Qədim Misir

Qədim Misir

Misirin coğrafi mövqeyi. Nil daşqını. Qədim Misir Afrikanın şimali-şərqində Nil çayının vadisində və deltasında yerləşirdi.Dünyanın ən uzun və ən çox lil gətirən çayı Misir ərazisində axırdı. Onu «Böyük çay» da adlandırırdılar. Qədim Şərqdə Misir qızılı çox olan ölkə hesab edilirdi. Qızıl Nubiyada, mis Sina yarımadasında hasil edilirdi. Yayın əvvəlində gur yağışlar yağır, ətrafı su basırdı. Noyabrda su çəkilir, üzvü maddələrlə zəngin olan lil sahili örtürdü. Bu qara lil qatı rütubəti yaxşı saxladığı üçün çox məhsuldar idi. Buna görə də misirlilər öz ölkələrini «Qara torpaq» adlandırırdılar. Qədim Misirlilər ili üç dövrə bölürdülər: 1. İlin başlanğıc dövrü (iyul). 2. Torpağın oyanışı, əkin-biçin dövrü. 3. Quraqlıq (susuzluq) dövrü.
 
Misirdə əkinçilik. Böyük səhrada yaşayan insanlar Nil vadisində e.ə. VIII minillikdə tədricən məskunlaşıb buranı mənimsəməyə başladılar. Onların mənsub olduğu tayfalar yığıcılıq, balıqçılıq, ovçuluq və əkinçiliklə məşğul olur, torpaq sahələrini kolluqlardan təmizləyir, bəndlər düzəldir, kanallar çəkirdi. Misirlilərin başlıca məşğuliyyəti əkinçilik idi. Hündür yerlərə su çıxarmaq üçün şaduf adlanan qurğudan istifadə edirdilər. Şaduf e.ə. II minillikdə ixtira olunmuşdu. İnsanlar güclü daşqınlardan qorunmaq üçün Nil çayı boyunca damba adlanan bəndlər tikirdilər.
 
Qədim Misirdə dövlətin yaranması. Misirdə əkinçilik Neolit dövründən başlayaraq inkişaf etdirilirdi. Əkinçilikdə və digər işlərdə birgə əməyə ehtiyac artdı. Birgə əmək fəaliyyəti zamanı «Nom» adlanan təşkilatlar yarandı. Nom (yunanca vilayət deməkdir) şəhər və onun ətrafındakı yaşayış məntəqələrindən ibarət idi.Nomun mərkəzi müdafiə divarları ilə əhatə olunurdu. Misir ərazisində 40 nom yaranmışdı. Bu nomlar arasında hakimiyyət uğrunda mübarizə gedirdi.
E.ə. IV minilliyin ikinci yarısındaYuxarı Misir və Aşağı Misir padşahlığı yarandı. Hökmdarların hakimiyyət rəmzi Yuxarı Misirdə ağ tac,Aşağı Misirdə isə qırmızı tac idi. Hər iki dövlət arasında uzun müddət müharibə getdi. Bu müharibə e.ə. IV minilliyin sonunda iqtisadi cəhətdən güclü olan Yuxarı Misirin qələbəsi ilə başa çatdı. Yuxarı və Aşağı Misir vahid dövlətdə birləşdirildi, onun ilk hökmdarı Nahmer oldu və Misirin paytaxt ıMemfis şəhərinin əsası qoyuldu. Misir dövlətinin padşahları firon adlanırdı. Misirin bütün adamları, torpaqları, suları fironun ixtiyarında idi. Firon öləndən sonra onun oğlu, qohumları firon olurdu. Onlar işğalçılıq müharibələri aparırdılar. Firona allah kimi baxırdılar. Fironun ən yaxın köməkçisi çati adlanan ali məmur hesab olunurdu.Çati adətən fironun övladlarından təyin olunurdu. Ölkənin təsərrüfat həyatı, məhkəmə orqanlarının idarə olunması, fironun dəftərxanası, dövlət xəzinəsi çatinin səlahiyyətinə daxil idi. Hərbi idarəyə hərbi rəis başçılıq edirdi,
Qədim Misirdə piyada ordu kəndlilərdən ibarət idi. Qədim Misirdə din hakim idi. Dinə görə, firon yer üzünün allahı elan edilirdi. Fironu «Günəş oğlu» adlandırırdılar.
Misirdə sənətkarlıq və ticarət. Qədim Misirlilər sənət və mübadilə ilə məşğul olurdular. Misirlilər bacarıqlı dulusçu, daşyonan, toxucu, zərgər idilər. Misir sənətkarları adlı-sanlı misirlilər üçün bər-bəzəkli paltar, ayaqqabı, qab-qacaq, mebel, bəzək əşyaları hazırlayırdılar. E.ə. II minillikdə Misir dövlətinin yeni paytaxtı Fiv şəhəri oldu.
Misirlilər Ön Asiya ilə ticarət edirdilər. Misir karvanları Süveyş aşırımı və Sina yarımadasının şimalından keçərək Fələstin və Suriyaya gedirdi. Misirə Babil vasitəsilə sidr ağacı, Mesopotamiyadan qiymətli əşyalar gətirilirdi. Misirin cənubunda Nubiya ilə ticarət genişlənirdi.
Misirdə sosial qruplar. Tayfa başçıları, iri əyanlar öz qəbilə üzvlərinin əməyini istismar etməyə başladılar. Qədim Misirdə əhalinin bir hissəsini kəndlilər təşkil edirdi. Kəndlinin bir parça torpağı, əmək aləti, mal-qarası var idi. Onlar istehsal etdikləri məhsulun bir hissəsini vergi şəklində əyanlara verirdilər.
Qədim Misir cəmiyyətində istismar olunanlar içərisində çoxluğu qullar təşkil edirdi. Qulun heç bir hüququ və əmlakı yox idi, sahibinə məxsus idi. Ağası onu sata, bağışlaya və öldürə bilərdi! İnsanlar iki yolla qula çevrilirdilər: ya varlı əyanlardan aldığı borcu qaytara bilmədiyinə, ya da müharibələr zamanı əsir düşdüklərinə görə. Əvvəllər əsirləri öz yeməklərini qazana bilmədiklərinə görə öldürürdülər. Əmək alətləri təkmilləşdirildikdən sonra əsirləri öldürməyib qula çevirdilər. Qulu«canlı ölü» adlandırırdılar. Çoxlu qulları, geniş torpaq sahələri, əmlakı olan varlı əyanlar quldar adlanırdı. Beləliklə, Misirdə qullar və quldarlar sinfi yarandı. Qəbilə və tayfa başçıları quldar oldular. Misirdə icmanın üzvü olan xırda əkinçilər, maldarlar «kiçiklər» adlanırdı.
Fironların hərbi yürüşləri. ITutmos hakimiyyətə gəldiyi gündən işğalçılıq müharibəsini genişləndirdi. O, Aralıq dənizinin şərqindəki ölkələrə uğurlu hərbi səfər edərək, Fərat çayına qədər ərazini tutdu. I Tutmos, özündən əvvəlki fironlardan fərqli olaraq, piramidalar əvəzinə qayalıqlar arasında yer altında sərdabələr tikdirdi və orada dəfn olundu. Onun oğlu II Tutmosun hakimiyyəti uzun çəkmədi.
E.ə.l504-cü ildə III Tutmos (e.ə. 1504-1450) Misirin hökmdarı oldu və Ön Asiyada Misirə tabeçiliyi bərpa etmək üçün Suriya və Fələstinə hücum etdi, Suriya və Mitani hərbi birləşməsinə qalib gəlib çoxlu qənimət ələ keçirdi. Ön Asiya ölkələrini firona tabe olan canişinlər idarə edirdi. Onun hər il Aralıq dənizi sahillərinə etdiyi hərbi səfərlər Misirin sərhədlərini genişləndirdi. Nubıyada da Misir hakimiyyəti qurulmuşdu. Onun sərhədd cənubda dördüncü Nil keçidindən başlayaraq Şimalda Şimali Suriyaya Çatırdı. III Tutmos dövründə əyanların mövqeyi möhkəmləndi. Misir fironları Mesopotamiya hökmdarlarına qızıldan hədiyyə göndərirdilər. III Tutmos 54 il hakimiyyətdə oldu, 70 yaşında öldü, hökmdarlar vadisində gizli sərdabədə dəfn edildi.
II Ramzes (e.ə.1301-1235) dövründə işğalçılıq müharibələri genişləndi. Həmin dövrdə Fələstin, Suriya və Finikiyada Misirin mövqeyi zəifləmişdi. II Ramzes Suriyaya iki hərbi səfər etdi. E.ə.1296-cı ildə birinci hərbi səfərdə Hetlər onu məğlub etdilər. Ikinci yürüş zamanı Fələstin, Finikiya, Suriya tutuldu və Misirin hakimiyyəti altına düşdü. E.ə. 1280-cı ildə II Ramzes və Hett çarı III Hatuşili arasında dünyada ilk dəfə diplomatik yazdı sənəd imzalandı. Şimali Suriya hetlərin hakimiyyəti altında qaldı.
II Ramzes ölkədə quruculuq işlərinə başladı. Misirdə və Nubiyada böyük sərdabələr, məbədlər, imarətlər tikdirdi. Nubiyada oyulmuş sıldırım qayanın oyuğunda tikilmiş məbədin qarşısında II Ramzesin 24 metr hündürlüyündə heykəli qoyuldu.
E.ə. I minillikdə Qədim Misir dövləti zəiflədi. Onun başlıca səbəbi kəndlilərin var-yoxdan çıxması, qulların və yoxsulların üsyanı, əsarət altında olan xalqların çıxışları idi. Misirin hakimiyyəti altında olan xalqlar Misirin zəifləməsindən istifadə edib onun tabeliyindən çıxdılar. Qədim Misir sərhədlərini xarici düşmənlərdən qoruya bilmədi. Fürsəti əldən verməyən İran şahı Kambiz e.ə. 525-ci ildə Misiri işğal etdi.
Top