Buddanın qayıdışı | Vahid Məmmədli

Buddanın qayıdışı | Vahid Məmmədli

Kapitan Məsud İbrahimzadə iş otağındakı divardan asılmış Tac-Mahal sarayının rəngli reproduksiyasına baxdı. Yenə də xəyal onu o uzaq illərə  çəkib apardı…

Camna çayının sahili. Hindistanın mirvarisi, yetmiş dörd metrlik bir möcüzə, Tac-Mahal sarayı. Ağ mərmərdən işlənilmiş dörd kiçik və bir nəhəng kümbəz mavi səmanın fonunda daha da bəyaz görünür. Dünyanın hər yerindən milyonlarla insan bu möcüzəni öz gözləri ilə görmək üçün Hindistana axışır…

Bələdçi-gid qız   gözəl çöhrəsinə qonmuş təbəssümlə sarayın qarşısına toplaşmış turistlərə Tac-Mahalın tarixçəsini danışırdı…
… Bu saray təkcə memarlıq abidəsi kimi deyil, min bir gecə nağıllarına bənzər məhəbbət hekayəti ilə də ürəkləri riqqətə gətirir.
XVII əsrdə yaşamış Cahan Şah on doqquz yaşı təzəcə tamam olmuş dünya gözəli Mumtaz Mahal ilə evlənir.
Özünə hörmət edən hər bir Şərq hökmdarı kimi Cahan Şahın da böyük hərəmxanası vardı. Amma o, Mumtaz Mahal xanıma bir könüldən min könülə aşiq olmuşdu, gözü ondan başqa heç bir qadını görməzdi. O dövrdə on iki il Hindistanda yaşamış fransız filosofu və səyyahı Fransua Berne gündəliyində yazır ki, Mumtaz Mahal Cahan Şahın ürəyi idi, şah yalnız ona etibar edərdi.
Mumtaz Mahal hərbi yürüşlərdə, uzaq səfərlərdə həmişə ərinin yanında olardı.
Onlar on yeddi il bir yastığa baş qoydular, xoşbəxt həyat sürdülər. Bu xoşbəxt kəbindən onların səkkiz oğlu və altı qızları dünyaya gəldi. On dördüncü dəfə ana olandan bir qədər sonra gözəllər gözəli Mumtaz qəflətən Burhanpur yaxınlığında vəfat etdi.
Cahan Şah dərddən dəli olmuşdu, həyat mənasını itirmişdi. Şahın məğrur başı sinəsinə enmişdi, saç-saqqalı ağarmışdı. Şah ölkədə iki illik matəm elan elədi.

Mumtazın ölümündən altı ay keçmişdi, Şah onun xatirəsini əbədiləşdirmək qərarına gəlir və bu məqsədlə sevimli zövcəsinin qəbrini Burhanpurdan Aqraya gətirir. Hindistanda Böyük Moqolların hakimiyyəti zamanında Aqra Dehli kimi imperiyanın paytaxtı hesab olunurdu.
Tac Mahal

Tac-Mahal sarayı iyirmi iki ilə inşa olunub. Onun tikintisində iyirmi min insan işləyib, tikintidə istifadə olunan mərmər üç yüz kilometr məsafədən, Racputan karxanasından gətirilirdi. Şirazlı memar İsa Xan dərddən ağlını itirmək dərəcəsinə çatmış Cahan Şahın ona bəslədiyi ümidləri doğrultdu-Tac-Mahal sarayının bəyaz minarələri qızmar cənub günəşinin şəfəqləri altında qızıl kimi parıldayıb bərq vurur. Sarayın interyeri nəfis şərq ornamentləri ilə, nəbati naxışlarla işlənib. Sarayın divarlarına müsəlman memarlığının əvəz olunmaz atributları-Müqəddəs Quran ayələri həkk olunub.

Cahan Şah Camna çayının qarşı sahilində eyni ilə Tac-Mahal məqbərəsinin əkizi olacaq daha bir məqbərə inşa etdirmək istəyirdi, bu məqbərə şahın özü üçün nəzərdə tutulmuşdu. Tac-Mahaldan heç bir fərqi olmayacaq yeni məqbərənin yalnız bir fərqi vardı. Yeni məqbərə qara mərmərdən tikilməli idi…

Amma Şahın bu arzusu elə arzu olaraq qaldı, 1658 –ci ildə oğlu onu taxtdan saldı. Nankor oğulun əmri ilə Şah zindana atıldı. Ömrünün qalan hissəsini Cahan Şah zindanda keçirdi. Zindanın balaca pəncərəsindən Tac-Mahal görünürdü…
Səkkiz ildən sonra, 1666-cı ildə Cahan Şah öldü. Onu on yeddi il bir yastığa baş qoyduğu sevimli Mumtaz Mahalın yanında dəfn etdilər…

***

İş otağındakı daxili telefon zəng çaldı. Xəttin o biri başında cinayət axtarış idarəsinin rəisi idi:
— Hardasan Budda!!! – rəisin amiranə səsi eşidildi.
-Mən Budda deyiləm.
— Kimsən bəs Sən?
-«Mən iki dünya arasındakı dağam…»

— Olmaya yenə də xəyalın Hindistanda fırlanır? Harda itib-batmısan?
Rəisin kobud rəftarı onun ürəyini üzsə də yadına düşdü ki, təqaüdə çıxmasına lap az qalıb. Söz güləsdirməyin faydası yoxdur.
— Rəis, mən öz iş otağındayam. Siz də  elə mənim iş otağına zəng etmisiniz.
— Təcili yanıma gəl. Söz güləşdirmə mənimlə…
Rəisin kabineti onun iş otağının beş-altı addımlığında idi.

İçəridə rəisdən başqa prokurorluğun cavan müstəntiqi və idarələrinin digər əməkdaşı Səfərov vardı. O, irəli keçib Səfərovun yanında mil dayandı. Rəisin səsinin tonu daha da gücləndi:
— Cənab müstəntiqlə Xədicə adlı qadının evində axtarış aparılması üçün gələcəksiniz. Müstəntiqə kömək edin. Gözdə qulaqda olun ki, Xədicə nə isə bir hoqqa çıxarmasın. Onun kimi dələduzu hələ analar doğmayib.

Xədicə haqqında çox eşitmişdi. Şəhərin ən məşhur fırıldaqçılarından idi. Üç dəfə yatıb-çıxmışdı. Həmişə Xədicə barəsində düşünəndə matı-qutu quruyurdu. Əgər o, neçə illərin polis kapitanı kimdənsə borca yüz manat istəsə idi, hərə bir bəhanə gətirib imkanı olmadığını bildirəcəkdi. Bəlkə də elə buna görədir ki, o ömründə heç kimdən borc almamış və pulu olmadığından da heç kimə borc pul verməmişdir. Amma budur, insanlar bu dələduz qadına necə inanmışdılarsa onlardan bəziləri ev almaq, işə girmək üçün, bir başqaları da biznes qurmaq adı ilə Xədicəyə yüz minlərlə pullar vermiş, ancaq üstündən xeyli müddət keçdikdən sonra anlamışlar ki, Xədicə onları aldadıb …

Xədicənin qollarına qandal vurmamışdılar. Hər halda qadın idi. Onun birmərtəbəli evi İnqilab küçəsi ilə Xan Şuşinski küçələrinin kəsişməsində, bir qədər içəridə yerləşən həyətdə idi. Prokurorluğun müstəntiqi iyirmi iki-iyirmi üç yaşlarında cavan bir oğlandı. Müstəntiq mətbəxdəki masanın arxasına keçib, qara dəridən olan diplomat çantasının ağızını açıb, oradan kağız və gələm çıxardı. Ərazinin sahə müvəkkili, qonşulardan iki nəfər çağırmışdı ki, onlar da hal şahidləri kimi axtarışda iştirak etsinlər.
Müstəntiq hal şahidlərinə hüquq və vəzifələrini izah etdikdən sonra Xədicəyə cinayət işi üçün əhəmiyyətli ola biləcək pul, qızıl zinyət əşyalarını könüllü təqdim etməsi barədə müraciət etdi. Xədicə evində müstəntiqin sadaladığı şeylərin heç birinin olmadığını dedikdən sonra axtarış başlandı.

Cavan müstəntiqin başı protokol tərtib etməyə qarışdığından axtarışı İbrahimzadə və Səfərov aparırdılar. Səfərov hal şahidləri ilə axtarışa qonaq otağından başladı. Məsud isə yataq otağına keçdi…
Yataq otağını xeyli axtardıqdan sonra o hər ehtimala qarşı paltar şkafının arxasına boylandı. Elə bil altıncı hissi ona deyirdi ki, məhz bu şkafın arxasında nə isə var. Divardan dörd-beş barmaq aralıda dayanmış şkafı var gücü ilə bir qədər irəli çəkdi. Çətinliklə şkafın arxasına keçib bir qədər də qabağa itələdi. Birdən gözləri divardakı enli dördkünc dəliyə sataşdı. Burda ağ rəngdə olan balış üzü torbalanıb durmuşdu. Cəld balış üzünü aralıyıb oradakı dollar əskinazlarını gördü.

Təzəcə içərisi dollarla dolu olan balış üzünü əlinə götürüb müstəntiqə xəbər vermək istəyirdi ki, Xədicə içəri girdi. Məsudun əlində tutduğu  balış üzünü görüb rəngi elə o balış üzütək ağappaq oldu:
— İçəri girəndə anlamışdım ki, nə isə tapsan sən tapacaqsan. Əlindəki balış üzünün içərisində beş yüz min dollar var. Bir təhər o pulları aradan çıxart. Qoy müstəntiq pulları protokola yaza bilməsin. Mənim bütün varım-yoxum bu balış üzünün içərisindəkilərdir. O pullardan sonra mənə yüzcə min də versən qəbr evinə kimi səsimi çıxarmaram. Bax o pəncərəni görürsən, evin arxasına açılır. Pəncərədən atsan evlə hasarın arasına düşəcək, heç kim də bilməyəcək. Sonra axşam tərəfi gəlib götürərsən. Al götür, bu da evin və həyət qapısının açarları. Sən bir də ömründə bu qədər pul görməyəcəksən. O qədər pulu heç zaman qazana bilməyəcəksən.
Məsud tərs-tərs Xədicəni süzdü:
— Axı bu pullar sənin o aldatdığın insanlarındır. Bunları yemək olar?
— Ağıllı ol. Belə fürsət ələ düşən deyil,-Xədicə əda ilə tellərini arxaya yığdı.

Məsud bu söhbəti qurtarmaq üçün Səfərovu səslədi. İçəri girən Səfərov Məsudun ona göstərdiyi pulları görüb Xədicəyə baxdı. Xədicə, – sənin bu paqon yoldaşın dəlidir. Bu pullar dünən məni təcridxanaya aparanda sənə dediyim pullardır. Görürsən bunun hərəkətini. Bəyəm sən ona heç nə deməmişdin?,-deyə tənə ilə Səfərova baxdı.
— Əşi, mən onu neynirdim. Rəislə danışmışdım. O da demişdi ki, axtarışı bizim ikimizə tapşıracaq.
Sonra isə Səfərov özü eşidəcək səslə mızıldandı:
— Axı nə bilək ey. Dedik mampağın biridir. Belə tez bu otağa gəlib pulu tapacağını heç düşünmədik.
Xədicə yenidən qəzəbli baxışlarını Səfərova dikdi. Səfərov tərəddüdlə Məsuda tərəf baxdı. Ancaq o, baxışlaryla Səfərovun nə demək istədiyini oxuyub, başını buladı.
Səfərov:
— Rəis, səni rahat buraxmayacaq.
Məsud susurdu.
— Bəlkə razı olasan? Tez ol, vaxtımız azdır. İndi müstəntiq gələ bilər. Hal şahidləri də o biri otaqdadırlar. Təcili qərar ver.
Məsud qapıya doğru addımladı. Səfərov hirslə pəncərəyə doğru gedib, – Xədicə bunun başı xarabdır, xeyri yoxdur, – dedi.
Xədicə iri sinəsini ona doğru verib,- yaxşı hamısını götür, mənə heç yüz min də lazım deyil. Amma heyifdir. Təhvil vermə o pulları,- dedi.
O irəli addımlayıb Xədicəni geri çəkilməyə məcbur etdi. Müstəntiqin protokol yazdığı mətbəxə doğru addımladı. Ancaq arxadan Xədicənin və Səfərovun demək olar ki, eyni vaxtda dedikləri sözləri aydın eşitdi:- Səfeh…

***

Məsudun üzü gülürdü. Zarafat deyildi, gör bir nə qədər insanın halal pullarını özlərinə qaytarılmasına nail olmuşdu.
Kapitan İbrahimzadə kefinin kok vaxtlarında Rabindranad Taqorun şeirlərindən əzbərlədiyi iki-üç misranı pafosla söyləyirdi. Özü də rus dilində. Amma onun nadir hallarda kefi kök olardı.

Odno – vseqda odno, i bolşe niçeqo,
A dvoe sozdayut naçalo odnoqo.

Bu gün, axşam üstü işdən çıxıb hara gedəcəyini bilmirdi. Arvadından boşanıb, qızına həsrət qaldıqdan sonra həyat mənasını itirmişdi. «Nizami» kino-teatrının yanındakı çayxanada masaları bayıra çıxarmışdılar. Yaşıl ağacların kölgəsində oturub çay içən adamlar elə bil başqa bir dünyanın adamlarıydılar. Elə bil o, bu tələsmədən çay içən, nərd oynayan adamlarla bir şəhərdə yaşamırdı.

Boş yer tapa bilmədi. Yaxınlıqdakı bukinist dükanına girdi. Çoxdandı kitab dükanına baş çəkməmişdi. Axırıncı dəfə hansı kitabı oxuduğunu unutmuşdu. Bukinist dükanlarının aurası hələ Moskvada təhsil aldığı zamanlardan onu özünə çəkirdi. Yaxşı ki, bukinist dukanına girdi, övqatı dəyişdi, yenə özünü tələbəlik illərində olduğu kimi gənc və gümrah hiss elədi. Əslində o, hələ də «tələbə» idi. Həmişə cibində qəpik-quruş olardı, daima ağlında qəribə xəyallar qurardı. Onun kimi adamlara «veçnıy student» deyirlər.

Satıcı oğlan diqqətilə ona baxırdı, elə bil onu izləyirdi. Görəsən rastına necə bir kitab çıxacaq. Bir şeir kitabı götürdü, – Aman Allah! Bu ki, hind şairidir – Aşok Vacpeyi. Əl boyda şeir kitabının arxasında eynəkli bir cavanın şəkli vardı. Şəkilin altında yazılmışdı:

«Aşok Vacpeyi 1941-ci ildə anadan olub. «Lalit Kala akademi»nin, yəni zərif sənətlər akademiyasının sədridir. Fransanın incəsənət və ədəbiyyat ordeninin komandoru adına layiq görülüb. Aşok Vacpeyi «yeni poeziya» cərəyanının istedadlı nümayəndələrindən biridir.  Onun şeirləri bir çox Asiya və Avropa dillərinə tərcümə olunub».
Yenə xəyalən Hindistana uçdu. Tac-Mahal sarayı…Və onun ilk məhəbbəti…
Ürəyi sıxıldı. Pəncərədən bayıra baxdı. Çayxanada boş masa gördü. Aşok Vacpeyinin şeirlər kitabını alıb mağazadan çıxdı.
— Yenə gəlin, – dedi satıcı oğlan.

Kitabı orta yerindən açıb rastına çıxan ilk şeiri ürəyində oxudu:

Mənim sözlərim,
Xəfif yel kimi,
Gün işığı kimi,
Gözə görünmədən toxundu sənə.

Sözlərin tumurcuqları
Çiçək açmadan soldu,
Solan sözlərin incə qoxusu
birdən-birə qeyb oldu
Sən adlı ağacın budaqlarında.

Necə də xoşbəxt insan idi Aşok Vacpeyi. Belə gözəl şeir yazmışdı. Hisslərini ifadə edə bilmişdi…O isə ömründə bircə misra da olsa şeir yazmamışdı. Əslində heç bu barədə düşünməmişdi. Amma indi, «Nizami» kino-teatrının arxasında ağac kölgəsində oturub çay içə-içə xəyalı Hindistanda gəzib dolaşdığı bu anda şeir yazmaq bacarığı olmadığına təəssüfləndi. Özünə yazığı gəldi.
-Yazıqlar olsun sənə Məsud İbrahimzadə…

***

Qapının hirslə çırpılıb bağlanması onu yuxudan ayıltdı. Yerindən dik atılıb divardakı kəfkirli saata baxdı; on birə beş dəqiqə qalırdı. Hövlanak kətilin başındakı paltarlarına əl atdı. Şalvarını tələsik əyninə keçirdi, həyacandan və yuxudan qəfil durduğundan ürəyi sürətlə döyünürdü. Yəqin ki, qan təzyiqi  qalxmışdı. Amanın bir günüdür işə gecikməsin…

Birdən gözü kitab rəfindəki fəxri fərmana sataşdı. Dodaqlarını gəmirib vaysındı. Bir qədər toxtayıb rahatlandı. Yalnız indi, fəxri fərmanı görəndə yadına düşdü ki, dünəndən təqaüddədir. Kitab rəfinin şüşəsinin arxasına keçirdiyi fəxri fərmanı dünən cinayət axtarış idarəsinin rəisi imzalamışdı. Otuz illik qüsursuz fəaliyyətinə görə nazirlik adından ona minnətdarlıq bildirilirdi. Çarpayının üstündə oturub, əyninə geyinmək istədiyi köynəyini divanın üstünə atdı. Amma deyəsən onun təqaüdə çıxmaçı Jannanın heç ürəyindən deyildi. Gedərkən qapını çırpıb çıxmasından görünürdü ki, Janna hirsindən kəndir çeynəyir.

Ürəyində Jannaya haqq qazandırdı. Hansı arvad kişinin işdən çıxıb evdə oturmasına könüllü razılıq verər… Özü də bu yaşda. Əlli bir yaş nədir ki… Jannanın xətrinə dəyə bilməz. Janna da çıxıb getsə huç nə. Düzdür Janna çox şişmandır. Qadın kimi də o qədər cazibədar deyil. Tək tənha  qalmaqdansa yenə də Janna yaxşıdır. Ağlı yoxdur də, indi sovet vaxtı deyil ki, sərhədlər də açıqdır. Gərək məzuniyyət götürüb Hindistana gedəydi. Heç ağlından çıxmayan o Kauşarini tapıb deyəydi ki, neçə illərdir sənin dərdindən dəli-divanəyəm.

Artıq neçə illər keçməsindən, sənin neçə yaşın olmasından asılı olmayaraq mən səni sevirəm, Kauşari. Bəlkə də Kauşarinin heç yadına düşməyəcəkdi. Kauşari gündə yüzlərlə turist görürdü. Hamısı da müxtəlif ölkələrdən. İndi onun yadında Məsud qalardı? Bu Janna olmasaydı elə indi təqaüd pullarını toplayıb bir təhər gedib çıxardı Hindistana. Amma Janna ilə də münasibətlərini korlamamalıdır. Deyəcəklər ki, nə oldu Məsud İbrahimzadə? Deyək ki, Zübeydə sənin gecə-gündüz oğru-cinayətkar dalınca qaçıb maaşdan-maaşa evə pul gətirməyinə, qızın Səbinənin nə vaxt böyüdüyündən xəbərin olmadığına, onları yarı ac, yarı tox saxladığına dözməyib bir gün evdə nə vardısa yığıb yığışdırıb getdi: «Sənin taylarının hamısı rəisdi. Pullarını balta kəsmir. Bəyəm onların hamısının böyük dayıları var? Yox, əlbəttə yox. Sadəcə sənin kimi mampax deyillər. Kül sənin kişi başına. Gecə-gündüz o tin sənin, bu tin mənim. O şəhər sənin, bu kənd mənim. Nə var, nə var hansısa anasının əmcəyini kəsən axtarışdadır. Kvartalın axırıdır, ilin axırıdır… Bir dəfə də olsun sən öz ailəndə yeni ili qeyd etməmisən. Hər yeni il axşamı Sən idarə üzrə növbətçi olursan. Ağzını açıb danışa da bilmirsən. Bəyəm o idarədə səndən başqa adam yoxdur? Utanıram kiməsə deyim ki, ərim kapitandır. Cavan-cavan uşaqları general görəndə mən necə deyim ki, fərsiz oğlu  fərsiz öz halalca mayorunu da ala bilmir. Generalı başına dəysin…

Zübeydənin zil səsi beynində cingildədi. Əlini başına apardı. Hər dəfə Zübeydənin qışqırtısı qulağına gələndə beyninin içi silkələnirdi. Əslində bu elə evləndikləri gündən belə idi. Toy gününün səhərindən o əcaib səsi eşitməyə başlamışdı. Zübeydə telefonla da qışqıra-qışqıra danışırdı… Səbinə doğulanda necə də sevinmişdi Məsud.  Özünə söz vermişdi ki, onu dünyanın ən xoşbəxt qızı kimi böyütsün. Axı o qız uşağıdır. Bu evdə qonaqdır nə vaxtsa böyüyüb ər evinə yollanacaq. O, bu evdə yox kəlməsi eşitməməli, gözü tox, xanım-xatın böyüməlidir. Yaxşı təhsil almalıdır. Səbinə ilə nəfəs alırdı. Fikirləşirdi ki, bu qızcığaz Ulu Tanrının ona bəxş etdiyi ən böyük paydır. Onun Səbinə ilə bağı necə gözəl arzuları, planları vardı. Zübeydə ilə boşanandan sonra heç nəyə vaxt tapmasa da, üzü danlansa da, yenə də qaçaraq Səbinənin oxuduğu məktəbə gedib qızını görürdü. Yavaş-yavaş qızının ondan necə soyuduğunu hiss edirdi. Məsud Zübeydə Səbinəni götürüb getdikdən sonra ilk günlər qızından ötrü elə darıxırdı ki, Məsud yuxudan Səbinə deyə-deyə zarıyıb hönkürərək ayılırdı. Məhkəmədə mənzilini qızına verdiyini söylədi. İndi qaldığı bu ev vaxtı ilə ata anasının yaşadıqları ev idi. Amma təxminən bir il Səbinəni görmək üçün məktəbə gedib-gəldikdən sonra bir gün Zübeydənin rəisin kabinetindən çıxdığını gördü. Zübeydə gedən kimi rəis onu çağırıb xəbərdar etdi. – Məsud, arvadın şikayət edir ki, sən uşağı qaçırmaq istəyirsən. Onun beynini anasına qarşı zəhələyirsən. Deyir ki, bir də qızı ilə görüşsən yuxarılara şikayət edib səni tutduracaq. Ehtiyatlı ol. Yaman aqressivdi arvadın. Ağzından od püskürür.

O, hadisədən sonra kapitan Məsud İbrahimzadə bir neçə dəfə də qızı Səbinəni görmək üçün məktəbə getsə də artıq Səbinənin ona qarşı necə çöndüyünün şahidi olurdu. Sonuncu dəfə gedəndə Səbinənin onu görüb, ağlaya-ağlaya sinif otağına doğru qaçdığını gördü. Geri çevrilib məktəbin qapısından çıxmaq istədikdə Zübeydə əli belində qapının ağzında durmuşdu. Zübeydənin ona sari şığıyıb dediyi qulaq eşitməmiş təhqiramiz sözlər hələ də beynindən çıxmırdı. O vaxtdan bəri nə həmin sözləri unuda bilirdi, nə də su sonası Səbinəsini. Hər şeydə özünə bir təskinlik tapmağa çalışan Məsud, çox şeyi bağışlaya bilirdi, amma bu həyatda onu birdəfəlik əzən, sındıran və heç zaman özünə bağışlaya bilməyəcəyi şey vardısa o da göz görə-görə Səbinəni itirməyi idi. Zübeydənin ondan birdəfəlik ayırıb, qoparmağa nail olduğu Səbinəni. Lap  elə Kauşaridən nə vaxtsa dörd beş qız övladı, beş altı oğlu olsa idi də belə Səbinənin öz yeri vardı. Məsudun ürəyindəki bu yara heç vaxt sağalmayacaqdı. İndi nə Səbinə vardı onun yanında, nə də ki, Zübeydə. Onun yanında indi Janna vardı…

* * *

Janna Aqafonovna Qubanova aerokassada bilet satan işləmişdi. Jannanın oğlu adam öldürəndə tanış olmuşdular. Əməliyyət qrupunun üzvü idi, Jannanı qatilin anası kimi bölməyə gətirmişdilər. Dəhlizdə saatlarla ayaq üstə durub dindiriləcəyini gözləyən şişman qadına yazığı gəlmişdi. Onu otağa çağırıb oturmaq üçün yer göstərmişdi. Janna kövrəlmişdi, bütün həyatını ona danışmışdı. Məsud Hindistan barədə söhbət açanda Jannanın ona necə diqqət kəsildiyini görüb bu ağır çəkili qadına rəğbəti artmışdı. Başqa polislərin onu incitmələrinə imkan verməmişdi.  Üstündən bir neçə ay keçmiş  iş otağında olarkən Janna zəng vurdu: – Masud, komak ela. Kopak kızı, kızımı deyiram, meni aldadıp evi satdırdı. Dedi ki, mama evi satıb çıxıb qedax Rostova. Satdım getdim. Orda da alkaş əriylə evin pullarını alimdan alıb meni kuçaya atdılar, xardan qalmisen, ora da caxannam ol get, – dedilər. Masud, aerokassanı da bağlayıblar. İndi kim kimə bir qapık pul verir. Boje upasi. Qedim bomjluq edim?

Bu da Janna. Neynəsin? Onda Jannanı evə gətirib demişdi ki, hələlik burda qal. Mən də təkəm. Yır-yığış elə. Sonra bir şey fikirləşərik. O vaxtdan Janna onunla qalır. Hər gün səhər evdən çıxıb axşam qayıdır. Məsud, iş axtarıram. Görüm aerokassanı açmayıflar. Məsud, səndə uç manat olmaz? İşlayan kimi qaytaracam…

Amma yox, heç olmasa Janna hərdən bir borşdan-zaddan bişirirdi. Bir də ki, heç kim onun Hindistan barədə söhbətlərinə Janna qədər diqqətlə qulaq asmamışdı. Əslində onun quşu Jannaya ilk dəfə elə onda gonmuşdu. Çunki, Hindistan barədə elədiyi söhbətləri hamı eşitmişdi. Bəziləri rəisləri kimi hirslənəndə ona deyirdilər ki, əşşi sən də öz Hindistanınla başımızı xarab elədin. İşləmək istəmirsən cəhənnəm ol get o hayıl-mayıl olduğun Hindistana. Otaq yoldaşı Hindistan adını eşidən kimi, – Məsud, indi gəlirəm, – deyib aradan çıxırdı. Zübeydə o saat ya televizorun səsini ən yüksəyə qaldırırdı, ya da tez bacılarına zəng vururdu… Səbinə gülümsəyib: – Hə, papa onu demisən. Orda Aşram var, orda Tac-Mahal var, orda Buddanın heykəlləri var, – deyib, tez öz otağına keçirdi… Hərdən bir-iki itoynadan iş yoldaşları, – Məsud Hindistandakı qohum-əqrabalar neçədir?, -deyib şaqqanaq çəkirdilər,- ha-ha-ha…

Amma yox, cinayət axtarış idarəsinə Polis Akademiyasını qurtaran cavan əməkdaş təyin olunanda kapitan İbrahimzadənin kefiydi. Bəs necə? Həmin gənc əməkdaşa işi öyrətmək üçün  təhkim olunurdu. Onun yanında təcrübə keçmiş stajorlar indi ya mayor, ya da polkovnikdir. Gənc əməkdaş ona təhkim olunan kimi, Məsud cinayət açmağın bütün sirlərini öyrətməklə yanaşı arada boş vaxt olan kimi iştahla Hindistandan danışırdı. Məsud Hindistandan elə danışırdı ki, hansısa nüfuzlu kişinin yaxın qohumu olan həmin o gənc əməkdaş dörd-beş dəfə olduğu Nyu-Yorkdan, Londondan, Dubay və Valensiyadan deyəsən Hindistanın daha gözəl olduğuna inanmağa başlayırdı. Amma bir qədər sonra, Məsud müəllimlə qonşu otaqlarda oturub işləyən əmilər həmin gənc əməkdaşın öz hal-əhvalını, atasının, dayısının kefini xəbər aldıqdan sonra cavan oğlana deyirdilər ki, kapitanın Hindistanı səni bezdirməyib ki? «Papana böyük hörmətimiz var… Məsudun başı xarab olub. Ömründə bir dəfə Hindistana gedib, o vaxtan da… Nə isə, çox fikir vermə. Onsuz da sən cinayət axtarışında çox qalmayacaqsan… Ya pasport qeydiyyat idarəsinə verəcəklər əmrini, ya da bölmə rəisinin müavini olacaqsan. Müvəqqəti çətinliklərdir… Bəlkə də Məsudun stajorlarının hamısının tez bir zamanda mənsəb pillələri ilə yüksəlməsini əsas səbəbi o idi ki, həmin stajorlar kapitan İbrahimzadəni gördükdən sonra necə işləmək lazım olmadığını daha tez öyrənir, daha çabuq da irəli gedirdilər…

Məsud xarici ölkələrdən yalnız Hindistanı görmüşdü. Rusiya heç də. Oranın ən hörmətli ali məktəbini, Lomonosov adına Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdi. Orta məktəbdən məzun olanda atası rayon partiya komitəsinin üçüncü katibi idi. Məsud Lomonosov adına Universitetə daxil olanda birinci katib atasını çağırıb demişdi, – Halal olsun! Təbrik edirəm! Beynəlxalq turizm agentliyi «Sputnik»dən bir putevka veriblər. Keçən il mənim oğlum Yuqoslaviyaya getmişdi. Yaman xoşuna gəlib. Bu il sən oğlunu göndər.  Putyevka Hindistanadır.

Atası hər gün zəng vurub, Moskvada onun hər addımını izləyirdi. Hindistana turist kimi getməsinə heç də razı deyildi, amma rayonun birinci katibi hər adama Hindistana getməyi təklif eləmir. – Yox, birinci katib deyəndən sonra məcburam. Mən o kişiyə etiraz edə bilmərəm. Qoy getsin, – demişdi.

Hə, raykomun birinci katibi olmasaydı Hindistana gedə bilməzdi…

* * *

… Onları Dehlidəki «Holiday Inn» qrupundan olan mehmanxanada yerləşdirdilər. Səhər tezdən avtobuslarla «Tac-Mahala» apardılar. Hər tərəf yam yaşıl və mass mavi idi…
Gid gənc bir qızdı-elə bil fil sümüyündən yonulmuşdu. Klassik hind poeziyasında təsvir və tərənnüm olunan sirius  kimiydi. Gözləri İlahə Varunanın  gözlərinə bənzəyirdi. Rus dilində çox sərbəst, şirin hind ləhcəsində danışırdı – o, ağzını açıb danışanda Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi Məsuda elə gəlirdi ki, bu qız danışmır, nəğmə oxuyur. Məsud elə bil röyə görürdü. Qəlbində bu gözəl röyadan oyanmaq qorxusu baş qaldırırdı. O, bir ömür boyu bu röyada yaşamaq istərdi. Amma hər röyanın bir sonu olur. Onun seçimi yox idi- – buna ilk baxışdan məhəbbət deyərlər. Heç bilmirdi ki, bu qızı niyə İlahə Varunaya oxşadır. Qız da uca boylu oğlana biganə deyildi… Bəlkə bu məhəbbət macərasına Tac-Mahalda gözə görünmədən dolaşan sevgililərin, Cahan Şaxın və Mumtaz Mahalın ruhları xeyir-dua vermişdi. Məhz orda, bu sevgi məbədinin qarşısında qız öz adını ona dedi:
-Kauşari
-Məsud
Hindistan… Yer üzünün cənnəti… Təzadlar ölkəsi. Dehlinin insan seli… Çəhrayı şəhər Caypur. Əzəmətli Amber qalası. Bir birindən gözəl beş gölləri olan romantik sevgi şəhəri, «Hindistanın Venesiyası»- Udaypur. Ensiz küçələri, yaraşıqlı sarayları ilə göz oxşayan qədim Caysalmer şəhəri. Hava Mahal sarayı. Qanqın ecazkar sahilləri… Bütün bunları isə ilk baxışdan vurluduğu bir qızın müşaiyyəti ilə görüb gəzmək o yerləri əbədi olaraq beyninə həkk etdi…
Hind vedalarında deyildiyi kimi insan həyatı özü bir yuxudur. Onlar ayrılanda qız kövrəlmişdi. Məsud qıza,- məni gözlə, – dedi. Mütləq məni gözlə, – səsi qirildi.
Kauşari:
— Mən… «İki dünya arasındakı dağam…»(2) Səni gözləyəcəm… Al, bu da anamın sənə hədiyyəsidi.
— Ehtiyac yox idi.
— Surabxidi  – qız gülümsündü…
Məsuda elə gəldi ki, yalnız ürəkdən sevən qız belə gülümsəyə bilər və inandı ki, bu qız onu gözləyəcək…

* * *

Gərək heç Moskvada oxumayaydı. Buralarda oxusaydı hər şey başqa cürə olardı. Yaxşı oxumağı, sonra da yaxşı işləməyi onun başına bəla oldu… Elə həmişə ən çətin işlərə göndərdilər. Qiymət də vermədilər.  O vaxtdan ona həsəd aparanlar vardı.
Bəzi tələbələr kimi nə dublyonkası, nə də tiklas plaşı vardı. Həmişə Volodarski adına fabrikin ayaqqabılarını, Bakı tikiş fabrikinin köynəklərini, ya da Moskvanın «Proletarka» fabrikində istehsal olunmuş paltarlar geyinirdi. İndi neyləsin ki, bu paltarlar onun əynində belə gözəl dururdu. Hamı da elə bilirdi ki, dünyanın ən bahalı paltarlarını geyinir…
Ürəyi yenə də həddindən artıq tez-tez döyünməyə başladı. Yəqin ki, qan təzyiqi ən yüksək həddə çatmışdı. Telefona tərəf getdi. Təcili yardıma zəng etməkdən başqa çarəsi yox idi. Təzyiqini ölçdürməliydi. Yoxsa keçən dəfəki kimi təzyiqini ölçdürməmiş dərman qəbul edib yenə öldüm-öldümə düşəcəkdi. Bu dəfə də təzyiqinin həddindən artıq düşməsi onu dəli edəcəkdi. Bəlkə bir qədər gözləsin, təzyiqi düşdü bəlkə. Yoxsa qonum-qonşu təcili yardım maşınını görüb deyəcəklər ki, görəsən nə oldu buna. Təqaüdə çıxaran kimi halı pisləşdi. Bu nədir ey belə? Bizim əməkdaşlardan kimi təqaüdə göndərirlərsə ya infarkt keçirir, ya da ki rəhmətə gedir, – qulağını çəkdi, – Allah eləməsin, Allah sən özün kömək ol…

Telefona baxdı. Başqa kimə zəng etsin. Kim vardı… Bir bacısıdır, onunla da danışmırlar. Neçə dəfə dedi ki, o boyda Daxili İşlər Nazirliyində işləyirsən, mənim oğlanlarımdan birini işə düzəltmədin. Sən istəsəydin düzəldərdin…  Gördü ki, başa sala bilmir, o vaxtdan bacısına heç zəng də etmir. Bacısı da maraqlanmır… Daha başqa kim var… Axı o, özü də elə bayramdan bayrama zəng edirdi bacısına. Dostlarından kim var? Bir nəfər, Nazirliyin yanındakı cızbızxananı işlədən Əlibala hərdən bir zəng edib kefini xəbər alardı. Deyərdi ki, gəl cız-bız ye. Gedib orada Əlibala ilə cız-bız yeyər, əlli qıram da araq içərdi. Əlibala ona cavanlıq illərinin şəhəri Samaradan, o isə Hindistandan danışardı. Axırıncı dəfə Əlibala zəng edib demişdi ki, vergilər departamentindən gəliblər, kafeni bağlamaq istəyirlər, bəlkə onlara bir zəng edəsən? O da cavabında demişdi ki, onlar heç kimin sözünə qulaq asmırlar. Mən kiməm ki? Bundan sonra Əlibala da zəng etmirdi. Görünür ya onun cızbızxanasını bağlayıblar, ya da ki, özü şəhərdə yoxdu, çıxıb getdi Samaraya.
Təcili yardım gəlib çatan kimi təzyiqi düşəcək. Bəlkə heç çağırmasın. Ömründə bir dəfə də olsun salam verməyən qonşuları da deyəcəklər ki, Sizə nə olmuşdu Məsud müəllim?.. Guya polis işçisi heç xəstələnə bilməz.
Son zamanlar havaya çıxanda bir az babatlaşır, bir təhər çıxım, görüm başıma nə gəlir.

Sağ əlini divara söykəyib dəhlizlə irəlilədi. Qapını açıb pilləkənə doğru addımladı. Yadına düşdü ki, qapını açarla bağlamayıb. Eh, onsuz da bir-iki sınıq-salxaq mebeldən başqa evdə nə var ki…  Geri qayıtdı. Qapını açarla bağlayıb pillələrə doğru addımladı. Blokun qapısından çıxıb maşın əlindən tərpənməyə yer olmayan həyətdə gəzişməyin mənasız olduğunu düşündü. Yaxşısı budur binanın arxasına doğru gedim. Orada heç olmasa beş-altı ağac qalıb. Səndirlədiyindən ayaqlarını güclə sürüyüb binanın arxasına doğru getdi. Arxa tərəfdəki ağaclığa çatıb döyükdü. Bir qədər dərindən nəfəs almağa çalışdı, ürəyi əvvəlkindən də bərk döyünürdü. Burda yıxılmamaq üçün binaya söykənməli idi, ancaq binaya söykənsəydi onu anlamazdılar. Yaxşısı budur ağaclara doğru getsin. İrəli bir-iki addım atıb, ağaclıqda sıra ilə düzülmüş zibil yeşiklərini gördü, ovqatı lap təlx oldu. Nəyə isə söykənməli, nədənsə tutmalı idi. Bir təhər ağaca yaxınlaşdı. Zibil yeşiklərindən gələn üfunət iyi onu vursa da ağaca söykənib akasıya güllərinin zibilliyin üfünətinə qarışmış iyini qeyri-ixtiyarı ciyərlərinə çəkdi.
Yaxşı ki, külək əsmirdi. Son zamanlar elə bil Bakı küləyi də dəyişib, hamıya qənim kəsilib. Bəzən avtobusda gedəndə külək, hətta şüşəsi azacıq belə açıq olan pəncərədən yeni tikililərin bütün tozunu, qumunu gətirib adamın ağzına, gözünə soxurdu. Elə bil külək insanlara deyirdi ki, məndən qaçıb yöndəmsiz və nizamsız tikilmiş evlərinizdə gizlənirsiniz? Siz kimi aldadırsınız, məni, yoxsa özünüzü? Məsud kimiləri avtobuslarda hərəkət etsələr də külək onları da rahat buraxmırdı… Bəlkə Siz özünüzü aydan arı, sudan duru hesab edirsiniz? Daha çox sərnişin götürsünlər deyə, şəhərin ən dar küçələrində belə, dayanacaq oldu olmadı saxlayan avtobus sürücüləri, elə onlara harda gəldi əl eləyib saxlatdıran sərnişinlər də bəlkəm düz eləyirlər? Sizin hər işiniz məgər avtobusa minməyiniz kimi deyilmi?.. Aman Allah! Keçən dəfə külək onunla necə də sərt danışırdı…

Öskürək onu boğduğundan aşağı çöməldi. Boğazının qıcıqlanması  ara verdiyindən özünü dikəldəndə səksəndi. Zibil yeşiklərinin o biri tərəfində geyimlərindən cin ürkən iki nəfər zibil qutularını əlləri ilə eşələyib oradan götürdükləri ərzaq tullantılarını, boş şüşələri torbalarına yığırdılar. Öskürəyi yenidən başladı. Səsə başlarını qaldıran həmin iki nəfər zibilliyi eşmələrinə ara verib ona baxdılar. Birdən zibil eşələyənlərdən daha yaşlısı yanındakını dümsükləyib zibil qutularından geriyə bir neçə addım atdı. Onun yanındakı heç nə anlamayıb əlini zibil qutusundan araladı, geriyə çəkildi. Hər halda onlar bomj idilər. Elə bu zibillikdən yığdıqları ərzaq qalıqları, boş araq şüşələri hesabına küçədə yaşayan evsiz-eşiksiz, yürdsuz-yuvasız səfillər. Hər ikisinin rəngi gömgöy göyərmişdi. Hətta bir az da kiflənmiş çörəyin üzərindəki göbələklərin rəngi vardı onların sifətlərində.
Birdən yaşlı səfil yerindən tərpənmədən dilləndi:
— Salam Məsud müəllim. Sizə nə isə lazımdır. Biz indi gedirik, daha bir də bura gəlmərik.
Yaşlı bomjun onu haradan tanıdığına təəccübləndi: – Məni haradan tanıyırsan?
Yaşlı səfil bir qədər duruxdu, çirkdən tarakanları (yüyürəkləri) əskik olan saçlarını əli ilə arxaya darayıb, – Heç, dünən biz bura gələndə, – əli ilə ikinci mərtəbəni göstərdi, – ordan bir yaşlı qadın bizə qışqırdı ki, – Siz orada nə edirsiniz? Üfunətdən evdə oturmaq olmur. Siz də yaxınlıqdan keçirdiniz. Qadın sizi göstərib dedi ki, baxın Məsud müəllim gəlir. Polisdir. Ona deyərəm sizi tutub aparar. Məsud müəllim biz dünən buranı tərk edib getdik. Bu gün fikirləşdik ki, axırıncı dəfə gələk yeni zibillik axtarıb tapana qədər. İndi çıxıb gedirik.
Nə deyəcəyinə söz tapmadı. Yaşlı səfilin dediyi qadının yaşadığı ikinci mərtəbədəki mənzilin eyvanına və pəncərələrinə doğru baxdı…

Sonra üzünü həmin səfilə tutub,- o, qadın səhv edir. Mən artıq polis deyiləm. Təqaüddəyəm, – dedi. Yaşlı səfil zibil yeşiklərinin arxasından dövrə vurub, elektrik transformatoru yerləşən tikilinin arxasına doğru qaçdı. Oradan rəngi getmiş, elə bu zibillikdən götürüldüyünə şübhə olmayan stul gətirib,- Məsud müəllim əyləşin, ayaq üstə durmayın,- dedi. Sonra cavan yoldaşına tərəf baxıb,- gəl gedək, indi ikinci mərtəbədəki arvad çıxıb qışqırıb-bağıracaq. Məsud müəllimin yanında yaxşı deyil. Məsud müəllim bizə görə bir qulluğunuz? Bir də buralara gəlmərik. Mənim adım Hüseyn, onun adı isə Fatehdir, tatardı -deyib getmək istədi.
Kapitan dərindən nəfəs aldı. Daha ürəyi sürətlə döyünmürdü. Gümrahlaşıb  ayağa qalxdı. Özünü quş kimi hiss etdi.
— İndi hara gedəcəksiniz? – Hüseyndən soruşdu.
Hüseyn,- Məsud müəllim,bu gün çox az butılka yığmışıq. Heç bir dənə «çikuş» eləmir. Gedək görək başımıza nə gəlir, – dedi.
— Yaxşı, atın əlinizdəki o torbaları dalımca gəlin, – stulu qaldırıb akasiya ağacına söykədi,- Qoy oturacaq burada qalsın, gedək.
Hüseyn duruxdu, – Məsud müəllim, xahiş edirəm, bəlkə bizi polisə aparmayasınız,onsuz da çıxıb gedirik – dedi.
— Əşşi, dedim axı mən artıq təqaüddəyəm. Bizə gedirik, ardımca gəlin.

* * *

Soyuducuda yeni il axşamından ağzı açılmamış «Xan» arağı vardı. Arağı və bir neçə mandarini masanın üstünə qoydu,- Hə indi, borş da qızacaq. Siz isə bir- bir vanna otağına keçib yuyunun. Paltarlarınızı isə bax bu torbaya yığarsınız, eşiyə çıxanda zibilliyə atmaq üçün. Sonra paltar şkafını açıb  çoxdan geyinmədiyi kostyumu və köynək asılmış asılqanı Hüseynə uzatdı.
— Məsud müəllim, mən bunu götürə bilmərəm. Qabaq bütün bomjlar «Azərbaycan» mehmanxanasının yanındakı boş dalanda qalırdılar. Oranı sökəndən sonra limanın qarşısındakı yeni tikilinin həyətində qalırıq. Mən bu kostyumla ora getsəm, gecə oğurlayacaqlar. Aparıb bir şuşə arağa dəyişəcəklər.

— Yaxşı, gecə harda qalacağınıza hələ baxarıq. Kostyum sənindir. Fatehə isə bir sviter və şalvar uzadıb, – sən də bunları geyin, – dedi.

Əvvəlcə Hüseyn,  sonra isə Fateh vanna otağında yuyunub əyinlərini  dəyişdilər. Məsud onların üfunət iyi verən köhnə paltarlarını polietilen torbaya yığaraq, mənzilin qapısını açıb, zibil borusu ilə binanın zibilxanasına göndərdi. Rahat nəfəs alıb mənzilə qayıtdı. Janna axşam evə qayıdanda Hüseyn və Fatehi cır-cındırda görüb, heç nə anlamazdı…
Dünəndən qalan borşu ləzzətlə içəri hörtdədən Hüseyn əlini araq rədəhinə uzadıb, – Məsud müəllim, icazə verin sizin sağlığınıza içim. Sizin kimi mötəbər, daxili işlər orqanlarımızda yüksək vəzifə tutan bir şəxsin bizə belə diqqət göstərməsinə söz tapa bilmirəm. Sizin şərəfinizə Məsud müəllim!

Kapitan istədi ki, Hüseynin sözlərini kəsib, artıq dünəndən bəri təqaüddə olduğunu ona bir daha xatırlatsın. Lakin, Fatehin də Hüseynin dediyi sağlığa qoşulduğunu görüb, daha heç nə demədi. Ovqatı yerində idi. Neçə illərin yorğunluğu elə bil indi çıxırdı canından. Hüseyn isə artıq bir vaxtlar işlədiyi Elmlər Akademiyasından nə üçün qovulduğunun, işsiz-gücsüz, ev-eşiksiz qalmağının səbəblərindən danışırdı. Qulağı Hüseyndə, onun kədərli  söhbətində olsa da, xəyalı yenə də uzaq Hindistanda gəzib dolaşırdı.

Tez-tez öz-özünə bir sualı verirdi, – Nə üçün məhz Hindistan, niyə məsələn elə Yunanıstan, Fransa yox, məhz Hindistan onu ovsunlamışdı? Öz taleyindən daim şikayətçi olan Məsud özü də bu sala cavab verirdi, – Görünür, onun bəxtinə Hindistan yazılıb. Əgər o, vaxt raykomun birinci katibi putyevkanın Hindistana deyil, Karlovı Varıya, Xorvatiyaya versəydi Məsud İbrahimzadənin həyatı tamamən başqa cürə olardı. Kim bilir, gedə bilmədiyi bu ölkələrdə onun gördükləri, başına gələnlər taleyini bir başqa istiqamətdə dəyişərdilər. Nə isə? Bu barədə düşünüb başını yormaqdansa yaxşısı budur elə gözü önünə sevgilisi Kauşarinin o gözəl çöhrəsini gətirsin. Yenə özünü qınadı. Eh, beş il Moskvada oxudun, bütün ömrünü Bıkıda yaşadın, məgər bu müddət ərzində sən özünə buralardan bir sevgili tapa bilmədin, indi də Kauşarinin məhəbbəti ilə alışıb yanırsan? Bu vaxtadək Kauşaridən sonra görüb bəyəndiyi, xoşuna gələn, vurulmaq istədiyi qadınları yadına saldı. Hər dəfə onları xəyalında canlandırmaq istədikdə bu qadınları  heç cür yada sala bilmirdi, Kauşarinin çöhrəsi gözləri önündən getmirdi… Bəlkə də Moskvada təhsil almasaydi,  Hindistana getməsəydi, onun həyatı başqalarınınkı kimi olardı…

Qapının ağzında Janna göründü. O, tələsik ayaqqabılarını çıxarıb, mətbəxdən boylanan Məsuda ötəri nəzər saldı. Məsudun gülümsədiyini görən Janna heyrətini gizlədə bilmədi. Çoxdandır ki onu belə şad və xürrəm görməmişdi. Janna üz-gözünü turşudub, – deyəsən təqaüdə çıxmağın sənə  ləzzət edir. İşsiz qalmaqdan gəbərəndə gülərsən, – mızıldandı. Məsud  şəhadət barmağını dodaqlarına aparıb,-ssss, qonaqlarımız var – dedi.

Janna mətbəxə keçib, ərinin qonaqlarını salamladı. Hüseynin uzanıb çiyinlərinə düşən saçları, Fatehin saqqalı olmasaydı yəqin ki, onların Məsudun keçmiş iş yoldaşları olduqlarını düşünərdi. Məsud onu çox da intizarda qoymadan Hüseyni alim, Fatehi isə səksəninci illərin dünya çempionu kimi təqdim edib, yaxın dostları olduqlarını bildirdi. Fateh bu arada sonuncu iş yerinin bədən tərbiyyəsi institutu olduğunu bildirmişdi.

Janna yataq otağına keçib əynini dəyişdi, yenidən mətbəxə qayıdıb soyuducudan kolbasa və pendir götürdü. Qaz plitəsinin yanındakı masanın üstündə səliqə ilə doğradı. Kolbasa və pendiri boşqaba yığıb süfrəyə qoydu, -araq içirsiniz axı, tək borşnan qarın doymaz, – dedi. Özü üçün hazırladığı buterbrodu götürüb, qonaq otağına keçdi. Hiss olunurdu ki, Janna kişinin bu vaxta qədər görmədiyi dostlarının gəlişindən heç də məmnun deyil. Bir azdan qonaq otağından televizorun səsi gəlirdi. Görünür Janna hansısa Braziliya seriyalına baxırdı.

Hüseyn araq şüşəsinin dibindəkini bütün rumkalara bərabər süzüb,- Müəllim icazənizlə, bunu da sizin xanımınızın sağlığına içək,- dedi, rumkadakı arağı başına çəkdi. Kolbasadan götürüb çörəyin üstünə qoydu, marçıltı ilə yeməyə başladı.
Fateh ayağa qalxıb Hüseynə:
— Artıq getmək lazımdır – dedi.
Hüseyn daha bir kolbasa parçası götürdü. İştahla yedikdən sonra ayağa qalxdı, – müəllim izn verin biz gedək. Heç bilmirəm sizə necə minnətdar olaq.
Məsud da ayağa qalxdı. Fateh və Hüseyn ayaqqablarını geyinib mənzilin qapısından ümumi dəhlizə çıxdılar. Hüseyn bir az tərəddüdlə, – Məsud müəllim, bizim köhnə paltarlarımızı versəydiniz pis olmazdı. Mən də, Fateh də sizə minnətdarıq, amma bomjlar bizi bu paltarlarda görsələr səhərə kimi nə bu paltarlar qalacaq, nə də ki, bizi rahat yatmağa qoyacaqlar.
Kapitan düşünmədən, – İndi gəlirəm, – deyib mənzilə qayıtdı.

Dəhlizin girəcəyindəki dolabın üst gözünü açıb, oranı eşələyərək hansısa açarları götürüb mənzilin qapısından ümumi dəhlizə çıxdı. Üzünü Hüseyn və Fatehə tutub, – Ardımca gəlin, – dedi.

Məsud, onun ardınca Hüseyn və Fateh həyətə çıxdılar. Yazın ortası olmasına rəğmən bu gün Bakıda hava soyuq və şaxtalı idi. O, iti addımlarla həyətın yan tərəfində sıra ilə düşmüş qarajlara doğru getdi. Ortadakı dəmir qaraja yaxınlaşıb əlindəki açarla qarajın qapısını açmağa çalışdı. Qarajın qapısının açar yeri pas atdığından açar çox çətinliklə oturdu, əli ilə qarajın qapısını irəli itələyib açarı burdu. Qarajın qapısı cırıltıyla açdıqdan sonra  alışqanı yandırıb içəri keçdi.

Ömründə onun avtomobili olmamışdı. Elə Zübeydədən ayrılıb  atasıgilə köçdükdən sonra da çox nadir hallarda qarajın qapısını açmışdı. Odur ki, qarajın dörd bir yanını əl qalınlığında toz basmış, tavan hissəsi demək olar ki, bütövlükdə hörümçək toru ilə örtülmüşdü.
Qarajın içərisində tozdan görünməz olan divandan, bir-iki sınıq salxaq əşyadan başqa heç nə gözə dəymirdi.
Üzünü Fatehə tutub, – Gəl mənimlə mənzilə qalxaq, bir-iki vedrə su gətirək buranı yuyub təmizləmək lazımdır, – dedi. Daha harasa getməyinizə ehtiyac yoxdur, burada qala bilərsiniz, – dedi…

Həmin gecə Hüseyn Fatehlə qarajın tozunu, hörümcək torlarını təmizləyib qurtardıqdan sonra, gecə yarısı divanı açıb, şirin yuxuya getdilər. Məsud onlardan ayrılıb pillələrlə yuxarı, mənzilinə doğru addımladı. Pillələri qalxdıqda ürəyinin necə döyündüyünü aydınca eşidirdi. Araq icəndə həmişə belə döyünürdü ürəyi, az qalırdı ki, yerindən çıxsın. Pillələrin məhəccərindən yapışıb, bir qədər nəfəsini dərdi. Mənzilinə qalxıb bir təhər özünü yatağına atacaqdı. Yəqin ki, xəta-balasız ötüşən bu günü də belə yola verəcəkdi…

O, mənzilin qapısını örtüb içəridən bağladı. Janna artıq yatağına uzandığından dəhlizdəki zəif işıqdan başqa mənzilin bütün işıqlarını söndürmüşdü.

Paltarlarını soyunub yerinə girdi. Janna mışıl-mışıl yatırdı. Yerini rahatlayıb böyrü üstə uzandı, əlini qulağının üstünə qoyub, yuxuya getməyə çalışdı…

* * *

…Bura deyəsən Hindistan idi. Yuxuda bəzən hər şeyi dləqiqliyi ilə görmək olmur. Yox, dəqiq Hindistandır. Qadınlar əl-əlvan sari geyiniblər, kişilər ağ paltarlarda. Onlar üst-üstə qalanmış odun parçalarının əhatəsinə toplaşıblar. Burda nə baş verir? O, odun qalağının üstünə ağa bürüdülüb uzadılan kimdir görəsən? Yaşlı kahin hindu dilində dua oxuduqdan sonra əlində yanar məşəl tutan bir adam odun qalağını bir neçə yerdən odladı. Bir qədər sonra odun qalağı üstünə ağa bürüdülüb uzadılan insan cəsədi od tutub yanmağa başladı…
Bir yaşlı qadın alovun əhatəsindəki insanlardan aralanıb ona yaxınlaşdı. Tənə dolu baxışlarla bir xeyli ona süzdükdən sonra: – Məsud sənsən?- dedi.
-Mənəm!
Yaşlı qadın onun yaxasından tutub, var gücü ilə silkələdi: Öldü Kauşari! Sənin dərdinə dözməyib öldü. Sən kişi olmadın. Verdiyin sözə əməl etmədin. İndi nə var durub gəlmisən? Artıq gecdir! Rədd ol!, – dedi. Yenidən yanan alovun əhatəsinə qayıtdı, adamlar arasına qarışdı.
Aman Allah! Onun yaxasından tutub silkələyən Kauşarinin anası idi. Həmin o qalaq-qalaq odunun üstündə yandırılan Kaşuarinin. Onun illərlə həsrətində olduğu Kauşari. Bir dəfə rəisinin qorxusundan gedə bilmədi. Neçə illər ard ardınca məzuniyyətə çıxmağa qoymadılar. O biri dəfə düşündü ki, Zübeydə bilər, həyatını zəhərə döndərər. Bir vaşqa vaxt da fikirləşdi ki, qohum-qonşu, el-oba nə deyər?
Çırtıltı ilə yanan odun qalaqlarından xəfif tüstü yuxarı, göylərə qalxırdı. Topalaşıb buludu xatırladan tüstü qatında birdən-birə Kauşarinin sifəti  aydın göründü. Kauşarinin kədərli qara gözləri  ətrafı süzüb sanki kimi isə böyük maraqla axtarırdı. Birdən  Kauşarinin gözləri ona sataşdı. Həsrət dolu baxışlarla süzdü, sanki  ona əl eyləyirdi – Msud! Məsuuud! Gəl… Gəl… Gəl…

* * *

— O Qospodi pomiluy! Qospodi pomiluy!!! Aman Allah! – Jannanın tükürpədici qışqırtısına üzbəüz mənzildə yaşayan qonşular gəldilər. Janna Məsudu nə qədər silkələsə də o tərpənmir, həyat əlamətləri vermirdi…

* * *

Təcili yardım həkimi onun nəbzini yoxlayıb, ürəyinə qulaq asdı, – Başınız sağ olsun xanım, artıq keçinib. Allah rəhmət eləsin, – dedi. Təcili yardım həkimi çantasını götürüb qapıya doğru tələsdi.
Bir qədər sonra isə hələ də özünə gələ bilməyən Janna Məsudun meyiti yanında tək qalmışdı. Artıq qonşular da çıxıb getmişdi. Sonuncu qonşu gedərkən dedi:
— Janna, artıq gecdir. Kişini dəfn eləmək lazımdır. Qohumlarına zəng vur.
Özünü itirmiş Janna çətinliklə ayağa qalxdı. Bütün bədəni titrəyirdi. O, hələ də özünə gələ bilmirdi. Telefona yaxınlaşdı. Dəstəyi qaldırdı. Mən kimə zəng edim? O, Məsudun nə bir qohumunun nömrəsini bilirdi., nə də bir dostunun. Bəlkə keçmiş arvadı Zübeydənin telefonunu qonum-qonşulardan öyrənib ona zəng vursun. Desin ki, bilirsən nə var? Gəl ərinə yiyə dur. Hər-halda onunla on il bir yastığa baş qoyan sən olmusan. Amma yox, Zubeydə ona heç qulaq da asmazdı…

Həyətə düşdü. Səhər tezdən olduğundan həyətin ortasındakı dayanacaqdakı maşınlar bir-birinin ardınca işə düşüb həyəti tərk edirdilər. İnsanlar hamısı, öz iş güclərinə tələsirdilər. Birdən sağ tərəfdə dəmir qarajın qapısı ağzında Hüseyn və Fateh göründü. Janna ərinin dostlarını görcək hövlnak onlara tərəf qaçdı:
— Siz… Sizsiniz? Siz burda nə edirsiniz?
— Məsud müəllim, bizim burada qalmağımız icazə verdi. Allah ondan razı olsun! Allah ona can sağlığı versin.
— Öldü sizin Məsud müəllim, öldü… Qalxın yuxarı. Onu dəfn etmək lazımdır.
Heç nə anlamayan Həsən və Fateh maddım-maddım bir-birlərinin üzlərinə baxdılar. Hələ heç nə anlamadan, yuxulu adamlar kimi, Jannanın ardınca binaya tərəf addımladılar.
— Onun heç kimi yoxdur. Mən də gedim görüm hardan pul taparam. Onu dəfn etmək lazımdır – Janna mənzilin qapısından çıxdı.
Həmin gün Janna evə qayıtmadı. Hüseyn və Fateh Məsudun meyiti olan otaqda divanın üstündə oturub xeyli gözləsələr də, Jannadan xəbər çıxmadı ki, çıxmadı…

* * *

Gecə saat üçün yarısı idi. Janna hələ də gəlməmişdi. Onlar mənzildən çıxaraq həyətə düşüb, binanın arxasına doğru getdilər.
Həmin gün Hüseyn və Fateh şəhərin bir neçə zibilliyini ələk-vələk edib, topladıqları boş araq şüşələrini təhvil verdilər. Axşamın alotoranında əldən düşüb boş şüşə qəbul edən məntəqənin qapısındakı skamyada əyləşdilər. İkisinin birlikdə topladıqları şüşələrə cəmi cümlətəni otuz manat pul vermişdilər. Hüseyn üç onluğa baxıb dərindən köks ötürdü.
— Fateh sən məscidə get, öyrən gör kişinin basdırlması üçün nə qədər xərcimiz çıxar?
Fateh ah çəkdi.
— Hüseyn, sən heç bilirsən ki, təkcə onu yudurub basdırmaq neçəyə başa gəlir? Mən heç yas mərasiminin özünü demirəm. Heç bilirsən çadır neçəyədir?
— Yəni deyirsən ki, onu basdıra bilmərik?
— Yox, Hüseyn. Bax, deyim sənə, meyiti yuyub kəfənləmək-50 dollar, tabut – 40 dollar, qəbir qazmaq – 150 dollar, hələ mən qəbiristanlıqda yer almaq məsələsini demirəm. Təkcə mən dediklərim 280 dollar eləyir.
— Hə, bu çoxdur. Bizlik deyil.

Fatehin gözləri yaşardı, o duruxdu.

— Hüseyn, bəlkə onu xristian kimi dəfn edək. Deyək ki, həyat yoldaşı rusdur. O da nə vaxtsa qəbul edib xristianlığı. Mən öyrənmişəm, xristianlarda yumaq – 60 dollar, paltarlar – 60 dollar, tabut 100 dollar edir. Qəbir qazmaq onlarda ucuzdur – 100 dollar, katofalk – 40 dollar, bu da cəmi edir 360 dollar.
— Yox əşi, onlarda bizdən də baha çıxır ki. Bəs sinaqoqada neçədir görəsən?
— Sinaqoqa hardadır?
— Cuhudlar məhəlləsində.
Fateh:
— Heç nə etmək mümkün deyil. Sənin sözündən belə çıxır ki, onu yandırmalıyıq?
— Sən zarafat elə. Gəl onu yandıraq. Deyək ki, o, həmişə Hindistandan danışırdı. Orda ölüləri yandırırlar.
— Deyərik ki, sən demə, Buddizmi qəbul etmişdi. Ölməzdən qabaq vəsiyyət edib ki, onu yandıraq.
— Yox Fateh, yox. Axı o, normal bir müsəlman kimi dəfn olunmağa layiq insandır. Heç bilmirəm neynəyək.
— Yaxşı, gəl gedək, görək Janna qayıdıb gəlib, ya yox.

Dostlar Məsudun mənzilinə gələndə Janna hələ də qayıtmamışdı. Səhərdən bəri mənzilin bütün pəncərələri, eyvanın qapısı açıq olduğundan mənzil soyuq idi. Hüseyn yataq otağında, Fateh isə qonaq otağındakı divanda uzandı, amma nə qədər yorğun olsalar da gözlərinə yuxu getmirdi.

— Bu Məsud müəllim də ölməyə vaxt tapdı. Dünən fikirləşirdim ki, bizə də bir əl tutan tapıldı. İndi Allah bilir, Janna bizi qarajdan çıxaracaq. Ehhhh…Məsud müəllimə nə var ki? O heç olmasa öz isti yatağında öldü. Bizim isə heç harada öləcəyimiz də məlum deyil… – Bu Hüseynin qızdırmalı düşüncələri idi. Fatehin isə nə düşündüyünü o bilmirdi. Amma heç olmasa, yüzcə qram araq içməsə yata bilməyəcəyindən əmin idi.

Fatehi səslədi. Fateh dərhal hay verdiyindən onun yatmadığından əmin olub dilləndi:
— Qulaq as, onsuz da bizdə olan pullarnan kişini basdıra bilməyəcəyik. Qaç bir araq, bir az da kolbasa çörək al. Yoxsa səhərə kimi bir təhər olarıq.

Fateh elə bil Hüseynin bu sözləri deyəcəyi anı gözləyirdi. Yerindən dik atıldı.
— Sən düz deyirsən. Yoxsa səhərə kimi burda donub ölərik,-dedi.
Sonra ayağa qalxıb dəhlizə çıxdı. Ayaqqabılarını geyinib, yaxınlaqdakı  marketə yollandı.
Fateh həyətin çıxışındakı marketdən alıb gətirdiyi iki ədəd «Xan» arağını, karton dadı verən ucuz kolbasanı və səhərdən qalıb boyatdaşmış çörəyi mətbəxdəki masanın üstünə qoydu. Qapının cırıltısından onun gəldiyini anlayan Hüseyn mətbəxə tələsdi.
Araq dolu stəkanlarını bir-birinə vurdular.
— Qəbri nurla dolsun!

İki şüşə arağı içib qurtardıqdan sonra, içkinin təsirindən bütün günün yorğunluğu özünü daha çox büruzə verirdi. Hüseyn ayaqlarının ağırlığından səndirləyə-səndirləyə  özünü Məsudun meyiti olan otaqdakı divanın üstünə atdı.
Fateh mətbəxin açıq pəncərəsindən içəri dolan soyuqdan üşəndı. Deyəsən bu gün həm də soyuqlamışdı, bütün bədəni ağrıyırdı. Ayaqlarını güclə sürüyüb qonaq otağındakı divana doğru getdi. Gözü servantın yanındakı spiralları görünən elektrik sobasına sataşdı.  Sobanı elektrik xəttinə qoşdu, divanın baş tərəfindki stulun yanına qoydu. Daha yaxşı istilik versin deyə sobanı arxası üstə uzadıb əllərini istinin üstünə tutdu. Bir yandan yorğunluğu, bir yandan da soyuqlamış canını isidən hərarət onu xumarlandırdı. Yuxulu-yuxulu Məsudun verdiyi sviteri çıxarıb stulun üstünə atdı. Artıq yuxulamaqda olan Fatehin sviterin stulun üstünə deyil, elektrik sobasının spiralları üstünə düşməsindən xəbəri olmadı…

* * *

…Gecə qaranlığının səssiz sükutunu yanğınsöndürən maşınlarının vahiməli uğultuları pozdu. Binanın sakinləri haray-həşirlə həyətə qaçışırdılar. Otuz il milis və polis orqanlarında işləmiş Məsud İbrahimzadənin mənzili çırta-çırtla od tutub yanırdı. Cəsədini yanğınsöndürənlər odun alovun içərisindən  güclə çıxardılar. Onun  mənzilindən uzanan alovun dilləri  gecənin qaranlığını yalayırdı…
…Od tanrısı Aqnı gülümsəyirdi…

Vyana-Lion
fevral 2010
Müəllif: Vahid Məmmədli
Top