a) XX əsr fəlsəfəsinin ümumi xarakteristikası;
b) «Həyat fəlsəfəsi», Şopenhauer və Nitşe;
c) Freydizm və yeni Freydizm;
ç) Neopozitivizm;
d) Elmin fəlsəfəsi;
e) Fəlsəfi antropologiya;
ə) Ekzistensializm;
f) Personalizm;
g) Praqmatizm;
ğ) Neotomizm;
h) Sovet fəlsəfəsi.
a) XX əsr fəlsəfəsinin ümumi xarakteristikası
XX əsr fəlsəfi fikrinin inkişafında başlıca fərqli cəhət rəylərin plüralizminin, çoxsaylı fəlsəfi məktəb və cərəyanların mövcudluğudur. Təbiətşünaslığın nailiyyətlərindən, ilk növbədə fizika, kimya və biologiyanın uğurlarından fəlsəfi konsepsiyaların yaradılmasında fəal surətdə istifadə olunur. Fəlsəfə varlıq haqqındakı mövcud olan təsəvvürləri daha da dərinləşdirərək, materiyanın mürəkkəb quruluşuna daxil olur, insanın mövcudluğunu daha aydın dərk etməyə çalışır, elmi təhlil və sosial praktikanın nəticələrini birləşdirmək yolu ilə ictimai inkişaf problemlərini həll etməyə çalışır. Səciyyəvi cəhət odur ki, elmin müvəffəqiyyətlərinə baxmayaraq fəlsəfə dini mövzuların şərhindən kənarda qala bilmir. Birinci halda din fəlsəfi təhlilin obyekti rolunda çıxış edir. Digər halda isə, filosofluğun əsasını, özülünü təşkil edir. Elmin və ictimai praktikanın təsirindən azad, «təmiz (saf) fəlsəfə» yaratmaq cəhədləri növbəti dəfə uğursuzluğa düçar olur. Eyni zamanda elm tərəfindən fəlsəfəni ənənəvi problematikadan məhrum etmək cəhdi də bu cür uğursuzluğa məruz qalır. Ona görə də dövrün bu və ya digər fəlsəfi cərəyanına qiymət verərək konkret sosial-siyasi, iqtisadi şəraiti nəzərə almaq olduqca vacibdir.
Qeyd etmək lazımdır ki, XX əsr həyatın bütün sahələrində böhranlar əsridir. Müəyyən ictimai quruluşun əsaslarını dəyişdirən sosial çevrilişlər həyatın ayrılmaz əlamətinə çevrilir. cəmiyyətin düşdüyü iqtisadi böhranlar çox vaxt öz həllini açıq antihumanizm formalarında tapır. Onların içərisində ən dəhşətlisi– bütün xalqları ümumdünya faciəsi ruhunu hiss etməyə məcbur edən dünya müharibələri olmuşdur. Adama elə gəlir ki, militarizmin dəhşətli təcrübəsini dərk etdikdən sonra insanlar sosial konfliktləri müharibələrdən istifadə etmədən həll edəcəkdir. Lakin hazırda lokal müharibələr kütləvi xarakterli hadisələrdir və bəşəriyyəti yeni bir ümumdünya yanğınına sürükləyə biləcək bir amildir. Bundan əlavə, yer kürəsində ekoloji təhlükə təsəvvüredilməz sürətlə irəliləyir. Elmi– texniki inqilabi nailiyyətlər bəzən xeyirdən çox şəri doğuran mənbəyə çevrilir. Adamların həyat şəraitinin pisləşməsi, təbiətin öz təbii xassələrini getdikcə daha çox itirməsi, maddi ehtiyatların tükənməsi hər bir insanın həyatında özünün təsirini göstərir. Nəticədə insanların sağlamlığı təhlükə altına düşür, psixi vəziyyəti (indiki, həm də gələcək nəsillərin) pisləşir. Ona görə də XX əsr də «mədəniyyətin böhranı» anlayışı cəmiyyətin mənəvi həyatına möhkəm daxil olmuşdur. Dəyərlərin təzədən qiymətləndirilməsi– hər bir yeni nəslə xas olan hadisədir. Lakin XX əsrdə həyati qaydaları və oriyentirlərin transformasiyası insan və onun təbiəti haqqında əbədi təsəvvürlərin təzədən idraki süzgəcdən keçirilməsi ilə müşayiət olunur. Sosial və təbii qüsurların aradan qaldırılmasında elmə bəslənilən ümidlər ruh düşgünlüyü, elmə inamsızlıqla əvəz olunmuşdur. Müasir dövrdə fəlsəfi tədqiqatların ağırlıq mərkəzi insanın üzərinə keçirilmişdir. XX əsr fəlsəfəsində spesifik cəhətlərdən biri də fəlsəfi məktəb və cərəyanların əksəriyyətinin marksizmə əks mövqedən çıxış etməsidir. Bunu onunla izah etmək olar ki, uzun illər marksizm (sonralar isə marksizm– leninizm) praktikada kommunizm ideallarını reallaşdırmağa çalışan cəmiyyətin siyasət və ideologiyasının məhək daşı olmuşdur. Marksizmin fəlsəfi prinsiplərinin– xüsusilə dialektik və tarixi materializm prinsiplərinin–düzgün olmadığını sübut etməyə cəhd edən bir çox fəlsəfi cərəyanlar onun sübut və arqumentsiz tənqidinə üstünlük verirlər. Uzun illər fəlsəfənin inkişafı ancaq ideoloji qarşıdurma sahəsində də özünü götərirdi. Həqiqi fəlsəfi problemləri həll etmək əvəzinə tərəflər bir– birinin fəlsəfi konsepsiyalarında zəif yerlər və səhvlər axtarmaqla məşğul olurdular. Lakin bu zaman həqiqi fəlsəfi konsepsiyalar yaradılmasına meyl də güclənirdi.
Ümumiyyətlə, XX əsr fəlsəfəsi müxtəlif istiqamətlər üzrə inkişaf etmişdir. Buraya dini fəlsəfənin çoxsaylı formaları, həmçinin pozitivizmin ən yeni növləri də daxildir.
XIX əsrdə və XX əsrin əvvəllərində elmin rolunun artması fəlsəfəyə də öz təsirini göstərmişdir. Hətta sayentizm (latınca: bilik, elm sözündədir) istiqaməti də meydana gəlmişdi ki, burada da fəlsəfənin konkret elmə meyilli olan müəyyən təfəkkür tipinə arxalanması irəli sürülürdü.
Sayentizmin tərəfdarları pozitiv elmlərə (başlıca olaraq təbiətşünaslığa) istiqamət götürərək fəlsəfədən ənənəvi dünyagörüşü problematikası çıxarmağı, fəlsəfənin tarixən qərarlaşmış predmetindən imtina edilməsini, ona dəqiq elmlər tipindən quruluş verməyi planlaşdırırdılar. Sayentizm istiqamətinə çox vaxt neopozitivizmi (analitik fəlsəfəni), «elm fəlsəfəsini», strukturalizmi aid edirlər. Ümumi fəlsəfi sayentist konsepsiyalarla yanaşı, müxtəlif spesifik nəzəriyyələr də yayılmağa başlamışdır. Bunlar: «industrial», «postindustrial», «texnotron», «informasiya» və digər ictimai quruluş tipologiyasına uyğun modellər əsasında təşkil olunmuşdur. Sayentist fəlsəfi təsəvvürlərin işlənilməsində ən böyük çətinlik metodologiya sahəsində özünü göstərmişdir. Belə aydın olurdu ki, nəzəri bilikləri tam şəkildə empirik faktlara müncər etmək qeyri– mümkündür. Sayentizm praktikası bir daha göstərdi ki, fəlsəfi problemləri tam şəkildə təcrid etmək olmaz.
İkinci spesifik fəlsəfi konsepsiya antropoloji konsepsiya hesab olunur. Bu istiqamət humanitar– antropoloji sahənin ön plana çıxarılması və antisayenizm meyillərinin güclənməsi ilə bağlı idi. Bu zaman «insani məzmun» başlıca prinsip elan olunurdu. Antropoloqizm çərçivəsində fəlsəfi anropologiya, həyat fəlsəfəsi, ekzistensializm, personalizm və s. cərəyanlar formalaşmışdır. onların fərqli xüsusiyyətləri təkcə əqlə münasibətdə deyil, sırf fəlsəfi məzmunun formalaşması mexanizmində xristianlıq ilə doğma cəhətlərə malik olmasındadır. Bu istiqamətin tərəfdarlarını təbii elmi təfəkkürün və onun normalarının ümumiliyinin qəbul edilməməsi birləşdirir. Bu cərəyanların arasındakı sərhədlər demək olar ki, yoxdur.
b) «Həyat fəlsəfəsi». Şopenhauer və Nitşe
Qərbdə XIX– XX əsrdə ən geniş yayılmış cərəyanlardan biri «Həyat fəlsəfəsidir». Bu fəlsəfi istiqamətdə mərkəzi problem insan problemi, onun mahiyyəti və mövcudluğudur. «Həyat fəlsəfəsi»nin banisi alman filosofu
A.Şopenhauer (1788– 1860) hesab olunur. Əsas əsəri «Dünya kor iradə və boş təsəvvürdür» adlanır. Bu əsər sonrakı fəlsəfi fikrə böyük təsir göstərmişdir. Şopenhauer dünyanı kor iradə və qüvvə kimi öz fəlsəfəsində təsvir etmişdir. Pessimist fəlsəfəsi eyni zamanda çoxmənalı mahiyyətə malik olmuşdur. Onun fikrincə, insan illüziya və «kabuslardan» xilas olaraq gələcəyi yaradır. Həmin illüziya və kabusların içərisində sadəlövh, uzaqgörməz optimizm də vardır.
Nəzəri aspektdə o, öz fəlsəfəsində hind upanişadlarına, Platon və Kantın təlimlərinə əsaslanmışdır. Onun ideyaları rasionalizmə, tarixiliyə və Hegelin dialektikasına qarşı olmuşdur. «Dünya kor iradə və boş təsəvvürdür» əsəri Platonun ideyaları aləminə və Kantın «özündə şey»inə yaxın olmuşdur. Eyni zamanda Kantdan fərqli olara Şopenhauer «şey özündə»– nin, yaxud məqsədsiz, kor fəaliyyət göstərən «iradə»nin dərkedilənliyini təsdiq etmişdir. «İradə» «təsəvvürləri» doğurmuşdur.
Şopenhauerin dünyagörüşü subyektiv idealist mahiyyət daşıyır. Onun üçün subyektsiz obyekt yoxdur. Şopenhauerin subyektivizmi onun özünün «dəlilər fəlsəfəsi» adlandırdığı solipsizm deyildir. Filosofa görə, dünya bir tərəfdən, dərkedənin təsəvvürüdür, digər tərəfdən isə dərkedən dünyanın məhsuludur. Həyatda olan bütün hadisələr iradənin obyektivləşdirilməsinin mərhələləridir. Daha dəqiq desək, həyatda baş verən bütün hadisələr, adamların işi, tarix və təbiət qanunları– bütün bunlar şüursuz, qüdrətli cəhətdən ibarətdir. Dünya– təcəssümləşmiş iradədir. Həyat– uzun yuxugörmədir. Həyata münasibətində Şopenhauerin mövqeyi pessimizm mövqeyidir. Bu mövqe bir çox məsələlərdə buddizmə əsaslanır. «Hər bir həyat– iztirabdır». «Bizim bədənimizin həyatı– ancaq xroniki olaraq ləngidilmiş ölümədir». Onun «Həyat müdrikliyi aforizmləri» qiymətli fikirlər məcmusudur.
A.Şopenhauerin fəlsəfəsinin təsiri altına düşən filosoflardan biri
F.Nitşedir (1844– 1900). Əsərlərinin birində
Nitşe onu özünün birinci və yeganə müəllimi adlandırmışdır. Nitşenin fikrincə, Şopenhaueri oxumaqla O, özündə «azad kişilik xarakteri» formalaşdırmışdır. Müəlimi kimi, Nitşe də özünü pessimist adlandırmışdır. Onun yaradıcılığında keçmişə, hər şeydən əvvəl, xristian mənəvi dəyərlərinə yenidən qiymət vermək ön planda durmuşdur. Nitşe dini (xristialığı) mədəniyyətdə həqiqi insani dəyərləri təhrif etməkdə günahkar hesab etmişdir. Xristianlıq həyat instinktini dağıtmış, axirət dünyası naminə real dünyanı inkar etmiş, o dünyanı tərifləmişdir. Xristianlıq iradəsi «məhvə doğru gedən iradədir», xəstəlikdir, tənəzzüldür. İkincisi, xristianlıq (İsgəndəriyyə, yaxud bizans mədəniyyətindən eləcə də ellin mədəniyyətindən fərqli olaraq) qul şüuru yaratmışdır, günahı qarşısında cəzalandırmaq qorxusu doğurmuşdur. Üçüncüsü, xristianlıq və onun ehkamları doktrinyor əxlaqın əsasını qoymuşdur. Bütün həyat sadə sxemə sığmasa da, xristian əxlaqı həmin sxemə sığmağa məcbur etmişdir. Dörüncüsü, xristianlıq bəşəriyyətin nəslinin kəsilməsinə şərait yaradır, bu isə gizli məhvetmə instinktdir. Nitşe öz fəlsəfəsini «həyatın müdafiə instinkti» adlandırmışdır. Başqa sözlə, O, həmin fəlsəfəni antixristian fəlsəfəsi də adlandırırdı. Nəhayət, beşincisi, Nitşenin antixristianlığı öz mahiyyətinə görə hər cür asılılığa, əyriliyə, köləliyə qarşı çevrilmişdir. Məlum olduğu kimi, «Zərdüşt belə söyləmişdir» əsərində Allahın öldüyünü elan etmişdir. Nəyə görə? İnsan heç bir avtoritetdən asılı olmamalıdır. Allahın ölümünün dərk edilməsi azad əql, azad ruh və «azad ölüm» üçün, onların haqqında ideyaların formalaşması üçün zəruridir. Həmin əsərin bir fəsli belə də adlanır– «Azad ölüm haqqında». Lakin azad həyat və azad ölüm hər bir adama müyəssər olan deyildir bunlar yalnız fövqəlinsana xas olan şeydir. Nitşeyə görə, bəşəriyyət öz yollarıyla gedən saysız insan kütlələrindən ibarətdir. Bu kütlələrin və bu yürüşün heç bir planı, heç bir məqsədi yoxdur. Əgər bir məna deyilən şey varsa, o da onların içində vaxtaşırı zühür edən ayrı– ayrı qeyri– adi fəlsəfələrin varlığıdır. Lakin bu fərdlərin gördüyünü və düşündüyünü başqaları görüb düşünə bilmədiyindən, ətraf mühit və cəmiyyət onlara düşmən kəsilir, onları tənhalığa, aclıq və səfalətə məhkum edir.
Xalqların həyatında heç bir tərəqqi olmur və son nəticədə həyatı ac və kədərli bir sonluq gözləyir. Haçansa lap yaxın zamanlarda hələ azad olan Qərb xalqlarını və sivilizasiyasını irəlidə qarşısıalınmaz şəkildə yaxınlaşan köləlik totalitarizm gözləyir.
İnsan öz əzəli instiktlərinə qayıtmalı, xeyir və şərin nə olduğunu bilməyən güclü, təbii, azad fərdlərə çevrilməlidir. Əks təqdirdə bəşəriyyəti ümumi bir cırlaşma və qum zərrəcikləri kimi bir– birilərinin eyni olmaq kimi kədərli, bəhrəsiz, cılız bir sonluq gözləyir .
Ümumiyyətlə, Nitşenin həyat fəlsəfəsi həyatdan ayrı düşmüş rasionalizmin tənqidinə, həmçinin mənəviyyatsızlığın tənqidinə, həyatın əxlaqsızlığına, ikiüzlüyə, avamlığa qarşı çevrilmişdir.
c) Freydizm və yeni Freydizm
Fəlsəfi konsepsiya kimi psixoanalizin əsaslandırılması
Ziqmund Freydin adı ilə bağlıdır. Avstriyalı həkim– psixiatr
Z.Freyd (1856– 1939) psixoanalizi fəlsəfi antropoloji prinsip səviyyəsinə qaldırdı. Freydə görə, seksual meyillər uşaqlıqdan bütün həyat mərhələlərində insanı müşayiət edir, bu meyillər yerinə yetməyəndə psixoloji sarsıntılar meydana gəlir.
Freydə görə, şüurlu «mən» iki obyektiv qüvvənin– «o» ilə cəmiyyət qaydalarının mübarizəsi meydanına dönür. «Kütlə psixologiyası və insan «mən»inin analizi» əsərində isə Freyd sosial əlaqələrin təbiətindən söz açır. Kütlə psixologiyasının spesifik cəhətini onun qeyri– şüuru, təhtəlşüur olaraq lider və başçıya pərəstiş etməsində görür. «Moisey və monoteizm» əsərində dinə qarşı çıxış edərək iki əks qüvvənin– həyatla ölümün əbədi mübarizəsinin psixoloji əsaslarını şərh edir.
Təhtəlşüur haqqında Freyd təlimi psixoanalizin elə müddəalarına əsaslanmışdır ki, burada psixoloji narahatlıqlar, zədələr, affektlər, arzuların həyata keçməməsi və s.– nin insanı ömrü boyu izləməsi göstərilir. Bunlar özünü nevroz formasında təzahür etdirir.
Freydə görə, ona qədərki fəlsəfənin ən böyük günahı o idi ki, təhtəlşüur problemi onun tədqiqat predmeti olmamışdır. Tədqiqat predmeti əql, şüur olmuşdur. Doğrudur, Freyd etiraf edirdi ki, şüurun öyrənilməsi vacib şərtdir. Əslində şüur dünyada insanın oriyentasiya götürməsinə imkan verir, özünün «Mən»– ni (ego) formalaşdırmağa şərait yaradır. Lakin «Mən»– dən başqa fərdin şüuru, insan psixikası, Freydə görə, özünə daha iki strukturu daxil edir: «Fövqəl– Mən» (Super ego)– psixikası daxilinə keçirilmiş sosial əhəmiyyətli motivlər, requlyatorlar və həmçinin «o» (Jd) təhtəlşüurun «mikrodünyası».
Təhtəlşüur, Freydə görə, şüurdan fərqlənir və öyrənilməlidir. Bu, ona bənzəyir ki, biz qaranlıq otaqda işığı yandırırıq və bütün predmetləri başqa cür görürük. Təhtəlşüur da şüurla, beynin fəaliyyəti və s. ilə çoxsaylı keçidlərlə əlaqədardır. Təhtəlşüur özünü yuxugörmədə, hipnotik vəziyyətlərdə, davranışda təzahür etdirir. O, müxtəlif səviyyələrdə (aşağı və yuxarı) özünü göstərə bilər. Yüksək səviyyə yaradıcılıq prosesləri ilə əlaqədar olduğundan burada intuisiya, təxəyyül böyük rol oynayır. Elə bil ki, onlar şüurdan gizlidir, fikrin, ideyanın, obrazın yaradılması ilə bağlıdır. Təhtəlşüur təlimi libido (cinsi meyl), həyata meyl, ölümə meyl və s. terminlərlə tamamlanır və izah edilir. Freyd libidonu insanın psixik enerjisi kimi şərh etmişdir.
Freyd öz təlimini məlum qədim yunan mifləri ilə möhkəmləndirmişdir. Məsələn, «Edip kompleksi»ni Freyd 3– 4 yaşlı hər bir uşağa aid etmişdir. Termin bilmədən öz atasını öldürüb, öz anasına evlənən qədim yunan padşahı Ediplə əlaqələndirilmişdir. Freydə görə, oğlan uşağı üçün pozitiv «Edip kompleksi», daha dəqiq desək, anasına məhəbbət və buna görə atasına qısqanclıq və rəqibi kimi nifrət motivləri mövcuddur, yaxud da neqativ, yəni ataya məhəbbət, anaya nifrət motivləri vardır. Eyni vəziyyət– psioxoloji kompleks qızlarda da vardır (ataya məhəbbət, anaya nifrət), bunu O, «Elektra kompleksi» adlandırır.
Həyat və ölümə meylə gəldikdə Freyd bunu da mifologiyanın köməyi ilə izah etmişdir. O, Aristofanın «Pir» komediyasına müraciət etmişdir. Burada Platon cinsi meylin mənşəyini nəql edir. Bu da, öz növbəsində, insanın digər meyillərini başa düşməyə imkan verir. Nə vaxtsa insanlar iki cinsli olmuşlar. Zevs onları iki hissəyə bölür. Beləliklə, hər şey yarı bölünür və hər bir adamda özünün ikinci yarısına meyl yaranır. Hər iki hissə bir– birinə qovuşmaqdan ötrü öz bədənlərini birləşdirirlər. Freyd belə hesab edirdi ki, mifdə irəli sürülən hipotez psixoanaliz üçün olduqca vacibdir. Burada meyl əvvəlki vəziyyətin tələbatından çıxır.
Bunun üçün Freyd daha qədim mənbələrə müraciət edir. Məsələn, Upanişadlarda dünyanın Atmandan əmələ gəlməsi və s. bu qəbildəndir.
Freydin kütlə içində insan təlimi də təhtəlşüur haqqında olan təliminə əsaslanmışdır. O, dini ümumbəşəri nevroz adlandırmışdır. Freyd əqli insanın xilaskarı, kütləni isə ibtidai cəmiyyətin ordusu hesab edir.
Bolşevizmi dinə yaxın olan növbəti illüziya saymışdır. Rus bolşevizminin din kimi təfəkkürə qadağan qoyduğunu göstərən Freyd K.Marksın əsərlərini onlar üçün Bibliya və Quranı əvəz edən vəhy kitabları olduğunu qeyd etmişdir. Freydin təlimini inkişaf etdirən şagirdləri içərisində
K.Yunq (1875– 1964) özünəməxsus yer tutur. Əgər Freydin xidməti təhtəlşüurun «mikrodünyası»nın təhlili idisə, Yunq da öz növbəsində təhtəlşüuru öyrənərək onun ayrı– ayrı yaratdıqları (arxetipləri) ilə struktur, obrazlar mədəniyyəti üçün ümumi oxşarlığını göstərmişdir. O, elmi dövriyyəyə «kollektiv təhtəlşüur» anlıyışını gətirmişdir. «Psixoloji tiplər» əsərinin girişində Yunq Platon və Aristotelin iki, tamamilə bir– birindən fərqli olan insan naturası olması haqqında Heynenin qeydlərini təhlil edir. Bunlardan biri xəyalpərvər naturadır, mistik Platon naturasıdır ki, öz qəlbinin gizli yerlərindən xristian ideyalarını və ona müvafiq gələn simvolları yaradır. Aristotel naturası isə praktikdir, hər şeyi qaydaya salandır. Həmin ideyalardan və simvollardan möhkəm ehkamlar və kult sistemi yaradır.
Yunq pisxoloji tipləri iki böyük qrupa bölür: bunlar introversiya tipi və ekstraversiya tipləridir. Fərddə müxtəlif funksiyalar: 1. təfəkkür; 2. emosiya; 3. hiss; 4. intuisiya hökm sürür.
Hər bir funksiyaya adamların müvafiq psixoloji tipi uyğun gəlir. 1. təfəkkür tipi; 2. emosional tip; 3. hissedici tip; 4. intuitiv tip. Bu 4 tipdən hər biri (funksiyalarına görə) ya bir introvertiv, yaxud da iki ekstravertiv ola bilər. Beləliklə, 1. ümumi pisxoloji qaydalardan (göstərişlərdən) asılı olan tiplər (maraqların istiqaməti və onların libidosu digər tiplərdən fərqlənənlər); 2. funksional tiplər.
Psixoloji tiplər ümumi psixik proseslərlə şərtlənir ki, bunu da K.Yunq «kollektiv təhtəlşüur» adlandırmışdır. Fərdi şəxsiyyət psixoloji prosesin hissəsi, kəsiyi, yaxud nümayəndəsidir ki, o, hər bir canlıda onun anadangəlmə xassəsi kimi əks olunmuşdur. Fərdin obraz tərzinin anadangəlmə xüsusiyyətləri Yunqa görə, instinkt adlanır. O yazırdı ki, obyektin bu psixi xüsusiyyətini arxetip kimi ifadə etməyi məsləhət gördüm. Arxetip anlayışı nə deməkdir? Yunq buna belə bir izahat vermişdir. Arxetip
«ibtidai obraz» olub burada kollektiv təhtəlşüurun məzmunu şüurda açıq ifadə ounan meyllərlə və baxışlarla təmsil olunmuşdur.
Yunqun dərin məzmunlu əsərlərindən biri «Psixoloji tiplər»dir. Demək olar ki, insan haqqında, onun psixoloji mahiyyəti haqqında bundan güclü və kamil tədqiqat əsəri təsəvvür etmək çətindir.
Yunqun psixoloji konsepsiyasında müxtəlif sistemlər birləşir. Yunqa görə insanın daxilində 4 insan yaşayır: «Mən», «Maska», «Kölgə» və nəhayət «Ruhun obrazı». «Mən»– fərdin inkişafıyla bağlı son məqsəddir. «Maska»– şəxsin sosial dərisidir. «Mən» üçün qalxan rolunu oynayan «Maska», eyni zamanda son nəticədə onu simasızlaşdıra bilər. «Kölgə» «Mən»in tutqun və aşağı oxşarıdır. «Kölgə» şəxsin daxili «mən»i, onun yarımyuxulu «şər» «mən»idir, insanın zirzəmisində yaşayan vəhşi insandır.
Yunqa görə, insan dərin dəyişmələrə uğrayıb inkişaf edir, körpəlikdən böyümə və yetkinləşmə mərhələlərinə keçir. Amma bəzən qəlb anlayışlarla yox, obrazlarla keçib gəldiyi inkişaf mərhələrinə qayıdır. Bu zaman arxaik, individlərə qədərki kollektiv təhtəlşüur dövrünün xatirələri oynayıb üzə çıxır. O, xüsusilə uşaqlarda, kahinlərdə, mistiklərdə, sənətkarlarda, yuxu görənlərdə və ruhi xəstələrdə özünü göstərir. Nağıllarda əsatirlərdə, misteriya, yuxu və röyalarda onlarla yenidən görüşmək olar.
Yunq analitik psixologiyanın banisidir. O, təfəkkürün inkişaf tarixini əks etdirməyə çalışmışdır. Yunq hər bir fərdin dərin daxili aləmini və xalqların həyatının mifoloji dərinliyini ustalıqla şərh etmiş və sübuta yetirmişdir ki, Freydin bizə məlum olmayan anlaşılmaz «nəsə» təhtəlşüuru insanın yuxusunda və fantaziyalarında özünü göstərən bu qaranlıq, ehtiraslı və zorla susdurulan halları kollektiv şüurun uzaq zamanlardakı həyəcan və təcrübələrinin əks– sədasıdır.
Yunqun kəşf etdiyi kollektiv təhtəlşüur bütün bəşəriyyətə xas olan və hər hansı fərdin əsaslandığı psixi təbəqə və ya mərhələdir.
Yunqun «Metamarfoza və libido rəmzləri» ilk böyük və özünün ən çox bəyəndiyi əsəridir. Burada əks olunan arxetiplər nəzəriyyəsi fəlsəfi psixologiyada yeni bir mərhələ açdı və göstərdi ki, insanın və xalqların qədim kollektiv şüuru mifoloji motivlərlə birgə sonrakı bütün mərhələləri özüylə gətirərək, insanın beynində və hətta genlərində yatıb qalır, psixi xəstələrin, paranoiklərin sayıqlamalarında üzə çıxır.
Yunq hardasa bütün anlaşılmaz, mürəkkəb, sirli elmlərin pərdəsini açdı, bütün qədim obraz və rəmzləri oxudu, insanın dünya və fövqəldünyalarla əlaqələrini açdı. Xüsusilə mədəniyyət, din və etik normaların inandırıcı mənşəyini və tarixini yaratdı.
Yunq sağlığında əsərlərini öyrənən xüsusi institut yaradan nəhəng elm korifeylərindən biridir.
Yunq yaradıcılığının son dövründə üzünü Şərq fəlsəfəsinə tutub Tibet və Çin fəlsəfə kitablarına psixoloji şərhlər yazdı. Hətta kimyagərliyin yeni psixoloji izahını verdi.
Freydizmi yeni dövrdə yeni Freydizm kimi təbliğ edən alman- amerikan filosofu, sosioloqu
Erix Fromm (1900– 1980) olmuşdur. Fromm freydizmin sosial tənqidi ilə məşğul olmuşdur. O, faşizmi sosial hadisə kimi tədqiq edən «Adolf Hitler Nekrofilinin klinik hadisəsi» (1978) əsərini və «Azadlıqdan qaçış» (1941), «Məhəbbət sənəti» (1956), «Ümidlər inqilabı» (1968), «Malik olmaq, yaxud mövcud olmaq» (1976) və s. əsərləri ilə məşhur olmuşdur. Frommun diqqət mərkəzində fərdin subyektiv– şəxsi fəaliyyəti kimi yox, ontoloji fakt kimi götürülmüş insanın mövcudluğunun ziddiyyətləri durur. Fromm aşağıdakı dixotomiyaları fərqləndirməyə çalışır: insanların həyatının təşkilinin patriarxal və matriarxal prinsipləri; avtoritar və humanist şüur; xarakterin istismarçı və reseptiv (üzü yola) tipləri; malikolma və varlıq fərdin həyatının iki üsulu kimi və s. Fromma görə, müasir sivilizasiya insanların fərdi, eqoist cəhətləri ucbatından məhv olacaqdır. «Malikolma ehtirası» sinfi münasibətlərə doğru aparır. Kommunistlərin sinfi mübarizəsi də doğru deyildir. Çünki qeyri– məhdud təlabat prinsipi həyatın məqsədi kimi göstərilir. Hamı daha çox şeyə malik olmağa cəhd edir. Bu isə şübhəsiz siniflərin yaranmasına və onların arasındakı mübarizə isə özlüyündə qlobal miqyasda xalqlar arasında müharibələrə səbəb olacaqdır. «Acgözlük və sülh bir– birini inkar edir». Böyük həyat müəllimləri Budda və Xristos öz sistemlərində mərkəzi yeri ona vermişdilər ki, mülkiyyətə malik olmadan yaşamağı öyrənmək vacibdir.
Fromma görə, insan düşünən varlıq kimi bir tərəfdən, azadlığa və müstəqilliyə can atan, digər tərəfdən isə öz təhlükəsizliyi naminə bu azadlıqdan əl çəkməyə, ondan qaçmağa razı olan bir canlıdır. Bu baxımdan Fromm K.Marksla Z.Freydi birləşdirməyə çalışmışdır. Fromma görə, sosial xarakterlərin formalaşmasında başlıca amillərdən biri qorxudur. Qorxu insanı sosial normalara uyğun gəlməyən təhtəlşüur cəhətlərini sıxışdırıb tamam aradan çıxarmağa məcbur edir. Nəticədə insan təcrid olub öz– özünə qapılır. Fromm həkim– psixoanalitik kimi, Freyd isə biologizmindən uzaqlaşıb ekzistensializmə yaxınlaşmışdır.
Onun baxışları Freyddən bir də onunla fərqlənir ki, psixoanalizin banisi dinə «kollektiv nevroz» kimi baxırsa, neofreydist əksinə, dini nerozun xüsusi bir növü hesab edir.
ç) Neopozitivizm
XIX əsrdə geniş yayılmış fəlsəfi cərəyanlardan biri də pozitivizm olmuşdur. Müstəqil fəlsəfi istiqamət kimi pozitivizm keçən əsrin 30– cu illərində formalaşmışdır. Həmin cərəyanların nümayəndələrinin fikrincə, əsas məsələ fəlsəfə ilə elmin qarşılıqlı münasibəti məsələsidir. Onların təsəvvürünə görə, müsbət (pozitiv) bilik ayrı– ayrı xüsusi elmlərin nəticəsində əldə edilə bilər, yaxud da onların sintetik birliyi sayəsində mümkün ola bilər. Ona görə də reallığın məzmununu tədqiq etməyi iddia edən fəlsəfənin xüsusi elmi fənn kimi mövcud olmaq hüququ yoxdur. Pozitivizm öz inkişafında iki mərhələ keçmişdir.
Birinci mərhələ öz banisi fransız filosofu O.Kontun (1798– 1857) fəlsəfi məktəbi ilə əlaqədar olmaqla XIX əsrin 30– 40– cı illərini əhatə edir. Kontun məqsədi əhatəli şəkildə elmlərin təsnifatını yaratmaq olmuşdur. Ona görə biliklərin iyerarxiyası sadədən mürəkkəbə, ibtidaidən aliyə, ümumidən konkretə doğru tarixi inkişafı əks etdirməlidir. Elmlərin ierarxiyası belədir: riyaziyyat– astronomiya, fizika– kimya– biologiya– sosiologiya.
Pozitivizmin ikinci tarixi mərhələsi (yaxud forması) maxizm və empiriokritisizmlə (E.Max, R.Avenarius) təmsil olunmuşdur. Deməli, neopozitivizm pozitivizmin inkişafında üçüncü mərhələni (və yaxud formanı) ifadə edir və müxtəlif variantlarda: məntiqi pozitivizm, linqivistik təhlil fəlsəfəsi və yaxud linqivistik fəlsəfə kimi təqdim olunur. Maraqlıdır ki, neopozitivizmin tarixi nitqin müxtəlif təhlil üsullarının bir– birini əvəz etməsi tarixidir. Bu üsullar məntiqdən semantikaya, ondan da linqivistik təhlilə doğru gedir. Məlum olduğu kimi, neopozitivistləri maksimum proqram, başqa sözlə desək, süni formalaşdırılmış nitqin əsasında mütləq formalaşdırılmış biliyə nail olmaq cəhdi birləşdirir. Bu zaman onlar elmin metodoloji problemləri üzərində inhisarçı hüququnu iddia edirlər ki, bu da öz növbəsində, idrakın bəzi cəhətlərini mütləqləşdirməyə aparıb çıxarır. Lakin neopozitivistlər idrakı bütöv hadisə kimi ona daxilən xas olan ziddiyyətləri, çətinlikləri, nitqin formalaşdırılması gedişində yaranan digər problemləri ilə birlikdə əhatə etmək qüdrətinə malik deyillər. Ancaq neopozitivizmin uğurları da qeyd edilməlidir. Bunlar böyük metodoloji yükə malik olan biliyin xüsusi sahələrinin işlənib hazırlanması, xüsusilə riyazi məntiq, semiotika, informasiyanın semantik nəzəriyyəsi və s.– dir. Bununla yanaşı, qeyd etmək lazıdır ki, onların idrakı tədqiqatların xüsusi metodlarına ümumi, universal fəlsəfi metodologiya xassəsi vermək cəhdi müvəffəqiyyət qazandırmamışdır. Onların məqsədi təsirli metodologiya yaratmaq və bu zaman oradan fəlsəfi mənada materiya anlayışını çıxarmaq cəhdi də mühüm xüsusiyyətlər sırasına daxildir. Buraya fəlsəfədən reallıq, elmin anlayışlarının təbiəti haqqında «metafizika» məsələlərini çıxarmaq çağırışlarını da aid edə bilərik. Nəticədə neopozitivist terminlər sırf subyektivist çalarlar əldə edir. Onlar hər hansı hadisə haqqında həqiqi bilik almaq imkanını rədd edirlər.
Neopozitivistərə görə, fəlsəfənin əsas məsələsi elm dilinin məntiqi təhlilindən ibarətdir. Bu təhlilin vasitəsi kimi onlar riyazi məntiq və aksiomatik metoddan istifadə etməyi təklif edirlər. Elmə münasibətdə fəlsəfə bu və ya digər konkret elmi nəzəriyyələri təhlil etmək deyil, nəzəriyyə dilinin (hazır biliyin məcmusunu) məntiqi təhlilini yerinə yetirməlidir. Məlum olduğu kimi, hər bir elmi nəzəriyyə qeyri– mükəmməl konstruksiya olduğundan onu müvafiq hipotetik– deduktiv modellə əvəz etmək lazıdır. Bu nöqteyi– nəzər digər ifratçılığa, elmi nəzəriyyənin aksiomatlaşdırılması metodunun mütləqləşdirilməsinə aparıb çıxarır.
Məntiqi neopozitivizmin əsasları Vyana dərnəyində XX əsrin 30– cu illərində işlənib hazırlanmışdır. Bu dərnəyə tanınmış alim və filosoflar
M.Şlik (1882– 1936),
K.Gedel (1906),
A.D.Ayer (1910),
K.Karnap (1891) və başqaları daxil idi.
Linqivistik təhlil fəlsəfəsinin formalaşmasına
Lüdviq Vitgenşteynin (1889–1951) yaradıcılığı mühüm təsir göstərmişdir. Bu böyük məntiqçi və filosof bir sıra problemlərə toxunsa da, ən çox nitqin məntiqi məsələləri ilə məşğul olmuşdur. Linqivistik fəlsəfənin məqsədi kəşf deyil, aydınlaşdırma, həqiqət deyil, əhəmiyyətdir. L.Vitgenşteynin sözləri ilə desək, «fələfə hər şeyi olduğu kimi saxlayır».
Neopozitivizm idrak prosesində yaranan bir çox çətinlikləri aşkara çıxartdı və müəyyən tarixi mərhələlərdə onların həll edilməsinə kömək etdi. Lakin elm daim inkişafdadır və yeni– yeni metodoloji problemlər doğurmağa qadirdir.
d) Elm fəlsəfəsi
Təbiətşünaslıq elmləri nəticələrinin, birinci növbədə fizika və riyaziyyat elmləri nəticələrinin başa düşülməsinə təlabat, həmin elmlərin strukturunun və onların metodologiyasının izah edilməsi zərurəti fəlsəfənin müstəqil hissələrini təşkil edən çoxsaylı fəlsəfəsi konsepsiyaların yaranmasına gətirib çıxartdı. Buraya «riyaziyyatın fəlsəfəsi», «fizikanın fəlsəfəsi», «biologiyanın fəlsəfəsi» və s. daxil edilmişdir. Sovet fəlsəfəsində fəal surətdə təbiətşünaslığın fəlsəfi məsələləri işlənirdi. Ellin fəlsəfəsinin meydana gəlməsinin əsas səbəblərindən biri neopozitivist elm konsepsiyasının tənqidi təhlilinə olan zərurətlə əlaqədardır.
Tanınmış fizik M.Born yazmışdı: «Fizikanın adi danışıqda ifadə oluna bilən ümumiləşdirici fəlsəfəyə ehtiyacı vardır». Dünyanın məşhur təbiətşünaslarından olan H.Bor, M.Plank, V.Heyzenberq və başqaları fəlsəfəyə xüsusi diqqət yetirmişlər. Məsələn, H.Bor qatı pozitivist nöqteyi– nəzəri tənqid edirdi. Həmin pozitivist baxışa görə, yeganə reallıq duyğulardır, yerdə qalanlar isə bizim əqlimizin konstruksiyalarıdır. Elmin sürətli inkişafı, onun metodlarının təkamülü elə problemlər irəli sürdü ki, fəlsəfə cəlb edilməzsə onların həlli qeyri– mümkündür. Bu problemlər hansılardır? Elmin predmetinin dəqiqləşdirilməsi, biliyin həqiqiliyini, determinizm və səbəbiyyət, eksperiment, müşahidə və s. bütün bunlarla yanaşı maddi dünyanın strukturunun dərk edilməsinin metodoloji aspektləri də həmin problemlərdəndir. Elm fəlsəfəsinin görkəmli nümayəndələrindən biri, ingilis filosofu
Karl Popper hələ vaxtı ilə Vyana dərnəyinin fəal iştirakçısı olmuşdur. Fəlsəfi baxışlarına görə, məntiqi pozitivizmin nümayəndəsi olan K.Popper eyni zamanda həmin fəlsəfənin bir sıra müddəlarına tənqidi münasibət bəsləmişdir. Bu tənqiddə başlıca cəhət pozitivizmin naturalizmə və apriorizmə böyük yer verilməsi ilə əlaqədardır. Özünün «Məntiq və elmi biliklərin yüksəlişi» əsərində Karl Popper mərkəzi fəlsəfi problem kimi elmlə yalançı elm arasında demarkasiya kriteriya axtarışı vəzifəsini irəli sürmüşdür. O, elmiliyə iddia edən hər cür biliyi təkzib etməyi tələb edərək, hər cür biliyi təhrif etmək prinsipinin tətbiqinin tərəfdarı kimi çıxış etmişdir. Onun fikrincə, elmi tədqiqatların məntiqi hər cür subyektiv psixoloji təsirdən azaddır. Elə Popperin Vitgenşteynin və Rasselin məntiqi empirizmindən fərləndirici cəhəti bununla əlaqədardır. Beləliklə, Popperin elm fəlsəfəsi antipsixologizmi və riyazi məntiqi aparata əsaslanır. Elmi metod nəzəriyyəsi empirik nəzəriyyə ola bilməz, öz spesifikası ilə bu fəlsəfi, epistemoloji nəzəriyyə olmalıdır. Bununla yanaşı, fəlsəfə faktiki olaraq elmi idrakın məntiqi nəzəriyyəsinə aid edilir.
Elm fəlsəfəsinin digər görkəmli nümayəndəsi Amerika filosofu T.Kun hesab olunur. Onun «Elmi inqilabların strukturı» əsəri çox məşhurdur. Burada o, elm problemlərinin təhlilinə mühüm yer vermiş, elmin inkişafının qanunauyğunluqlarını araşdırıb təhlil etməyə çalışmışdır. Elmə dair özünün xüsusi konsepsiyasını yaradaraq onun tarixini normal və inqilabı dövrlərə bölmüşdür. İlk dəfə olaraq Kun təbiətin təhlilinə və elmi inqilabın xarakterinə geniş yer vermişdir. Onun ən çox cəlb edən XVII əsrdir. Həmin əsr ki, bu vaxt ilk elmi inqilab baş vermiş və Yeni Dövrün elmi yaranmışdır. Metodoloji təhlilin əsas məsələsi elmi biliklərin hazır strukturlarının tədqiqi deyil, elmdə mövcud olan təsəvvürlərin əvəz olunması və transformasiyası mexanizminin aydınlaşdırılmasıdır. Bu zaman paradiqma anlayışına daha böyük yer verilir. Kuna görə, elmin əsl nəzəriyyəsinin yaradılması bilavasitə tarixin öyrənilməsindən keçir. Elmi hissələrə bölüb, onun ünsürlərini öyrənən pozitivistlərdən fərqli olaraq O, elmi vahid bir tam (bütöv) kimi görür.
Fəlsəfənin inkişafında elm fəlsəfəsinin mühüm rolu vardır. Hazırda elm fəlsəfəsi daha da inkişaf etdirilir. Kompüterləşmə və informasiya vasitələrinin çoxalması elm fəlsəfəsinin üfüqlərini, xüsusilə imkanlarını artırmaqdadır.
e) Fəlsəfi antropologiya
XX əsrin birinci yarısında Qərb fəlsəfəsi diqqətini insana doğru çevirdi. İnsan problemi ilə bu və ya digər dərəcədə məşğul olan, həmin problemi əks etdirən çoxsaylı fəlsəfi konsepsiyalar ümumi fəlsəfəyə antropologiya adı altında birləşir. Bu terminin əsas mənası fəlsəfi fikrin insanın təbiətini və imkanlarını dərindən anlamaqla əlaqədardır. Hələ 1929– cu ildə M.Haydegger «Kant və metafizika problemləri» adlı əsərində Kantın məşhur «Mən nəyi bilərəm?», «Mən nə etməliyəm?» və «Mən nəyə güvənə bilərəm?» fikirlərinin yeni yozumunu verməyə çalışmışdır. Öz məcmusuna görə, «insan nədir» ümumiləşdirici fikrinə aparıb çıxarırdı. Əslində fəlsəfi antropologiya üçün başlıca vəzifə insan idrakının, fəaliyyətinin və etiqadının predmetinə yeni traktovka ilə yanaşmaqdır. Müasir şəraitdə vacib olan odur ki, biz necə dərk edirik, necə fəaliyyət göstərir və necə etiqad edirik?
Fəlsəfi antropologiyanın əsas zəmini E.Qusserlinin fenomenoloji fəlsəfəsi və eksiztensializmlə qoyulmuşdur. Fəlsəfi antropologiyanın tərəfdarlarının fikrincə, ənənəvi fəlsəfi obyektivizm və pozitivizm idrakın subyektiv və fəal cəhətlərinə etinasızlıq göstərir, dünyanın mahiyyəti, mənbəyi kimi, insanın özünü kifayət qədər qiymətləndirmir, onun daxili təcrübəsini tam şəkildə nəzərə almır. Buradan da fəlsəfənin spesifik predmetinin axtarılması və onun elmi tədqiqatın predmeti ilə eyniləşdirilməsinə (pozitivistlərdə olduğu kimi) yol verməmək vəzifəsi meydana çıxırdı.
Fəlsəfi antropologiya tərəfindən tədqiq olunan konsepsiyalar şərti olaraq iki qrupa bölünür. Bunlar: subyektiv– antropoloji və obyektiv– ontoloji qruplardır. Birinci qrupa, insanın və dünyanın varlığını insanın özündən, subyektiv «Mən»dən asılı edən təlimlər daxildir. Bu zaman insana avtonom bir canlı kimi, obyektiv şərait və normalardan asılı olmayan varlıq kimi baxılır. Bu konsepsiyaya görə, insan azadlığının həqiqi əsasları kimi əqli– idraki fəaliyyətin daxili səbəblərdən törəyən ruhani– mənəvi qüvvələr, təhtəlşüur– irrasional və iradi impulslar başlıca amillərdir.
İkinci qrupa, varlığın mənasını, obyektin özündən, dünyadan çıxararaq dərk edən təlimlər daxildir. Bu zaman insan kosmosun, dünya əqlinin, ilahinin, mütləq ruhun ciddi determinasiya edilmiş sistemində mövcud olan bir varlıq kimi özünü göstərir. Onun real təbiəti zəruri olaraq fatalist xarakter daşıyır. Sosial– tarixi qanunauyğunluqları yaradır. Bununla yanaşı mahiyyətcə öz– özlüyündən varlığın öyrənilməsi deyil, onun faktiki möcudluğunun qanunları deyil, varlığın özünün mənasının izahı və aydınlaşdırılması təklif olunur. Belə bir fikir irəli sürülür ki, sırf subyektivlik hər cür obyektivliyin fəaliyyət göstərən əsasıdır, insanın əsl varlığı rolunda isə onun yaradıcılıq fəaliyyəti çıxış edir. Bu fəaliyyətin çıxış məqamı insan fəallığının məzmununu müəyyən edən dünyasıdır. İnsan dünyaya özünün həqiqiliyini əldə etməyə kömək göstərən, qarşısına qoyduğu vəzifələrin həyata keçməsinə yardım edən bir vasitə kimi münasibət bəsləyir. Nəticədə insan mənəvi və s. dəyərlərin məcmusu kimi dünyanı yaradır. Çünki bunsuz onun həyatının mənası, demək olar ki, yoxdur.
Öz fikirləri, müddəaları prinsiplərinə görə fəlsəfi antropologiya cərəyanının nümayəndələri fizikalistlərə, sosiobioloqlara və strukturalistlərə bölünür. Birincilərin baxışlarının əsasını dünyanın fizika mənzərəsi, fiziki inkişaf qanunlarının dərk edilməsinə oriyentasiya təşkil edir (U.Kuayn, C.C.Smart, C.Armstronq). sosiobioloqlar insanın davranışı haqqında təsəvvürləri bioloji qanunlarla əlaqələndirirlər (K.Lorens, Uilson, R.Qrivers, R.Aleksander). Strukturalistlərin fikrincə, həqiqi mənada tarix yoxdur. İctimai həyat və insanın özü müvafiq bütövlüyün ancaq konkret ifadəsidi. Ona görə də insan azadlığı yoxdur. Bu azadlıq rol və funksiyalarla əvəz olunmuşdur (K. Levi– Stross, M.Fuk, J.Derrida). 70– ci illərdə fəlsəfi antropologiya problematikasının dəyişilməsi müşahidə edilir. Bu da özlüyündə insanın fəlsəfi– antropoloji izahının konkret elmi bazasının genişləndirilməsi ilə əlaqədar idi. İnsan təbiətinin təbii– elmi təhlilinin dairəsinə ruh və mədəniyyət haqqında elmlər də cəlb edilir. Daha doğrusu «yeni antropologiya» haqqında söhbət başlanır. Bu dalğanın nümayəndələri M.Şeler və Q.Plesner idi. M.Şeler «İnsanın kosmosda vəziyyəti» əsərində (1828) fəlsəfi antropologiyanın mahiyyəti haqqında əsas elm kimi təqdim edir. Bu elm insanın varlığını bütövlükdə, müxtəlif sahələri ilə birlikdə konkret elmi və praktiki cəhətdən öyrənilməsini birləşdirməlidir. Q.Plesnerin «Üzviliyin pillələri və insan» (1928) adlı böyük əsərində insanın mahiyyətinin bəzi aspektləri heyvanlar və bitkilər aləminə münasibət baxımından araşdırılmışdır.
Fəlsəfi antropoloji tədqiqatların sonrakı inkişafı və mədəniyyət sahəsindəki tədqiqatlarla zənginləşdirilmişdir. Nəticədə «mədəni antropologiya» xətti də inkişaf etməyə başlamışdır.
Fəlsəfi– dini antropologiya isə (Q.E.Xenqstenberq, F.Xammer) insana etiqada əsaslanan, öz həyatını allahla münasibətdən asılı olaraq təşkil edən varlıq kimi yanaşır.
Bir sözlə, XX əsrdə insan problemi ilə Qərbdə saysız– hesabsız cərəyanlar məşğul olmaqdadır.
ə) Ekzistensializm
XIX əsrin ortalarına qədər fəlsəfədə rasionalizm ideyaları hakim olmuşdur. Lakin bu işdə xüsusilə rasional idrak sahəsindəki çətinliklər də özünü göstərmişdir. Nəticədə fəlsəfi fikrin bir sıra formalarından narazılıq özünü göstərmiş, bir növ alimlər arasında «fəlsəfi qiyam» başlanmışdır. Həmin «fəlsəfi qiyam»ın nümayəndələri sonradan ekzistensializm fəlsəfəsini yaratmışlar.
Ekzistensializmin banisi, XIX əsrin birinci yarısında yaşamış danimarkalı mistik filosof
S.Kyerkeqorun (1813– 1855) təlimindən istifadə edən alman filosofu
Haydeggerdir (1889– 1976).
Ekzistensialistlərin irəli sürdükləri ən ümumi problem– həyatın mənası, insanın dünyada yeri və onun özünə həyat yolu seçməsi məsələsindən ibarətdir. Bu köhnə problem həmişə xüsusi əhəmiyyətə malik olmuşdur. Deməli, ekzistensialistlər zəmanəmizin ən kəskin məsələlərindən birinə toxunmuşlar.
Bu fəlsəfənin tərəfdarları onu, ümumiyyətlə, varlıq haqqında təlim kimi verirlər. Əslində isə həmin fəlsəfəni yalnız insan şəxsiyyətinin «mövcudluğunu» təhlil etməyə müncər edirlər (latınca: ekzistensiya sözü «mövcudluq» deməkdir). Bəzi ekzistensialistlərin «o dünya» haqqında, başqa sözlə desək, allah haqqında yeritdikləri mühakimə hesaba alınmazsa, ekzistensialistlər üçün yeganə reallıq şəxsi mövcudluqdan, «mən mövcudam» idrakından ibarətdir. Onlar insanı əhatə edən aləmi sirli, insan zəkasının dərk edə bilməyəcəyi və məntiqi təfəkkürə uyğun gəlməyən bir aləm kimi təsvir edirlər. Haydegger deyir ki, aləm ona görə mövcuddur ki, mövcudluq vardır. «Heç bir mövcudluq olmazsa, aləm də mövcud ola bilməz».
İnsanın mövcud olması faktının insan üçün ən mühüm olduğu irəli sürülür. Lakin insanın mövcudluğu intəhalıdır və insanın bütün həyatı ölüm qarşısında qorxu şəraitində keçir. Onların fikrincə, fəlsəfənin də vəzifəsi məhz bu qorxunu oyatmaq və daim bu hissi qoruyub saxlamaqdır. K.Yaspers deyir ki, filosofluq etmək ölümə alışmaq deməkdir. Şərti olaraq ekzistensialistləri dini (N.Berdyayev, L.Şestov, K.Yaspers, Q.Marsel) və ateist (M.Haydegger, J.P.Sartr, A.Kamyu, M.Merlo– Ponti, S. de Bovuar) ekzistensialistlərə bölürlər. Ekzistensialistlər belə hesab edirlər ki, insan başqa adamlarla ünsiyyət xaricində yaşaya bilməsə də, bu adamlar əslində özlərini tamamilə yalqız sayırlar. Bu təlimin tərəfdarları ənənəvi fəlsəfədən fərqli spesifik terminologiyadan istifadə edirdilər. K.Yaspersin II dünya müharibəsindən sonra yazdığı «Günah haqqında məsələ» əsəri vardır. Onun mövzusu müharibəyə görə almanların günahlandırılmasıdır. O, burada günahın təsnifatını verir: cinayətə görə günah, siyasi günah, əxlaqi günah və ən böyük günah– metafizik günah. Metafizik günahın mənbəyi insanın varlığıdır. Almanların günahını K.Yaspers metafizik günah kimi verir. Bu cür günahlar hər yerdə və hər xalqda ola bilər. Ona görə də Fuçik xəbərdarlıq edirdi. «İnsanlar sayıq olsun!»
Ümumiyyətlə, ekzistensializmin həm müsbət, həm də mənfi cəhətləri vardır. Əslində ekzistensialist fəlsəfənin leytmotivi insanın xarici ictimai qüvvələr tərəfindən əsarətinə qarşı etirazdır. Onların fikrincə, mövcudluq insanın özüdür, onun dünyaya gəlişidir. O, nə xeyirxah, nə də bədxahdır. O, xeyirxah və ya bədxah ictimai münasibətlər prosesində olur. İnsan özlüyündə həqiqətdir. Həqiqətə malik olmaq yox, həqiqətin özü olmaq gərəkdir. Bu, Roma hakimiyyət nümayəndəsi Ponti Pilatın həqiqət nədir?–sualına Xristosun-həqiqət mən özüməm!–cavabına bənzəyir. İnsanın mahiyyəti ictimai münasibətlərin məcmusudur. İnsan hazır ictimai münasibətlər dünyasına gəlir. Burada mövcudluqla mahiyyət arasında toqquşma baş verir və insanın bütün həyatı boyu davam edir. Ekzistensialistlər Marksı özgələşmə probleminə görə özlərinin sələflərindən biri hesab etmişlər. Özgələşmə problemi ekzistensialistlərdə də mərkəzi problem olmuşdur. Lakin əgər Marksda özgələşmə sosial özgələşmə idiə, onlardakı özgələşmə insan həyaının cəmiyyətdə əsas xarakteristikası idi. Ekzistensializm bir növ «həyat fəlsəfəsi»ndən, xüsusilə Nitşe fəlsəfəsindən, onun fərdiyyəçilik konsepsiyasından yaranmışdır.
f) Personalizm
Personalizm (latınca şəxsiyyət sözündəndir) müasir fəlsəfədə teistik istiqamətdir. Adından göründüyü kimi, burada şəxsiyyət ilkin yaradıcı reallıq və ali mənəvi sərvət hesab olunur. Şəxsiyyətin yaşadığı və fəaliyyət göstərdiyi dünya Ali şəxsiyyət– Allah yaradıcılıq fəallığının təzahürüdür.
Personalizmin formalaşması XIX əsrin sonunda Rusiya və ABŞ–da başlamışdır. Personalist fəlsəfənin əsas prinsipləri N.A.Berdyayev və L.Şestov tərəfindən formulə edilmişdir. Sonralar isə həmin ideyalar N.O.Losskinin, S.N.Bulqakovun, A.Belının, Vyaç.İvanovun yaradıcılığında öz əksini tapmışdır. Personalizmin Fransada yayılması həmin cərəyanın inkişafında xüsusi mərhələni təşkil edir. Onun ən böyük nümayəndəsi Emmanuel Munyedir (1905– 1950). İdealist monizm prinsipinə və Hegelin panlogizminə qarşı olaraq personalizm çoxluq ideyasını irəli sürür. Personalizm tərəfdarları çoxlu mövcudluqlar, şüur, iradə və şəxsiyyətlər haqqında danışırlar. Əqlə qarşı intuisiya durur. Dünyanı Ali person– Allah yaratmışdır və ona inkişaf etmək qabiliyyəti vermişdir.
İdrak sahəsində personalizm ənənəvi fəlsəfənin idrak subyektinin– insanın konkret təzahürləri ilə tam şəkildə antropoloji ümumiliyi ilə əvəz olunması zərurətindən çıxış etmişdir. Eləcə də subyektin fəal rolu qeyd olunur. Çünki yalnız yeganə fərdi təkrarolunmaz insan dərk edir.
Ontoloji planda şəxsiyyət fundamental kateqoriyaya çevrilir, yalnız onun vasitəsilə əsas təzahür mümkündür. Burada iradi fəallıq mövcudluğun fasiləsizliyi ilə çulğaşır. Şəxsiyyət öz təcrübəsi ilə yeganə reallığı təşkil edir. Lakin şəxsiyyətin mənbəyi özündə deyil, allahdadır. Elm bu vəziyyətdə dünyanın zənginlik və müxtəlifliyinə nail olmağa qadir deyildir. Elmdə insan həyatının düzgün yolunu göstərə biləcək etibarlı oriyentirlər tapmaq mümkün deyildir. Bu vəzifəni yalnız dini fəlsəfə yerinə yetirə bilər. Personalizm təlimində şəxsiyyət haqqında çoxlu maraqlı və müsbət momentlər vardır. Xüsusilə fərd və şəxsiyyət anlayışlarının fərqləndirilməsi cəhdi maraq doğurur. Bu təlimin səciyyəvi cəhətlərindən biri də iradə azadlığı haqqında ideyanın əsaslandırılmasıdır. Hələ ekzistensialistlərin əsərləri yayılmamışdan əvvəl cəmiyyət və şəxsiyyətin prinsipial düşmənçiliyi haqqında fikirlər personalizmdə mövcud idi.
XX əsrin birinci yarısında personalizm yeni prinsiplərlə inkişafa qədəm qoymuşdur. Fransız personalizminin banisi E.Munye marksizm və ekzistenisalizmin təsirini qeyd etmişdir. 1946– cı ildə çapdan çıxan «Personalizm nədir?» əsərində o yazırdı: «Biz maddi zərurətə və kollektivçilik sisteminə münasibətində insan şəxsiyyətinin birinciliyini təsdiq edən hər cür təlimi və hər cür sivilizasiyanı personalist təlim adlandırırıq». Qarşısına bitkin fəlsəfi təlim yaratmaq məqsədi qoymayan E.Munye şəxsi mövcudluq probleminin işlənməsinin məhsuldar üsullarını axtarmağa cəhd etmişdir. Bir sözlə, başqa XX əsr fəlsəfi cərəyanları kimi, şəxsiyyət problemi personalizmin əsas tədqiqat problemi olmuşdur.
g) Praqmatizm
XX əsrin ən geniş yayılmış fəlsəfi cərəyanlarından biri praqmatizmdir. Bu cərəyanın vətəni Amerika Birləşmiş Ştatları hesab olunur. Yunanca praqma sözündən olub, iş, əməl deməkdir. Bu cərəyanın banisi Amerikanın görkəmli məntiqçisi
Çarlz Pirsdir (1839– 1914). Onun ən məşhur əsərlərindən biri 1904– cü ildə çap etdirdiyi ««Praqmatizm» nədir?» əsəridir. Onun ideyalarını sonralar Uilyam ceyms inkişaf etdirmişdir. Praqmatizm daim işdən, əməldən danışır, ideyaların və nəzəriyyələrin əməli surətdə yoxlanılması lüzumunu göstərir. Çarlz Pirs mürəkkəb və ziddiyyətli bir fəlsəfi sistem yaradaraq, burada bəzi elmi təsəvvürləri dinin mənafeyi ilə əlaqələndirməyə çalışmışdır.
Ceyms bilik əvəzinə qeyri– şüur irrasional etiqada sahib olmağı, hər şeydən əvvəl, məntiqi təfəkkürü rədd edən dini etiqad sahibi olmağı təklif edir.
Dyui başda olmaqla digər praqmatistləri «instrumental məntiq»dən və ya «eksperimental məntiqdən» istifadə etməyi məsləhət görürdülər. Bu məntiq isə, əslində, əmələ gəlmiş vəziyyətdə sınama və səhvlər metodu üzrə sərfəli hərəkət tərzi axtarıb tapmağı nəzərdə tutur. Praqmatistlərə görə, təfəkkür insana bilik vermir, ona yalnız çətin vəziyyətdən çıxmaq və müvəffəqiyyət qazanmaq bacarığını öyrədir. Elmi məfhumlar, qanunlar, nəzəriyyələr obyektiv reallığın inikası və ya surəti deyildir, bunlar yalnız bu və ya digər məqsədi həyata keçirməkdən ötrü «hərəkət planlarıdır», «alət» və ya «vasitə»dir. Əgər ideya və ya nəzəriyyə «iş görür» və müvəffəqiyyət qazanmağa imkan verirsə, yaxşıdır, yəni düzgündür; əgər buna imkan vermirsə, pisdir, yəni səhvdir.
Praqmatizm dinin müddəalarını çox faydalı, buna görə də düzgün hesab edir. Praqmatistlər fayda prinsipini yalnız idraka deyil, həmçinin mənəvi və əməli fəaliyyətin bütün formalarına şamil edirlər.
ğ) Neotomizm
Neotomizm Avkinalı Fomanın ideyalarını inkişaf etdirən dini– fəlsəfi təlimdir. Neotomizm XX əsdə daha sürətlə yayılmış və hazırda da böyük və nüfuzlu cərəyan olaraq qalmaqdadır. Onun tərəfdarları təkidlə qeyd edirlər ki, «yalnız din nicat verə bilər», ən kəskin ictimai suallara yeganə cavab bundan ibarətdir ki, «xristianlıq ruhu həyatımıza daha təsirli nüfuz etməlidir». Əslində Neotomizm orta əsr sxolastı Akvinalı Fomanın Vatikan tərəfindən katolik kilsəsinin rəsmi fəlsəfəsi kimi qəbul edilən təliminin yeniləşdirilmiş variantından ibarətdir. Neotomistlər təliminin ən ümdə əsası bundan ibartdir ki, allah aləmin xaliqi və külli– ixtiyar sahibidir. Neotomistlərin fikrincə, təbiət «ilahi ideyaların tətbiqi», tarix isə «ilahi planın həyata keçirilməsidir». Onlara görə, həqiqəti dərk etmək üçün üç forma vardır: elm, fəlsəfə və din. Bu formaların ən aşağısı elmdir. Onlara görə, elmin verdiyi bilik mötəbər deyildir və yalnız cismani qılafla məhduddur ki, həmin qılaf da aləmin həqiqi mənəvi mahiyyətini gizlədir, bu mahiyyətə elm nüfuz edə bilmir və bunu qismən fəlsəfə, yaxud metafizika kəşf edə bilər. Elmdən fərqli olaraq fəlsəfə aləmin mövcudluğunun ilk səbəbi məsələsini irəli sürür və belə bir nəticəyə gəlir ki, bu ilk səbəb ali mənəvi başlanğıcdır, yaxud aləmi yaradan allahdır. Neotomistlərin təliminə görə, ali həqiqət yalnız vəhy və dini iman yolu ilə dərk edilir ki, elm və fəlsəfə də özünün dünyagörüşü əhəmiyyəti olan bütün prinsipial nəticələrini bu dini imanla uzlaşdırmalıdır.
Neotomizmin ən görkəmli nümayəndələri J.Mariten (1882– 1973), E.Jilson, Q.Vetter və Y.Boxenski hesab olunur.
Ümumiyyətlə, neotomizm təlimi müxtəlif fəlsəfi fənlər sisteminə əsaslanır. Onlardan metafizika, qnoseologiya, naturfəlsəfə, etika, estetika, sosiologiya və s. göstərmək olar. Neotomist fəlsəfəsinin mərkəzində varlığın universal fəlsəfi nəzəriyyəsi rolunda çıxış edən metafizika durur.
Ümumi metafizika özündə ontologiyanı (ümumiyyətlə, varlıq haqqında və necə var o cür varlıq haqqında təlimi) birləşdirir. Xüsusi metafizika dünya və insan haqqında təlimi ifadə edir.
h) Sovet fəlsəfəsi
XX əsr fəlsəfə tarixində demək olar ki, tədqiq olunmamış dövrlərdən biri də sovet dövrü fəlsəfəsidir. 70 il ərzində Sovet İttifaqı adlanan böyük bir ölkədə yayılan və inkişaf edən fəlsəfədən danışmamaq doğru olmazdı. Bu ölkədə nəinki müharibələr, dəhşətli sosial eksperimentlər aparılmış, həmçinin fəlsəfə ilə də məşğul olmuşlar. Sovet quruluşunun hazırkı tənqidçilərinin fikrincə, sovetlər birliyində 10 illərlə fəlsəfə olmamış, intellektual həyat məhv olmuş, ancaq mərkəzi paytaxt şəhərlərində qadağan olunmuş söhbətlər aparılmışdır. Əlbəttə bütün bunlar ağ yalandır. Əslində Sovetlər İttifaqında başdan– başa savadsızlığın ləğvi, əyintilərlə olsa da mədəni inqilabın həyata keçirilməsi mümkün olmuşdur. Bəzilərinin bəyənmədikləri alimlərin əksəriyyəti aristokrat ailələrindən deyil, sadə fəhlə və kəndli ailələrindən çıxmış adamlar olmuşdur. Əslində sovet dövrü bütövlükdə fəlsəfi təhlil baxımından mürəkkəb, maraqlı və həm də dramatik olmuşdur.
XX əsrin 20– 30– cu illərində bir sıra görkəmli alim– filosofların məcburi mühacirətə yollanması (onlar bolşeviklərin ideoloji doktrinaları ilə razılaşmırdılar) heç də fəlsəfi həyata son qoymadı. Sovetlər birliyində qalıb işləyən və eləcə də yetişməkdə olan yeni filosof nəsilləri çox çətin bir siyasi dövrdə yaşamalarına, bəzi fikirləri açıq şəkildə deyə bilmədiklərinə, hətta öz ideyalarına görə həyatlarını belə qurban verməklərinə baxmayaraq, fəlsəfə elmini inkişaf etdirmişlər. Əslində hamı xaricə gedə bilməzdi. Yaxud da hamı dissident ola bilməzdi. Bundan başqa, həmin dövrdə yaşamış alimlərin demək olar ki, əksəriyyəti marksizmin həqiqi fəlsəfə olduğuna bütün varlıqları ilə inanmışdılar.
Tarixin dəfələrlə sübut etdiyi kimi, həyat öz iradəsini çox zaman diktə etmək qüdrətinə malik olduğundan, həmin dövr alimləri də zamanın göstərişlərinə tabe olmuşdular. Sovet dövrü fəlsəfəsi, onun inkişaf mərhələləri və işlədiyi əsas mövzuları necə səciyyələndirmək olar? Hər şeydən əvvəl, bu dövrü üç mərhələyə bölmək lazımdır.
Birinci mərhələni şərti olaraq 1922– 1930– cu illərlə əlaqələndirmək mümkündür. Bu dövr diskusiya və mübahisələr dövrü hesab olunur. Bu dövr mübahisəsinə
V.İ.Leninin 1922– ci ildə çapdan çıxan «Mübariz materializmin əhəmiyyəti haqqında» əsəri daha çox səbəb olmuşdur. Sonralar Leninin fəlsəfi vəsiyyəti hesab olunan bu əsərdə əsas ideya mübariz materializm anlayışında ifadə edilmiş fəlsəfənin marksist partiyalılığı ideyasıdır. Filosofların qarşısına vəzifələr qoyulurdu. Bu, kütlələr içərisində dialektik materialist dünyagörüşünü, xüsusən ateizm təbliğatını gücləndirməkdən, müasir ictimai inkişafın və elmi tərəqqinin irəli sürdüyü problemlər baxımından fəlsəfənin, xüsusilə materialist dialektikanın daha da inkişaf etdirilməsindən, Qərb (V.İ.Lenində burjua) fəlsəfəsinin müxtəlif cərəyanları ilə fəal mübarizədən ibarətdir. O, bütün idealistləri– «dinin diplomlu nökərlərini» ifşa etməyi tələb edirdi.
Həmin vaxtdan başlayaraq sovet fəlsəfəsi dialektik materialist xəttini müdafiə etməyə başladı. Doğrudur, həmin fəlsəfədə də bu və ya digər problemlə əlaqədar mübahisələr gedirdi.
Bir sözlə, 20– 30– cu illər fəlsəfəsi həyatda çox qızğın diskusiyalar dövrüdür. Onlardan biri cəmiyyət və insanın həyatında bioloji və sosial amillərin münasibətinə həsr olunmuşdur.
Bir sıra alimlər psixik həyata sırf bioloji səviyyənin təzahürü kimi baxırdı. V.M.Bexterov «Kollektiv refleksologiya»nı yaratmışdı ki, digər filosoflar onu sosiologiyanın yeni bir elmi metodu kimi qələmə verirdilər. Həmin dövrdə zoososiologiya və fitososiologiya yaranır və bütün canlıların vahid «sosial mexanizmləri» axtarışı aparılır. Biolojiləşdiricilər içərisindən təbiətşünaslığı sinfi yanaşma ilə birləşdirməyə çalışan «fəlsəfi nihilistlər» yaranmışdı. Onlar istismarçı siniflərin xidmətçisi olan fəlsəfədən xilas olmağa çağırırdılar. Bu üzdən iraq «alimlər» psixika və dünyagörüşü anlayışlarını istismarçıların uydurması hesab edib, fiziologiyanın psixologiyanın yerini almasını tələb edirdilər. Nihilistlər filsofluq edən tarixçilər tərəfindən rədd edildilər.
Digər diskusiya marksist bazis anlayışı ətrafında, üçüncü diskusiya isə Asiya istehsal üsulu təsəvvürləri ətrafında gedirdi. Asiya istehsal üsulunda torpaq üzərində xüsusi mülkiyyətin olmaması, kənd icmasının mühüm əhəmiyyətə malik olması ilə əlaqələndirilirdi. Əslində bu prinsiplər bir sıra istehsal üsulunun tam əlamətləri hesab oluna bilməzdi.
Ümumiyyətlə, həmin dövrdəki nəzəri döyüşlərdə hamıdan çox– həkim, yazıçı, filosof– pozitivist, V.İ.Leninin çoxdankı opponenti Aleksandr Boqdanovun adı daha çox hallanırdı. A.Boqdanov N.İ.Buxarinlə birlikdə «mexanist» adını almışdı. Çünki onlar öz əsərlərində inkişafın dialektik ziddiyyətləri ideyasına əsaslanmır, cəmiyyətdə tarazlığı saxlayan təşkiletmə ideyasına arxalanırdılar. A.Boqdanov «Tektologiya» adlı təşkil elmi yaratdı ki, o da müasir sistem nəzəriyyəsinin əsas ideyalarını qabaqcadan bildirmişdir. O, tektologiyanı proletar mədəniyyətinin fundamenti hesab edirdi və belə düşünürdü ki, proletariat həmin elmə yiyələnmədən cəmiyyətdə heç bir dəyişiklik etməyə çalışmamalıdır. A.Boqdanov proletkulçuluğun əsasını qoyanlardan və nəzəriyyəçilərindən biridir. Onun fikrincə, incəsənətin cəmiyyətdə başlıca rolu proletar kütlələrin mübarizəyə və əməyə hazırlamaqdan ibarətdir. Rusiyada 20– ci illərdə üzə çıxan alimlərdən biri də Mixail Baxtin olmuşdur. 1921– ci ildə «Hərəkət fəlsəfəsinə dair» əsərini yazmışdır. A.F.Losev (1927– ci ildən 1930– cu ilə qədər 8 cildlik əsərlər yazmışdır), Q.Q.Şpet, L.S.Vıqotski və b.-nın mühüm tədqiqatları olmuşdur. 1930– cu ildən başlayaraq rejim ideoloji təqibi gücləndirərək hər cür müstəqil təfəkkürə qarşı repressiyalara başladı. 1929– cu ilə qədər ölkənin fəlsəfi həyatında A.M.Deborinin rəhbərlik etdiyi tədqiqatçılar, eləcə də «Pod znamenem Marksizma» jurnalının ətrafında olanlar aparıcı rol oynayırdılar. Bunlar inqilaba qədər və inqilabdan sonra fəaliyyət göstərən alimlər və partiya xadimləri idi. A.M.Deborin Leninin vəsiyyətlərinə əməl edərək «Mübariz materialist– dialektiklər» cəmiyyətini yaratdı. «Materializm kitabxanası» əsərlərinin nəşrində iştirak edərək Boqdanov və Buxarin kimi mexanistlərlə mübarizə aparmışdır. Lakin 1929– cu ildə Deborin akademik seçiləndən sonra (həmin vaxt Buxarin də seçilmişdi), ona və onun qrupuna Stalinin qəzəbi tutdu.
Stalin elan etdi ki, Deborin və onun qrupunun yazdığı nə varsa təzədən nəzərdən keçirilməlidir. Eyni zamanda onların qrupuna «menşeviklik» edən idealizm» damğasını vururdu. Deborindən tələb olundu ki, açıq şəkildə bütün tələbələrini Qırmızı professorlar institutunun yığıncağında tənqid etsin və onları xalq düşməni adlandırsın. Lakin Deborin bu təklifi rədd etdi. Tezliklə jurnalın redaktoru Deborinin yerinə M.B.Mitin təyin olunur. M.B.Mitin 1936– cı ildə əsərlərinin birində deborinçiləri «banda» və «trotskizmin bilavasitə xəfiyyələri» adlandırdı. Nəticədə Deborinin bütün tələbələri və tərəfdarları həbs olunaraq məhv edildilər. Bu andan başlayaraq uzun müddət sovet fəlsəfəsində bir avtoritet təsdiq olundu. Bu da xalqların atası– İ.V.Stalin idi. 1938– ci ildə Stalin yazdığı «ÜİK(b)P qısa tarixi kursu» adlı əsəri çapdan çıxdı. Orada xüsusi fəlsəfə bölməsi var idi ki, həmin bölmə də uzun müddət fəlsəfə sahəsində çalışanlar üçün qanuna çevrildi. İldən– ilə fəlsəfədə bu və ya digər prinsip daha da ehkamlaşdırılır, fikrin hər cür tərəqqisi yerindəcə boğulurdu. Lakin bütün bunlara baxmayaraq elə həmin dövrdə M.Baxtinin, K.Meqrelidzenin əsərləri çapdan çıxmışdır. V.İ.Vernadski gərgin şəkildə noosfera ideyası üzərində işləmişdir. Həmin ideyalar 1975– ci ildə çapdan çıxsa da, elə 30– cu illərin ikinci yarısında yazılmışdı. 40– cı illərdə S.L.Rubinşteyn və A.N.Leontyevin və digər böyük psixoloqlarının fəlsəfi ideyaları formalaşmışdı. Onların sırasına D.N.Uznadzeni də daxil edə bilərik.
Sovet fəlsəfəsinin tarixinin ikinci mərhələsi 1930– 1953– cu illəri əhatə edir. Bu dövr kədərli və şərəfsiz dövr hesab olunur. Doğrudur, bu dövrdə bir sıra formal fəlsəfə strukturları yaranır. Moskva Dövlət Universitetində və Leninqrad Dövlət Universitetində fəlsəfə fakultələri yaranır. 1947– ci ildən «Fəlsəfə Məsələləri» jurnalı çap olunmağa başlamışdır. Bütün bunlara baxmayaraq bu dövr nəzəri tənəzzül dövrü, bu və ya digər müəllifə qarşı çıxmağa məcbur olmaq dövrüdür. Məsələn, «Fəlsəfə tarixi»nin III cildi öldürücü tənqidə məruz qaldı. Müəllifləri sinfi yanaşmaya kifayət qədər fikir verməməkdə təqsirləndirirdilər. Həmin dövrdə bir əsər də olsun zamanın imtahanından çıxa bilməmişdir.
SSRİ– də fəlsəfənin inkişafının üçüncü mərhələsi Stalinin ölümündən başlayaraq SSRİ– nin dağılmasına qədər davam etmişdir. 60– cı illərdən başlayaraq fəlsəfi fikirdə böyük bir canlanma hiss olundu. Hələ 1956– cı ildən fəlsəfəni müstəqil predmet kimi nəinki humanitar ali məktəblərdə, həmçinin digər universitetlərdə də keçməyə başladılar. 1958– ci ildə «Fəlsəfə elmləri» jurnalı da çap olunmağa başladı. 50– ci illərdən başlayaraq Sovet filosofları beynəlxalq fəlsəfi konqreslərdə iştirak etməyə başladılar.
Həmin dövrdə filosoflar bu həqiqəti dərk etdilər ki, marksizm– leninizmdən əlavə həm də «Marksın özü var və onu oxumaq lazımdır». Bu dövr filosoflarından M.M.Rozental, E.V.İlyenkov, L.A.Mankovski, B.M.Kedrov, N.İ.Lapin, V.A.Vazyulin və b. Marksın düzgün qiymətini verməyə çalışırdılar. Bu dövrdə dialektik məntiq məktəbi (E.V.İlyenkov, Q.S.Batişev, B.P.Bibler (Moskva), J.M.Abdildin (Qazağıstan), Z.M.Orucov (Azərbaycan), V.A.Bosenko (Ukrayna) və b.), elmlərin metodologiyası sahələri, eləcə də şüur problemləri (A.Q.Spirkin, V.P.Tuqarinov). qnoseologiya problemləri (P.V.Kopnin), dəyərlər (M.S.Kaqan) və s. sahələr inkişaf etməyə başladı.
Bu dövrdə Sovet filosofları rəsmi marsizmin amansız çərçivəsindən xilas olaraq yeni– yeni problemlər axtarışını davam etdirməyə çalışmışlar.
Həmçinin bax:
XX əsr Qərb fəlsəfəsi