Mərhumun vəsiyyəti
Qasım kişinin çox qəribə inancları var idi. Mərhəmətli ürəyində heyvan sevgisinə geniş yer verən Qasım kişinin evində çoxlu pişik, itə rast gəlmək olardı. Ən çox sevdiyi, zövq aldığı iş göyərçinlərə çörək doğramaq idi.
Heç vaxt ət yeməz, bağçasında hər növ ev heyvanı saxlayardı. Amma onun ən çox sevdiyi Qarabaş idi. On dörd illik itiylə elə yola gedirdilər ki, hətta heç bir söz demədən bir-birlərinin sevinclərini, kədərlərini başa düşürdülər. Uşaqı-zadı yox idi… On dörd ili bu Qarabaşla keçmişdi.
Qarabaş iki gün davam edən xəstəlikdən sonra ölür və Qasım kişi pərişan olur. Heç nə ona təsəlli vermirdi. Düz iyirmi dörd saat onun başının üstündə ağladı.
Onu evinə gətirəndə yumruq boyda idi. Barmağını südə batırar, onun ağzına sürtərdi. Qarabaş sonradan qoç kimi iri, gözəl, insanlardan daha çox anlayışlı bir heyvan olmuşdu.
Qasım kişi Qarabaşa olan son borcunu, ona olan sevgisini göstərmək istəyirdi. Göz yaşı içində sanki bir insan cəsədi kimi onu sabun və isti suyla yudu. Ona bir də tabut düzəltdirdi.
Onu tanımayan bir məhəlləyə köçdü. Qonşulara, kəndxudaya, mollaya xəbər yollayıb uşağının öldüyünü bildirdi. Qarabaş təntənəli bir dəfn mərasimi ilə evdən çıxarıldı. Qasım kişi pul sarıdan korluq çəkmirdi.
İskatçılara (ölənlərin qılınmamış namazları, tutulmamış oruclarına görə sədəqə verilən adam-red.), duaçılara, mollaya çoxlu pul verdi. Tabut məscid həyətində müsəlla daşının üstünə qoyuldu. Dəfn mərasimi sona çatdıqdan sonra məzara aparıldı. Elə bu zaman da bütün əksikliklər ortaya çıxdı. Mərasimə toplaşan qələbəlik məzarın başında ağlayan Qasım kişini sakitləşdirərkən o biri tərəfdən də dua edirdi. İki nəfər tabutu götürüb çuxura qoyanda gözləri əcaib bir şeyə sataşdı. Tabutun deşiyindən iki qarış uzunluğunda bir it quyruğu sallanırdı. Qorxularından tabut əllərindən yerə düşdü. Hamı çaşbaş qalmışdı. Qasım kişi aranı düzəltmək üçün:
— Uşağımın quyruğu vardı- dedi.
Amma bir uşağın bu uzunluqda quyruğu olmasına heç kəs inanmadı. Tabutu açanda içindən Qarabaşın ölüsü çıxdı.
Qasım kişinin yaxasından tutub Qazının qarşısına çıxartdılar. Qazı molladan, camaatdan baş verənləri eşidib öyrənəndən sonra Qasım kişiyə:
— Bir iti niyə insan kimi bu cür kəfənləyib dəfn edirsən? Dinimiz sənin ədəb-ərkanına uyğun deyilmi?
Qasım kişi:
— Ah Qazı əfəndi, Qarabaşın necə bir heyvan olduğunu, onun üstünlüklərini bilsəydiniz məni bu cür günahlandırmazdınız.
— Bir itin qəbiristanlıqda dəfn edilməsi üçün hansı üstünlüyü var axı?
— Əvvəla sadiq idi… Bir sümük parçasının belə ölənə kimi xətrini tutardı. Heç kəsə pislik etməzdi. Cəsur və gözəl idi.
— Bunlar səbəb deyil!
Nə cavab verəcəyini bilməyən Qasım kişi, öz gördüyü xeyirxah işləri Qarabaş adına çıxmağa başladı.
— Xeyirxah işlər görərdi. Qazancının zəkatını, fitrəsini verirdi. Kasıb-kusubun könlünü xoş edərdi.
— Belə şey ola bilməz.
— Hətta sağlığında bir bulaq da düzəltdirmişdi. Mədrəsəyə iki xalça hədiyyə etmişdi.
Qazı:
-Sən dəlisən? Heç it də belə işlər görə bilər? — dedi.
Çətin vəziyyətə düşən Qasım kişi:
— İt idi, amma siz onun necə it olduğunu bilə bilməzsiniz. Hətta ölməzdən əvvəl mənə vəsiyyət də etmişdi.
Qazı hirslənərək:
— Ay dəli, sən hamını özün kimi axmaq hesab edirsən? Heç it də vəsiyyət edə bilər? — deyə qışqırdı. Bu zaman Qasım kişi:
— Qazı əfəndi, inanın mənə, vəsiyyət etmişdi. Bütün malının kasıb-kusuba verilməsini istəmişdi.
Qasım kişi qurşağından bir kisə çıxartdı:
-Hətta bu beş yüz qızılın da Qazı əfəndi həzrətlərinə çatmasını vəsiyyət etmişdi.
Qazı əfəndinin gözləri yaşardı:
— Allahın rəhməti üstündən əskik olmasın, danış görək, Qasım kişi. Mərhum daha sonra nələr demişdi?.. Hamısını bir-bir danış… Mərhumun vəsiyyətini yerinə yetirək, böyük savabı var.