Çində feodal münasibətlərinin yaranması. III əsrin əvvəllərində Xan sülaləsinin hakimiyyətinə son qoyulduqdan sonra, Çində feodal münasibətləri yaranmağa başladı. Avropadan fərqli olaraq, bütün Şərqdə olduğu kimi, Çində də torpaq əsrlər boyu imperatorlara məxsus mülkiyyət olmuşdu. Dövlət torpaq üzərində mülkiyyəti məhdudlaşdırır, cəmiyyət və iqtisadiyyatı sənətkarlığı, ticarəti və təbii sərvətləri ciddi nəzarətdə saxlayırdı. Əhalinin 95 %-ini təşkil edən kəndlilər torpaqdan istifadəyə görə vergi verirdilər.
Suy sülaləsi. İmperiyanın bərpası. Çində feodal dağınıqlığı III əsrdən başlamışdı. Şimaldan türk xalqlarının hücumları kəsilmirdi. Lakin VI əsrin sonunda Çində yenidən vahid dövlət yaradılmasına cəhd edildi. Belə ki, Şimali Syon dövlətinin sərkərdəsi Yan Szyan rəqiblərinə qalib gəlib Suy sülaləsi hakimiyyətinin (586-618) əsasını qoydu. O, 589-cu ildə ölkənin cənubunda hökmranlıq edən Çin sülaləsinin hakimiyyətini devirdi və Çin imperiyasını bərpa etdi. Tan sülaləsi. Çin yeni inkişaf mərhələsinə doğru. VII əsrin əvvəllərində Çində hakimiyyət 300 il hökmranlıq etmiş Tan sülaləsinin (618-918) əlinə keçdi. Bütün hakimiyyət imperatorun əlində cəmləşmişdi. Onu «Səma oğlu» adlandırırdılar. Ölkənin təsərrüfatı bərpa və inkişaf etdirildi, cənub əyalətlərində şəkər qamışı və çay kolları sahələrindən ildə iki dəfə məhsul götürülürdü.
Türklər və Çin. Erkən orta əsrlər boyu Çin öz daimi qonşuları olan türklərlə müəyyən münasibət saxlamağa məcbur olmuşdu. Bu dövrdə türklər Çin üçün böyük təhlükə idi. VI əsrdə Göytürk dövləti geniş bir ərazini əhatə edəndə Çin hökmdarları onunla hesablaşmışdılar. Məsələn, Göytürk imperatoru Tononun hakimiyyətə gəlməsi münasibətilə Çin nümayəndəsi ona 100 top ipək gətirmişdi. Çində feodal mülklərinin meydana gəlməsi. Xuan Çao üsyanı. Çində torpaq imperatorun mülkiyyəti saydırdı. Kəndli kiçik torpaq payı alır, dövlətə vergi verirdi. Feodallar dövlət torpaqlarını tuturdular. Beləliklə, yüzlərlə kəndlisi olan feodal mülkləri meydana gəldi. Feodal zülmü gücləndi. Bu isə kəndlilərin üsyanına səbəb oldu, onlar böyük dəstələr yaradıb vilayətləri bir-birinin ardınca ələ keçirirdilər. 874-cü ildə Çinin şimal-şərqində Xuan Çaonun başçılığı ilə kəndli üsyanı baş verdi. Üsyançılar böyük bir ordu yaratdılar. Üsyançılar cənuba doğru irəliləyərək əvvəlcə Quançjou (Kanton) şəhərini, sonra isə ölkənin paytaxtı Çanan şəhərini ələ keçirdilər. İmperator qaçdı. Xuan Çao imperator elan edildi. Vergilər ləğv olundu, imperator anbarlarından kəndlilərə taxıl paylandı. Imperator və feodallar ölkənin şimalında yaşayan köçəri mancurların köməyi ilə üsyanı 884-cü ildə yatırdılar. Üsyan zamanı öldürülmüş feodalların torpaqları kəndlilərin əlinə keçdi, kəndlilərin vəziyyəti, müvəqqəti olsa da, yüngülləşdi. Sun sülaləsinin hakimiyyətə gəlməsi. Çjurçjenlərə qarşı mübarizə. Üsyandan sonra yarım əsr ölkəni ara müharibələri bürüdü. Çinin şimalında beş sülalə qısa müddətdə bir-birini əvəz etdi. 960-cı ildə Sun sülaləsinin hakimiyyəti bərqərar edildi. Bu zaman Çinin şimal-şərqində çjurçjen tayfaları yaşayırdılar. Əvvəllər onlar Çindən asılı idilər. Sonra güclü ordu yaradaraq asılılıqdan qurtardılar və özlərinin Tsin (qızıl) imperiyası adlanan dövlətini qurdular. Onlar Şimali Çinə qoşun yeridib paytaxtı tutdular, danışıq aparmaq üçün onların yanına gəlmiş imperator və oğlunu əsir aldılar. Çin mədəniyyəti. Texniki kəşflər. Erkən orta əsrlərdə çinlilər təsərrüfat və mədəniyyət sahəsində bir sıra uğurlar qazandılar. III-V əsrlərdə çinlilər xüsusi gildən və bəzi dağ süxurlarından çini qablar hazırlayırdılar. Çin sənətkarları daş kömürlə dəmir əritməyi, II əsrdə kağız istehsal etməyi, VI-VIII əsrlərdə kitab çap etməyi öyrəndilər. 1041-1048-ci ildə Çin sənətkarı Bi Şen ayrı-ayrı heroqliflərlə kitab çapının əsasını qoydu. XI əsrdən etibarən ayn-ayrı heroqliflərdən ibarət yığına şriftlər ixtira edildi. VIII əsrdə Çinin paytaxtında «Paytaxt xəbərləri» ilk gündəlik qəzet çap olunmağa başladı. Çin dənizçiləri qədimdə ixtira edilmiş kompası artıq XI əsrdə işlədirdilər. Çində II əsrdə Seysmoskop, III əsrdə spidometr ixtira edilmişdir. Maarif və elm. Çində maarif və elm inkişaf edirdi. Müxtəlif sahələrə (əkinçilik, ipəkçilik və s) dair dərsliklər çap olunurdu. Hər bir imperatorun dövründə əvvəlki sülalələrin tarixinə dair çoxcildli kitablar çap edilirdi. Çinlilər deyirdilər: «Keçmişi unutma, o, gələcəyin müəllimidir». Bədii ədəbiyyat. Memarlıq və incəsənət. VIII-IX əsrlər Çin poeziyasının «qızıl dövrü» adlanır. VIII əsrdə yaşamış Du Fu «Cəng arabaları haqqında mahnı» poemasında mübarizə aparan kəndliləri müdafiə edirdi.
Kəndlilər ailəsi ilə birlikdə torpağı becərir, məhsulu qoruyur məhsul hazır olanda vergi məmurlarına töycü və dövlət vergisi verirdi. Kəndlilər məhsul vergisi ilə yanaşı, ağır mükəlləfiyyətlər də yerinə yetirir, yəni saraylar, məbədlər, qalalar tikir, suvarma sistemi çəkirdilər.
VI-VII əsrlərdə Çində iri torpaq sahibi olan xüsusi «güclü ailələr» var idi. «Güclü ailələr» kəndlilərin torpağını ələ keçirir, onları özlərindən asılı olan icarədarlara çevirirdilər, nəticədə dövlətə vergi verənlərin sayı azalır, mərkəzi hakimiyyət zəifləyirdi. Çində bir-birini əvəz edən sülalələr kəndlilərin narazılığının qarşısını almaq və mərkəzi hakimiyyəti gücləndirmək üçün tədbirlər görür, «güclü ailələr»in torpaqlarını müsadirə edib kəndlilərə paylayırdılar. Beləliklə, III-VII əsrlərdə Çində dövlətin «güclü ailələr»ə qarşı mübarizə aparmaqda məqsədi mərkəzi hakimiyyəti möhkəmləndirmək idi.
Çində dövlət feodalizmi formalaşırdı. Ən böyük torpaq sahibi olan imperator hərbi xidmət müqabilində özünün ən yaxın adamlarına, sərkərdələrə və məmurlara iri torpaq sahələri paylayır, bununla da xüsusi torpaq mülkiyyətinin inkişafına şərait yaradırdı. Bu torpaqlarda əldə edilən məhsuldan bir hissə dövlətə verilir, digər hissə mülkiyyətçiyə qalırdı. Feodalizmin inkişafı nəticəsində varlanan feodallar VII əsrdən başlayaraq dövlət torpaqlarını özbaşına tutmağa başladılar. Həmin ərazidə yaşayan kəndlilər feodallardan asılı kəndliyə çevrildilər. Kəndlilər feodala vergi (töycü) verməli, onun üçün əvəzi ödənilməyən işlər görməli, yəni biyara getməli idilər,
VI əsrin sonu VII əsrin əvvəllərində Yantszı və Xuanxe çaylarını birləşdirən, uzunluğu 1700 km olan Böyük kanal çəkildi. Kanal ölkənin cənub-şərqdəki dəniz sahillərində kənd təsərrüfatının inkişafı üçün şərait yaratdı. Suyun sahilə çıxartmasını təmin edən qurğu ixtira edildi, ağacdan hazırlanan ipəktoxuma dəzgahı təkmilləşdirildi, ticarət də gücləndi.
Tan sülaləsinin işğalçılıq siyasəti nəticəsində Koreya və Vyetnam Çinə tabe edildi. Çin ordusu Böyük ipək yolunun ölkədən Mərkəzi Asiyayadək uzanan hissəsinə nəzarət edirdi. Lakin 751-ci ildə xilafət qoşunları Çin ordusunu məğlub etdikdən sonra bu nəzarət Çinin əlindən çıxdı. Buna baxmayaraq, Çin bu yol vasitəsilə İran, Mərkəzi Asiya, Bizansla ticarət əlaqəsini genişləndirirdi.
Çin Ərəb və İran tacirlərinin məskənləri olan Hind okeanının sahillərində ticarət aparırdı. Ölkənin daxilində Böyük kanaldan da ticarət üçün istifadə edilirdi. Sənətkarlıq və ticarət mərkəzləri olan şəhərlər böyüyüb genişlənirdi.
VI əsrin sonunda Böyük ipək yolunun şərq hissəsinə nəzarət uğrunda türklərlə Suy imperatoru mübarizə aparırdı. Çinlilər Göytürk dövlətindəki daxili çəkişmədən istifadə etdi. Türklər çinlilərin əsarəti altına düşdülər. Lakin VII əsrin 80-ci illərində türklər əsarətdən azad oldular, İkinci Göytürk imperatorluğunu yaratdılar.
Uzun sürən müharibədən sonra Çin imperatoru onlarla sülh bağladı. Çjurçjenlər tutduqları torpaqları əllərində saxladılar. Çin onların vassallı oldu və çoxlu xərac verdi.
Çin səyyahları Mərkəzi Asiya, Hindistan, İndoneziya xalqlarının məişətini təsvir etmişlər. Tibb inkişaf etmiş, Xan sülaləsi dövründə ilk «Farmakologiya kitabı» yazılmışdı. VII əsrdə alimlər palatası yaradıldı və sonralar Xan akademiyasına çevrildi.
III-IV əsrlərdə buddizmin təsiri ilə çoxpilləli qüllələr, mağara-məbədlər inşa edilirdi. Çində budda dini əşyalarını saxlamaq üçün paqodalar (pavilyon şəklində budda məbədləri) tikilirdi. Çin rəssamları kağız və parça üzərində rənglərlə zəngin gözəl peyzajlar, - təbiət mənzərələri yaradırdılar. Çində bu mənzərələrə «dağlar və sular» deyirdilər. Rəssamlar meyvələr, çiçək, quş və s. şəkillər çəkirdilər. Belə şəkillər «çiçəklər və quşlar» adlanırdı. Çinin paytaxtında rəssamlıq akademiyası açılmışdı. VI əsrdə «Tənna səhləb çiçəyi» adlı musiqi pyesi ilk dəfə nota alınmışdı. VIII əsrdə balet tamaşaları geniş yayılmışdı.