İri qulaqlı, iri gözlü, qəhvəyi xəzli naməlum tropik heyvan. Portağalı çox sevir, bu sevgisi də onu böyük şəhərə gətirir. Çünki portağal yeyərkən yeşikdə yuxuya gedir. Böyük şəhərdə isə o gözəl dostlar qazanır və sakinlərə kömək edir.
Yəqin çoxlarınız bu hekayəni xatırladınız. Söhbət SSRİ zamanı ən məşhur animasiya filmlərindən birinin qəhrəmanı Çeburaşkadan gedir.
Müsahibimiz Arifə SSRİ dağılanda 4 yaşında idi, amma o da bu kuklalı animasiya filmini çox sevir. Deyir ki, əvvəllər mahnılarını əzbər bilirdim, indi unutmuşam.
“Uşaq vaxtı istəmişəm ki, Gena ilə Çeburaşka kimi dostlarım olsun. İndi baxsam, bəlkə də ağlayaram, sən soruşdun, uşaqlığımı xatırladım”.
Çeburaşka Eduard Uspenskinin “Timsah Gena və onun dostları” əsərinin əsas personajlarından biridir.
Eduard Uspenski 1937-ci ildə Yeqorovsk şəhərində doğulub. Moskva Aviasiya İnstitutunu bitirib. Yaradıcılığa yumoristik hekayələr yazaraq başlasa da, bu hekayələr senzuradan tam keçə bilmir və “qayçılanır”. Bu səbəbdən o, uşaq ədəbiyyatı ilə məşğul olmağa başlayır və animasiya filmləri üçün ssenarilər yazır. Uspenski məşhur uşaq verilişi “Spokoynoy noçi malışi”-nin də yaradıcısıdır.
“Timsah Gena və onun dostları” povesti 1966-cı ildə yazılır və müəllifə böyük uğur gətirir. Əsər 1969-cu ildə Roman Kaçanov tərəfindən ekranlaşdırılır. Çeburaşka obrazına hamı tərəfindən sevilən görüntünü isə rəssam Leonid Şvartsman verir.
Bu personajın necə yaradılması ilə bağlı iki fərziyyə var. Qəribə olsa da, hər iki fərziyyəni müəllif özü irəli sürür.
Əsərin ön sözündə Uspenski yazır ki, Çeburaşka onun uşaqlıq oyuncağı olub. Gözləri qartal gözü kimi böyük və sarı, başı dovşan başı kimi yumuru, quyruğu ayı balalarının quyruğu kimi balaca və yumşaq olan bu naməlum oyuncaq nə ayıya bənzəyirmiş, nə də ki dovşana. Valideynləri isə elmə məlum olmayan bu heyvanın tropik meşələrdə yaşadığını deyilər.
Əsərin məşhur personajı haqqında müəllifin fərqli bir qeydi də var: “Mən dostumgilə qonaq getmişdim, onun kiçik qızı tüklü şuba geyinmişdi. Şuba çox böyük olduğundan yerlə sürünürdü. Kiçik qız da tez-tez ilişib yıxılırdı. Növbəti dəfə yıxılanda atası eşitmədiyim bir ifadəni işlətdi -“чебурахнуться”. İfadə məni maraqlandırdı, dostum onun yıxılmaq anlamına gəldiyini izah etdi. Və beləcə əsərimin qəhrəmanı yarandı.
Çeburaşka naməlum tropik heyvandır. Təsadüfən portağal yeşiyinə girən heyvan burada yuxuya gedir. Və yeşiklə birgə Böyük şəhərə gəlir. Öz adını o, yeşiyin gətirildiyi mağazada öyrənir. Portağalı çox yeyən heyvan tarazlığını qoruya bilmir və tez-tez yıxılır. Mağazanın sahibi də ona “Çeburaşka” adını verir.
Çeburaşkanı heyvanxanaya gətirirlər. Amma bura onu götürmürlər, çünki onu hansı adla saxlayacaqlarını bilmirlər.
Nəhayət, onu ucuz malların satıldığı mağazaya işə düzəldirlər. O, vitrində durmalı və alıcıların diqqətini cəlb etməlidir.
Böyük şəhərdə Çeburaşka heyvanxanada timsah işləyən tənha Gena ilə tanış olur. Onlar pioner Qalya və küçük Tobiklə birgə insanlara və danışan heyvanlara kömək edirlər. Əsərdə şər qüvvəni isə Şapoklyak qarı və onun evcil sıçovulu Lariska təmsil edir. Şapoklyakın devizi isə budur: kim insanlara kömək edirsə, o, boş yerə vaxt itirir. Amma hər filmin sonunda Şapoklyak qarı doğru yola gəlir.
Uspenski deyir ki, bu obraz onun birinci arvadının prototipidir, rəssam isə Şapoklyak qarını öz qayanasına bənzədərək çəkib.
Roman Kaçanov bu sevimli personajın iştirakı ilə 4 kuklalı animasiya filmi çəkir:
“Timsah Gena və onun dostları” – 1969, “Çeburaşka” – 1971, “Şapoklyak” – 1974, “Çeburaşka məktəbə gedir” – 1983.
Filimlərin ssenari yazımında Uspenski özü də iştirak edir. Sevilən mahnılarını isə Vladimir Şainski və Mixail Ziv bəstələyir.
Çeburaşkanı – Klara Rumyanova, Timsah Genanı – Vasiliy Livanov, Şapoklyak qarını – Tatyana Dmitriyeva, İrina Mazinq səsləndirir.
Birinci animasiya filmi (“Timsah Gena və onun dostları”) hazır olanda “Soyuzmultfilm”in tərkibində mövcud olan DTK redkollegiyası bəzi məqamlarla bağlı narazılıq edir. Buna görə də, film prokata ən aşağı, 3-cü kateqoriya ilə buraxılır və geniş yayımlanmasının qarşısı alınır.
İkinci absurd etiraz isə “Çeburaşka” animasiya filminə olur. Redkollegiya deyir ki, bu film pioner təşkilatını ləkələyir. Onların tələbilə, rejissor R.Kaçanov filmə “Yalnız ən yaxşılar pioner ola bilərlər” ifadəsini əlavə edir.
70-ci illərdə İsveçdə də bu qəhrəmanın iştirakı ilə bir neçə uşaq əyləncə televiziya və radio proqramları yayımlanır. Və Drutten och Gena adlanır. Rusların fikrincə, adlar isveç dilinə çox uğurlu tərcümə edilib.
2003-cü ildə yaponlar “Soyuzmultfilm”dən Çeburaşka obrazının haqlarını alır. 2009-cu ildən TV-Tokioda həftədə bir dəfə “Cheburashka arere?” adlı 26 hissəli animasiya serialı yayımlanmağa başlayır.
2004-cü il Afina və ondan sonra keçirilən qış və yay olimpiya oyunları zamanı Rusiya milli komandasının rəmzi Çeburaşka olur. 2006-cı ildə qış olimpiya oyunları zamanı Çeburaşkaya ağ, 2008-ci il Pekin olimpiya oyunlarıda qırmızı, 2010-cu il qış olimpiya oyunlarında mavi xəz geyindirirlər.
2000-ci illər Çeburaşkanın müəlliflik hüququ mübahisləri ilə bol oldu. Çeburaşkanın adından konfet və uşaq kosmetikasında istifadə edildi. Uspenski bütün haqq və hüquqların ona məxsus olduğunu iddia edir. Başqaları isə Çeburaşkaya hamı tərəfindən qəbul edilmiş görüntünü Şvartsmanın verdiyini və bu obrazda onun da haqlarının olduğunu deyirlər. Amma Uspenski çəkişmələrdən sonra Çeburaşka ticari markasının sahibi olur.
2000-cil illərdə bu personajın adı ilə bağlı bir neçə mədəni və sosial layihələr həyata keçirilib.
200 dən çox animasiya film qəhrəmanlarının yumoristik üslubda çəkilmiş rəsmləri toplanılmış “Çeburqen” adlı rəsm sərgisi, “Çeburan-Parti” adlı rəqs gecələri və s.
“Terminator” filmindən sonra Çeburaşka və terminator obrazlarının hibridi yaradılır və “Çeburator” adlandırılır. Obrazdan uşaq mahnılarında və oyuncaqlarında geniş istifadə olunur.
Məşhur inqilabçı Çe Gevaranın (Çe Qevuara) rəsminin həkk edildiyi köynəklərlə yanaşı, Çeburaşkalı köynəklər də satılmağa başlanılır. Başında beret olan personaj, Çe Buraşka, ya da Yoldaş Çe adlandırılır.
Çeburaşka və onun dostlarının abidələri Remenskoye, Xabarovsk, Kremençuq, Dnepropetrovsk şəhərlərində qoyulub.
SSRİ zamanında bu uydurulmuş heyvana qarşı məhəbbət o qədər güclü olur ki, ona bənzəyən hər şeyə “Çeburaşka” adı verilməyə başlanılır. Bunlara An -72 və L-410 Turbolet təyyarələri, “Zaparojets” və “Moskviç”(furqon) avtomobilləri, ÇS-2 elektrik lokomotivləri, spirtsiz içkilər satılan yarımlitrlik şüşə butulkalar, böyük qulaqcıqlar və s. aiddir.
Çeburaşka həm də 16 sosial tipin heç birinə aid olmayan insan mənasında jarqon ifadə olaraq işlənilir.
Müəllif: Günel Səfərova
Mənbə: kulis.az