Qərbi Avropada erkən orta əsrlərdə mədəniyyət

Qərbi Avropada erkən orta əsrlərdə mədəniyyət

Mədəniyyətin geridə qalması. Erkən orta əsrlərdə Avropada əhalinin çoxu öz kəndindən kənara çıxmırdı. Onlar səyahətə çıxmadıqlarına görə başqa ölkələr və xalqlar haqqında heç bir təsəvvürə malik deyildilər. Yerin kürə şəklində olması haqqında qədim alimlərin dedikləri hələ tamamilə unudulmamışdı. Lakin insanlar təbiət, yer kürəsi haqqında ağılasığmaz uydurmalar irəli sürürdülər. Avropalıların fikrincə, səmada günəş, ay və s. planetlər hərəkət edir. İnsanlar vaxtı yerə basdırılmış ağac çubuğun kölgəsi ilə müəyyən edirdilər. İli 12 aya bölürdülər.

Xristian əhalisi ili İsa peyğəmbərin, müqəddəslərin anadan olması, dini bayramların keçirilməsi və s. ilə müəyyən edirdilər. Antik dünyadan orta əsrlərə keçid dövründə mədəniyyət Avropada tənəzzül edirdi (bu dövrdə ərəblərdə mədəniyyət tərəqqi edirdi).

Təhsil. Kilsə məktəbləri. Erkən orta əsrlərdə insanlarda belə bir təsəvvür var idi ki, feodalların zülmünə heç bir çarə yoxdur. Allaha varlı da, yoxsul da, hamı inanırdı. Bu dövrdə Avropada savadlı adam çox az idi. Hətta bəzi krallar da yazıb oxumağı bacarmırdı. Qərbi Avropada, əsasən, kilsə xadimləri savadlı olurdu. Xristian kilsəsi antik mədəniyyətdən özünə lazım olanı qoruyub saxladı. Böyük Karl monastırlarda keşişlər hazırlamaq üçün məktəblər açdırdı. Məktəblər iki pilləli idi. Aşağı pillədə qrammatika, ritorika (natiqlik məharəti) və diplomatika öyrədilirdi. Yuxarı pillədə hesab, həndəsə, astronomiya, musiqi öyrədilirdi. Qərbi Avropada kilsə məktəbləri, dövlət məktəbləri və şəxsi məktəblər var idi. Kilsə məktəblərində yaşlı uşaqlar gənclərlə bir yerdə oxuyurdular. Qərbi Avropanın bütün ölkələrində uşaqlara latın dilində dərs keçirdilər. Bu dildə heç bir xalq danışmırdı. Latın dilində kitablar yazdır, dualar oxunurdu. Çox vaxt bütün məktəb üçün bir kitab olurdu. Məktəblərdə fiziki cəza mövcud idi. Savadlı adam haqqında deyirdilər: O müəllimin çubuğu altında böyüyüb.

Karolinq oyanışı. Böyük Karl imperiyasına savadlı məmurlar və hakimlər lazım idi. Elə buna görə də Böyük Karl təhsilə, elmə, mədəniyyətə xüsusi diqqət verirdi. Onun səyi nəticəsində mədəniyyət inkişaf etdi. Onun dövrünə "Karolinq oyanışı" deyirlər. O, sarayına İngiltərədən, İspaniyadan və İtaliyadan savadlı adamlar dəvət etdi. Məktəblərin idarə edilməsini İngiltərədən gəlmiş Alkuinə tapşırdı. Böyük Karlın sarayında ədəbi dərnək təşkil edildi. Dərnək sonralar "Saray akademiyası" adlandı. Dərnəkdə kilsə ədəbiyyatı ilə yanaşı, antik ədəbiyyat da öyrənilirdi. İmperatorun bütün ailəsi bu dərnəkdə çalışırdı. Böyük Karl Axen şəhərində saraylar, kilsələr tikdirdi. Lakin Axen kapellasından (ev kilsəsi) başqa bütün tikililər dövrümüzə qədər gəlib çatmamışdır.
VI-IX əsrlərdə monastırlarda antik dövrdə yaranmış əsərlərin üzü köçürülürdü. Buna görə də bu əsərlər dövrümüzə qədər gəlib çatmışdır. Frank imperiyasının tənəzzülü ilə "Karolinq oyanışı" başa çatdı.

Əlyazma sənəti. Kitab emalatxanaları. Erkən orta əsrlərdə dini kitabların üzünün köçürülməsi Allah qarşısında savab iş hesab olunurdu. Bu dövrdə yazı üçün perqamentdən istifadə olunurdu. "Bibliya"nın böyük formatda yazılması üçün 300 dana dərisi lazım gəlmişdi. Kitablara çəkilən rəsmlər miniatür adlanırdı. Miniatür kitabların baş hərflərinin yazılması üçün istifadə olunan "qırmızı boya" mənasını verir. Antik dövrdə papirus üzərində yazı qamışdan düzəldilmiş qələmlə yazılarmış. Orta əsrlərdə isə perqament üzərində yazı quş lələyi ilə yazılırdı.
Orta əsrlərdə şifahi xalq ədəbiyyatı inkişaf etmişdi. Şifahi xalq yaradıcılığı əsasında gəzəri həyat sürən artistlər, yəni jonqlyorlar feodal qəsrlərində, kəndlərdə, karvansaralarda çıxış edirdilər. Onların çıxışı şifahi xalq yaradıcılığına söykənirdi.

 

Top