaydı, ucuz bir şey alıb aparardım. Yox, bəlkə də bu qızımın qəlbinə toxunardı. Keçən il beş yaşı tamam olanda ayı balası istəmişdi. Anası ilə bazara gedəndə hansısa dükanda görmüşdü. Arvadım da demişdi ki, ad günündə atan alacaq. Xoşbəxtçilikdən onda borc tapıb, qızın ad gününü yola verə bilmişdim. Ona ayı balası almaq üçün pul da saxlamışdım. Qəmərin evdə dediyi beli çantalı yazıçı dostum Səttar şəbbəxeyir kimi böyürdən çıxıb başımı tovlamasaydı, qızımı sevindirə biləcəkdim. Qırsaqqız olub yapışdı ki, sənin sağlığına içmək istəyirəm. Özüm də bilmirəm ki, allah ağlımı alıb məni hardan gətirib çıxardı Sabirin heykəli ilə üz-üzə olan kafeyə. Hava qaralanda səntirləyə-səntirləyə avtobusa minib əlim ətəyimdən uzun bir təhər gedib çıxdım evə. Yaxşı ki, onda heç kim gəlməmişdi bizə.
Redaksiyaya çatanda pilləkənlərdə təzə işçimizlə rastlaşdım. Redaktorumuzun pyesləri haqqında bir iki məqalə yazmışdı deyə onu işə götürmüşdü. Sakit, heç kimlə işi olmayan uşaq idi, universitetin üçüncü kursunda oxuyurdu. Ədəb-ərkanla mənə salam verib, redaktorun yuxarıda olduğunu dedi. Qapını döyəndə redaktorun içəridən səsi eşidildi: “Gəəl”.
Həmişəki kimi kreslosunda oturub ayağını-ayağının üstünə aşırmışdı. Yanında üç nəfər qız var idi. Stolun üstündəki yarımçıq “Leyli və Məcnun ” çaxırından stəkanlara süzüb, qızların da qabağına qoymuşdu. Əllərini ölçə-ölçə, həvəslə danışırdı:
- Bir ay əvvəl hekayələr kitabım çap olunub. Türkiyədə pyeslərim kitab şəklində nəşr olunacaq. Tehranda bir pyesimi səhnələşdirirlər. Hazırda bir roman üzərində işəyirəm ki, çox çətin, amma xalqımızın bugünü və gələcəyi ilə səsləşən bir mövzudur.
Redaktorumuz özü haqqında çox danışdı. Axırıncı kitabında yaxşı hekayələri var idi. Amma pyeslərinin Türkiyədə kitab şəklində nəşr olunacağını yalan deyirdi. Hansısa jurnalda dərc olunmalıydı. Tehran məsələsini də şişirdirdi. Üç-dörd gün əvvəl içib ürəyini mənə açmışdı. Deyirdi kiminsə vasitəsilə pyesini Tehrana göndərmək istəyir. Sözünü bitirib məni qızlara təqdim elədi:
- İstedadlı yazıçımız, həm də şair dostumuzdur.- Adımı çəkəndə qızlardan biri qaşlarını qaldırıb bir qədər təəccüblə alnını qırışdırdı. Sonra gülümsəyib, sakit səslə məni salamladı.
- Keçən həftə qəzetdə sizin hekayənizi oxudum. Çox bəyəndim.- Arvadımın çəkilmiş ət bükdüyü hekayə düşdü yadıma.
- Bu gözəl qızlar da tələbədirlər. Mənim pyeslərimdən diplom işi yazmaq istəyirlər.
Əslində bu dəqiqə nə qızların mənim hekayəm haqqında fikirləri, nə də redaktorumuzun özü haqqında uzun-uzadı danışığı mənim üçün maraqlı deyildi. Fikrim maaşın yanında olduğundan tələbə qızların kök, qabarıq döşlərinin üstünə düşən köynəklərini tez-tez yuxarı çəkib, hərdən əlləri ilə ağ yumru ətlərini gizlətmələri də mənə qətiyyən təsir eləmirdi. Qoşqar müəllim narahatçılığımı hiss edib stolun üstündəki “Leyli və Məcnun”nun ayağına uzatdığı “Kent”dən birini götürüb yandırdı.
- Nə yaxşı bu gün gəlmisən?
Srağagün özü demişdi ki, şənbə günü maaşlar veriləcək. İndi yersiz sualı ilə məni qızların yanında çaş-baş salıb pis vəziyyətə qoyurdu. Utandım deyəm ki, maaş istəyirəm. Həm də içəridə bizim oxucularımız var idi. Onların yanında pul haqqında danışmağı özümə sığışdırmadım. Deyəsən, Qoşqar müəllim vəziyyətimi başa düşdü. Tez-tələsik:
- Sabah olacaq,- dedi. Siqaretindən bir qullab vurub tüstüsünü burnunun deşiklərindən balaca, şişman qarnının üstünə fısqırtdı.- Sabah bu vaxt, inşallah, gələrsən.Amma bizimlə qalsan yaxşı olar. Oxucu qızlarımızla da bir az söhbət edərik.
Redaktorumuz danışa-danışa bic-bic bığının altında gülürdü.
- Sağ olun, tələsirəm, – Ürəyimdə Qoşqar müəllimi söyə-söyə özümü bayıra atdım. Qapını bağlamaq istəyəndə onun başını məzəmmətlə yellədib sonra bığının altında bic-bic gülümsəyib mənə göz vurduğunu gördüm.
“Sənin zatına lənət”. Az qala pıçıltı ilə dodağımın altında redaktorumuzu söyəndə kiminsə pıqqıldayıb güldüyünü eşitdim: “Hi-hi-hi-hii”. Redaktorumuzun otağına bitişik otağın açıq qapısından içəri boylananda kompüterçi qız toppuş yanaqları ilə gözlərini qıyıb dişlərini ağardırdı..Əlindəki kitabı ağzına tutanda gördüm ki, Qoşqar müəllimin hekayələr kitabıdır.
- Bu kitabı da mənə verib ki, oxu fikrini öyrənəcəm. Oxuya da bilmirəm. Zəhləmgetmiş.
Qıza fikir verməyib qaranlıq uzun dəhlizlə pilləkənə tərəf getdim. Redaksiyanın binasından çıxanda üzbəüzdəki hündür küknar ağaclarının arxasında gizlənən günəşin gecələmək üçün uzaq sarımtıl üfüqdən çəkilib getdiyini gördüm.
İşin belə tərs gəlməsini heç gözləmirdim. Evə hədiyyəsiz getmək olmazdı. Bir şey fikirləşmək lazım idi. Bəlkə Kazım da gəlib oturmuşdu bizdə. Arvadım da biş-düşünü qurtarıb Həcərlə süfrə hazırlayırdılar. İçim-içimdən darıxdım. Köynəyimin yaxa düyməsinin birini açıb dərindən nəfəs aldım. Siqaret yandırıb tüstüsünü içimə çəkəndə boğazımda düyünlənən qəhərin nəfəs yolları ilə üzü aşağı axdığını hiss elədim.
Birdən-birə Səttar düşdü yadıma. Keçən il başımı tovlayıb məni kafeyə aparmışdı. Qızıma istədiyi ayı balasını da ala bilməmişdim. İndi onu tapa bilsəm, bəlkə borc pul ala bildim. Cib telefonuna zəng etdim. Xəttin o tərəfindən gələn ədəb-ərkanlı, ürəyəyatımlı qadın səsi qulaqlarımda səslənəndə əlim hər yandan üzüldü. Metroya çatanda ağlıma gəldi ki, Səttar bu vaxtlar bulvardakı çayçıda olur. Bəlkə onu orda tapa bildim. Yolüstü “cənubun altı” deyilən zirzəmidə olan çayçıya da baş çəkdim. Bulvarın girişindəki ağaclıqda skamyanın tən ortasında oturub, öpüşən gənclərin yanından keçib, dairəvi karuselin yaxınlığındakı çayçıya yollandım. Məktəb partaları kimi bitişik oturacaqlı stolların ətrafında xeyli adam var idi. Səttarı burda tapmaq ümidimi itirməyib bir az da yaxına getdim. Stolların ətrafında oturub çay içə-içə söhbət edənlərin bəlkə hamısını gözdən keçirdim.Cibimdə səslənən telefonun səsini eşidəndə geri qayıtdım. Ağır-ağır dənizin sahilinə yaxınlaşdım. Hələ də səsini kəsmək istəməyən telefonu cibimdən çıxardım. Nədənsə mənə elə gəldi ki, ekranın yanıb-sönən işığı Qəmərin gözləri idi. Əlimin içində titrəyən telefonun özü də arvadımın ətli bədəninə oxşayırdı.
- Alo.
- Harda qalmısan? İki saatdır səni gözləyirik.
- Gəlirəm. Az qalıb.
- Leylaya nə almısan?
-…
Telefonu söndürdüm.
Hava qaralmışdı. Sahilə yan alan gəzinti gəmisindən həzin musiqi səsi eşidilirdi. Sahildə lövbər salan kimi bir tərəfi sal betonlara bərkidilən yoğun kəndirlərlə gəmini sahilə hörüklədilər. Dəniz gəzintisinə çıxanlar taxtadan olan ensiz körpüdən ehtiyyatla keçib bayıra çıxırdılar.
Yaman susamışdım. Qəmərin telefonda çımxıra-çımxıra danışması qanımı bir az da qaraltmışdı. Susuzluqdan az qala dilim dodağım təpiyirdi. Məndən qabaqda gedən iki nəfər-bir qadın bir kişi vaflili dondurmanı elə ləzzətlə yalayırdılar ki, elə bil susuzluğumu bilib mənə acıq verirdilər. Geyim-keçimlərindən, hərəkətlərindən xaricilərə oxşayırdılar. Kişinin gözündə eynək var idi, az qala çiyininə çatan saçlarını hərdən əli ilə arxaya darayıb dayanmadan qadına nə isə izah edirdi. Qadın nazik parçadan olan qolu qısa köynəyini ətli yambızlarının az qala bütün əzələlərini açıq-aydın göstərən ağ şalvarının üstünə salmışdı. Özüm də bilmirəm ki, onun dolu, şişman arxası hardan diqqətimi özünə çəkdi. Bu vaxt qadın arxaya boylanıb fransızca nəsə dedi. Fransız dilini bilməsəm də onu ingiliscədən ayıra bilirdim. Sonra yoluna davam edib yanındakı kişinın qoluna girdi. Bu dəfə mən arxaya boylananda dalımca balaca uşağın gəldiyini gördüm. Kişinin saçları kimi uşağın da uzun saçları var idi. Əlindəki böyük qadın çantasını az qala sürüyə-sürüyə daşıyırdı. Hərdən uşaq marağı ilə çantanın içini eşələyib nəsə axtarırdı. O biri əlindəki “Koka-kola” butulkasının yarısından olan şirəni ora-bura çalxalayıb köpükləndirirdi.
-Mere,- Uşaq şirin səslə anasını səslədi.
Qadın nədənsə ona cavab vermədi. Bəlkə də yaxınlıqdakı fəvvarələrin şırıltısından, yanımızdan keçən bir dəstə cavan oğlanların hay-küyündən uşağın səsini eşitmədi.
Balaca anasının çantasından eşələyib çıxardığı üzüyün ora-burasına baxıb onu “Koka-kola” butulkasını içinə atdı. Butulkanın qapağını bağlayıb sevincək yerində atılıb düşdü.
Ağlıma gələn fikrin həyəcanından az qala bütün bədənim titrəyirdi. Butulkanı uşağın əlindən alıb yox olmaq! Başqa çıxış yolu yox idi. Evə əliboş gedib arvadımla qonaqların sualdolu baxışlarının altında sıxılmaqdan və hədiyyə gözləyən qızımın ümidini qırıb gözünü yolda qoymaqdansa əcnəbidən nəsə oğurlamaq daha yaxşı idi. Nə fərqi var ki, uşaq ya böyük idi. Bir də bu fürsəti göz qırpımında itirə bilərdim. Qadın geri qalıb uşağı gözləsəydi, hər şey alt-üst olacaqdı.
Amma qadının əvəzinə mən geri qalıb mehribanlıqla uşağın üzünə gülümsədim. Şabalıdı saçlarını sığallayıb əlimlə butulkanı göstərdim ki, susamışam. İşarələr belə yerdə adamın köməyinə çatır. Uşaq balaca əli ilə butulkanı qaldırıb mənə verdi.
…Bulvarın üç-dörd pilləlik pilləkənlərini qalxıb ağacların arasına girdim. Təzə əkilmiş şam ağacının arxasından qadınla kişinin hərəkətlərini izləyirdim.Qadın dənizin kənarı ilə çəkilmiş dəmir məhəccərin yanındakı böyük zibil qutusunun yanında dayananda uşaq arxadan onu səslədi:
- Mere,mere.
Fransızca nə dediyini başa düşməsəm də qadın tez-tez təkrar edirdi:
- Bouteilli, bouteille,… bouteille
Uşaq mənim istiqamətimi göstərib qorxa-qorxa dedi:
- Homme… homme
Gözləmədiyim halda qadın ucadan gülməyə başladı. Sonra ərinə nəsə deyib başı ilə razılıq elədi.
- Merci, je remarcie… merci
Ağacların arası ilə sevinə-sevinə evə tələsirdim. Həyəcandan susuzluğum bir az da çoxalmışdı. Bayaqdan bəri uc-uca caladığım siqaretlər ağzımı zəhər kimi etmişdi. Bulvarın çıxışına az qalmış bayaq skamyada gördüyüm oğlanı uzaqdan gördüm. Öpüşməkdən doyub bu dəfə qızın döşlərini əmirdi. Öz-özümə gülüb cavanlığımı yadıma saldım. Butulkanın ağzını açıb onlara çatha-çatda yarımçıq şirəni başıma çəkdim. Qızın ayaq səsimi eşidib özünü yığışdırması ilə mənim öskürüb ögüməyim bir oldu. Koka-kola sidik tamı verirdi. Ağzımdakı suyu yerə tüpürüb bağırsaqlarımı yandıra-yandıra gedən sidik qarışıq şirəni üç-dörd dəfə ögüyüb yerə tökdüm. Az qala iyrəndiyimdən ürəyim ağzıma gəlmişdi.
Qızın yanındakı oğlan qolumdan tutmuşdu.
- Noldu sənə, dayı? Özünə gəldin?
Oğlana cavab vermədim. Başımla razılıq edib, butulkanın içindəki yarı qalan suyu üzük düşməsin deyə ehtiyyatla boşaldıb onların yanından uzaqlaşdım.
İndi başa düşdüm ki, fransız qadın zibil qutusunun yanında dayanıb nə üçün “merci, merci”deyib gülürdü. Üzüyü apardığımdan gec-tez xəbər tutub yəqin ki, dalımca başqa sözlər də deyəcəkdi. Deyəsən, mənim işlərim düz gətirmədiyi kimi uşağın da barmaq boydası gəmidə sözünə baxmamışdı.
Üzüyü qızıl dükanında dəyər-dəyməzinə satıb qızım üçün az qala özü boyda ayı balası almışdım. Arvadım dalbadal etdiyi zənglərə cavab verməyib avtobusda özüm zəng elədim ki, gəlirəm.
Qapını döyəndə içəridən Qəmərin başmaqlarının şappıtısı gəldi. Kilidi açıb başmaqlarını şappıldada-şappıldada çəkilib getdi. Evdə sakitçilik idi. Otağa girəndə stolun-üstündəki bulaşıq qab-qacağı görüb arvadımı səslədim:
- Qəmər…
-…
- Qəmər.
- Nədi.Sözünü de.
- Qonaqlar hanı?
- Sən tez gəldin, onlar da getdilər. Yaxşı hörmətlərin saxladın.
- Leyla hardadır? Ona ayı balası almışam.
- Gözlədi gəlmədin,ağlaya-ağlaya yatdı. Ayı balasını gətir çırp mənim başıma.
-Kəs səsini,- Qəmərin üstünə qışqırdım.
- Səsin özünə xoş gəlməsin. Camaat yatıb.
Stolun üstündə mənim boşqabımdan başqa bütün qab-qaşıq bulaşmışdı. Səhər-səhər ayaqqabımı geyindiyim qaşıq boşqabımın yanındaydı. Stolun üstündəki “Vest” qutusu Kazımın idi. Yadından çıxıb qalmışdı. İçinə baxanda bir dənə siqaret gördüm. Hirsimdən titrəyə-titrəyə onu yandırıb balkona çıxdım.
Telefonuma zəng gəldi. Qoşqar müəllimin sərxoş səsini eşidəndə çaşıb qaldım. Bir kəlmə deyib öz-özünə gülürdü. Tez-tez də “mənim gözəl qardaşım” deyirdi. Axır ki, çətin də olsa onun nə dediyini başa düşə bildim.
- Gözəl insan sən… sən mənə çox yaxınsan… çox. Necəsən? Yəqin yenə yazırsan hə? Yaz,… öhö-öhö… yaz. Bizim böyük yazıçımız… öhö… yaz… Sənin xətrini çox istəyirəm. Bağışla da məni. Sənə ərk eləyib… həəə… ərk eləyib balaca bir yalan danışdım. Eşidirsən? Üstümdə pulum yox idi. Öhö-öhö …sənin maaşını bu gün tələbə qızlara xərclədim. Qızlara deyəndə ki, birinə. Gözləmədin də, o birini də sən aparardın. Gözəl balalar idi. Çox içmişəm. Fikir eləmə, sabah gəl pulunu apar. Mənim əziz qardaşım, amma gərək mənim zatımı söyməzdin. Bilmirsən ki, yerin də qulağı var?! Ha-ha-ha…Vaxt gələcək ki, eşidirsən…? Mən bunu öz xatirələrimdə …öhö-öhö…yazacam.
19-21 mart, 2009. Bakı
Müəllif: Cavid Zaynallı