Slavyanların yaşadığı ərazi və məşğuliyyətləri. Slavyanlar Mərkəzi və Şərqi Avropada yaşayırdılar. VI əsrdə onların yaşadığı ərazi Şərqdə Dnepr çayının ortalarından, Qərbdə Elba çayına qədər, Şimalda Baltik dənizindən Cənubda Dunay çayına və Qara dənizə qədər olan ərazini əhatə edirdi. Slavyanlar 3 qrupa bölünürdülər:
- Qərbi slavyanlar: çexlər, polyaklar, slovaklar;
- Cənubi slavyanlar: bolqarlar, serblər, xorvatlar. Onlar Balkan yarımadasının şimalında məskunlaşmışlar.
- Şərqi slavyanlar: ruslar, ukraynalılar və belarusların ulu babaları olan polyanlar, drevliyanlar, severiyanlar, uliçlər və başqaları daxil idi.
Bizans tarixçisi Psevda Mavrikin göstərir ki, slavyanların təsərrüfat sahəsi oturaq əkinçilik idi. Slavyanlar çovdar, buğda, arpa və s. dənli bitkilər və bostan bitkiləri yetişdirirdilər. At, inək, donuz və digər ev heyvanları saxlayırdılar. Slavyanlar mübahisəli məsələləri veçedə (xalq yığıncağı) həll edirdilər. Hamı veçedə fikrini deyə bilərdi.
Slavyan dövlətlərinin yaranması. VI əsrdə slavyanlar ibtidai icma quruluşunda yaşayırdılar və onlarda dövlət yaranmamışdı. Bununla belə
VI-VII əsrlərdə slavyanlarda təbəqələşmə yaranmağa başladı. Bu dövrdə əmək alətləri təkmilləşdirildi, dəmir emalı inkişaf etdi, yeni mükəmməl əkinçilik alətləri yaradıldı. Bu isə ayrıca bir ailənin öz təsərrüfatını qurmasına imkan vermişdi. Qəbilə quruluşunu qonşuluq icması əvəz etdi. Bu isə təbəqələşməni, əmlak bərabərsizliyini sürətləndirdi. Slavyanlar da, bir çox xalqlar kimi, ibtidai icma quruluşundan feodalizmə keçmişlər.
IX-X əsrlərdə feodalizmə keçidlə əlaqədar slavyanlarda dövlət yarandı.
Bulqar-türk dövləti.Qərbi Hun imperatorluğu dağılandan sonra türk tayfalarının bir hissəsi Qara dənizin şimal sahillərinə və Şimali Qafqaza gəlmiş, burada məskunlaşmışdılar. Onlar burada yaşayan onoqurlar, utruqurlar, kutruqurlar və digər türk toplumları ilə qaynayıb-qarışdılar, bu qarışıqdan törəyənləri
pulqar adlandırdılar. Bulqar sözü türkcə «qarışmaq» deməkdir.
Şimali Qafqazda Qurdun başçılığı altında
Böyük Bulqar dövləti yarandı. Qurd öləndən sonra Xəzərlərin hücumu nəticəsində 665-ci ildə xaqanlıq parçalandı. Bundan sonra bulqarlar iki yerə ayrıldılar. Onların bir hissəsi Volqa boyuna köçdü,
İdil (Volqa) bulqarları adlandı. Bulqarların bir hissəsi Qurdun kiçik oğlu Asparuxun başçılığı altında Dunay çayının ətrafına köçdü, sonra isə Dunayı keçib Bizansın ərazisində möhkəmləndi. 679-cu ildə Asparuxun başçılığı (643-701) altında
Bulqar-türk dövləti yaradıldı. Bu dövlət 1018-ci ilə kimi fəaliyyət göstərdi və
oğuz türklərinin ən uzunömürlü dövləti oldu.
Dövlətin
paytaxtı Pliska sonra
Preslav şəhəri olmuşdu. Ölkədə hakimiyyət xana məxsus idi. Xanın yanında əyanlardan ibarət şura fəaliyyət göstərirdi. Krum xanın qanunlarından məlum olur ki, bulqarlarda IX əsrdə feodalizm cəmiyyəti meydana gəlmişdi. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, bağçılıq, maldarlıq, sənətkarlıq olmuşdu. Bulqarlar Frank imperiyası, Çexiya, Kiyev dövləti,
Bizans və Şərq ölkələri ilə ticarət əlaqələri saxlayırdı.
Bizans öz ərazisində müstəqil türk dövlətinin yaranması ilə razılaşmaq istəmirdi. Bizans bu dövlətin varlığına son qoymağa çalışırdı. Bulqar-türk dövlətinin hökmdarı Krum xan (803-814) indiki Macarıstan və Transilvaniya ərazisini tutdu. Bizans imperatoru INikitor 811-ci ildə hücum edib Preslavı dağıtdı. Lakin Vribski döyüşündə məğlub oldu. Sonra isə Krum xan Sofiya, Belqrad qalalarını ələ keçirdi. 814-cü ildə Konstantinopolu mühasirəyə aldı.
Hakimiyyətə Krum xanın oğlu Omurtaq xan gəldi. O, Bizansla 30 illik sülh bağladı. Onun dövründə dövlət iqtisadi, mədəni cəhətdən inkişaf etdi. Dövlətin möhkəmlənməsində Krum xanın qanunları mühüm rol oynadı. Karpat hövzəsinin şərq hissəsindən Peştə qədər olan bölgə bulqarlara tabe edildi. Şərqi Avropada yeganə duz mədəni bulqarlara məxsus idi.
Bulqarlar yeddi slavyan tayfa ittifaqıilə birləşdi, slavyanlar çoxluq təşkil etsə də, bulqar türklərindən asdı idi. Bizans isə bu dövləti xristian dini vasitəsi ilə özündən asılı salmağa çalışırdı. Xristianlaşma və slavyanlaşma Omurtaq dövründən başlamışdı. Onun şərəfinə qoyulmuş abidə yazıda tək-tək türk sözünə rast gəlinir. Bulqar hökmdarı
Boqoris xan 864-cü ildə xristianlığı qəbul etdi. Beləliklə, zaman keçdikcə bulqar türkləri xristianlaşdılar və slavyanlaşdılar, dinlərini və dillərini unutdular. Bulqar-türk dövlətinə son qoyuldu. Bolqarlar 1018-ci ildən bizansların, 1330-cu ildən serblərin, daha sonra osmanlıların hakimiyyəti altında oldular.
Kiyev rus dövləti. IX əsrdə Şərqi slavyanlarda ilkin feodal dövləti olan Kiyev Rus dövləti meydana gəldi. Paytaxtı Kiyev idi. Qədim Kiyev rus dövlətinin adı ilk dəfə salnamədə 860-cı ildə çəkilmişdi. 882-ci ildə knyaz Oleq Novqorod və Kiyevi birləşdirdi. 988-ci ildə Kiyev Rus dövlətində xristianlıq dini qəbul edildi.
Çexiya dövləti. X əsrin əvvəllərində qərbi slavyanlarda ilk feodal dövləti olan Çexiya dövləti yarandı. Paytaxtı Praqa idi. Praqa Avropanın ən böyük şəhərlərindən biri idi. Buradan mühüm ticarət yolları keçirdi. Çexiya knyazları ölkəni müstəqil idarə edirdilər. Sonradan onlar «kral» titulunu qəbul etdilər.
Polşa dövləti. X əsrin ortalarına yaxın knyaz Meşko Visla çayı boyunca olan torpaqları özünə tabe etdi. Sonra drujinası ilə birlikdə xristianlığı qəbul etdi. İgid Boleslav bütün Polşa torpaqlarını birləşdirdi. Polşa Müqəddəs Roma imperiyasına qarşı qalibiyyətli müharibə aparmışdı.
Slavyanların qonşuları. Slavyanların qərb qonşuları almanlar idi. X əsrdə Almanlar şərqə hücum siyasəti yeritdilər X əsrdə alman feodalları Baltik sahilində və Laba boyunda yaşayan slavyanları məğlub etdilər.Onları meşələrə, bataqlıqlara sıxışdırdılar. 983-cü ildə slavyanlar üsyan edib azadlıq qazandılar. 150 ildən sonra almanlar onları yenidən özlərinə tabe etdilər.
Macar dövləti. Macarlar IX əsrin sonunda Ural dağlarının cənubunda köçəri həyat keçirirdilər. Onlar Avropaya doğru hərəkət etməyə başladılar və 906-cı ildə Böyük Moraviya dövlətini darmadağın edib Pannoniyanı və Tissa ilə Dunay çaylari arasında yaşayan slavyanları özlərinə tabe etdilər. X əsrin I yarısında macarlar Mərkəzi, Cənubi və Qərbi Avropa ölkələrinə basqın etdilər. Sonra Bolqarıstana və Bizansa soxuldular. Parisə və Şimali İtaliyaya qədər gedib çıxdılar. Almaniyanın və Çexiyanın birləşmiş qüvvələri macarları məğlub etdilər. Onlar indiki Macarıstan ərazisində oturaq həyata keçdilər. X əsrin sonuna yaxın Macarıstan krallığı yarandı. Macarların qonşu ölkələrə basqınları XI əsrin əvvəllərində tamamilə kəsildi.
Slavyan xalqlarının mədəniyyəti. Bolqarıstan, Serbiya və Kiyev Rus dövləti xristianlığı Şərqi Roma imperiyasından (Bizansdan) qəbul etmişdi. Ancaq dini kitablar yunan dilindi idi. İlk slavyan maarifçiləri, alimləri, rahibləri olan Kiril və Mefodi yunan əlifbası əsasında slavyan əlifbasınıtərtib etdilər. Bolqarıstanda məskən saldılar və xristian dininin müqəddəs kitablarını slavyan dilinə tərcümə etdilər. Onlar həm də xristian dinini yayırdılar.