a) Hegelin sistemi və dialektikası;
İ.Kantdan başlayaraq Alman klassik fəlsəfəsi ənənəvi metafizikadan subyektin öyrənilməsinə doğru uğurlu addımlar atmağa başlamışdır. Yenə də Kantdan başlayaraq fəlsəfi bilik sahəsində çox böyük dəyişikliklər, o cümlədən ağırlıq mərkəzinin subyektin və onun fəaliyyətdə olan təbiətinin öyrənilməsinə yönəldilməsi ilə bağlı olmuşdur. Alman klassik fəlsəfəsinin inkişafının kuliminasiya momenti Hegel (1770– 1831) fəlsəfəsi olmuşdur. Hegelin Kantı tez– tez tənqid etməsinə baxmayaraq, onun sistemi Kantın fəlsəfi sistemi olmadan meydana gələ bilməzdi. I II III Mütləq Təbiət Ruh özünü özgələşdirərək, yaradır Qeyd etmək lazımdır ki, Hegelə görə, təbiət və ruh mütləq ideyanın, bütövün özünü özgələşdirməsi olsa da belə eyni zaman əksliklər kimi mövcuddur. Materiyanın mahiyyəti onun ağırlığıdır. Onun məqsədi isə ondan kənardadır; ruhun mahiyyəti– azadlıqdır: onun məqsədi isə özündədir. «Ruh özündə varlıqdır». Ruhun tarixi inkişafında üç mərhələ olmuşdur. Bunlar Şərq, yunan– roma və alman mərhələləridir. L.Feyerbax (1804– 1871) Hegelin sistemini geniş şəkildə tənqid edən ilk filosof olmuşdur. L.Feyerbax «Xristianlığın mahiyyəti» adlı ən böyük əsərində idealist fəlsəfənin və dinin tənqidçisi kimi çıxış etmişdir. Görkəmli filosof fəlsəfəni materializm kimi başa düşmüş, idealizmi dinin nəzəri əsaslandırılması hesab etmişdir. Ona görə dinin əsasında etiqad, ehkamlar durduğu kimi, fəlsəfənin əsasında mühümlük, əql durur. Feyerbaxa görə, din insanın mahiyyətinin özgələşməsidir. Allaha aid edilən atributlar isə gerçəklikdə insana xas olan atributlardır. Hegeli tənqid edərək Feyerbax yazırdı ki, Hegelin fəlsəfəsindən imtina etməyən teologiyadan da imtina etməyəndir. Hegelin təlimindəki təbiət, reallıq, ideyalar tərəfindən əsası qoyulandır– deyildir. Bu isə teoloji təlimin rasional ifadəsindən başqa bir şey deyildir. Çünki teologiyaya görə, təbiət allah tərəfindən yaradılmışdır, maddi varlıqlar qeyri– maddi varlıqlar, daha dəqiq desək abstrakt varlıqlar tərəfidən yaradılmışdır. Marks eləcə də marksizm fəlsəfəsi alman klassik fəlsəfəsinin, eləcə də XIX əsrin 40– cı illərində Avropadakı sosializm və kommunizm ictimai hərəkatının təsiri altında formalaşmışdır. K.Marks qarşısına kommunizmi fəlsəfi cəhətdən əsaslandırmaq məqsədini qoymuşdur. Bu zaman O, xeyli dərəcədə L.Feyerbaxın antropoloji materializminə əsaslanmışdır. Hər şeydən əvvəl, Feyerbax insan ideyasını bəşəriyyətin gələcəyi ilə əlaqələndirirdi. Bu təsəvvürlər çox halda Marksın təsəvvürləri ilə üst– üstə düşürdü. Feyerbax gələcəyi insanların ümumi qardaşlığı kimi başa düşürdü ki, bunu da çox vaxt kommunizm adlandırırdı. F.Engels K.Marksın və özünün necə Hegelçi və sonra Feyerbaxçı olmasını ətraflı təsvir etmişdir. O yazırdı ki, Marksın xidməti ondadır ki, o zamankı Almaniyada rəhbər mövqe tutan hay– küyçü, iddialı və lap dar düşüncəli təqlidçilərin əksinə olaraq, unudulmuş dialektik metodu ilk dəfə yenidən meydana çıxarmış, bunun Hegel dialektikası ilə əlaqəsini, habelə ondan fərqini göstərmiş və eyni zamanda «Kapital»da həmin metodu müəyyən empirik elmin faktlarına, siyasi iqtisadın faktlarına tətbiq etmişdir. Lakin K.Marks «Kapital»ın I cildində özünün dialektik metodunun Hegelinkindən fərqini də göstərmişdir. «Mənim dialektik metodum Hegelin dialektik metodundan nəinki kökündən fərqlidir, hətta onun tamamilə əksidir. Hegelin ideya adı ilə hətta müstəqil subyektə çevirdiyi təfəkkür prosesi, onun fikrincə, gerçəkliyin demiurqudur (yəni yaradıcısıdır), gerçəklik isə təfəkkür prosesinin yalnız xarici təzahürüdür. Mənim fikrimcə, əksinə, ideya insanın başın köçüb orada yeni şəkil almış maddi varlıqdan başqa bir şey deyildir».
b) L.Feyerbaxın antropoloji materializmi;
c) K. Marksın tarix fəlsəfsi.a) Hegelin sistem və dialektikası
Ümumiyyətlə, XIX əsr fəlsəfəsinə Hegelin təsiri olduqca böyük olmuşdur. XIX əsrin sonunda Amerika, İngiltərə, ümumiyyətlə Avropanın bütün aparıcı filosoflarının əksəriyyəti, demək olar ki, hegelçi olmuşlar. Hegel fəlsəfəsi siyasi nəzəriyyələrə də böyük təsir göstərmişdir. Məlum olduğu kimi, K.Marks gəncliyində hegelçi olmuş və bütün ömrü boyu öz yaradıcılığında hegelçilik cizgilərini saxlamışdır. Təsadüfi deyildir ki, hegel fəlsəfəsi Marksizmin əsas mənbələrindən biri olmuşdur.
«Hegel fəlsəfəsinin... əsil əhəmiyyəti və inqilabi xarakteri də məhz ondan ibarətdir ki, o, insan təfəkkürü və hərəkəti nəticələrinin son– qəti xarakteri haqqındakı hər cür təsəvvürə birdəfəlik son qoydu. Fəlsəfənin dərk etməli olduğu həqiqəti Hegel daha, birdəfəlik kəşf edildiyinə görə ancaq əzbərlənməsi lazım gələn dəyişilməz hazır müddəalar yığını şəklində təsəvvür etmirdi; indi həqiqət idrak prosesini özündən, elmin uzun tarixi inkişafından ibarət idi ki, burada elmi biliyin aşağı pillələrindən getdikcə daha yüksək pillələrinə qalxır, lakin heç vaxt elə bir nöqtəyə çatmır ki, burada mütləq həqiqət deyilən şeyi taparaq, daha irəli gedə bilməsi və burada elm üçün ancaq əllərini qoyub tapdığı bu mütləq həqiqəti seyr etməkdən başqa bir iş qalmasın. Həm də təkcə fəlsəfi idrakda deyil, hər bir başqa idrak da həmçinin əməli hərəkət sahəsində də iş belədir. İdrak kimi tarix də heç zaman bəşəriyyətin müəyyən bir mükəmməl və ideal vəziyyətində qəti başa çata bilməyəcəkdir; mükəmməl cəmiyyət, mükəmməl «dövlət»,– bunlar ancaq xəyalda mövcud ola bilən şeylərdir. Əksinə tarixin gedişindən bir– birini əvəz edən bütün ictimai qaydalar ancaq bəşər cəmiyyətinin aşağı pillədən yüksək pilləyə sonsuz inkişafının keçici pillələrindən ibarətdir. Hər bir pillə zəruridir və beləliklə, onun həmin pilləni doğurmuş olan zaman və şərait üçün bəraəti vardır. Lakin bu pillə onun öz içərisində tədriciliyini itirir və öz bəraətindən məhrum olur. Bu pillə öz yerini daha yüksək pilləyə tərk etməyə məcburdur, o da habelə öz növbəsində süqut edir və məhv olur».
Hegel akademik filosof olmuşdur və ömrü boyu fəlsəfəni tədris etmişdir.
Hegel belə hesab edirdi ki, dünyanın əsasında təkcə deyil, bütöv, tam durur. Həm də dünya təkcələrin, atomların, yaxud ruhların məcmusu deyildir. Bu cür məcmunu yalnız illüziya hesab etmək lazımdır. Dünyada bütövdən, tamdan başqa real heç nə yoxdur. Lakin bu bütöv Hegeldə Parmeniddəki və Spinozadakı varlıqdan fərqlənirdi. Çünki o, bunu sadə substansiya hesab etmirdi, əksinə mürəkkəb sistem (orqanizm) sayırdı. Məkan və zaman (təkcə predmetlər kimi) real deyil, ancaq bütövün tərəfləridir. Hegelin «gerçək olan hər şey əqlə uyğundur, əqlə uyğun olan hər şey gerçəkdir» kimi məşhur müddəasına görə, inkişaf səviyyəsində əvvəllər gerçək olan hər şey qeyri– gerçək olur, öz zəruriliyini yaşamaq hüququnu və əqlə uyğunluğunu itirir. Ölüb getməkdə olan gerçəkliyin yerini yeni, yaşamağa qadir gerçəklik tutur,– əgər köhnə kifayət qədər dərrakəli olub müqavimət göstərməsə, dinc yolla tutur. Bu zərurətə qarşı müqavimət göstərsə zorla tutur» (F.Engels).
Hegelə görə bütöv, tam nədir? Hegel özü onu Mütləq adlandırır. Mütləq– ruhdur. (xatırladaq ki, mütləq Spinozada materiya xassəsinə malik idi. Hegel mütləqin bu xassəsini inkar edir). Hegelin metafizikası iki mühüm momentlə fərqlənir. Bunlar onun məntiqi və dialektikasıdır. Məntiq Hegelin sistemi deməkdir. Hegelin sisteminin klassik şərhini F.Engels özünün «L.Feyerbax və klassik alman fəlsəfəsinin sonu» əsərində vermişdir. Biz də burada həmin şərhlə kifayətlənirik.
«... Hegel sistem qurmalı idi, fəlsəfə sistemi isə, qərarlaşmış adətə görə, bu və ya başqa cür mütləq həqiqətlə başa çatmalı idi. Hegelin özü,– bu əbədi həqiqətin məntiqi (müvafiq surətdə– tarixi) prosesinin özündən başqa bir şey olmadığının xüsusilə özünün «Məntiq» əsərində qeyd edən həmin Hegelin özü– bu prosesə son qoymağa məcbur olur, çünki Hegel gərək öz sistemini nəhayət bir şeylə qurtaraydı. «Məntiq»də bu sonu Hegel yenə də başlanğıc edə bilər, çünki orada son nöqtə, mütləq ideya– o qədər mütləqdir ki, Hegel onun haqqında əsla heç bir şey deyə bilmir,– özünü təbiətə «özgəninləşdirir» (yəni çevrilir), sonra isə ruhda– yəni təfəkkürdə və tarixdə,– yenidən öz– özünə qayıdır. Lakin bütün fəlsəfənin sonunda başlanğıca bu cür qayıtmaq üçün yalnız bircə yol qalırdı. Tarixin sonunu məhz belə təsəvvür etmək lazım idi: bəşəriyyət lap bu mütləq ideyanı dərk etməyə gəlib çıxır və elan edir ki, mütləq ideyanın həmin dərk edilməsi Hegel fəlsəfəsində əldə edilmişdi».
Mütləqin mahiyyətini məşhur rus filosofu V.A.Solovyov belə şərh edirdi: «Hegelə görə allah ancaq filosofluq edən əqldir. Bu əql yalnız mükəmməl fəlsəfədə özünün mütləq kamilliyinə çatır».
Sxematik olaraq mütləq ideya prosesini belə vermək olar:
ideya
(fəlsəfi əql, idrak)
Ümumiyyətlə, Şərq fəlsəfəsi problemləri Avropa filosoflarını hələ orta əsrdən başlayaraq maraqlandırmağa başlamışdır. Əslində Avropada Şərqə üz tütmayan fəlsəfə tarixçisi və ümumiyyətlə, filosof tapmaq qeyri– mümkündür. Elə antik cəmiyyətin filosofları və intibah dövrünün alimləri də Şərqi, onun mədəniyyətini öyrənmişlər. Filosoflar içərisində Hegelin böyüklüyü ondadır ki, öz dövründə toplanan bütün materialı bir fəlsəfə tarixçisi kimi elmi və tarixi baxımından təhlil etmişdir. Əlbəttə, böyük alman filosofunun metodologiyasında məhdudluq özünü biruzə verir. Bu isə şərq mədəniyyətinin şərhində təhriflərə və ziddiyyətlərə gətirib çıxartmışdır. Bütün Qərb filosoflarının, xüsusilə c.Bruno, Viko, Kondorse, Herder, Sen– Simon, Fixte, Şellinq və b. əsərlərində Şərqə münasibətin ana xətti budur ki, Şərq– dünya sivilizasiyasının başlanğıcıdır. Lakin müasir Avropa mərkəzçilik «ideyasının» məddahları çox vaxt bu fikri tərif edirlər. Hətta bəzi üzdən– iraq filosoflar (Vilyam Haas kimiləri) sübut etməyə cəhd edirlər ki, «fəlsəfə» termininin özünü belə Şərq təfəkkürünə aid etmək olmaz. Özünəməxsus fəlsəfi sistem yaradan Hegel bütün problemlərə öz sisteminin gözü ilə baxdığından həmişə ümumiləşdirmələrə can atır. Hegelə görə, fəlsəfi inkişafın zirvəsi onun sistemində «heç də mövcud olan hər şey», habelə sözsüz gerçək deyildir. Hegeldə gerçəklik atributu yalnız o şeyə məxsusdur ki, o, «eyni zamanda zəruridir» (F.Engels). Lakin Hegelin bu məşhur müddəası çox vaxt özü tərəfindən tətbiq edilmir. Onun sistemində mütləq ruh dramatik şəkildə hərəkət edir. Onun fikrincə, insanın doğulması faktı hələ insan deyil, yalnız doğumdur. Şərq də onunla müqayisə edilməlidir. Bundan əlavə, sistemdə mütləq ruhun məzmunu, gənclik və qocalıq– aşkarlanır. Deməli, mütləq ruh doğulur, gənclik dövrünə çatır, qocalır. Qocalıq mütləq ruhun keçdiyi yolun– uşaqlıq, gənclik və ahıllığın məcmusudur. Bu, Hegeldə sintez şəklində verilir, özü də bu sintez keçilmiş tarixi mərhələlərin sintezidir. Şərq bu yolda ancaq başlanğıcdır. Ona görə də Şərqdə doğulan fikrin özü deyil, fikirləşməyin imkanıdır. Şərq ruhu fikir haqqında dərindən düşünməyə qadir deyil. Fikir hələ onun təfəkkürünün predmeti, daha dəqiq desək, obyekti ola bilməyib.
Qeyd etmək lazımdır ki, XVIII– XX əsr Avropa tədqiqatçılarında bir neçə mənfi vərdiş formalaşmışdır. Əvvəla, Şərq fəlsəfəsi, ədəbiyyatı və incəsənətinin tədqiqi zamanı onlar mütləq ellin– yunan, bizans, xristian ünsürlərini axtarırlar. İkincisi, onların fikrincə, Şərq «mağara adamı» təfəkkür sahəsində böyük nailiyyət əldə edə bilməz (Şərq adamına qoyduqları ad onların münasibətini bir daha aydın edir). Üçüncüsü, bir sıra tanınmış alimlər (Gizo, Şpenqlər, İnkelman, Renan və b.) Şərqi yox, Yunanıstanı (əslində Şərq mədəniyyəti olmasaydı, yunan mədəniyyəti də olmazdı) Avropanın əqli inkişafının başlanğıcı hesab edirlər. Hegelə görə, «Yunanıstanın... gözəllik idealı ahəngdar həyatın nümunəsidir. Eyni zamanda Hegel məntiq sahəsində böyük alim olsa da, məntiqsiz bir hökm verirdi: «Şərq fikrini fəlsəfə tarixindən çıxarmaq lazımdır». Bu isə Şərq xalqlarının mədəni nailiyyətlərini inkar etmək, onların buna qabiliyyətlərinin çatmamasını iqrar etmək idi.
Hələ vaxtı ilə gənc Hegel Halderlinq, Şellinq, Dik, Novalislə birlikdə Elladanın tərifini göylərə qaldırır, yunanlar qarşısında «azadlıq oğulları» önündə olduğu kimi baş əyirdilər. Bu da səbəbsiz deyildi. Hegel təhsil aldığı illərdə Yunanıstan olduqca yaxşı öyrənilir, mükəmməl tədris olunurdu. Şərq haqqında material isə Yunanıstanla müqayisədə çox aşağı səviyyədə idi. Bir sözlə, Şərq öz tarixinin, mədəniyyətinin, incəsənət və fəlsəfəsinin sirlərini öz qoynunda gizləyirdi. Bu isə Hegel və başqa Avropa alimlərinə Şərqə obyektiv, düzgün qiymət verməyə xeyli mane olurdu. Qərbdə müəyyən təhsil görmüş adamlar qədim Yunanıstan, Roma, Bizans qarşısında pərəstiş edir, bu aludəçilik isə tarix və mədəniyyət haqqında çıxarılan nəticələrə mənfi təsir göstərirdi. Avropa alimlərinin əksəriyyəti Şərq fəlsəfəsi və incəsənətini dünya və allah haqqında mifoloji baxışlardan başqa heç nə hesab etmirdi. Başqa alimlər kimi, Hegel də bu təsir altında idi.
Ümumiyyətlə, Şərq fikri həmişə insanın ən ümumi başlanğıcını axtarmaqla məşğul olmuşdur. Seyirçi və coşğun Şərq adamının əqli bu cəhətlə həmişə zəngindir. Uzun müddətli tənhalıq, özünə qapanmaq (bax: buddizmin banisi Qautama, İsaya qədərki asketik peyğəmbərlər və b.), dərin düşüncələr vasitəsilə Şərq adamı əqli sakitliklə və inamla anlamağa gəlib çıxır ki, dünyada allahdan və insandan başqa heç nə yoxdur. Onların fərqi ondadır ki, allahın idraka ehtiyacı yoxdur, insan isə bütün bu fərqləri və vəhdəti dərk etməli, anlamalıdır. Burada allahla insanın eyni olmadığını anlamağa imkan verilib, allahla insanın yalnız immanent olduğunu başa düşməyə şərait yaradılanda Şərq əqli təntənə çalır. Bütün bunlar isə Şərq adamına həqiqət yolunu tapmağa imkan vermişdir. Şərq fikri insanın mühakimə edə bilmədiyi məsələ barədə mülahizə yürütməyi qadağan etmişdir. Həqiqət mühakimə edilməzdir. Kim onu tapsa,– onun həqiqət haqqında danışmaq ixtiyarı vardır. Sirr sirrə müvafiq olur. Burada böyük bir təsdiq var. Bu mənəm! Burada böyük bir inkar var. Bu mən deyiləm! Kim təsdiq və ya inkar edirsə, bu həqiqətdir. Mən– mənəm!– Budur Şərq simvolikasının ən böyük tapmacası və sirri. Hegelin və digər Avropa mütəfəkkirlərinin başa düşmədiyi simvolika budur. Deməli, insan həqiqət vasitəsilə dərk edilir, həqiqət isə insan vasitəsilə! Avropalıların hələ də axıra qədər dərk edə bilmədiyi məsələlərdən biri də Şərq müdrikliyinin zirvəsi valideynə olan hörmətin, məhəbbətin əsrlər boyu qorunmasıdır. Şərq adamı üçün valideynə, məhəbbətin əsrlər boyu qorunmasıdır. Şərq adamı üçün özünün, yəni «Mən»in dərk edilməsi valideynlərin də dərkidir. Valideyn ali mənəviyyatdır, ali əql, ali qüvvədir, elə buna görə də Şərq adamının qəlbi atası ilə– allahla söhbətin həsrətindədir. Həqiqət qarşısında şərq adamının ruhu zərvələrə yüksəlir, bu zirvə isə valideynlərlə qovuşan zirvədir. İnsan məhəbbətlə doğulur, məhəbbət insan ağlını işıqlandırır. Onun məhəbbəti gücləndikcə həqiqətə daha da yaxınlaşır, nəticədə o, həqiqətə qovuşur.
Nəhayət, allahın dərk edilməsi həqiqəti rifaha qovuşmağa doğru aparır. Şərq müdriki həqiqətin zirvəsi kimi allahın dərkini irəli sürür (bax: Buddizmin əsas prinsipləri). Platon çox haqlı olaraq qeyd edirdi ki, məhəbbət insanı birləşdirir, insan yalnız məhəbbətlə insan olur.
İnsan təfəkkürünün inkişafı tarixində belə bir suala cavab axtarırlar ki, insan kimdir və nədir? Elə buna görə də insanın əqli inkişafının hər bir mərhələsi haradasa mənəvi islahatın, təfəkkür və idrak islahatının təkmilləşdirilməsidir. Lakin hər bir islahat öz etiqadını, incəsənət və fəlsəfəsini yaratmışdır. Əgər bəşəriyyət vahid, bütöv orqanizmdirsə, onda süni, sxematik şəkildə onu Şərqə, Qərbə, Yunanıstana, Avropaya bölmək lazımdırmı?
Tərəqqi tarixində Şərq və Qərb qarşılıqlı şəkildə bir– birini zənginləşdirmişdir. Kant haqlı olaraq qeyd etmişdir ki, insan əqlini maraqlandıran məsələlər nə bir əsrin, nə də bir millətin həll edə biləcəyi məsələlər deyil, bəşəriyyətin vəzifəsidir. Elə bu baxımdan Hegelin Şərq konsepsiyası özünü doğrultmur. Çünki o, nəyin bahasına olursa– olsun Qərb sivilizasiyasının Şərqdən üstün olduğunu sübut etməyə cəhd etmişdir. Hegelin əsas prinsipinə görə, Qərb– xristian dünyası bəşər sivilizasiyasının yekunudur. Bu fikir heç bir tarixi faktla sübut olunmur. Bir sözlə, Hegelin Şərq fəlsəfəsi konsepsiyasının təhlili bir daha sübut edir ki, bu böyük filosof Şərqi əsasən başa düşməmişdir, yəni onun sənət, fikir nümunələrini lazımınca qiymətləndirməmiş, daha dəqiq desək, O, Şərq təfəkkürünün xüsusiyyətlərini dərk edə bilməmişdir.
Hegelin sistemində Şərq panteizmin başlanğıcıdır, onun fikrincə, Şərq panteizminə sözün həqiqi mənasında fəlsəfi panteizm kimi baxmaq olmaz. Hegel fəlsəfəsində Şərq panteizmi dini fəlsəfəçilik etməkdən başqa bir şey deyildir. Dini fəlsəfəçilik mərhələsi isə fəlsəfi idrakdan məhrumdur. Şərq poeziyası haqqında Hegel konsepsiyası məhdud mənada estetika çərçivəsindən kənara çıxır. Şərq ruhunun əqli başlanğıcını inkar etməyən Hegel hesab edir ki, «ağa» qarşısında qorxu iradə azadlığını öldürür, bu qorxunun dərk edilməsi isə allahdan qorxuya gətirib çıxarır və Şərq ruhunu çox vaxt «qul» vəziyyətində saxlayır. Şərq fikrinin diqqətlə öyrənilməsi bir daha sübut edir ki, Hegelin müddəaları ilə Şərq gerçəkliyi arasında da olduqca böyük fərq vardır.
«Qərb və Şərq» kitabının müəllifi N.İ.Konrad çox haqlı olaraq yazır ki, əzəldən qabaqcıl və əzəldən geridə qalmış xalqlar yoxdur: Şərqin və Qərbin böyük sivilizasiyalı xalqları öz tarixlərində irəliyə doğru sürətlə və yavaş hərəkət etmiş, yaxud da tamamilə dayanmışlar ki, bu da onların müvəqqəti geri qalmasına gətirib çıxarmışdır. Elə buna görə də heç kimin özünü xüsusi, başqasından üstün olan xalq hesab etməyə haqqı yoxdur. Qərbin xristian apologetləri yorulmadan təsdiq edirlər ki, digər dinlər xristianlığın bidətlərdir, daha dəqiq desək, onların təhrifidir. Onların fikrincə, təkcə qərb sivilizasiyası həqiqi mənəviyyatı əks etdirir, tərəqqinin yaradıcı qüvələrini ifadə etdirir. Hegelin «Şərq ruhu fikirləşməyən subyektdir» fikri etibarlı deyil. O, indus əqlini, onun qəlbini «bitki» naturası ilə müqayisə edir. Sfinksi Misir təfəkkür formasına adekvat elan edir, qəlbin ülvi çağırışlarını Məhəmməd ruhunun mahiyyəti ilə eyniləşdirir. Digər filosoflar da əmin idi ki, Apollon başlanğıcı– yunan ruhuna, magiya– sehrbazlıq– Şərq ruhuna, faustsayağı başlanğıc Qərbə– Avropaya məxsusdur.
Ümumiyyətlə, Qərb elmində mədəni sərvətlərin mənbəyi və inkişafı məsələsində fikirlər olduqca dolaşıqdır. Məsələn, elə konsepsiyalar vardır ki, bəzi hallarda Qərb mənəvi sərvətlərinin universal əhəmiyyəti hədsiz təriflənirsə, digər hallarda Şərq yüksək qiymətləndirilir. Bunu Hegel fəlsəfəsində də müşahidə etmək olar. O yazırdı: «Elm və biliklər, xüsusilə fəlsəfə ərəblərdən Qərbə keçmişdir; nəcib poeziya və azad fantaziya almanlarda əsasən Şərqdən alovlanmışdır». Dünya tarixinin Hegel yaradıcılığında idealist şərhinə baxmayaraq, O, ümumi tarixin və mədəniyyətin varisliyini inkar edə bilmir.
Hegelə görə, «Ümumdüyna tarixi azadlığın anlaşılmasında tərəqqidir, elə tərəqqi ki, biz onun zərurət olduğunu dərk etməyə məcburuq». Azadlığı anlamağı Hegel aşağıdakı kimi səciyyələndirir. «Şərq bilir və bilirdi ki, bir nəfər azaddır, yunan və roma dünyası bilir ki, bəziləri azaddır, alman dünyası bilir ki, hamı azaddır. Ümumdünya tarixində bizim gördüyümüz birinci forma despotizm, ikincisi demokratiya və aristokratiya, üçüncüsü isə monarxiyadır». Belə çıxır ki, dünya tarixinin pillələri Şərq, yunan– roma dünyası, alman dünyası ilə– monarxiya ilə tamamlanır. Şərq ümumdünya tarixinin başlanğıcı, Avropa isə onun sonudur. Ümumiyyətlə, burada da ziddiyyət mövcuddur. Hegel həm Şərqi yüksək qiymətləndirir, həm də Qərbi ondan uca tutur.
Sonralar daha çılpaq şəkildə inkişaf etdirilmiş «Avropamərkəzçilik» belə bir səhv tezisi əsaslandırmağa cəhd etmişdir ki, guya yunan– roma dünyasının mədəniyyəti yeganə universal əhəmiyyətə malikdir və müasir Qərbi Avropa mədəniyyəti onun əsas varisidir. Son illər meydana çıxan «Şərqmərkəzçilik» konsepsiyası özünümüdafiədən çox qədimliyi və universallığı sübut etməyə cəhd göstərir. Hər iki konsepsiya yanlışdır. Tarix isə həqiqətin göstəricisidir.
Hegelin dialektik metoduna gəldikdə isə burada sistemlə daban– dabana zidd müddəalarla rastlaşırıq. Ümumiyyətlə, dialektik fəlsəfə üçün həmişəlik olaraq qərarlaşmış, şərtsiz və müqəddəs heç bir şey yoxdur. Dialektik fəlsəfə hər şeyin üzərində və hər şeydə labüd süqut möhrünü görür və arası kəsilmədən törəmək və məhv olmaq prosesindən başqa, aşağı pillədən yüksək pilləyə sonsuza yüksəlməkdən başqa heç bir şey onun qarşısında dura bilməz. Dialektik fəlsəfənin özü həmin prosesi düşünən beyində yalnız sadəcə inikasıdır (F.Enqels). Hegelə görə bütün inkişaf müəyyən formada gedir. Bu forma triadadır. O, özünütəsdiqi (tezis), həmin təsdiqin inkarını (antitezis) və inkarın inkarını (sintez), yaxud da əksliyin aradan qaldırılmasını daxil edir. Tezis– antitezis– sintez.
Hegel yazır ki, təfəkkürün birinci mərhələsində təfəkkürsüz– anlayışsız predmetə malikik, lakin burada təsəvvür, yaxud da ad vardır. Bu, bir növ «özündə anlayışdır». Sonra əks mühakimələr özlüyündə bəzi keçidlərin mahiyyətidir. Nəhayət, sintez onların anlayışlarının şəxsi refleksiyanın məhsuludur.
Beləliklə, hər bir anlayış (hər bir hadisə) bir– birilə bağlı hadisələrin məcmusunu təşkil edən inkişaf tsikllərindən keçir və bu silsilələr ali sintez alınana qədər dəfələrlə təkrar olur. Deməli, dialektik metod Hegelə imkan verir ki, ayrı– ayrı hissələri deyil, bütövün reallığını göstərsin. Dialektik metod inkişafın təbiətini öyrənməyə imkan verir. O, anlayışın öz inkişafı ilə ifadə olunur. Anlayışlar dialektikası şeylərin dialektikasını (təbii və sosial proseslərin dialektikasını) müəyyən edir. Hegelə görə, şeylərin dialektikası mütləq ideyaya, özündə mövcud olan Loqosa xasdır. Lakin bu özü də Hegel tərəfindən panteizm mövqeyindən izah edilir. Bu, xristian dininin şəxsi allahı deyildir. Mütləq ideyanın dialektik prosesdə inkişaf edən şəxssiz prosesidir və «öz– özünə özgələşəndir». Bu, inkişafın məqsədi əksliklərin «götürüldüyü» və harmoniyanın əldə edildiyi mütləq ruhdur.
Bütövlükdə götürülən Hegel təlimi böyük əhəmiyyət daşıyırdı. XIX əsr Almaniyasında başlıca əhəmiyyəti Hegelin sisteminə verən adam din və siyasət sahəsində kifayət qədər mühafizəkar ola bilərdi. Dialektik metodu əsas sayan şəxs isə həm siyasətdə, həm də din məsələsində ən ifrat müxalifətə mənsub ola bilərdi. Hegelin özü isə əsərlərində tez– tez təsadüf edilən inqilabi qəzəb çoşğunluğuna baxmayaraq, ümumiyyətlə, görünür, mühafizəkar tərəfə daha çox meyl edirdi. Təsadüfi deyildir ki, Hegelin sistemi ona öz metodundan daha «ağır fikri iş» bahasına başa gəlmişdir. F.Engelsə görə, fəlsəfədə çox şeyin dərk edilməsində hamıdan çox Hegelə borcluyuq. Fəlsəfə ümumiyyətlə Hegeldə qurtarır,– bir tərəfdən ona görə ki, Hegelin sistemi fəlsəfənin bütün əvvəlki inkişafının əzəmətli yekunudur, digər tərəfdən isə, ona görə ki, Hegel özü, şüursuzcasına olsa da, sistemlər dolaşıqlığından çıxıb dünyanı həqiqi, müsbət şəkildə dərk etməyə doğru getmək yolunu bizə göstərir.b) L.Feyerbaxın antropoloji materializm
Lakin Feyerbax Hegelin fəlsəfəsində heç nə görmür. Feyerbax sistemi dağıtdı və onu sadəcə olaraq bir kənara tulladı. Lakin müəyyən bir fəlsəfənin səhv olduğunu müəyyən etmək, hələ onunla işi qurtarmaq demək deyildir. Millətin mənəvi inkişafına çox böyük təsiri olan Hegel fəlsəfəsi kimi nəhəng bir irsi sadəcə etinasızlıq göstərmək vasitəsilə kənar etmək olmazdı. Hegel fəlsəfəsini, onun öz mənasında «aradan götürmək» lazım idi, yəni tənqid onun formasını məhv etməli, onun əldə etdiyi yeni məzmunu xilas etməli idi (F.Enegels).
L.Feyerbaxın «Xristianlığın mahiyyəti» əsərində deyilirdi ki, təbiət hər hansı bir fəlsəfədən asılı olmadan mövcuddur. Təbiət elə bir əsasdır ki, onun məhsulu olan insanlar onun üzərində yetişmişdir, təbiətdən və insandan kənar heç bir şey yoxdur və bizim dini təxəyyülümüzün yaratmış olduğu ali vücudlar bizim öz mahiyyətimizin ancaq əfsanəvi inikaslarıdır. Feyerbaxın mühakimə yürütdüyü materializm atropoloji materializm adlanır. Feyerbax formaca realistdir. O, çıxış nöqtəsi olaraq insanı götürür; lakin bu insanın yaşadığı dünya haqqında o bir kəlmə də danışmır və buna görə də onun bəhs etdiyi insan daim din fəlsəfəsindəki eyni mücərrəd insan olaraq qalır. Bu insan dünyaya ana bətnindən gəlməmişdir; kəpənək baramadan çıxan kimi, bu insan da monoteist dinlərin allahından nəşət etmişdir. Ona görə də bu insan gərək dünyada tarixən inkişaf etmiş və tarixən müəyyən olan dünyada da yaşamır. Hərçənd o başqa insanlarla ünsiyyətdədir, lakin həmin insanların hər biri yenə də onun özü kimi mücərrəddir (F.Engels).
Feyerbaxın baxışları mexanizmdən fərqlənirdi. Ona görə də təbiət mexanizm deyil, orqanizmdir. Fəlsəfənin mərkəzində insan durmalıdır. «Gələcək fəlsəfənin əsas müddəaları» əsərində o yazırdı: «Yeni fəlsəfə– insan fəlsəfəsi kimi mahiyyətçə həmçinin insan üçün fəlsəfədir».
Feyerbax insanın mənəvi varlıq kimi şərh edilməsini– (traktovkasını) rədd edir, eyni zamanda insanı ruhun və cismin vəhdəti kimi qəbul edir. Onun hətta cisim və ruhun dualizminə qarşı yazılmış əsəri də var. Onun fikrincə, insan öz təbiətinin müxtəlif təzahürləri ilə zəngindir.
İdrak nəzəriyyəsində Feyerbax sensualistdir . Onun fikrincə, reallıq bizə hissələrimiz vasitəsilə məlum olur. Varlıq hisslərin, məhəbbətin, düşüncənin, sirridir. İdrak nəzəriyyəsində antropologizm onun «obyekt» anlayışının özünün spesifik şərhində də göstərir. Feyerbaxa görə, obyekt anlayışı ilk olaraq insan ünsiyyətinin təcrübəsində formalaşır, ona görə də insan üçün birinci obyekt– digər insandır. Yəni bu «Sən»– dir. Elə başqasına məhəbbətində sevənin və sevilənin mövcudluğu faktı təzahür edir. «Məhəbbət olmayan yerdə həqiqət də yoxdur» allah yox, yalnız insan məhəbbətə layiqdir. O, dini məhəbbəti real məhəbbət hesab etmirdi. Bəzi fikirləri irəli sürən Feyerbax onlardan istifadə etmir. «İnsan təbiətin ağuşundan yenicə çıxdığı zaman hələ insan olmamış, yalnız xalis təbii vücud olmuşdur.. İnsan– insanın məhsuludur. Mədəniyyətin, tarixin məhsuludur».
Ümumiyyətlə, Feyerbaxın antropoloji materializmi bir növ Hegelin mütləq ideya təliminə fəlsəfi reaksiyadır. Onun təlimi Hegellə bərabər K.Marksın fəlsəfəsinə böyük təsir göstərmişdir.c) K.Marksın tarix fəlsəfsi
Marksizmə görə, Hegel sisteminin bütün başqa sahələrinə olduğu kimi, onun dialektikasında da bütün gerçək əlaqələrin təhrif olunması hökm sürür. Lakin Marksın qeyd etdiyi kimi, «dialektika Hegelin əlində mistik bir şəkil almışsa da onun bütün hərəkət formalarını ilk dəfə mükəmməl və şüurlu təsvir edən yenə məhz Hegel olmuşdur. Hegelin dialektikası başı üstədir. Onu ayaq üstə qoymaq lazımdır ki, mistik pərdə altındakı rasional toxumu aşkara çıxarılsın».
Yuxarıda qeyd etdiyimiz kimi, Feyerbaxın kommunizmi bütün insanlar tərəfindən onların icma (qan, nəsil) birliyinin dərk edilməsinə əsaslanırdı. Feyerbaxın humanizmi insanın müxtəlif özgələşmə (hər şeydən əvvəl,– dini) formalardan azad edilməsi prinsipi üzərində qurulmuşdu. İnkişaf isə təbii– nəsil birliyinə əsaslanırdı. O, harmonik insanı təbiətin və insan cəmiyyətinin məqsədi hesab edirdi. Siyasi iqtisadın nəzəriyyəçisi olan Marks həmin nəzəriyyəni Feyerbax humanizmi ilə onun tənqidi sosial təhlilinin birləşdirilməsi prinsipi əsasında yaratmışdı. Onun bu problemi əks etdirən ilk əsəri «1844– cü ilin iqtisadi– fəlsəfi əlyazmaları» hesab olunur. Əsərin əsas məqsədi xüsusi mülkiyyət cəmiyyətində insanın özgələşməsi ideyası və gələcək kommunist cəmiyyətində həmin özgələşmənin aradan qaldırılması olmuşdur. Marksa görə, özgələşmə insanın fəaliyyətinin müstəqil qüvvəyə çevrilərək onun üzərində ağalıq etməsini səciyyələndirən sosial prosesdir. Marks özgələşmə dedikdə ilk növbədə əməyin özgələşməsinin mahiyyətini göstərir. Özgələşmiş əmək nə fiziki, nə də mənəvi zövq vermir, çünki bu əmək adamın özünə deyil, sahibinə sərf olunur. Həmin əməyin nəticəsi də işçiyə məxsus deyildir. Nəticədə əməyin özü də bir növ özgədir, yaddır.
Deməli, birincisi, əmək işçi üçün həyatın özü deyil, həyatın vasitəsidir.
İkincisi, işçi üçün seçim yoxdur. Yəni işləmək, yaxud işləməmək! O yaşamaqdan ötrü işləməlidir. Lakin bu əməyə olan tələbatın ödənilməsi vasitəsidir. Ona görə də insan özünün həyati reallığını əməkdən deyil, əməkdən kənarda axtarır. Çox vaxt bunlar primitiv– heyvani tələbatlar– yemək, içmək, mənzil, yaxud özünün geyimi və s. insanın yüksəlmə funksiyasından onun alçaldılması funksiyasına keçir.
Üçüncüsü, özgələşmiş əmək insanı mexanizmə çevirir. Bu cür əməklə məşğul olan insan azad və məsuliyyətli adam ola bilməz. O, istehsalın qulu və «vintikidir». Bu adamların bir– birinə münasibəti necə ola bilər? Onların arasındakı münasibət azad adamlar arasındakı münasibət deyil. Özgə, düşmən mexanizmlərin münasibətidir.
Marksın bu sxemində əməyin özgələşməsi əsas yer tutur. O da özlüyündə cəmiyyətdə olan özgələşmə formalarını: siyasi, hüquqi, iqtisadi, mənəvi və s. doğurur.
Marksda əməyin özgələşməsi xüsusi mülkiyyətin mövcudluğu ilə bilavasitə əlaqədardır. Marks xüsusi mülkiyyəti bütün sosial həyatın anlaşılmasının sosial açarı hesab edirdi. Bütün dəyişikliklər yalnız xüsusi mülkiyyətin ləğvi ilə əlaqələndirilirdi.
Marksın konsepsiyası sadədir və adama elə gəlir ki, reseptlər də məlumdur. İdeya humanist pafosa və kommunist entuziazma arxalanırdı. Müasir təcrübə baxımından həmin konsepsiyanı nəzərdən keçirək.
Keçmiş SSRİ– də xüsusi mülkiyyətin ləğv edilməsi insanın özgələşməsini aradan qaldıra bildimi? Məlum olduğu kimi, bu proses əks nəticələr verdi. Əməyə marağı aradan qaldırdı, işçini (dövlət planı və kollektiv məhsuliyyətsizlik şəaritində) muzdlu icraçıya çevirdi. Əməyin kəmiyyəti və keyfiyyətini nəzərə almadan əmək haqqı alanı müəyyən vaxtdakı işinə görə əmək haqqı alana çevirdi. Əməyin və işçinin bütün sahələrdə birləşdirilməsinə gətirib çıxardı. Bütün bunlar da, öz növbəsində, praktikada istehsalın, əməyin və işçinin deqradasiyasına səbəb oldu. İqtisadi stimulun olmaması əməyin və istehsalın yekcinsliyinə səbəb olduğu kimi, bu da öz növbəsində siyasətdə, hüquqda, elmdə, mədəniyyətdə doktrinyorluğa gətirib çıxardı. Bu isə bütün ictimai strukturlarda durğunluğun baisi oldu. Lakin bütün bunlar o demək deyildir ki, mühüm fəlsəfi problem kimi özgələşmə problemi mövcud deyildir. Əlbəttə ki yox! Bu sahədə Marksın fikirləri müasir fəlsəfədə böyük rol oynayır. K.Marksın tarix fəlsəfəsindən öyrəniləsi material kifayət qədərdir. Çünki K.Marks təlimində orijinal fikirlər o qədər çoxdur ki, biz gələcəkdə də ona müraciət etməli olacağıq.