Misir Afrikada yerləşir. Misirin həyat damarı olan Nil çayı Mərkəzi Afrikada yerləşən böyük göllərdən başlayır. Çay 700 km məsafədə dərin vadi ilə axaraq Aralıq dənizinə tökülür. Dənizə töküldüyü yerdə Nil qollara ayrılaraq delta əmələ gətirir.
Yuxarı hissələrdən başlayaraq dənizədək Nil vadisində və deltasında qədim Misir yerləşirdi.
Rus dilində Misirə Eqipet (Египет) deyirlər. Bəzi tədqiqatçıların fikrincə, «Eqipet» sözü qədim yunan sözü olan «Ayqyuptos» sözündən əmələ gəlmişdir. Misirlilər özləri ölkələrini torpaqlarının rənginə uyğun olaraq «Ta Kemet»– «Qara torpaq» adlandırırdılar. Herodota görə, «Misir Nilin töhfəsidir». Çünki Nilsiz Misiri təsəvvür etmək qeyri– mümkündür.
Əsrlər boyu yayın başlanğıcında yağan yağışların hesabına Nilə tökülən sular artdığından daşqınlar başlayır. Daşqından sonra vadidə torpaq həm çox rütubətli olur, həm də qalın lay halında qara və çox məhsuldar lillə ötürülürdü. Təsadüfi deyildir ki, bütün bunlara görə Qədim Misiri Qara torpaq adlandırırdılar.
Qədim misirlilər qumluq və bataqlıqlarla həmişə mübarizə aparmışlar. Misirlilərin başlıca məşğuliyyəti əkinçilik olmuşdur. Bunlardan əlavə arıçılıq, maldarlıq və digər sənət sahələri də inkişaf etmişdir. Ümumiyyətlə, insanların əməyi Nil vadisinin simasını köklü surətdə dəyişdirmişdir. Misir yaşayış üçün, demək olar yararlı olmayan bir yerdən, artıq b.e. əvvəl IV minillikdə əhalisi sıx olan bir ölkəyə çevrilmişdir. Elə həmin dövrdən başlayaraq Misirdə quldarlıq, onun ardınca da quldarlıq dövləti yaranmışdır. Misir fironların– padşahların hakimiyyəti altına düşdü. Padşahlardan biri Misirin şimalını– bütün deltanı, digəri isə ölkənin cənubunu– Nil çayının vadisini özünə tabe etmişdi.
Təqribən b.e.ə. 3000– ci ildə Cənub padşahlığının şahı Şimal padşahlığını məğlub etdi və deltanı tutdu. Qüdrətli Misir dövləti yarandı. Dövlətin paytaxtı Memfis şəhəri oldu. Bundan sonra işğalçı yürüşlər başlandı. Dünyanın xeyli hissəsini tutan Misir padşahları ehramlar– sərdabələr tikməyə başladılar. Bu və ya digər padşahın böyüklüyünü ehramların böyüklüyü təcəssüm etdirirdi. Ən böyük ehram b.e.ə. 2600– cü ildə firon Xeops üçün Memfis yaxınlığında tikilmişdir. Ehramın hündürlüyü 150 m– dir. Onun ətrafına fırlanmaq üçün 1 km yol getmək lazımdır. Tikintidə 2300 daş işlənmişdir ki, onlardan da ən kiçiyinin çəkisi 2,5 tondur.
Ehramların yaxınlığında boyük bir qayadan sfinks– insan başlı nəhəng aslan heykəli yonulmuşdur. Sfinksin hündürlüyü 20 m– dən çoxdur. Fironlardan biri sfinks şəklində əks olunmuşdur. Bu daş heykəl böyük vahimə yaratdığından onu «dəhşətlər atası» adlandırırdılar. Ehramlar və sfinks misirlilərə fironun adi adamlar yox, qüdrətli allahlar olması fikrini aşılayır. Bundan əlavə, ehramlar və sfinks Misir padşahlarının amansız hakimiyyətinin dilsiz şahidləri kimi indi də səhranın ortasında ucalmaqdadır.
Üç min il bundan əvvəl Finikiya şəhərinin hakimi demişdir: «Amon bütün torpaqları yaratmışdır. Lakin Misir torpağını onların hamısından əvvəl yaratmışdır. Həmin yerdə ilk incəsənət və təlimlər meydana gəlmişdir».
Fiva Misir padşahlığının yeni paytaxtı olarkən, artıq Misir öz inkişafının zirvəsinə çatmışdı. Qüdrətli hökmranlığı dövründə Misirdə elm və mədəniyyət inkişaf etməyə başlamışdı. İşarə– şəkillər– heroqliflər yarandı. Papiruslarda– yazılar yazılırdı. O vaxtdan qalmış bir şer Misirdə kitaba yüksək qiymət verildiyini sübut edirdi.
Misirdə həndəsə, astronomiya, təbabət inkişaf etmişdir. Onlar təqvim yaratmışdılar. Bir daşqından o biri daşqına qədər olan vaxt il hesab olunurdu ki, onu da on iki aya bölürdülər. Onların hesablamasına görə, il 365 gündən ibarət idi. Gündüzü və gecəni onlar 12 saata bölürdülər. Misirdə günəş və su saatı ixtira edilmişdir.
Ümumiyyətlə, elmi biliklər kənd təsərrüfatının, sənətkarlığın, tikinti işinin, gəmiçiliyin, ticarətin yüksəlməsinə böyük kömək etmişdir. Yazı biliklərin, bədii əsərlərin qorunub saxlanmasına, onların nəsillərdən nəsillərə, bir xalqdan başqa xalqlara keçməsinə imkan vermişdir.(Bax: Qədim Misirin mədəniyyəti)
Qədim dünyanın digər xalqları kimi, qədim misirlilər də inanırdılar ki, təbiəti və insanların həyatını allahlar idarə edir. Allahları misirlilər adətən heyvanbaşlı insan şəklində təsəvvürlərinə gətirirdilər. Bu cür təsəvvürlərin ovçuluq dövrlərindən qalması şübhəsizdir. Qədim misirlilərdə axirət dünyasına inam mühüm yer tuturdu. Elə buna görə də meyitləri mumiyalamaq geniş yayılmışdı. Misirlilərə görə, axirət səltənətində hər şey boldur. Lakin hər bir adamın ruhu bu səltənətə getmir. Ölənlərin ruhunu Oziris mühakimə edir o, allahların iradəsi əleyhinə gedənlərə qarşı çox böyük amansızlıq göstərir. Belələrinin ruhunu müdhiş, yırtıcı heyvanlar yeyir. Qədim Misirdə fironlar ilahiləşdirilirdi. Ona görə də qədim dini kitabədə yazılırdı: «Allahlar itaət edənləri sevir, itaət etməyənlərəsə nifrət edir». Bu ölkədə din fironlara danışıqsız itaət etməyi tələb edirdi. Əmri pozanlar isə quraqlıq, taun xəstəliyi, düşmənlərin hücumları ilə, öləndən sonra Ozirisin mühakiməsi ilə hədələnirdi.
Qədim insanlara belə gəlirdi ki, fironların ixtiyarında olan qeyri– məhdud hakimiyyəti insanlar yox, allahlar müəyyən etmişlər. Təsadüfi deyildir ki, fironu «allahın oğlu» və «böyük allah» adlandırır, onu belə «vəsf edirdilər»; «o, öz şüaları ilə görən günəşdir». Misirdə allahlara dualarla müraciət edir, onlara qurban verirdilər. Məbədlər allahların evləri hesab olunurdu. Orada allahların bütləri qoyulurdu. Məbədlərdə «allahların xidmətçiləri»– kahinlər olurdular. Hesab edilirdi ki, kahinlər allahları yedizdirirlər– onlar bütlərin qabağına yemək qoyurdular. Qırğı başı olan Günəş allahı Ra– allahların padşahı hər gün qızıl qayıqda göydə gəzir və Qərbdə yerə enir. Uzaq cənubda Nil allahı ilanların qoruduğu mağarada, küpələrdən su tökür. Nə qədər su tökəcəyi onun iradəsindən asılıdır. Bunlardan əlavə vəbanı göndərən aslan başlı qəzəbli müharibə ilahəsi də olduqca təhlükəli idi.
Qum kimi kürən saçı, qırmızı gözləri olan kinli Set özü 50 xidmətçisi ilə gəlib bitkilərin və əkinçilərin himayəçisi Ozirisi öldürür. Lakin İzidanın köməyi ilə Oziris dirilir. O, dirildikdən sonra axirət dünyasında padşah və hakim olur. Allah Seti çox vaxt eşşəkbaşlı təsvir edirdilər.
Qeyd etmək lazımdır ki, Nil çayı misirlilər üçün həyat demək idi. Təsadüfi deyildir ki, həm bədii yaradıcılıqda, həm də digər sahələrdə, o cümlədən xüsusilə poeziya və mifologiyada Nilin tərənnümü mühüm yer tutur.
Ümumiyyətlə, misirlilərin etiqadlarına görə, ruh heykəldə yaşaya bilərdi. Öləni əzəmətli pozada təsvir edirdilər; o, həyatda kim idisə, ölümdən sora da həmin adam, yəni firon və əyani olaraq qalmalı idi.
Misirin tarixi, dini, mədəniyyəti, incəsənəti özünü bu və ya digər şəkildə Misir mifologiyasında göstərmişdir. Məsələn Günəş allahı Ra haqqında mifoloji hekayəni götürək. Hekayəni qısa məzmunu belədir:
Günəş allahı– eləcə də insanların və allahların padşahı Ra qocaldıqdan sonra öyrənir ki, Nilin yuxarı hissəsində və səhrada adamlar onun əleyhinə nəsə fikirləşirlər. O zaman Ra kişi allahları Şu, Geb və Nunu, eləcə də qadın allahları Tefnut, Nut və Oko Ranın daxil olduğu allahlar şurasını çağırdı. Bu şura insanlardan gizli olaraq çağrılmışdı. Allahların məsləhəti ilə Ra Okonu Xatxor ilahəsi simasında bəşəriyyəti məhv etməyə göndərdi. İlahə işinin bir hissəsini sevinclə yerinə yetirdikdən sonra Ranın hüzuruna qayıdarkən Ra peşiman olaraq hələ məhv edilməyən insanların günahından keçməyə qərar verdi. Onun əmri ilə gecə sahələrə qırmızı pivə qoydular. Səhər qaniçən ilahə yoluna davam edərkən pivəni gördü və içməyə başladı. Xatxor sərxoş oldu və adamları görə bilmədi. Hekayəni nəql edən əlavə edir ki, Xatxor bayramına məstedici içkilər hazırlanması adəti belə yaranmışdır.
Qeyd etmək lazımdır ki, Misirdə günəş allahı kultu Şumer və Akkad rituallarına nisbətən daha mühüm rol oynamışdır. Şamaş ədalət qoruyucusu olsa da, onun adı heç vaxt allahlar üçlüyünə daxil olmamışdı və o, yaradılış mifi ilə əlaqədar göstərilməmişdir. Misirdə isə Ra ənənəyə əsasən misirin birinci padşahı olmuş Atum kimi dünyanın yaradıcısı hesab olunurdu. Heliopol şəhəri Ra kultunun əsas mərkəzi olmuşdur və yəqin ki, qədim padşahlıq dövründə elə həmin şəhərdə Oziris kultu ilə günəş allahı kultunun birləşməsi baş vermişdir. Elə həmin zamandan başlayaraq fironların allah Ranın oğlu olması mərasimi keçirilmişdi. Firon Xafranın heykəlində onun başının qoruyucusu Qor– şahin Qor və Ranın identikliyini (eyniliyini) və padşah hakimiyyətinin Ra ilə əlaqəsini göstərir. Oziris– Qor mifologiyası Ra kultu ilə birlikdə fironun taxta gəlməsi və tac qoyması qaydasını müəyyən edirdi.
Ölən padşah Ozirisə çevrildi və o, həm də Ra ilə birləşdi. Məlum olur ki, Ra ilə Oziris haqqında miflər tamamilə bir birinin içərisində əriyərək birləşir. Lakin qədim Misirdə «Günəş» mifologiyasının elə elementləri vardır ki, onlar Ozeris haqqında mifdən köklü surətdə fərqlənir. Misir «mifoloji konsepsiyası» elə bir konsepsiyadır ki, onun köməyi ilə misirli özü üçün insana adi görünən anlayışlarla obrazları, hadisələri, obrazlar qrupunu, yaxud bir sıra hadisələri izah etməyə cəlb edirdi. Onlara görə həmin hadisə, obraz və anlayışlar «allahlar dünyasına»mənsubdur. «Allahlar dünyası» ifadəsi mövcud olan kimi təsəvvür edilməsinə baxmayaraq, bilavasitə insan əqli və hissi ilə əldə edilə bilməyən nə varsa onu özünə daxil edirdi. Əlbətdə zəmanəmizdə hamımız üçün aydın olan predmet və hadisələri, məsələn, günəş, səma və s. qədim misirli «allahlar dünyasına» daxil edirdi. Lakin bütün bunlar «simvol» vasitəsilə ifadə edilirdi. «Simvol» insanın allahlar dünyasındakı bəzi ünsürləri, bəşəri kateqoriyalar, daha dəqiq desək məntiq və hissi qavrayış kateqoriyaları ilə vermək cəhdidir. Doğrudur, elə də olur ki, onların əksəriyyətini təbiət qanunları ilə uyğunlaşdırmaq o qədər də zəruri olmur. Hələ b.er.əv. III minillikdə Misirin müdrik adamları bu barədə özlərinə həmin məsələni aydınlaşdıraraq qeyd edirdilər ki, simvolu onun əks etdirdiyi predmetin əsli kimi qəbul etmək olmaz. Bu mənada misirli simvolu ya predmet forması, ya hərəkət, ya da söz forması qəbul edə bilərdi. Həmin dövrdə hər bir simvol mifoloji anlayış olmadığı halda, hər bir mifoloji anlayış allahlar dünyasının predmetinin simvolik inikası idi. Şübhəsiz zəka simvolun həqiqiliyini yoxlamaq imkanına malik deyildi. Mifoloji anlayış yalnız o halda həqiqidir ki, o, allahlar dünyasının hər bir hadisəsini insana aydın ola bilən kateqoriyalarla ifadə edə bilirdi və insan tərəfindən etiqad kimi qəbul olunurdu.
Həmçinin bax:
Qədim Misir tarixi
Qədim Misir mədəniyyəti
Qədim Misir mədəniyyəti-2