Sovet İttifaqının dağılması ilə Azərbaycan və Türkiyə arasında mədəni əlaqələr bərpa olundu. Yəqin ki, bugünkü mədəniyyətimizin formalaşmasında Türkiyənin müstəsna xidməti olub yazsam, kimsə buna irad tutmaz.
Müstəqilliyin ilk illərində Türkiyə kanalları və onların gətirdiyi yeniliklər bəzən bizləri ciddi şəkildə təəccübləndirirdi. Hətta həmin illərdə Türkiyə kanallarına baxmağı qadağan edən ataların sayı da az deyildi. Müxtəsər, “dansöz” olaraq ifadə etdiyimiz, göbəkatanlar da həmin vaxtlarda Azərbaycan seyrçisini “təəccübləndirənlər” və qadağan olunanlar arasında idi.
Açığı, hələ də Azərbaycanda bu “dansöz”lərə ailə ilə birlikdə tamaşa edənlərin sayı çox azdır. Yəni uzun müddət İslam aləmində və qardaş Türkiyədə yaşamasına baxmayaraq, sovet əxlaqının formalaşdırdığı mühafizəkar mədəniyyətimizə doğmalaşa bilmədi. Amma fakt budur ki, bü gün Tükiyədə və İslam dünyasında “dansöz” var. Gəlin birlikdə onların kimlər olduğunu və hardan gəlib hara getdiklərini öyrənək. Amma əvvəlcə onu qeyd edək ki, göbək rəqsinin ifaçılarına “rəqqasə” və ya “rəqqas” yazsaq, bu milli rəqslərimizin ifaçılarına hörmətsizlik ola bilər. Ona görə də “dansöz” sözünü orijinalda olduğu kimi saxlamağa qərar verdik.
“Dansöz” (fransız dilində “danseuse” – “rəqqasə”) türkcədə oriyental rəqs (göbək rəqsi) edən qadınlar üçün istifadə edilən addır. Osmanlıda onlara “çengi” deyilirdi, amma bu söz artıq istifadə edilmir.
Oriyental rəqsin vətəni Yaxın Şərqdir. Bu rəqsə ərəbcə «rəqs Şərqi» (“Şərqin rəqsi”) və ya «rəqs baladi» (“xalq rəqsi”) deyirlər. Oriyental rəqqasələr İslam cəmiyyətlərinin namus anlayışına, geyim və ənənəvi rəqslərindən kəskin şəkildə fərqləndiyi üçün onlar erotik səhnələr nümayiş etdirən striptiz rəqsçlər kimi qəbul olunurdular. Elə buna görə də İslam əxlaqının formalaşmasından sonra bu işi professional səviyyədə həyata keçirmək istəyənlərin sayı müsəlman ölkələrdə azaldı, əvəzində Avropa ölkələrində bu say getdikcə artmağa başladı.
Ərəb-semit mədəniyyətinə xas olan “dansöz”lər səlcuq və Osmanlı imperiyası zamanında saraylarda mövcud olublar. Onlar ilkin illərdə ev sahiblərini əyləndirirdilər. Osmanlılarda çengi (rəqqasə) və “köçek”lərin (rəqqas) rəsmi təşkilatları belə olub.
Oriyental rəqs və ya göbək rəqsi ənənəvi Şərq rəqsidir. Qərbdə daha çox “belly dance” – “göbək rəqsi” olaraq tanınır, Yunanıstan və Balkan ölkələrində “qoşatelli” (bel və sinə titrədilərək oynanılan rəqs) adlanır.
Bu rəqsin kökü qədim dövrlərin dürüstlük və bərəkət inancına qədər uzanır. Bütün qədim sivilizasiyalarda bərəkəti simvolizə edən tanrıçalar olub. Məsələn, Militta, İsis, Aştiret, İştar, Hator, Afrodita, Venera və Ceres…
Oriyental, ənənəvi olaraq, ayaqyalın edilən bir rəqsdir. Bu, rəqsçinin Torpaq Anayla birbaşa təmasının əsla kəsilməməsinə hesablanıb. O, qadın bədəninin xüsusiyyətlərinə görə hazırlanıb. Qarın əzələlərinin hərəkəti, omba hərəkətləri, sinə hərəkətləri ən yaxşı qadın bədəninə uyğundur. İnsan bədəninin axıcı, hamar, kompleks və təsiredici hərəkətləri, çalxalama və dalğalanma hərəkətlərinin müxtəlifliyi ilə rəqsin xarakteri ortaya çıxır.
Şərq rəqsləri, Qərbin addımlara hesablanan rəqslərindən fərqli olaraq, əzələlərin hərəkətinə uyğun olaraq hazırlanıb. Bu səbəbdən addımlar aramlıdır və qəti şəkildə tullanma olmaz, yəni ayağın yerdən üzülməsi bu fəlsəfəyə ziddir.
Qılınc, məşəl, şam, tül, çəlik ya da çubuq kimi vəsaitlərin rəqsdə sıxlıqla istifadə edilir. Bunların hər biri sehrli işarələrlər və alətlərin rəqsdə istifadəsi bölgənin folklorundan asılıdır.