Mən rezin bir dəyənəyəm! Özüm də Amerika əsilliyəm. Mənə qədər Amerikadan buralara ən əvvəl demokratiya gəlmişdi, sonra cip, dalınca da dəyənək, yəni mən. Ciplə dəyənək, biz ikimiz demokratiyanın açtığı cığırla gəldik.
Mən rezin bir dəyənəyəm! Buralara amerikan köməyilə, amerikan alicənablığından gəldim. Ruha girmədim, quyruqda dolandım, buyruq oldum. Hər yerdə sıxıntı olur, olacaq. Avtomobil şini, ehtiyat hissələr qəhətə çıxsa da, mən əl altındayam. Mənim sıxıntım çəkilmədi, bol bol ehtiyacı qarşıladım.
Mən rezin bir dəyənəyəm! Burada heç köhnədən diş fırçası yox idi, onun yerinə taxta diş çöpləri istifadə edirdilər. Mən gəlməmişdən də yerimə var idi, amma fil sinirini polislər deyil, xalq istifadə edirdi, xalqın fil siniri tətbiqinə qadağa qoyuldu. İndi fil sinirinin yerinə mən keçdim.
Mən rezin bir dəyənəyəm! Üzüm qaradır. Yumşaq görünürəm, amma yumşaqlığıma aldanmayın. Məndən əvvəl mənim əvəzimə istifadə etdikləri meşə odunu, zoğal çubuğu mərhəmətə gəlir, qırılır, mən əsla qırılmaram. İkiüzlü siyasətçi kimi üzüm həm qara, həm də yumşaqdır. Əyilib bükülürəm, amma heç bir zaman qırılmıram.
Mən rezin bir dəyənəyəm! Özünü tanımayanlara, yerini göstərib özlərini tanıtdırıram, özümü də… Mənim yerim polislərin beli və əlidir! İş görməyən vaxtlarda, qıvrılıb qara əfi ilan kimi qapı arxasında mismarda quyruğumdan asılı dururam.
İki şey var ki, onlar yurdumuzda yetişmir. Biri qəhvə, biri demokratiya. İkisi də bizə xaricdən gəlir. Nə etdiksə yurdumuzda qəhvə yetişdirə bilmədik. Vətənimizin torpağı, havası, suyu qəhvə yetişdirmək üçün əlverişli deyil.
Demokratiyaya gəldikdə isə…
Sözün düzü, onun yetişməsi, inkişaf etməsi üçün əlimizdən gələni etdik. Tariximizə baxsanız, təxminən yüz il əvvəl yurdumuza demokratiyanın toxumları səpilib. Biz illərdir
— Demokratiyamız filiz verdi;
— Gənc demokratiyamız;
— Demokratiyanın cücərtiləri… deyib durmuşuq.
Şükür yetiştirənə, neçə ildir demokratiyanı güc-bəla ilə bu boya gətirdik, bir cücərti oldu.
Yüz ildir bu demokratiya üçün sərf etdiyimiz gücü qəhvə yetişdirmək üçün istifadə etsəydik, bu gün məmləkət balta girməmiş qəhvə meşəsinə dönərdi.
Zamanında lazım imiş, bilməmişik. Qəhvə toxumu əkmək əvəzinə demokratiya toxumu əkmişik. İndi isə olanlar göz qabağındadır.
Qazıgöy körpüsündə gənc bir qadın:
— Ay haray!.. Çantam, çantam! Tutun, qaçır!!! – deyə bağırdı.
Qələbəlik bir-birinə qarışdı. Yalın ayaq qaçan bir oğlan körpü pilləkənlərini üç-üç atıla-atıla qaçırdı.
Gənc və gözəl qadın isə sağa-sola dönərək:
— Nə olar ki, onu tutsanız! – deyə yalvarırdı.
Oğru qaçıb gözdən itəndən beş dəqiqə keçməmişdi ki, gənc bir polis, əli çantanı oğurlamış oğrunun çiynində oraya gəldi.
— Çanta kimindir?
Bu qara, təptəzə, böyük bir çanta idi. Gənc və gözəl qadın sevinclə qələbəlik içindən çantaya tərəf atıldı.
— Mənimdir… Sizə çox təşəkkür edirəm.