Pirverdinin xoruzu (Cəlil Məmmədquluzadə)

Pirverdinin xoruzu (Cəlil Məmmədquluzadə)

Qasım əminin övrəti Həlimə xala çörək yapırdı.
Hər dəfə çörək pişirən vaxt Həlimə xala iki, ya bəlkə üç övrət qonşularından özünə mədədçi çağırardı və gahdan bir Təzəkənddən bacısı Zibeydəyə də xəbər verərdi ki, gəlib ona kömək eləsin.
Bu dəfə on put unun çörəyi gərək yapılaydı və Zibeydənin mədədə gəlməyi, əlbəttə, lazım oldu. Həlimə xala üzünü ərinə tutub dedi:
-A kişi, durma, min ulağı, get Zibeydəni gətir.
Məlumdu ki, çörək pişən günlər uşaqlar və itlər üçün bayramdır. İtlər üçün səbəbi vazehdir; o ki qaldı uşaqlar, onların da məktəbə gedənləri iki-üç gün evdə qalıb guya uşaq saxlayırlar. Qız uşaqları da mədədçi övrətlərin uşaqları ilə “qəcəmə daş”, “beşbaş” oynayırlar.
Qasım əmi dəsmalının içinə bir neçə çörək qoyub bağladı belinə və istəyirdi ulağı minə, on üç yaşında oğlu Pirverdi yapışdı eşşəyin quyruğundan və dedi:
-Vallah, dədə qoymayacağam gedəsən!
Qasım əmi oğlunun üzünə baxmayıb ulağı mindi və çünki gördü ki, ulağ tərpəşmir, üzünü oğluna tərəf çöndərib soruşdu:
-Bala, niyə qoymursan gedəm?
Pirverdi cavab verdi:
-Həyə Zibeydə xalama desən ki, mənə bir xoruz gətirsin, onda qoyaram; yoxsa, vallah, qoymaram.
Qasım əmi “yaxşı” – deyib, hər iki ayaqları ilə ulağın qarnından dürtmələdi ki, yola düşsün, amma heyvan yerindən hərəkət etmədi; çünki Pirverdi bərk-bərk yapışmışdı ulağın quyruğundan. Qasım əmi üzünü oğluna tərəf çöndərib and içdi:
-Oğlum, canın üçün xalava deyərəm sənə bir yaxşı çarxı xoruz gətirsin. Di izn ver gedim.
Pirverdi quyruğu əlindən ötürdü.
İki saat yol gedib Qasım əmi yetişdi Təzəkəndə və istəyirdi bacanağı Kərbəlayı Məhəmmədin evinə yavıqlasa, köhnə dostu Təzəkəndin prixod mollası Axund Molla Cəfərə rast gəldi və ulaqdan yendi. Molla ilə görüşüb və kəndə nədən ötrü gəlməyini deyib, Qasım əmi istədi ulağı sürə, amma Molla Cəfər əlindəki çilingi ilə ulağın başını öz evinə tərəf qaytarıb, yapışdı Qasım kişinin yaxasından ki, gərək bizə gedib, mənə qonaq olasan.
Vaqeən Qasım əmi çox ədəbli və söz eşidəndi; dostunun təklifini qəbul edib üz qoydu Molla Cəfərin evinə.
Molla Cəfər Qasım əmini evini aparıb qayğanağa qonaq elədi. Çörək ortalıqdan götürüləndən sonra molla, qonağa bu sözləri başladı deməyə:
-Qasım əmoğlu, mən sənin işlərinə lap məəttələm. Kişi, havanın belə şiddətli istisində arvadın sözünə baxıb dörd ağac yolu gəlibsən ki, nə var-nə yox-övrətim çörək yapır. Gərək düşəsən bu kənd mənim, o kənd sənin, arvadın nə qədər qohum-qardaşı, cicisi, bacısı, xalası, bibisi, nəticəsi var-hamısıni daşıyıb tökəsən Danabaş kəndinə? Kişi, sən şeytan fələsisən məgər?
Qasım əmi başını aşağı əyib, barmaqları ilə xalçanın iplərini o tərəfə-bu tərəfə tumarlaya-tumarlaya Molla Cəfərə belə cavab verdi:
-Axund Molla Cəfər, yaxşı fərmayış buyurursan; ancaq, vallah, arvadın öhdəsindən gələ bilmərəm. Deyirəm axı, üzdəniraq, nə bilim nəyin qızı, on put unun xəmirini çörək yapmaq nə elə bir çətin işdi ki, gərək bacın da köməyə gələ? Elə ha deyirəm, başa gəlmir. Deyirəm çanın çıxsın, bir gün də artıq işlə; daha neynim, sözümə baxmır.
-Ax, vay gününə Qasım əmoğlu, - Molla Cəfər deyir.
Bir qədər keçəndən sonra Molla Cəfər dik qalxıb dizləri üstə, sağ əlini uzatdı Qasım əmiyə və uca səslə dedi:
-Qasım əmoğlu, əlini mənə ver.
Qasım əmi başını mollaya tərəf qalxızdı və bir şey başa düşmədi.
-Qasım əmoğlu, əlini ver mənə.
Qasım əmi yavaşca, guya qorxa-qorxa əlini uzatdı Molla Cəfərə.
-Qasım əmoğlu, qoy səni evləndirim.
Qasım əmi ancaq başını buladı, amma bir söz demədi.
-Qasım əmoğlu, qoy Pərinisəni sənə siğə eliyim. Heç başını tovlama. Deyirsən arvadın öhdəsindən gələ bilmirəm. Bax, arvadın öhdəsindən belə gələrlər. Vallah, Pərinisəni alacağam sənə. Hərçənd yaşı bir az artıqdı, amma topuqları şam tirindən yoğundur.
Əvvəl Qasım əmi bir qədər çəm-xəm elədi; amma axırda razı oldu. Molla Cəfər balaca qızını göndərdi Pərinisəni gətirdi, siğəni oxudu və qərar qoydu ki, elə bu gün Qasım əmi təzə övrətini mindirsin hamam ulağa və aparsın evinə. Qasım əmi gənə bir az çəm-xəm eləyəndən sonra, buna da razı oldu.
Qasım əmi ulağı minib və Pərinisəni tərkinə alıb düzəldi yola və şam vaxtı yavıqlaşdı kəndinə. Oğlu Pirverdi kəndin kənarında durub gözünü dikmişdi yola və gözləyirdi ki, xalası ona çarxı xoruz gətirəcək. Uzaqdan atasını görüb sevinçək qaçdı və Qasım əminin tərkindəki övrəti, xalası Zibeydə hesab edib, atıla-atıla qaçdı övrətin yanına və çarşovunun ucundan yapışıb dedi:
-Zibeydə xala, mənə xoruz gətirdin?
Pərinisə təəccüblə üzünü çöndərdi oğlana tərəf. Pirverdi xalası əvəzinə yad övrəti görüb gözlərini bərəltdi və bir qədər övrətə mat-mat baxandan sonra zırınpanı başlayıb özünü çırpdı yerə...
Az qalmışdı ki, həmin hekayəni tamam edəm, yoldaşım Mozalan gəlib dedi ki, dur ayağa gedək Qasım əminin övrətlərinin dava-mərəkəsinə tamaşa edək. Bu səbəbdən nağılımı tamam edə bilməyib burada qaldım.

Müəllif: Cəlil Məmmədquluzadə

Top