Qadın çimərliyi (Hekayə)

Qadın çimərliyi (Hekayə)

-    Yenə Təhminəlik eləyib gəldim!
-    Təhminə* yel olub yanından keçə də bilməz!
Sevil gözünü monitordan çəkməyib qarasına cavab verdi.
-    Don Kixot** da sənə çatmaz!
Aytən bunu deyib əlindəki torbaları hirslə çarpayının üstünə atdı.
-         Yox, yox, mən Donna Kixotəyəm.
-         Yaşamaq üçün Təhminəlik Donna Kixotəlikdən daha xeyirlidi, xanım.
-         Məncə, hərəsinin öz yeri var – Sevil yazmağı dayandırıb inamla dedi, – bu dünyada Təhminəlik də, Donna Kixotəlik də, hətta Janna Darklıq*** da eləmək lazımdı.
-         Amma mənə elə gəlir ki, hər şeydən əvvəl Hacı Qaranı**** razı salmaq lazımdı bu dünyada.

“Hacı Qara” adını eşidən kimi Sevilin şax qaməti əyildi.
-         Uff, yadıma salma da, qoy, yazımı yazım.
-         Belə getsə, bizim pulu başından aşan Hacı Qaramız dönüb olacaq Don Juan*****, day gecəni rahat yata bilməyəcəyik. Gözü də səni tutub, xəbərin olsun.
-         Fuu… qoy, görək, saxladığı xoruza oxşayır o… Özü də top kimi arvadı var başının altında…
-         Arvadın məsələyə nə dəxli? Mən gördüm o gün necə marıdırdı səni.
-         Bəs nə. Sənin dar-dürtdək donunun sayəsində. Tələsik bilmədim əynimə nə keçirim. Axmaq kişi! Soxulur içəri, bir demir, burda qızlar qalır.
-         Əcəb eləyir. 2 aydı kirəpulu verməyən qızın otağına soxularlar.

Aytən danışa-danışa aldıqlarını yerbəyer etməyə başlamışdı. Pendir soyuducuya, kartof-soğan otağın küncünə, sabun əlüzyuyanın üstünə, başmaqlar kandara.
-         Bizim bu kartofsatan yoxdu, mənə qayıdasan ki – gədədə sifətə bax e sən – gözəl, sən oxuyub qurtarmadın?
-         Sən nə dedin? – Sevili gülmək tutmuşdu.
-         Sən hırılda elə. Hirsləndim əməlli-başlı, dedim, kursda qalıram iki ildi.
-         Niyə elə dedin? Ondansa deyərdin ki, magistraturada oxuyuram da – Sevil gülməmək üçün dodaqlarını dişləyirdi.
-         Tamam ağlını itirmisən e. Az, 3 ildi elə magistraturada oxuyuram da.

Sevil Aytənin qəzəbinə düçar olmaq qorxusunu unudub qəşş elədi. Aytənin hirsi keçməmişdi.
-         Gülərsən də, nə vecinədi? Ucuz almaqdan ötrü tələbə adıyla satıcıların üzünə irişib naz satan sən deyilsən ki. Bundan sonra harda baha mal var, gedib onu alacam. Özü də niyə bazarlığa həmişə mən gedirəm e? Day getməyəcəm!
-         Etməgil! – Sevil yazıya ara verib məzlum baxışlarla Aytənin üzünə baxdı, – axı mənə kimdi baxan? Təhminəlik öncə gözəllik istəyir, gülüm, o da səndə.
-         Heeç özünü yorma. Sənin komplimentlərin çoxdan doyurub məni.

Sevilin məsum gözləri, solğun təbəssümü qarşısında duruş gətirə bilməyəcəyini görən Aytən məğlubiyyətini boynuna almamaq üçün həyətə çıxdı. Paltarlar dünəndən zivədə qalmışdı.

…Bu axşam Günəş uzun müddət batmadı. Nəyi gözlədiyi məlum deyildi. Hər halda bu kədərli şəhərə vurulduğunu düşünmək çətin idi. Amma Günəşin zövqünü nə bilmək olar? “Bu da naz satmağa yer tapıb”. Günəşin batıb-çıxdığı günlərdə Sevil belə deyərdi. Qızlar bu mövzuda tez-tez danışardılar. Fəlsəfə açardılar. Amma indi vəziyyət başqa idi. Yəni fəlsəfə vaxtı deyildi. Aytən demiş, qatıqlayıb – qatıq-çörək yeyib, hərə öz çarpayısında uzanmışdı. Aytən Sevildən son xəbərləri öyrənirdi.
-         Heç kim sizə kömək eləmir bəs?
-         Eləmir də.
-         Off, axır başına iş açacaqsan.
-         Day başımıza bütün işləri açıblar da. Bundan betəri də var? Anam deyir, bir gün sənə görə  hamımıza toy tutacaqlar…
-         …O da haqlıdı…Toy demiş, Natiqin toyundan nə xəbər?
-         Qalır hələ. Gün təyin edə bilmirlər.
-         Niyə?
-         Bəs dünən demədim? Toya çağırmaq üçün bu günə qədər mədhiyyə oxumamış bir müğənni tapa bilmir. Hansının adını tutur, diskindən mütləq bir-iki mədhnamə çıxır.
-         Onda, o, subay öləcək.
-         Deyəsən. Qaynatası çox narazıdı Natiqdən. Evdə qızın başına vururlar ki, bu səy jurnalisti hardan tapıb caladın bizə.
-         Yazıq qız. Bir azdan məktəbdə dərs də verməyəcəklər ona.
-         Həə, işləri fırıqdı…
-         Özünə gün ağla e, hamının işi düzələcək, səninkindən başqa.
-         Axı mən neynim?
-         Day heç nə. Gecdi. Gərək bir yol tapıb çıxasız vəziyyətdən…
-         Fikirləşirik də…
-         …Siz bu işə tanınmış adamları niyə cəlb eləmirsiz ki?
-         Kimi?
-         Deputatları, alimləri, sözü eşidilən adamları…
-         İndi kimin sözünü eşidirlər ki?
-         ..Hmm…o birilər heç, bəs müxalifət deputatları da bir söz demirlər?
-         Hərdən bir orda-burda nəsə deyirlər. Amma bu çox azdı. Bizə güclü kömək lazımdı. Bu işdə hamının sözü bir olmalıdı…İki cavan uşaq çürüyür e içəridə…
-         Siz də bir az orijinal olun da.
-         Necə yəni?
-         Əvvəlcə maraqlı təkliflər verin deputatlara. Onlar da adamdılar da, ürəkləri açılsın qoy, nə qədər şikayət, ah-uf eşitmək olar?

-         Deputatdılar da, işlərinin adı nədi?
-         Yox e. Birinci növbədə gərək onların xoşuna gələsiz…
-         Bu qalıb bircə.
-         Qulaq as da. Qəşəng bir təklif verin. Görsünlər maraqlı qızlarsız, başınız işləyir, sizə inansınlar. Maraqlı adamlara inanırlar axı həmişə.
-         Məsələn?
-         …Hmm…məsələn, Novxanıda qadın çimərliyinin təşkilinə yardım etmələrini istəyin.

Sevil qalxıb çarpayıda oturdu.
-         Başın xarabdı? Nə çimərlik? Çimərlik vaxtıdı?
-         Əsl vaxtıdı! Yayda çimərlikdən danışarlar da. Elə xoşlarına gələcək ki, bu ideya.
-         Off… axmaq mənəm ki, sənə qulaq asıram.

Sevil yenidən yatağa uzandı.
-         Sən nə qədər maraqsız olmusan! Bu cür ideyanı bəyənmirsən. Müsəlmançılığı burdan calayırsan məsələyə, insan haqlarını ordan, ortasına da başını bağlayıb qaş-gözlə danışan 1-2 qadın da əlavə elədinmi, bu iş hazırdı. Ay balam, hicablı qadının da qaralmaq haqqı var da! Lap hicabsız olsun. Axır ki, xalatda çimənlərin canı rahat olacaq. O qədər dua edəcəklər ki, sənə. Sənin qadın təşkilatın dünyaya səs salacaq.
-         Aytən, dincəl. Bu qədər problemin içində çimərlik barədə düşünməyə halım yoxdu.
-         Əsas deputatları maraqlandırmaqdı, dəli. Başlasınlar danışmağa. Məsələ qaldırsınlar. Ətrafına çoxlu tərəfdar yığandan sonra sözün daha keçərli olar da. Bəlkə düz demirəm?
-         Bura bax, strateq…
-         Vallah düz deyirəm. Eşitmişəm, İranda var belə yerlər. Kişisiz çimərlikdə rahat-rahat qaralan xanımlar o qədər xoşbəxt olacaqlar ki, sabah nə desən, edəcəklər, hara desən, gələcəklər.
Sevil bir müddət susdu. Aytənin dedikləri barədə düşünürmüş kimi görünsə də, bütün fikri sabaha uçub getmişdi. İstər-istəməz həyəcanlanırdı. Aytəni də cavabsız qoymaq istəmədi.
-         Kaş bizim qadınların problemi elə çimərlik olaydı…

Aytən bayaqdan danışdıqlarının Sevilə təsir etmədiyini görüb hirsləndi.
-         Off, day sözüm yoxdu… Mənə bax, sən niyə çıxıb getmirsən burdan? Mənim də canım qurtarardı səndən. O təşkilat vardı e, Almaniyadan, təklif eləmişdilər də, gərək gedəydin.
-         …Getmək…mən başqa dildə yaza bilmirəm axı…heç başqası üçün də yaza bilmərəm…
-         Öyrənərsən də, nə çətin işdi ki… Eee, ağlın yoxdu onsuz da…
-         …Yəqin ki…
-         Siz bu məsələdə qadın deputatları da görün bir…
-         Aytən, çimərlik vaxtı deyil!
-         Əşi, bir dayan, fikrin qalıb elə dənizdə. Uşaqları deyirəm mən. Görüşün, deyin, sözü bir yerə qoyub Milli Məclisdə bu məsələni qaldırsınlar. Bir iş görmürlər, heç olmasa, qadın mərhəməti göstərsinlər.
-         Onlar bu xaraba ölkənin problemlərindən başqa hər şeylə məşğuldurlar. Yox e, problemin ətrafında fırlanırlar, amma bu andır problemin üzünə baxmağa qorxurlar. Öz dərd-sərimiz qalıb, ondan-bundan yazırlar, həm də neçə əsr qabaq ölmüşlərdən.
-         Yaxşı, coşma yenə. Sən deputat olsaydın, onlara doqquz qoyardın. İndi belə danışırsan…

Aytən sağa çevrilib divarın köhnə oboyunu didməyə başladı. Bir şey fikirləşəndə belə edərdi həmişə. Sevil Aytənə cavab vermədi. Fantaziyasını nə qədər zorladısa, özünü deputat kimi təsəvvür edə bilmədi. Klassik kostyumda, boynunda ağ mirvarilər, adamlarla danışanda ciddi sifət alır, makiyaj da eləyib hələ… Yox, bu cür bacarmazdı. Bütün replikalarına cavab gözləyən Aytənə isə belə dedi:
-         Mən başqa cür deputat olardım.

Aytən ona tərəf çevrildi.
-         O biri var e, o gün deyib ki, Azərbaycan vətəndaşı öz prezidentinə o qədər inanır ki, heç bir şərhə ehtiyac yoxdu.
Aytən çarpayıda bağdaş qurub oturdu, əllərini belinə qoyub deputatı yamsılamağa çalışdı.
-         Həə, o deyər, ona nə var ki… – Sevil güldü.
-         Hələ ulu nənəmizə nə qədər gülmüşəm. Öz yanından ölüm hökmü çıxarır ona-buna.
-         Hamıdan da xəbərin var, maşallah. Bəs ayrı vaxt deyirsən, heç nəylə maraqlanmıram, başımı aşağı salıb dövlətin vergisini hesablayıram?
-         Yoo, mən belə şedevrlərin ölüsüyəm də. İşə-gücə baxmır, məxsusi tapıb oxuyuram. Sən də axmaq-axmaq məqalələr yazmaqdansa, götür bunları topla, kitab kimi çap elətdir. Bir anda məşhur olarsan.
-         Pulum olsaydı, gələcək Don Juanı yola salardım da. Maaşdan da xəbər yoxdu hələ.
-         Sizdə nə vaxt normal maaş verirlər ki? 3-5 manat çörəkpuluynan yola salırlar. Bizdə sabah olmalıdır. Gətirib verəcəm. Ya da yox, sənə verərəm, sən apararsan, o biri ay üçün də dil-ağız eləyərsən, Hacı səni çox istəyir axı.

Olmazdı Aytənin belə bic-bic gülməyindən. Yanaqları da batırdı. Sevil durub onun üzünü yüngülcə çimdiklədi.
-         Evdə bir Təhminə olar.
Aytən yanağını ovuşdurdu.
-         …Bilirsən ən böyük arzum nədi?
-         Nədi?
-         Sən deputat olasan, mən də köməkçin…Uy daaa, bütün dünyanı gəzərdik…Parisi görsəm, ölmərəm Seviiil!

…Haradasa yeni gün başlayırdı. Bu şəhərdəsə gün çoxdan bitmişdi. Gecənin əsnəməsi basmışdı ətrafı. Sabah fərqli bir gün olmalıydı. Sevil həmin bu günə hazırlaşırdı. Bütün yazdıqlarını printerdən çıxartmışdı. Dönə-dönə oxuyurdu. Şüarlar onu indidən coşdururdu. Aytən neçə gündü təkid edirdi ki, bu icazəsiz piketdən vaz keçsin. Amma Sevil fikrindən dönmürdü, “xırıldamaq nədi ye day” deyirdi. Sevilin nə vaxtdı özündə olmadığını, içindəki qəzəbi tökməyə yer axtardığını görən Aytən mütləq onunla getməyi qət etmişdi. Tək qoymaq istəmirdi. Sabah da şənbə. Xeyli qorxsa da, polisin qızlara əl qaldırmayacağına inanırdı. Bir az da maraq güc gəlmişdi – ömründə piketdə olmamışdı…

*

…Qovhaqov başlayanda Aytən Sevili itirdi. Artıq polis-filan da gözündə deyildi. Qorxurdu ki, Sevili tutub apararlar. Sevilə bir şey olsaydı, polisləri dırnaqları ilə didərdi. Parkın içində “Seviiil, Seviil” deyə, qışqıra-qışqıra ora-bura qaçırdı. Sevil qızlarla birgə daldalandığı ağacın arxasından Aytəni görüb səslədi. Səbrini basa bilməyib qaça-qaça ona tərəf gəldi. Aytən Sevili görüb bir az toxtadı. Amma onun arxasınca qaçan yekəpər polisi görüb dili tutuldu. Sevil artıq ona çatmışdı. Aytəni qucaqlayıb “qorxma, görüm” demişdi ki, polis dəyənəyini qaldırdı. Aytən Sevili cəld yana itələdi. Dəyənək onun başını tutdu. Bir anda gözü qaraldı, səntirləyib yıxıldı. Polisin dayanmadan “yiyəsiz qancıqlar! ləçərlər!” bağırdığını, Sevilin ağlaya-ağlaya “oğraş oğlu oğraş!” qışqırdığını eşidirdi. Gözünə dolan isti maye söyənləri görməyə mane olurdu…

*
-         …Çox incidir?
-         …Hə…zoqquldayır başım…gözlərim…yumulur…
-         Döz bir az da, evə çatırıq…
-         …Deyən…ən böyük…arzuma…çatmayacam… – Aytən soyuq təbəssümlə qırıq-qırıq cavab verdi.

Sevilin gözləri doldu. Aytənin başını sinəsinə daha möhkəm sıxdı. Yarandığı günə lənət oxudu. Polisləri söydü. Ölkəni söydü. Dövləti söydü. Ortayaşlı taksi sürücüsü maşının güzgüsündən qəzəblə onlara baxırdı. Qızlar düşəndən sonra bütün zəhərini tökmək qərarına gəldi:
-         Nə ölümünüz vardı mitinqdə?

Sevil beşliyi sürücünün qucağına atıb hirslə:
-         Sənin işini görürdük! – dedi
*

-         Başa düşmürəm e…“istefa”…qışqıran sən…mənim başımı…niyə yarırlar…
Sevil onsuz da Aytənin ağır-ağır nəfəs almasına, qanlı sarığına baxıb ağrıyırdı. İndi onun bu sözləri lap içini göynətdi. Bir tərəfdən də Aytənin danışmağa başlamasına sevindi. İşi zarafata bağlayıb onun ağrılarını azaltmaq istədi. Çarpayısının kənarında oturub əlini sarığın üstünə qoydu.
-         Təhminələr hər yerdə gözə girirlər də, dəli. Özünü balaca qadın bilirsən? Onlar üzdə guya Təhminəliklə mübarizə aparırlar. Amma həmişə seviblər Təhminələri…
Aytən zorla gülümsədi. Sevil ayağa durub kompüterin qarşısına keçdi.
-          Janna Darkların isə şansı yoxdu. Onlar mütləq ölməlidilər…uğrunda öldüklərisə onları heç vaxt qorumurlar…
Aytən yataqda zorla dirsəklənib başını yastıqdan qaldırdı.
-         Yekə-yekə…danışma yenə…sən olsa-olsa…Donna…Kixotəsən…hələ…budey, qulaq as…bəyənmədiyin…”Jalə”nin******…içindən səs gəlir…əcəb…gülür…meyvələr…
Günün dəhşəti altında ağrını, qəzəbi, çarəsizliyi eyni anda yaşayan Sevil kompüteri söndürüb ayağa durdu. Kiçik pəncərədən dünyanı görməyi qadağan etmiş boz beton divara baxıb zəif səslə:
-         Düz deyirsən…- dedi.

Aytən başını bulayıb yenidən uzandı. Şişmiş gözlərini yumdu. Bir az sonra xoruz banladı. Yəqin ki, hündür hasarın o üzündə qalmış üfüq artıq qan rəngində idi. Günəş yenə bu kədərli şəhərə naz satmağa gəlirdi…

_________________________________________________________________________

*XX-XXI əsrlərdə yaşamış Azərbaycan yazıçısı Anarın məşhur qadın qəhrəmanının adı. Çox gözəl, çoxlu kişi dostu olan, əsər boyu dəfələrlə dostluqdankənar əlaqələrinə işarə edilib, amma heç bir yerdə sübut göstərilməyən qadın.
**XVII əsr ispan yazıçısı Servantesin xəyalpərvər, nəticəsiz mübarizə aparmaqdan yorulmayan məşhur qəhrəmanı.
***XIV-XV əsrlərdə fransızlarla ingilislər arasında gedən yüzillik müharibədə sərkərdə kimi iştirak etmiş qəhrəman fransız qadın. Onu tonqalda yandıraraq öldürmüşdülər.
**** XIX əsr Azərbaycan dramaturqu M.F.Axundzadənin xəsisliyi ilə ad çıxarmış məşhur qəhrəmanı.
*****Orta əsrlərdə Avropada əxlaq və dini qaydaların əksinə həyat tərzi keçirən real aristokratın bədiiləşdirilmiş obrazı.
******XXI əsrin əvvəllərində demokratik inkişaf yolu tutmuş ölkələrdən biri yerli bazara 100% təbii olduğunu iddia edərək bu adda meyvə şirələri çıxarırdı.

Müəllif: Jalə
Top