Yaddaşın 18-ci saniyəsi

Yaddaşın 18-ci saniyəsi

Albert yerə gəlir, o qışqıra da bilmir. Çox qorxuludur. Amma nədənsə onun üçün zaman dayanıb. Reallıqda bəlkə də iyirmi saniyəyə yerdə olmalı idi. Yox… Zaman getmir. O düşünür…

Nə etdim mən? Ailə qurdum, mənə xəyanət edən həyat yoldaşımdan boşandım. O da qızımın tərbiyəsiylə maraqlanmadığından, qızım fahişə olaraq böyüdü. Vellinqtonun küçələrində onu yaxşı tanıyırlar. Artıq harda olub-olmamağımın onun üçün nə fərqi var ki…
Tanrını axtarmağa çıxdım, bütün ömrüm boyu ona ehtiyacım var. Xristianam. Daha doğrusu idim… Bir gün nədənsə kilsəyə girdim. Padredən özünün də ağlına gəlməyəcəyi sualı soruşdum.
- Müqəddəs ata, niyə yəhudi və müsəlmanlar kiçik yaşlarında dünyanı dərk etməmiş sünnət olunurlar?
-    Bu tanrının dinləridir, oğlum. Onlar sadəcə səhv dərk ediliblər.
-    Amma biz  də ağlımız kəsməmiş xaç suyuna salınırıq…
Rahib susur. Onun mənə söz tapmadığını anlayıb, sual verməkdə davam edirəm.
-    Müqəddəs ata, niyə insanlıq, bəşər bu qədər iyrəncdir? Niyə heç kimə etibar etmək olmur?
-    Oğlum, adın nədir?
-    Albert, müqəddəs ata.
-    Albert, sən niyə bu qədər pessimistsən? Tanrının əmrləri var axı. Hansı ki…
-    Hansı ki, Xirosima, Varfalamey, Əlcazair qırğınını göstərdi bizə, – sözünü kəsirəm.
-    Sən kafirsən. Sən tanrının evində ona qarşı çıxırsan. Belə olmaz!
-    Göstər mənə səbəb ki, qarşı çıxmayım. Siz axı nəyisə anlatmaq əvəzinə lüzumsuz cümlələr qurursunuz.
-    Oğlum, tanrı var. Ata, oğul və müqəddəs ruh naminə buna inanmalısan.
-    İnanmadıqlarımın naminə inanmaq? Bu səfehlikdir axı. Əgər tanrı varsa belə, niyə İsa onun oğludur? Axı insandan ancaq insan yaranar.
-    Görünür sən heç bir dəfə də olsun Bibliyanı açıb oxumamısan. Hələ bilmədiyin çox şey var.
-    Sizə desəm ki, vaxtilə kilsə xorlarında oxumuşam görən inanacaqsınızmı? Çətin…
-    İsa Məsihi müqəddəs ruh yaratdı. Buna da Tanrı deyirlər! Həmin gecə müqəddəs ana…
-    Hardan bilirsiniz ki, o ana dediyiniz hansısa kişi tərəfindən zorlanmayıb? Hardan bilirsiniz ki, o bakirə idi? – yenə sözünü kəsdim.
-    Bütün müqəddəs kitablar belə yazır. Sənin dediyin fikirlər səmavi dinlərin düşmənlərinə aiddir. Oğlum, səni dəvət edirəm, bir neçə dəfə də gəl kilsədə dua et. Daxilində rahatlıq tapacaqsan.
-    Müqəddəs ata, sizə inancınıza görə hörmət edirəm. Amma mənim səsləndirdiyim suallara yalnız dindən kənar sadə və məntiqsiz cavab verdiniz. Lütfən deyin, tanrımı istəyir həyatımızı rahat yaşayaq? Özümüz bildiyimiz kimi, yoxsa o dediyi kimi?
-    Bilirsən, oğlum, bəzən insanlar elə bilir ki, tanrı onları idarə edir. Əslində bu belə deyil. O istəsəydi, yəqin ki, çoxdan dünya cənnətə dönərdi. Digər tərəfdən də insanlıq yalnız öz qanunlarıyla yaşamamalıdır.
-    Mən iki universitet bitirmişəm. Dinlərdən, dünyadan da xəbərim var. Baxıram islam ölkələrinə, məsciddə böyüyürlər, dindən danışan əmirləri gümüşdən limuzin düzəltdirir, amma kəndlərində uşaqları təhsil ala bilmir. Sırf xristian ölkələrinə bax, Kolumbiya, Nikaraqua, Dominika, Haiti… Hamısı səfalət içində yaşayırlar. Yəhudi ölkəsi olan İsraildə isə hakimiyyətdə ravvin və ya sinaqoq nümayəndəsi görə bilməzsən. Qeyri-səmavi dinlərinsə fəlsəfəsi maraqlı olsa da, onlar da işləməkdən başqa hər şeylə məşğuldurlar. Tanrıya görəsən insanların ona sitayiş edib, dinlə böyüyüb cənnətə düşməsimi lazım, yoxsa cənnəti elə bu dünyada yaşamaqmı?
-    Bu, insanların günahıdır. Saydıqların isə sadəcə olaraq təsadüflərdir. Sənin tanrıya ehtiyacın var, get, özünə hansısa dini seç və rahatlan.
Padre məni başa düşmədi… Məcburam kilsədən gedim. O özü məni inandıra bilmədiyi üçün, öz inancına da şübhə etməyə başladı.

Deyəsən iyirmi altıncı mərtəbədəyəm. Yerdə maşınlar balacadır, görən niyə onlar tərpənmirlər? Hər şey çox kiçikdir. Həyatın özü kimi.

Bir gün də işə düzəldim. Sadə ofisiant kimi. Vizit kartım da gülüş. İnsanları yaxşı qarşılayırdım. Amma bəxtsizlik yenə də mənə salam verdi. Bir gün içəridə faciə baş verdi. Hansısa mafiya içəri girib qara paltarlı insanları güllələyib, qaçdı. Deyəsən mafiyalarası qarşıdurmadır. Əla, çox xoşum gəldi. Mafiyanın birinin digərinə şillə belə vurması onlardan birinin tam məhv olmasına gətirib çıxaracaq. Amma necə? Əlbəttə ki, hansısa günahsız insanlar da məhv olacaq. Ürək parçalanır. Sadəcə söz tapmaq olmur. Kəndçi evində on uşaq dünyaya gətirir, şəhərlinin isə uşaqla arası olmur. Bu qanunları kim yazıb dünya üçün görəsən?

Daha iki mərtəbə aşağı düşmüşəm. Maraqlıdır, niyə zaman belə ölüb? Belə getsə piramidalar kimi əbədiyyətə qovuşacam. Axirət uydurması boş şeydir. İnanın, qiyamət o vaxt baş verəcək ki, dünya ölkələri həyat səviyyəsinə görə Şimali Avropaya çatsın. Axı tanrı da insanlar kimi öz maraqlarını güdür. Anlamıram yenə də, tanrıya ona səcdə etmək lazım, yoxsa insanların firavan yaşaması?! Mən tanrı olsaydım, mənə insanların firavanlığı əsas olardı. Bəlkə elə ona görədir ki, tanrı deyiləm…

On səkkizinci mərtəbə. Burada artıq hər şey daha maraqlıdır, görən hara düşəcəm? Hansı maşın mənim kimi uğursuzun üstündə xərcə düşəcək. Yəqin ki, maşın sahibi avtomobilinə görə məni söyəcək.

İkinci dəfə evlənəndə artıq xoşbəxt olacağıma əmin idim. Sadə bir şeyi deyim ki, Sara heç vaxt mənə qarşı biganə deyildi. Amma bir müddət sonra onun bədənində infeksiya aşkarladılar. Qarnında 7 aylıq körpəsi ilə məni yalqız qoyub getdi. Onu elə sevirdim ki, intihara belə cəhd göstərdim. Amma qoca anamın təkidiylə bu fikirdən vaz keçdim. Uzunmüddətli depressya isə qoymadı ki, optimist yanaşım bu həyata. Axı insanlara nə qədər atlatmaq olar ki, gəlin pula, hökümətlərə- hər şeyə yox deyək. Axı biz özümüzü əslində uçuruma aparan bir dünya qurmuşuq.

Doqquzuncu mərtəbənin şüşəsi. İçəridə qadın əriylə sevişir. Mən bu qadını tanıyıram. Altı il dostumun qadını olub. Heç vaxt sakit durmurdu, dəcəl qadın idi. Bir dəfə mənə heyvan dediyi üçün başına stəkan vurmuşdum. Yadıma gəlir, sonralar hətta  bir dəfə otağında tək qaldım onunla…

Sonra təhsilimə uyğun iş seçmək qərarına gəldim. Bankda işlədim. Altı il. Az vaxt deyil. Bankda işlədiyim zaman ədalətsiz bir hadisə baş verdi. Bir gün içəri maskalılar girib, bankdan pulları maneəsiz götürdülər. Kodu hardan bildikləri məlum olmadı. Heç özlərini də tapa bilmədilər. Nəticəsi bu oldu ki, bankın deşifrə meneceri kimi məni məsuliyyətə cəlb etdilər və daha beş ilimi qazamatda keçirdim. Yalnız cəzamən bitməsinə altı il qalmış günahsız olduğum bəlli oldu. Üzr istədilər, sanki bu üzr mənim 5 illik acılarımı qaytaracaqdı. Cavan yaşımda səksən yaşlı qocaya oxşayırdım. Qazamatda mənə olmazın əzablar verib, həyata həyasız insan kimi buraxdılar. Dırnaqlarımı kəlbətinlə çıxardıb, oğruları haradan tanıdığımı soruşurdular…

Altıncı mərtəbə. Yerə çatmağıma az qalıb. Ağaşıdakı insanlar fərqimə varıb deyəsən. Hamısı mənə baxır. Elə bil təyyarə enişini seyr edirlər. Bəlkə onlardan kimsə mənə yardım etmək, həyatımı xilas etmək istəyirdi. Amma necə?

Sonra yanğınsöndürmə işinə girişdim. Hər şey yaxşı gedirdi. Məni yalnız qara işlərə göndərirdilər. Bilmirəm niyə. Axır vaxtlar, pivə, çips almağa yollayırdılar… Bir gün dostlarım yanğını söndürərkən ehtiyatsızlıq ucbatından yandılar. Xoşbəxtlikdən ölən olmadı. Lakin bir müddət onları əvəz etməli idim. Hər gün o pişiyi ağacdan götür, bu ilanı zərərsizləşdir, elə bil bioloqam. Bezmişdim insanların mənə “münasibətindən”.
Bu gün yenə baş koordinator məni yanına çağırdı. Kişinin oğlu yeni missiya tapşırdı mənə:
-   Albert,  bu gün sənin növbəndir. Pentlor stritdəki göydələnin damına çıxmalısan.
-    Yenə də mən? Axı dalbadal üçüncü növbədir ki,  məni göndərirsiniz.
-    Yanğınsöndürən təkcə yanğın söndürməməlidir. Sənə əmr gəlib. Buna görə əlavə müavinət də veriləcək.
-    İşim nədir?
-    Damdakı antennlər bir-birinə qarışıb. Binada internet dayanıb. Özünlə bir nəfər də götür. Sənə kömək etsin. Çox güman, o dəfə olduğu kimi, iri trosu açmalı olacaqsınız.
-    Əlavə pulu sizdən şəxsən alacam…
Özümü çox yorğun hesab etməyimə baxmayaraq, Roberti də götürüb hadisə yerinə getdim. Çox da çətin iş deyil.
-    Dart, Robert. Sağ tərəfdəki simi bir yerə bərkit.
-    Alınmır axı. Gücüm çatmır…
-    Tez elə, mən trosdan sallanmışam. Cəld!
-    Axx… alınmır. Əlim kəsilir. Mən trosu buraxıram.
-    Buraxma, qoy keçim qabağa.
-    Bacarmıram, tez elə. Nə oldu?
Məndən səs gəlmir. Əlim trosdan sallaq vəziyyətdə ayağımı harasa ilişdirmək istəyirdim. Otuz ikinci mərtəbədəyəm. Burda bacardıqca çox qalmalıyam. Robert əli qan içində bir təhər zəng edib kimisə köməyə  çağırır. Bir əllə kəsici trosdan bərk yapışsam da get-gedə əlimin açıldığını hiss edirəm. Son zamanlar artıq çəki aldığımdan və anormal rejimdə işlədiyim üçün ağırlığımı tutmaq çətindir. Albert hər şeydən bezib. Trosun bir az paslanmış çıxıntıları artıq əllərimin dərisinə yeriyib. Sinir sistemi… Necə də zəif imiş insan. Dözə bilmədim… Axx səni Albert, buraxıram, otuz ikinci mərtəbə… Robert edə biləcəyi yalnız qışqırıb hay-küy salmağı oldu. 18 samiyəlik “eniş” idi bu əslində. Artıq gecdir.

Zaman nisbi anlayışdır. Onun sürəti məlum deyil. Bəzən insanlar şikayətlənirlər, zaman raket kimi uçur, bəziləri isə deyinir ki, vaxt getmir. Mürəkkəb anlayışdır. Qəribədir… Həyatımızın özü kimi. Budur, nəhayət qarşımda sürətlə şığıyan maşınlar durur, yəqin hansınasa dəyib xırt-xəşil olacam. Dəydim! Özü də qara maşının şüşəsinə, sonra da asfalta çırpıldım. 18 saniyədə bütün həyatımı təsvir elədim. Bu, fantastika deyil. İnsanın bir saata danışdığı yuxular əslində maksimum yeddi saniyəyə baş verir. Adamlar yığışır ətrafıma. Gözüm açıqdır. Ağzım ciyərdən gələn qanı çölə daşıyır. Xokkeyçilər kimi salamat yerim yoxdur. Ömrüm boyu axtardığım tanrı da mənə kömək ola bilmədi. Görən beynim nə vaxt donacaq? Hə, artıq dondu. Sadə təbəssüm, bu da məndən sənə yadigar olsun, həyat…

Müəllif: Ülvi Dann

Top